№23551/08 VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARI LİQASI AZƏRBAYCANA QARŞI – 7 MART 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 23551/08
Vətəndaşların Əmək Hüquqları Liqası Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 7 mart 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

21 aprel 2008-ci il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi ictimai birlikdir. Ərizəçini Məhkəmə qarşısında ictimai birliyin idarə heyətinin sədri cənab S.Məmmədov təmsil etmişdir.

Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, əlaqəli dövlət qurumlarının ictimai birliyin kütləvi aksiya keçirməsinə icazə verməməsindən şikayət edirdi. Məhkəmə 20 noyabr 2015-ci il tarixdə Ərizəçinin şikayətləri ilə bağlı Azərbaycan Hökumətinin (“Hökumət”) nümayəndəsi cənab Ç. Əsgərovu bilgiləndirdi.

Hökumət 16 mart 2016-cı il tarixdə işin mahiyyəti ilə bağlı yazılı müşahidələrini Məhkəməyə təqdim etdi.

Ərizəçinin nümayəndəsi 21 aprel 2016-cı il tarixli məktubu ilə Hökumətin müşahidələrinə cavabını təqdim etdi. Ərizəçi Məhkəməyə aşağıdakıları bildirdi:

“30 may 2008-ci il tarixdə “ Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilmiş bəzi dəyişiklikləri nəzərə alaraq hesab edirəm ki, ictimai birliyin dinc toplaşmaq azadlığının pozulmasına səbəb olmuş problemlər aradan qaldırılıb. Buna görə, Hökumət, həmin dövrdə qüvvədə olan Qanunun müddəalarının dinc toplaşmaq imkanını təmin etmədiyini qəbul edərsə, ərizənin dostca anlaşma yolu ilə həllini təmin etməyə razıyam”.

26 may 2016-cı il tarixdə Hökumət Ərizəçinin təklifini qəbul etdiyini və “həmin vaxt qüvvədə olan dinc toplaşmaq azadlığını tənzimləyən milli qanunvericiliyin bəzi müddəalarının” uyğun olmadığını etiraf etdi, bildirdi ki, həmin müddəalar Konvensiyanın 11-ci maddəsinin tələblərinə və Azərbaycan Hökumətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun deyildi.

11 dekabr 2018-ci il tarixdə Ərizəçinin nümayəndəsi Məhkəməyə məktub göndərdi, məsələnin həll edildiyini, Ərizə üzrə araşdırmanı davam etdirmək istəmədiyini bildirdi.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 28 mart 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident