№9965/17 ƏLİ İNSANOV AZƏRBAYCANA QARŞI – 6 mart 2023-cü il

6 mart 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 9965/17

 

Əli Binnət oğlu İNSANOV Azərbaycana qarşı

 

30 yanvar 2017-ci il tarixdə daxil olub

15 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı məhkəmə işi ərizəçi barəsində cinayət işinin başlanması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.

Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. O, hadisələrin baş verdiyi vaxt bir neçə cinayətə görə 20 oktyabr 2016-cı il tarixə qədər azadlıqdan məhrum edilmişdi (həmin hökmlə bağlı iş Məhkəmənin İnsanov Azərbaycana qarşı (no. 16133/08, 14 mart 2013-cü il) işinin araşdırmasının predmeti olub).

Ərizəçi 24 avqust 2016-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanması və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixdə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib.

11 oktyabr 2016-cı il tarixdı Qaradağ Rayon Məhkəməsi ərizəçi barəsində məhkəməyə qədər, 11 yanvar 2017-ci il tarixinədək həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Sonradan ərizəçinin həbs qətimkan tədbirinin müddəti daha iki aylığa, 11 mart 2017-ci il tarixinədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarını da qüvvədə saxlayıb.

Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq, onun cinayət törətməsinə dair əsaslı şübhələr olmamasından və ona qarşı icraatın saxtalaşdırılmasından şikayət edib. O, Konvensiyanın eyni maddəsinə əsaslanaraq, həmçinin şikayət edib ki, barəsində həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun əsaslar olmayıb.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum edilibmi? Xüsusilə, ərizəçinin həbsdə saxlanmasının əsaslı olması və əsaslı şübhəyə söykənməsi baxımından Konvensiyanın 5-ci maddəsinin 1-ci (c) bəndinə uyğun idimi (bax, bir çox digər qərarlarla yanaşı İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və digər 5 iş, §§ 113-30, 13 fevral 2020)?

2. Yerli məhkəmələr Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri baxımından ərizəçinin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli və uyğun səbəblər göstəriblərmi (bax, bir çox digər qərarlarla yanaşı Allahverdiyev Azərbaycana qarşı, № 49192/08, §§ 51- 63, 6 mart 2014-cü il, və Məmmədov və başqaları Azərbaycana qarşı, № 35432/07, §§ 95-100, 21 fevral 2019-cu il)?

3. Tərəflərdən ərizəçiyə qarşı yeni cinayət işinin açılması və ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı icraata dair bütün sənədlərin surətlərini təqdim etmələri xahiş olunur.