YENİ © tərcümə – aihmaz.org – YÜKLƏ Həsənəv və Məcidli Azərbaycana qarşı
BEŞİNCİ BÖLMƏ
HƏSƏNOV VƏ MƏCİDLİ AZƏRBAYCANA QARŞI
(Ərizələr №. 9626/14 və 9717/14)
QƏRAR
STRASBURQ
7 oktyabr 2021
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Həsənov və Məcidli Azərbaycana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) tərkibi:
Síofra O’Leary, Prezident,
Ganna Yudkivska,
Stéphanie Mourou-Vikström,
Lətif Hüseynov,
Lado Chanturia,
Ivana Jelić,
Arnfinn Bårdsen, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,
Məhkəmə işi, 18 yanvar 2014-cü ildə Azərbaycan vətəndaşları, Ülvi Fəxrəddin oğlu Həsənovun və Məcid Əli oğlu Məcidlinin (“ərizəçilər”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizələr (№ 9626/14 və 9717/14) nəticəsində başlayıb. Məhkəmə, tərəflərin müşahidələrinə baxdıqdan sonra, 7 sentyabr 2021-ci ildə aşağıdakı qərar eyni tarixdə elan edir:
GİRİŞ
1. Ərizəçilər tutulmalarının, həbs edilmələrinin və hökumət əleyhinə vərəqələrin yayılmasına görə məhkum edilmələrinin onların Konvensiyanın 10-cu maddəsinə əsasən ifadə azadlığı hüquqlarını pozduğunu bildiriblər. Bundan əlavə, onlar bildiriblər ki, onlara qarşı aparılan inzibati icraat ədalətli məhkəmə araşdırması hüququnu pozub.
FAKTLAR
2. Ərizəçilər 1987 və 1990-ci il təvəllüdlüdürlər və Bakı şəhərində yaşayırlar. Məhkəmə qarşısında onları (vəfat edənə qədər) Bakıda yaşayan vəkil cənab A.Qasımov müdafiə edib.
3. Hökuməti onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
4. Tərəflərin təqdim etdiyi işin faktları aşağıdakı kimi ümumiləşdirilib.
I. ÜMUMİ MƏLUMAT
5. Həmin vaxt ərizəçilər müxalif fəallar kimi müvafiq olaraq NİDA və Azad Gənclik adlı iki gənclər təşkilatının üzvləri idilər. İkinci ərizəçi Azad Gənclik təşkilatının İdarə Heyətinin üzvü idi. Onlar müxalifətin təşkil etdiyi bir sıra etiraz aksiyalarında iştirak ediblər. Həmin etirazların bir çoxu zamanı onlar həbs edilib və mühakimə olunublar. 2010-2012-ci illər arasında baş vermiş bəzi həbslər və hökmlər Məhkəmənin Babayev və Həsənov Azərbaycana qarşı işlər üzrə 20 iyul 2017-ci il də çıxardığı (№-li 60262/11) qərarın və digər 2 qərarın və eləcə də, 16 fevral 2017-ci ildə Bayram Bayramov və başqaları Azərbaycana qarşı (№. 74609/100) və digər 5 qərarın predmeti olublar.
II. ƏRİZƏÇİLƏRİN TUTULMASI VƏ HƏBSİ
6. 13 iyul 2013-cü il, aaat 16:30 radələrində, ərizəçilər Bakıda, İçərişəhər metrosundan eskalatorla qalxarkən vərəqələr paylayırdılar.
7. Ərizəçilərin bildirdiyinə görə, vərəqələrdə Azərbaycan Konstitusiyasından hakimiyyətinin mənbəyinin xalq olduğu və ölkə hökumətini seçənlərin də xalq olduğu qeyd edilən hissələr parafraz edilmişdi.
8. Ertəsi gün, 14 iyul 2013-cü ildə, ərizəçilər polis tərəfindən tutularaq Bakı metropoliteninin polis şöbəsinə aparılıblar.
9. Həmin gün polis əməkdaşı J.J. tərəfindən ərizəçilər barəsində “inzibati xəta haqqında protokollar” tərtib edilib. Protokollar qeyd olunurdu ki, ərizəçilər hökumət əleyhinə vərəqələr “yapışdırıblar” (birinci ərizəçi) və ya paylayıblar (ikinci ərizəçi) və polis əməkdaşlarının qanuni əmrinə tabe olmayıblar və bununla da İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 310.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədiblər.
10. Daha sonra J.J. ərizəçilərlə bağlı “inzibati həbs protokolları” hazırllayıb.
11. Ərizəçilər bir gecəlik polis nəzarətində saxlanılıblar.
12. Ərizəçilərin sözlərinə görə, tutulduqdan sonra və ya polis bölməsində saxlandıqları müddətdə onlara vəkillə əlaqə saxlamağa imkanı verilməyib.
III. ƏRİZƏÇİLƏRƏ QARŞI MƏHKƏMƏ PROSESİ
13. Ertəsi gün, 15 iyul 2013-cü ildə ərizəçilər Səbail Rayon Məhkəməsinə gətirilib.
14. Hər bir ərizəçiyə qarşı inzibati işə eyni hakim tərəfindən, lakin ayrıca prosesdə baxılıb. Birinci ərizəçinin məhkəməsi saat 12-də, ikinci ərizəçinin məhkəməsi isə saat 12.50-də başlayıb.
15. Ərizəçilər onlar üçün dövlət tərəfindən təyin edilən və maliyyələşdirilən vəkil E.Z. tərəfindən təmsil olunmaqdan imtina ediblər. Ərizəçilərin sözlərinə görə, onlara öz seçdikləri vəkilləri tutmaq imkanı verilməyib.
16. Məhkəmə prosesində dindirilən yeganə şahid polis əməkdaşı T.N. olub və o, ifadəsində bildirib ki, ərizəçilər “İçərişəhər” metro stansiyasında eskalatorla qalxarkən hökumət əleyhinə vərəqələr paylayırdılar və buna görə o, ərizəçilərə yaxınlaşaraq onlardan ictimai asayişi pozmaqdan çəkinmələrini tələb edir ancaq ərizəçilər onun tələbinə tabe olmayaraq hadisə yerindən qaçırlar.
17. Ərizəçilər məhkəməyə bildiriblər ki, sözügedən gündə, 13 iyul 2013-cü ildə, heç bir polis əməkdaşı onlara yaxınlaşmayıb, polis məmurunun verdiyi hər hansı əmrə tabe olmamağa görə də təqsirli deyillər. Onlar ertəsi gün şəhər mərkəzində tutulublar və yalnız polis şöbəsində olunduqları vaxt vərəqələri yaydıqlarına görə tutulduqlarını öyrəniblər.
18. Səbail Rayon Məhkəməsi ərizəçiləri İXM-nin 310.1-ci maddəsinə əsasən polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, hər ikisinə on beş sutka müddətinə azadlıqdan məhrumetmə (“inzibati həbs”) cəzası verib. Hər iki iş üzrə məhkəmənin qərarları T.N.-nin ifadələrinə və ərizəçilər barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara əsaslanıb.
19. Hər iki işlə bağlı birinci instansiya məhkəməsinin qərarlarından və müvafiq məhkəmə baxışının protokollarından belə çıxır ki, heç bir dövlət ittihamçısı və ya ittiham tərəfini təmsil edən dövlət məmuru məhkəmə baxışlarında iştirak etməyib və ərizəçilərə qarşı ittihamı hakim təqdim edib.
20. Ərizəçilər birinci instansiya məhkəməsinin müvafiq qərarlarının ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. Ərizəçilər bildiriblər ki, sözügedən vərəqələri yayarkən polis məmurunun verdiyi qanuni əmrə tabe olmadıqları ilə bağlı iddia doğru deyil. Əlavə olaraq, ərizəçilər bildiriblər ki, onların işlərində birinci instansiya məhkəməsi yayılan vərəqələrin məzmununu araşdırmayıb və polisin hansı əmrinə, ümumiyyətlə belə bir əmr olubsa, tabe olmadıqlarını müəyyən etməyib.
21. 19 iyul 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırmasını təkrarlayaraq, ərizəçilərin şikayətlərini rədd edib.
22. Polis əməkdaşı J.J. ikinci ərizəçi ilə bağlı məhkəmə iclasında iştirak edib və polis əməkdaşı T.N.-nin birinci instansiya məhkəməsin verdiyi ifadəyə oxşar ifadələr verib.
23. Apellyasiya prosesi zamanı hər iki ərizəçini öz seçdikləri vəkil cənab R.Z. tərəfindən təmsil olunub.
MÜVAFİQ QANUNVERİCİLİK ÇƏRÇİVƏSİ
24. Həmin vaxt qüvvədə olan İXM-nin 310-cu maddəsinin müvafiq hissəsi nəzərdə tuturdu:
Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama
“ 310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”
25. Həmin vaxt qüvvədə olan İXM-nin 375-ci maddəsinin müvafiq hissəsi nəzərdə tuturdu:
Maddə 375. Müdafiəçi və nümayəndə
“ 375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.”
26. Həmin vaxt qüvvədə olan İXM-nin 376-cı maddəsinin müvafiq hissəsi nəzərdə tuturdu:
Maddə 376. Vəkilin iştirakının məcburiliyi
“… 376.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir.
376.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.”
27. İXM-ninn digər müvafiq müddəalarının xülasəsi üçün Qafqaz Məmmədov Azərbaycana qarşı (№ 60259/11, §§ 33-38, 15 oktyabr 2015-ci il) işə bax.
QANUN
I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ
28. Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onlara birgə baxmağı məqsədəuyğun hesab edir.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
29. Ərizəçilər, Konvensiyanın heç bir konkret maddəsinə istinad etmədən, şikayət ediblər ki, iddia edilən inzibati xəta ilə bağlı ədalətli məhkəmə araşdırması olmayıb. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 6-cı maddəsinə əsasən araşdırılmalıdır. Konvensiyanın 6-cı maddəsinin müvafiq hissələri aşağıdakı kimidir:
“1. Hər kəs… ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir …
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
…
(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək …”
A. Qəbuledilənlik
30. Məhkəmə qeyd edir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, qəbuledilən elan edilməlidir.
B. Maahiyyət
1. Tərəflərin təqdimatları
31. Ərizəçilər məhkəmədən əvvəl saxlanma müddətində (həbsdə olduqları müddətdə) və ya birinci instansiya məhkəməsində keçirilən baxışlarda vəkillə təmsil olunmadıqlarını və onlara birinci instansiya məhkəməsində öz seçdikləri vəkili təyin etmək imkanı verilmədiyini bildiriblər. Məhkəmələr ərizəçilərin arqumentlərinə məhəl qoymayıblar və öz qərarlarını yalnız birinci instansiya məhkəməsində baxışlar zamanı dindirilmiş yeganə şahid olan polis məmurunun ifadələri əsasında əsaslandırıblar.
32. Hökumət iddia etdi ki, ərizəçilərlə bağlı inzibati icraat daxili qanunvericiliyə uyğun olub. Onların İXM-də nəzərdə tutulmuş hüquqları polis tərəfindən onlara izah edilib. Birinci instansiya məhkəməsində keçirilən baxışlar zamanı ərizəçilər dövlət tərəfindən təyin edilmiş və maliyyələşən vəkilin köməyindən imtina etmiş və özlərini şəxsən müdafiə edəcəklərini bildiriblər. Apellyasiya Məhkəməsi qarşısında ərizəçilər öz seçdikləri vəkillə təmsil olunublar.
2. Məhkəmənin qiymətləndirməsi
33. Hazırkı şikayətə aid olan prinsiplər Qafqaz Məmmədov Azərbaycana qarşı (№ 60259/11, §§ 74 75, 83-84, 88-89, 91 və 93, 15 oktyabr 2015-ci il) və İbrahim və başqaları v. Birləşmiş Krallığa qarşı [GC] (n. 50541/08 və digər 3, §§ 257-65, 13 sentyabr 2016-cı il) işlərdə ümumiləşdirilib.
34. İnzibati xətalara dair tələsik icraatla bağlı oxşar faktlar və şikayətlər artıq Azərbaycana qarşı bir sıra əvvəlki işlərdə də araşdırılıb. Həmin işlərdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə 6-cı maddəsinin 3-cü bəndinin pozulmasını müəyyən edib (bax, həmçinin, yuxarıda adı çəkilən Qafqaz Məmmədov, §§ 74-96; İbrahimov və başqaları Azərbaycana qarşı, № 69234/11 və digər 2, § 93-115, 11 fevral 2016-cı il; və Hüseynli və başqaları Azərbaycana qarşı, № 67360/11 və digər 2, §§ 110-35, 11 fevral 2016-cı il).
35. Yuxarıda göstərilən işlərdə olduğu kimi, polis inzibati xəta haqqında iş üzrə materialı tərtib etdikdən sonra dərhal məhkəməyə verməli, məhkəmə isə həmin gün və ya həbsdən sonra qırx səkkiz saat müddətində işə baxmalı idi. Məhkəmə bir daha xatırladır ki, “cinayət ittihamı” müəyyən edilməli olduqda, həmin prosessual qaydaya müraciət edilməsi – əgər prosesual qayda zəruri təminatlar və qorumalar verirsə – öz-özlüyündə Konvensiyanın 6-cı maddəsinə zidd deyil (bax: Borisova Bolqarıstana qarşı, № 56891/ 00, § 40, 21 dekabr 2006).
36. Prosessual qorumalar və təminatlar məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, hər iki ərizəçinin xarici aləmlə heç bir əlaqəsi olmadan polis nəzarətində saxlanılması, inzibati xəta ilə bağlı ittiham irəli sürülməsi və qısa müddət sonra məhkəməyə aparılaraq məhkum edilməsi mübahisələndirilmir. Həm işin materiallarından, həm də Hökumətin iddiasından görünür ki, İXM-ində nəzərdə tutulan təminat (yuxarıda 25 və 26-cı bəndlərdə İXM-nin 375 və 376-cı maddələrinə bax) yəni, məhkəmədən əvvəl saxlanma müddətində və ya birinci instansiya məhkəməsində öz seçdikləri vəkillə təmsil olunmaq imkanı, ərizəçilərə verilməyib. Həqiqətən də, Məhkəmə Azərbaycana qarşı çoxsaylı işlərdə eyni əhəmiyyətli qüsuru artıq aşkar edib (Qafqaz Məmmədov, §§ 90-92; İbrahimov və başqaları, §§ 110-12; və Hüseynli və başqaları, §§ 128-33; Babayev və Həsənov Azərbaycana qarşı [Komitə], №. 60262/11 və digər 2, § 79, 20 iyul 2017-ci il; Bayram Bayramov və başqaları Azərbaycana qarşı [Komitə], №. 74609/10 və digər 5, §§ 63-64, 16 fevral 2017-ci il; Əhəd Məmmədli Azərbaycana qarşı [Komitə], №. 69456/11 və 48271/13, §§ 44-45, 16 iyun 2016-cı il; Hacıbəyli və başqaları Azərbaycana qarşı [Komitə], №. 5231/13 və digər 12, §§ 45-46, 30 iyun 2016-cı il; Hüseynov və başqaları Azərbaycana qarşı [Komitə], №. 34262/14 və 5 başqaları, § 57, 24 noyabr 2016-cı il; Cəmil Hacıyev Azərbaycana qarşı [Komitə], №. 42989/13 və 43027/13, §§ 55-56, 16 fevral 2017-ci il; Məhəmməd Məcidli Azərbaycana qarşı [Komitə], №. 24508/11 və 44581/13, §§ 61-62, 16 fevral 2017-ci il; Xəlilova və Əyyubzadə Azərbaycana qarşı [Komitə], №. 65910/14 və 73587/14, §§ 50 52, 6 aprel 2017-ci il; Mehtiyev və başqaları Azərbaycana qarşı [Komitə], №. 20589/13 və 7 başqaları, §§ 55-56, 6 aprel 2017-ci il; Hacılı və başqaları Azərbaycana qarşı [Komitə], №. 44699/13 və digər 2, §§ 56-57, 29 iyun 2017-ci il; Əlisoy və başqaları Azərbaycana qarşı [Komitə], №. 78162/13 və digər 2, § 28, 13 iyul 2017-ci il; və Abbas və başqaları Azərbaycana qarşı [Komitə], №. 69397/11 və başqa 3, § 28, 13 iyul 2017-ci il). Bu vəziyyətdə, ərizəçilər onlara öz seçdikləri vəkilləri təyin etmək imkanının verilməsi ilə bağlı vəsatətin təmin ediləcəyinə ümid etmək üçün heç bir əsaslarının olmadığını görərək, dövlət tərəfindən təyin edilmiş vəkil tərəfindən təmsil olunmaqdan sadəcə imtina etmələri və birinci instansiya məhkəmələrində özlərini şəxsən müdafiə edəcəklərini bildirmələri, onların öz vəkilini seçmək hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Hökumət, ərizəçilərə öz seçdikləri vəkilləri təyin etmək imkanının verilməməsinin hansı tutarlı səbəbə əsaslandığını nümayiş etdirə bilmədi.
37. Yuxarıda göstərilənlərin məhkəmə prosesinin ümumi ədalətliliyinə təsir edib-etmədiyinə dair suala gəlincə, Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında ərizəçilərin məhkəməyəqədər mərhələdə vəkilin iştirakı olmadan hər hansı ifadələr verməsi və ya məhkəmə araşdırmaları zamanı belə ifadələrdən (əgər varsa) istifadə edilməsinə dəlalət edən heç nə yoxdur. İkincisi, ərizəçilərin Apellyasiya Məhkəməsi qarşısında öz seçdikləri vəkil tərəfindən hüquqi məsləhət almaq imkanı olub (yuxarıda 23-cü bəndə bax).
38. Buna görə də, hazırkı işin konkret halları nəzərə alındıqda, ərizəçilərin məhkəməyəqədər və məhkəmə baxışı mərhələsində öz seçdikləri vəkilləri tərəfindən təmsil olunmaq hüquqlarından istifadə edə bilməmələri işə həlledici təsir etməsə də, Məhkəmə hesab edir ki, o, bütövlükdə məhkəmə prosesinin ədalətliliyinə mənfi təsir göstərən elementdir və özünün qiymətləndirilməsi zamanı bu element nəzərə alınmalıdır (Qafqaz Məmmədovun yuxarıda göstərilən işini müqayisə edin, §§ 90-93 və 96; İbrahimov və digərləri, §§ 110-12 və 115; Hüseynli və başqaları, §§ 128-33 və 135).
39. Bundan əlavə, İXM-i, inzibati xətada təqsirləndirilən şəxsə qarşı işi hakim qarşısında təqdim edəcək dövlət ittihamçısının və ya ittiham tərəfini təmsil edən digər dövlət məmurunun məcburi iştirakını tələb emir. Hazırkı işdə ərizəçilərə qarşı ittiham həm birinci instansiya məhkəməsinin hakimi tərəfindən təqdim edilmiş, həm də onun tərəfindən baxılmışdır (yuxarıda 19-cu bəndə bax). Məhkəmə bir daha vurğulayır ki, bu kimi vəziyyət çəkişmə prosesi içərisində olan ərizəçilərə özlərini adekvat şəkildə müdafiə etmək imkanı verə bilməzdi (bax: Qafqaz Məmmədovun yuxarıda göstərilən işinə, § 81; İbrahimov və başqaları, § 100; və Hüseynli və başqaları , § 117).
40. Bundan əlavə, inzibati xətalar üzrə tələsik icraatla bağlı Məhkəmənin Azərbaycana qarşı qərarlarında qeyd etdiyi etdiyi eyni nümunələri təkrarlayan (yuxarıda 36-cı bənddə göstərilən işlərə baxın) birinci instansiya məhkəməsi və Apellyasiya Məhkəməsi ərizəçilərin həm faktiki hallarla bağlı, həm də işlərinin hüquqi tərəfləri ilə bağlı ciddi və əsaslı arqumentlərini – polisin verdiyi qanuni əmrə tabe olmadıqları ilə bağlı iddianı və məhkəmələrin yayılan vərəqələrin məzmununu araşdırmalı olduqları – nəzərə almayıblar. Məhkəmələr tərəflər arasında mübahisə doğuran faktlara da aydınlıq gətirməyiblər: onlar sadəcə olaraq polisin hazırladığı inzibati xəta haqqında protokolda təqdim olunan polis əməkdaşlarının versiyalarını qəbul ediblər. Araşdırılmış yeganə şahid ifadəsi polis məmuru T.N-yə məxsusdur. Həmin T.N həm ərizəçiləri həbs etmiş, həm də İXM-nin 310.1-ci maddəsi əsasında digər polis məmuru J.J tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protoklda inzibati xətanın “qurbanı” kimi qeyd edilmişdir. Azərbaycana qarşı yuxarıda qeyd olunan oxşar işlərdə olduğu kimi, məhkəmələr nə üçün yalnız polis əməkdaşlarının şahid ifadələrini əsas kimi götürdüklərinə adekvat əssaslar gətirə bilməyiblər (Qafqaz Məmmədovun yuxarıda göstərilən işlərini müqayisə edin, §§ 85-87; İbrahimov və başqaları, §§ 85-87). § 104-106, Hüseynli və başqaları, §§ 121-23).
41. Ərizəçilərə qarşı icraatın ümumi olaraq ədalətliliyinə təsir edən yuxarıda göstərilən bütün elementləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, bütövlükdə bu iş ədalətli məhkəmə araşdırılması təminatlarına uyğun gəlmir. Beləliklə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
III. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
42. Ərizəçilər şikayət ediblər ki, onların həbsi, saxlanılması və vərəqələrini yaydıqlarına görə məhkum edilmələri Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüquqlarını pozub.
Konvensiyanın 10-cu maddəsində deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Qəbuledilənlik
43. Hökumət bildirdi ki, ərizəçilər 10-cu maddə ilə bağlı şikayətləri ilə bağlı daxili hüquqi müdafiə vasitələrini tükəndirə bilməyiblər çünki onlar ifadə azadlığı hüquqlarının pozulması ilə bağlı heç vaxt daxili məhkəmələr, xüsusən də apellyasiya məhkəməsi, qarşısında iddia qaldırmayıblar.
44. Ərizəçilər şikayətlərində qəbuledilənliklə bağlı heç bir qeyd təqdim etməyiblər.
45. Məhkəmə qeyd edir ki, doğrudan da, ərizəçilər birinci instansiya məhkəməsinə və Apellyasiya Məhkəməsinə verdikləri şikayətlərdə ifadə azadlığı hüquqlarının pozulmasını açıq şəkildə bildirməyiblər və ya Konvensiyanın 10-cu maddəsinə və ya ifadə azadlığını qoruyan hər hansı xüsusi daxili qanunlara açıq şəkildə istinad etməyiblər. Bununla əlaqədar olaraq, Məhkəmə bir daha xatırladır ki, 35-ci maddənin 1-ci bəndi tələb edir ki, Strasburqa göndərilməsi nəzərdə tutulan şikayətlərdə ən azı “mahiyyət” məsələsi ölkədaxili orqanlar qarşısında qaldırılmalı idi (bax, digərləri arasında, Vuçkoviç və başqaları Serbiyaya qarşı (ilkin etiraz) [GC], № 17153/11 və başqa 29, § 72, 25 mart 2014-cü il, əlavə istinadlarla və Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, §§ 55-57, 28 may 2020-ci il). Bu o deməkdir ki, əgər ərizəçi Konvensiyanın müddəalarına istinad etməyibsə, o, ilk növbədə, ölkədaxili məhkəmələrə iddia edilən pozuntunun aradan qaldırmaq imkanı vermək üçün daxili qanunvericilik əsasında eyni və ya oxşar təsirə malik arqumentlər irəli sürməlidir (bax, başqaları arasında, Radomilja və başqaları Xorvatiyaya qarşı [GC], № 37685/10 və 22768/12, § 117, 20 mart 2018-ci il).
46. Ərizəçilərin yerli məhkəmələrə şikayətlərində, bütövlükdə götürdükdə, bu problemi ən azı mahiyyət olaraq ifadə edib-etmədikləri ən həlledici məsələdir.
47. Apellyasiya məhkəməsinə şikayətlərində ərizəçilər qeyd ediblər ki, sözügedən vərəqələri yayarkən polis məmurunun elə bir qanuni əmri olmayıb ki, ona tabe olmasınlar. Ən əsası, birinci instansiya məhkəməsinin yayılan vərəqələrin məzmununu araşdırmamasından və polis məmurunun hansı qanuni əmrinə (əgər varsa) tabe olmadıqlarını müəyyənləşdirməməsindən şikayət ediblər (yuxarıda 20-ci bəndə bax). Dolayı yolla da olsa, onlardan vərəqələrin paylanmasını dayandırmasını tələb edən polisin əmrinin qanuniliyinə münasibət bildirməsini ölkədaxili məhkəmədən xahiş etməklə, ifadə azadlığı məsələsinə də toxunublar. Hazırkı işin spesifik hallarını nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan arqumentlər hazırda Məhkəməyə verilmiş şikayətdə mahiyyəti məsələsini də qaldırıb. Ərizəçilərin arqumentlərində müvafiq qanunlara istinadlar olmasa da, apellyasiya instansiyası məhkəməsinə verilən şikayətlərdən və ərizəçilərə qarşı irəli sürülən ittihamın mahiyyətindən və kontekstindən aydın olmalı idi ki, ərizəçilər, həm də, ifadə azadlığı hüququnun pozulmasından şikayət edirlər.
48. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilər ölkədaxili məhkəmələrə şikayətlərində mahiyyət məsələsin toxunublar və daxili müdafiə vasitələrini tükəndiriblər. Buna görə də, Məhkəmə, Hökumətin daxili müdafiə vasitələrinin tükənməməsinə dair etirazını rədd edir.
49. Məhkəmə daha sonra qeyd edir ki, hazırkı şikayət Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə nə açıq-aşkar əsassız, nə də qəbuledilməz deyildir. Buna görə də o, qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
50. Ərizəçilər bildirdilər ki, onların həbsi, tutulması və məhkum edilməsi qanuni olmayıb, Konvensiyanın 10-cu maddəsinin mənasında hər hansı legitim məqsəd güdməyib və ya demokratik cəmiyyətdə zəruri olmayıb.
51. Ərizəçilər iddia ediblər ki, bu tədbirlərin məqsədi siyasi olub, yəni hökumətin tənqidinin qarşısını almaqdan qaynaqlanıb. Yayılan vərəqələr hökumət əleyhinə yönəlmiş olsa belə, onlarda ölkənin və ya ictimaiyyətin maraqlarına və ya milli təhlükəsizlik maraqlarına zidd olan, etnik və ya dini düşmənçiliyin qızışdırılması kimi heç bir çağırış və ya ifadə olmamışdı. Vərəqələrdə Konstitusiyadan olan hissələri sadəcə olaraq parafraz edilərək, hakimiyyətinin mənbəyinin xalq olduğu və ölkə hökumətini seçənlərin xalq olduğu qeyd edilirdi. Bununla belə, ölkədaxili məhkəmələr yayılmış vərəqələrin məzmununu araşdırmayıb və polis məmurunun hansı əmrinə (əgər varsa) tabe olmadığımızı müəyyən edə bilməyib.
52. Hökumət bildirdi ki, ərizəçilərin həbsi, tutulması və ya məhkum edilməsinin onların ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Ərizəçilər xidməti vəzifəsini yerinə yetirən və ictimai asayişi qorumaq öhdəliyi daşıyan polis məmurunun qanuni əmrinə qəsdən tabe olmadıqlarına görə həbs edilmişdilər. Ərizəçilər insanların çox olduğu yeraltı stansiyanın daxilində, eskalatorda vərəqələr paylayır, böyük səs-küy salır və ictimai narahatlığa səbəb olurdular. Ölkədaxili hakimiyyət orqanlarının hərəkətləri ictimai təhlükəsizliyin qorunması məqsədi güdürdü.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
53. 10-cu maddənin 1-ci bəndi ilə təmin olunan ifadə azadlığı demokratik cəmiyyətin əsas sütunlarından birini təşkil edir, onun tərəqqisini təmin edir, eləcə də, hər bir fərdin özünü realizəsi üçün əsas şərtlərdən sayılır. Lakin Məhkəmə bir daha bildirir ki, 10-cu maddənin 2-ci bəndinin şərtləri nəzərə alınmaqla, ifadə azadlığı təkcə müsbət qəbul edilən və ya ziyansız sayılan, yaxud əhəmiyyətsiz hesab edilən “məlumat” və ya “ideyalara” deyil, həm də dövlətdə və ya əhalinin hər hansı təbəqəsində inciklik doğuran, onları şoka salan və ya narahat edən “məlumat” və ya “ideyalara” şamil olunur. Bunlar plüralizmin, tolerantlığın və geniş fikirliliyin tələbləridir, onlarsız “demokratik cəmiyyət” ola bilməz (bax, bir çox başqaları arasında, Oberschlick Avstriyaya qarşı (n. 1), 23 may 1991-ci il, § 57, A seriyası № 204) .
54. İfadə azadlığı istisnalara məruz qalsa da, bu istisnalar “dar mənada şərh edilməli” və “hər hansı məhdudiyyətlərin zəruriliyi inandırıcı şəkildə müəyyən edilməlidir” (bax, bir çox başqa işlərlə yanaşı, Observer and Guardian Birləşmiş Krallıqa qarşı, 26 noyabr 1991-ci il, § 59, A seriyası № 216). Bundan əlavə, Məhkəmə vurğulayır ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi siyasi nitqin və ya ictimai maraq doğuran məsələlərin müzakirəsinin məhdudlaşdırılmasına çox az imkan tanıyır (bax, bir çox digər işlərlə yanaşı, Feldek Slovakiyaya qarşı, № 29032/95 , § 74, AİHM 2001–VIII və Sürek Türkiyəyə qarşı (№ 1) [GC], № 26682/95, § 61, AİHM 1999–IV).
(b) Müdaxilənin olub-olmaması
55. Məhkəmə, ərizəçilərin vərəqələrin yayılmasına görə deyil, vərəqələrin yayılması zamanı xüsusi davranışlarına görə, daha doğrusu, “böyük səs-küy səbəb olduqları və ictimai narahatlıq yaratdıqlarına görə” cəzalandırıldıqları ilə bağlı Hökümətin iddiasını nəzərə alır.
56. Bununla belə, Məhkəmə qeyd edir ki, polisin tərtib etdiyi protokollarının heç birində və ya daxili məhkəmələrin qərarlarında polis nəfəri T.N.-nin ərizəçilərə verdiyi iddia edilən şifahi əmrin (əgər belə bir şifahi əmr varsa) dəqiq ifadə forması göstərilməyib. Bundan əlavə, polis əməkdaşları, inzibati xətanın hallarını təsvir etdikləri inzibati xəta haqqında protokollarında və ölkədaxili məhkəmələr qarşısında verdikləri ifadələrində, eləcə də, ölkədaxili məhkəmələr öz qərarlarında ərizəçilərin yalnız hökumət əleyhinə vərəqələr yaydıqlarını qeyd ediblər. Onlar “səs-küy və ictimai ictimai narahatlıq” yaradan başqa hal və ya qanunsuz davranış və ya hərəkətlər barədə qeydlər etməyiblər. Bundan belə nəticə çıxır ki, Hökumətin yuxarıda qeyd olunan arqumenti iş materialları ilə təsdiqlənmir.
57. Məhkəmə hesab edir ki, ölkədaxili hakimiyyət orqanlarının ərizəçilərə qarşı davranışı onların yuxarıda qeyd olunan vərəqələri yayması ilə bağlı olduğundan, hazırkı işlərin faktları və xüsusən də ərizəçilərin həbsi, tutulması və məhkum edilməsi və on beş sutkalıq həbs cəzasına məruz qalması ərizəçilərin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüquqlarını həyata keçirmələri ilə birbaşa əlaqəlidir və onların bu hüququna müdaxilədir.
58. Müdaxilə Konvensiyanın 10-cu maddəsinin şərtlərinə əsasən, “qanunla nəzərdə tutulmayıbsa”, həmin maddənin 2-ci bəndində göstərilən legitim məqsədlərdən birini və ya bir neçəsini güdmürsə və həmin bu məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” deyilsə, o əsaslandırlımış sayılmayacaq.
(c) Müdaxilənin qanuni olub-olmaması
59. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 10-cu maddəsinin ikinci abzasındakı “qanunla nəzərdə tutulmuşdur” ifadəsi tələb edir ki, mübahisələndirilən tədbir ölkədaxili qanunvericilikdə müəyyən əsaslara malik olmalı, həmçinin Konvensiyanın Preambulasında açıq şəkildə qeyd olunan qanunun aliliyinə və bütün Maddələrinə uyğun olmalıdır (bax, əlavə istinadlarla, Selahattin Demirtaş Türkiyəyə qarşı (no. 2) [GC], № 14305/17, § 249, 22 dekabr 2020-ci il).
60. 10-cu maddənin ikinci abzasındakı “qanunla nəzərdə tutulmuşdur” ifadəsi sözügedən qanunun keyfiyyətinə istinad edərək, onun aidiyyəti şəxslər üçün əlçatan olmasını və onun təsirlərinin öngürüləbilən olmasını tələb edir (bax: bir çox başqaları arasında, Centro Europa 7 Srl və Di Stefano İtaliyaya qarşı [GC], № 38433/09, § 140, AİHM 2012; Delfi AS Estoniyaya qarşı [GC], № 64569/09, § 120, AİHM 2015; və Səlahəddin Demirtaş, yuxarıda, § 249). “Qanunun keyfiyyəti” anlayışı, öngörüləbilmə testinin nəticəsi kimi, mövcud qanunun qanunun aliliyi prinsipinə uyğun olmasın tələb edir. Bu o deməkdir ki, dövlət orqanlarının özbaşına müdaxilələrinə qarşı ölkədaxili qanunvericilikdə adekvat təminatlar olmalıdır (bax, əlavə istinadlarla, Magyar Kétfarkú Kutya Párt Macarıstana qarşı [GC], № 201/17, § 93, 20 yanvar 2020-ci il).
61. Xüsusilə, ölkədaxili hakimiyyət orqanlarına verilən səlahiyyətlərin məhdudiyyətsizmiş şəkilində ifadə edilməsi qanunun aliliyi prinsipinə zidd olardı (bax, əlavə istinadlarla, Selahattin Demirtaş, yuxarıda qeyd olunan §§ 249-50).
62. Hazırkı işdə, sözügedən vərəqələrdə cümlələrin və ya fikirlərin ölkədaxili qanunvericiliyə ziddi olduğu Hökümət tərəfindən iddia edilməyib, və ölkədaxili qanunvericiliyə ziddi olduğu aşkarlanmayıb.
63. Ölkədaxili məhkəmələr, ərizəçilərin təkidlərinə baxmayaraq, vərəqələrin məzmununu heç vaxt təhlil etməyiblər amma polisin həmin vərəqələri “hökumət əleyhinə vərəqələr” kimi səciyyələndirməsini qəbul ediblər və bu səciyyələndirməni öz qərarlarında qeyd ediblər (bax, 9, 16-cı bəndlərə, yuxarıda 18 və 21). Bu o deməkdir ki, ölkədaxili məhkəmələr onun hüquqi aktuallığına heç bir izahat verməsələr də, açıq-aydın ona əhəmiyyət verirdilər.
64. Məhkəmə artıq yuxarıda müəyyən edib ki, Hökumətin ictimai asayişi pozan davranış və ya digər qeyri-qanuni davranışla bağlı iddiasının heç bir əsası yoxdur (yuxarıda 56-cı bəndə bax). Vərəqələrin yayılmasına gəlincə, bu, özlüyündə qanuna zidd deyildi və üstəlik, ictimai nəqliyyat vasitələrinin (indiki halda, yeraltı metro stansiyası) daxilində vərəqələrin yayılması ilə bağlı ərizəçilərin pozmuş ola biləcəy hər hansı qayda və ya tənzimləmələrin olduğu sübut olunmamışdır. Görünən odur ki, hakimiyyətin ərizəçilərə qarşı gördüyü tədbir “hökumət əleyhinə vərəqələr” adlandırdığı məlumatların yayılması ilə bağlı olub. Ölkədaxili məhkəmələr, ərizəçilərin qəsdən tabe olmadıqları iddia edilən polisin əmrinin İXM-nin 310.1-ci maddəsinin mənasında “qanuni əmr” təşkil etməsini sübut edə bilməyiblər. Məhkəmə bununla bağlı vurğulayır ki, qanunun ölkədaxili məhkəmələr tərəfindən praktiki şərhi və tətbiqi fərdləri özbaşına müdaxilələrdən müdafiə etməlidir (bax: mutatis mutandis, Selahattin Demirtaş, yuxarıda qeyd olunan, § 275). Ölkədaxili məhkəmələrin polis məmuru tərəfindən verilən hər hansı əmri avtomatik və qeyd-şərtsiz olaraq “qanuni” əmr kimi qiymətləndirilməsi qanunun aliliyi prinsipinə ziddir, çünki bu, polisə qeyri-məhdud səlahiyyət vermək riski daşıyır.
65. Hökumətin ərizəçilərin vərəqələrin məzmunu ilə bağlı izahatını mübahisələndirmədiyini nəzərə alan (yuxarıda 7-ci bəndə bax) Məhkəmə, qeyd edir ki, ərizəçilər, vətəndaşlara öz hökumətini seçməyin konstitusion hüquqları olduğunu xatırladan vərəqələri yaydıqlarına görə həbs ediliblər. Ərizəçilərin hüquqlarına bu cür müdaxiləni açıq-aşkar özbaşınalıq və məlumat və siyasi ideyaları yaymaq hüququnu qoruyan Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığının mahiyyətinin inkarı kimi xarakterizə etmək olar.
66. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı işlərdə ərizəçilər müxalif fəalları və müvafiq olaraq NİDA və Azad Gənclik təşkilatlarının üzvləri olublar (yuxarıda 5-ci bəndə bax). Məhkəmə Konvensiyanın 3, 5, 6, 10, 11 və 18-ci maddələri kontekstində həmin təşkilatların üzvləri tərəfindən qaldırılmış bir sıra işlərə baxmışdı. Xüsusilə, NİDA üzvləri ilə bağlı müəyyən etmişdi ki, hakimiyyət bu təşkilatı və onun üzvlərini açıq şəkildə hədəfə alıb (xüsusilə bax: İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və digər 5, § 155, 13 fevral 2020-ci il; Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/ 13 və 3 digərləri, §§ 122-23, 7 iyun 2018-ci il və Əzizov və Novruzlu Azərbaycana qarşı, № 65583/13 və 70106/13, § 71, 18 fevral 2021-ci il). Məhkəmə hesab edir ki, hazırkı işlərin halları da ərizəçilərə qarşı görülən tədbirlərin eyni nümunəyə uyğun olduğunu təsdiq edir.
67. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı işlərdə təsbit edilən müdaxilə – ərizəçilərin həbsi, tutulması və vərəqələrin yayılmasına görə məhkum edilməsi – Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin mənası baxımından “qanuni” deyildi.
68. Müvafiq olaraq, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 10-cu maddəsi pozulmuşdur.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
69. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
70. Ərizəçilər mənəvi ziyana görə 50,000 avro (EUR) tələb etdilər.
71. Hökumət bildirdi ki, mənəvi ziyana görə ərizəçilərin tələb etdiyi məbləğ həddən artıq və əsassızdır. Hökümət hesab edir ki, Konvensiyanın pozulmasının müəyyən edilməsi özlüyündə ərizəçilərə vurulmuş mənəvi zərərin (əgər varsa) kompensasiyası üçün kifayətdir.
72. Məhkəmə mənəvi ziyana görə ərizəçilərin hər birinə 5,850 avro, onlardan tutula biləcək hər hansı vergi daxil olmaqla, təyin edir.
B. Xərclər və məsrəflər
73. Ərizəçilər həmçinin hüquq, tərcümə və poçt xidmətləri ilə bağlı 2.000 avro tələb ediblər.
74. Hökumət bildirdi ki, ərizəçilər iddia edilən xərc və məsrəflərin faktiki olaraq çəkildiyini sübut edə bilməyiblər, çünki onlar heç bir təsdiqedici sənəd təqdim etməyiblər. Hökumət Məhkəmədən ərizəçilərin bu bənd üzrə iddiasına ciddi yanaşmağı və onu rədd etməyi xahiş etdi.
75. Məhkəmənin məhkəmə təcrübəsi hüququna görə, ərizəçi, xərclərin yalnız həqiqi və zəruri şəkildə çəkildiyi və miqdar baxımından ağlabatan olduğu göstərildiyi təqdirdə onu almaq hüququna malikdir. Hazırkı işlərdə yuxarıda göstərilən meyarları və ərizəçilərin iddialarını əsaslandırmaq üçün hər hansı təsdiqedici sənədləri təqdim etməmələrini nəzərə alaraq, Məhkəmə ərizəçilərin xərc və məsrəflərə dair iddiasını rədd edir.
C. Fazir dərəcəsi
76. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Ərizələri qəbuledilən elan edir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsi pozulub;
4. Qərara alır ki,
(a) Cavabdeh Dövlət Konvensiyanın 42-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində, hər bir ərizəçiyə mənəvi ziyana görə 5,850 avro – tutula biləcək hər hansı vergi daxil olmaqla – ödəsin. Həmin məbləğ hesablaşma tarixində qüvvədə olan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevrilməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizənin digər tələblərini yekdilliklə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 7 oktyabr 2021-ci il ingilis dilində yazılı şəkildə tərtib edilib.
Victor Soloveytchik Síofra O’Leary
İclas Katibi Prezident