№9437/12 SƏYYARƏ ƏHMƏDOVA AZƏRBAYCANA QARŞI – 18 NOYABR 2021-Cİ İL

 

© tərcümə – aihmaz.org

 

BEŞİNCİ BÖLMƏ

ƏHMƏDOVA AZƏRBAYCANA QARŞI
(Ərizə no. 9437/12)

QƏRAR
STRASBURQ

18 Noyabr 2021

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Əhmədova Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Síofra O’Leary, Sədr,
Mārtiņš Mits,
Lətif Hüseynov,
Lado Chanturia,
Ivana Jelić,
Arnfinn Bårdsen,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycan vətəndaşı xanım Səyyarə Nemət qızı Əhmədova tərəfindən (“Ərizəçi”) 24 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (no. 9437/12);

Konvensiyanın 8-ci və Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi ilə bağlı şikayətlər haqqında Azərbaycan Hökumətinin (“Hökumət”) təmsilçisi Cənab Ç.Əsgərovun məlumatlandırılması və ərizənin qalan hissəsinin qəbuledilməz sayılması haqqında qərarı;

tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

19 oktyabr 2021-ci il tarixdə xüsusi müzakirə aparıb,

həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

GİRİŞ

1. Bu ərizə ərizəçinin bir neçə ildir ki, yaşadığı evin onun dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili olması əsası ilə planlı şəkildə sökülməsi və ərizəçinin həmin evdən çıxarılmasına aiddir və orda Konvensiyanın 8-ci maddəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində problemlər gündəmə gətirilib.

FAKTLAR

2. Ərizəçi 1955-ci ildə doğulub, Bakı şəhərində yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil cənab F.Ağayev tərəfindən təmsil olunub.

3. Hökuməti onun səlahiyyətli nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.

4. İşin halları ilə bağlı tərəflərin təqdim etdikləri məlumatlar aşağıdakı kimi ümumiləşdirilə bilər.

5. Ərizəçi 21 iyul 2007-ci il tarixdə Bakının Səbail rayonunda daha öncə orada yaşadığı iddia edilən bir şəxsdən yeni inşa edilmiş evi satin alıb. Aldıqdan sonra evi təmir etdirib və qızı ilə orada yaşamağa başlayıb. Alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiqlənməyib və Dövlət reyestrində qeydiyyatı aparılmayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin tabeliyində olan Mənzil Kommunal Xidmətinin 19 saylı Mənzil İstismar İdarəsi tərəfindən ərizəçinin adına “mənzil kirayəçisi haqqında məlumat” adlı sənəd verilib, ərizəçi ona göndərilən işıq, qaz və telefon qəbzləri üzrə ödənişlər edib. Həmin orqan tərəfindən 26 sentyabr 2007-ci il tarixdə verilmiş arayışa görə, ərizəçi evdə müvafiq qeydiyyat olmadan yaşayıb.

6. ARDNŞ-nin törəmə müəssisəsi olan “Azneft” İstehsalat Birliyi (“Azneft”) 28 sentyabr 2010-cu il tarixdə neft əməliyyatları üçün ona ayrılan dövlət sənaye torpaqlarında qanunsuz və icazəsiz inşa edilməsi əsası ilə ərizəçinin və ailə üzvlərinin evdən çıxarılması, xərclərini ərizəçinin ödəməsi hesabına tikilinin sökülməsi tələbi ilə ərizəçiyə qarşı məhkəmə iddiası qaldırıb. “Azneft” öz iddiasını dəstəkləmək üçün Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin (Bakı Şəhər İcra Hakimiyyətinin (“BŞİH”) sələfi) torpaq sahəsinin neft əməliyyatları üçün “Azneft”ə verilməsi haqda 1962-ci il tarixli qərarını və sözügedən ərazinin BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 17 dekabr 2008-ci ildə təsdiq edilmiş xəritəsini təqdim edib, daxili qanunvericiliyə əsasən, sənaye əməliyyatları üçün nəzərdə tutulmuş torpaq sahələrindən yaşayış binalarının tikintisi üçün istifadə edilə bilməyəcəyini və ərizəçinin torpaq və ya evlə bağlı hər hansı tikinti icazəsinin və ya mülkiyyət sənədinin olmadığını iddia edib.

7. Səbail Rayon Məhkəməsi 16 dekabr 2010-cu il tarixdə iddianı təmin edib və ərizəçinin və onun ailə üzvlərinin evdən çıxarılmasına və evin ərizəçinin hesabına sökülməsinə qərar verib. Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə (aşağıda 14-16-cı bəndlərə bax) əsaslanan məhkəmə müəyyən edib ki, ev “Azneft”in daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa edilmiş tikili olub və bu səbəbdən evin inşa edildiyi ərazi ərizəçiyə heç bir kompensasiya ödənilmədən “Azneft”ə geri qaytarılmalıdır. Məhkəmə bundan başqa əlavə edib ki, 21 iyul 2007-ci il tarixli müqavilə və mənzil-istismar orqanı tərəfindən ərizəçiyə verilmiş sənəd onun ev üzərində hüquqlarını müəyyən etmək üçün müvafiq hüquqi sənədlər deyildi və Mülki Məcəllənin 139.1 və 144.1-ci maddələrinə əsasən (bax: aşağıda 12-13-cü bəndlərə), daşınmaz əmlaka dair müqavilələr notarius tərəfindən təsdiq edilməli və əmlak üzərində bütün hüquqlar Dövlət reyestrinə daxil edilməli idi.

8. Ərizəçi həmin qərardan apellyasiya şikayəti verib, şikayətində qeyd edib ki, (i) o, evi başqa şəxsdən almışdı və bir neçə ildir ki, hakimiyyət orqanlarının heç bir etirazı olmadan orada yaşayırdı; (ii) ərazidə başqa yaşayış binaları var idi və yeni yaşayış binaları tikilməkdə idi; (iii) ona mənzil istismar qurumu tərəfindən müvafiq sənəd verilmişdi və müvafiq kommunal şirkətlər tərəfindən quraşdırılmış kommunal sayğaclar əsasında bütün kommunal xərcləri ödəmişdi; və (iv) onun evinin yerləşdiyi “Azneft”ə verilmiş torpaq sahəsi BŞİH-in 29 iyul 1999-cu il tarixli qərarına əsasən həmin qurumdan geri alınmışdı (iş materialında olan sərəncamın surətindən sözügedən torpaq sahəsini müəyyən etmək mümkün deyil). Ərizəçi həmçinin sözügedən evin onun yeganə evi olduğunu, yeni ev almaq üçün heç bir imkanının olmadığını və söküləcəyi təqdirdə qızı ilə birlikdə küçələrdə qalacağını şikayətində ifadə etmişdi.

9. Bakı Apellyasiya Məhkəməsi 30 mart 2011-ci il tarixdə əsaslandırmasını təkrarlamaqla birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, 1962-ci il tarixli qərardan və birinci instansiya məhkəməsinin istinad etdiyi 17 dekabr 2008-ci il tarixli xəritədən əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 mart 2011-ci il tarixli rəyinə və həmin orqanın mütəxəssisinin verdiyi izahata da əsaslanıb. Komitənin rəyində sözügedən evin tikildiyi torpaq sahəsinin “Azneft” tərəfindən daimi istifadə üçün ayrılmış dövlət torpaq sahəsi olduğu və BŞİH-in 29 iyul 1999-cu il tarixli sərəncamına əsasən “Azneft”dən geri alınmış torpaq sahəsini təşkil etmədiyi təsdiqlənib. Məhkəmə ərizəçinin yuxarıda qeyd olunan arqumentlərinin sonuncusuna münasibət bildirməyib.

10. 25 avqust 2011-ci il tarixdə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini rədd edib.

11. 2015-ci ildə tərəflərlə sonuncu kommunikasiya zamanı ərizəçinin evi hələ sökülməmişdi və o, orada yaşamağa davam edirdi və bu günə qədər ərizəçi söküntü və ya köçürülmə qərarının icrası üçün atılan hansısa addımlar barədə Məhkəməyə məlumat verməyib.

UYĞUN DAXILI QANUNVERICILIYIN ÇƏRÇIVƏSI

I. 2000-CI ILIN MÜLKI MƏCƏLLƏSI

12. Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

13. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

14. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsində göstərilib ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 9 oktyabr 2007-ci il tarixində qüvvəyə minmiş 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

II. 1999-CU İLİN TORPAQ MƏCƏLLƏSİ

15. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaqların özbaşına tutulmasını qadağan edir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

III. 2000-CI IL TARIXLI MÜLKI PROSSESUAL MƏCƏLLƏ

16. Məcəllənin 231.1-ci maddəsinə görə, hakim tərəflərin vəsatəti əsasında onların əmlak vəziyyətini və digər halları nəzərə alaraq hökmün icrasının təxirə salınması və ya icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxan hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməsi və ya qətnaməni hissə-hissə icra edilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi haqda qərar verə bilər. Məcəllənin 231.4-cü maddəsinə əsasən belə qərardan məhkəmələrə şikayət verilə bilər.

IV. 27 DEKABR 2001-CI IL TARİXLİ İCRA HAQQINDA QANUN

17. Qanunun həmin vaxt qüvvədə olan 16-cı maddəsibnə görə, icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə sala bilər. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə bildiriş göndərilir. Tərəflər qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

V. KONSTİTUSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Konstitusiya Məhkəməsi 4 iyul 2014-cü il və 22 may 2015-ci il tarixli qərarlarında aşağı instansiya məhkəmələrinin tələbi ilə Mülki Prosessual Məcəllənin müvafiq olaraq 231.4 və 231.1-ci maddələrini şərh edib. Məhkəmə digərləri ilə yanaşı qeyd edib ki, hər hansı qərarın icrasının gecikdirilməsi qərarı, borc verənin hüquqlarının qorunmasını təsirləndirdiyindən, onlar icra üçün ciddi maneələr və çətinliklər yarandıqda və gecikdirmə müddəti məhkəmə qorumasının səmərəliliyini zədələmədiyi müstəsna hallarda verilməlidir.

VI. DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARI TƏRƏFİNDƏN MƏNZİLLƏ TƏMİN ETMƏ

19. Daxili qanunvericiliyə əsasən müəyyən kateqoriya şəxslər müxtəlif şərtlərlə dövlət orqanları tərəfindən pulsuz və ya əlverişli şəraitli mənzillə təmin olunmaq hüququna malik idilər.

20. Prezidentin 20 iyun 2014-cü il tarixli sərəncamı ilə aidiyyəti dövlət orqanlarına Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizə aparmış şəhid ailələrinin və əlillərin mənzillə təmin olunması üçün tədbirlər planının (2014-2028-ci illər) hazırlanması tapşırılıb. Sərəncamın mətnindən görünür ki, 2014-cü ilə qədər bu kateqoriyalara aid olan 4278 nəfər mənzillə təmin edilib, 5731 nəfər isə növbədə olub.

21. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin alınması Qaydaları müxtəlif kateqoriyalara mənsub olan gənc ailələrin (35 yaşa qədər), habelə yaşından asılı olmayaraq dövlət qulluqçularının, hərbi qulluqçuların, müəllimlərin, elmi işçilərin və hazırkı işin hallarına aidiyyatı olmayan digər kateqoriyalardan olanların güzəştli şərtlərlə mənzillə təmin olunmasını tənzimləyir.

22. Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sosial sığınacaq yaradılıb. Yaşamağa yeri olmayan şəxslər sığınacaqda 180 gündən çox qala bilərdilər. 2019-cu ildə sosial sığınacaqlar həssas qruplar üçün sığınacaq və sosial reabilitasiya mərkəzinin bir hissəsinə çevrilib.

HÜQUQ

I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

23. Ərizəçi evin hər hansı kompensasiya məbləği ödənilmədən və onun hesabına sökülməsinin onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etməsindən şukayət edib. Həmin maddədə göstərilir:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.

A. Tərəflərin təqdimatları

24. Hökumət evlə bağlı hər hansı tikinti sənədinin mövcud olmamasını və alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiqlənmədiyini və daxili qanunvericiliyə uyğun olaraq Dövlət reyestrində heç bir qeydin aparılmadığını bildirib. Mənzil istismar orqanı tərəfindən verilmiş sənəd yalnız kommunal xərclərin ödənilməsi məqsədi daşıyırdı və həmin sənəd və kommunal xidmətlərin ödənilməsi ərizəçiyə sözügedən evlə bağlı hər hansı hüquq verə bilməzdi. Hökumət həmçinin bildirib ki, kommunal xidmət şirkətlərinin öz şəbəkələrinə qoşduqları binaların qanuniliyini yoxlamaq səlahiyyətinə sahib deyillər. Bu səbəbdən ərizəçi əvvəlcədən evin icazəsiz tikildiyinin fərqində idi və o, yaşayış binalarının tikintisinə icazə verilməyən sənaye zonasında inşa edildiyindən tikinti ilə bağlı tələblərə uyğun ola bilməyəcəkdi. Öneryıldız Türkiyəyə qarşı ([GC], № 48939/99, AİHM 2004 XII) işindən fərqli olaraq, sözügedən evin hüquqi statusu ilə bağlı daxili qanunvericilikdə qeyri-müəyyənlik mövcud deyildi.

25. Bundan başqa Hökumət bildirib ki, dövlət səhlənkarlıqda ittiham edilə bilməz. ARDNŞ 2009-cu ildə ona və onun törəmə müəssisələrinə ayrılmış torpaqların inventarizasiyasını başa vurduqdan sonra “ərizəçinin evinin [onun sənaye torpağında] yerləşdiyinə əmin olan kimi” ərizəçiyə qarşı məhkəmə icraatına başlayıb.

26. Hökumət onu da bildirib ki, söküntü əmrinə əməl etmək üçün öz əşyalarını evdən necə götürmək barədə qərar ərizəçinin üzərinə düşür. Ev ARDNŞ tərəfindən onun hesabına və ya özü istənilən uyğun vasitə ilə sökülə bilər.

27. Ərizəçi evi 2007-ci ildə satin aldıqdan sonra, özünün və qızının rəsmi hakimiyyət orqanları tərəfindən heç bir maneə olmadan orda yaşadıqlarını bildirib. Ərizəçi qeyd edib ki, orada sosial və ailə mühiti yaradıb, kommunal xərcləri mütəmadi olaraq ödəyib və birinci instansiya məhkəməsi qərar çıxarana qədər vəziyyətin eyni qalacağını gözləməsinə heç bir əngəl mövcud olmayıb. O, həmçinin vurğulayıb ki, “Azneft”, SOCAR və dövlət orqanları onun evinin və eyni ərazidə tikilmiş “çoxlu [başqa] evlərin” mövcudluğundan xəbərsiz ola bilməzdilər.

B. Məhkəmənin qiymətləndirməsi

28. Məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə araşdırılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa dair mülkiyyət hüququ verib-verməməsinin müəyyən olunmasıdır (bax: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il).

1. Ərizəçinin evə dair mülkiyyət hüququna müdaxilə olub-olmaması

29. Məhkəmə qeyd edir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən qanunsuz tikili kimi müəyyən olunub. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun mövzusunu təşkil edə bilməzdi (əks hal üçün İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və müqayisə et Kotumanova Rusiyaya qarşı (dek.) , № 57964/08, § 52, 11 sentyabr 2018-ci il).

30. Hazırkı işdə ərizəçi evi özü tikməyib, onu 2008-ci ildə başqa bir şəxsdən alıb. Daxili qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakla bağlı əqdlər notarius tərəfindən təsdiq olunmalıdır (yuxarıda § 13) və ərizəçi ilə satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsində, həqiqətən, müqavilənin notariat qaydasında imzalanması üçün razılaşdırılmış tarixlə bağlı müddəa var idi və bu hissə tərəflər tərəfindən boş buraxılıb. Bundan başqa, Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrində tələb olunan şəkildə Dövlət reyestrinə heç bir qeyd daxil edilməyib (yuxarıda § § 5 və 12). Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi, Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər (bax: yuxarıda § 24). Buna görə də, ərizəçi evi alarkən onun qanunsuz tikili olduğunu bilirdi və ya bilməli idi.

31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı ərizəçinin həmin müddəaların sözügedən evə münasibətdə tətbiq edilməyəcəyinə inanmasına səbəb olacaq heç bir qeyri-müəyyənlik mövcud olmayıb (əks hal üçün yuxarıda istinad edilən, Öneryıldız, § 128).

32. Doğrudur, ərizəçiyə SOCAR-ın mənzil istismar orqanı tərəfindən sənəd verilib və sözügedən mənzil kommunal xidmətlərə qoşulu olub. Ərizəçi iddia edir ki, dövlət orqanları buna görə də evdən xəbərdar olublar və onun mövcudluğuna tolerantlıq göstəriblər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməyib və ona kommunal ödənişləri almaq və ödəmək imkanı vermək üçün təqdim olunub. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (yuxarıda göstərilən Öneryıldız işindən fərqli olaraq, § 105 və müqayisə et Barahona Quachamin və başqaları İtaliyaya qarşı (qərar), № 33295/15, § 67, 4 dekabr, 2018). Məhkəmə daha əvvəl, inter alia, dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən müvafiq element kimi kommunal xidmətlərin göstərilməsini nəzərə almasına baxmayaraq (bax, məsələn, yuxarıda istinad edilən Öneryıldız, §§ 105 və 127, və Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), o qeyd edir ki, hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilib (əks hal üçün Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §§ 76 və müqayisə et yuxarıda göstərilən İvanova və Cherkezov, § 75).

33. Bundan başqa, müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı iddia qaldırıla bilməz. Həmçinin bu hal özlüyündə ərizəçinin evə olan mülkiyyət marağının 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə olunan mənada “mülkiyyət” sayılacaq həddə tanınan və əhəmiyyətli olduğu qənaətinə gəlmək üçün kifayət deyildi (bax: Bagdonavicius və başqaları Rusiyaya qarşı , № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il və Barahona Quachamin və başqaları, §§ 67-68, yuxarıda istinad edilən).

34. Məhkəmə qeyd edir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, təkcə bu fakt aşağıdakı səbəblərə görə yuxarıdakı qənaəti dəyişdirmək üçün kifayət deyil. Sözügedən evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə təmir işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya edir. Bundan əlavə, ərizəçi söküntü əmrinin onun daşınar şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etmədi.

35. Bundan da belə nəticəyə gəlmək olar ki, şikayətin bu hissəsi 35-ci maddənin 3 (a) bəndi mənasında Konvensiyanın müddəaları ilə ratione materiae baxımından uyğunsuzdur və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

Söküntünün ərizəçi hesabına həyatına keçirilməsi ilə bağlı

36. Məhkəmə qeyd edir ki, ərizəçinin üzərinə sözügedən evin söküntüsünü öz hesabına həyata keçirmək öhdəliyi qoyulub. Ərizəçinin üzərinə qoyulmuş belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilə təşkil edib. Buna görə də söküntü tələbinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmayıb. Buradan da belə nəticə çıxır ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

37. Ərizəçi onun bir neçə ildir ki, yaşadığı evdən çıxarılmasının Konvensiyanın 8-ci maddəsinin aşağıdakı mətndə nəzərdə tutulduğu kimi, onun evinə hörmət hüququnu pozacağından şikayət edib:

“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

A. Qəbuledilənlik

38. Məhkəmə qeyd edir ki bu şikayətlər açıq-aşkar əsassız və Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də onlar qəbuledilən elan olunmalıdır.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

39. Ərizəçi, evdən çıxarılma qərarının icra olunması durumunda, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcəyini və belə müdaxilənin qanuni məqsəd güdməyəcəyini iddia edib. Evin yerləşdiyi torpaq sahəsinin 1962-ci ildən ARDNŞ tərəfindən işlənilmədiyini və Hökumətin bu ərazinin dövlət ehtiyacı üçün təcili gərəkli olmasını göstərə bilmədiyini ifadə edib. Ərizəçi bundan başqa, daxili məhkəmələrin etiraz edilən tədbirin mütənasibliyini araşdırmadığını və onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqlarını nəzərə almamasından şikayət edib.

40. Hökumət, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsinin demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı baxımından zəruri olduğunu və bunun daxili qanunvericiliyə uyğun olduğunu iddia edib.

2. Məhkəmənin qiymətləndirməsi

41. Məhkəmə bir daha qeyd edir ki, 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” anlayışı qanuni şəkildə istifadə edilən və ya qanuni əsaslarla tanınmış tikililərlə məhdudlaşmır. Bu, yerli qanunvericilikdəki sinifləndirmədən asılı olmayan müstəqil bir anlayışdır. Hər hansı tikilinin 8-ci maddənin nəzərdə tutduğu müdafiənin təsir dairəsinə düşə bilməsi baxımından “mənzil” olub-olmaması işin faktiki hallarından, yəni konkret yerlə yetərli və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (bax: Yevgeni Zaxarov Rusiyaya qarşı, № 66610/10, § 30, 14 mart 2017).

42. Məhkəmə qeyd edir ki, ərizəçi 2007-ci ilin iyul ayında evi aldıqdan sonra sözügedən evdə. Buna görə də, bu ev Konvensiyanın 8-ci maddəsinin mənasında ərizəçinin mənzili olub.

43. Məhkəməyə verilən son məlumat tarixində ərizəçi hələ də oradan çıxarılmamışdı (yuxarıda 11-ci bəndə bax). Bundan əlavə, hər hansı müvafiq hadisələr barəsində Məhkəməni məlumatlandırmalı olan ərizəçi bu günə qədər 2015-ci ildən sonra çıxarılma qərarının icra edildiyini irəli sürməyib. Buna görə də, Məhkəmə sözügedən qərarın icra edilmədiyi mövqeyi tutaraq işə baxacaq. Bununla birlikdə, mənzildən çıxarılma qərarı yekun məhkəmə qərarı ilə qüvvədə saxlanılıb və icra oluna bilən mahiyyət alıb (yuxarıda § 10) və işin hallarından ərizəçinin qərar əleyhinə hər hansı başqa bir hüquqi müdafiə vasitəsinə malik olduğu da görünmür. Bu səbəbdən, Məhkəmənin ərizəçinin mənzilinə hörmət hüququna müdaxilə edildiyinə şübhə etmək üçün heç bir əsası yoxdur.

44. Ərizəçinin sözügedən mənzildən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən qanuni müddəalara və zəbt edilmiş torpaqların sahiblərinə və ya qanuni istifadəçilərinə qaytarılması barədə tənzimləmələrə əsaslanıb. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edib. Məhkəmə, onun daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, razılaşır ki, ərizəçinin mənzildən çıxarılması barədə qərar verən milli məhkəmə qərarları daxili qanunvericiliyə uyğundur. Məhkəmə daha sonra qeyd edir ki, Hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahı naminə… zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneftin hüquqlarının qorunmaq məqsədi güddüyünü qəbul etməyi daha məqsədəuyğun hesab edir.

45. Buna görə də müdaxilənin qarşıya qoyulan məqsədə mütənasib olub-olmadığını və beləliklə, “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək qalır.

46. Məhkəmənin köklü presedent hüququna əsasən, bir şəxsin mənzilini itirməsi mənzilə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğundan bu baxımdan risk altında olan istənilən şəxs, həmin şəxsin hər hansı həssas qrupa məxsus olub-olmamasından asılı olmayaraq, prinsipcə, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən mütənasib tədbir ilə təmin olunmalıdır. Bu baxımdan, qanunsuz tikintidən söhbət gedəndə ən çox diqqət edilməli olan amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmamasıdır. Başqa bir amil məsələni həll etməyin daha az ciddi yollarının olub-olmamasının müəyyənləşdirilməsi ola bilər; siyahı sadalayıcı mahiyyətdədir. Buna görə də, əgər əlaqəli şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (bax: McCann Birləşmiş Krallığa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) yekun, 24 aprel 2012-ci il; və İvanova və Çerkezov, § 53 yuxarıda istinad edilən).

47. Məhkəmə qeyd edir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin mənzildən çıxarılmasına qərar verərkən, yerli məhkəmələr, xüsusilə, onun dövlət mülkiyyətindəki torpaqda tikilmiş icazəsiz tikili olduğuna fokuslanıblar (Baqdonaviçius və digərləri ilə müqayisə edin. yuxarıda, § 102). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almağa imkanları olmadığı üçün qızı ilə birlikdə evdən çıxarılacağı təqdirdə, evsiz qalacağını iddia etsə də, daxili məhkəmələr bu məqama ümumiyyətlə məhəl qoymayıblar və toqquşan maraqları ölçə bilməyiblər (əksi üçün Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il).

48. Bundan əlavə, hazırki işdəki kimi halların olduğu işlərdə mütənasiblik testi hakimiyyətin geri almağa çalışdığı torpağı nə üçün istifadə etmək istəməsi ilə qırılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələr qarşısında qaldırdığı iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməyiblər (Yordanova və digərləri, yuxarıda istinad edilən, § 127).

49. Beləliklə, hazırkı iş üzrə icraat yuxarıda 46-cı bənddə qeyd olunan prosessual tələblərə cavab verməyib.

50. Hökumət özü də ərizəçi daxili qanunvericiliyə uyğun olaraq, digər hüquqi müdafiə vasitələrindən istifadə etdiyi təqdirdə, mənzildən çıxarılmasının mütənasibliyinə dair araşdırmaya nail ola biləcəyini iddia etmədi. Doğrudur ki, dövlətdaxili qanunvericilik, ümumilikdə, məhkəmələrdən qanuni qüvvəyə minmiş qətnamənin icrasının təxirə salınmasını tələb etmək və ya məhkəmə icraçılarının qətnamənin icrasının təxirə salması imkanını nəzərdə tuturdu (yuxarıda § § 16-17). Bununla belə, müvafiq presedent hüququnu və bu ehtimalın yerində olduğuna dair inandırıcı arqumentlər olmadığını nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçi bu yoldan istifadə etsə belə, əldə edə biləcəyi yeganə şey mənzildən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılması deyil, onun təsirindən müvəqqəti möhlət olacaq idi (müqayisə et İvanova və Çerkezov, yuxarıda istinad edilən § 57).

51. Nəhayət, ərizəçi üçün alternativ məskunlaşma imkanının çatımlı olduğunu araşdıracaq hər hansı prosedurun olması da Hökumət tərəfindən iddia edilmədi. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilmir (yuxarıda § § 19-21). Hökumət sosial sığınacaqda müvəqqəti qalmanın (yuxarıda § 22), alternativ məskunlaşma imkanlarının araşdırılması üçün heç bir prosedur olmadığı halda, hazırki işin hallarında mütənasiblik tələbini təmin edən həll yolu kimi qəbul edilə biləcəyini də mübahisələndirmədi.

52. Belə olduğu təqdirdə, ərizəçi onun işi üzrə mövcud olan şəxsi hallar nəzərə alınmaqla müdaxilənin mütənasibliyinə, yəni, onun sözügedən evdən çıxarılmasına adekvat şəkildə yenidən baxılmasına imkan verən prosedurla da təmin edilmədi.

53. Bu səbəblərə görə, Məhkəmə, köçürülmə haqqında qərarın belə bir yoxlama olmadan icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağına qərar verir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

54. Konvensiyanın 41-ci maddəsində nəzərdə tutulur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

55. Ərizəçi heç bir təsdiqləyici sənəd təqdim etmədən, öz fikrincə evin təxmini dəyəri olan 120.000 avro (EUR) maddi təzminat tələb edib. Bundan başqa o, mənəvi ziyana görə 10.000 avro tələb edib.

56. Hökumət söküntü haqqında qərar icra olunmadığından ərizəçiyə maddi və ya mənəvi ziyana görə heç bir kompensasiya ödənilməməli olduğunu bildirib. Hökumət bundan başqa ərizəçinin maddi ziyanla bağlı iddiasını təsdiq edən hər hansı sənəd təqdim etmədiyini də qeyd edib.

57. Hazırkı işdə yalnız Konvensiyanın 8-ci maddəsinin pozulmasının təməlində kompensasiyanın təyin edilməsinə qərar verilə bilər. Bu pozuntu isə yalnız ərizəçinin evdən çıxarılması barədə qərar icra edildikdən sonra baş verəcək. Ərizəçi 2015-ci ildən bəri hər hansı gəlişmə ilə bağlı Məhkəməni bilgiləndirməyib və həmin vaxt evdən çıxarılması haqqında qərar icra olunmayıb. Buna görə də, pozuntunun müəyyən edilməsinin özü, ərizəçinin məruz qaldığı hər hansı mənəvi zərər üçün kifayət qədər ədalətli kompensasiya təşkil edir (bax: yuxarıda qeyd edilən Yordanova və başqaları, § 171 və İvanova və Cherkezov, § 85,).

B. Xərc və məsrəflər

58. Ərizəçi həmçinin daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflər üçün 3000 Azərbaycan manatı (AZN), eləcə də poçt xərcləri üçün 100 manat tələb edib.

59. Hökumət ərizəçinin tələb olunan məbləğlərlə bağlı hər hansı sənədli sübut təqdim etmədiyini bildirib.

60. Məhkəmə öncə cənab F.Ağayevin daxili məhkəmə proseslərində ərizəçini təmsil etmədiyini qeyd edir. Bundan başqa, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, ədalətli kompensasiya ilə bağlı bütün tələblər bəndlərə bölünməli və hər hansı müvafiq təsdiqedici sənədlərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, əks halda Palata bu tələbləri tam və ya qismən rədd edə bilər. Hazırkı işdə tələblər nə maddələr üzrə təsnifləndirilib, nə də hər hansı yazılı sübutlarla təsdiqlənib. Bu səbəblərə görə, Məhkəmə ərizəçinin xərc və məsrəflərlə bağlı iddia tələblərini rədd edir (müqayisə edin: Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 97, 1 iyun 2017-ci il).

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, ərizəçinin Konvensiyanın 8-ci maddəsinə əsaslanan şikayəti qəbuledilən, digər şikayətləri qəbuledilməzdir;

2. Qərar verir ki, evdən çıxarılma haqda qərarın həmin qərarın ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla mütənasibliyi lazımi qaydada yoxlanılmadan icra edilməsi durumunda, Konvensiyanın 8-ci maddəsi pozulacaq;

3. Qərar verir ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı mənəvi ziyan üçün yetərli ədalətli əvəzi təşkil edir;

4. Ərizəçinin ədalətli əvəzlə bağlı tələblərinin yerdə qalanını rədd edir.

Qərar ingilis dilində tərtib edilib və 18 noyabr 2021-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq açıqlanıb.

Martina Keller                                  Síofra O’Leary
İclas Katibi                                         Sədr