© tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
SƏFƏROV AZƏRBAYCANA QARŞI
(Ərizə nömrəsi 885/12)
QƏRAR
STRASBURQ
1 Sentyabr 2022
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Səfərov Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:
Síofra O’Leary, Sədr,
Mārtiņš Mits,
Lətif Hüseynov,
Lado Chanturia,
Ivana Jelić,
Arnfinn Bårdsen,
Kateřina Šimáčková, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı cənab Rafiq Firuz oğlu Səfərov (“ərizəçi”) tərəfindən müvafiq olaraq, 22 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (№885/12);
Konvensiyanın 16-cı və Konvemsiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi üzrə Azərbaycan Hökumətinə (“Hökumət”) məlumatın göndərilməsini və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi haqqında qərarı;
Tərəflərin təqdimatlarını;
Nəzərə alaraq,
28 iyun 2022-ci il tarixdə qapalı toplantıda müzakirə aparıb,
Həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
GİRİŞ
1. Hazırkı iş ərizəçinin kitabının icazəsiz çoxaldılması və internetdə yayılması səbəbindən müəllif hüquqlarının pozulması ilə əlaqədar dövlətin onun əqli mülkiyyət maraqlarını qorumaması ilə bağlı şikayətinə aiddir. Ərizəçi məhkəmə qarşısında, əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə məsələləri qaldırıb.
FAKTLAR
2. Ərizəçi 1959-cu ildə anadan olub, Bakı şəhərində yaşayır. Onu məhkəmə qarşısında Bakıda iqamət edən vəkil, cənab Fuad Ağayev təmsil edib.
3. Hökumət onun səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.
4. İşin faktları aşağıda üçmumiləşdirildiyi kimidir.
5. Ərizəçi 2009-cu ildə nəşr olunmuş “XIX-XX əsrlərdə İrəvan quberniyası əhalisinin etnik tərkibində dəyişikliklər” adlı kitabın müəllifidir.
6. 2010-cu ildə qeyri-müəyyən bir tarixdə gənclərin QHT-si olan “İrəli” İctimai Birliyi (bundan sonra “İrəli”) həyata keçirdiyi layihələrdən birinə aid olan www.history.az saytında həmin kitabın elektron versiyasını yayıb.
7. 2010-cu ilin qeyri-müəyyən bir tarixində ərizəçi kitabının yuxarıda qeyd olunan internet saytında yayılmasından xəbər tutub. Həmin vaxt saytdakı məlumatda kitabın 417 dəfə yükləndiyi bildirilirdi.
8. “İrəli” 2010-cu ilin qeyri-müəyyən bir tarixində ərizəçinin xahişi ilə kitabı internet saytından silib.
9. Ərizəçi 3 avqust 2010-cu il tarixdə Səbail rayon məhkəməsində İrəliyə qarşı mülki iddia qaldırıb. “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Qanunun (bundan sonra “Müəlliflik hüququ haqqında qanun”) 14, 15, 30, 31 və 45-ci maddələrinə (aşağıda 14-15 və 18-20-ci bəndlərə bax) əsaslanaraq, ərizəçi şikayət edib ki, İrəli onun kitabının rəqəmsal versiyasını icazəsi olmadan və ya ona heç bir qonorar ödəmədən çoxaldıb və öz saytında yayıb. Ərizəçi maddi ziyana görə 50,067 Azərbaycan manatı (maddi vaxtda təqribən 47,460 avro (EUR)) və mənəvi zərərə görə 28,800 manat (maddi vaxtda təqribən 27,300 avro) tələb edib.
10. 13 oktyabr 2010-cu ildə Səbail Rayon Məhkəməsi ərizəçinin kitabının İrəli tərəfindən onun internet saytında yayılması ilə bağlı qərar verib, əsasən “Müəllif hüquqları haqqında” Qanunun 18.1-ci maddəsinin giriş bəndinə əsaslanaraq ərizəçinin iddialarını rədd edib (aşağıda 17-ci bəndə bax). Məhkəmə qərarını kitabın ərizəçinin xahişi ilə internet saytından çıxarılması və ərizəçinin ona maddi və ya mənəvi zərər dəydiyini sübut edə bilməməsi ilə izah edib.
11. Ərizəçi 22 noyabr 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Əvvəlki şikayətlərinə əlavə olaraq bildirib ki (yuxarıda 9-cu bəndə bax), (i) birinci instansiya məhkəməsi “Müəllif hüquqları haqqında” qanunun 18-ci maddəsinin yarımbəndlərində hərtərəfli sadalanan məqsədlərdən heç birini qeyd etməyib və (ii) həmin maddə yalnız kitabxanalara, arxivlərə və təhsil müəssisələrinə aiddir.
12. 24 yanvar 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi öz əsaslandırmasını yeniləməklə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, əlavə olaraq “Müəlliflik hüququ haqqında” qanunun 17.1-ci maddəsinə istinad edib (aşağıdakı 16-cı paraqrafa bax).
13. 14 iyun 2011-ci il tarixdə Ali Məhkəmədə ərizəçinin kassasiya şikayəti də rədd edilib. Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin gətirdiyi əsaslandırmalara əlavə olaraq, həmçinin “Müəlliflik hüququ haqqında” qanunun 14.1 (q) və 15.3-cü maddələrinə də istinad edib (aşağıda 14-15-ci bəndlərə bax). Məhkəmə, kitabını nəşr edib, onun nüsxələrini satışa çıxarmaqla ərizəçi öz əsəri haqqında məlumat vermək hüququndan istifadə edib. Məhkəmə, daha sonra cavabdehin kitabı özünün internet saytının kitabxana bölməsində yaymasının məqsədinin Azərbaycan tarixinə dair məlumat vermək olduğunu qeyd edib.
UYĞUN QANUNVERİCİ CƏRÇİVƏ
I. UYĞUN DAXİLİ QANUN
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, 5 iyun 1996
14. Qanunun 14.1-ci maddəsində qeyd edilir:
Şəxsi (qeyri-əmlak) hüquqlar
“1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:
a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);
b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);
v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);
q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ);
15. Qanunun 15-ci maddəsində qeyd edilir:
Əmlak (iqtisadi) hüquqları
“ 1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir:
əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);
əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);
əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);
əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);
əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ);
kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ);
əsəri tərcümə etmək (tərcümə hüququ);
əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);
dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).
memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.
Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.
3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir.
Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.
4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
5. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın.”
Qanunun 16-cı maddəsi sənət əsərlərinə və təkrar satışda maraq hüququna aiddir.
16. Maddi vaxtda qüvvədə olan Qanunun 17-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
Əsərlərdən və fonoqramlardan şəxsi məqsədlər üçün istifadə
1. Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərdən, bu maddənin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir.
2. Bu maddənin 1-ci hissəsinin müddəaları aşağıdakı hallarda tətbiq olunmur:
memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin çıxarılması;
məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin çıxılması;
bu Qanunun 24-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kompüter proqramlarının surətinin çıxarılması;
kitabların (bütövlükdə), not mətnlərinin və təsviri sənət əsərlərinin orijinallarının reprosurətinin çıxarılması (reprosurətçıxarma).
interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması;
interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərdən normal istifadəyə zərər vuran və ya müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma…”
Qanunun 17.3-cü maddəsi audio-vizual əsərin və fonoqramın təkrar istehsalına aiddir. Qanunun 4-cü maddəsində müəyyən edilmiş “reproqrafik surətçıxarma” dedikdə əsərin orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə faksimilesinin çıxarılması nəzərdə tutulur.
17. Qanunun 18-ci maddəsi aşağıdakı kimidir:
Kitabxanalar, arxivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması
“1. Müəllifin və ya müəlliflik hüququnun digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını, götürülmə mənbəyini mütləq göstərməklə və gəlir əldə etmək məqsədi olmadan, əsərin müəyyən məqsəd üçün lazım olan həcmdə reprosurətinin çıxarılmasına yol verilir:
a) itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi məqsədi ilə qanuni əsasda çap edilmiş əsərlərin reprosurətinin çıxarılması üçün kitabxana və arxivlərə; başqa kitabxana və arxivlərin fondlarından itirilmiş, məhv edilmiş və ya istifadəyə yaramayan nüsxələrin dəyişdirilməsi üçün əsərlərin nüsxələrinin verilməsinə, əgər adi şəraitdə belə nüsxələrin alınması başqa yolla mümkün deyilsə;
b) qanuni əsasda çap edilmiş ayrıca məqalə və başqa kiçik həcmli əsərlərin və ya əsərin qısa parçasının, ya da yazılı əsərlərin (kompüter proqramları istisna olmaqla) qısa hissələrinin tədris, elmi və ya şəxsi məqsədlər üçün fiziki şəxslərin sorğusu üzrə kitabxanalar tərəfindən vahid nüsxədə reprosurətinin çıxarılmasına;
v) ümumtəhsil müəssisələrində məşğələlər üçün qanuni əsasda çap edilmiş ayrı-ayrı məqalələrin və digər kiçik həcmli əsərlərin və ya yazılı əsərlərdən qısa parçaların (kompüter proqramları istisna olmaqla) surətinin çıxarılmasına.”
18. Qanunun 30.1-ci maddəsində müəllifin mülkiyyət hüquqlarının müqavilə əsasında başqasına verilə biləcəyi nəzərdə tutulur.
19. Qanunun 31-ci maddəsinə əsasən, yuxarıda qeyd olunan müqavilədə, o cümlədən, əsərdən istifadə üsulu və ödənilməli olan qonorarın məbləği göstərilməlidir.
20. Qanunun 45-ci maddəsinə əsasən, müəlliflik hüququ ilə bağlı mübahisələrə baxılarkən məhkəmələr iddiaçının tələbi ilə 110 manatdan 55.000 manata qədər kompensasiya təyin edə bilər. Müəllif həmçinin hüquqlarını pozan şəxsdən normalda qazana biləcəyi qonorarın ödənilməsini tələb edə bilər.
II. UYĞUN BEYNƏLXALQ HÜQUQ
A. 9 sentyabr 1886-cı il tarixli Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
21. Azərbaycanın 1999-cu ildən qoşulduğu Konvensiyanın 9-cu maddəsi aşağıdakı kimidir:
Surətçıxarma hüququ:
1. Ümumi müddəalar; 2. Mümkün istisnalar; 3. Səs və visual yazılmalar
“(1) Bu Konvensiya ilə qorunan ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin istənilən şəkildə və formada surətçıxarılmasına icazə vermək müstəsna hüququndan istifadə edirlər.
(2) Müəyyən xüsusi hallarda bu əsərlərin surətçıxarılmasına icazə vermək hüququ, bu cür surətçıxarmanın əsərdən normal istifadəyə zərər vurmaması və müəllifin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmaması şərti ilə, İttifaq ölkələrinin qanunvericiliyində saxlanır.”
B. 20 dekabr 1996-cı il tarixli ÜƏMT-nın müəlliflik hüququna dair Müqaviləsi
22. Azərbaycanın 2006-cı ildən qoşulduğu Müqavilənin 1-ci maddəsində aşağıdakılar göstərilib:
Bern Konvensiyasına münasibət
“(1) Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası ilə təsis edilmiş İttifaqın ölkələri olan Razılaşan Tərəflərə münasibətdə bu Müqavilə həmin Konvensiyanın 20-ci maddəsinin mənasında xüsusi Sazişdir. Bu Müqavilə Bern Konvensiyasından başqa, digər müqavilələrlə heç cür bağlı deyil və hər hansı digər müqavilələr üzrə heç bir hüquq və öhdəlikləri məhdudlaşdırmır.
…
(4) Razılaşan tərəflər Bern Konvensiyasının 1-21 maddələrinə və onun Əlavə fəslinə riayət edirlər.”
Müqavilə ilə eyni tarixdə qəbul edilmiş Müqavilə ilə bağlı Razılaşdırılmış Bəyanatda aşağıdakılar nəzərdə tutub:
“Bern Konvensiyasının 9-cu maddəsində təsbit edilən çoxaltma hüququ və bu maddədə icazə verilən istisnalar, xüsusilə əsərlərin rəqəmsal şəkildə istifadəsi başda olmaqla, tamamilə rəqəmsal ortamda keçərlidir. Başa düşülür ki, rəqəmsal ortamda qorunan bir əsərin elektronik ortamda saxlanılması Bern Konvensiyasının 9-cu maddəsinin mənasında çoxaltma təşkil edir.”
23. Müqavilənin 6-cı maddəsində aşağıdakılar nəzərdə tutulur:
Yaymaq hüququ
“(1) Ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin orijinalının və nüsxələrinin satış və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması üçün icazə vermək müstəsna hüququndan istifadə edirlər.
2) Bu Müqavilədə heç nə Razılaşan Tərəflərin əsərin orijinalının və ya nüsxələrinin müəllifin icazəsi ilə birinci satış və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılmasından sonra, bu Müqavilənin (1) bəndində qeyd edilən hüquqa xitam verilməsi şərtlərini müəyyən etmək və ya etməmək sərbəstliyinə təsir göstərmir.”
6 və 7-ci maddələrə (Kirayə hüququ) dair Razılaşdırlmış Bəyanatda aşağıdakılar ifadə edilir:
“Bu maddələrdə istifadə olunduğu şəkli ilə, “nüsxə” və “əsli və nüsxələri” ifadələri, sözügedən maddələr çərçivəsində yayma və icarə hüququna tabe olan, müstəsna olaraq maddi obyektlər kimi dövriyyəyə buraxıla bilən sabit nüsxələri ifadə edir.”
24. Müqavilənin 8-ci maddəsinə göstərilib:
“… Ədəbi və bədii əsərlərin müəllifləri … öz əsərlərinin kütləyə çatdırılması məqsədi ilə simli və ya simsiz rabitə vasitələri ilə, o cümlədən əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdən və istənilən vaxtda bu əsərlərin əldə edilməsini həyata keçirə biləcəyi tərzdə kütləyə çatdırılması üçün hər hansı bildirişinə icazə vermək müstəsna hüququndan istifadə edirlər.”
25. Müqavilənin 10-cu maddəsinə göstərilib:
Məhdudiyyətlər və istisnalar
“ (1) Razılaşan Tərəflər müəyyən xüsusi hallarda öz milli qanunvericiliyində bu Müqavilə üzrə ədəbi və bədii əsərlərin müəlliflərinə verilən hüquqlara münasibətdə əsərlərdən normal istifadəyə zərər vurmayan və müəllifin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmayan məhdudiyyətlər və ya istisnalar nəzərdə tuta bilərlər.
(2) Razılaşan Tərəflər Bern Konvensiyasını tətbiq edərkən müəyyən xüsusi hallarda onda nəzərdə tutulmuş hüquqlara münasibətdə əsərlərdən normal istifadəyə zərər vurmayan və müəllifin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmayan hər hansı məhdudiyyətlər və ya istisnalar müəyyən edirlər.”
HÜQUQ
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI
26. Ərizəçi dövlətin onun kitabının qeyri-qanuni olaraq çoxaldılması və internetdə yayılması səbəbindən müəlliflik hüququnun pozulması ilə əlaqədar onun əqli mülkiyyət maraqlarını qorumamasından şikayət edib. O, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanıb, həmin maddədə aşağıdakılar göstərilib:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
A. Qəbuledilənlik
27. Məhkəmə qeyd edir ki, bu şikayətlərlər nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
28. Ərizəçi iddia edib ki, İrəli kitabını onlayn yaymaqla onun qeyri-məhdud sayda şəxs tərəfindən endirilməsinə icazə verib. Hökumətin təqdimatına cavab olaraq (aşağıda 29-cu bəndə bax) o, bildirib ki, heç bir kommersiya marağı olmasa belə, cavabdehin hərəkətləri onun müəlliflik hüququnu pozub. O, daha sonra iddia edib ki, ölkədaxili qərarlar adekvat əsaslandırılmayıb və daxili qanunvericiliyə uyğun olmayıb.
29. Hökumət cavabdehin ərizəçinin kitabını “kommersiya məqsədləri” üçün deyil, “ümumi ictimaiyyətin onunla tanış ola bilməsi” üçün onlayn yaydığını bildirib. Yerli məhkəmələrin gəldiyi nəticələrin ərizəçinin təqdimatlarının hərtərəfli tədqiqinə əsaslandığını və ərizəçinin kitabının icazəsiz yayılmasından qaynaqlandığını iddia etdiyi zərəri sübut edə bilməyəcəyini idddia edib.
2. Məhkəmənin qiymətləndirməsi
30. Məhkəmə bir daha müəllif hüquqlarının müdafiəsi də daxil olmaqla əqli mülkiyyət hüquqlarının müdafiəsinin 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olduğunu yada salır (bax: Anheuser-Busch Inc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 72 , AİHM 2007 I, və SIA AKKA/LAA Latviyaya qarşı, № 562/05, § 41, 12 iyul 2016-cı il). Hazırkı məhkəmə işində ərizəçi sözügedən kitabın müəllifi olub və daxili qanunvericiliyə uyğun olaraq müəllif hüquqlarının müdafiəsindən faydalanıb. Bu gerçəklik heç vaxt daxili məhkəmələr tərəfindən mübahisələndirilməyib (müqayisə etmək üçün: Balan Moldovaya qarşı, № 19247/03, § 34, 29 yanvar 2008-ci il və Kamoy Radyo Televizyon Yayıncılık ve Organizasyon A.Ş. Türkiyəyə qarşı, № 19965/06, § 37, 16 aprel 2019-cu il). Buna görə də, ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında “mülkiyyətə” malik idi.
31. Məhkəmə, ərizəçinin kitabının icazəsiz təkrar çap edilməsinin və onun onlayn şəkildə yayılmasının, ərizəçinin mülkiyyətindən dinc şəkildə istifadə etmək hüququnu təsirləndirdiyini qeyd edir. Hazırkı işdəki anlaşılmazlıq özəl tərəflər arasında baş vermişdi. Bu baxımdan Məhkəmə xatırladır ki, Dövlətin xüsusilə, bir ərizəçinin rəsmi qurumlardan qanuni olaraq gözləyə biləcəyi tədbirlərlə mülkiyyətindən səmərəli şəkildə yararlanması arasında birbaşa bağlantı olduğunda hətta özəl tərəflər arasındakı məhkəmə çəkişmələri ilə bağlı işlərdə belə mülkiyyət hüququnun müdafiəsi üçün zəruri tədbirləri görməklə bağlı pozitiv öhdəlikləri var. Bu pozitiv öhdəliklər, onun hüquq sistemində mülkiyyət hüquqlarının qanunla kifayət qədər qorunmasını və zərərçəkmiş tərəfin müvafiq durumlarda dəymiş hər hansı itki ilə bağlı zərərin ödənilməsini tələb etmək üçün müraciət edə bilməsi də daxil olmaqla öz hüquqlarının müdafiəsi üçün adekvat müdafiə vasitələrinin təmin edilməsini hədəfləməkdir. Bu baxımdan gərəkli olan tədbirlər önləyici və ya islahedici ola bilər. Mümkün önləyici tədbirlərə gəlincə, sosial və iqtisadi siyasətin həyata keçirilməsində qanunverici orqana tanınan qiymətləndirmə sərbəstliyinin həddi, xüsusilə, dövlətin rəqabət aparan şəxsi maraqları diqqətə almaq məcburiyyətində olması durumunda genişdir. İslahedici tədbirlərə gəldikdə isə Dövlətlər, zəruri prosessual təminatları təqdim edən və bununla da yerli məhkəmələrin özəl tərəflər arasındakı hər hansı bir anlaşılmazlığı təsirli və ədalətli şəkildə həll etməyi təmin edən məhkəmə prosedurlarını təmin etmək öhdəliyi daşıyırlar (bax: Kanevska Ukraynaya qarşı (qərardad), № 73944/11, § 45, 17 noyabr 2020-ci il və Saraç və başqaları Türkiyəyə qarşı, № 23189/09, §§ 70-75, 30 mart 2021-ci il və orda istinad edilən presedentlər). Bu baxımdan Məhkəmənin daxili qanunvericiliyin düzgün şəkildə təfsir və tətbiq edilməsini yoxlamaq səlahiyyəti məhduddur və milli məhkəmələrin yerini almaq onun funksiyası deyildir. Daha doğrusu, onun rolu həmin məhkəmələrin qərarlarının özbaşına və ya başqa bir şəkildə əsassız olmamasını təmin etməkdir (bax: Zagrebačka banka d.d. Xorvatiyaya qarşı, № 39544/05, § 250, 12 dekabr 2013-cü il və Mindek Xorvatiyaya qarşı, № 6169/13, §§ 77-78, 30 avqust 2016-cı il).
32. Məhkəmə işin faktlarına qayıdaraq, ərizəçinin müəllif hüquqlarının Azərbaycan qanunvericiliyi ilə kifayət qədər qorunmadığını iddia etmədiyini, lakin mövcud qanunvericiliyin onun işində məhkəmələr tərəfindən tətbiqinin qanunsuz və özbaşına olduğunu müşahidə etməkdədir. Daxili qanunvericiliyə görə, ümumi qayda olaraq, əsərindən istifadə etmək üçün müəllifin icazəsi və qonorarın ödənilməsi tələb olunurdu (yuxarıda 15-ci bəndə bax). Ancaq yerli məhkəmələr şikayət edilən şəxsin hərəkətlərini, əsasən, Müəllif hüquqları haqqında Qanunun əsərin çoxaldılması üçün müəllifin icazəsini tələb edən ümumi qaydadan istisnaları nəzərdə tutan bir neçə maddəsinə söykənərək haqlı çıxarıblar (yuxarıda 10 və 12 13-cü bəndlərə baxın). Lakin ərizəçi, istisnaları nəzərdə tutan müddəaların heç birinin onun işinə tətbiq edilə bilən olmadığını iddia edib. Bununla bağlı Məhkəmə, aşağıdakıları qeyd edir.
33. “Müəlliflik hüququ haqqında” Qanunun 17.1-ci maddəsində nəzərdə tutulduğuna görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş əsərinin çoxaldılmasına, müstəsna hallarda şəxsi məqsədlər üçün yol verilir. Bununla belə, hazırkı iş üzrə cavabdeh hüquqi şəxs olub və iş materiallarından göründüyü kimi, ərizəçinin kitabından “yalnız şəxsi məqsədlər üçün” istifadə etməyib, lakin onu qeyri-məhdud sayda oxucular üçün onlayn rejimdə təqdim edib. Bundan əlavə, “Müəlliflik hüququ haqqında” Qanunun 17.2-ci maddəsinə əsasən yuxarıda qeyd olunan müddəa kitabların bütövlükdə çoxaldılmasına şamil edilməyib. Daxili məhkəmələr prosesin heç bir mərhələsində ərizəçinin kitabının bütövlükdə təkrar nəşr edilmədiyini müəyyən etməyiblər.
34. “Müəlliflik hüququ haqqında” Qanunun 18-ci maddəsinə əsasən, kitabxanalara, arxivlərə və təhsil müəssisələrinə konkret hallarda icazə olmadan əsərlərin çoxaldılmasına icazə verilir. Ərizəçi daxili məhkəmələrə verdiyi apellyasiya şikayətində cavabdehin bu kateqoriyalardan heç birinə aid olmadığını iddia edib (11-ci paraqrafa bax). Ali Məhkəmə bu arqumenti açıq şəkildə izah etməsə də, ərizəçinin kitabının cavabdehin internet saytındakı kitabxana bölməsində yerləşdirilib, yayıldığını və məqsədin Azərbaycan tarixinə dair məlumatları yaymaq olduğunu qeyd edib (13-cü paraqrafa bax). Hökumət, cavabdeh tərəfin heç bir kommersiya məqsədinin olmadığını bildirərək, oxşar arqument irəli sürüb (29-cu paraqrafa bax). Məhkəmə, actual olsa da “Müəlliflik hüququ haqqında” Qanunun 18-ci maddəsinin tətbiqi zamanı hər hansı kommersiya məqsədinin olub-olmamasının nəzərə alınmalı olan yeganə ünsür olmadığını müşahidə edir. Cavabdeh tərəfindən təklif olunan onlayn xidmətlərin “kitabxanalar” anlayışı kimi qəbul ediləcəyini fərz etsək belə, müvafiq müddəanın bu cür təfsir etmək vəzifəsi yerli məhkəmələrin üzərinə düşür, ancaq onlar “Müəlliflik hüququ haqqında” Qanunun 18-ci maddəsinin (a) və (b) yarımbəndlərində nəzərdə tutulmuş hansı konkret halın ərizəçinin icazəsi olmadan kitabının surətinin çıxarılmasına haqq qazandıra biləcəyini qeyd etməyiblər. Məhkəməyə görə, cavabdehin ərizəçinin kitabını internetdə sərbəst şəkildə əldə etmək imkanı yaratması və buna görə də – praktik olaraq, kitabxana binasının ziyarətçiləri üçün deyil, bütün dünya çərçivəsində olan bir izləyici kütləsinə təqdim etməsi səbəbindən, məhkəmələr ərizəçinin işində 18-ci maddənin tətbiqinə haqq qazandırmaq üçün ətraflı əsaslandırma ortaya qoymalı idi.
35. Ali Məhkəmənin istinad etdiyi “Müəlliflik hüququ haqqında” Qanunun 15.3-cü maddəsinə münasibətdə Məhkəmə, bu müddəanın qanuni dərc edilmiş nüsxələrin paylanılması qaydasına aid olduğunu müşahidə edir. ÜƏMT (WIPO) Müəllif Hüquqları Konvensiyasının 6-cı Maddəsi ilə bağlı olan bu müddəanın və Razılaşdırılmış Bəyanatın ifadəsindən də göründüyü kimi, bu qayda, maddi obyektlər kimi satış yolu ilə dövriyyəyə buraxılmış əsərlərin qanuni yayılmış və sabit nüsxələrinə istinadı nəzərdə tutur. Hazırkı işin faktlarından da göründüyü kimi, ərizəçinin öz kitabını nəşr etdirib, yaymışkən və onun fiziki nüsxələri kitab bazarında mövcudkən, heç bir dəlil ərizəçinin kitabın çoxaldılmasına və rəqəmsal ortamda ictimaiyyətə çatdırılmasına icazə verdiyini göstərmir. Ali Məhkəmə, mübahisənin ərizəçinin kitabının qanuni nəşr edilmiş nüsxələrinin yayılması ilə bağlı yox, onun icazə olmadan yeni, rəqəmsal formada çoxaldılması və internetdə yayılması ilə bağlı olduğu halda, bu müddəanı nəyə görə hazırkı məhkəmə işinin şərtlərinə uyğun saydığını izah etməyib.
36. Yekun olaraq, Məhkəməyə görə, yerli məhkəmələr istinad etdikləri Müəllif Hüquqları haqqında Qanunun yuxarıda qeyd olunan müddəalarının mövcud durum üçün hüquqi əsas rolu oynaya biləcəyini ortaya qoyan əsaslar təqdim edə bilməyiblər (müqayisə edin: Andriy Rudenko Ukraynaya qarşı, № 35041/05, § 44, 21 dekabr 2010-cu il və Atima Limited Ukraynaya qarşı, № 56714/11, § 44, 20 may 2021-ci il). Bu səbəbdən, cavabdeh Dövlət 1 saylı Protokolun 1-ci maddəsi çərçivəsindəki əqli mülkiyyət hüququnu, xüsusilə, təsirli bərpa tədbirlər yolu ilə qorumağa yönəlik pozitiv öhdəliyini yerinə yetirə bilməyib.
37. Beləliklə, Məhkəmə, Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun baş verməsi qərarına gəlir.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN POZUNTUSU İDDİASI
38. Ərizəçi daxili məhkəmələrin onun işi üzrə çıxardığı qərarları əsaslandırmadığından şikayət edib.
39. Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən gəldiyi nəticələri (26-37-ci paraqrafa bax), işin faktlarını və tərəflərin təqdimatlarını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunan şikayətdə göstərilənlərin qəbuledilənliyi və mahiyyəti ilə bağlı ayrıca qərardad verməyə ehtiyac görmür (oxşar yanaşma üçün bax, AsDAC Moldova Respublikasına qarşı, № 47384/07, §§ 54-55, 8 dekabr 2020-ci il).
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
40. 41-ci maddədə qeyd edilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
41. Ərizəçi maddi ziyana görə ümumilikdə 78 286 avro (EUR), onun kitabının icazəsiz surətinin çıxarılması və yayılmasına görə 13 344 manat (iddianın təqdim edildiyi vaxt təxminən 6,630 avro), itirilmiş mənfəət və inflyasiya ilə bağlı əlavə üçün dəqiqləşdirilməmiş məbləğ tələb. O, kitabının Azərbaycanda 13 manata, xarici ölkələrdə isə 63 ABŞ dollarına satıldığını bildirib. Ərizəçi, sonuncu ilə bağlı bir internet saytından çap edilmiş məlumatı təqdim edib. O, həmçinin mənəvi ziyana görə 50.000 avro tələb edib.
42. Hökumət, (i) ərizəçinin kitabın yerli kitab mağazalarında qiymətini göstərən hər hansı sübut təqdim etmədiyini; (ii) internet mağazasından çap olunmuş materialda onun çap olunduğu tarixin göstərilmədiyini; (iii) ərizəçinin inflyasiya dərəcəsi ilə bağlı hər hansı indeks və ya hesablama təqdim etmədiyini; və (iv) pozuntunun aşkar edilməsinin mənəvi zərər üçün kifayət qədər kompensasiya təşkil etdiyini bildirib.
43. Məhkəmə ilk növbədə itirilmiş mənfəət və inflyasiya ilə bağlı tələb olunan məbləğlərin dəqiqləşdirilmədiyini və onlara dair heç bir təsdiqedici sənədin təqdim edilmədiyini qeyd edir. Buna görə də hesab edir ki, iddianın bu hissələri rədd edilməlidir. İddianın ərizəçinin kitabının icazəsiz surətinin çıxarılması və yayılmasına görə dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsinə gəlincə, ərizəçinin təqdim etdiyi məlumat və sənədlər iddia edilən zərərin dəqiq hesablanması üçün yetərli deyil. Buna baxmayaraq, Məhkəmə qəbul edir ki, ərizəçi, onun kitabının və onun onlayn çoxaldılıb icazəsiz yayılmasına görə zərər çəkmiş olmalıdır, bu da ədalətli kompensasiyaya haqq qazandırır (müqayisə edin, mutatis mutandis, Rəsul Cəfərov Azərbaycana qarşı, № 69981/14, § 193, 17 mart 2016-cı il). Eyni zamanda, Məhkəmə hesab edir ki, ərizəçi yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilməyəcək mənəvi ziyana da məruz qalıb. Məhkəmə ədalətli əsaslarla qərar çıxararaq, həm maddi, həm də mənəvi zərərə görə ərizəçiyə ümumilikdə 5000 avro məbləğində ədalətli əvəz təyin edir.
B. Xərc və məsrəflər
44. Ərizəçi həmçinin yerli məhkəmələr və Məhkəmə qarşısında təmsil olunmasına görə vəkillik xərclərinə görə 1000 AZN (təxminən 500 avro), poçt xərcləri üçün isə 41 avro tələb edib.
45. Hökumət, ərizəçinin öz iddialarını əsaslandırması üçün heç bir sübut təqdim edə bilmədihyini bildirib.
46. Məhkəmənin presedent hüququna görə, ərizəçi, xərc və məsrəflərin ödənilməsi hüququna yalnız həmin xərc və məsrəflərin faktiki və mütləq çəkildiyi hallarda və onların məbləğinin ağlabatan olmasını sübut etdiyi hallarda malik olur. Hazırkı işdə ərizəçi Məhkəməyə hər hansı müvafiq təsdiqedici sənədlər təqdim etməyib. Buna görə də onun bu başlıq altındakı iddialarını rədd edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, Konvemsiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi üzrə şikayət qəbulediləndir;
2. Qərar verir ki, Konvemsiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş verib;
3. Qərar verir ki, Konvensiyanın 6-cı maddəsinə əsaslanan şikayətin qəbuledilənliyi və mahiyyətini incələməyə ehtiyac yoxdur;
4. Qərar verir,
(a) Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində üzərinə tətbiq edilə biləcək hər hansı vergi məbləği də əlavə olunmaqla maddi və mənəvi ziyana görə ərizəçiyə 5000 (beş min) avro ödəməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli, buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçilərin ədalətli əvəz tələbinin qalan hissəsi rədd edilir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 1 sentyabr 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Victor Soloveytchik Síofra O’Leary
Katib Sədr