YENİ © tərcümə – aihmaz.org – yüklə_Bəybala Əbil Azərbaycana qarşı
BEŞİNCİ BÖLMƏ
BƏYBALA ƏBİL AZƏRBAYCANA QARŞI (№2)
(Ərizə № 8513/11)
QƏRAR
STRASBURQ
5 Dekabr 2019
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi ilə müəyyən olunan hallarda qəti xarakter daşıyacaq. Qərara redaktə məqsədilə dəyişikliklər edilə bilər.
Əbil Azərbaycana qarşı işində (№ 2)
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:
Angelika Nußberger, Sədr,
Cənab Gabriele Kucsko-Stadlmayer,
André Potocki,
Yonko Grozev,
Mārtiņš Mits,
Lәtif Hüseynov,
Lado Chanturia, hakimlər,
və Claudia Westerdiek, Bölmə katibi,
12 noyabr 2019-cu ildə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Bəybala Əlibaba oğlu Əbilin (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 8513/11) iş 5 yanvar 2019-cu ildə başlanıb.
2. Ərizəçini Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Cənab İ. Əliyev, Azərbaycan Hökumətini isə (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia edib ki, onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təmin olunan seçki hüququ pozulub.
4. 26 avqust 2014-cu il tarixində hökümətə şikayət barədə məlumat verilib. Hər iki tərəf ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı yazılı müşahidələrini məhkəməyə təqdim ediblər. Yazılı prosedura üçüncü tərəf kimi qoşulmasına sədr tərəfindən icazə verilmiş Beynəlxalq Hüquqşünaslar Komissiyasının da təqdimatı qəbul edilib (Konvensiyanın 36.2-ci və Məhkəmə Qaydaların 44.3-cü maddəsi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1952-ci ildə doğulub və Bakıda yaşayır.
6. Ərizəçi 7 noyabr 2010-cu ildə keçirilən parlament seçkilərində Xalq Cəbhəsi partiyası tərəfindən namizəd kimi irəli sürülmüşdür. Təxminən oktyabr ayının əvvəli ərizəçi 11 saylı Qaradağ seçki dairəsindən namizədliyinin qeydə alınması üçün Dairə Seçki Komissiyasına (“DSK”) müraciət edib və 5 oktyabr 2010-cu il tarixində onun namizədliyi DSK tərəfindən qeydə alınıb.
A. Qızıldaşda baş verən insident və hadisə ilə bağlı araşdırma
7. 4 Oktyabr 2010-cu ildə namizədliyinin qeydiyyata alınması gözlənilərkən üzərində ərizəçinin fotoları, tərcümeyi halı və seçki platforması olduğu iddia edilən mətn olan plakatlar Qaradağ rayon Qızıldaş qəsəbəsində müxtəlif binalarının divarlarından asılıb. Ərizəçinin bildirdiyinə görə plakatlar onun özü və ya seçki heyəti tərəfindən asılmayıb. 2010-cu il parlament seçkilərinin rəsmi təbliğat-təşviqat dövrünün başlama tarixi 15 oktyabra təyin edilib və Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən bu tarixdən əvvəl təbliğat-təşviqatla məqul olmaq qadağan edilib.
8. Ərizəçi tərəfindən təqdim edilən sənədlərə əsasən plakatlarda yanlış doğum tarixi, onun partiyada və icra orqanlarında tutduğu vəzifələr haqqında yanlış məlumatlar olub. Həmçinin ərizəçinin təmsil etdiyi siyasi partiyanın adı yanlış verilib. Plakatlarda çoxsaylı orfoqrafik səhvlərə də yol verilib.
9. Ərizəçi yuxarıda qeyd edilən plakatlar barədə 4 oktyabr səhər saat 8-də məlumat əldə edib. 8:30 da o, zəng edərək DSK sədrini plakatlar barədə məlumatlandırıb, hadisənin siyasi rəqibləri tərəfindən təşkil edildiyini və onun namizədliyinə qarşı təxribata cəhd olduğunu şifahi şəkildə bildirərək şikayət edib. Eyni gün ərizəçi sözü gedən seçki plakatlarının saxta olması və çoxsaylı yanlış informasiya daşıdığı haqda yazılı şikayəti DSK-na təqdim edib. Ərizəçi DSK-dan “təxribatı” dayandırmaq, və təqsirkarları tapıb məsuliyyətə cəlb etmək üçün ölçü götürülməsini tələb edib.
10. Eyni tarixdə oxşar şikayət ərizəçinin seçki nümayəndəsi tərəfindən polisə təqdim edilib, lakin bu, heç bir fayda verməyib.
11. Eyni gün Dairə Seçki Komissiyası Qızıldaş qəsəbəsində onun seçki platformasının qanunsuz yayılması haqqında “vətəndaş şikayətlərinin” daxil olduğu barədə ərizəçini məktub vasitəsilə məlumatlandırıb. Bununla əlaqədar olaraq ərizəçiyə DSK-nın 4 oktyabr 2010-cu il qərarı ilə təşviqat kampaniyasını seçki məcəlləsinin 75.2-ci maddəsinin tələblərini pozaraq erkən başladığına görə rəsmi xəbərdarlıq edilməsi barədə məlumat verilib. Ərizəçi qanunsuz təşviqatı dayandırmayacağı halda DSK tərəfindən onun namizədliyinin ləğv edilməsi məsələsinə baxılacağı bildirilib. Rəsmi xəbərdarlıq qərarı ərizəçinin iştirakı olmadan verilib. Nəhayət xəbərdarlığın nüsxəsi ərizəçiyə 13 oktyabr 2010-cu il tarixində göndərilib və 18 oktyabr 2010-cu il tarixində ünvana çatıb.
12. 5 oktyabr 2010 tarixində ərizəçi (deputatlığa) namizəd kimi rəsmi qeydiyyata alınıb (bax: yuxarıda 6-cı bənd).
13. 6 oktyabr 2010-cu il tarixində ərizəçi DSK-na daxil olan “vətəndaş şikayətləri”nin detalları, şikayətlərin araşdırılması prosesi və ərizəçinin və ya onun nümayəndəsinin həmin prosesdə iştirak etməyə dəvət edilməməsinin səbəbləri haqqında informasiya sorğusu göndərib. 13 oktyabr 2010-cu il tarixli (aşağıda sadalanan araşdırmaların əksəriyyəti bitdikdən sonra ) məktubla DSK ərizəçiyə cavab verərək 4 oktyabr 2010-cu il tarixdə adları qeyd edilən 4 Qızıldaş sakinindən şikayət daxil olduğunu, DSK tərəfindən bu şikayətlər əsasında Qızıldaşda yerləşən bir neçə Məntəqə Seçki Komissiyalarına (“MnSK”) onların doğruluğunu araşdırmaq tapşırığı verildiyini, DSK-da fəaliyyət göstərən ekspert qrupu şikayətləri araşdıraraq və MnSK-larının cavablarını təhlil edərək rəyini verdiyini və DSK-nın həmin rəy əsasında 4 oktyabr 2010-cu il tarixində yekun qərarını verdiyini bildirib.
14. 7 oktyabr 2010-cu il tarixində ərizəçi şəxsən DSK sədrinə yazaraq Qızıldaşda baş verənlərin onun namizədliyinə qarşı təxribat olduğunu bildirib və sədrdən baş verənlərin qarşısını almaq üçün ölçü götürməsini xahiş edib. Ərizəçi bu müraciətə cavab almayıb. 9 oktyabr 2010-cu il tarixində ərizəçi Mərkəzi Seçki Komissiyasının (“MSK”) sədrinə teleqram vasitəsilə oxşar məzmunlu müraciət edib. Bu müraciətə də cavab verilməyib.
15. Eyni zamanda 6 oktyabr 2010-cu il tarixində ərizəçi Mərkəzi Seçki Komissyasına DSK-nın 4 oktyabr 2010-cu il tarixli qərarı barədə şikayətlə müraciət edib. O bildirib ki, bu qərar barəsində məktub vasitəsilə, vaxtından gec məlumatlandırılıb və qərarın nüsxəsi ona təqdim edilməyib. Ərizəçi bildirib ki, sözü gedilən qərar onun tərəfindən edilən hər hansı yanlışı sübut edən etibarlı dəlilə əsaslanmır. Həmçinin qərar, seçki məcəlləsinin 40.2, 40.9 və 40.10 maddələrinin tələblərinə baxmayaraq, onun iştirakı olmadan verilib.
16. 11 oktyabr 2010-cu il tarixində MSK ekspert qrupu tərəfindən ərizəçinin şikayəti təmin edilməyib. Öz qərarında MSK qısaca şikayətin əsassız olduğunu, DSK-nın qərarının qanuni olduğunu və qərarı ləğv etmək üçün heç bir əsasın olmadığını qeyd edib. MSK-nın qərarı ilə yanaşı verilən MSK ekspert qrupunun rəyində bildirilir ki, ərizəçi MSK ekspert qrupu və MSK tərəfindən araşdırma prosesinə iştirak etmək üçün dəvət edilib lakin şikayətlə birlikdə təqdim edilən dəlillərdən başqa dəlil təqdim etməyib.
17. Ərizəçi bu qərardan Bakı Apellyasiya məhkəməsinə şikayət edərək seçki komissiyalarının qərarlarının yanlış və qeyri qanuni olduğunu, DSK-nın görüşündə onun iştirakını təmin edilmədiyini və hər iki komissiyanın ərizəçinin şikayətlərini adekvat şəkildə araşdırmadığını bildirib. Həmin şikayətlərdə ərizəçi plakatlarda olan çoxsaylı səhvlərin ona aid olmadığı, həmin plakatların yayılması ilə bağlı onun özünün komissiyaları dəfələrlə məlumatlandırdığı ancaq bununla bağlı komissiyaların heç bir tədbir görmədiyini bildirirdi.
18. 20 oktyabr 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi seçki komissiyalarının qərarlarının qanuni olduğuna və ərizəçinin plakatların onun tərəfindən yayılmadığına və ya onun namizədliyinə qarşı təxribat olmağına dair sübutlar təqdim edə bilmədiyini əsas gətirərək şikayəti rədd edib.
19. 1 noyabr 2010-cu il tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin əsaslandırmalarına istinad edərək ərizəçinin şikayətini təmin etməyib.
B. Ələtdə baş vermiş hadisə və araşdırma prosesi
20. 5 oktyabr 2010-cu il tarixində ərizəçi eyni seçki dairəsində yerləşən digər yaşayış məntəqəsi olan Ələtdə də eyni hadisənin baş verdiyini – müxtəlif binaların divarlarında onun saxta seçki plakatlarının asıldığını – bildirərək DSK-na başqa bir yazılı şikayət təqdim edib. 8 oktyabr 2010-cu il tarixində DSK onun şikayətini aldıqlarını, araşdırılması üçün yerli polis orqanlarına yönləndirdiklərini və lazımi tədbirlərin görüləcəyi cavabını verib.
21. 10 oktyabr 2010-cu il tarixində Ələt sakini K.M. DSK-na şikayət məktubu yazaraq, 9 oktyabr 2010-cu ildə kiminsə onun evinin divarında ərizəçinin seçki plakatını asdığını bildirib. O, məktubda həm də qeyd edib ki, hadisədən sonra küçədə insanlar plakatları görüb onların asılmağının qanuna zidd olduğunu bildiriblər. Sonda şikayətçi DSK-dan “bu qeyri qanuni asılmış plakatlarla əlaqəli qanuni ölçülərin götürülməsi”ni xahiş edib.
22. DSK rəsmiləri K.M. və başqa üç Ələt sakinini yuxarıdakı şikayətlə bağlı dindiriblər. Eyni gün, 10 oktyabr 2010-cu il tarixində sakinlərin hər biri yazılı ifadə veriblər.
23. K.M. qeyd edib ki, 9 oktyabr 2010-cu il tarixində başqa Ələt sakini J.A. onun evinə gələrək evinin divarlarlarında ərizəçinin plakatlarını asmaq üçün icazə istəyib və K.M. ona icazə verib.
24. Digər Ələt sakini İ.İ.-nin ifadəsi də K.M.-nin ifadəsi ilə mahiyyətcə eyni olub. O evinin divarlarından ərizəçinin plakatın asılmağına icazə verdiyini qeyd edib.
25. Başqa Ələt sakini, çay evi sahibi F.S.-nin yazılı ifadəsi K.M və İ.İ-nin ifadələri ilə mahiyyətcə eynilik təşkil edib və o J.A.-ya ona məxsus çay evinin divarlarından plakatların asılmağına icazə verdiyini qeyd edib.
26. K.M., İ.İ. və F.S.-nin ifadələrində qeyd edilən Ələt sakini J.A. Vahid adlı şəxsin ona yaxınlaşaraq özünü ərizəçinin yaxın qohumu və seçki nümayəndəsi kimi təqdim etdiyini bildirib. J.A. bildirib ki, Vahid qəsəbə ərazisində plakatların yapışdırılmasında kömək etməsi əvəzində ona 150 manat (AZN) verib və daha 300 manat (AZN) verəcəyinə söz verib. J.A. məbləği götürüb və plakatları K.M., İ.İ.-nin evləri və F.S.-nin çay evi də daxil olmaqla qəsəbədə müxtəlif binaların divarlarından asıb.
27. Eyni gün DSK Ələtdə yerləşən altı MnSK-larının sədrlərindən yuxarıda qeyd edilən iddiaların yoxlanılmasını tələb edib.
28. MnSK-larının dördünün sədrləri məntəqələrinin ərazisində ərizəçinin hər hansı təşviqat plakatlarını aşkar etmədiklərini bildirib.
29. 5 və 6 saylı MSK-larının sədrləri DSK-na onlara aid məntəqələrin ərazisində ərizəçinin təşviqat materiallarının yayılmasını aşkar etdikləri haqda məlumat veriblər.
30. 11 oktyabr 2010-cu il tarixində DSK-nın ekspert qrupu MnSK-larının hesabatlarını təhlil etdikdən sonra ərizəçinin seçki məcəlləsinin tələblərini ikinci dəfə pozduğunu müəyyən edib və DSK-nın ərizəçini inzibati xəta törətməsi səbəbilə cərimələnməsi üçün məhkəmə qərarı əldə etməsi barədə rəy verib.
31. 11 oktyabr 2010-cu il tarixində göndərilən məktubla DSK ərizəçidən eyni gün saat 15:00-da DSK-nın qarşısına gəlməsini və onun barəsində olan şikayətlərə izahat verməsini tələb edib. Məktub ərizəçiyə yalnız 13 oktyabr 2010-cu il tarixində çatıb və bu səbəblə ərizəçi bu tarixə qədər yuxarıda, 21-29-cu bəndlərdə təsvir edilən hadisələrin inkişafı barədə məlumatsız olub.
32. Ekspert qrupunun 11 oktyabr 2010-ci il tarixli rəyinə əsaslanaraq, 12 oktyabr 2010-cu il tarixində DSK rayon məhkəməsindən ərizəçinin Seçki məcəlləsinin 2.6.10, 75.2, 88.4.1 və 88.4.2 maddələrini pozduğu üçün inzibati cərimə edilməsini tələb edib. Məhkəmə qərarı Ələt sakinlərinin və MSK-ların ifadələrini ümumiləşdirərək (bax: yuxarıda 21-29 bəndlər) qeyd edib ki, bu ifadələr sübut edir ki, ərizəçinin seçki nümayəndəsi olan Vidadi adlı şəxs (sic-“Vahid” bax: yuxarıda 26-cı bənd) ərizəçinin seçki materiallarını rəsmi təşviqat müddətinin başlamasından əvvəl yaymağa başlayıb. Məhkəmə qərarı ərizəçinin məhkəmədə prosesində iştirakı olmadan verilib.
33. Yuxarıdakı qərar əsasında 12 oktyabr 2010-cu il tarixində DSK sədri ərizəçiyə qarşı İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 39.1-ci maddəsinə (Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması müddəti haqqında qaydaların pozulması) əsasən inzibati xəta haqqında protokol tərtib edib.
34. Ərizəçinin bildirdiyinə görə 12 oktyabr 2010-cu il tarixli inzibati xəta haqqında protokolun nüsxəsi ona ilk dəfə 12 oktyabr 2010-cu il tarixində Qaradağ Rayon Məhkəməsində dinləmələr zamanı göstərildiyi halda, MSK-nın 12 oktyabr 2010-cu il tarixli qərarının nüsxəsi 19 oktyabr 2010-cu il tarixində təqdim edilib.
35.15 oktyabr 2010-cu il tarixində Qaradağ Rayon Məhkəməsi DSK-nın şikayəti barədə qərar vermək üçün dinləmələr təşkil edib.
36. Ərizəçi görünür birbaşa dinləmələr zamanı və ya dinləmələrin təşkil olunduğu gün məhkəməyə iki yazılı vəsatət verib. Birinci vəsatətdə ərizəçi məhkəmədən həmçinin onun DSK-na və polisə 4 oktyabr 2010-cu il şikayətlərini, DSK-na 5 oktyabr 2010-cu il tarixli şikayətini, DSK-a verilmiş 6 oktyabr 2010-cu il tarixli sorğusunu, MSK-na 6 oktyabr 2010-cu il tarixli şikayətini və şikayətə daxil etdiyi, üzərində onun barəsində yanlış məlumatlar olan sözü gedən seçki plakatlarını nəzərə almağı tələb edib.
37. İkinci vəsatətində ərizəçi qeyd edib ki, Vahid adlı şəxsin onun seçki nümayəndəsi olması iddiasını o məhkəmə prosesi gedərkən əldə etdiyi sənədlərdən öyrənib. Ərizəçi Vahid adlı seçki nümayəndəsinin olmasını inkar edib və onun bütün seçki nümayəndələrinin məhkəmə zalında iştirak etdiyini bildirib. Ərizəçi məhkəməyə vəsatətində növbəti tələblərlə çıxış edib: (a) məhkəmə işinin materialları ilə tanış olmaq üçün ona vaxtın verilməsi: (b) Vahid adlı şəxsin müəyyənləşdirilməsi və onun məhkəmə zalında şəxsən dindirilməsi: və (c) Prokurorluq orqanlarına qanunsuz fəaliyyətinə görə pul aldığını qeyd etmiş J.A. adlı şəxsin əməlləri barəsində cinayət araşdırması aparılması üçün müraciət edilməsi. İşin materialları arasında məhkəmənin ərizəçinin yuxarıdakı vəsatətlərinə cavab verməsi haqqında heç bir sənəd yoxdur.
38. Şifahi dinləmələr zamanı ərizəçi və onun nümayəndələri iddia edib ki, 4 oktyabr 2010-cu il tarixindən sonra onun adından və ona qarşı edilən qanunsuz fəaliyyətlər barədə müxtəlif orqanlara etdiyi çoxsaylı şikayətlərə baxmayaraq, seçki orqanları səhvən onun seçki qanunlarını pozduğu nəticəsini çıxarıblar. Ərizəçi yenidən iddia edib ki, onun seçki kampaniyasına qarşı təxribat təşkil olunub.
39. Məhkəmə həmçinin DSK-nın sədri və iki üzvünün DSK-nın 12 oktyabr 2010-cu il tarixli rəyi üzərində qalan sübutlarını dinləyib.
40. Daha sonra Məhkəmə J.A., K.M., İ.İ., və F.S. -nin dəlillərini dinlədi. Onlar DSK-na verdiyi yazılı ifadələri təkrarlayıblar.
41. Yuxarıdakı təqdimatlara əsaslanaraq Qaradağ Rayon Məhkəməsi əldə olan dəlillərə əsasən ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsini pozduğunu və buna görə 25 AZN (həmən vaxt təxminən 23 avro (EUR) məbləğində inzibati cərimə olunması qərarını verib.
42. Ərizəçi Qaradağ Rayon Məhkəməsinin onun təqdim etdiyi sənədləri və dəlilləri araşdırmadığını və onun tələblərinə, vəsatətlərinə cavab verilmədiyini bildirərək apellyasiya şikayəti verib. O Apellyasiya Məhkəməsindən birinci instansiya məhkəməsinin qərarını ləğv etməsini tələb edib. Ərizəçi həmçinin Vahid adlı şəxsin müəyyənləşdirilməsi, məhkəmədə dindirilməsini və J.A.-nın qanunsuz fəaliyyəti ilə bağlı işin araşdırılması üçün prokurorluq orqanlarına yönləndirilməsini tələb edib.
43. 29 oktyabr 2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin iddialarına münasibət bildirməyib və əldə olan iş üzrə materiallara əsasən aşağı instansiya məhkəməsinin ərizəçinin müvafiq hüquq normalarını pozduğu qənaətinin doğru olduğunu bildirib və Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin qərarından başqa bir şikayət verilməyib.
C. Ərizəçinin namizədliyinin ləğv edilməsi
44. Qaradağ Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli qərarına və MSK eyni gün MSK Seçki Məcəlləsinin 113.2-ci maddəsinə istinad edərək, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Seçki Məcəlləsinin 75.2, 88.4.1, 88.4.2-ci maddələrini pozduğu üçün ərizəçinin namizədliyini ləğv etməsini tələb edib. Bu qərar ərizəçinin iştirakı olmadan qəbul edilib.
45. MSK-nın məhkəməyə müraciətinə cavab olaraq yazılı təqdimatında ərizəçi öz əvvəlki arqumentlərini təkrar edərək, iddia olunan qanunsuz kampaniyanın və davamındakı fəaliyyətlərin onun namizədliyinə qarşı səhnələşdirilmiş təxribat olduğunu bildirib.
46. 19 oktyabr 2010-cu il qərarı ilə Bakı Apellyasiya Məhkəməsi DSK-nın tələbini təmin edərək ərizəçinin namizədliyini ləğv edib. Qərarı verərkən məhkəmə, DSK-nın və ərizəçinin yazılı və şifahi ifadələrini alıb və iş üzrə materialları araşdırıb. Hər hansı şahid dindirilməyib.
47. Ərizəçinin 1 noyabr 2010-cu il tarixli müraciətindən sonra Ali Məhkəmə Apellyasiya Məhkəməsinin daxili qanunvericiliyə və prosedur tələblərinə uyğun qərar verdiyini və ərizəçinin müraciətini təşkil edən arqumentlərin əsassız olduğunu bildirərək, Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
D. Məhkəmə prosesi və ərizəçinin işi üzrə materiallarının ələ keçirilməsi
48. Bəhs edilən vaxtda ərizəçinin bu işdə vəkili olan Cənab İ. Əliyev eyni zamanda 2010-cu il parlament seçkiləri ilə əlaqəli iyirmi yeddi məhkəmə işi və başqa mövzularda işlərlə bağlı bir neçə başqa ərizəçini Məhkəmə qarşısında təmsil edirdi.
49. 8 avqust 2010-cu il tarixində, Cənab İ. Əliyevə qarşı onun özü tərəfindən AİHM-nə çıxarılan ayrıca cinayət işi açıldı (bax: Əliyev Azərbaycana qarşı, № 68762/14 və 71200/14, 20 sentyabr 2018). 8-9 avqust 2014-cü il tarixlərində istintaq orqanları Cənab Əliyevin ofisindən onun Məhkəmədə vəkil kimi iştirakçısı olduğu proseslərin sənədləri də daxil olmaqla çoxsaylı sənədləri müsadirə etdilər. Onlar ümumilikdə 100-dən artıq işlə bağlı idi. Hal hazırki işin bütün sənədləri müsadirə olunan sənədlərin içində olub. Müsadirə və müvafiq proseslə əlaqəli faktlar daha detallı şəkildə Ənnağı Hacıbəyli Azərbaycana qarşı (№ 2204/11, 21-28-ci bəndlər, 22 oktyabr 2015) işində təsvir edilib
50. 25 oktyabr 2014-cü il tarixində istintaq orqanları müsadirə olunmuş, AİHM-nə müraciətlə bağlı sənədlərin bir hissəsini, həmçinin hal hazırkı işlə bağlı sənədləri Cənab Əliyevin vəkilinə qaytarıb.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK
51. Hadisənin baş verdiyi zaman qanuni qüvvədə olan Seçki Məcəlləsinin müvafiq müddəaları aşağıdakıları ehtiva edir.
Maddə 2.Seçkilərdə və referendumda iştirakın prinsipləri
“2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:
2.6.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;”
Maddə 40. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq
“40.2 … müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri… seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını… müşahidə etmək və onlarla tanış olmaq,.. dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin surətlərini almaq,… seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
40.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın iclaslarının vaxtı haqqında bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan qaydada məlumatlandırır.
40.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.”
Maddə 75. Seçkiqabağı təşviqatın aparılması müddəti
”75.1. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
75.2. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.”
Maddə 87. Çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri
”87.3. Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.
87.4. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.
87.5. Seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır.”
Maddə 88. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi
“88.4. Seçkiqabağı təşviqatda bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;”
Maddə 113. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi
“113.2. Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur;
113.2.2. namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
113.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;”
52. Hadisə baş verən zaman qanuni qüvvədə olan 2000-ci il İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəası aşağıdakını ehtiva edir.
Maddə 39. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulması
“39.1. Seçkiqabağı və ya referendum ilə bağlı təşviqatın aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə iyirmi beş manatdan əlli manatadək miqdarda cərimə edilir.”
QANUN
I. HÖKUMƏTİN ŞİKAYƏTİ KONVENSİYANIN 37-Cİ MADDƏSİNƏ ƏSASLANARAQ LƏĞV ETMƏK TƏLƏBİ
53. Hökümət Məhkəməyə ərizədə sözü gedən məsələnin həll edilməsi niyyətini ifadə edən təktərəfli bəyənnamə təqdim edib. Ardınca Konvensiyanın 37-ci maddəsini əsas götürərək ərizənin məhkəmə işlərinin siyahısından çıxarılmasını tələb edib.
54. Ərizəçi təktərəfli bəyənnamənin şərtlərini şərh etməyib.
55. Hakimiyyətin təktərəfli bəyənnaməsini nəzərdən keçirən Məhkəmə hesab edib ki, – hal hazırkı işə də tətbiq edilən və onlardan yayınmağa heç bir səbəb olmayan Tahirov Azərbaycana qarşı (№ 31953/11, 34-42-ci maddələr, 11 iyun 2015) və Ənnağı Hacıbəyli Azərbaycana qarşı (№ 2204/11, 33-40-cı maddələr, 22 oktyabr 2015) işlərində qeyd edilən səbəblərə görə – irəli sürülən bəyənnamə, Konvensiya və onun Protokollarında əks olunan insan haqlarına hörmət edilməsi prinsipi, sözü gedən şikayətin araşdırılmasına ehtiyacın olmamasına kifayət qədər əsas göstərmir.
56. Məhkəmə buna görə Hökumətin bu işi Konvensiyanın 37-ci maddəsinə əsaslanaraq digər işlərin siyahısından çıxarılması tələbini rədd edib və işin qəbuledilənliyi və mahiyyəti üzrə araşdırılmasını davam edəcəyini bildirib.
II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
57. Ərizəçi Konvensiyanın 1 saylı Protokolun 3-cü maddəsinin və Konvensiyanın 13-cü maddəsinin pozulduğunu, parlament seçkilərinə namizədliyinin qanunsuz ləğv edildiyini iddia edib. Məhkəmə onun şikayətinin yalnız Konvensiyanın 1 saylı Protokolunun 3-cü bəndinin təsirinə düşdüyünü hesab edib. (bax: Əbil Azərbaycana qarşı № 16511/06, 23-cü bənd, 21 fevral 2012) Bu maddəyə əsasən.
“Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
A. Qəbuledilənlik
58. Məhkəmə qeyd edir ki, ərizə konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinin nəzərdə tutduğu mənada açıq-aydın əsassız deyil və hər hansı başqa əsaslarla da qəbuledilməyən sayıla bilməz. Buna görə də şikayət qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
59. Ərizəçi qeyd edib ki, onun adından icazəsiz təşviqat materiallarının yayılmasını ilk olaraq onun özü DSK iddia olunan qanunsuz təşviqat işini araşdırmağa başlamazdan öncə səlahiyyətli orqanlara xəbər verib. O hadisəni səlahiyyətli orqanların diqqətinə çatdıraraq, bunun onun namizədliyini pozmaq cəhdi olduğu barədə dəfələrlə şikayət edib. Buna baxmayaraq, bu şikayətlər işin DSK tərəfindən araşdırılması zamanı nəzərə alınmayıb.
60. Sözü gedən təşviqat materiallarında namizədin doğum tarixi, üzvü olduğu siyasi partiyanın tam adı və namizədin professional karyerası barədə yanlış faktual məlumatlar yer alıb. Namizəd və komandası tərəfindən hazırlanan qanuni plakatlarda bu yanlışlıqların olması inandırıcı deyil. Bundan əlavə, təşviqat plakatlarında yer alan namizədin fotosu onun DSK-na və Polis şöbəsinə müvəqqəti namizədlik vəsiqəsi almaq üçün təqdim etdiyi foto olub. Həmən foto buna qədər başqa heç bir yerdə istifadə edilməyib.
61. Ardınca ərizəçi onun haqqında DSK-na şikayət verən yerli sakinlərin heç birini sorğu-sual etmək imkanı verilmədiyini bildirib. Ölkədaxili araşdırmalarda ərizəçi ilə iddia olunan Vahid adlı şəxs arasında hər hansı əlaqənin olmasının müəyyənləşdirmək üçün heç bir cəhd edilməyib. Ərizəçi qeyd edib ki, onun namizədlik kampaniyasını aparmaq üçün səlahiyyət verdiyi heyətin içində Vahid adlı şəxs yoxdur. Nə də o, Vahid adlı şəxs barəsində ifadə verən J.A. adlı şahidi tanımayıb. Ərizəçinin çoxsaylı ərizə və şikayətlərində qeyd etdiyi bu məsələləri nə seçki orqanları, nə də məhkəmə onları nəzərə almayıb.
62. Nəhayət ərizəçi qeyd edib ki, DSK-nın işlə əlaqəli görüşlərində nə onun, nə də onun nümayəndəsinin iştirakı təmin edilmiyib. Nəticə olaraq, ərizəçi ona qarşı verilən qanunsuz qararlara qarşı özünü müdafiə etmək imkanından məhrum edilib.
63. Hökumət bildirib ki, Seçki Məcəlləsinin 75.2-ci maddəsi seçki təşviqatının başlanğıcı üçün dəqiq tarix müəyyən edib və son instansiya məhkəməsi Seçki Məcəlləsinin 113.2-ci maddəsində qeyd edilən inzibati xətaya əsaslanaraq, təşviqat kampaniyasını 75.2-ci maddədə göstərilən tarixdən tez başladığı üçün ərizəçinin namizədliyini ləğv edib. Sözü gedən müddəalar seçkilərin azad və ədalətli hesab edilməsi üçün başlıca ilkin şərtlərdir və namizədlərin onların seçki kampaniyası zamanı bərabər şəraitlə təmin edilməsi üçündür. Müvafiq olaraq ərizəçiyə qarşı götürülmüş ölçülər qanuni məqsəd daşıyıb.
64. Ardınca hökümət bildirib ki, ərizəçinin seçki kampaniyasının qaydalarını pozmasını aşkar edən daxili qərarlar yerli sakinlərin təkrar-təkrar edilən şikayətlərinə və şahid ifadələrinə əsaslanır. Seçki orqanlarının və məhkəmələrin qərarları faktlara əsaslanır, həmçinin ərizəçinin bu qərarlara qarşı verilmiş şikayətləri və ərizələri doğru olaraq əsassız hesab edildikləri üçün rədd edilib.
65. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təmin edilən seçkilərdə namizəd qismində iştirak hüququna dair presedent hüququ bir sıra digər məhkəmə qərarları ilə yanaşı Davydov və başqaları Rusiyaya qarşı (№ 75947/11, 271-77-ci bəndlər, 30 may 2017 ), Paksas Litvaya qarşı ( (GC) № 34932/04, 96-cı bənd, AİHM 2011 (əlavələr)), Tănase Moldovaya qarşı ((GC), № 7/08, 154-61-ci bəndlər, AİHM 2010), Tahirov Azərbaycana qarşı (yuxarıda istinad edilmiş ,53-57-ci bəndlər ) və Orucov Azərbaycana qarşı (№ 4508/06, 40-42-ci bəndlər, 26 iyul 2011) məhkəmə qərarlarında əks olunub. Məhkəmə təkrarən xüsusilə qeyd edir ki, razılığa gələn Dövlətlərin səsvermə hüququ və seçkilərdə namizəd qismində iştirak hüququ sahəsində geniş qiymətləndirmə sərbəstliyinə malik olmasına baxmayaraq, 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilib edilmədiyi barədə son instansiya qismində qərar vermək Məhkəmənin səlahiyyətindədir. Məhkəmə əmin olmalıdır ki, dövlətin qoyduğu şərtlər sözü gedən hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmır və səmərəlilikdən məhrum etmir; onlar legitim məqsədin izlənməsi üçün zəruridir və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz deyil (bax: Davydov və başqaları Rusiyaya qarşı, yuxarıda istinad edilmiş, 272-ci bənd; həmçinin bax: Paksas, yuxarıda istinad edilmiş 96-97-ci bəndlər; Tănase, yuxarıda istinad edilmiş, 161-62-ci bəndlər və Dicle və Sadak Türkiyəyə qarşı № 48621/07, 83-cü bənd, 16 iyun 2015).
66. Konvensiyanın 5-ci maddəsindən, 8-11-ci maddələrindən və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindən fərqli olaraq 1 saylı Protokolun 3-cu maddəsində dövlət tərəfindən atılan addımların “qanuniliyinə” heç bir açıq istinad yoxdur. Buna baxmayaraq, qanunun aliliyi demokratik cəmiyyətin əsas prinsiplərindən biri kimi Konvensiyanın və onun Protokollarının bütün maddələrinə aid edilir (bax: başqa bir çox səlahiyyətlilər arasında, Amuur Fransaya qarşı, 25 iyun 1996, 50-ci bənd, Qərarlarların hesabatı 1996-III). Bu prinsip, ümumilikdə, Konvensiyanın və xüsusi olaraq 1 saylı Protokolun 3-cü maddəsinin öhdəliklərini təmin etmək üçün dövlətin üzərinə qanunvericilik bazası yaratmaq vəzifəsi qoyur (bax: Kərimov Azərbaycana qarşı, № 12535/06, 42-ci bənd, 25 sentyabr 2014, Paunović and Milivojević Serbiyaya qarşı, № 41683/06, 61-ci bənd, 24 may 2016 və Yabloko Birləşmiş Demokratik Partiyası və başqaları Rusiyaya qarşı, №18860/07, 75-ci bənd, 8 noyabr 2016).
67. Sözü gedən işə qanuni əsaslarla müdaxiləyə gəldikdə, Məhkəmə qeyd edir ki, hazırki məhkəmə işində ərizəçi iki səbəblə seçki prosesindən uzaqlaşdırılıb. Bunlar ərizəçinin Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinin əksinə olaraq təşviqat kampaniyasını vaxtından əvvəl başlaması, və səslərin alınması, başqa sözlə, ərizəçinin Seçki Məcəlləsinin 88.4.1 və 88.4.2-ci maddələrinin tələblərinin əksinə olaraq, seçici dəstəyini onlara pul ödəməklə qazanmasıdır. Seçkidə iştirakdan uzaqlaşdırılma prosesi Seçki Məcəlləsinin 113.2-ci maddəsi ilə birlikdə İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsi ilə tənzimlənib.
68. 1 saylı Protokolun 3-cü maddəsinin verdiyi hüquqların məhdudlaşdırılması zamanı “legitim məqsədlərin” nədən ibarət olduğu sadalanmır və Konvensiyanın 8-11-ci maddələrində nəzərdə tutulan məqsədlərə də istinad edilmir. Bu səbəbdən də üzv Dövlətlər bu məsələdə Konvensiyanın maddələrində nəzərdə tutulmamış məqsədlərə əsaslanmaqda sərbəstdirlər, lakin bu zaman bu məqsədlərin hüququn aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğun olduğuna təminat verməlidirlər (bax: məsələn, Ždanoka Latviyaya qarşı, [GC], № 58278/00, 115-ci bənd, AİHM 2006-IV). Məhkəmə, hökümətin Seçki Məcəlləsinin 75.2 və 113.2-ci maddələrinin seçki kampaniyası dövründə namizədləri bərabər şərtlərlə təmin etmək kimi qanuni məqsəd izləməsi arqumentini qəbul edir. Hökümət Seçki Məcəlləsinin 88.4.1 və 88.4.2-ci maddələrini açıq şəkildə şərh etməsə də, Məhkəmə hesab edir ki, bu müddəalar da seçkidə iştirak edən bütün namizədlər üçün bərabər və ədalətli şəraitin təmin edilməsi məqsədini izləyir (bax:Atakişi Azərbaycana qarşı, № 18469/06, 38-ci bənd, 28 fevral 2012).
69. Bu zaman hökumətin qərarının qanunsuz yoxsa qeyri-mütənasib olmasını müəyyən etmək qalır.
70. Məhkəmə bir daha vurğulayır ki, onun daxili qanunvericiliyin düzgün tətbiqini yoxlamaq səlahiyyəti məhduddur və bu məsələlərdə yerli məhkəmələrin rolunda çıxış edərək sübutları yoxlamaq və ya yerli qanunvericiliyi şərh etmək onun vəzifəsi deyil. Lakin buna baxmayaraq, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinə uyğun olub olmadığını müəyyənləşdirmək məqsədilə, Məhkəmə ərizəçiyə qarşı çıxarılmış qərarların kifayət qədər əsaslandırılmış olub olmadığını müəyyənləşdirmək və ona qarşı qanun pozuntusu varsa bu pozuntunun qarşısını almaq üçün müvafiq daxili prosedurları və qərarları detallı şəkildə araşdırmalıdır (bax: Atakişi, yuxarıda istinad edilib, 40-cı bənd) Namizədin ədalətsiz və qanunsuz təbliğat metodlarından istifadə etməsi halları namizəd üçün ciddi nəticələrə səbəb ola bilər: o, seçkilərdə iştirak etmək hüququndan məhrum edilə bilər. Konvensiya səmərəli fərdi seçki hüquqlarından istifadəyə təminat verdiyinə görə, Məhkəmə hesab edir ki, namizədin qeydiyyatının qanunsuz ləğvinin qarşısını almaq üçün müvafiq daxili prosedurlar, namizədləri yanlış seçkiqabağı təbliğat hərəkətlərində təqsirləndirən, qanunsuz və əsassız ittihamlardan müdafiə etmək üçün kifayət qədər vasitələrə sahib olmalı və namizədliyin ləğvi haqqında qərarlar ağlabatan, mötəbər və əsaslı sübutlara söykənməlidir (bax: Orucov, yuxarıda istinad olunmuş, 46-cı bənd)
71. Məhkəmə qeyd edir ki, ərizəçi DKS-nın tələbi ilə Bakı Apellyasiya məhkəməsinin 19 oktyabr 2010-cu il tarixində çıxardığı və Ali Məhkəmənin 1 noyabr 2010-cu il tarixində qüvvədə saxladığı qərarla seçki prosesindən uzaqlaşdırılıb. Bu seçkidən uzaqlaşdırma prosedurları DSK səviyyəsində başladılmış əvvəlki iki məhkəmə araşdırmasının nəticəsidir və onlara əsaslanır. Birinci araşdırma təşviqat kampaniyasını erkən başladığı üçün ərizəçiyə edilən rəsmi xəbərdarlıqla nəticələnən Qışıldaşdakı hadisə ilə bağlıdır. İkinci araşdırma Ələtdə baş verən və inzibati cərimə ilə nəticələnən təşviqatın vaxtından əvvəl aparılmasının “təkrarlanması” və seçici səslərinin alınması ilə bağlıdır. Məhkəmə hesab edir ki, işin halları və verilmiş şikayət seçkidən uzaqlaşdırma icraatı daxil olmaqla və ona qədər baş tutmuş bütün icraatları yenidən baxılmasını tələb edir.
72. Qızıldaşda baş vermiş hadisə ilə əlaqədar olan birinci araşdırmaya gəlincə Məhkəmə qeyd edir ki, ərizəçi 2010-cu il 4 oktyabr səhəri, ilk olaraq özü iddia olunan saxta plakatların asılması barədə DSK-nı məlumatlandırıb və təşviqat materiallarının yayılmasına məsuliyyət daşımadığını və hadisənin tanımadığı şəxs tərəfindən səhnələşdirildiyini bildirib. (bax: yuxarıda 9-cu bənd)
73. Cavab olaraq 4 oktyabr 2010-cu il tarixində DSK ərizəçinin iştirakı olmadan və onu əvvəlcədən dinləmədən vaxtından əvvəl təşviqat kampaniyası apardığı üçün ərizəçiyə rəsmi xəbərdarlıq etmək qərarı verib. Ərizəçi DSK-nın görüşü barədə əvvəlcədən xəbərdar edilməyib və qərarın əsaslandığı dəlil haqqında məlumatı olmayıb. Ərizəçi qərarın nüsxəsi ilə qərar verilən tarixdən bir neçə gün keçdikdən sonra təmin edilib (bax: yuxarıda 11-ci bənd). Qərarın nüsxəsi ərizəçiyə yalnız 13 oktyabr 2010-cu il tarixində, onun qərara qarşı MSK-na verdiyi şikayət araşdırıldıqdan sonra təqdim edilib və DKS tərəfindən ona qərarın bir neçə Qızıldaş sakini tərəfindən verilmiş şikayətlərə əsaslandığı bildirilib. Verilmiş şikayətlərin nüsxələri ərizəçi verilmiyib. Mərkəzi Seçki Komissiyası, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də daxil olmaqla araşdırmanın heç bir mərhələsində ərizəçiyə şikayətçiləri sorğu sual etmək imkanı verilməyib (bax: yuxarıda 15-19-cu bəndlər).
74. İkinci araşdırmaya gəlincə, Məhkəmə qeyd edir ki, yenə də Ələtdə baş vermiş hadisəni 5 oktyabr 2010-cu il tarixində DSK-na ilk olaraq ərizəçi xəbər verib. DSK şikayəti ərizəçini sorğu-sual etmədən polis orqanlarına yönləndirib və aydın olur ki, bundan sonra da şikayətə fikir verməyib. Sonradan DSK-nın bildirdiyinə görə, 10 oktyabr 2010-cu il tarixində DSK-ya Ələt sakinlərindən ərizəçinin iddia olunan qanunsuz təşviqat kampaniyası barədə şikayətlər daxil olub. DSK bu şikayətlərə həmən gün reaksiya verib, şikayətçiləri və müxtəlif MnSK sədrlərini dindirib. DSK-nın 12 oktyabr 2010-cu il tarixli inzibati xəta haqqında məhkəmə orderi əldə etmək qərarı ərizəçinin iştirakı və xəbəri olmadan verilib, çünki o görüş haqqında vaxtından gec məlumatlandırılıb (bax: yuxarıda 31-ci bənd). 12 oktyabr 2010-cu il tarixli qərarın nüsxəsi ərizəçiyə 19 oktyabr 2010-cu il tarixdində, Qaradağ Rayon Məhkəməsi ərizəçi barəsində inzibati cərimə qərarı çıxardıqdan sonra verilib (bax: yiuxarıda maddə 34). Bundan əlavə, ərizəçi özü haqqında K.M., İ.İ., F.S. və J.A. tərəfindən verilmiş şikayətlərin olması və onların məzmunu haqqında məhkəmə dinləmələri zamanı xəbər tutub.
75. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə yenidən bildirir ki, seçki prosesində təxirə salmalardan yayınmaq üçün tətbiq olunan sıx vaxt məhdudiyyətləri – onların vacibliyi və məqsədəuyğunluğu mülahizələri adətən əsaslı olmalarına baxmayaraq – seçki proseduralarının səmərəliliyinin azaldılmasına və bu proseduralarla məşqul olan şəxsləri onlara qarşı yönəlmiş hər hansı seçki pozuntusu ittihamlarına cavab vermək imkanlarından məhrum etmək üçün bəhanə kimi istifadə edilə bilməz (bax: Orucov, yuxarıda istinad olunmuş, 56-ci bənd, Xanhüseyn Əliyev Azərbaycana qarşı, № 19554/06, 40-cı bənd, 21 fevral 2012 ). Hal hazırkı işdə Məhkəmə hesab edir ki, DSK-da baş tutan araşdırmada ərizəçiyə yetərli prosesual təminat verilməyib. O sözü gedən DSK görüşü haqqında öncədən məlumatlandırılmayıb və ərizəçiyə ona qarşı istifadə edilən dəlilləri mübahisələndirmək imkanı verilməyib. Bunlar ərizəçini MSK qarşısında mövqeyini layiqincə müdafiə etmək imkanından məhrum edib. Bundan əlavə DSK qərarlarının və digər müvafiq sənədlərin nüsxələri ərizəçiyə bir neçə günlük əhəmiyyətli gecikmə ilə verilib. Bu, ərizəçini şikayətlərini DSK qərarlarından şikayət vermək üçün nəzərdə tutulan maksimum 3 günlük müddətdə lazimi qaydada hazırlama imkanından məhrum edib.
76. DSK-nın 10 oktyabr 2010-cu il tarixli qərarından şikayətini araşdırarkən, habelə inzibati xəta ilə bağlı məhkəmə araşdırması zamanı daxili məhkəmələr ərizəçinin yuxarıda qeyd edilən, DSK araşdırmasında prosesual çatışmazlıqlar barədə dəfələrlə təkrarlanan arqumentlərini nəzərə almayıb. Həmçinin, sözü gedən arqumentlər ərizəçi tərəfindən Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə ərizəçinin namizədliyinin ləğvi ilə bağlı proseslərdə səsləndirilsə də, nəzərə alınmamışdır.
77. Bundan başqa yuxarıda sadalanan prosesual çatışmazlıqlara əlavə olaraq Məhkəmə hesab edir ki, bütün məhkəmə prosesləri boyu nə seçki komissiyaları, nə də daxili məhkəmə instansiyaları həm ərizəçinin namizədliyinin ləğvi üçün əsas olan, həm də onun özünü müdafiəsi üçün istifadə etdiyi arqumentləri lazımi şəkildə qiymətləndirməyib.
78. Mövcud sübutlar sözü gedən seçki plakatlarından, yerli sakinlərin və iki MnSK sədrinin ifadələrindən ibarət olub.
79. Seçki plakatlarına gəldikdə, ərizəçi həm ilk həm də növbəti araşdırma proseslərində dəfələrlə plakatların saxta olduğunu və onun şəxsi məlumatları və karyerası haqda çoxsaylı yanlış məlumatlar daşıdığını, bunun özü-özlüyündə saxta təşviqat materiallarının ərizəçi tərəfindən hazırlanmadığının, onun seçki kampaniyası heyətində olmayan başqa biri tərəfindən hazırlandığının sübutu olduğunu qeyd edib. Məhkəmə hesab edir ki, bu seçki orqanları və yerli məhkəmələr tərəfindən araşdırılmasına və ərizəçini vaxtından əvvəl seçki təşviqatı aparmaqda təqsirli hesab etməzdən əvvəl saxta seçki plakatlarının mənbəyinin təyin edilməsinə ehtiyac yaradan tutarlı arqumentdir. Lakin bu arqumentlərə seçki və daxili məhkəmə orqanları tərəfindən münasibət bildirilməyib, onlara diqqət yetirilməyib.
80. Şahidlərin və MnSK-nın sədrlərinin ifadələrində onların əksəriyyəti sadəcə qeyd ediblər ki, onlar Qızıldaşda yaxud Ələtdə (bax: yuxarıda 13 və 29-cu bəndlər) ərizəçinin seçki plakatları sadəcə görüblər və yaxud J.A..-ya plakatları sahibi olduğu tikililərin divarlarından asmağa icazə veriblər (bax: yuxarıda 21-25-ci bəndlər). Yalnız ələt sakini J.A. öz şahid ifadəsində iddia olunan plakatların yayılmasının arxasında kimin olduğu barədə bəzi təfsilatları qeyd edib (bax: yuxarıda 26-cı bənd). J.A. bildirib ki, özünü yalnız adı ilə (Vahid) təqdim edən və ərizəçinin seçki təmsilçisi olduğunu bildirən bir nəfər plakatların yayılmasında kömək etməsi üçün J.A.-dan xahiş edib və köməyinin əvəzinə ona pul verib və gələcəkdə daha çox pul verəcəyinə söz verib. Lakin Məhkəmə hesab edir ki, bu şahid ifadəsi təklikdə Vahid adlı şəxsin ərizəçinin təlimatı ilə hərəkət etdiyini və ya onun adından hərəkət etmək səlahiyyətinə malik olduğunu sübut edə bilməz. Onun, guya ki, ərizəçinin təmsilçisi olmasını iddia etəməsi faktı, əslində ərizəçinin təlimatı ilə hərəkət etməsi demək deyil (müqayisə edin Abil, yuxarıda istinad edilmiş, 36-cı bənd )
81. Ərizəçinin onun seçki kampaniyası heyətində Vahid adlı şəxsin olmaması barəsində dəfələrlə səsləndirilmiş israrlı arqumentlərinə baxmayaraq, ölkədaxili məhkəmələr heç vaxt bu halı araşdırmağa cəhd etməyiblər və yaxud ərizəçinin arqumentinə cavab olaraq hər hansı əsas gətirməyiblər. Nəzərə alsaq ki, seçkilərdə namizədliyin ləğvi haqqında qərarlar ağlabatan, mötəbər və əsaslı sübutlara söykənməlidir (bax: yuxarıda 70-ci bənd), Məhkəmə hesab edir ki, J.A.-nın ifadəsi özü özlüyündə və xüsusilə qeyd edilən seçki plakatlarının araşdırılmamış şübhəli məzmunu və ərizəçinin J.A. ilə əlaqəsinin olmasına dəfələrlə etirazı ona aid edilən qanun pozuntularını əsaslandırmağa kifayət etmir. Bu DSK və daxili məhkəmələrin J.A.-nın ifadəsində təqdim edilən məlumatları təstiqləyən və ya təqzib edən əlavə dəlillərin əldə edilməsinə və araşdırmanın aparılmasına ehtiyac yaradır.
82. Yuxarıdakı hallar əsas verir ki, Məhkəmə ərizəçinin seçki hüquqlarına edilən müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin təsiri altına düşməsi qərarına gəlsin. Ərizəçinin namizədliyinin ləğvi ilə nəticələnən daxili proseslər ərizəçiyə özünü ona qarşı olan qanunsuzluqdan müdafiə edə bilmək imkanı verməyib; yerli məhkəmələrin qərarları yetərli əsaslara söykənməyib və təqdim olunan dəlillər lazımi səviyyədə qiymətləndirilməyib.
83. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulub.
III. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
84. Yuxarıdakı şikayətlə birlikdə ərizəçi namizədliyinin ləğv edilməsi qərarının onun siyasi müxalifətə mənsubiyyətinə əsaslanaraq verildiyi üçün ayrıseçkilik olması barədə şikayət edib. O Konvensiyanın 14-cü maddəsinə əsaslanıb:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır”
85. Məhkəmə qeyd edib ki, bu şikayət yuxarıda sözü gedən şikayətlə əlaqəlidir və bu səbəbdən qəbuledilən hesab olunmalıdır.
86. Lakin 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqəli gəlinən nəticəni nəzərə alaraq, Məhkəmə 14-cü maddənin pozuntusunun olub olmamasını araşdırmağa ehtiyacın olmadığı qənaətinə gəlib.
IV. KONVENSİYANIN 34-CÜ MADDƏSİNİN TƏLƏB ETDİYİ ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏMƏSİ İDDİASI
87. Ərizəçinin hal hazırki məhkəmə işində nümayəndəsi Cənab İ. Əliyev 9 sentyabr 2014-cü il tarixli faksla ərizəçinin adından yeni şikayət verib. Cənab Əliyev iddia edib ki, onun ofisindən ərizəçinin məhkəmə işinə aid bütün sənədlərin müsadirə olunması ərizəçinin Konvensiyanın 34-cü maddəsi ilə təminat verilən fərdi şikayət vermək hüququna maneə yaradılmasıdır. Müvafiq maddəyə əsasən:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.”
88. Ərizəçi, Hökümət və üçüncü tərəf, Beynəlxalq Hüquqşünaslar Komissiyası tərəfindən verilən təqdimatlar Ənnağı Hacıbəyli (yuxarıda istinad edilmiş, 57-63-cü bəndlər) məhkəmə işindəki müvafiq tərəflərin verdiyi təqdimatlarla eynilik təşkil edir.
89. Ənnağı Hacıbəyli işində oxşar faktlara əsaslanan şikayətləri araşdıran Məhkəmə hesab edib ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsinin onun üzərinə qoyduğu öhtəlikləri yerinə yetirə bilməyib (İbid., 64 79-cü bəndlər). Məhkəmə hesab edib ki, Ənnağı Hacıbəyli işində çıxardığı qərar hal hazırki işə də aid edilə bilər və bu qərardan yayınmağa hər hansı səbəb görmür.
90. Müvafiq olaraq, Məhkəmə cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsinin onun üzərinə qoyduğu öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlib.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
91.Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
92. Ərizəçi mənəvi ziyana görə 20.000 avro (EUR) tələb etdi.
93. Hökumət bu məbləğin şişirdilmiş olduğunu bildirdi.
94. Məhkəmə ədalət prinsipi əsasında, mənəvi ziyana görə ərizəçiyə 4500 avro (EUR) təyin edir; bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
95. Ərizəçi, həmçinin yerli məhkəmələrə və Avropa İnsan Haqları Məhkəməsinə çəkilən xərclərə görə 2,859 avro (EUR) tələb edib. Kankret olaraq, O, 2000 avro (EUR) Cənab İntiqam Əliyevin ölkədaxili məhkəmə proseslərində və Məhkəmədə göstərdiyi hüquqi xidmətlərə, ardınca 500 avro (EUR) ərizəçinin bildirdiyinə görə Cənab İ.Əliyev həbsdə olduğu müddətdə hal hazırki prosesdə onu əvəz etmiş digər vəkil Cənab K. Bağırovun göstərdiyi hüquqi xidmətlərə və 359 avro (EUR) tərcümə xərclərinə görə tələb edib.
96. Hökümət tərəfi qeyd edib ki, Cənab İ.Əliyev ərizəçini yerli məhkəmələrdə təmsil etməyib, bundan əlavə Məhkəmə qarşısındaki təmsilçiliyə görə tələb olunan məbləğ həddindən artıqdır. Cənab K. Bağırovun xidmətlərinin əvəzinə iddia edilən qanuni haqqa gəldikdə isə qeyd edilib ki, Cənab İ.Əliyevin xidmətləri üçün artıq ikiqat ödəmə edilib və buna görə digər vəkillərə xərclər çəkilməmiş sayılmamalıdır.
97. Məhkəmənin president hüququna uyğun olaraq, ərizəçiyə çəkdiyi məhkəmə xərcləri və digər məsrəflər o zaman geri ödənilə bilir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun.
98. Məhkəmə qeyd edir ki, təqdim olunan Cənab İ. Əliyev və ərizəçi arasında bağlanmış, sənədləşdirilmiş hüquqi xidmətlər haqqında müqavilədə və xidmətlər haqqında bəyənatda Cənab İ. Əliyevin yerli məhkəmə proseslərində ərizəçini təmsil etdiyini göstərən əsaslı dəlil yoxdur. Bundan əlavə, işin içində olan sənədlərdən aydın olur ki, ərizəçi müxtəlif yerli məhkəmə instansiyaları qarşısında bir neçə başqa vəkillər tərəfindən də təmsil olunub; buna baxmayaraq, onlara edilən ödənişlərin kompensasiyaya daxil edilməsi iddiası olmayıb və onların göstərdiyi hüquqi xidmətlərə görə olunan ödənişlər barədə sənədlərin nüsxələri Məhkəməyə təqdim edilməyib. Bu səbəblə iddianın yerli məhkəmələrdə çəkilən xərclər haqqında hissəsinə imtina cavabı verilməlidir. Ardınca Məhkəmə qeyd edir ki, Cənab K. Bağırov hazırki şikayətlə bağlı ərizəçinin nümayəndəsi təyin edilməyib və buna görə də iddianın onun qanuni ödənişi barədə olan hissəsi də rədd edilir.
99. İddianın qalanına gəldikdə, əlində olan sənədləri və yuxarıda qeyd edilən kriteriyaları nəzərə alaraq, Məhkəmə bütün başlıqlar aldındakı xərcləri üçün 1459 avro (EUR) məbləğində ödənişin təyin edilməsini məqsədəuyğun hesab edir.
C. İcranın gecikdirilməsinə görə faiz
100. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayəti Məhkəmənin işlərinin siyahısından çıxarılması tələbini rədd edir.
2. Şikayəti qəbuledilən elan edir.
3. Qərara alır ki, Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsinin pozuntusu baş verib;
4. Qərara alır ki, şikayətin Konvensiyanın 14-cü maddəsi altında araşdırılmasına ehtiyac yoxdur.
5. Qərara alır ki, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsi əsasında yaranan öhdəliklərinə əməl edə bilməyib.
6. Qərara alır ki
(a) Cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevirərək ərizəçiyə ödəməlidir:
(i) mənəvi ziyana görə 4.500 avro (dörd min beş yüz avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği;
(ii) Məhkəmə xərcləri və digər məsrəflərə görə 1.459 avro (bir min dörd yüz əlli doqquz avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği;
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
7. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 5 dekabr 2019-cu ildə qərar barədə yazılı məlumat verilib.
Claudia Westerdiek Angelika Nußberger
Katib Sədr