YENİ © tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
İSGƏNDƏROV AZƏRBAYCANA QARŞI
(Ərizənin nömrəsi 77612/11)
QƏRAR
STRASBURQ
17 mart 2022-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
İsgəndərov Azərbaycana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Mārtiņš Mits, sədr,
Ivana Jelić,
Kateřina Šimáčková, hakimlər
və Martina Keller, Bölmə Katibinin Müavini,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən 1962-ci ildə anadan olan və Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab X. Bağırov tərəfindən təmsil olunan Azərbaycan vətəndaşı cənab Vidadi İsgəndər oğlu İsgəndərovun (“Ərizəçi”) 11 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdiyi ərizəni (№ 77612/11);
Öz nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunan Azərbaycan Hökümətinin (Hökümət) ərizəçinin 17 və 18 aprel 2011-ci il tarixlərdə Nəsimi Rayon Polis İdarəsində saxlanma şəraiti (3-cü maddə), barəsində seçilmiş həbs qətimkan tədbirinin əsaslandırılmaması (5-ci maddənin 3-cü bəndi) və ona qarşı cinayət təqibinin ədalətsiz olması (6-cı maddənin 1-ci və 3-cü bəndləri) ilə əlaqədar şikayətləri barədə məlumatlandırılması və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi ilə bağlı qərarı;
cənab X.Bağırova ərizəçini Məhkəmə qarşısındakı icraatda təmsil etmək üçün icazə verilməsi ilə bağlı Bölmə Sədrinin qərarını (Məhkəmə Reqlamentinin 36-cı Qaydasının 4(a) bəndi);
tərəflərin izahatlarını;
nəzərə alaraq,
işi 24 fevral 2022-ci ildə qapalı iclasda araşdıraraq,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
İŞİN MƏZMUNU
1. Hazırkı ərizə yerli hakimiyyət orqanları tərəfindən Konvensiyanın 3-cü maddəsi, 5-ci maddəsinin 3-cü bəndi, eləcə də 6-cı maddəsinin 1-ci və 3-cü (d) bəndləri ilə qorunan hüquqlarının pozulduğunu iddia edən ərizəçinin saxlanma şəraiti, onun haqqında həbs qətimkan tədbiri seçilməsi və sonradan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
2. Ərizəçi 17 aprel 2011-ci il tarixdə ondan və piketin digər iştirakçılarından icazəsiz toplaşmalarını dayandırmağı tələb edən polis əməkdaşının tələbinə tabe olmadığı üçün saxlanılıb və Nəsimi Rayon Məhkəməsinə aparılıb. 18 aprel 2011-ci ildə o, hakim qarşısına çıxarılıb və polis işçisinin qanuni tələbinə tabe olmama (İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi) inzibati xətasını törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.
3. Ərizəçi daha sonra prokurorluq orqanlarına şikayət edərək Nəsimi Rayon Polis İdarəsində yeddi nəfərə qədər şəxslə birlikdə iki nəfərlik kameraya salındığını, ona 17 aprel 21:00-dan 18 aprel saat 10:00-a qədər yemək və içməli su verilmədiyini iddia edib. 18 iyun 2011-ci ildə prokurorluq orqanları, inter alia, ərizəçi də daxil olmaqla bütün məhbusların saya uyğun olaraq iki və ya dörd nəfərlik kamerada saxlandığını və ərizəçi üçün lazımi şəraitin təmin edildiyini müəyyən etməklə, cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar qəbul edib. Ərizəçi prokurorluq orqanlarının 18 iyun 2011-ci il tarixli qərarını mübahisələndirib, lakin yerli məhkəmələr sözügedən qərarı qüvvədə saxlayıblar. Sonuncu daxili qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 7 dekabr 2011-ci ildə verilib.
4. 2 may 2011-ci il tarixində, inzibati həbsinin son günündə ərizəçi Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1-ci maddələrində nəzərdə tutulmuş seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının işinə müdaxilə etmə cinayət əməllərini törətməkdə ittiham edilib.
5. Həmin tarixdə Nəsimi Rayon Məhkəməsi ərizəçiyə qarşı irəli sürülən rəsmi ittihamlara və prokurorun həbs-qətimkan tədbirinin tətbiq edilməsinə dair vəsatətinə əsaslanaraq, ərizəçinin iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Hakim bu tədbirin zəruriliyini ərizəçinin törətdiyi iddia edilən cinayət əməllərinin ağırlığı və onun gizlənməsi və istintaqın həyata keçirilməsinə mane olması ehtimalları ilə əsaslandırıb. 10 may 2011-ci ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin 2 may 2011-ci il tarixli qərarını qüvvədə saxlayıb. İş materiallarında ərizəçinin həbs müddətinin uzadılması ilə bağlı əlavə qərar yoxdur.
6. 6 iyun 2011-ci ildə ərizəçi əlavə olaraq Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə nəzərdə tutulmuş döymə cinayətini törətməkdə ittiham olunub. 27 avqust 2011-ci ildə Göyçay Rayon Məhkəməsi, ərizəçini Cinayət Məcəlləsinin 132-ci (döymə), 159-cu (seçki hüquqlarının həyata keçirilməsinə mane olma) və 160-cı (seçki komissiyalarının işinə müdaxilə etmə) maddələri ilə təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib.
7. Ərizəçi apellyasiya və kassasiya şikayətlərində iddia edib ki, daxili məhkəmələr müdafiə tərəfinin şahidlərinin əksəriyyətinin iştirakını təmin etməyib, o, çəkişmə xarakterli prosesdən faydalana bilməyib və əsaslandırılmış məhkəmə qərarına olan hüququ pozulub.
8. 2 noyabr 2011-ci ildə Şəki Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Xüsusilə, apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, birinci instansiya məhkəməsi prokurorun təqdim etdiyi maddi sübutları tədqiq edib və zərərçəkmiş A.A-nın bədənindəki xəsarətləri təsdiq edən məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanıb, ittiham və müdafiə tərəfinin dəvət etdiyi şahidləri dinləyib, ərizəçiyə çəkişmə əsasında şifahi dinləmələrdə iştirak etmək imkanı verib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini hərtərəfli və detallı müqayisəli təhlil edib, eləcə də qərarı özbaşına və ya əsassız olmayıb. 10 aprel 2012-ci ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin 2 noyabr 2011-ci il tarixli qərarını qüvvədə saxlayıb.
9. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə istinadən şikayət edib ki, Nəsimi Rayon Polis İdarəsində yeddi nəfərə qədər şəxslə birlikdə iki nəfərlik kameraya salınıb, ona 17 aprel 21:00-dan 18 aprel saat 10:00-a qədər yemək və içməli su verilməyib, bu isə onun şəkərli diabet xəstəsi kimi əlavə əzab çəkməsinə səbəb olub. Ərizəçi həmçinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq şikayət edib ki, daxili məhkəmələr həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilməyib. Ərizəçi daha sonra Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (d) bəndlərinə istinadən şikayət edib ki, o, əleyhinə olan şahidlərlə eyni şərtlər altında öz adından şahidlərin iştirakına nail ola bilməyib və daxili məhkəmələrin qərarları əsassız olub.
MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZUNTUSU İDDİASI
10. Məhkəmə şikayət edilən rəftarın Konvensiyanın 3-cü maddəsinin əhatə dairəsinə düşmək üçün minimum sərtlik səviyyəsinə çatıb-çatmamasının qiymətləndirilməsi ilə bağlı oturuşmuş presedent hüququ prinsiplərinə istinad edir (bax: Bouyid Belçikaya qarşı [BP], № 23380/09, §§ 81-90, AİHM 2015 və Korban Ukraynaya qarşı, № 26744/16, § 104, 4 iyul 2019-cu il).
11. Hazırkı işdə Hökumət bildirib ki, ərizəçinin saxlanma şəraiti bütün standartlara cavab verib və prokurorluq orqanları, eləcə də daxili məhkəmələr ərizəçinin iddialarını hərtərəfli araşdırıb və onları təsdiq edən hər hansı fakt aşkar etməyib. Ərizəçi kameranın həddən artıq dolu olması, yemək və içməli su ilə təmin olunmaması ilə bağlı hissədə Hökumətlə razılaşmayıb. Bununla belə, o, istər ölkədaxili prosesdə, istərsə də Məhkəmə qarşısında saxlanma şəraiti ilə bağlı iddialarını təsdiq edən hər hansı sübut və ya detal təqdim etməyib (müqayisə et: Mehdiyev Azərbaycana qarşı, № 59075/09, § 80, 18 iyun 2015-ci il, və Yaqublu Azərbaycana qarşı [Komitə], № 69686/12, §§ 32‑43, 15 iyul 2021-ci il). Məhkəmə öz presedent hüququnda qərara alıb ki, saxlanma şəraitinə aid olan işlərdə ərizəçilərdən prinsipcə şikayət edilən faktlarla bağlı detallı və ardıcıl izahatlar təqdim etmələri və mümkün olduğu qədər öz iddialarını dəstəkləyən bəzi sübutlar təqdim etmələri gözlənilir (bax: Visloquzov Ukraynaya qarşı, № 32362/02, § 45, 20 may 2010-cu il və yuxarıda göstərilən Korban işi, § 106). Hazırkı işdə Məhkəmə qeyd edir ki, sözügedən müddət, əsasən, müəssisədə yemək verilməyən gecə vaxtını əhatə edib. İstənilən halda, ərizəçi özünün şəkərli diabet xəstəsi olduğunu təsdiq edən, eləcə də ona yemək və içməli su verilməməsi və ya kameranın həddən artıq dolu olması ilə bağlı hər hansı sübut və ya təfərrüat təqdim etməyib.
12. Buna görə də, sərəncamında olan bütün materialları nəzərə alan Məhkəmə hesab edir ki, bu şikayət açıq-aşkar əsassız olduğu üçün qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 3(a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
II, KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİIƏN POZUNTUSU
13. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslarla da qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
14. Məhkəmə öz presedent hüququnda müəyyən etdiyi və Buzadji Moldova Respublikasına qarşı ([BP], № 23755/07, §§ 84‑91, 5 iyul 2016-cı il) işdə verilən, hazırkı işə də eyni dərəcədə aid olan ümumi prinsiplərə istinad edir.
15. Məhkəmə qeyd edir ki, daxili məhkəmələr ərizəçinin həbsi ilə bağlı qərarlarında (yuxarıda 5-ci bəndə bax) standart şablondan istifadə edib və nə üçün həmin əsasları ərizəçinin işinə aid hesab etdiklərini əsaslandırmadan özlərini mücərrəd və stereotipik bir şəkildə həbs üçün bir sıra əsasları təkrarlamaqla məhdudlaşırıb. Onlar həmçinin, həmin əsaslara aid olan hər hansı konkret faktı qeyd etməyib, eləcə də müvafiq və yetərli əsaslandırma verməyib. Məhkəmə oxşar nöqsanların qeyd edildiyi və ətraflı təhlil edildiyi Azərbaycana qarşı əvvəlki işlərdə dəfələrlə 5-ci maddənin 3-cü bəndinin pozulduğunu müəyyən edib (bax: Fərhad Əliyev Azərbaycana qarşı, № 37138/06, §§ 191‑94, 9 noyabr 2010-cu il və Zayidov Azərbaycana qarşı, № 11948/08, §§ 64-68, 20 fevral 2014-cü il).
16. Yuxarıdakı mülahizələri nəzərə alan Məhkəmə hesab edir ki, hakimiyyət orqanları ərizəçinin həbs qətimkan tədbirinin zəruriliyini əsaslandırmaq üçün “müvafiq” və “yetərli” əsaslar təqdim etməyib. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub.
III. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ VƏ 3-CÜ (D) BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
17. Məhkəmə Murtazaliyeva Rusiyaya qarşı ([BP], № 36658/05, §§ 150-68, 18 dekabr, 2018-ci il) işdə verilən, hazırkı işə də eyni dərəcədə aid olan 6-cı maddənin 1-ci və 3-cü (d) bəndləri ilə nəzərdə tutulan ümumi prinsiplərə istinad edir.
18. Hazırkı işdə Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi Məhkəmə qarşısındakı təqdimatlarında bildirib ki, onun adından iyirmi yeddi şahiddən yalnız səkkizi daxili məhkəmə prosesində dindirilib və daxili məhkəmələr qalan şahidlərin prosesdə iştirakını təmin etməyib. Bununla belə, Məhkəmə qeyd edir ki, ərizəçi birinci instansiya məhkəməsi qarşısında həmin müdafiə şahidlərinin iştirakını təmin etməsi barədə vəsatət qaldırdıqda onların iştirakının öz müdafiə xətti baxımdan nə üçün vacib olduğuna və ya onların ifadələrinin özünə bəraət qazandırmağa, yaxud ən azı, hər hansı şəkildə mövqeyini möhkəmləndirməyə necə xidmət edəcəyinə dair qısa da olsa, heç bir konkret faktiki və ya hüquqi arqument təqdim etməyib və konkret formada açıqlama verməyib (bax: Doroxov Rusiyaya qarşı, № 66802/01, § 72, 14 fevral 2008-ci il və Polyakov Rusiyaya qarşı, № 77018/01, § 34, 29 yanvar 2009-cu il). Müvafiq olaraq, şahidlərin dinlənilməsinin zəruriliyi ilə bağlı hər hansı konkret hüquqi və ya faktiki arqumentlərin olmamasını nəzərə alan (kontrast: Mehdiyev Azərbaycana qarşı [Komitə], № 59090/12, §§ 37-41, 31 oktyabr 2019-cu il) Məhkəmə hesab edir ki, yerli məhkəmələr onları prosesdə dindirməmək qərarına gəlmək üçün kifayət qədər əsaslar təqdim etmədiklərinə görə tənqid edilə bilməz (bax: Mədətov Azərbaycana qarşı (qər.)[Komitə], № 29656/07, § 72, 20 iyun 2007-ci il). Bundan əlavə, Məhkəmə vurğulayır ki, ərizəçi peşəkar vəkilin köməyi ilə müdafiəsini səmərəli şəkildə həyata keçirə, ona qarşı ifadə verən şahidləri çarpaz dindirə, maneəsiz olaraq ittihamedici sübutlar haqqında şərh verə, müvafiq hesab etdiyi sübutlar irəli sürə və hadisələrin öz versiyasını daxili məhkəmələrə təqdim edə bilib. Bu halları nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, yerli məhkəmələrin həmin konkret şahidləri məhkəmə prosesində dindirməmək qərarı icraatın ümumi ədalətliliyinə xələl gətirməyib.
19. Əlində olan bütün məlumatları və sübutların yerli məhkəmələr tərəfindən qiymətləndirilməsi ilə bağlı məhdud rolunu nəzərə alan Məhkəmə yerli məhkəmələrin qənaətlərinin özbaşına və ya qeyri-adekvat şəkildə əsaslandırılmış olduğu, yaxud, icraatın başqa cür Konvensiyanın 6-cı maddəsinə zidd olduğu nəticəsinə gəlməyə imkan verən heç bir əsas görmür.
20. Buna görə də, sərəncamında olan bütün materialları nəzərə alan Məhkəmə hesab edir ki, bu şikayət açıq-aşkar əsassız olduğu üçün qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 3(a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
21. Ərizəçi mənəvi zərərə görə 45,000 avro (EUR) və daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərclər və məsrəflər üçün 5,000 avro tələb edib.
22. Hökumət bildirib ki, ərizəçinin iddiaları əsassızdır.
23. Məhkəmə mənəvi zərərə görə ərizəçiyə, həmin məbləğdən tutula biləcək hər hansı vergi məbləği də üzərinə gəlməklə 3,000 avro təyin edir.
24. Məhkəmə əlində olan sənədləri nəzərə alaraq, ərizəçinin nümayəndəsi cənab X.Bağırovun bank hesabına bilavasitə ödənilməklə və ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə bütün xərclərə görə 500 avronun təyin edilməsini məqsədəuyğun hesab edir.
25. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Elan edir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi (həbs qətimkan tədbirinin əsaslandırılmaması) ilə bağlı şikayət qəbuledilən, ərizənin qalan hissəsini isə qəbuledilməzdir;
2. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
3. Qərara alır ki,
(a) cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə cavabdeh dövlətin ödəniş tarixində tətbiq edilən məzənnə üzrə valyutasına çevrilməklə aşağıdakı məbləğləri ödəməlidir:
(i) mənəvi zərərə görə 3,000 (üç min) avro, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmaqla;
(ii) məhkəmə xərcləri və digər məsrəflərə görə 500 (beş yüz) avro, bu məbləğə görə ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə və birbaşa ərizəçinin nümayəndəsinin bank hesabına ödənilməklə;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
4. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 17 mart 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Martina Keller Mārtiņš Mits
Katib Müavini Sədr