BEŞİNCİ BÖLMƏ
Kamran Səxavət oğlu BƏYALIYEV Azərbaycana qarşı
Ərizə no. 76177/13
QƏRAR
STRASBURQ
14 YANVAR 2021-Cİ İL
Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası 14 yanvar 2021-ci il tarixdə aşağıdakı heyətdə toplaşıb:
Lado Chanturia, President,
Latif Hüseynov,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas Katibi,
5 noyabr 2013-cü il tarixdə daxil olmuş ərizəni,
Konvensiyanın 6.1-ci və 6.3-cü maddəsi üzrə şikayətlər barədə Azərbaycan Hökumətinin (“Hökumət”) məlumatlandırlması və digər şikayətlərin qəbuledilməz elan edilməsi barədə qərarını,
Cavabdeh Hökumətin təqdimatlarını və ərizəçinin cavab olaraq təqdim etdiyi qeydləri,
nəzərə alaraq,
aşağıdakı qərarı elan edir:
FAKTLAR
1. Ərizəçi, cənab Kamran Səxavət oğlu Bəyalıyev (Kamran Səxavət oğlu Bəyalıyev), Azərbaycan vətəndaşıdır, 1978-ci ildə anadan olub və Xırdalan şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda yaşayan vəkil cənab V. Xasayev təmsil edib.
2. Hökuməti onların səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
İşin halları
3. İşin halları tərəflərin təqdim etdiklərinə əsasən, aşağıdakı kimi ümumiləşdirilə bilər.
4. Ərizəçi 28 avqust 2013-cü ildə saxlanılaraq Abşeron rayon Polis İdarəsinə aparılıb və idarədə onun İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 296-cı (xırda xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilib. Həmin protokola görə, ərizəçi 23 avqust 2013-cü il tarixdə telefon danışığı zamanı və 28 avqust 2013-cü il tarixdə polis idarəsinin binası qarşısında şəxsən V.İ.-ni hədələdiyi və təhqir etdiyi üçün saxlanılıb.
5. Ərizəçiyə dövlət hesabına ayrılmış vəkil tərəfindən hüquqi yardım təklif edilib, lakin o, həmin vəkilin xidmətindən imtina edib. Daha sonra işə cavabdeh olan polis məmuru bununla bağlı ərizəçinin və onu müdafiə etmək üçün dəvət edilmiş dövlət hesabına ayrılan vəkil tərəfindən imzalanmalı olan protokol tərtib edib. Ərizəçi protokolu imzalamayıb və iddia edilən inzibati xəta ilə bağlı hər hansı izahat verməkdən imtina edib.
6. Həmin gün ərizəçi Abşeron Rayon Məhkəməsi qarşısına çıxarılıb.
7. Məhkəmə protokoluna görə, saat 11.45-də başlayan hazırlıq iclasında ərizəçiyə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş hüquqları, o cümlədən, şəxsən və ya hüquqi yardım vasitəsilə müdafiəsini təşkil etmək hüququ haqqında məlumat verilib. Ona dövlət tərəfindən maliyyələşdirilən vəkil xidməti də təklif olunub, lakin bu təklifi rədd edib. Bundan əlavə, ərizəçi, yerli Vəkillər Kollegiyasının 11 vəkilindən ibarət siyahıdan hər hansı bir vəkili seçməkdən də imtina edib və bildirib ki, özünü şəxsən müdafiə edəcəyi üçün heç bir hüquqi yardıma ehtiyac duymur. Bundan sonra, əvvəlcədən çap olunmuş ərizə tərtib olunub və məhkəmə məmuru və ərizəçini müdafiə etmək üçün dəvət edilmiş dövlət tərəfindən maliyyələşdirilən vəkil tərəfindən imzalanıb. Ərizədə əl yazısı ilə qeyd olunub ki, ərizəçi onu imzalamaqdan imtina edib. Daha sonra məhkəmə iclası ərizəçiyə müdafiəsini hazırlaması və ya öz vəkili ilə əlaqə saxlaması üçün saat 15:00-a təyin edilib.
8. Saat 15.00-da başlayan məhkəmə iclasında sədrlik edən hakim ərizəçiyə bildirib ki, müdafiəsinə hazırlaşmaq və ya vəkili ilə əlaqə saxlamaq üçün daha çox vaxt tələb edərsə, məhkəmədən əlavə fasilə verilməsini xahiş edə bilər. Bununla belə, ərizəçi bildirib ki, işin materialları ilə tanış olması və müdafiə strategiyasını hazırlaması üçün kifayət qədər vaxtı var və heç bir yardım olmadan öz müdafiəsini həyata keçirməyə hazırdır. Ərizəçi ona qarşı irəli sürülən ittihamları rədd edib və məhkəməyə bildirib ki, həqiqətən də V.İ. ilə bir neçə gün əvvəl gərgin telefon danışığı olub, lakin o, heç bir hədələyici və təhqiredici dildən istifadə etməyib. 28 avqust 2013-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə dəvət edildiyini və V.İ.-nin bir neçə gün əvvəl telefon danışığı zamanı hədələrə və təhqirlərə məruz qalması səbəbindən onun barəsində şikayət ərizəsi verdiyini orda öyrəndiyini qeyd edib. Bundan başqa, o, 28 avqust 2013-cü il tarixində polis idarəsinin binası qarşısında V.İ.-ni dəfələrlə hədələməsi və təhqir etməsi iddialarına qarşı vurğulayıb ki, həmin tarixdə sonuncunu sözügedən yerdə ümumiyyətlə, görməyib.
9. Birinci instansiya məhkəməsi ərizəçini təqsirli bilib və ona on sutkalıq inzibati həbs cəzası verib. Məhkəmə öz qərarını V.İ.-nin ifadələri ilə əsaslandırıb. Həmin ifadədə bildirilirdi ki, ərizəçi 23 avqust 2013-cü il tarixdə V.İ.-yə telefonla zəng edərək onu təhqir edib, hədələyib. V.İ. zəngi söndürmək istəyərkən təsadüfən telefonun yanlış düyməsini basdığı üçün onların söhbəti yüksək səslə ətrafa yayılıb və söhbəti onun iş yoldaşları da eşidiblər. Nəticədə V.İ. özünü pis hiss etməyə başlayıb, kimsə onun üçün təcili yardım çağırıb. Elə həmin gün baş vermiş hadisələrə görə ərizəçidən Abşeron Rayon Polis İdarəsinə şikayət edib. V.İ. daha sonra 28 avqust 2013-cü il tarixdə şikayəti ilə əlaqədar dəvət olunduğu Abşeron rayon Polis İdarəsinin girişində ərizəçi ilə görüşdüyünü, ərizəçinin yenidən yüksək səslə onu təhqir etməyə başladığını, binanın girişində dayanmış iki polis əməkdaşının ərizəçidən sakitləşməsini xahiş etdiyini bildirib. İfadəsinə görə, ərizəçi onların xahişinə məhəl qoymayıb, polis əməkdaşları onu binanın içərisinə aparıblar. V.I.-nın 23 avqust 2013-cü il hadisələri ilə bağlı ifadəsini iş yoldaşları olan altı şahidin ifadəsi ilə təsdiqlənib. Digər iki şahid – 28 avqust 2013-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin girişində növbətçilik edən polis əməkdaşları da V.I.-nın ifadələrini təsdiqləyən ifadələr veriblər.
10. Sonrakı mərhələdə özünün seçdiyi vəkillə təmsil olunan ərizəçi birinci instansiya məhkəməsinin qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Onun arqumentləri əsasən, birinci instansiya məhkəməsinin onun işinin hallarını necə qiymətləndirməsi ilə bağlı idi. O, həmçinin polis idarəsində və birinci instansiya məhkəməsində vəkili ilə görüşmək imkanından məhrum edilməsindən şikayət edib. Ərizəçi xüsusilə vurğulayıb ki, onun telefonu polisdəki dindirmə zamanı əlindən alınıb və o, öz vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib. Polis əməkdaşının tərtib etdiyi protokolu imzalamaqdan və hər hansı hüquqi yardımdan da buna görə imtina edib. Ərizəçi birinci instansiya məhkəməsindəki icraatın hər hansı konkret halları barədə təqdimat etməyib, şikayətini qısa ifadəsi ilə məhdudlaşdırıb.
11. Sumqayıt Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətinə 2 sentyabr 2013-cü il tarixdə baxıb və onu təmin etməyib. Məhkəmə eyni zamanda ərizəçinin məhkum edildiyi inzibati həbsin müddətini beş günə endirərək, cəzasını çəkdiyinə görə ərizəçinin azadlığa buraxılmasına qərar verib. Məhkəmə iş sənədlərindəki materiallara əsaslanaraq, ərizəçinin iddialarının heç bir əsasının olmadığı qənaətinə gəlib, qeyd edib ki, ərizəçiyə saxlanılmasından dərhal sonra dövlət tərəfindən maliyyələşdirilən vəkil təyin edilib, lakin ərizəçi yardım təklifini rədd etməyi seçib. Bunun ardınca, ərizəçi birinci instansiya məhkəməsindəki icraat zamanı da oxşar davranışlar nümayiş etdirib, dövlət tərəfindən maliyyələşdirilən vəkilin köməyini rədd edib, heç bir yardım olmadan öz müdafiəsini həyata keçirməyə üstünlük verib. Apellyasiya məhkəməsinin qərarı son mərhələ idi, ondan əlavə şikayət verilə bilməzdi.
ŞİKAYƏTLƏR
12. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanaraq, öz seçdiyi vəkillə təmsil olunmaq hüququndan məhrum edilməsindən şikayət edib.
QANUNVERİCİLİK
13. Hökumət bildirib ki, saxlanılmasından dərhal sonra ərizəçiyə istədiyi vəkillə təmsilçilik hüququ izah edilib, lakin ərizəçi əlavə izahat vermədən bu hüquqdan istifadə etmək istəmədiyini və bu, tərtib edilmiş müvafiq sənəddə əksini tapıb. Bundan əlavə, ərizəçi birinci instansiya məhkəməsi qarşısında özünü şəxsən müdafiə etmək qərarını təkrarlayıb, sədrlik edən hakimin öz seçdiyi vəkil vasitəsilə təmsil olunmaq və ya dövlət tərəfindən maliyyələşdirilən vəkilin yardımından istifadə etmək dəvətini ardıcıl olaraq rədd edib. Bunlara görə, ərizəçinin öz seçdiyi vəkil vasitəsilə təmsil olunmaq hüququnun məhdudlaşdırıldığı söylənilə bilməz.
14. Ərizəçi Hökumətin təqdimatına cavab olaraq heç bir qeyd təqdim etməyib.
15. Məhkəmə Hökumətin arqumentləri ilə bağlı bildirir ki, polis idarəsində və birinci instansiya məhkəməsindəki proseslərdə ona təklif edilən dövlət hesabına təyin olunmuş və ya öz seçdiyi vəkilin yardımından imtina etməklə, ərizəçi açıq şəkildə həm məhkəmədən əvvəl, həm də məhkəmə prosesində hüquqi yardım almaq hüququndan imtina edib. Müvafiq olaraq, hazırkı işdə Məhkəmənin vəzifəsi işin konkret hallarının Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq əldə edilmiş hüquqi yardım hüququndan etibarlı imtinaya işarə edib-etmədiyini müəyyən etməkdən ibarətdir.
16. Bununla əlaqədar olaraq, Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin nə hərfi mənası, nə də ruhu şəxsin öz iradəsi ilə açıq və ya gizli şəkildə ədalətli məhkəmə araşdırması təminatlarından imtina etməsinə mane olmur. Bu, eynilə hüquqi yardım almaq hüququna da aiddir. Bununla belə, onun Konvensiya məqsədləri üçün effektiv olması üçün belə bir imtina birmənalı şəkildə müəyyən edilməli və onun əhəmiyyətinə uyğun minimal təminatlarla təmin edilməlidir. Belə imtinanın açıq olmasına ehtiyac yoxdur, lakin o, könüllü olmalı və hüquqdan bilərəkdən və şüurlu geriçəkilmə təşkil etməlidir. Təqsirləndirilən şəxsin öz davranışı ilə dolayısı ilə 6-cı maddədə nəzərdə tutulmuş bu mühüm hüquqdan imtina etdiyini deməzdən əvvəl, onun davranışının nəticələrinin nə olacağını əsaslı şəkildə qabaqcadan görə bildiyi göstərilməlidir. Bundan əlavə, imtina hər hansı mühüm ictimai maraqlara zidd olmamalıdır (bax: Simeonovi Bolqarıstana qarşı [GC], № 21980/04, § 115, 12 may 2017-ci il). Buradan o nəticəyə gəlmək mümkündür ki, ədalətli məhkəmə araşdırması anlayışını təşkil edən 6 § 3 maddədə sadalananlar arasında fundamental hüquq olan vəkillə təmsil hüququndan imtina yuxarıda göstərilən tələblərə ciddi şəkildə uyğun şəkildə həyata keçirilmiş olmalıdır (bax: digərləri içərisində, Murtazəliyeva Rusiyaya qarşı [GC], № 36658/05, § 118, 18 dekabr 2018-ci il).
17. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə baxışı zamanı polis dindirilməsi gedişində ona seçdiyi vəkillə əlaqə saxlamaq imkanının verilməməsindən şikayət etməyib. Əksinə, Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasının stenoqramlarından görünür ki (bu hal ərizəçi tərəfindən də mübahisələndirilməyib), ona hüquqi yardım almaq hüququ iki dəfə xatırladılıb və öz seçdiyi vəkillə əlaqə saxlamaq imkanı verilib (yuxarıda 7 və 8-ci bəndlərə bax). Bundan başqa, ərizəçiyə 11 vəkilin göstərildiyi siyahı təqdim edilsə də, o, həmin siyahıdakı vəkillərdən hər hansı birini seçməkdən imtina edib (bax. yuxarıda 7-ci bəndə).
18. Məhkəmə onu da qeyd edir ki, apelyasiya şikayətində polis dindirməsi zamanı və birinci instansiya məhkəməsindəki prosesdə öz vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilməsindən ümumi şəkildə şikayət edərək, ərizəçi iddiasını təsdiq edən hər hansı məlumat və ya sübut təqdim etməyib. Üstəlik, o, istər Məhkəməyə şikayətində, istərsə də Hökumətin müşahidələrinə verdiyi cavabda məhkəmə araşdırması zamanı öz seçdiyi vəkildən yardım almaq hüququndan məhrum edildiyi iddia edilən hallar barədə ətraflı məlumat verməyib.
19. Bu faktlara əsasən, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın 6§1 maddəsinə əsasən malik ola biləcəyi hüquqlardan açıq şəkildə imtina edib.
20. Bundan əlavə, imtina hüququn əhəmiyyətinə uyğun minimum təminatlarla təmin edilib. Məhkəmənin hakimi ittihamdan asılı olmayaraq peşəkar hakim idi (bax: Murray Birləşmiş Krallıqa qarşı [Komitə], № 20391/16, § 34, 12 noyabr 2019-cu il). O, həmçinin ərizəçiyə hüquqi yardım almaq hüququndan istifadə etməyi tövsiyə etməkdə səbatlı idi (bax. yuxarıda 7 və 8-ci paraqraflara).
21. Yuxarıda deyilənləri nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, vəkillə təmsil olunmamaq ərizəçinin öz seçimi olub və bu səbəbdən səlahiyyətli orqanlar onun barəsində olan inzibati icraat zamanı ərizəçinin qanuni təmsil olunmamasına görə məsuliyyət daşıya bilməz (bax. Qalstyan Ermənistana qarşı, № 26986/03, § 92, 15 noyabr 2007-ci il və Zakshevskiy Ukraynaya qarşı, № 7193/04, § 113, 17 mart 2016-cı il).
22. Ərizəçinin vəkillə əlaqə saxlamaq hüququnun məhdudlaşdırılmadığını müəyyən edən Məhkəmə, prinsipcə, ərizəçiyə qarşı cinayət prosesinin ümumi ədalətliliyini qiymətləndirməyə ehtiyac duymur (bax: Dvorski Xorvatiyaya qarşı [GC], № 25703 /11, § 82, AİHM 2015).
23. Bununla belə, Məhkəmə əlavə etməyi zəruri hesab edir ki, hazırkı işin vəziyyətində öz seçdiyi vəkilin iştirak etməməsi heç bir halda ona qarşı cinayət prosesinin ümumi ədalətliliyinə dönməz şəkildə zərər vurmuş hesab edilə bilməz, belə ki, Ərizəçi prosesin heç bir mərhələsində sonradan geri çəkiləcəyi və ya dəyişəcəyi öz əleyhinə ifadə verməyib. Əksinə, o, ona qarşı irəli sürülən bütün ittihamları ardıcıl olaraq rədd edib və hadisələrlə bağlı öz versiyasını irəli sürüb (müqayisə et Trimbax Ukraynaya qarşı, № 44385/02, § 64 və Zinçenko Ukraynaya qarşı, № 63763/11, § 89, 13 mart 2014) və hadisələrin bu versiyasını təqdim edərək cinayət prosesinin bütün mərhələlərində fəal iştirak edib. Daxili məhkəmələr ərizəçinin icraat zamanı verdiyi ifadələrin heç birini onun məhkum edilməsi üçün əsas kimi istifadə etməyib, eləcə də barəsindəki mühakimə sadəcə V.İ.nin verdiyi ifadəyə əsaslanmayıb. Onların qərarları geniş şahid ifadələri ilə dəstəklənib və bu baxımdan, özbaşına və ya açıq-aşkar əsassız görünmür.
24. Məhkəmə, yuxarıdakı mülahizələrin işığında, ərizəçinin müdafiə hüquqlarının pozulduğunu göstərəcək heç nə tapmır. Buna görə də, o hesab edir ki, onun Konvensiyanın 6.1 və 6.3 (c) maddələri üzrə şikayətləri açıq-aşkar əsassızdır və Konvensiyanın 35.3 (a) və 35.4 maddələrinə əsasən rədd edilməlidir.
Qeyd edilən səbəblərə əsasən Məhkəmə, yekdilliklə,
Elan edir ki, ərizə qəbuledilməzdir.
Qərar ingilis dilində hazırlanıb və 4 fevral 2021-ci ildə açıqlanıb.
Martina Keller Lado Chanturia
İclas katibi President