№76162/16 MURAD ADILOV AZƏRBAYCANA QARŞI – 28 AVQUST 2023-CÜ İL

 

28 avqust 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 76162/16

Murad ADILOV Azərbaycana qarşı

26 noyabr 2016-cı il tarixdə təqdim edilib
10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizə narkotika ittihamı ilə saxlanılan ərizəçiyə qarşı aparılan cinayət işinin iddia edilən ədalətsizliyi ilə bağlıdır.

Ərizəçi müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsinin üzvü və fəalıdır. Onun qardaşı da Fransadan sığınacaq almış siyasi fəal və jurnalistdir.

11 avqust 2014-cü ildə polis ərizəçinin olduğu avtomobili saxlayıb, onu tutub və başqa maşında özü ilə aparıb. Daha sonra polislər ərizəçinin üzərində axtarış aparıb. Həmin gün onun evində də bir neçə polis əməkdaşı tərəfindən axtarış aparılıb. Hər iki axtarış zamanı onun üzərindən bəzi narkotik vasitələr (marixuana və həşiş qətranı) aşkar edilib.

Ərizəçi Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri saxlama) maddəsi ilə cinayət törətməklə ittiham olunub.

Ərizəçi 14 may 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ittiham olunaraq təqsirli bilinib, altı il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və kassasiya məhkəmələri birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 18-ci maddəsinə əsaslanan ərizəçi xüsusilə, onun məhkumluğunun uydurma olmasından və başqa qanunsuz sübutlara əsaslanmasından, onunla bağlı cinayət prosesinin müxtəlif ədalətli məhkəmə təminatlarını pozmasından və bu prosesin onu özünün və qardaşının siyasi fəaliyyətinə görə cəzalandırmaq niyyəti güdməsindən şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı cinayət ittihamının müəyyən edilməsində ədalətli məhkəmə dinləməsi imkanına sahib olubmu (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, 12 noyabr 2015-ci il və Layıcov v. Azərbaycan, № 22062/07, 10 aprel 2014-cü il)?

Xüsusilə:

(a) ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna hörmət edilibmi?

(b) tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu?

(c) ərizəçiyə ona qarşı olan sübutları mübahisələndirmək və müdafiəsini dəstəkləyən sübutlar təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılıbmı?

2. Narkotik vasitələrin aşkar edildiyi axtarışlar müvafiq daxili prosessual qaydalara (yuxarıda göstərilən Sakit Zahidov və Layıcov) uyğun aparılıbmı?

3. Hazırkı işin vəziyyətində 18-ci maddə Konvensiyanın 6-cı maddəsi ilə birlikdə tətbiq edilə bilərmi (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)? Əgər belədirsə, Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq hazırkı işdə dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəa ilə nəzərdə tutulanlardan başqa məqsədlər üçün tətbiq edilmişdimi?

Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən sənədli sübutları, o cümlədən daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını, ekspert rəylərini (əgər varsa), ərizəçinin apellyasiya və digər şikayətlərini təqdim etmələri xahiş olunur.