№74288/14 və 64568/16 DİHRM və MUSTAFAYEV AZƏRBAYCANA QARŞI – 14 OKTYABR 2021-Cİ İL

YENİ © tərcümə, aihmaz.orgYÜKLƏ DİHRM və Mustafayev Azərbaycana qarşı

 

 

BEŞİNCİ BÖLMƏ
DEMOKRATİYA VƏ İNSAN HAQLARI RESURS MƏRKƏZİ

MUSTAFAYEV AZƏRBAYCANA QARŞI

 

(Ərizələr nöm. 74288/14 və 64568/16)

 

QƏRAR

 

 

STRASBURQ

14 oktyabr 2021

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) tərkibi:

Síofra O’Leary, Prezident,
Ganna Yudkivska,
Stéphanie Mourou-Vikström,
Lətif Hüseynov,
Jovan Ilievski,
Arnfinn Bårdsen,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, iclas katibi,

Məhkəmə işi, 26 noyabr 2014-cü ildə Demokratiya və İnsan Haqqları Resurs Mərkəzinin (ərizəçi-birlik) və 31 oktyabr 2016-cı ildə Əsabəli Qurban oğlu Mustafayevin (ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizələr (№ 74288/14 və 64568/16) nəticəsində başlayıb.

Məhkəmə, ərizələr barədə Azərbaycan Hökumətinə (“Hökumət”) məlumat verilməsi haqqında qərara;
cavabdeh Hökumətin təqdim etdiyi qeydlər və ərizəçilərin cavab olaraq təqdim etdiyi qeydlərə;
Açıq Cəmiyyətə Ədalət Təşəbbüsü və Beynəlxalq Hüquqşünaslar Komissiyası tərəfindən təqdim edilmiş şərhlər və Bölmənin Prezidenti tərəfindən həmin şərhlərin qəbuluna verilmiş icazəyə,
baxdıqdan sonra, 21 sentyabr 2021-ci ildə aşağıdakı qərar eyni tarixdə elan edir:

GİRİŞ

1. Hazırkı iki ərizə yerli hakimiyyət orqanları tərəfindən ərizəçilərin bank hesablarına və bir ərizəçinin hərəkət etmək azadlığına qoyulan məhdudiyyətlərlə bağlıdır. Ərizəçilər Konvensiyanın 6, 11, 13, 18 və 34-cü maddələrinə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə və Konvensiyaya 4 saylı Protokolun 2-ci maddəsinə əsaslanaraq müxtəlif şikayətlər veriblər.

FAKTLAR

2. Ərizəçilər haqqında təfərrüatlı məlumat və onların nümayəndələrinin adları Əlavədə verilib.
3. Hökümətin təmsilçisi kimi, Cənab Ç. Əsgərov çıxış edib.

I. İŞİN TARİXÇƏSİ

4. Ərizəçi hüquqşünasdır və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. O, insan hüquqlarının müdafiəsində ixtisaslaşıb və bir çox işlərdə ərizəçiləri Məhkəmə qarşısında təmsil edib.
5. O, həm də hüquqi maarifləndirmə və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan birliyin (ərizəçi) təsisçisi və sədridir. Birlik, 30 iyun 2006-cı ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və hüquqi şəxs statusu almışdır.
6. Baş Prokurorluq tərəfindən 22 aprel 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 142006023 saylı cinayət işi başlanıb. Qərarda cinayət işi açılan qeyri-hökumət təşkilatlarının tam siyahısı verilməyib və ərizəçilərin adları çəkilmədən bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə vurğu edilib.
7. Az sonra, 142006023 saylı cinayət işi çərçivəsində çoxsaylı qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti fəallarının bank hesabları yerli hakimiyyət orqanları tərəfindən dondurulub. Həmin bank hesablarının dondurulması ilə bağlı yerli icraat hazırkı iki ərizənin və Məhkəmədə baxılan digər ərizələrin predmetidir (bax, məsələn, kommunikasiya olan işlər, İmranova və başqaları Azərbaycana qarşı, № 59462/14 və digər dörd; İqtisadi Araşdırma Mərkəzi və Digərləri Azərbaycana qarşı, № 74254/14 və digər beş; və Abdullayev və başqaları Azərbaycana qarşı, № 74363/14 və başqa yeddi).
8. Həmin hüquq müdafiəçilərindən və vətəndaş cəmiyyəti fəallarından bəzilərinin həbsi və həbs qətimkan tədbiri ilə bağlı ölkədaxili işlər artıq Məhkəmə tərəfindən araşdırılıb (bax, məsələn, Rəsul Cəfərov Azərbaycana qarşı, № 69981/14, 17 mart 2016-cı il. Məmmədli Azərbaycana qarşı, № 47145/14, 19 aprel 2018-ci il; Əliyev Azərbaycana qarşı, № 68762/14 və 71200/14, 20 sentyabr 2018-ci il; və Yunusova və Yunusov Azərbaycana qarşı (№ 2), №. 68817/14, 16 iyul 2020-ci il).
9. 2014-cü ilin iyul ayında ərizəçi Baş Prokurorluğa dəvət olunub və birliyin fəaliyyəti ilə bağlı sorğu-sual olunub. 2014-cü ilin iyulundan 2016-cı ilin iyulunadək o, eyni fəaliyyətlə bağlı bir neçə dəfə prokurorluq orqanları tərəfindən yenidən dindirilib.

II. ƏRİZƏÇİLƏRİN BANK HESABLARINA MƏHDUDİYYƏTLƏRİN QOYULMASI

A. Ərizəçi-birliyin bank hesablarına münasibətdə

10. Baş Prokurorluğun təqdim etdiyi vəsatət əsasında 19 may 2014-cü il tarixdə, 142006023 saylı cinayət işi üzrə cinayət təqibinin davam etdiyi müddət ərzində, Nəsimi Rayon Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 248-ci maddəsinə əsaslanaraq ərizəçi-birliyin Beynəlxalq Bankda olan bütün bank hesablarına dair həbs qərarı çıxarıb. Qərarda cinayət təqibi orqanlarının vəsatətinə istinad edilirdi. Həmin vəsatətə əsasən, 14 may 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Milli Yardım Fondundan ərizəçi-birliyin aldığı 11.993 ABŞ dolları olan məbləğin cinayətin obyekti olduğuna və “onun aləti kimi” istifadə olunduğuna dair sübutlar var idi. Həmin qərarın elan edilməsindən sonra üç gün ərzində ərizəçinin apellyasiya şikayəti vermək hüququ var idi. Nəsimi Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli iclasının stenoqramlarından görünür ki, məhkəmə baxışı açıq olmayıb və ərizəçi-birliyin nümayəndəsinin iştirakı olmadan keçirilib. İş materiallarında ərizəçi-birliyə qərarın surətinin verildiyini göstərən heç bir sənəd yoxdur.
11. Ərizəçi-birliyin bildirdiyinə görə, 2014-cü ilin iyul ayında onun sədri (ərizəçi), Azərbaycan Beynəlxalq Bankının yerli filialına edib və bankın məsul işçisi hesaba qoyulan həbs qərarını ona verib.
12. 14 iyul 2014-cü ildə ərizəçi-birlik Nəsimi Rayon Məhkəməsindən qərarın surətini istəyib və həmin gün onu alıb.
13. 16 iyul 2014-cü ildə ərizəçi-birlik Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması iddiası ilə Nəsimi Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarından apellyasiya şikayəti verib. O, bildirib ki, CPM-in 248-ci maddəsi əsasında onun bank hesabları ilə bağlı həbs qərarı əsaslı deyil, çünki nə ərizəçi-birlik, nə də onun üzvləri hər hansı cinayət prosesində ittiham olunmayıb. O, həmçinin qeyd edib ki, CPM-in 248.1-ci maddəsi əsasında verilmiş həbs qərarı yalnız mülki iddianın ödənilməsini təmin etmək və ya Cinayət Mıəcəlləsində nəzərdə tutulmuş hallarda əmlakın müsadirə edilməsi məqsədi ilə qəbul edilə bilər. Bununla belə, Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə başlanmış 142006023 saylı cinayət işi sanksiya qismində əmlakın müsadirəsini nəzərdə tutmur. Nəhayət, o qeyd edib ki, həbs qərarı qeyri-mütənasibdir, belə ki, hətta Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Milli Yardım Fondundan alınan pulun mənşəyinə dair şübhələrin olduğunu fərz etsək belə, həbs qərarı ərizəçi-birliyin bütün bank hesablarına deyil, yalnız mübahisə edilən məbləğə tətbiq edilməli idi. Ərizəçi-birlik apellyasiya şikayəti ilə birgə, apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə də vəsatət qaldırmışdı. Müddətin bərpası tələbini əsaslandırmaq üçün o, bildirib ki, Nəsimi Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli iclası barədə ona heç vaxt məlumat verilməyib və mübahisələndirilən qərarın surətini yalnız 14 iyul 2014-cü ildə əldə edib.
14. 18 iyul 2014-cü ildə Nəsimi Rayon Məhkəməsi ərizəçi-birliyin apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə vəsatətini rədd edib. Məhkəmə müəyyən edib ki, ərizəçi-birlik apellyasiya şikayəti vermək üçün üç günlük müddətin buraxılması ilə bağlı üzrlü səbəbin olduğunu göstərən heç bir sübut təqdim etməyib. Qərarda məhkəmənin 19 may 2014-cü il tarixli iclası barədə ona məlumat verməməsi və ya məhkəmənin öz təşəbbüsü ilə həbs qərarının surətinin ərizəçi-birliyə verməməsi ilə bağlı ərizəçi-birliyin irəli sürdüyü arqumentlərə toxunulmayıb.
15. 21 iyul 2014-cü ildə ərizəçi-birlik əvvəlki arqumentlərini təkrarlayaraq həmin qərardan apellyasiya şikayəti verib.
16. 24 iyul 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi şikayət vermək üçün müddətin bərpası ilə bağlı ərizəçi-birliyin arqumentlərini araşdırmayıb və apellyasiya şikayətini təmin etməyib.

B. Ərizəçinin bank hesablarına münasibətdə

17. İş materiallarında olan sənədlərdən görünür ki, 2014-cü ilin qeyri-müəyyən tarixində cinayət təqibini həyata keçirən orqanlar 142006023 saylı cinayət işi çərçivəsində ərizəçinin bank hesablarına həbs qoyulması üçün Nəsimi Rayon Məhkəməsinə vəsatət veriblər. Məhkəmənin hökumətə ölkədaxili məhkəmə proseslərinə aid bütün sənədlərin surətlərini təqdim etmək barədə açıq şəkildə müraciətinə baxmayaraq, Hökumət onları təqdim etməyib.
18. 30 oktyabr 2014-cü ildə – 142006023 saylı cinayət işi üzrə istintaq davam etdiyi müddətdə – Nəsimi Rayon Məhkəməsi, daxili əməliyyatları çıxmaq şərti ilə, ərizəçinin Azərbaycan Beynəlxalq Bankında olan bank hesablarına dair vəsatəti təmin etmiş və həbs qərar çıxarmışdır. Qərarda hüquqi əsas kimi heç bir qanunun maddəsinə istinad edilməyib. Həbs qərarını əsaslandırılmasına gəldikdə, məhkəmə cinayət təqibini həyata keçirən orqanların sorğusuna istinad edib:

“Fransa Respublikasında yerləşən, beynəlxalq təşkilat “Conseil de l’Europe”-dan [Əsl mətndə fransız dilində] Azərbaycan Beynəlxalq Bankının müştərisi … Azərbaycan vətəndaşı Mustafayev Əsabəli Qurban oğlunun [ərizəçinin] … №-li bank hesabına köçürülmüş 850 avro ilə bağlı əməliyyatların dayandırılması ilə əlaqədar açılmış cinayət işi üzrə səlahiyyətli orqanın məlumatına görə, cinayətin obyekti olan həmin məbləğin alət kimi istifadə edilməsinə dair sübutlar var. Daxil olan əməliyyatlar istinsna olmaqla, cinayət prosesinin davam etdirildiyi müddətdə Mustafayev Əsabəli Qurban oğlunun Azərbaycan Beynəlxalq Bankda yerləşən bank hesabları ilə bağlı ibtidai istintaqın tam və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə, eləcə də, cinayət yolu ilə əldə edilmiş pul məbləğlərinin gələcəkdə müsadirə edilməsi və onlara sərəncam verilməsinin qarşısının alınması üçün hesabına həbs qoyulması zəruridir”.

Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli iclasının protokollarından görünür ki, məhkəmə baxışı açıq olmayıb və ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan keçirilib. İş materiallarında həmin qərarın surətinin ərizəçiyə təqdim edildiyini göstərən heç bir sənəd yoxdur.
19. Ərizəçinin dediyinə görə, 2014-cü ilin dekabrında o, Məhkəmə tərəfindən təyin edilmiş 850 avroluq hüquqi yardımın Avropa Şurası tərəfindən onun hesabına köçürüldüyünü yoxlamaq üçün Azərbaycan Beynəlxalq Bankının yerli filialına gedib. Lakin bank rəsmisi bank hesabları ilə bağlı həbs qərarı olduğunu bildirib.
20. İstintaq orqanlarının sorğusundan sonra, 28 avqust 2015-ci il tarixdə də Nəsimi Rayon Məhkəməsi Avropa Şurası tərəfindən ərizəçinin hesabına köçürülmüş 850 avro məbləğin üzərindən həbs qərarını götürüb.

III. SƏFƏR QADAĞALARININ QOYULMASI

A. Prokurorluq orqanları tərəfindən qoyulmuş səfər qadağası

21. 2014-cü ilin payızında ərizəçi öyrəndi ki, onun ölkəni tərk etmək hüququ məhdudlaşdırılıb və ona Azərbaycanı tərk etməyə icazə verilmir.
22. Ərizəçinin sözlərinə görə, 13 sentyabr 2015-ci il tarixdə o, tədbirdə iştirak etmək üçün Bakıdan Tbilisiyə uçmağa cəhd edib. Lakin ona hava limanında şifahi məlumat verilib ki, prokurorluq orqanları ona səfər qadağası qoyub. Ona heç bir yazılı sənəd təqdim edilməyib.
23. Ərizəçinin müxtəlif ölkədaxili hakimiyyət orqanlarına çoxsaylı müraciətlərindən sonra 28 dekabr 2016-cı il, 8 avqust 2018-ci il və 7 iyun 2019-cu il tarixli məktubları ilə Baş Prokurorluq ona bildirib ki, ona səfər qadağa qoyulması ilə bağlı ərizəsi 142006023 saylı cinayət işinin materiallarına əlavə edilib və nəticəsi barədə ona məlumat veriləcək.
24. Baş Prokurorluq 23 iyul 2019-cu il tarixli məktubla ərizəçiyə bildirib ki, 142006023 saylı cinayət işi çərçivəsində səfər məhdudiyyətinə artıq zərurət olmadığı üçün ona qarşı qoyulmuş qadağa, 23 iyul 2019-cu ildə ləğv edilib.

B. Ərizəçi-birliyin vergi borcuna görə, məhkəmə tərəfindən qoyulmuş səfər qadağası

25. Ərizəçi-birliyin maliyyə fəaliyyəti ilə bağlı vergi orqanları tərəfindən aparılan yoxlamadan sonra vergi orqanları 12 və 13 mart 2015-ci il tarixlərində akt tərtib etmiş və qərara gəlmişlər ki, ərizəçi-birlik dövlət büdcəsinə 4,897 Azərbaycan manatı (AZN) (təqribən 2,450 AVRO) ödəməlidir.
26. 14 aprel 2015-ci ildə ərizəçi-birlik şikayət verərək məhkəmədən vergi orqanlarının 12 mart 2015-ci il tarixli aktını və 13 mart 2015-ci il tarixli qərarını etibarsız hesab etməyi xahiş edib.
27. 29 oktyabr 2015-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vergi orqanlarının ərizəç-birliyin fəaliyyəti ilə bağlı cinayət işinin davam etməsini nəzərə alaraq, ərizəç-birliyin iddiasına baxılmasını dayandırmaq barədə vəsatətini təmin edib.
28. Vergi orqanlarının tələbi əsasında, 8 iyul 2016-cı ildə Sumqayıt Şəhər Məhkəməsi ərizəçinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edib. Məhkəmə Mülki Prosessual Məcəllənin (“MPM”) 355-5 və 355-7-ci maddələrinə əsaslanaraq müəyyən edib ki, ərizəçi 7,385 manat (əsas vaxtda təqribən 3,700 Avro) borcu olan ərizəçi-birliyin icra orqanının başçısıdır. Məhkəmə qərarında ərizəçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığı göstərilsə də, qoyulan məhdudiyyət üçün heç bir müddət nəzərdə tutulmamışdır.
29. 28 iyul 2016-cı ildə ərizəçi həmin qərardan apellyasiya şikayəti verdi və qeyd etdi ki, müvafiq daxili icraat dayandırıldığı üçün ərizəçi-birliyin vergi borcu olduğuna dair heç bir məhkəmə qərarı yoxdur. İstənilən halda, hətta vergi borcunun olduğunu nəzərə alsaq belə, bu borc ərizəçinin bank hesabındakı məbləğlərdən ödənilə bilərdi. Məhz bu səbəbədən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsas yox idi. Bundan başqa, o, prokurorluq orqanları tərəfindən ona artıq səfər qadağası qoyulduğunu da qeyd edib.
30. 22 sentyabr 2016-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 28 iyul 2016-cı il tarixli qərarını qüvvədə saxlayaraq belə qənaətə gəlib ki, əvvəldən səfər qadağasının olması ayrı-ayrı işlərlə bağlı digər dövlət orqanı tərəfindən səfər qadağasının qoyulmasına mane olmur. Apellyasiya məhkəməsi ərizəçinin digər arqumentlərini nəzərə almayıb.
31. 5 dekabr 2016-cı il tarixdə ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq kassasiya şikayəti verib.
32. 9 fevral 2017-ci il tarixdə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini təmin etməyib.

IV. ƏRİZƏÇİLƏRİN DİGƏR MÜDAFİƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ ETMƏSİ

33. Ərizəçi, 31 may 2016-cı il tarixdə, CPM-in 449-cu maddəsinə (Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinə məhkəmə tərəfindən baxılması) əsaslanaraq, Nəsimi Rayon Məhkəməsinə cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinin qanunsuzluğundan şikayət edib. Xüsusilə, o, məhkəmədən prokurorluq orqanları tərəfindən ona qarşı səyahhət qadağa qoyulmasının və ərizəçilərin bank hesablarına həbslərin qoyulmasının qanunsuz hesab edilməsini xahiş edib.
34. 5 iyul 2016-cı il tarizdə Nəsimi Rayon Məhkəməsi iddianı qəbul etməkdən imtina edib və belə qərara gəlib ki, CPM-in 449-cu maddəsinə əsaslanaraq cinayət prosesini həyata keçirən orqanlarının hərəkətlərindən ölkədaxili məhkəmələr qarşısında şikayət verilə bilməz. Ərizəçiyə həmin qərarın surəti 14 iyul 2016-cı il tarixdə təqdim edilib.
35. Nəsimi Rayon Məhkəməsinin hakimi 15 iyul 2016-cı il tarixli məktubla ərizəçinin şikayət vermək üçün müəyyən edilmiş müddəti qaçırdığını bildirərək eyni tarixdə şikayətini geri qaytarıb.
36. 26 iyul 2016-cı il tarixdə ərizəçi sözügedən müddəti qaçırmadığını bildirərək, hakimin məktubundan apellyasiya şikayəti verib.
37. 4 avqust 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti vermək üçün müddətlərin bərpası məsələsinə aşağı instansiya məhkəməsi tərəfindən baxılmalı olduğu qənaətinə gələrək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edib.
38. İş materiallarında həmin proseslərlə bağlı əlavə məlumat yoxdur.

V. DİGƏR HADİSƏLƏR

39. 19 dekabr 2018-ci il tarixdə ərizəçi-birlik vergi orqanları tərəfindən qoyulmuş vergi borcunu ödəyib.
40. İş materiallarında ərizəçilərin bank hesablarının dondurulması ilə bağlı sonrakı hadisələr barədə məlumat yoxdur.
41. 142006023 saylı cinayət işinin nəticəsi ilə bağlı iş materiallarında məlumat yoxdur.

MÜVAFİQ HÜQUQİ ÇƏRÇİVƏ

I. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK

42. Cinayət Məcəlləsinin 308 və 313-cü maddələri Məhkəmənin Rəsul Cəfərov Azərbaycana qarşı (№ 69981/14, §§ 53-54, 17 mart 2016-cı il) qərarında ətraflı təsvir edilib.
43. Hüquqi şəxslərin cinayət məsuliyyəti anlayışı ilk dəfə Cinayət Məcəlləsinə 7 mart 2012-ci il qanunu ilə hüquqi şəxslərə münasibətdə tətbiq olunan tədbirləri sadalayan yeni fəsil (15-2) şəklində daxil edilib. Bununla belə, həmin tədbirlərə aid prosessual müddəalar yalnız 29 noyabr 2016-cı il tarixli qanunla Cinayət Prosessual Məcəlləsinin (“CPM”) yeni fəsli (LVI I) şəklində qəbul edilib.
44. CPM-in 121-ci maddəsi cinayət prosesini həyata keçirdən orqanlarının onlara verilmiş vəsatət və xahişlərə baxmaq öhdəliyindən bəhs edir. 121.3-cü maddəyə əsasən, vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Yeni sübutlar təqdim edildikdə və ya cinayət prosesi zamanı onların təmin edilməli olduğu müəyyən edildikdə, vəsatət və ya xahiş təzələnə bilər.
45. CPM-in 248 və 249-cu maddələrinə əsasən mülki iddia və ya əmlakın müsadirə edilməsi ilə bağlı hökmün cinayət qanununda nəzərdə tutulmuş hallarda icrasını təmin etmək üçün müstəntiq və ya prokuror cinayət törətməkdə ittiham olunan şəxsin əmlakının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edə bilər. Əmlakın üzərinə həbs qoyulması mülkiyyətçiyinin və ya sahibin əmlak üzərində sərəncam verməsinə və ya ondan istifadə etməsinə mane olur. Xüsusilə, 248-ci maddənin müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:

Maddə 248. Əmlak üzərinə həbs qoyulmasının mahiyyəti

“248.1. Əmlak üzərinə həbs:
248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir;

248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.
248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.”

46. Şəxsin ölkəni tərk etmək hüququ ilə bağlı ölkədaxili qanunvericiliyin müvafiq müddəaları və CPM-in 449-cu maddəsi Məhkəmənin Mürsəliyev və başqaları Azərbaycana qarşı (№ 66650/13 və başqa 10, §§ 15-18, 13 dekabr 2018-ci il) qərarında ətraflı təsvir edilmişdir. Bundan əlavə, 20 oktyabr 2015-ci ildə vətəndaşın ölkədən getmək hüququnun məhkəmənin qərarı əsasında məhdudlaşdırıla biləcəyi hallardan biri kimi vergilərin ödənilməməsi Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə də əlavə edilib.
47. 20 oktyabr 2015-ci ildə Mülki Prosessual Məcəlləyə (MPM) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının başçılarının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı yeni fəsil (40-2-ci fəsil) əlavə edilmişdir. O cümlədən, MPM-in 355-5.1-ci maddəsinə uyğun olaraq, müvafiq ölkədaxili orqan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə yuxarıda göstərilən şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

II. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR

48. İnsan hüquqları müdafiəçilərinin müdafiəsi ilə bağlı bir sıra müvafiq beynəlxalq sənədlər Məhkəmənin Əliyev Azərbaycana qarşı qərarında (№ 68762/14 və 71200/14, §§ 88-92, 20 sentyabr 2018-ci il) ətraflı təsvir edilmişdir.
49. 19 avqust 2014-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi aşağıdakı press-reliz dərc edib:

“Hüquq müdafiəçilərinə qarşı təqiblər dayandırılmalıdır – BMT ekspertləri Azərbaycan hökumətinə çağırış edib

CENEVRƏ (19 avqust 2014-cü il) – Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ekspertləri [Mişel Forst, insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi; Maina Kai, dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə Xüsusi Məruzəçi və David Kaye, fikir və ifadə azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi bu gün Azərbaycanda tanınmış hüquq müdafiəçilərinin təqib olunması tendensiyasını pisləyib və hökuməti “liderlik nümayiş etdirməyə və ölkədə insan hüquqları işinə qarşı repressiyanı, kriminallaşdırmanı və təqib tendensiyası dəyişməyə” çağırıb.

“Biz, Azərbaycandakı fəalların izlənilməsi, sorğu-sual edilməsi, həbs edilməsi, haqqlarında qondarma ittihamlar əsasında hökm çıxarılması, hesablarının dondurulması və ölkədən çıxışlarına qadağaların qoyulması hallarının artmasından dəhşətə gəlirik”. “Hüquq müdafiəçilərinin fəaliyyətinin kriminallaşdırılmasına son qoyulmalıdır. Hüquqlarını müdafiə etdiklərinə görə əsassız olaraq həbs edilənlər dərhal azadlığa buraxılmalıdır”. …”

50. Birləşmiş Millətlər Təşkilatının insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi 2016-cı il sentyabrın 14-dən 22-dək Azərbaycanda səfərdə olub. 22 sentyabr 2016-cı il tarixində o, “Azərbaycanı vətəndaş cəmiyyətinə [öz] cəzalandırıcı yanaşmasını yenidən düşünməyə çağırıb.” Bəyanatın sonuncu hissəsində qeyd edilir ki:

“Son iki-üç ildə Azərbaycanda vətəndaş cəmiyyətinin ölkənin müstəqillik əldə etdiyi vaxtdan bəri ən pis vəziyyətlə üzləşməsi ilə bağlı ilkin qənaətim hökümətlə bölüşdüm. Onlarla QHT, onların rəhbərləri, işçiləri və ailələri inzibati və digər hüquqi təqiblərə, o cümlədən aktivlərinin və bank hesablarının müsadirə edilməsi, səfər qadağaları, böyük vergi cəzaları və hətta həbslərə məruz qalıblar.

Vətəndaş cəmiyyəti belə güclü təzyiqlər nəticəsində iflic vəziyyətinə düşüb. İnsan hüquqları müdafiəçiləri dövlət məmurları tərəfindən Qərb hökumətlərinin beşinci kolonunu və ya xarici agentlər olmaqda ittiham olunurlar ki, bu da əhalidə vətəndaş cəmiyyətinin həqiqətən dəyərli rolunun yanlış qavranılmasına səbəb olur. Fundamental azadlıqları təbliğ edən və pozuntuları tənqid edən fəallar siyasi rəqib olmaqda, öz cəmiyyətinin və ya mədəniyyətinin dəyərlərinə zidd olan dəyərləri təbliğ etməkdə ittiham olunurlar. Onlar siyasi və ya maliyyə motivi olan iştirakçılar kimi qınandılar. Onlara hücum edilib, hədələnib və ya məhkəmə qarşısına çıxarılıb və “xuliqanlıq”, “çirkli pulların yuyulması”, “təxribat”, “narkotik vasitələrin qanunsuz dövriyyəsi” və ya dövlət çevrilişinə təhrik kimi ittihamlarla cəzalandırılıblar.”

51. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 8-12 iyul 2019-cu il tarixlərində Azərbaycana səfərindən sonra 11 dekabr 2019-cu il tarixli Hesabatın (CommDH(2019)27) müvafiq çıxarışları aşağıdakı kimidir:

“1.1.2. Ölkəni tərk etmək hüququna gətirilən məhdudiyyətlər
20. Müvəkkil qeyd edir ki, onlarla jurnalistin, hüquqşünasın, siyasi fəalın və hüquq müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulur və bu da, nəticədə, bu cür səfər qadağalarının qanuniliyinə əsaslı şübhələr yaradır”.

QANUN

I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ

52. Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onlara vahid bir qərar çərçivəsində birgə baxmağı məqsədəuyğun hesab edir.

II. KONVENSİYANIN 1 №-LI PROTOKOLUNUN 1-CI MADDƏSİNİN POZULMASI İDDİASI

53. Konvensiyanın 6 və 11-ci maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçilər şikayət ediblər ki, onların bank hesablarının dondurulması Konvensiya ilə qorunan hüquqlarının pozulmasına bərabərdir. İşin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı şikayət yalnız Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq araşdırılmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində deyilir:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Qəbuledilənlik

1. Tərəflərin təqdimatları

54. Hökumət bildirdi ki, ərizəçilər ölkədaxili müdafiə vasitələrini tükəndirə bilməyiblər. Xüsusilə, hökümət qeyd etdi ki, ərizəçi yerli hakimiyyət orqanlarına şikayət verməyib. Ərizəçi-birliyə gəldikdə, o CPM-in 121.3-cü maddəsinə uyğun olaraq ölkədaxili məhkəmələrə yeni vəsatət verməyib.
55. Ərizəçilər bildirdi ki, onlar qeyd edilən məsələləri araşdırılması üçün bütün addımları atıblar və buna görə də, Hökumətin təqdimatları ilə razılaşmırlar.

2. Məhkəmənin qiymətləndirməsi

56. Ölkədaxili müdafiə vasitələrinin tükənməsinə dair ümumi prinsiplər Vuçkoviç və başqaları Serbiyaya qarşı işdə ((ilkin etiraz) [GC], № 17153/11 və digər 29, §§ 69-77, 25 mart 2014-cü il) ümumiləşdirilib.
57. Məhkəmə qeyd edir ki, həm ərizəçilərin aktivlərinin ilkin olaraq dondurulmasından, həm də bu dondurmanın bir neçə il davam etməsindən şikayət etdikləri üçün ölkədaxili müdafiə vasitələrini tükəndirməsinə iki ayrıca məsələ kimi ayrıca baxmaq məqsədəuyğundur (bax: BENet Praha, Spol.s rov Çex Respublikasına qarşı, № 33908/04, § 81, 24 fevral 2011-ci il və Apostolovi Bolqarıstana qarşı, № 32644/09, § 81, 7 noyabr 2019-cu il).
58. Hazırkı işdə, ərizəçi-birliyin bank hesablarının dondurulmasına gəldikdə, Hökumətin etirazı qadağanın davam etdirilməsi ilə məhdudlaşır (yuxarıda 54-cü bəndə bax). Bununla belə, Hökumət CPM-in 121.3-cü maddəsinə uyğun olaraq istintaq orqanlarına təqdim edilmiş ərizə və vəsatətlərin yoxlanılması ilə bağlı verilən vəsatətin (yuxarıda 44-cü bəndə bax) məhkəmə qərarı əsasında ərizəçi-birliyin bank hesablarının dondurulmasına münasibətdə səmərəli müdafiə vasitəsi ola biləcəyini izah edə bilmədi.
59. Ərizəçinin bank hesablarının dondurulması ilə bağlı Hökumətin etirazına gəldikdə isə, iş materiallarında olan sənədlərdən görünür ki, hesaba həbs qoyulması haqqında 30 oktyabr 2014-cü il tarixli qərarın surəti ərizəçiyə təqdim edilməmiş və bu barədə o 2014-cü ilin dekabrında xəbər tutmuşdur (yuxarıda 18 və 19-cu bəndlərə bax). Yerli hakimiyyət orqanlarının bu uğursuzluğu nəticəsində o, hesaba həbs qoymaqla bağlı qərar elan edildikdən üç gün müddətində məhkəmə qaydasında mübahisələndirməkdən məhrum edilib. Bundan başqa, ərizəçi hesaba həbs qoyulması ilə bağlı 30 oktyabr 2014-cü il tarixli qərardan 2014-cü ilin dekabrında xəbər tutan kimi müddətin bərpa edilməsi üçün ərizə verib və bu səbəbdən ərizəçi bu məsələ ilə bağlı şikayəti verməyə cəhd etməməkdə – xüsusən də ölkədaxili məhkəmələrin heç bir əsaslandırma vermədən ərizəçi-birliyin Nəsimi Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarından verilən analoji appelyasiya şikayətinə baxmaqdan imtina etməsini nəzərə alaraq (yuxarıda 14 və 16-cı bəndlərə bax) – ittiham edilə bilməz.
60. Ərizəçinin bank hesablarına qoyulan məhdudiyyətlərin davam etdirilməsinə gəlincə, Məhkəmə artıq müəyyən etmişdir ki, CPM-in 121.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş vəsatət səmərəli hüquqi müdafiə vasitəsi sayıla bilməz (yuxarıda 58-ci bəndə bax) və Hökumət bu məsələ ilə bağlı hər hansısa digər səmərəli vasitəni müəyyən edə bilməyib. Həmçinin Məhkəmə, ərizəçilərin, CPM-in 449-cu maddəsinə uyğun olaraq, məhkəmə nəzarəti prosedurundan istifadə etməyə cəhd etməsi faktını nəzərdən qaçıra bilməz. Lakin işin hallarından məlum olur ki, ölkədaxili məhkəmələr onların bu şikayətinə baxmaqdan imtina ediblər (yuxarıda 33-38-ci bəndlərə bax).
61. Yuxarıda göstərilən səbəblərə görə Məhkəmə hesab edir ki, ölkədaxili müdafiə vasitələrini tükəndirməməsinə görə ərizəçilərin şikayəti qəbuledilməz elan edilə bilməz və bununla bağlı Hökumətin etirazı rədd edilməlidir.
62. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil. Başqa heç bir əsasla da qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

(a) Ərizəçilər

63. Ərizəçilər şikayətlərində bildirdilər ki, onların bank hesablarının dondurulması mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilədir.

(b) Hökümət

64. Hökumət ərizəçilərin hüquqlarına müdaxilənin qanuni və əsaslı olduğunu bildirdi. Müdaxilə CPM-nin 248-ci maddəsinə əsaslanırdı və ölkədaxili qanunvericiliyin həmin müddəaları onların tətbiqi zamanı kifayət qədər əlçatan, dəqiq və öngörülən idi. Hökümət daha sonra bildirdi ki, ərizəçilərin bank hesablarının dondurulması ictimai maraqlar naminə və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə edilib.

(c) Üçüncü tərəf

65. Açıq Cəmiyyət Ədalət Təşəbbüsü, qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin fəaliyyəti üçün bank imkanlarına çıxışın vacibliyini vurğuladı və bununla bağlı məhdudiyyətin ciddi narahatlıq doğurduğunu bildirdi. Təşkilat qeyd edib ki, qeyri-hökumət təşkilatlarına və vəkillərə qarşı oxşar məhdudiyyətlər tətbiq edildikdə, ictimai maraqlar naminə fəaliyyət göstərən hüquq müdafiəçilərinin oynadığı mühüm rol nəzərə alınmaqla, bu məhdudiyyətlər diqqətlə araşdırılmalıdır.

2. Məhkəmənin qiymətləndirməsi

66. Məhkəmə qeyd edir ki, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin olması Hökumət tərəfindən mübahisələndirilməyib. Bununla əlaqədar, Məhkəmə bir daha bildirir ki, bank hesablarının dondurulması əmlakın istifadəsinə nəzarət tədbiri kimi qəbul edilməlidir (bax: Uzan və başqaları Türkiyəyə qarşı, № 19620/05 və digər 3 iş, § 194, 5 mart 2019, və Yunusova və Yunusov Azərbaycana qarşı (№ 2), № 68817/14, § 167, 16 iyul 2020-ci il).
67. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi odur ki, dövlət orqanının mülkiyyətdən dinc şəkildə istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır (bax: digərləri ilə yanaşı İatridis Yunanıstana qarşı [[ GC], № 31107/96, § 58, AİHM 1999 II və Béláné Nagy Macarıstana qarşı [GC], № 53080/13, § 112, 13 dekabr 2016-cı il). Bu konsepsiya, ilk növbədə, müdaxilənin daxili qanunvericilikdə əsasının olmasını tələb edir. Bu, həm də sözügedən qanunun keyfiyyətinə istinad edir və onun aidiyyəti şəxslər üçün əlçatan, dəqiq və öngörülən olmasını tələb edir. Ölkədaxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının üzərinə düşsə də, Məhkəmədən tələb olunur ki, o ölkədaxili qanunvericiliyin şərh və tətbiq edilməsini nəticələrini Konvensiyanın prinsiplərinin Məhkəmənin məhkəmə təcrübəsi hüququ işığı altında şərhi ilə uyğun olub-olmamasını yoxlasın (bax: Beyeler İtaliyaya qarşı [GC], № 33202/96, §§ 109 və 110, AİHM 2000-I və Batkivska Turbota Foundation Ukraynaya qarşı, № 5876/15, § 56, 9 oktyabr 2018-ci il).
68. Məhkəmə, bununla əlaqədar olaraq qeyd edir ki, o, artıq əmlakın üzərinə həbs qoyulması ilə bağlı Azərbaycana qarşı əvvəlki işində müəyyən edib ki, müdaxilə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş qanunilik tələbinə uyğun gəlmir, belə ki, həmin işdə ərizəçi əmlakın üzərinə həbs qoyul biləcək şəxslər kateqoriyasına aid deyildi. Xüsusilə, Məhkəmə müəyyən etmişdi ki, CPM-in əmlak üzərinə həbs qoyulması ilə bağlı 248-ci maddəsinə əsasən, həbs yalnız “təqsirləndirilən şəxsin” və ya təqsirləndirilən şəxsin cinayət əməllərinə görə “əmlak məsuliyyətinə cəlb edilə bilən digər şəxslərin” əmlakına münasibətdə təyin edilə bilər (bax: Rafiq Əliyev Azərbaycana qarşı, № 45875/06, §§ 122-26, 6 dekabr 2011-ci il).
69. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumət müdaxilənin CPM-in 248-ci maddəsinə əsasən qanuni olduğunu iddia etsə də, həmin müddəanın 142006023 saylı cinayət işi çərçivəsində və ya digər hər hansı cinayət əməlində ittiham olunmamış ərizəçilərə münasibətdə necə tətbiq oluna biləcəyini izah etməyib. Xüsusilə, ərizəçinin 142006023 saylı cinayət işi çərçivəsində təqsirləndirilən şəxs olmadığı, 2014-2016-cı illər arasında yalnız bir neçə dəfə dindirildiyi tərəflər tərəfindən mübahisələndirilmir. Bununla əlaqədar olaraq, Məhkəmə, ərizəçinin bank hesabı ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qərarında hüquqi əsas kimi hər hansısa bir qanunun müddəasına istinad etmədiyi faktını da diqqətdən qaçırtmır (yuxarıda 18-ci bəndə bax) (müqayisə edin Frizen Rusiyaya qarşı, № 58254/00, § 34, 24 mart 2005-ci il).
70. Bundan başqa, Məhkəmə belə faktdı da nəzərdən qaçırda bilməz ki, hüquqi şəxslərin cinayət məsuliyyəti institutu Azərbaycan Cinayət Məcəlləsinə 2012-ci il martın 7-də daxil edilsə də, CPM-də 29 noyabr 2016-cı il tarixinədək hüquqi şəxslərə qarşı tətbiq edilən cinayət məsuliyyətinə dair tədbirlərlə bağlı heç bir prosessual müddəa mövcud olmayıb (yuxarıda 43-cü bəndə bax).
71. Nəhayət, Məhkəmə qeyd edir ki, nə işin materiallarında, nə də Hökümətin iddiasında ərizəçilərin hər hansı təqsirləndirilən şəxsin cinayət əməllərinə görə “əmlak məsuliyyətinə cəlb edilə bilən şəxs” ola biləcəyini mübahisələndirməyib.
72. Bu şəraitdə Məhkəmə belə nəticəyə gəlir ki, ölkədaxili qanunvericiliyə əsasən ərizəçilər əmlakına həbs tədbiri tətbiq edilə bilən şəxslər kateqoriyasına aid deyillər və buna görə də müdaxilə Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin mənasında qanuni hesab edilə bilməz. Yuxarıdakı nəticə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın olub-olmadığı ilə bağlı sualı araşdırmağı lüzumsuz edir (bax: yuxarıda adı çəkilən Yunusova və Yunusov (№ 2), § 169).
73. Beləliklə, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.

III. KONVENSİYANIN 1 NÖMRƏLİ PROTOKOLUNUN 1-CI MADDƏSİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

74. Ərizəçilər şikayət etdilər ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan hüquqlarının müdafiəsi üçün Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş səmərəli daxili hüquqi müdafiə vasitələrinə çıxış imkanları olmayıb. Konvensiyanın 13-cü maddəsində deyilir:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

A. Qəbuledilənlik

75. Məhkəmə qeyd edir ki, bu şikayət nə açıq-aşkar əsassız, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

76. Ərizəçilər şikayətlərini təkrar etdilər.
77. Hökumət onların şikayətlərinə etiraz etdi.
78. Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyanın mahiyyətində duran hüquq və azadlıqların təmin edilməsi üçün milli səviyyədə mövcud olan müdafiə vasitələrinin, necə bir formada olmasından asılı olmayaraq, mövcudluğuna təminat verir. Beləliklə, həmin müddəa tələb edir ki, ölkədaxili müdafiə vasitəsi Konvensiyanın müdafiəsi altında olan “mübahisəli şikayətin” mahiyyətinə cavab versin və səmərəli həl yolu təmin etsin. Razılığa gələn Dövlətlərin 13-cü maddə üzrə öhdəliklərinin həcmi ərizəçinin şikayətinin xarakterindən asılı olaraq dəyişir. Bununla belə, 13-cü maddənin tələb etdiyi hüquqi müdafiə vasitəsi həm praktikada, həm də qanunun özündə “səmərəli” olmalıdır. Qeyed edilməlidir ki, 13-cü maddənin mənasında “müdafiə vasitəsinin” “səmərəliliyi” ərizəçi üçün əlverişli nəticənin əldə edilməsi üçün nəzərdə tutulmayıb (bax: Hirsi Camaa və başqaları İtaliyaya qarşı [GC], № 27765/09, § 197, AİHM 2012, və Edward və Cynthia Zammit Maempel Maltaya qarşı, № 3356/15, § 66, 15 yanvar 2019-cu il).
79. 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq ərizəçilərin şikayətini qəbuledilən elan edən Məhkəmə onun mübahisələndirməyə açıq olduğunu hesab edir. Buna görə də, ərizəçilərin 13-cü maddənin mənasında “səmərəli” ölkədaxili müdafiə vasitələrindən istifadə etmək hüququ var idi.
80. Məhkəmə artıq müəyyən edib ki, yerli hakimiyyət orqanlarının əmlaka həbs qoyulması qərarların surətini ərizəçilərə təqdim etməməsi onları həmin qərarları apellyasiya məhkəməsində mübahisələndirmək hüququndan məhrum edib (yuxarıda 61-ci bəndə bax). Hökumət, həmçinin ərizəçilərin bu xüsusi şəraitdə həmin həbs qərarlarına və həmin qərarlara əsasən onlara tətbiq edilən məhdudiyyətlərin davam etdirilməsinə etiraz edə biləcək hər hansı digər hüquqi müdafiə vasitəsi olduğunu sübut edə bilmədi.
81. Cavabdeh dövlətin ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxiləyə etiraz etmək üçün hər hansı hüquqi müdafiə vasitələri ilə təmin etmədiyini nəzərə alan Məhkəmə, belə nəticəyə gəlir ki, ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq şikayətlərinə praktik olaraq baxacaq səmərəli müdafiə vasitəsi olmayıb (bax: Yunusova və Yunusov (№ 2), yuxarıda göstərilən, § 178).
82. Müvafiq olaraq, hər iki ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi ilə birlikdə Konvensiyanın 13-cü maddəsi pozulmuşdur.

IV. KONVENSİYANIN 4 SAYLI PROTOKOLUNUN 2-CI MADDƏSİNİN POZULMASI İDDİASI

83. Ərizəçi şikayət etdi ki, onun öz ölkəsini tərk etmək hüququ yerli hakimiyyət orqanları tərəfindən pozulub. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin müvafiq hissəsində deyilir:

“2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz….”

A. Qəbuledilənlik

84. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinin mənasına uyğun olaraq açıq-aşkar əsassız deyil. Məhkəmə, həmçinin, qeyd edir ki, şikayət hər hansı digər əsaslarla görə də qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

85. Ərizəçi bildirdi ki, ona qarşı qoyulan hər iki səfər qadağası qanunsuz olub, heç bir legitim məqsəd güdməyib və demokratik cəmiyyətdə zəruri olmayıb.
86. Hökumət etirazında bildirdi ki, prokurorluq orqanları tərəfindən ərizəçiyə səfər qadağası qoyulmamışdı. Ölkədaxili məhkəmənin tətbiq etdiyi səfər qadağasına gəlincə, Hökümət bildirdi ki, bu, CPM-in 355-5.1-ci maddəsinə uyğundur, ictimai asayişin qorunması və cinayətin qarşısının alınması kimi legitim məqsədlər güdüb və demokratik cəmiyyətdə zəruri olub.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Prokurorluq orqanları tərəfindən qoyulmuş səfər qadağasına gəldikdə

87. Məhkəmə öz məhkəmə təcrübəsi hüququnda təsbit olunmuş və Mürsəliyev və digərləri Azərbaycana qarşı (№ 66650/13 və digər 10, §§ 29-31, 13 dekabr 2018-ci il) qərarında əks olunmuş ümumi prinsiplərə istinad edir. Onlar hazırkı işə də eyni dərəcədə uyğundur.
88. Hazırkı işdə, Hökumət ərizəçinin prokurorluq orqanları tərəfindən ona qarşı səfər qadağası qoyulması ilə bağlı iddiasını mübahisələndirsə də, Məhkəmə qeyd edir ki, 28 dekabr 2016-cı il, 8 avqust 2018-ci il, 7 iyun və 23 iyul 2019-cu il tarixli məktublarında, Baş Prokurorluq ərizəçiyə səfər qadağasının qoyulduğunu açıq şəkildə etiraf edib (yuxarıda 23-24-cü bəndlərə bax). Bundan əlavə, 13 sentyabr 2015-ci ildə, yəni məhkəmə tərəfindən səfər qadağası qoyulmazdan əvvəl, ərizəçinin xaricə səfərinin qarşısının alınması (yuxarıda 22-ci bəndə bax) da ərizəçinin iddiasını təsdiqləyir. Beləliklə, Məhkəmə qəbul edir ki, cinayət təqibi orqanları ərizəçinin xaricə səfərinə mane olan qadağa tətbiq edib. Məhkəmə ərizəçi ilə razılaşır ki, bu qadağa, onun 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan öz ölkəsini tərk etmək hüququna müdaxilədir.
89. Müdaxilənin qanuna uyğun olub-olmaması ilə bağlı suala gəlincə, Məhkəmə qeyd edir ki, Mürsəliyev və digərləri işində (yuxarıda qeyd olunan, §§ 29-36) eyni faktlar əsasında oxşar şikayətə baxaraq müəyyən edib ki, cinayət prosesində yalnız şahid qismində iştirak edən ərizəçilərə hər hansı məhkəmə qərarı olmadığı halda istintaq orqanları tərəfindən ölkədən çıxmalarına qadağa qoyulması “qanuna uyğun” olmayıb. Məhkəmə hesab edir ki, Mürsəliyev və digərləri qərarında əks olunmuş təhlil və qənaət hazırkı işə də aiddir və bu qənaətdən kənara çıxmağa heç bir əsas görmür.
90. Beləliklə, ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təmin edilən ölkədən çıxmaq hüququ cinayət təqibini həyata keçirdən orqanları tərəfindən pozulub.

(b) Məhkəmə tərəfindən qoyulmuş səfər qadağasına gəldikdə

91. Məhkəmə qeyd edir ki, ölkədaxili məhkəmələrin ərizəçinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına dair qərarının 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndinin mənasında onun öz ölkəsindən getmək hüququna müdaxilə kimi qiymətləndirilməsi tərəflər arasında mübahisə doğurmur. Məhkəmə də eyni fikirdədir. Buna görə də, tədbirin 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd olunan “qanuna uyğun” olub-olmaması, biri və ya bir neçə legitim məqsəd güdüb-güdmədiyi, və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması araşdırılmalıdır.
92. Ərizəçi-birlik ilə vergi orqanları arasında vergi mübahisəsi ilə bağlı məhkəmə icraatının dayandırılması fonunda ərizəçiyə səfər qadağası qoyulmasının əsaslı sayıla biləcəyi sualına cavab vermədən, Məhkəmə qeyd edir ki, belə bir qadağa Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə və MPM-in 355-5.1-ci maddəsinə uyğun olaraq tətbiq edilə bilər (yuxarıda 46-47-ci bəndlərə bax). Məhkəmə həmçinin qeyd edir ki, vergilərin ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmağa yönəlmiş tədbir ictimai asayişin qorunması və başqalarının hüquqlarının müdafiəsi kimi legitim məqsədlər güdə bilər (bax: Riener Bolqarıstana qarşı, № 46343/99, §§ 114-17, 23 may 2006-cı il). Bununla belə, hazırkı işin xüsusi hallarını da nəzərə alaraq, cavabdeh Hökumət mübahisələndirilən səfər qadağasının 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində göstərilən legitim məqsədlərdən hər hansı birini güddüyünü nümayiş etdirməmişdir.
93. Xüsusilə, Məhkəmə qeyd edir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etməyiblər. Xüsusilə, onlar, iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində bunu açıq-aydın tələb etməsinə baxmayaraq, onlara məxsus olan hər hansı digər aktivlərə həbs qoyulmasını düşünməyiblər (yuxarıda 29 və 31-ci bəndlərə bax). Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməyib.
94. Vergi orqanları və ölkədaxili məhkəmələr sözügedən səfər qadağasının tətbiqinin vergi borcunun alınması üçün nə dərəcədə zəruri olduğuna dair heç bir arqument irəli sürə bilməyiblər. Bununla əlaqədar olaraq, Məhkəmə bir daha bildirir ki, ödənilməmiş borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız öz məqsədinə, yəni borcun qaytarılmasına, xidmət etdiyi müddətcə əsaslandırıla bilər (bax: Napijalo Xorvatiyaya qarşı, № 66485/01, 13). Noyabr 2003, §§ 78-82 və Stetsov Ukraynaya qarşı, № 5170/15, § 29, 11 may 2021-ci il).
95. Yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçinin öz ölkəsini tərk etmək hüququna müdaxilənin legitim məqsəd güdmədiyi qənaətinə gəlməsi üçün kifayətdir. Bu qənaət artıq müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını sualını aydınlaşdırmağı da lüzumsuz edir.
96. Müvafiq olaraq, ərizəçinin 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi ilə təmin edilən ölkəsini tərk etmək hüququ ölkədaxili məhkəmələr tərəfindən ona tətbiq edilmiş səfər qadağası səbəbindən pozulub.

V. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİ VƏ KONVENSİYANIN 4 NÖMRƏLİ PROTOKOLUNUN 2-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 18-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI

97. Konvensiyanın 11-ci maddəsi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə birgə götürməklə Konvensiyanın 34 və 18-ci maddələrinə əsaslanaraq, ərizəçilər iddia etdilər ki, onların Konvensiyada təsbit edilən hüquqları Konvensiyada nəzərdə tutulmuş məqsədlərdən fərqli olan məqsədlər üçün məhdudlaşdırılıb. İşin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı şikayət yalnız hər Konvensiyanın 18-ci maddəsinə əsasən iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və həmçinin ərizəçiyə münasibətdə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi Konvensiyanın 18-ci maddəsinə əsasən birlikdə araşdırılmalıdır. 18-ci maddədə göstərilir:
“Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”

A. Qəbuledilənlik

98. İlkin olaraq, Məhkəmə hesab edir ki, həm mülkiyyət hüququ, həm də hərəkət azadlığı hüququ Konvensiyaya əsasən məhdudiyyətlərə məruz qala bilər (bax: OAO Neftyanaya Kompaniya Yukos Rusiyaya qarşı, № 14902/04, §§). 663-66, 20 sentyabr 2011-ci il; Merabişvili Gürcüstana qarşı ([GC], № 72508/13, §§ 265, 271, 287 və 290, 28 noyabr 2017-ci il; və Navalnıy Rusiyaya qarşı ([GC], № 2958) /12 və 4 başqaları, §§ 164 165, 15 noyabr 2018-ci il) və əlavə edir ki, 18-ci maddədə altında verilən bu şikayət hazırkı işə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, bu müddəa üzrə şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil. Daha sonra qeyd edir ki, bu, hər hansı digər əsaslarla qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

(a) Ərizəçilər

99. Ərizəçilər bildirdilər ki, şikayət edilən məhdudiyyətlər siyasi motivli olub və onları insan hüquqlarının müdafiəsi işində iştiraklarına görə cəzalandırmaq məqsədi ilə tətbiq edilib. Onlar ölkədə insan hüquqlarının müdafiəsində fəal iştirak etdiklərini və onlara qarşı görülən tədbirlərin işlərini iflic etmək məqsədi daşıdığını qeyd ediblər. Onlar həmçinin qeyd ediblər ki, bu tədbirlər ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz. Belə ki, bu tədbirlər oxşar məhdudiyyətlərə məruz qalmış, ya da müxtəlif uydurma ittihamlarla həbs edilmiş və saxlanılmış hüquq müdafiəçilərinə və QHT fəallarına qarşı məqsədyönlü repressiv kampaniyanın tərkib hissəsidir.

(b) Hökumət

100. Hökumətin təqdimatları Rəşad Həsənov və başqaları Azərbaycana qarşı (№ 48653/13 və digər 3, §§ 114-15, 7 iyun 2018-ci il) işində təqdim etdikləri ilə eyni idi.

(c) Üçüncü tərəf

101. Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkillərin fəaliyyətinə qarışmamaq üzrə beynəlxalq standartların xülasəsini təqdim etmiş və ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin xüsusi rolunu vurğulamışdır. Üçüncü tərəf Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyətindən və vəkillərin təqib edilməsi praktikasından narahatlığını ifadə edərək, milli kontekstin əhəmiyyətinə diqqət çəkib.

2. Məhkəmənin qiymətləndirməsi

102. Məhkəmə ərizəçilərin şikayətini Böyük Palatanın Merabişvili (yuxarıda adı çəkilən, 287-317-ci bəndlər) və Navalnıy (yuxarıda göstərilən, §§ 164 65) qərarlarında müəyyən etdiyi ümumi prinsiplər işığında araşdıracaq.
103. Məhkəmə ilkin olaraq hesab edir ki, hazırkı ərizədə 18-ci maddə üzrə şikayət işin əsas tərəfini təşkil edir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə münasibətdə araşdırlmayıb və ayrıca araşdırmaya ehtiyac duyur.
104. Məhkəmə artıq müəyyən edib ki, ərizəçilərin bank hesablarının dondurulması və prokurorluq orqanları tərəfindən ərizəçiyə səfər qadağası qoyulması qanunsuzdur və eləcə də, ölkədaxili məhkəmələr tərəfindən ərizəçiyə səfər qadağası qoyulması hər hansı legitim məqsəd daşımayıb. Buna görə də, hazırkı işdə tətbiq edilən məhdudiyyət məqsədlərin müxtəlifliyi – nə gizlədilmiş məqsəd, nə də Konvensiya ilə müəyyən edilmiş məqsəd – baxımından heç bir məsələni ortaya çıxartmır (müqayisə edin, yuxarıda adı çəkilən Merabişvili, §§ 318 54).
105. Bununla belə, ərizəçilərin hüquqlarının məhdudlaşdırılmasının Konvensiyada nəzərdə tutulmuş məqsədə xidmət etməməsi faktı özlüyündə 18-ci maddənin də pozulduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas deyil. Buna görə də, hakimiyyət orqanlarının əslində gizli məqsədlə hərəkət etdiklərinə dair sübutların olub-olmadığını müəyyən etmək lazımdır.
106. Məhkəmə hesab edir ki, hazırkı işdə ağlabatan şübhələr olmadan belə sübutun olmasını kontekst faktorları ilə işə aid spesifik faktları üst-üstə qoymaqla müəyyən etmək olar.
107. Birincisi, ərizəçilərin statusuna gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçi-birlik insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmışdır və ərizəçi isə bir çox işlərdə Məhkəmə qarşısında vəkil və qanuni nümayəndə olub. Məhkəmə bir daha bildirir ki, o, insan hüquqlarının təşviqində və müdafiəsində, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıqda insan hüquqları müdafiəçilərinin xüsusi roluna və onların üzv dövlətlərdə insan hüquqlarının müdafiəsinə töhfələrinə xüsusi əhəmiyyət verir (bax: Əliyev Azərbaycana qarşı, № 68762/14 və 71200/14, § 208, 20 sentyabr 2018-ci il). Bununla əlaqədar olaraq, Məhkəməni təəccübləndirən odur ki, cinayət təqibini həyata keçirən orqanların tələbi ilə, 30 oktyabr 2014-cü ildə, Nəsimi Rayon Məhkəməsi heç bir qanuna əsaslanmadan Avropa Şurası tərəfindən ərizəçiyə hüquqi yardımın əvəzi olaraq köçürdüyü pulu cinayətin obyekti kimi müəyyən edib və cinayətdə “aləti kimi” istifadə edildiyini əsas gətirərək onunla bağlı həbs qərarı qəbul edib (yuxarıda 18-ci bəndə bax). Məhkəmə hesab edir ki, ərizəçinin bank hesablarına həbs qoyulması faktı onun peşəkar hüquqi fəaliyyətini həyata keçirməsinə mane olmaq üçün edildiyi ehtimalına işarə edir.
108. İkincisi, Məhkəmə bir faktı nəzərə alır ki, ərizəçilərin heç bir cinayət əməlində ittiham olunmadığı cinayət işi çərçivəsində hüquqlarının məhdudlaşdırılması nəinki hər hansı hüquqi əsasdan məhrumdur, həm də onların işini iflic edə biləcək şəkildə tətbiq edilib. Xüsusilə, nə ölkədaxili məhkəmələr, nə də Hökumət, nə üçün həbs qərarlarının konkret məbləğlərlə məhdudlaşmadığını, ərizəçilərin bütün bank hesablarına münasibətdə tətbiq edildiyini və beləliklə, onların praktiki olaraq peşə fəaliyyətini həyata keçirməsinə mane olduğu ilə bağlı heç bir izahat verməyiblər. Onlar həmçinin ərizəçiyə səfər qadağasının qoyulması üçün qanuni səbəblər irəli sürə bilməyiblər.
109. Üçüncüsü, Məhkəmə hesab edir ki, ərizəçilərin işinə təcrid olunmuş şəkildə baxmaq olmaz. Bu işə cavabdeh dövlətdə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbsi və saxlanılması fonunda baxmaq lazımdır. Məhkəmə qeyd edir ki, Əliyevin işində (yuxarıda adı çəkilən, § 223) müəyyən edib ki, onun bir sıra oxşar işlərə dair qərarlarında hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin – 18-ci maddəni pozaraq – qisas məqsədli həbsə və cinayət qanunundan sui-istifadə edərək təqibə məruz qalması ölkədə belə bir tendensiyanın olduğunu göstərir. Məhkəmə, həmçinin, bu kontekstdə bank hesablarının dondurulması və vətəndaş cəmiyyəti fəallarına səyahət qadağalarının tətbiqi ilə bağlı müxtəlif beynəlxalq insan haqları təşkilatlarının verdiyi hesabatları və rəyləri nəzərə almaya bilməz (yuxarıda 49-51-ci bəndlərə bax).
110. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan elementlər, ona ərizəçilərin hüquqlarının məhdudlaşdırılmasında gizli məqsədin güdülməsi, daha dəqiqi, ərizəçilərin insan hüquqları sahəsində fəaliyyətlərinə görə cəzalandırılması və onların bu fəaliyyəti davam etdirmələrinin qarşısını almaq məqsədi güddüyü qənaətinə gəlmək üçün kifayətdir;
111. Ona görə də hesab edir ki, müvafiq olaraq, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə birlikdə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə birlikdə isə ərizəçiyə münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulması baş vermişdir.

VI. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ

112. Konvensiyanın 46-cı maddəsinin bu işə uyğun gələn hissəsində yazılır:

“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. …”

113. Ərizəçilər bildirdilər ki, fərdi təzminatın ən münasib forması onların dondurlmuş bank hesablarının dərhal açılması və ərizəçiyə qarşı hələ də tətbiq edilən iki səyahət qadağasından birinin ləğvi olunmasıdır. Ərizəçilər, həmçinin, Məhkəmədən vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı ümumi tədbirlərin həyata keçirilməsi üçün Hökumətə göstəriş verməsini xahiş etdilər.
114. Hökumət bununla bağlı heç bir təqdimat təqdim etməyib.
115. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən, Razılığa gələn Tərəflər tərəf olduqları istənilən iş üzrə Məhkəmənin son qərarlarına riayət etməyi öhdələrinə götürüblər və onların icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Hazırkı işdə, əvvəlki vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaq üçün mövcud vasitələrin müxtəlifliyini və aidiyyəti olan məsələlərin xarakterini nəzərə alsaq, Nazirlər Komitəsi görüləcək xüsusi tədbirləri qiymətləndirməkdə Məhkəmədən daha münasib mövqedədir. Beləliklə, cavabdeh dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçilərin yenilənən vəziyyətini nəzərə alaraq, ərizəçilərin fəaliyyətlərini həyata keçirməyə hər hansı maneənin aradan qaldırılmasına yönəlmiş tədbirlərin – digər tədbirlər daxil olmaqla – görülməsinə nəzarət etmək Nazirlər Komitəsinə həvalə edilməlidir. Bu tədbirlər Məhkəmə tərəfindən aşkar edilmiş pozuntulara görə mümkün olan maksimum kompensasiyanı təmin etmək üçün həyata keçirilə bilən, vaxtında, adekvat və yetərli olmalıdır. Eləcə də, ərizəçiləri onların bank hesablarının dondurulmasından və ərizəçiyə səfər qadağalarının tətbiqindən əvvəl olduqları vəziyyətə qaytarmalıdır (bax: Əliyev, yuxarıda qeyd olunan, § 228 və Bağırov Azərbaycana qarşı, № 81024/12 və 28198/15, § 110, 25 iyun 2020-ci il).

VII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

116. Konvensiyanın 41-ci maddəsində yazılır:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

117. Ərizəçi-birlik maddi ziyana görə 42,416,15 avro (EUR) və ərizəçi isə 11,337,60 avro tələb edib. Buna əsas kimi, onlar fəaliyyətlərinin pozulmasını, müxtəlif vəsaitlərə çıxışın mümkünsüzlüyünü, qrantlardan ərizəçiyə ödənilməmiş əmək haqqını və ödənilməli olan vergiləri göstəriblər.
118. Ərizəçilərin hər biri mənəvi ziyana görə 30.000 avro tələb ediblər.
119. Hökumət bildirdi ki, ərizəçilərin tələb etdiyi məbləğlər əsassız və həddindən artıqdır və pozuntunun tanınması ədalətli kompensasiya olacaq. Hökumət qeyd etdi ki, ərizəçilər əmlaklarından məhrum edilməyiblər və qrant ala bilməmələri də maddi ziyanın ödənilməsi tələbi üçün əsas sayıla bilməz, çünki qrantlar onların şəxsi varlanması üçün verilməyib.
120. Məhkəmə ilkin olaraq qeyd edir ki, ərizəçilərin bank hesablarının dondurulması onları bank hesablarında olan pul məbləğlərindən məhrum etməyib. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı ərizə yerli hakimiyyət orqanları tərəfindən aparılan vergi yoxlamasına və həmin yoxlama nəticəsində ərizəçi-birliyə vergi borcunun qoyulmasının qanuniliyinə aid deyil. Müvafiq olaraq, Məhkəmə aşkar edilmiş pozuntularla ərizəçi-birliyin ödədiyi vergi borcu ilə bağlı iddia edilən maddi zərər arasında hər hansı səbəb-nəticə əlaqəsi görmür.
121. Bununla belə, Məhkəmə şübhə etmir ki, ərizəçilərin bank hesablarının dondurulması ərizəçilərin fəaliyyətinə mane olub və onlar üçün maddi itkilərə səbəb olub. Eyni zamanda, həmin itkilərin dəqiq məbləğini hesablamaq da spekulyativ olardı. Məhkəmə həmçinin hesab edir ki, ərizəçilər yalnız pozuntunun tanınması ilə əvəzlənə bilməyəcək mənəvi zərərə məruz qalıblar və buna görə də kompensasiya təyin edilməlidir (bax: Lupeni Yunan Katolik Kilsəsi və başqaları Rumıniyaya qarşı [GC], № 76943 /11, § 182, 29 noyabr 2016-cı il və Yehovanın Şahidlərinin Dini İcması Azərbaycana qarşı, № 52884/09, § 50, 20 fevral 2020-ci il). Məhkəmə ədalətli əsaslarla və əlində olan bütün məlumatların işığında qiymətləndirmə apararaq, ərizəçi-birliyə 8.000 avro, ərizəçiyə isə bütün dəymiş ziyanın məbləğləri ilə birlikdə 15.000 avro – üstəlik həmin məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla – məcmu məbləğin təyin edilməsini məqsədəuyğun hesab edir (yuxarıda qeyd olunan Bağırov, § 116 və yuxarıda qeyd olunan Yunusova və Yunusov (№ 2), § 206 ilə müqayisə edin).

B. Xərclər və məsrəflər

122. Ərizəçilər ölkədaxili məhkəmələr və Məhkəmə qarşısında onların cənab R.Mustafazadə tərəfindən təmsil olunması üçün çəkdikləri hüquqi xidmət xərclərinə görə 1,900 avro tələb etdilər. Onlar cənab R.Mustafazadə ilə bağlanmış müvafiq müqavilələri təqdim edib və bununla bağlı kompensasiyanın birbaşa cənab R.Mustafazadənin bank hesabına ödənilməsini xahiş ediblər.
123. Ərizəçilər, həmçinin xanım R. Remezaite və cənab P.Leach Məhkəmə proseslərində təmsilçiliyi üçün çəkdikləri hüquqi xidmət xərclərinə görə 13,346,56 funt sterlinq (GBP), habelə tərcümə üçün 905,55 avro tələb etdilər. Bu iddianı dəstəkləmək üçün onlar öz nümayəndələrinin iş vaxtı cədvəllərini və tərcümə xərcləri üçün hesab-fakturaları təqdim ediblər.
124. Hökumət hesab etdi ki, ərizəçilərin tələb etdiyi məbləğlər əsassız və həddindən artıqdır. Hökümət Məhkəmədən ərizəçilərin iddialarına ciddi yanaşma prinsipini tətbiq etməyi xahiş etdi və qeyd etdi ki, ərizəçilər xanım R.Remezaite və cənab P.Leach tərəfindən təmsil olunmaları və iddia edilən xərc və məsrəfləri çəkdiklərini əsaslandırmaq üçün heç bir müqavilə təqdim etməyiblər.
125. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məsrəflərin və xərclərin əvəzini yalnız o halda almaq hüququna malikdir ki, onların faktiki çəkildiyini və lazımlı olduğunu, eləcə də çəkilən miqdarın ağlabatan olmasını sübuta yetirsin. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına uyğun olaraq ədalətli kompensasiya üçün hər hansı iddia təfərrüatlı olmalı və müvafiq təsdiqedici sənədlər və ya çeklərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, əks halda Palata iddianı tam və ya qismən rədd edə bilər (bax. Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 97, 1 iyun 2017-ci il). Hazırkı işdə ərizəçilər, xanım R. Remezaite və cənab P. Leach tərəfindən təmsil olunmaları ilə bağlı hər hansı müqavilə və ya onların həmin nümayəndələr tərəfindən təmsil olunduqları üçün ödəniş etdikləri və ya ödəniş etmə öhdəlikləri olduğunu göstərən hər hansı sənəd təqdim etməyiblər (bax – Merabişvili, yuxarıda adı çəkilən, § 372; Bağırov, yuxarıda göstərilən, § 120; və Nəsirov və başqaları Azərbaycana qarşı, № 58717/10, § 89, 20 fevral 2020-ci il). Müxtəlif sənədlərin tərcüməsi ilə bağlı iddiaya gəldikdə, Məhkəmə hesab etmir ki, həmin sənədlərin tərcüməsi məhkəmə prosesi üçün zəruri idi (bax: Allahverdiyev Azərbaycana qarşı, № 49192/08, § 71, 6 mart 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 70, 12 noyabr 2015-ci il). Buna görə də, Məhkəmə xərc və məsrəflərə dair iddianın həmin hissəsini rədd edir.
126. Ərizəçilərin cənab R.Mustafazadə tərəfindən təmsil olunmasına gəldikdə, onda olan sənədləri və ərizəçilərin nümayəndəsi tərəfindən görülən işlərin həcmini nəzərə alaraq, Məhkəmə ərizəçilərə – ərizəçilərdən tutula biləcək hər hansı vergi daxil olmaqla – 1,900 avro məbləğində məbləğin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, bununla bağlı təyin edilmiş məbləğ birbaşa cənab R.Mustafazadənin bank hesabına köçürülməlidir.

C. İcranın gecikdirilməsinə görə faiz

127. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Qərar verir ki, ərizələr birləşdirilsin;

2. Ərizələri qəbuledilən elan edir;

3. Qərara alır ki, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

4. Qərara alır ki, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə birlikdə Konvensiyanın 13-cü maddəsi pozulub;

5. Qərara alır ki, prokurorluq orqanları tərəfindən ərizəçinin ölkədən çıxışına qadağa qoyulması Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulub;

6. Qərara alır ki, ölkədaxili məhkəmələr tərəfindən ərizəçinin ölkədən çıxışına qadağa qoyulması Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulub;

7. Qərara alır ki, hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin pozulması baş verib. Eləcə də, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə birlikdə 18-ci maddəsi ərizəçiyə münasibətdə pozulub.;

8. Qərara alır,

(a) Cavabdeh Dövlət konvensiyanın 44.2-ci maddəsinə əsasən yekun qərar qəbul olunduğu tarixdən üç ay müddətində işin həlli tarixində tətbiq olunan məzənnədə Azərbaycan Manatına mübadilə edilərək aşağıdakı məbləğdə təzminatı ərizəçilərə ödəməlidir

(i) Tutula biləcək hər hansı vergi daxil olmaqla, ərizəçi-birliyə maddi və mənəvi zərərə görə 8,000 avro (səkkiz min avro);

(ii) Tutula biləcək hər hansı vergi daxil olmaqla, ərizəçiyə maddi və mənəvi zərərə görə 15,000 avro (on beş min);

(iii) ərizəçilərdən tutula biləcək hər hansı vergi daxil olmaqla xərclər və məsrəflərlə bağlı 1,900 avro (min doqquz yüz avro) ərizəçilərin nümayəndəsi cənab R.Mustafazadənin bank hesabına birbaşa ödənilməlidir;

(b) Yuxarıda göstərilən üç ay müddət bitdikdən sonra, yuxarıdakı məbləğə hər bir gecikdirilmiş müddət üzrə Avropa Mərkəzi Bankının kredit dərəcəsi çərçivəsində adi faiz dərəcəsi üstəgəl üç faiz məbləğində ödəniş ediləcəkdir;

9. Ərizəçilərin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.

Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq ingilis dilində tərtib edilmiş və 14 oktyabr 2021-ci ildə yazılı şəkildə bildirilmişdir.

Martina Keller                            Síofra O’Leary
Katib müavini                            Prezident

 

ƏLAVƏ

Nöm. Ərizə nöm. İşin  adı Verilib Ərizəçinin adı, doğum taarixi və ünvanı Nümayəndəsi
1. 74288/14 Demokratiya və İnsana Haqları resurs Mərkəzi Azərbaycana qarşı 26/11/2014 Demokratiya və İnsana Haqları resurs Mərkəzi, 2006, Sumqayıt Ruslan Mustafazadə

Xalid Bağırov

Ramute Remezaite

Philip Leach

Kate Levine

Joanne Sawyer

Joanna Evans

Jessica Gavron

2. 64568/16 Mustafayev və Demokratiya və İnsana Haqları resurs Mərkəzi Azərbaycana qarşı 31/10/2016 Əsabəli Mustafayev,
1951,
SumqayıtDemokratiya və İnsana Haqları resurs Mərkəzi,
2006,
Sumqayıt
Ruslan Mustafazade

Asabali Mustafayev

Ramute Remezaite

Philip Leach

Kate Levine

Joanne Sawyer

Joanna Evans

Jessica Gavron