27 mart 2023-cü il tarixində dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizə nömrələri 71556/16 və 74112/17
Xədicə Rövşən qızı İSMAYILOVA Azərbaycana qarşı
Müvafiq olaraq 23 noyabr 2016-cı il və 11 oktyabr 2017-ci il tarixlərində daxil olub
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Hər iki ərizələr araşdırmaçı journalist olan ərizəçiyə cinayət işinin açılması ilə bağlıdır.
71556/16 nömrəli ərizə
2014-cü ilin oktyabr ayında keçmiş həmkarlarından birinin intihara cəhd etməsi epizodu ilə əlaqədar olaraq, ərizəçi intihara təhrik cinayətində ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin fevralında isə ərizəçi mənimsəmə, külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət əməllərində ittiham olunub. Bu ittihamlar ərizəçinin 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər olan müddətdə Azad Avropa/Azadlıq Radiosunun (“Azadlıq Radiosu”) Azərbaycan xidmətinin Bakı “bürosu”nun rəhbəri kimi fəaliyyəti, eləcə də sonrakı dövrlərdə Azadlıq Radiosundakı və digər vəzifələriylə bağlı fəaliyyətləri ilə əlaqəli idi.
1 sentyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi sübut yetərsizliyi səbəbindən intihara təhriklə bağlı irəli sürülən ittihamlar üzrə ərizəçiyə bəraət verib. Ancaq yerdə qalan ittihamlar üzrə ərizəçi təqsirli bilinib və o, 7 il yarım azadlıqdan məhrum olunub, eləcə də dövlət və yerli özünüidarəetmə orqanlarında inzibati və maliyyə vəzifələri tutmaq hüququndan müvəqqəti məhrum edilib. Apellyasiya şikayətlərindən ardından Ali Məhkəmənin 25 may 2016-cı il tarixli yekun qərarı ilə ərizəçiyə qarşı qanunsuz sahibkarlıq və külli miqdarda vergidən yayınma ittihamları üzrə hökm qüvvədə saxlanılıb, aşağı instansiya məhkəmələrinin digər ittihamlarla bağlı hökmü ləğv olunub. Ali Məhkəmə həmçinin, ərizəçinin cəzasını şərti olaraq üç il yarıma endirib və o, həbsdən azad edilib.
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü (b), (c) və (d) bəndlərinə əsaslanaraq şikayət edir ki, cinayət prosesi bütövlükdə ədalətsiz, siyasi motivli olub və ədalətli məhkəmə araşdırması hüququnun bir sıra təminatlarını pozub. O, həmçinin Konvensiyanın 7-ci maddəsinə əsasən, qanunsuz sahibkarlıq cinayətinə görə mühakimə olunduğu hərəkətlərində həmin cinayətin elementlərinin olmamasından şikayət edir. Son olaraq, ərizəçi mühakimə olunmasının və həbs edilməsinin onun Konvensiyanın 10 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını da pozmasından şikayət edib.
74112/17 nömrəli ərizə
2016-cı ilin may ayında Cinayət Məcəlləsinin 192.1-ci maddəsində “qanunsuz sahibkarlıq” anlayışına dəyişiklik edilib. Bunun ardınca ərizəçi Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət edərək, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi üzrə məhkum edildiyi əməllərin dəyişiklikdən sonra cinayət təşkil etmədiyini bildirib, məhkumluğunun ləğv edilməsini tələb edib. Məhkəmə vəsatəti qismən təmin edib – ərizəçinin təqsirləndirildiyi əməl Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif edilib, bu ittiham üzrə təyin edilmiş cəza dörd aya qədər azaldılıb. Habelə, ərizəçinin ümumi birləşdirilmiş şərti üç il yarım azadlıqdan məhrum etmə cəzası, şərti iki il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilib. Apellyasiya şikayətlərinin ardınca, 16 fevral 2017-ci il tarixli yekun qərarı ilə (ərizəçiyə 11 aprel 2017-ci il tarixdə təqdim edilib) Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Ərizəçi Konvensiyanın 7-ci maddəsinə əsasən, qanunsuz sahibkarlıq cinayətinə görə mühakimə olunduğu hərəkətlərində xüsusilə Cinayət Məcəlləsinə yuxarıda bəhs edilən dəyişikliklər edildikdən sonra həmin cinayətin elementlərinin olmamasından şikayət edir.
TƏRƏFLƏRƏ SUALLAR
71556/16 nömrəli ərizə ilə bağlı
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamının müəyyən edilməsində ədalətli dinləmə imkanlarına sahib olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna, çəkişmə və tərəflərin bərabərliyi prinsipinə hörmət göstərilbmi? Konvensiyanın 6-cı maddəsinin 3-cü (b) bəndində tələb olunduğu kimi, ərizəçiyə öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilbmi və şərait yaradılıbmı? Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü (c) bəndinin tələb etdiyi kimi, öz seçdiyi hüquqi yardım vasitəsilə özünü effektiv müdafiə edə bilibmi? Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3 (d) bəndinin tələb etdiyi kimi, onun əleyhinə olan şahidləri dindirmək və onun adından şahidlərin iştirakı imkanına sahib olubmu?
2. Ərizəçi barəsində cinayət mühakiməsi və azadlıqdan məhrum olunması onun Konvensiyanın 10-cu maddəsi ilə və Konvensiyanın 10-cu maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulmasına bərabər idimi?
Hər iki ərizə ilə bağlı
3. Ərizəçinin məhkum edildiyi əməllər və ya hərəkətsizliklər, Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulduğu kimi törədildiyi zaman milli və ya beynəlxalq hüquqa uyğun olaraq qanunsuz sahibkarlıq cinayətini (Cinayət Məcəlləsinin 192.1 və 192.2.2-ci maddələrində nəzərdə tutulduğu kimi) təşkil edirmi? Ərizəçinin məhkum olunduğu cinayət əməlinin yerli məhkəmələr tərəfindən şərhi, Konvensiyanın tələbləri çərçivəsində öncədən görüləbilənlik tələblərinə cavab verirdimi?