№70981/11 SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANI ÖYRƏNMƏ MƏRKƏZİ VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI – 12 YANVAR 2023-CÜ İL

© tərcümə – aihmaz.org

 

 

BİRİNCİ BÖLMƏ

SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANI ÖYRƏNMƏ MƏRKƏZİ VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI
(Ərizə no. 70981/11)

QƏRAR

STRASBURQ

12 Yanvar 2023

 

Bu qərar qətidir, ona redaktə xarakterli dəyişikliklər edilə bilər

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Başqaları Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Krzysztof Wojtyczek, Sədr,
Lətif Hüseynov,
Erik Wennerström, hakimlər,
və Liv Tigerstedt, İclas Katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycanda iqamət edən hüquqşunas Cənab İ. Əliyev tərəfindən məhkəmə qarşısında təmsil olunan ərizəçi ictimai birlik (no. 70981/11) və iki fərd (“ərizəçilər”) tərəfindən 4 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni;

Konvensiyanın 11-ci və 34-cü maddələrinə aid şikayətlər haqda Azərbaycan Hökumətinin (“Hökumət”) təmsilçisi Cənab Ç.Əsgərovun məlumatlandırılması və ərizənin qalan hissəsinin qəbuledilməz sayılması haqqında qərarı;

tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

6 dekabr 2022-ci il tarixdə xüsusi müzakirə aparıb,

həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

MƏHKƏMƏ İŞİNİN HALLARI

1. Hazırkı ərizə yerli hakimiyyət orqanlarının iki ayrı ərizəçi tərəfindən təsis edilmiş ərizəçi birliyi dövlət qeydiyyatına almaqdan imtina etməsi ilə bağlıdır.

2. 2008-ci ildə iki fərdi ərizəçi (ikinci və üçüncü ərizəçilər haqqında əlavə edilmiş siyahıya baxın) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi adlanan qeyri-hökumət təşkilatı olan ərizəçi İctimai Birliyi təsis ediblər. Onlar İctimai Birliyin hüquqi şəxs kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (“Nazirlik”) müraciət ediblər, müvafiq sənədləri nazirliyə təqdim ediblər.

3. Nazirlik 12 mart 2009-cu il tarixdə təqdim edilmiş sənədlərin yoxlanılması müddətini otuz günlüyə uzadıb.

4. Nazirlik ikinci ərizəçiyə ünvanlanmış 29 aprel 2009-cu il tarixli məktubunda aşağıdakı iddia edilən çatışmazlıqların müəyyən edildiyini göstərib və təqdim edilmiş sənədləri geri qaytarıb:

a) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun (“Dövlət qeydiyyatı haqqında” Qanun) 5.4-cü maddəsinə uyğun olaraq, ərizəçi birliyin yaradılması və nizamnaməsinin təsdiq olunması haqqında qərar qəbul edilməli və təsisçilər həmin qərarı qəbul etdikləri yığıncağın protokolu təqdim olunmalı idi; və

(b) nizamnamənin 1.4-cü bəndində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun (“QHT-lər haqqında” qanun) adı yanlış yazılmışdır.

5. Yuxarıda qeyd olunan məktubu alan ikinci və üçüncü ərizəçilər Nazirliyin hərəkətindən Yasamal Rayon Məhkəməsinə şikayət veriblər. Onlar bildiriblər ki, Nazirliyin iddiaları yanlış və qanunsuzdur, çünki onlar əslində birliyin yaradılması və nizamnaməsinin qəbulu ilə bağlı qərarı, yəni “Qərar” və “Protokoldan çıxarış” başlıqlı sənədi Nazirliyə təqdim ediblər.

6. Onlar həmçinin iddia ediblər ki, “Dövlət qeydiyyatı haqqında” Qanunun 8.2-ci maddəsində tələb olunduğu kimi, təqdim edilmiş sənədlərin yoxlanılması müddətinin uzadılması üçün heç bir üzrlü “istisna” səbəbi mövcud olmayıb.

7. 2 sentyabr 2009-cu il tarixdə birinci instansiya məhkəməsi Nazirliyin hərəkətlərində hər hansı qanunsuzluq müəyyən etmədiyindən şikayəti rədd edib. Bakı Apellyasiya Məhkəməsi 17 dekabr 2009-cu ildə həmin qərarı qüvvədə saxlayıb. Lakin 13 avqust 2010-cu il tarixdə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərib.

8. 3 dekabr 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi Nazirliyin həm sənədlərə baxılması müddətini uzatmaqla, həm də ərizəçi birliyi qeydiyyata almaqdan imtina etməklə qanuna uyğun hərəkət etdiyini müəyyən edərək şikayəti yenidən rədd edib. Apellyasiya instansiyası məhkəməsi qərarında vurğulayıb ki, nazirliyin iddia edilən çatışmazlıqlarla gəldiyi ilk rəy (yuxarıda 4-cü bəndin “a” bəndində ümumiləşdirilib) qanuni olub. 20 aprel 2011-ci il tarixdə Ali Məhkəmə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkrarlamaqla həmin qərarı qüvvədə saxlayıb (Ali Məhkəmənin qərarı ərizəçilərə 6 may 2011-ci ildə göndərilib).

9. 2014-cü ilin avqustunda ərizəçilərin nümayəndəsi cənab Əliyevə qarşı cinayət işi başlanılıb. İstintaq orqanları onun ofisindən bir çox sənədləri, o cümlədən hazırkı ərizə ilə bağlı işin materiallarını da götürüblər.

10. Ərizəçilər Məhkəməyə şikayət edirlər ki, Nazirliyin hərəkətləri onların birləşmək azadlığı hüququnu pozub.

11. Ərizəçilər həmçinin, onların iş materiallarının vəkillərinin ofisindən götürülməsinin Konvensiyanın 34-cü maddəsini pozmasından da şikayət ediblər.

MƏHKƏMƏNİN DƏYƏRLƏNDİRMƏSİ

I. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

12. Ərizəçilər iddia etdilər ki, Nazirliyin imtina məktubunda irəli sürdüyü iddiaların heç bir faktiki və hüquqi əsası olmayıb.

13. Onlar həmçinin iddia ediblər ki, təqdim edilmiş sənədlərin yoxlanılması müddətinin uzadılması üçün müvafiq daxili qanunvericiliyin tələb etdiyi şəkildə heç bir əsaslı “istisna” səbəbi mövcud olmayıb.

14. Hökumət bildirib ki, Nazirlik sənədləri ərizəçilərin həmin sənədlərdə müəyyən edilmiş çatışmazlıqları aradan qaldıra bilmələri üçün geri qaytarıb.

15. Məhkəmə, bu şikayətin açıq-aşkar əsassız və Konvensiyanın 35.3(a)-cü maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz olmadığını qeyd edir. Buna görə də ərizə, qəbuledilən elan edilməlidir.

16. Bu şikayətə tətbiq edilən ümumi prinsiplər Məhkəmənin Seçkilərin Monitorinqi Mərkəzi və başqaları Azərbaycana qarşı (№ 64733/09, §§ 65-66 və 69-74, 2 dekabr 2021-ci il) işi üzrə qərarında ümumiləşdirilmişdir.

17. Məhkəmə, Seçkilərin Monitorinqi Mərkəzi və Başqalarının işində olduğu kimi bir daha vurğulayır ki, “Dövlət qeydiyyatı haqqında” Qanunda digər məsələlərlə yanaşı, müvafiq olaraq 8.3 və 11.3.1-ci maddələrdə iki müvafiq qeydiyyat qaydası nəzərdə tutulub. Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub ki, təqdim edilmiş sənədlərdə birliyin qeydə alınmasından rəsmi imtinaya əsas verməyən çatışmazlıqlar olarsa, Nazirlik həmin sənədləri geri qaytarmalı və həmin çatışmazlıqların aradan qaldırılması üçün təsisçilərə iyirmi gün vaxt verməli idi. Qanunun 11.3.1-ci maddəsinə əsasən, təqdim edilmiş sənədlər Azərbaycan Konstitusiyasına, Dövlət qeydiyyatı haqqında Qanuna və ya hər hansı digər qanunvericiliyə zidd olarsa, qeydiyyatdan imtina edilə bilər (eyni yerdə, § 51).

18. Hazırkı işdə Nazirliyin məktubunun mətni həmin məktubun qərar olub-olmaması baxımından birmənalı başa düşülən deyildi, aydın olmurdu ki, “Dövlət qeydiyyatı haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən ərizəçi birliyin “qeydiyyata alınmasından imtina edilməsi” ilə, yoxsa, həmin Qanunun 8.3-cü maddəsinə əsasən “sənədlərin düzəliş üçün geri qaytarılması haqqında”dır (yuxarıda göstərilən Seçkilərin Monitorinqi Mərkəzi və Başqalarının işi ilə müqayisə edin, § 52).

19. Bununla yanaşı, daxili məhkəmələr Nazirliyin məktubunu onun prosessual baxımından doğru olub-olmadığını incələmədən “Dövlət qeydiyyatı haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən ərizəçi birliyin qeydiyyata alınmasından imtina olunması haqda qərar kimi qiymətləndiriblər. Məhkəmələr eyni zamanda Nazirliyin iddia edilən çatışmazlıqlarla bağlı ilk qənaətinin (yuxarıda 4(a) bəndində ümumiləşdirilmiş) qanuni olduğunu və buna görə də ərizəçi birliyin qeydiyyata alınmasından imtina olunmasının da qanuni olduğunu bəyan etməyə davam ediblər (yuxarıda göstərilən Seçki Monitorinq Mərkəzi və Başqaları işi, müvafiq olaraq 93 və 54-cü paraqrafları müqayisə edin).

20. Beləliklə, belə nəticəyə gəlmək olar ki, yerli məhkəmələr iddia edilən çatışmazlığın – yəni, Dövlət qeydiyyatı haqqında qanunun 5.4-cü maddəsinə əsasən, qeydiyyat sənədlərinə birliyin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqda qərarın əlavə edilməməsini bəlli daxili normanı pozması səbəbindən, ərizəçi birliyin qeydiyyata alınmasından birbaşa imtina olunmasına əsas verən çatışmazlıq kimi qəbul ediblər.

21. Bu baxımdan Məhkəmə, ərizəçilərin Nazirliyə təqdim etdikləri sənədin “Protokoldan çıxarış” adlandırlmasına rəğmən, həmin sənədin mətninin ərizəçi birliyin yaradılmasını və onun nizamnaməsinin təsdiq edilməsini əhatə etdiyini qeyd edir. Bu səbəbdən məhkəmələr də daxil olmaqla yerli hakimiyyət orqanlarının ərizəçilərin “Dövlət qeydiyyatı haqqında” Qanunun yuxarıda qeyd olunan 5.4-cü maddəsinə əməl etmələrinə hansı səbəbdən inanmadıqları bəlli deyil. Digər tərəfdən, Hökumət də bununla bağlı heç bir izahat təqdim etməyib.

22. Bununla birlikdə Məhkəməyə görə, sənədlərdə Nazirlik tərəfindən iddia olunan çatışmazlıqların mövcud olduğunu müəyyən etmək üçün faktiki və hüquqi əsasların mövcud olduğunu fərz etsək belə, bu çatışmazlıqların heç biri (yuxarıda 4-cü bənddə göstərilmiş) açıq şəkildə birliyin var olması və ya fəaliyyətləri ilə bağlı əsas məsələlərə aid deyildi, yalnız prosessual və ya hətta texniki məzmunda iddia olunan çatışmazlıqlar kimi xarakterizə edilə bilərdi. Bu səbəbdən, yerli hakimiyyət orqanlarının onları nəyə görə “düzəldilə bilən çatışmazlıqlar” kimi qəbul etməməsinin səbəbləri aydın deyil. Məhkəmə, “Dövlət qeydiyyatı haqqında” Qanunun 11.3.1-ci maddəsini – həmin norma tərəfindən tənzimlənən mövzunun məzmununu nəzərə almadan – hər hansı, hətta ən kiçik, hətta müəyyən daxili normaya əməl edilməməsinə tətbiq etməklə, yerli hakimiyyət orqanlarının həmin maddəni gözlənilməz olaraq geniş şəkildə şərh etdiyi qənaətindədir (müqayisə üçün, mutatis mutandis, Seçkilərin Monitorinqi Mərkəzi və Başqalarının işi, yuxarıda qeyd olunan § 90). Bu səbəbdən, hazırkı işdə daxili qanunvericiliyin təfsiri və tətbiq olunma formasının ərizəçiləri özbaşına müdaxilələrdən qorumadığı nəticəsi orytaya çıxır.

23. Yuxarıda göstərilənlərin hamısını göz önünə alan Məhkəmə, yerli hakimiyyət orqanlarının ərizəçi birliyi qeydiyyata almaqdan imtina etməsinin özbaşına olduğunu və Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin işığında “qanunda nəzərdə tutulmadığını” təsbit edir.

24. Yuxarıda gəldiyi nəticəni nəzərə alan Məhkəmə, hazırkı ərizə ilə bağlı ərizəçilərin irəli sürdükləri digər iddiaların incələnməsinə ehtiyac görmür (yuxarıdakı 13-cü bəndə bax).

25. Beləliklə, müvafiq olaraq, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib.

II. KONVENSİYANIN DİGƏR POZUNTULARI İLƏ BAĞLI İDDİALAR

26. Ərizəçilər, həmçinin Məhkəmənin oturuşmuş yaxşı presedent hüququnun çərçivəsinə daxil olan başqa bir şikayət də irəli sürüblər. Məhkəmə onda olan bütün materialları araşdırdıqdan sonra Ənnağı Hacıbəyli Azərbaycana qarşı işindəki nəticələrin işığında Konvensiyanın 34-cü maddəsinin pozulduğunu müəyyən edir (№ 2204/11, §§ 64-79, 22 oktyabr 2015-ci il).

KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

27. Ərizəçilər yerli məhkəmələr və Məhkəmə qarşısında dəymiş mənəvi zərərə görə birlikdə 20.000 avro (EUR) və xərc və məsrəflərə görə (hüquqi xidmətlər üçün 4.500 avro; tərcümə xidmətləri üçün 200 avro) 4.700 avro tələb ediblər.

28. Hökumət, ərizəçinin tələb etdiyi məbləğlərin əsassız və həddindən artıq olduğunu iddia edib.

29. Məhkəmə, tutula biləcək hər hansı vergi məbləği ilə yanaşı mənəvi ziyana görə ərizəçilərə birlikdə 4500 avro ödənilməsini təyin edir.

30. Məhkəmə əlində olan sənədləri nəzərə alaraq, hüquqi və tərcümə xidmətləri üçün ərizəçilərə müştərək qaydada 500 avro və 200 avro, o cümlədən ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləğinin təyin edilməsini məqsədəuyğun hesab edir.

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, şikayət qəbulediləndir;

2. Qərar verir ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib;

3. Qərar verir ki, Konvensiyanın 34-cü maddəsinin pozuntusu baş verib;

4. Qərar verir ki,

(a) cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə müştərək qaydada ödəməlidir:

(i) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə, mənəvi ziyana görə 4,500 avro (dörd min beş yüz avro);

(ii) tutula biləcək hər hansı vergi məbləği də daxil olmaqla tərcümə xərclərinə görə 200 (iki yüz) avro;

(iii) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə hüquqi xərc və məsrəflərə görə birbaşa ərizəçilərin hüquqi nümayəndəsi Cənab İ.Əliyevin bank hesabına ödənilməsi üçün 500 (beş yüz) avro;

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

5. Ərizəçilərin ədalətli əvəz tələbinin qalan hissəsini rədd edir.

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 12 yanvar 2023-cü il tarixdə yazılı olaraq açıqlanıb.

Liv Tigerstedt                         Krzysztof Wojtyczek
Katib                                          Sədr

CƏDVƏL

No. Ərizəçinin adı Doğum tarixi Milliyəti İqamət yeri
1. SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANI ÖYRƏNMƏ MƏRKƏZİ 2008 Baku
2. Anar Asəf oğlu MƏMMƏDLİ 1978 Azərbaycanlı Bakı
3. Bəşir Süleyman oglu SÜLEYMANLI 1980 Azərbaycanlı Bakı