© tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
MUSTAFA HACILI VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(Ərizə № 69483/13 və 2 digər – əlavədəki siyahıya bax)
QƏRAR
STRASBURQ
6 oktyabr 2022-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Mustafa Hacılı və Digərləri Azərbaycana qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakılardan ibarət tərkibdə toplaşaraq,
hakimlər:
Síofra O’Leary, sədr,
Mārtiņš Mits,
Stéphanie Mourou-Vikström,
Lətif Hüseynov,,
Ivana Jelić,
Arnfinn Bårdsen,
Kateřina Šimáčková, hakimlər
və Bölmə Katibinin Müavini,Victor Soloveytchik,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən adları əlavədəki siyahıda göstərilən altı Azərbaycan vətəndaşının əlavədəki cədvəldə göstərilən müxtəlif tarixlərdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdiyi Ərizələri (№ 69483/13, 76319/13, 30456/14);
Azərbaycan Hökümətinin (Hökümət) 6-cı maddə (əsaslandırılmış məhkəmə qərarına olan hüquq), 10-cu maddə (ifadə azadlığı hüququ, yalnız 69483/13 №-lu ərizədə qaldırılıb) və 11-ci maddə (toplaşmaq azadlığı) ilə əlaqədar şikayətlər barədə məlumatlandırılmasını və 30456/14 №-li ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi ilə bağlı qərarı;
tərəflərin təqdimatlarını;
nəzərə alaraq,
işi 30 avqust 2022-ci ildə qapalı iclasda araşdırıb,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
GİRİŞ
1. Ərizəçilər şikayət ediblər ki, yerli hakimiyyət orqanlarının dinc ictimai toplantılarına icazə verməkdən və ya planlaşdırılan yerlərdə həmin toplantılara icazə verməkdən imtina etməsi onların Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu pozub. 69483/13 №-li şikayətdə ərizəçilər bununla bağlı Konvensiyanın 10-cu maddəsinə də istinad ediblər. Bundan əlavə, bütün ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən yerli məhkəmələrin qərarlarının kifayət qədər əsaslandırılmamasından şikayət ediblər.
FAKTLAR
2. Ərizəçilər haqqında məlumatlar Əlavədə göstərilib. Onlar Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab R. Mustafazadə və cənab Ə. Mustafayev tərəfindən təmsil ediliblər.
3. Hökumət öz nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.
4. İşin hallarını aşağıdakı kimi xülasə etmək olar.
I. İCTİMAİ TOPLANTILARA İCAZƏ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTLƏR
5. Hər üç şikayətdəki ərizəçilər “İctimai Palata” adlı siyasi qrupun üzvləridir. Həmin qrupun üzvləri kimi onlar 2012-ci ildə Bakıda bir neçə toplantı keçirməyi planlaşdırıblar.
A. Ərizə № 69483/13
6. 69483/13 №-li şikayətdə ərizəçilər 22 aprel 2012-ci il tarixdə toplantı (piket) keçirməyi planlaşdırıblar. Onların Bakı Şəhər İcra Hakimiyyətinə (“BŞİH”) əvvəlcədən verdikləri bildirişə əsasən, toplantının saat 12-dən saat 1-ə qədər BŞİH qarşısında, əlli nəfərin gözlənilən iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
7. Toplantının məqsədi sərbəst toplaşmaq azadlığına qoyulan qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək, eləcə də siyasi islahatlar və siyasi məhbuslara azadlıq tələb etmək olub.
8. Bununla belə, 18 aprel 2012-ci il tarixli məktubla BŞİH toplantıya icazə verməkdən imtina edib. BŞİH qeyd edib ki, eyni gündə oxşar motivli başqa bir toplantı – 76319/13 №-li şikayətdəki ərizəçilər tərəfindən planlaşdırılan toplantı üçün yer təyin edib və buna görə də 69483/13 №-li şikayətdəki ərizəçilər tərəfindən təklif olunan toplantının keçirilməsi məqsədəuyğun hesab olunmur.
9. Belə görünür ki, planlaşdırılan toplantı sonda baş tutmayıb.
B. Ərizə № 76319/13
10. 76319/13 №-li şikayətdəki ərizəçilər 22 aprel 2012-ci il tarixdə keçiriləcək toplantı (mitinqin ardınca yürüş) planlaşdırıblar. Onların BŞİH-yə əvvəlcədən verdikləri bildirişə əsasən, toplantı saat 16:00-dan etibarən 18:00-a qədər on min nəfərin gözlənilən iştirakı ilə baş tutmalı idi. Ərizəçilər toplantının keçirilməsi üçün üç müxtəlif yer (biri Bakının Nizami rayonunda – “Təbriz” kinoteatrının qarşısındakı meydan, digər ikisi isə Binəqədi və Nərimanov rayonlarında) təklif ediblər. Onlar BŞİH-dən həmin yerlərdən birinə razılıq verməsini xahiş ediblər.
11. İstifadə olunacaq şüarların məzmununa görə, toplantının məqsədi, inter alia, yeni parlament seçkiləri, siyasi islahatlar, siyasi məhbuslara azadlıq və sərbəst toplaşmaq hüququnun müdafiəsini tələb etmək, eləcə də korrupsiya və mülkiyyət hüquqlarının pozulmasına etiraz etmək idi.
12. Bununla belə, 18 aprel 2012-ci il tarixli məktubla BŞİH ərizəçilərin təklif etdiyi yerlərdən hər hansı birində toplaşmaq icazəsi verməkdən imtina edib və Bakının kənarında başqa bir yer – Səbail rayonu 20-ci yaşayış massivində yerləşən sürücülük məktəbinin ərazisini təklif edib. BŞİH qeyd edib ki, ərizəçilərin göstərdiyi yerlər “nəqliyyatın intensiv olduğu ərazilərdir və buna görə də orada toplantı keçirmək mümkün deyil”. BŞİH onu da qeyd edib ki, “[toplantının] orada iştirak etmək istəməyən vətəndaşların sərbəst hərəkətinə və nəqliyyatın normal fəaliyyətinə yaranacaq ciddi problemləri nəzərə alaraq, [planlaşdırılan toplantıya] münasibətdə təhlükəsizliyin təmin edilməsi mümkün deyil”.
13. Belə görünür ki, icazədən imtina etdikdən sonra ərizəçilər toplantını BŞİH-nin təklif etdiyi yerdə keçirmək qərarına gəliblər.
C. Ərizə № 30456/14
14. 30456/14 №-li şikayətdəki ərizəçi 13 oktyabr 2012-ci il tarixdə keçiriləcək toplantı (yürüş) planlaşdırıb. Ərizəçinin BŞİH-yə əvvəlcədən verdiyi bildirişə əsasən, toplantı saat 16:00-dan saat 18:00-a qədər on min nəfərin gözlənilən iştirakı ilə baş tutmalı idi; toplantının Parlament prospektinə bitişik meydandan başlayaraq, həmin prospekt boyunca davam etməsi və Parlament binasının qarşısında bitməsi planlaşdırılıb.
15. Toplantının məqsədi parlamentə növbədənkənar seçkilərin keçirilməsini tələb etmək olub.
16. 10 oktyabr 2012-ci il tarixli məktubla BŞİH ərizəçinin göstərdiyi yerdə toplantıya icazə verməkdən imtina edib və Bakının kənarında başqa bir yer (76319/13 №-li ərizədə BŞİH tərəfindən təklif edilən eyni yer – yəni, Səbail rayonu 20-ci yaşayış massivində yerləşən sürücülük məktəbinin həyəti) təklif edib. 76319/13 -li şikayətdə olduğu kimi, BŞİH qeyd edib ki, ərizəçilərin göstərdiyi yer “nəqliyyatın intensiv olduğu ərazidir və buna görə də orada toplantı keçirmək mümkün deyil” və “[toplantının] orada iştirak etmək istəməyən vətəndaşların sərbəst hərəkətinə və nəqliyyatın normal fəaliyyətinə yaranacaq ciddi problemləri nəzərə alaraq, [planlaşdırılan toplantıya] münasibətdə təhlükəsizliyin təmin edilməsi mümkün deyil”.
17. Belə görünür ki, planlaşdırılan yürüş sonda keçirilməyib.
II, YERLİ MƏHKƏMƏ PROSESLƏRİ
18. İmtina məktublarını aldıqdan sonra ərizəçilər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində sərbəst toplaşmaq hüququnun pozulduğunu əsas gətirərək BŞİH-ə qarşı (mülki qaydada) iddia qaldırıblar və məhkəmədən BŞİH-nin qərarlarını qanunsuz elan etməyi (hər üç ərizədə), BŞİH-nin üzərinə toplantıya icazə vermək öhdəliyinin qoyulmasını (ərizə № 30456/14) və ya mənəvi ziyanın ödənilməsini (69483/13 və 76319/13 №-li ərizələrdə) tələb ediblər.
19. Hər üç işdə ərizəçilər BŞİH-nin qərarlarının qanuniliyinə və mütənasibliyinə etiraz ediblər.
20. 69483/13 №-li şikayətdəki ərizəçilər xüsusilə iddia ediblər ki, sadəcə eyni tarixdə şəhərin başqa yerində oxşar şüarlarla başqa bir toplantı planlaşdırıldığı üçün onların toplantısına icazə verməkdən imtina edilməsi qeyri-qanuni olub.
21. 76319/13 №-li şikayətdəki ərizəçilər xüsusi olaraq iddia ediblər ki, onların təklif etdiyi yerlərdən biri – Bakının Nizami rayonundakı Təbriz kinoteatrının qarşısındakı meydan BŞİH-nin ictimai toplantıların keçirilməsi üçün yerlərin göstərildiyi siyahısında olub. Həmin siyahı “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin VI hissəsinə uyğun olaraq BŞİH tərəfindən hazırlanıb (aşağıda 28-ci bəndə bax) və “Azərbaycan” qəzetində dərc edilib (ərizəçilər sözügedən siyahının surətini daxili məhkəmələrə təqdim ediblər, lakin Məhkəməyə təqdim etməyiblər).
22. 30456/14 №-li şikayətdəki ərizəçi xüsusilə iddia edib ki, BŞİH öz iddialarını dəstəkləyən heç bir sübut təqdim etməyib.
23. Bundan başqa, 76319/13 №-li şikayətdəki ərizəçilər iddia ediblər ki, BŞİH-nin təklif etdiyi Bakının kənarındakı yer ictimai toplantıların keçirilməsi üçün uyğun deyil və 30456/14 №-li şikayətdəki ərizəçi toplantının planlaşdırılan yerinin toplantının məqsədi üçün çox vacib olduğunu, çünki iştirakçıların səsləndirmək niyyətində olduğu tələblərin Parlamentə aid olduğunu və ona ünvanlandığını iddia ediblər.
24. Müvafiq olaraq, 28 avqust 2012-ci il, 29 avqust 2012-ci il və 17 aprel 2013-cü il tarixlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda qeyd olunan məktublarda göstərildiyi kimi (bax: yuxarıda 8, 12 və 11-ci bəndlər), BŞİH-nin arqumentlərini toplantılara icazə verməkdən imtina etmək üçün əsaslı səbəblər kimi qəbul edərək ərizəçilərin şikayətlərini rədd edib.
25. Ərizəçilər əvvəlki şikayət və arqumentlərini təkrarlayaraq apellyasiya şikayətləri veriblər.
26. Bakı Apellyasiya Məhkəməsi müvafiq olaraq 13 dekabr 2012, 20 dekabr 2012 və 13 avqust 2013-cü il tarixlərdə əsas etibarilə birinci instansiya məhkəməsinin arqumentlərini təkrarlayaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb. Müvafiq olaraq, 13 mart 2013-cü il, 15 may 2013-cü il və 20 noyabr 2013-cü il tarixlərdə Ali Məhkəmə eyni qaydada apellyasiya instansiyası məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.
27. Yerli məhkəmələrin heç biri ərizəçilərin yuxarıda 20-23-cü bəndlərdə xülasə edilmiş arqumentlərinə münasibət bildirməyib.
HÜQUQ
I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ
29. Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onları vahid qərarda birgə araşdırmağı məqsədəuyğun hesab edir
II. KONVENSİYANIN 10-CU VƏ 11-Cİ MADDƏLƏRİNİN POZUNTUSU İDDİASI
30. Ərizəçilər şikayət ediblər ki, yerli hakimiyyət orqanlarının dinc ictimai toplantılarına icazə verməkdən və ya planlaşdırılan yerlərdə həmin toplantılara icazə verməkdən imtina etməsi onların Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu pozub. 69483/13 №-li şikayətdə ərizəçilər imtinaların Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnu pozduğundan da şikayət ediblər. Konvensiyanın 10 və 11-ci maddələri aşağıdakı kimidir:
10-cu maddə
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
11-ci maddə
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”
A. Qəbuledilənlik
31. Məhkəmə qeyd edir ki bu şikayətlər açıq-aşkar əsassız və Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də onlar qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. 69483/13 №-li şikayətdə ərizəçilərin şikayətlərinin əhatə dairəsi
32. Məhkəmə qeyd edir ki, 69483/13 №-li şikayətin hallarında 10-cu maddə lex specialis olan 11-ci maddəyə münasibətdə lex generalis kimi qəbul edilməlidir. Buna görə də 10-cu maddə üzrə şikayətləri ayrıca nəzərə almağa ehtiyac yoxdur. Digər tərəfdən, avtonom rolu və xüsusi tətbiq dairəsi nəzərə alınaraq, 11-ci maddə həm də 10-cu maddənin işığında nəzərdən keçirilməlidir. 10-cu maddə ilə təmin edilən fikirlərin müdafiəsi və onları ifadə etmək azadlığı 11-ci maddədə təsbit edilmiş dinc toplaşmaq azadlığının məqsədlərindən biridir (bax: bir çox digərləri ilə yanaşı, Azadlıq və Demokratiya Partiyası (ÖZDEP) Türkiyəyə qarşı [BP], № 23885/94, § 37, AİHM 1999 VIII; Kudreviçius və Digərləri Litvaya qarşı [BP], № 37553/05, §§ 85-86, 15 oktyabr 2015-ci il; və Tuskia və Digərləri Gürcüstana qarşı, № 14237/07, § 73, 11 oktyabr 2018-ci il; həmçinin aşağıdakı 66-cı bənddəki təhlilə bax).
2. Tərəflərin arqumentləri
33. Ərizəçilər xüsusilə iddia ediblər ki, toplaşmaq azadlığını tənzimləyən daxili qanunvericilik öncəgörüləbilənlik və dəqiqlik prinsiplərinə uyğun gəlmir və özbaşına müdaxilələrə yol verir. Ərizəçilərin təşkil etdiyi dinc ictimai toplantılara icazə verməkdən (ərizə № 69483/13) və ya planlaşdırılan yerlərdə (76319/13 və 30456/14 №-li ərizələr) toplantıların keçirilməsinə icazə verməkdən BŞİH-nin imtinaları qanuni və demokratik cəmiyyətdə zəruri olmayıb.
34. Hökumət iddia edib ki, BŞİH-nin sözügedən ictimai toplantılara icazə verməkdən imtina etməsi daxili qanunvericiliyə uyğun olub (qanunla müəyyən edilib), ictimai asayişin qorunması (mühafizəsi) və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıyıb, demokratik cəmiyyətdə zəruri və qarşıya qoyulan məqsədə mütənasib olub.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olmaması
35. Məhkəmə qeyd edir ki, sözügedən toplantılara ya ümumiyyətlə icazə verilməyib, ya da onların planlaşdırılan yerlərdə keçirilməsinə icazə verilməyib (sonuncu məsələ ilə bağlı əlavə təhlil üçün aşağıda 63-65-ci bəndlərə bax). Həmin imtinalar təşkilatçıların və iştirakçıların zorakılıq niyyətlərinin olması, zorakılığa təhrik etmək istəməsi və ya demokratik cəmiyyətin əsaslarını başqa yolla rədd etmək istəməsi kimi fundamental səbəblərə əsaslanmayıb.
36. Məhkəmə hesab edir ki, həm açıq-aşkar imtina, həm də planlaşdırılan yerlərdə toplantılara icazə verməkdən imtina ərizəçilərin sərbəst toplaşmaq hüququna müdaxilə təşkil edib (bax: Birləşmiş Makedoniya Təşkilatı İlinden və İvanov Bolqarıstana qarşı, № 44079/ 98, § 103, 20 oktyabr 2005-ci il və Laşmankin və Digərləri Rusiyaya qarşı, № 57818/09 və digər 14, § 405, 7 fevral 2017-ci il).
37. Konvensiyanın 11-ci maddəsinin şərtlərinə əsasən müdaxilə “qanunla nəzərdə tutulmazsa”, həmin maddənin 2-ci bəndində göstərilən legitim məqsədlərdən birini və ya bir neçəsini güdməzsə və həmin məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri olmazsa” əsaslandırılmamış hesab olunacaq.
(b) Müdaxilənin qanuni olub-olmaması
(i) Tətbiq olunan prinsiplər
38. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 8-11-ci maddələrindəki “qanunla nəzərdə tutulmuş” və “qanunla müəyyən edilmiş qaydada” ifadələri nəinki haqqında danışılan tədbirin daxili qanunvericilikdə müəyyən əsaslara malik olmasını tələb edir, həm də sözügedən qanunun keyfiyyətinə istinad edir. Qanun maraqlı şəxslər üçün əlçatan olmalı və lazım olduqda, müvafiq məsləhətlə, müəyyən bir hərəkətin gətirib çıxara biləcəyi nəticələri verilmiş şəraitdə ağlabatan dərəcədə qabaqcadan görmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə tərtib edilməlidir (bax, bir çox digərləri ilə yanaşı, Maestri İtaliyaya qarşı [BP], № 39748/98, § 30, AİHM 2004-I və Qorzelik və Digərləri Polşaya qarşı [BP], № 44158/98, § 64, AİHM 2004 I). “Qanunun keyfiyyəti” anlayışı, proqnozlaşdırıla bilmə testinin nəticəsi kimi, qanunun hüququn aliliyinə uyğun olmasını tələb edir. Bu, o deməkdir ki, dövlət orqanlarının özbaşına müdaxilələrinə qarşı daxili qanunvericilikdə adekvat təminatlar olmalıdır (bax: Magyar Kétfarkú Kutya Párt Macarıstana qarşı [BP], № 201/17, § 93, 20 yanvar 2020-ci il, əlavə istinadlarla).
39. Xüsusilə, səlahiyyətli orqanlara verilən diskresion sərbəstliyin məhdudiyyətsiz səlahiyyət formasında ifadə edilməsi hüququn aliliyinə zidd olardı. Buna görə də qanun onlara verilən hər hansı bu cür diskresion səlahiyyətin həcmini və onun həyata keçirilmə tərzini kifayət qədər aydın şəkildə göstərməlidir ki, fərdi özbaşına müdaxilədən adekvat müdafiə etsin (bax: Selahattin Demirtaş Türkiyəyə qarşı (no. 2) [BP], no. 14305/17, §§ 249-50, 22 dekabr 2020-ci il, əlavə istinadlarla).
40. Dövlət orqanlarının şəxslərin Konvensiya ilə nəzərdə tutulan hüquqlarına təsir edən tədbirlərdən istifadə etmək səlahiyyətinə malik olduğu hallar və şərtlərlə bağlı fərdlərə adekvat göstərişlər vermək üçün daxili qanunvericilik öz şərtləri ilə kifayət qədər öncəgörüləbilən olmalıdır (yenə orada, § 254, əlavə istinadlarla).
41. Bununla belə, bir çox qanunlar istər-istəməz az və ya çox dərəcədə qeyri-müəyyən formada ifadə edilir; onların şərhi və tətbiqi praktiki məsələdir (bax, bir çox digərləri ilə yanaşı, yuxarıda adı çəkilən Gorzelik və digərləri işi, §§ 64-65; Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı [BP], № 21279/02 və 36448/02, § 41, AİHM 2007-IV; və yuxarıda adı çəkilən Selahettin Demirtaş işi, § 250). Daxili qanunvericiliyin tələb etdiyi dəqiqlik səviyyəsi əhəmiyyətli dərəcədə sözügedən qanunun məzmunundan, onun əhatə etmək üçün nəzərdə tutulduğu sahədən və ünvanlandığı şəxslərin sayından və statusundan asılıdır (bax, bir çox digərləri ilə yanaşı, hər ikisi yuxarıda göstərilən Gorzelik və digərləri işi, § 65 və Selahettin Demirtaş işi, § 254).
42. Milli məhkəmələrə həvalə edilmiş mühakimə rolu məhz mövcud interpretasiya şübhələrini aradan qaldırmaqdan ibarətdir. Beləliklə, Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyəti məhduddur, çünki daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən də məhkəmələrin üzərinə düşür (bax, bir çox digərləri ilə yanaşı, yuxarıda adı çəkilən Gorzelik və digərləri işi, §§ 65 və 100; yuxarıda adı çəkilən Kudreviçius və digərləri işi, § 110; və Satakunnan Markkinapörssi Oy və Satamedia Oy Finlandiyaya qarşı [BP], № 931/13, § 144, 27 iyun 2017-ci il). Təfsir özbaşına və ya açıq-aşkar əsassız deyilsə, Məhkəmənin rolu həmin təfsir nəticələrinin Konvensiyaya uyğun olub-olmadığını yoxlamaqla məhdudlaşır (bax: Radomilja və başqaları Xorvatiyaya qarşı [BP], № 37685/10 və 22768/12, § 149, 20 mart 2018-ci il; Cəfərov və digərləri Azərbaycana qarşı, № 27309/14, § 69, 25 iyul 2019-cu il; və Demokratiya və Qanunun Aliliyi Mərkəzi Ukraynaya qarşı, № 10090/16, § 108, 26 mart 2020-ci il).
43. Müdaxilənin qanuniliyini və xüsusən də, sözügedən daxili qanunvericiliyin öncəgörüləbilənliyini qiymətləndirərkən Məhkəmə həm qanunun mətnini, həm də onun yerli hakimiyyət orqanları tərəfindən tətbiqi və şərh üsulunu nəzərə alır (bax: yuxarıda göstərilən Cəfərov və digərləri işi, § 70). Qanunun məhkəmələr tərəfindən praktiki şərhi və tətbiqi fərdləri özbaşına müdaxilələrə qarşı müdafiə etməlidir (bax, yuxarıda adı çəkilən Selahettin Demirtaş işi, § 275).
(ii) Yuxarıdakı prinsiplərin hazırkı şikayətlərə tətbiqi
44. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun (“Qanun”) 5-ci maddəsinə uyğun olaraq, müvafiq yerli icra hakimiyyəti orqanına – indiki halda BŞİH – zəruri tədbirlər görməsinə imkan yaratmaq məqsədilə toplantının keçirilmə yeri, vaxtı və lazım gəldikdə marşrutunun razılaşdırılması üçün əvvəlcədən yazılı bildiriş verilməsi tələb olunurdu. Qanunun 7-ci maddəsinin IV hissəsi nəzərdə tuturdu ki, toplaşmaq azadlığı müxtəlif yollarla, o cümlədən planlaşdırılan toplantının yerini və/və ya vaxtını dəyişdirməklə və ya yürüş şəklində planlaşdırılan toplantının marşrutunu dəyişdirməklə məhdudlaşdırıla bilər. Qanunun digər müddəaları müvafiq yerli icra hakimiyyəti orqanına ictimai toplantının qadağan edilməsi (8-ci maddənin IV və V hissələri) və ya dayandırılması (8-ci maddənin VI hissəsi) üçün sərəncamlar vermək ; onun yerini, marşrutunu və/və ya vaxtını məhdudlaşdırmaq və ya dəyişdirmək (9-cu maddənin II və VII hissələri); və ictimai toplantılar üçün xüsusi ərazilər ayırmaq kimi geniş səlahiyyətlər verir (9-cu maddənin VI hissəsi) (yuxarıda 28-ci bəndə bax).
45. Məhkəmə qeyd edir ki, bu müddəalar ictimai toplantılar barədə bildiriş verilməsi və onlara icazə verilməsi ilə bağlı geniş spektrli vəziyyətləri əhatə etmək üçün nəzərdə tutulub. Buna görə də, həmin müddəaların çox da dəqiq olmayan və kifayət qədər ümumi və ya hətta qeyri-müəyyən olan terminlərlə ifadə olunması qaçılmaz ola bilərdi; həmin ifadələr daha sonra yerli məhkəmələr də daxil olmaqla, yerli hakimiyyət orqanları tərəfindən praktiki şərh və tətbiq ediləcəkdi. Bununla əlaqədar olaraq, Məhkəmə vurğulayır ki, daxili məhkəmələr tərəfindən hazırkı şikayətlərdə qanunvericiliyin praktiki şərhi və tətbiqi ərizəçilərə özbaşına müdaxilələrdən müdafiəni təmin etməli idi. Buna görə də Məhkəmə BŞİH-nin toplantılara icazə verməkdən imtina etməsi əsaslarını və yerli məhkəmələrin qərarlarının əsaslandırmasını araşdırmalıdır.
46. 69483/13 №-li ərizədə toplantıya icazə verilməməsinin səbəbi BŞİH-nin eyni gündə oxşar motivli başqa bir toplantı – yəni 76319/13 №-li şikayətdəki ərizəçilər tərəfindən planlaşdırılan toplantı – üçün yerin təyin edilməsi olub və buna görə də 69483/13 №li şikayətdəki ərizəçilər tərəfindən planlaşdırılan toplantı “məqsədəuyğun hesab olunmayıb” (yuxarıda 8-ci bəndə bax).
47. Bununla bağlı Məhkəmə qeyd edir ki, BŞİH iki toplantının eyni yerdə və eyni vaxtda keçirilməsinin planlaşdırıldığını və tərəflər arasında şiddətli münaqişəyə səbəb ola biləcək “əks nümayişlər” təşkil etdiyini, ona görə də Qanunun 9-cu maddəsinin II hissəsinin tətbiqinin əsaslı olduğunu iddia etməyib (yuxarıda 28-ci bəndə bax). Əksinə, aydındır ki, hər iki toplantı eyni siyasi qrupun üzvləri tərəfindən planlaşdırılıb və BŞİH-nin özünün də qeyd etdiyi kimi, oxşar məqsəd güdüb. Məhkəmə əlavə olaraq qeyd edir ki, nə müvafiq daxili qanunvericilik, nə də Konvensiya toplantının sadəcə olaraq həmin gün üçün planlaşdırılan hər hansı digər toplantı ilə müqayisə oluna biləcəyinə əsaslanaraq qadağan edilməsi imkanını nəzərdə tutmayıb. Beləliklə, Məhkəmə sərəncamında olan məlumatlar əsasında toplantının birbaşa qadağan edilməsinin hansı əsasla qanuni olduğunu görə bilmir.
48. 76319/13 və 30456/14 №-li ərizələrdə toplantılara icazə verilməməsinin səbəbləri BŞİH-nin qənaətinə görə, ərizəçilər tərəfindən təklif edilən yerlərin “nəqliyyatın intensiv olduğu ərazilər olması və buna görə də orada toplantı keçirməyin mümkün olmaması” və “[toplantının] orada iştirak etmək istəməyən vətəndaşların sərbəst hərəkətinə və nəqliyyatın normal fəaliyyətinə yaranacaq ciddi problemləri nəzərə alaraq, [planlaşdırılan toplantıya] münasibətdə təhlükəsizliyin təmin edilməsnin mümkün olmaması” kimi göstərilib.
49. Bununla əlaqədar olaraq, Məhkəmə hesab edir ki, əgər hakimiyyət orqanları yerli məhkəmə qarşısında toplantının planlaşdırıldığı kimi keçirilməsi üçün keçilməz maneələrin olduğunu iddia edirsə, həmin hakimiyyət orqanlarından, adətən, ən azı prima facie, belə maneələrin həqiqətən mövcud olduğunu göstərməsi gözlənilir. Bununla belə, hazırkı işdə BŞİH bununla bağlı yerli məhkəmələr qarşısında heç bir sübut təqdim etməyib.
50. Məhkəmə həmçinin qeyd edir ki, 76319/13 №-li şikayətdə ərizəçilər tərəfindən təklif edilən yerlərdən biri, Bakı şəhəri, Nizami rayonundakı “Təbriz” kinoteatrının qarşısındakı meydan BŞİH-nin ictimai toplantıların keçirilməsi üçün yerlərin göstərildiyi siyahısında – BŞİH tərəfindən Qanunun 9-cu maddəsinin VI hissəsinə uyğun olaraq hazırladığı (yuxarıda 28-ci bəndə bax) və Dövlətin Rəsmi Qəzetində dərc edilmiş siyahıda olub. Bu fakt nə BŞİH tərəfindən yerli məhkəmələr qarşısında, nə də Hökumət tərəfindən mübahisələndirilməyib. Belə bir siyahı nümunə xarakterli olsa da və müvafiq daxili müddəalarda toplantının yalnız həmin siyahıya uyğun gələn yerlərdə keçirilə biləcəyi nəticəsinə gəlməyə imkan verən heç nə olmasa da, BŞİH-nin yuxarıda qeyd olunan yerin niyə sözügedən toplantının keçirilməsi üçün uyğun olmadığını izah edə bilməməsi xüsusilə önəmlidir.
51. Yerli məhkəmələr, öz növbəsində, ərizəçilərin mülki iddialarına baxarkən BŞİH-nin sözügedən toplantılara icazə verməkdən imtina etmək barədə qərarlarının qanuniliyini qiymətləndirməyib. Onlar imtinaların özbaşınalığına dair ərizəçilərin müvafiq arqumentlərinə (yuxarıda 20-22-ci bəndlərə bax) toxunmadan BŞİH-nin öz məktublarında göstərdiyi əsasları təsdiq edib. Məhkəmələr, xüsusilə, BŞİH-nin 69483/13 №-li şikayətdəki toplantının “məqsədəuyğun olmaması” ilə bağlı verdiyi bəyannamənin qanuniliyini araşdırmayıb, həmçinin BŞİH-dən 76319/13 və 30456/14 №-li şikayətlərdə toplantıların ərizəçilərin təklif etdiyi yerlərdə keçirilə bilməməsi ilə bağlı iddialarını dəstəkləyən hər hansı sübut təqdim etməyi tələb etməyib.
52. Məhkəmə qeyd edir ki, Qafqaz Məmmədov Azərbaycana qarşı (№ 60259/11, § 55, 15 oktyabr 2015-ci il) işdə o, ictimai toplantıların sui-istifadə edilərək qadağan edilməsi və ya dağıdılması ehtimalından ciddi narahatlığını ifadə edib. Məhkəmə hesab edir ki, hazırkı işlərin halları Qafqaz Məmmədov işində (yuxarıda adı çəkilən) ifadə edilən narahatlıqları təsdiqləyir və göstərir ki, yerli hakimiyyət orqanlarının – BŞİH və daxili məhkəmələrin – ictimai toplantılarla əlaqədar bildiriş və icazə ilə bağlı daxili qanunvericilik müddəalarını praktikada şərh və tətbiq etmə tərzi ərizəçiləri özbaşına müdaxilədən müdafiəni etməyib. Daxili qanunvericiliyin bu praktiki şərhi və tətbiqi o mənaya gəlib ki, BŞİH praktikada ictimai toplantıları qadağan etmək üçün maneəsiz mülahizə sərbəstliyindən istifadə edə bilər.
53. Yuxarıdakı mülahizələr birgə götürülməklə hər üç ərizədə ictimai toplantılara icazə verməkdən imtinanın Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən “qanunla nəzərdə tutulmuş” tələbinə cavab vermədiyi ilə bağlı güclü təəssürat yaradır. Bununla belə, Məhkəmə qeyd edir ki, bu müdaxilənin qanuniliyi ilə bağlı məsələlər müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması ilə bağlı ortaya çıxan daha geniş məsələlərlə, o cümlədən görülən tədbirlərin mütənasibliyi məsələsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, hazırkı işlərin hallarında insan hüquqlarına hörmət ondan yuxarıda qeyd olunan məsələlərin də araşdırılmasını tələb edir. Buna görə də o, Konvensiyanın 11-ci maddəsinin iddia edilən pozuntusunun bütün aspektləri üzrə nəticəyə gəlməzdən əvvəl həmin geniş məsələləri araşdırmağa davam edəcək (oxşar yanaşma üçün bax, Təbiəti Mühafizə Cəmiyyəti və İsrafilov Azərbaycana qarşı, № 37083/03, § 65, AİHM 2009; Koretski və dogərləri Ukraynaya qarşı, № 40269/02, § 49, 3 aprel 2008-ci il; və yuxarıda adı çəkilən Qafqaz Məmmədov işi, § 57).
(c) Müdaxilənin legitim məqsəd güdüb-güdməməsi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması
(i) Tətbiq olunan prinsiplər
54. Məhkəmə öz təftişini həyata keçirərkən onun vəzifəsi müvafiq milli səlahiyyətli orqanların yanaşmasını öz baxışları ilə əvəz etmək deyil, 11-ci maddəyə əsasən onların öz mülahizələri əsasında çıxardıqları qərarları nəzərdən keçirməkdir. Bu o demək deyil ki, o, cavabdeh Dövlətin öz mülahizəsini əsaslı, diqqətlə və vicdanla həyata keçirib-keçirmədiyini müəyyən etməklə kifayətlənməlidir; o, bütövlükdə işin işığında şikayət edilən müdaxiləyə baxmalı və onun “güdülən legitim məqsədə mütənasib” olub-olmadığını və milli hakimiyyət orqanlarının buna haqq qazandırmaq üçün irəli sürdüyü əsasların “müvafiq və kifayət qədər” olub-olmadığını müəyyən etməlidir. Bununla da, Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 11-ci maddədə göstərilən prinsiplərə uyğun olan standartları tətbiq edib və bundan əlavə, öz qərarlarını müvafiq faktların məqbul qiymətləndirilməsi ilə əsaslandırıb (bax: bir çox digərləri ilə yanaşı, Türkiyə Birləşmiş Kommunist Partiyası və Digərləri Türkiyəyə qarşı, 30 yanvar 1998-ci il, § 47, Qərarlar və Qərardadların Hesabatları 1998-I və Xristian Demokratik Xalq Partiyası Moldovaya qarşı, № 28793/02, § 70, AİHM 2006 II).
55. Əgər Razılığa gələn Yüksək Tərəf ictimai asayiş və milli təhlükəsizlik əsası ilə toplantıların keçirilməsinin icazə əsasında olmasını tələb edərsə, bu, prinsipcə, 11-ci maddənin ruhuna zidd deyil (bax: yuxarıda qeyd olunan Kudreviçius və digərləri işi, §147 və Oya Ataman Türkiyəyə qarşı, № 74552/01, § 37, AİHM 2006 XIV).
56. Kütləvi tədbir üçün bildiriş və hətta icazə prosedurları prosedurun məqsədi hər hansı toplantının, iclasın və ya digər yığıncağın rahat keçirilməsinə təminat vermək üçün hakimiyyət orqanlarına lazımi qaydada ağlabatan və müvafiq tədbirlər görməyə imkan vermək olduğu müddətcə, adətən, Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan hüququn mahiyyətinə toxunmur (bax: Sergey Kuznetsov Rusiyaya qarşı, № 10877/04, § 42, 23 oktyabr 2008-ci il). Bununla belə, bu xarakterli qaydalar Konvensiya ilə qorunan dinc toplaşmaq azadlığına gizli maneə təşkil etməməlidir (bax: yuxarıda adı çəkilən Oya Ataman işi, § 38 və Berladir və başqaları Rusiyaya qarşı, № 34202/06, § 39, 10 iyul 2012-ci il).
57. Sərbəst toplaşmaq azadlığı hüququna 11-ci maddənin 2-ci bəndində müəyyən edilmiş məhdudiyyətlər daxilində toplantının vaxtını, yerini və keçirilməsi qaydasını seçmək hüququ daxildir (bax: Sáska Macarıstana qarşı, № 58050/08, § 21, 27 noyabr 2012-ci il). Buna görə də, toplantının yerinin iştirakçılar üçün həlledici əhəmiyyət kəsb etdiyi hallarda, onun dəyişdirilməsinin tələb edilməsi Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığına əsassız müdaxilə təşkil edə bilər (bax: Stankov və Birləşmiş Makedoniya Təşkilatı İlinden Bolqarıstana qarşı, № s. 29221/95 və 29225/95, § 109, AİHM 2001-IX və Süleyman Çələbi və digərləri Türkiyəyə qarşı, № 37273/10 və digər 17, §109, 24 may 2016-cı il).
58. Müəyyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə qadağa təhlükəsizlik məqsədilə (bax: Rai və Evans Birləşmiş Krallığa qarşı (qər.), № 26258/07 və 26255/07, 17 noyabr 2009-cu il) və ya məhkəmə binalarının bilavasitə yaxınlığında yerləşən ərazilərə münasibətdə konkret iş üzrə məhkəmə prosesini kənar təsirlərdən qorumaq və bununla da digər şəxslərin, yəni məhkəmə prosesi iştirakçılarının hüquqlarını qorumaq üçün tətbiq edildikdə, 11-ci maddə ilə uyğunsuzluq təşkil etmir. Bununla belə, sonuncu qadağa bu marağa nail olmaq üçün dar çərçivədə müəyyənləşdirilməlidir (bax: yuxarıda adı çəkilən Laşmankin və digərləri işi, § 440 və Öğrü Türkiyəyə qarşı, № 19631/12, § 26, 17 oktyabr 2017-ci il).
(ii) Yuxarıdakı prinsiplərin hazırkı şikayəylərə tətbiqi
59. Məhkəmə bir daha xatırladır ki, BŞİH toplantılara, ümumiyyətlə, yaxud tələb edildiyi formada keçirilməsinə icazə verməyib, bunun üçün isə 69483/13 № li ərizədə eyni gündə oxşar motivli başqa bir toplantı üçün yer təyin etdiyini, 76319/13 və 30456/14 №-li şikayətlərdə ərizəçilərin təklif etdiyi yerlərin nəqliyyatın intensiv olduğu ərazilər olması və buna görə də orada toplantı keçirməyin mümkün olmamasını, eləcə də planlanan toplantıların orada iştirak etmək istəməyən vətəndaşların sərbəst hərəkətinə və nəqliyyatın normal fəaliyyətinə yaranacaq ciddi problemləri əsas kimi göstərib.
60. Müdaxilənin ictimai asayişin maraqları naminə və digər şəxslərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi daşıdığı iddia edilib.
61. Məhkəmə yuxarıda 59-cu bənddə xülasə edilmiş motivlərin, həqiqətən, ictimai asayiş və digər şəxslərin hüquqlarının müdafiəsinə aid olub-olmaması sualını açıq qoyur. Hətta legitim məqsədin olduğu fərz edilsə belə, Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları (həm BŞİH, həm də yerli məhkəmələr) belə məqsədə nail olmaq üçün müdaxilənin demokratik cəmiyyətdə zəruriliyini qiymətləndirməyib və rəqabətdə olan maraqlar arasında ədalətli balanslaşdırma aparmayıb.
62. Belə ki, 76319/13 və 30456/14 №-li ərizələrdə dövlət orqanları dinc ictimai toplaşmaq hüququnun normal həyata keçirilməsinin, müəyyən sayda şəxslərin ictimai yerdə toplaşmasının istər-istəməz insanların gündəlik həyatına müəyyən narahatlıq yaratdığını nəzərə almayıb. Məhkəmənin fikrincə, ərizəçilər tərəfindən planlaşdırılan toplantıların insanların və nəqliyyatın sərbəst hərəkətinə ciddi problemlər yaradacağına dair bəzi sübutlar olsa belə, bu element tək (özlüyündə) BŞİH-nin toplantıların planlaşdırılan yerlərdə həyata keçirilməsini qadağan etməsi üçün kifayət edəcək əsas ola bilməzdi. Daxili qanunvericiliklə nəzərdə tutulmuş öncədən bildiriş və icazə prosedurunun məqsədi məhz BŞİH-yə planlaşdırılan toplantıları müşayiət etmək üçün tədbirlər görməyə imkan vermək idi. BŞİH, məsələn, qarşıdan gələn toplantılar barədə ictimaiyyəti məlumatlandırmaq, yolların dəyişdirilməsini təmin etmək, eləcə də izdihamı idarə etmək və toplantıların keçirilməsini lazımi qaydada asanlaşdırmaq üçün polisin iştirakını təmin etmək kimi tədbirlərdən istifadə etməklə toplantıların insanların və nəqliyyatın sərbəst hərəkətinə mənfi təsirlərini (əgər varsa) aradan qaldıra və ya minimuma endirə bilərdi.
63. Bundan əlavə, Məhkəmə təkrar edir ki, mütənasiblik tələbinə riayət etmək və bir-biri ilə rəqabətdə olan maraqlar arasında ədalətli balansı təmin etmək üçün hakimiyyət orqanları, adətən, inter alia, toplantıya icazə verməkdən imtina etməzdən əvvəl daha az müdaxiləedici tədbirləri nəzərdən keçirməlidir. Təşkilatçılara toplantının yerini, tarixini və/və ya vaxtını dəyişdirmək, onun müddətini qısaltmaq və ya iştirakçıların sayını məhdudlaşdırmaq təklifi kimi tədbirlər müəyyən hallarda birbaşa qadağadan daha mütənasib tədbirlər kimi qiymətləndirilə bilər. Bununla belə, hazırkı işdə 69483/13 №-li ərizədə toplantıya icazə verməkdən sadəcə imtina etməklə, 76319/13 və 30456/14 №-li şikayətlərdə ərizəçilərə Səbail rayonu 20-ci yaşayış massivində toplantı keçirilməsini təklif etməklə BŞİH daha az müdaxiləedici tədbirlər irəli sürməyib.
64. Sonuncu ilə əlaqədar olaraq, Məhkəmə ilk növbədə qeyd edir ki, BŞİH tərəfindən 76319/13 və 30456/14 №-li şikayətlərdə ərizəçilərə təklif edilən yer Bakı şəhərinin kənarında, sürücülük məktəbinin yerləşdiyi tənha yer idi (yuxarıda 12-ci bəndə bax). Bu fakt sözügedən toplantıların təşkilatçılarına və gələcək iştirakçılarına ictimaiyyətin gözündən uzaq, demək olar ki, özəl müəssisədə toplaşmaqdan başqa bir şans qoymamaqla nəzərdə tutulan dinc ictimai toplantının məqsədini alt-üst edib. Məhkəmə bir daha qeyd edir ki, sərbəst toplaşmaq azadlığının məqsədlərindən biri ictimai müzakirələr və etirazların açıq ifadəsi üçün forumun təmin edilməsidir (bax: Éva Molnár Macarıstana qarşı, № 10346/05, § 42, 7 oktyabr 2008-ci il). Fikirlərin müdafiəsi və onları ifadə etmək azadlığı 11-ci maddədə təsbit olunmuş sərbəst toplaşmaq azadlığının məqsədlərindən biridir (bax, bir çox digərləri ilə yanaşı , yuxarıda adı çəkilən Azadlıq və Demokratiya Partiyası (ÖZDEP) işi, § 37).
65. Məhkəmə ikinci olaraq qeyd edir ki, 30456/14 №-li ərizədə planlaşdırılan yer toplantının məqsədi üçün həlledici idi, çünki iştirakçıların səsləndirmək niyyətində olduqları tələblər Parlamentlə bağlı idi və ona ünvanlanmışdıd. Bu səbəbdən sözügedən toplantının Bakının kənarında yerləşən sürücülük məktəbinin ərazisində keçirilməsi məqbul alternativ sayıla bilməzdi. Buna baxmayaraq, BŞİH bu məsələni nəzərə almayıb. Bundan əlavə, yerli məhkəmələr, öz növbəsində, ərizəçinin mühüm və müvafiq arqumentlərinə (yuxarıda 23-cü bəndə bax) münasibət bildirməyib
66. Hər üç ərizədə səlahiyyətli orqanlar həmçinin sözügedən toplantıların siyasi qrupun, “İctimai Palata”nın üzvləri kimi ərizəçilər tərəfindən planlaşdırıldığını və toplantıların məqsədinin ictimai maraqlara cavab verən müxtəlif siyasi xarakterli məsələlərə etiraz etmək, fikir bildirmək və tələblər irəli sürmək olduğunu nəzərə almayıb. Belə toplantılara icazə verib-verməmək qərarı siyasi nitqin, ictimai maraq doğuran məsələlər üzrə müzakirələrin və bu cür məsələlərə dair fikirlərin dinc şəkildə ifadə edilməsinin Konvensiya ilə imtiyazlı müdafiəsinin lazımi qaydada nəzərdən keçirilməsinə əsaslanmalı və hakimiyyət orqanlarının siyasi nitqin məhdudlaşdırılmasında mülahizə sərbəstliyi dar çərçivə daxilində qalmalı idi (bax: mutatis mutandis, Navalnıy Rusiyaya qarşı [BP], № 29580/12 və digər 4, § 133, 15 noyabr 2018-ci il).
67. Nəticə etibarilə, Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları ərizəçilərin sərbəst toplaşmaq hüququna müdaxiləni əsaslandırmaq üçün “müvafiq və kifayət qədər” əsaslar irəli sürməyib və rəqabətdə olan maraqlar arasında ədalətli balanslaşdırma aparmayıb. Buna görə də, müdaxilə legitim formada güdülən hər hansı məqsədə qeyri-mütənasib olub.
(d) Nəticə
68. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ictimai toplantılara icazə verməkdən imtina 11-ci maddənin qanunilik tələbinə cavab verməyib və demokratik cəmiyyətdə zəruri olmayıb.
69. Müvafiq olaraq, Konvensiyanın 11-ci maddəsi pozulub.
III. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI
70. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət ediblər ki, BŞİH-yə qarşı məhkəmə proseslərində ədalətli dinləmə aparılmayıb. Onlar xüsusilə şikayət ediblər ki, əsaslandırılmış məhkəmə qərarına olan hüquqları pozulub. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsi aşağıdakı kimidir:
“1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … işinin ədalətli və açıq araşdırılması hüququna malikdir…”
71. Hökumət ərizəçilərin arqumentlərinə etiraz edib. Ərizəçilər şikayətlərini təkrarlayıblar.
72. Konvensiyanın 11-ci maddəsi üzrə yuxarıda gəlinmiş nəticəni və tərəflərin arqumentlərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayətin qəbuledilənliyi və mahiyyəti üzrə ayrıca qərar verməyə ehtiyac yoxdur (bax, Valentin Câmpeanu adından Hüquq Resursları Mərkəzi Rumıniyaya qarşı [BP], № 47848/08, § 156, AİHM 2014).
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
73. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
74. Ərizəçilər mənəvi ziyana görə müxtəlif məbləğlər tələb ediblər: 21.000 avro (EUR) (69483/13 №-li ərizə üçün birgə), 16.000 avro (76319/13 №-li ərizə üçün birgə) və 11.000 avro (30456/14 №-li ərizə üçün).
75. Hökumət bildirib ki, mənəvi ziyana görə ərizəçilərin tələb etdiyi məbləğlər əsassızdır və hər bir ərizəçiyə 2500 Azərbaycan manatı (AZN) məbləği iddia edilən hər hansı mənəvi ziyana görə kifayət qədər kompensasiya təşkil edəcəkdir.
76. Məhkəmə ədalətli əsaslarla qərar çıxararaq, mənəvi ziyana görə hər bir ərizə üçün (birdən çox ərizəçinin olduğu ərizələr üçün bütün ərizəçilərə birgə) 4,500 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
77. Ərizəçilər həmçinin yerli məhkəmələr və Məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün hər bir ərizə üçün 5,300 avro tələb ediblər.
78. İddialarını dəstəkləmək üçün ərizəçilər özləri və nümayəndələri cənab R.Mustafazadə tərəfindən imzalanmış müqavilələri təqdim ediblər. Həmin müqavilələrə əsasən, Məhkəmə ərizəçilərə kompensasiya təyin etdiyi halda, ərizəçilər cənab R.Mustafazadəyə hüquqi xidmətlərə görə hər bir ərizə üçün 5,300 AZN (həmin vaxt təxminən 5,100 avroya ekvivalent məbləğ) ödəməli idilər. 76319/13 və 30456/14 №-li şikayətlərdə ərizəçilər həmçinin qəbzlər təqdim ediblər ki, digər nümayəndə cənab Ə.Mustafayev tərəfindən göstərilən hüquqi xidmətlərə görə 76319/13 №-li şikayətdəki birinci ərizəçi Tofiq Yaqublu tərəfindən 60 AZN (həmin vaxt təxminən 55 avroya ekvivalent məbləğ) və 30456/14 №-li şikayətdəki ərizəçi Gülağa Aslanlı tərəfindən 75 AZN (həmin vaxt təxminən 70 avroya bərabər məbləğ) ödənilib.
79. Hökumət bildirib ki, ərizəçilərin tələb etdiyi məbləğlər həddindən artıqdır və bütün ərizəçilərə birgə 3,000 AZN məbləği kifayət qədər kompensasiya təşkil edəcəkdir. Hökumət həmçinin vurğulayıb ki, ərizəçilər və nümayəndələri cənab R.Mustafazadə tərəfindən imzalanmış müqavilələrdə ödənilməli olan məbləğlər Azərbaycan manatı ilə göstərilib.
80. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi xərclərin və məsrəflərin əvəzini yalnız o halda almaq hüququna malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənmiş olduğu və işin həcminə görə ağlabatan olduğu göstərilsin. Hazırkı işdə Məhkəmə sərəncamında olan sənədləri və yuxarıda göstərilən meyarları nəzərə alaraq cənab R.Mustafazadənin göstərdiyi hüquqi xidmətlərə görə birbaşa ərizəçilərin nümayəndəsinin bank hesabına ödənilməklə hər bir ərizə üçün (birdən çox ərizəçinin olduğu ərizələr üçün bütün ərizəçilərə birgə) 1500 avro təyin edilməsini ağlabatan hesab edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır. Məhkəmə həmçinin cənab Ə.Mustafayevin göstərdiyi hüquqi xidmətlərə görə ərizəçi Tofiq Yaqubluya 55 avro və ərizəçi Gülağa Aslanlıya 70 avro təyin edilməsini ağlabatan hesab edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Ərizələri birləşdirməyə qərar verir;
2. 10-cu və 11-ci bağlı şikayətləri qəbuledilən elan edir;
3. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsi pozulub;
4. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsi ilə bağlı şikayətin ayrıca araşdırılmasına ehtiyac yoxdur;
5. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsi üzrə şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı araşdırmaya ehtiyac yoxdur
6. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində cavabdeh dövlətin ödəniş tarixində tətbiq edilən məzənnə üzrə valyutasına çevrilməklə aşağıdakı məbləğləri ödəməlidir:
(i) hər bir ərizə üçün (birdən çox ərizəçinin olduğu ərizələr üçün bütün ərizəçilərə birgə) mənəvi zərərə görə 4,500 (dörd min beş yüz) avro, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmaqla;
(ii) cənab R.Mustafazadənin göstərdiyi hüquqi xidmətlərə görə birbaşa ərizəçilərin nümayəndəsinin bank hesabına ödənilməklə hər bir ərizə üçün (birdən çox ərizəçinin olduğu ərizələr üçün bütün ərizəçilərə birgə) məhkəmə xərcləri və digər məsrəflərə görə 1,500 (min beş yüz) avro, bu məbləğə görə ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə;
(iii) cənab Ə.Mustafayevin göstərdiyi hüquqi xidmətlərə görə 76319/13 №-li şikayətdə birinci ərizəçi Tofiq Yaqubluya 55 (əlli beş) avro, bu məbləğə görə ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə;
(iv) cənab Ə.Mustafayevin göstərdiyi hüquqi xidmətlərə görə 30456/14 №-li şikayətdəki ərizəçi Gülağa Aslanlıya 70 (yetmiş) avro, bu məbləğə görə ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
7. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və 6 oktyabr 2022-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar barədə yazılı məlumat verilib.
Victor Soloveytchik Síofra O’Leary
Katib Müavini Sədr