№66650/13 MÜRSƏLİYEV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI – 13 DEKABR 2018

BEŞİNCİ BÖLMƏ

 

MÜRSƏLİYEV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI

(Şikayət № 66650/13 və daha 10 şikayət – bax: əlavə edilmiş siyahı)

 

QƏRAR

 

 

STRASBURQ
13 dekabr 2018

 

 

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Mürsəliyev və başqaları Azərbaycana qarşı işdə

 Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) aşağıdakı tərkibdəki Palatası:
Angelika Nußberger, Sədr,
Yonko Grozev,
André Potocki,
Síofra O’Leary,
Mārtiņš Mits,
Gabriele Kucsko-Stadlmayer,
Lətif Hüseynov, hakimlər, və Milan Blaško, bölmə katibinin müavini,
20 noyabr 2018-ci il tarixində qapalı iclasda işə baxaraq, eyni tarixdə aşağıdakı qərarı qəbul etmişdir:

PROSEDUR

1. Məhkəmə işi on bir Azərbaycan vətəndaşının (“Ərizəçilər”) müxtəlif tarixlərdə (bax: Əlavə) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsi əsasında Azərbaycan Respublikasına qarşı on bir şikayət (№ 66650/13, 24749/16, 43327/16, 62775/16, 68722/16, 76071/16, 8051/17, 8702/17, 12870/17, 21246/17 və 37696/17) təqdim etməsi ilə açılıb.

2. Ərizəçilər Azərbaycanda fəaliyyət göstərən müxtəlif hüquqşünaslar (bax: Əlavə) tərəfindən təmsil edilirdilər. Azərbaycan hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil edilirdi.

3. Ərizəçilər xüsusilə ölkədən çıxış hüquqlarının ölkədaxili hakimiyyət orqanlarının təyin etdiyi qadağalar nəticəsində pozulduğunu iddia etmişlər.

4. 2017-ci il sentyabr ayının 11-də Hökumətə bütün şikayətlərə əsasən Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi, 24749/16 saylı şikayət istisna olmaqla, bütün şikayətlər əsasında Konvensiyanın 13-cü maddəsi və 76071/16 saylı şikayət əsasında 8-ci maddə ilə əlaqədar şikayətlər haqqında məlumat verilmişdir. 68722/16 və 37696/17 saylı şikayətlərin qalan hissəsi Məhkəmə reqlamentinin 54-cü qadasının 3-cü bəndinə əsasən qəbuledilməz elan edilmişdir. Yazılı prosedurda üçüncü tərəf kimi iştirakına icazə verildikdən sonra (Konvensiyanın 36-ci maddəsinin 2-ci paraqrafı və Məhkəmə reqlamentinin 44-cü qaydasının 3-cü paraqrafı) qeyri-hökumət təşkilatı Helsinki İnsan Hüquqları Fondu üçüncü tərəf qismində dəlil təqdim etmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçilərin doğum tarixləri və yaşayış yerləri Əlavədə sıralanır.

A. Ərizəçilərin ölkədən çıxışına qadağanın qoyulması

6. Ərizəçilər 2012 və 2016-cı illər arasında müxtəlif tarixlərdə (bax: Əlavə) ölkədən getmək hüquqlarının məhdudlaşdırıldığını və artıq Azərbaycanı tərk etmələrinə icazə verilmədiyini öyrənmişlər.

7. İş materiallarını təşkil edən sənədlərdən görünür ki, bütün hallarda sözügedən məhdudiyyət istintaq orqanları tərəfindən Ərizəçilərin məhkum edilmədiyi, təqsirləndirilmədiyi və ya şübhəli şəxs olmadığı, sadəcə şahid qismində dindirildiyi müxtəlif cinayət mühakiməsi icraatları çərçivəsində hər hansı məhkəmə qərarı olmadan təyin edilmişdir.

8. 62775/16 və 43327/16 saylı şikayətlərin aid olduğu Ərizəçilərin ölkədən çıxışına qoyulan qadağa müvafiq olaraq 29 yanvar və 21 aprel 2016-cı il tarixlərində istintaq orqanları tərəfindən ləğv edilmişdir.
B. Ərizəçilərin istifadə etdiyi hüquqi müdafiə vasitələri

9. Ərizəçilər müxtəlif tarixlərdə inzibati məhkəmələrə şikayət təqdim etməklə və ya Cinayət-Prosessual Məcəlləsi çərçivəsində prokurorluq orqanlarının prosedur hərəkətlərinin və ya qərarlarının qanuniliyinə baxılması (bundan sonra “məhkəmə nəzarəti”) üçün adi məhkəmələrə müraciət etməklə onlara qarşı təyin edilən məhdudiyyətlərin qanunsuz olduğu barədə iddia qaldırmışlar. Ərizəçilərin bəziləri yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrinin ikisindən də istifadə etmişlər.

10. Ərizəçilər xüsusi olaraq bunu bəyan edirdilər ki, ölkə qanunvericiliyində cinayət mühakiməsi icraatlarında şahidlərin ölkədən çıxışına qadağanın qoyulması nəzərdə tutulmayıb və onların ölkədən getmək hüququna qoyulan məhdudiyyət əsassızdır.

11. Ölkədaxili məhkəmələr 66650/13 saylı şikayət istisna olmaqla, bütün şikayətlərlə bağlı ölkə daxili məhkəmə icraatlarında Ərizəçilərin şikayətlərinə mahiyyəti üzrə baxmağı rədd etmişlər. Yekun qərarlar müxtəlif tarixlərdə inzibati məhkəmə proseslərində Ali Məhkəmə və məhkəmə nəzarəti icraatlarında Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmişdir (bax: Əlavə). Həm inzibati, həm adi məhkəmələr öz qərarlarında istintaq orqanları tərəfindən təyin edilmiş ölkədən çıxış qadağalarının qanuniliyi ilə əlaqədar şikayətlərə baxmaq səlahiyyətlərinin olmadığını bəyan etmişlər.

12. 66650/13 saylı şikayətin aid olduğu Ərizəçiyə gəldikdə isə, Səbail Rayon Məhkəməsinin hakimi mahiyyəti üzrə baxdıqdan sonra 1 aprel 2013cü il tarixli qərarı ilə onun şikayətini rədd etmişdir. Qərarın müvafiq hissəsində deyilir:

“Baxılan bütün sübutları qiymətləndirərək qərara alıram ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mürsəliyev Azad Oktay oğlunun ölkədən getmək hüququnu məhdudlaşdıran hərəkətləri qanunidir, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi məhkəmə nəzarəti prosedurunda maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi [qərarı] nəzərdə tutulmur, bu səbəbdən şikayət təmin edilməməlidir.”

13. 66650/13 saylı şikayətin aid olduğu Ərizəçi 5 aprel 2013-cü ildə bu qərara qarşı apelyasiya şikayəti vermiş, ölkə qanunvericiliyində ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hüquqi əsasın olmadığını təkrar etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi 2 aprel 2013-cü il tarixində birinci instansiya məhkəməsinin qərarını əsaslandırılmış hesab edərək apellyasiya şikayətini rədd etmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin irəli sürdüyü əsaslandırmanı təkrar etmiş, ölkədən çıxış qadağasının hüquqi əsası məsələsinə toxunmamışdır.

II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK

A. Azərbaycan Respublikasının Konstitusiyası

15. Konstitusiyanın 28-ci maddəsinin III yarımbəndində deyilir:

“Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”

B. Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanun (17 Oktyabr 2014-cü ilə qədər qüvvədə olan versiyası ilə – “Pasportlar haqqında qanun”)

16. Pasportlar haqqında qanunun 17 oktyabr 2014-cü ilə qədər qüvvədə olan 1-ci maddəsinə əsasən yalnız vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

C. Miqrasiya Məcəlləsi

17. Miqrasiya Məcəlləsinin 1 avqust 2013-cü ildə qüvvəyə minən 9-cu maddəsinin müvafiq hissəsində deyilir:

Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ
“9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra – vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.
9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə …;
9.3.2. [Vətəndaş] məhkum edildikdə;
9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə…;
9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə…”

D. Cinayət-Prosessual Məcəlləsi (“CPM”)

18. CPM-in Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi haqqında 449-cu maddəsində deyilir: (Müvafiq hissə)

“449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər:
449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi;
449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi;
449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər.
449.3. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər:
449.3.1 cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;
49.3.2. tutulması və həbsdə saxlanılması;
449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;
449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi;”.
449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;
449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;
449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi;
449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması;”

E. İnzibati Xətalar Məcəlləsi (“İXM”)

19. İXM-in 2-ci maddəsi inzibati orqanların fiziki şəxslərin hüquq və azadlıqlarına təsir edən qərarları, hərəkət və hərəkətsizlikləri ilə əlaqədar olanlar daxil olmaqla, inzibati hüquq mübahisələri ilə bağlı prosedur qaydaları müəyyən edir. İXM-ə əsasən inzibati qərarın qanuniliyindən şikayət verilə bilər (Maddə 32), yaxud məhkəməyə inzibati orqandan inzibati qərar qəbul etməyi (Maddə 33) və ya inzibati qərarın qəbul edilməsindən başqa tədbir görməyi, ya da müəyyən hərəkətdən çəkinməyi tələb etməsi üçün vəsatət təqdim edilə bilər (Maddə 34).

HÜQUQ

I. ŞİKAYƏTLƏRİN BİRLƏŞDİRİLMƏSİ

20. Məhkəmə hesab edir ki, faktların və hüquqi əsasların bənzərliyi nəzərə alınaraq və Məhkəmə reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə uyğun olaraq şikayətlər birləşdirilməlidir.

II. KONVENSİYANIN 4 SAYLI PROTOKOLUNUN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

21. Ərizəçilər ölkədən getmək hüquqlarının ölkədaxili hakimiyyət orqanları tərəfindən pozulduğundan şikayət etmişlər. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin müvafiq hissəsində deyilir:
“2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.”

A. Qəbuledilənlik

22. Hökumət bu şikayətin qəbuledilənliyi ilə bağlı heç bir etiraz irəli sürməmişdir. Lakin 62775/16 və 43327/16 saylı şikayətləri təqdim edən Ərizəçilərin ölkədən çıxışına qoyulan qadağa müvafiq olaraq 29 yanvar və 21 aprel 2016-cı il tarixlərində istintaq orqanları tərəfindən ləğv edildiyindən, Məhkəmə yuxarıda qeyd edilən Ərizəçilərin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin əsas gətirildiyi şikayətlərinə əsasən Konvensiya çərçivəsində qurban hesab edilə bilib-bilməyəcəklərini özü üçün yəqin etməyi zəruri hesab edir.

23. Məhkəmə təkrar edir ki, milli hakimiyyət orqanları Konvensiya pozuntusunu açıq şəkildə və ya mahiyyəti etibarilə təsdiq etmədiyi və sonra pozuntuya görə təzminat ödəmədiyi halda Ərizəçinin xeyrinə hər hansı qərar və ya tədbir onu “qurban” statusundan məhrum etmək üçün kifayət deyil. (bax: Amur Fransaya qarşı, 25 iyun 1996 § 36, Məhkəmə qərarları toplusu 1996-III, Dalban Rumıniyaya qarşı [BP], № 28114/95, § 44, AİHM 1999-VI)

24. Məhkəmə diqqətə alır ki, istintaq orqanlarının ölkədən çıxışına qoyduqları qadağa nəticəsində 62775/1 saylı şikayətin aid olduğu Ərizəçi 25 fevral 2015-ci il tarixi ilə 29 yanvar 2016-cı il tarixi arasında Azərbaycanı tərk edə bilməmişdir, 43327/16 saylı şikayətin aid olduğu Ərizəçi isə 12 fevral 2016-cı il və 21 aprel 2016-cı il tarixləri arasında Azərbaycandan çıxa bilməmişdir (bax: Əlavə). Lakin heç bir ölkədaxili hakimiyyət orqanı onların ölkədən getmək hüquqlarının pozulduğuna dair iddianı təsdiq etməmişdir və sözügedən Ərizəçilər bu məhdudiyyətə görə hər hansı kompensasiya və ya başqa təzminat almamışlar. Bu halları nəzərə almaqla, Məhkəmə hesab edir ki, 62775/16 və 43327/16 saylı şikayətlərin aid olduğu Ərizəçilər üzərinə qoyulan ölkədən çıxış qadağasının sonradan istintaq orqanları tərəfindən ləğv edilmiş olması faktı öz-özlüyündə onları Konvensiya çərçivəsində qurban statusundan məhrum edə bilməz və onlar yenə də Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi əsasında təqdim etdikləri şikayətlə əsasında Konvensiyada müəyyən edilmiş mənaya müvafiq olaraq qurban hesab edilirlər (bax: Bartik Rusiyaya qarşı № 55565/00, § 34, AİHM 2006-XV, Berkoviç və başqaları Rusiyaya qarşı № 5871/07 və daha 9 şikayət, § 75, 27 mart 2018).

25. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin § 3 (a) yarımparaqrafının mənası çərçivəsində bu şikayət açıqcasına əsassız deyil. Məhkəmə həmçinin əlavə edir ki, şikayət başqa hər hansı əsasla qəbuledilməz hesab edilə bilməz. Buna görə də qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin izahatları

(a) Ərizəçilər

26. Ərizəçilər təkid etmişlər ki, onların Azərbaycandan getmək hüququna qoyulan məhdudiyyət qeyri-qanunidir və Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu məhdudiyyətin hüquqi əsası yoxdur. Onlar xüsusi olaraq vurğulamışlar ki, müvafiq ölkə qanunvericiliyində cinayət mühakiməsi icraatlarında şahid qismində çıxış edən şəxslərin ölkədən çıxışına hər hansı qadağanın qoyulması nəzərdə tutulmayıb. Ərizəçilər əlavə olaraq bildirmişlər ki, sözügedən məhdudiyyət hər hansı qanuni məqsədə xidmət etmirdi və demokratik cəmiyyətdə zəruri tədbir hesab edilə bilməzdi.

(b) Hökumət

27. Hökumət Ərizəçilərin konkret şikayətinə hər hansı etiraz etmədən, Məhkəmənin Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə aid presedent hüququna istinad etməklə kifayətlənmişdir.

(c) Üçüncü tərəf

28. Helsinki İnsan Hüquqları Fondu Birləşmiş Millətlər Təşkilatlarının İnsan Hüquqları Komitəsinin və Məhkəmənin hərəkət azadlığı hüququ ilə əlaqədar presedent hüququnun icmalını təqdim etmişdir. Sözügedən işin Ərizəçiləri kimi üçüncü tərəf də Azərbaycan hakimiyyət orqanlarının cinayət mühakiməsi icraatlarının şahidlərinə qarşı geniş tətbiq etdiyi ölkədən çıxış qadağası praktikası barədə narahatlığını ifadə etmişdir.

2. Məhkəmənin rəyi

29. Məhkəmə bir daha qeyd edir ki, 4 saylı Protokolun 2-ci maddəsi hər kəsin verilən ərazi daxilində hərəkət azadlığı hüququna və seçdiyi, onu qəbul edən ölkəyə səyahət hüququnu nəzərdə tutan ölkədən getmək hüququna zəmanət verir (bax: Baumann Fransaya qarşı, 33592/96, § 61, AİHM 2001-V; Xlyutsov Rusiyaya qarşı, № 28975/05, § 64, 11 iyul 2013 və yuxarıda adıçəkilən Berkoviç və başqaları, § 78)

30. Cari işdə Məhkəmə diqqətə alır və Hökumət rədd etmir ki, istintaq orqanları müxtəlif tarixlərdə Ərizəçilər üzərinə onların xaricə səfərlərinin qarşısını alan ölkədən çıxış qadağası qoymuşlar. Məhkəmə bu tədbirlərin 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci paraqrafında müəyyən edilən mənada ölkəni tərk etmək hüququna müdaxiləyə bərabər olduğu barədə Ərizəçilərlə razılaşır. Buna görə də müdaxilənin “qanuna uyğun” olub-olmadığına, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü paraqrafında müəyyən edilən qanuni məqsədlərdən birinə və ya daha çoxuna xidmət edib-etmədiyinə, eləcə də bu məqsədin həyata keçirilməsi üçün bu müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığına baxılmalıdır (bax: Nalbantski Bolqarıstana qarşı, № 30943/04, § 61, 10 fevral 2011; Stamose Bolqarıstana qarşı, № 29713/05, § 30, AİHM 2012; Kərimli Azərbaycana qarşı, № 3967/09, § 45, 16 iyul 2015 və De Tommaso İtaliyaya qarşı [BP], № 43395/09, § 105, 23 fevral 2017).

31. Məhkəmə bir daha təkrar edir ki, onun “qanuna uyğunluq” ifadəsi ilə bağlı təşəkkül tapmış presedent hüququ təkcə mübahisəli tədbirin ölkədaxili qanunvericilikdə əsasının olmasını tələb etmir, həm də aidiyyəti şəxslər üçün əlçatanlıq və nəticələrin qabaqcadan bilinməsi aspektlərini nəzərə almaqla, sözügedən qanunun keyfiyyətinə istinad edir (bax: Caksıbergenov Ukraynaya qarşı, № 12343/10, § 59, 10 fevral 2011, yuxarıda qeyd edilən De Tommaso işi, § 106).

32. İşin hallarına müraciət edən Məhkəmə görür ki, Hökumət cinayət mühakiməsi icraatlarında sadəcə şahid qismində çıxış edən şəxslərə qarşı ölkədən çıxış qadağasının təyin edilməsi üçün hüquqi əsas kimi ölkə qanunvericiliyinin hər hansı müddəasına istinad etməyib.

33. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququnu tənzimləyən Miqrasiya Məcəlləsinin müvafiq müddəaları bu hüququn müvəqqəti olaraq məhdudlaşdırıla biləcəyi halların müfəssəl siyahısını əks etdirir (bax: yuxarıda paraqraf 17). Lakin ölkə qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarının mətnindən göründüyü kimi, Miqrasiya Məcəlləsində sadalanan halların heç biri cinayət mühakiməsi icraatında sadəcə şahid qismində çıxış edən Ərizəçilərin vəziyyətinə uyğun gəlmir. Bundan əlavə Pasportlar haqqında qanunun 17 oktyabr 2014-cü ilə qədər qüvvədə olan 1ci maddəsinə əsasən də yalnız vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

34. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanları Ərizəçilər üzərinə ölkədən çıxış qadağasını hər hansı məhkəmə qərarı olmadan qoymuşlar və ölkədaxili məhkəmələr də Ərizəçilərə qarşı ölkədən çıxış qadağasının təyin edilməsi üçün hüquqi əsası göstərməmiş, iddialara mahiyyəti üzrə baxmaqdan imtina etməklə kifayətlənmişlər (bax: yuxarıda paraqraf 11). Mahiyyəti üzrə baxılan yeganə işdə onlar ölkədaxili qanunvericiliyin hər hansı müddəasına istinad etmədən Ərizəçinin ölkədən çıxış hüququnun məhdudlaşdırılmasını əsaslı hesab etmişlər (bax: yuxarıda paraqraf 12 və 14).

35. Bu şərtlərdə Məhkəmə Ərizəçilərin ölkədən getmək hüququna müdaxilənin “qanuna uyğun olmadığı” qənaətinə gələ bilməz. Bu qənaət müdaxilənin qanuni məqsədə xidmət edib-etmədiyini, demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək zərurətini aradan qaldırır (bax: Sissanis Rumıniyaya qarşı, № 23468/02, § 78, 25 yanvar 2007; Tatişvili Rusiyaya qarşı № 1509/02, § 54, AİHM 2007-I və Şioşvili və başqaları Rusiyaya qarşı, № 19356/07, § 61, 20 dekabr 2016).

36. Müvafiq olaraq Ərizəçilərin 4 saylı Protokolun 2-ci maddəsində zəmanət verilən ölkəni tərk etmək hüququ pozulmuşdur.

III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

37. Ölkədaxili məhkəmələr şikayətlərinə lazımi qaydada baxmadıqlarına görə 24749/16 saylı şikayətin aid olduğu şikayətçı istisna olmaqla, bütün Ərizəçilər Konvensiyanın 6-cı və ya 13-cü maddəsinə istinad etməklə, barələrində təyin edilən ölkədən çıxış qadağaları ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitələrinin olmadığından şikayət etmişlər. Məhkəmə işin hallarını nəzərə almaqla hesab edir ki, bu şikayət müstəsna olaraq Konvensiyanın aşağıdakı məzmuna malik 13-cü maddəsi çərçivəsində baxılmaq üçün uyğundur:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”

A. Qəbuledilənlik

38. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 3 (a) yarımparaqrafının mənası çərçivəsində bu şikayət açıqcasına əsassız deyil. Məhkəmə həmçinin əlavə edir ki, şikayət başqa hər hansı əsasla qəbuledilməz hesab edilə bilməz. Buna görə də qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin izahatları

39. Ərizəçilər (24749/16 saylı şikayətin aid olduğu Ərizəçi istisna olmaqla) istintaq orqanlarının onlara qarşı təyin etdiyi ölkədən çıxış qadağası ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrinə malik olmadıqları barədə təkid etmişlər. Onlar xüsusən ölkədaxili məhkəmələrin inzibati məhkəmələrə təqdim olunan şikayətlərə və ya məhkəmə nəzarəti üçün adi məhkəmələrə verilən ərizələrə baxmaqdan davamlı qaydada imtina etdiklərini vurğulamışlar.

40. Hökumət işin hallarına hər hansı irad bildirməmişdir.

2. Məhkəmənin rəyi

41. Məhkəmə ilk öncə qeyd edir ki, 4 saylı Protokolun 2-ci maddəsinin pozulduğu ilə bağlı yuxarıdakı qənaəti nəzərə alındıqda (bax: yuxarıda 36-cı paraqraf), qeyd edilən Ərizəçilərin şikayəti müdafiə oluna biləndir. Buna görə hələ də Azərbaycan qanunvericiliyi çərçivəsində Konvensiya hüquqlarının pozulması barədə şikayət etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitəsinin olub-olmadığının dəqiqləşdirilməsinə ehtiyac var.

42. Məhkəmə bir daha təkrar edir ki, 13-cü maddə ölkə səviyyəsində Konvensiya hüquq və azadlıqlarının pozulmasından şikayətin verilməsinə imkan verən hüquqi müdafiə vasitəsinin mövcudluğuna zəmanət verir. Buna görə də Razılığa gələn Tərəflər bu müddəa çərçivəsində öhdəliklərinə riayət qaydasını seçməkdə müəyyən fəaliyyət azadlığına malik olsalar da, səlahiyyətli milli hakimiyyət orqanlarının Konvensiya çərçivəsində müvafiq şikayətlərə mahiyyəti üzrə baxması və şikayətləri adekvat şəkildə təmin etməsi üçün ölkədaxili hüququ müdafiə vasitəsi mütləq mövcud olmalıdır. 13-cü maddədə nəzərdə tutulan öhdəliyin tətbiq dairəsi şikayətin Konvensiya çərçivəsindəki mahiyyətindən asılıdır, lakin hüquqi müdafiə vasitəsi hər bir halda təcrübədə, həm də qanun nöqteyi-nəzərindən “səmərəli” olmalıdır, xüsusilə də Dövlətin hakimiyyət orqanlarının hərəkət və ya hərəkətsizliklərinin onun icrasına əsassız olaraq maneə yaratmaması baxımından (bax: Nada İsveçrəyə qarşı [BP], № 10593/08, § 207, AİHM 2012 və yuxarıda qeyd edilən De Tommaso işi, § 179).

43. Hakimiyyət orqanları tərəfindən görülən tədbirin Ərizəçinin hərəkət azadlığını poza biləcəyinə dair mübahisə yaradan iddia mövcud olsa da, Konvensiyanın 13-cü maddəsi milli hüquq sistemindən aidiyyəti fiziki şəxsin tədbirə çəkişməli məhkəmə icraatlarında etiraz etmək imkanının olmasını təmin etməyi tələb edir. Lakin “mübahisə edilə bilən şikayətin” mahiyyəti üzrə baxılmasına və tələbin müvafiq qaydada təmin edilməsinə imkan verməyən ölkədaxili apelyasiya proseduru Konvensiyanın 13-cü maddəsi çərçivəsində səmərəli hesab edilə bilməz. Beləliklə, Dövlətlərin hüquqi sistemləri daxilində ilk növbədə insan hüquqlarını qorumaq öhdəliyini birbaşa ifadə etməklə, 13-cü maddə bu hüquqları səmərəli şəkildə həyata keçirmələrini təmin etmək üçün fiziki şəxslər üçün əlavə zəmanət müəyyən edir. (bax: Riener Bolqarıstana qarşı, № 46343/99, §§ 138 və 142, 23 may 2006; yuxarıda qeyd edilən Stamose işi, § 49; yuxarıda qeyd edilən De Tommaso işi, §§ 182-83).

44. Məhkəmə bu işin hallarına qayıdaraq qeyd edir ki, yuxarıda göstərilən Ərizəçilər Məhkəmə qarşısında ölkədən çıxış qadağası ilə bağlı səmərəli ölkədaxili hüquqi müdafiə vasitəsi olmadığını bəyan etmişlər, Hökumət isə Azərbaycan qanunvericiliyinə əsasən ölkədən çıxış qadağasına qarşı məhkəmələr qarşısında etirazın edilə bilib-bilməyəcəyi haqqında hər hansı izahat verməmişdir.

45. Məhkəmə qeyd edir ki, bu işdə sözügedən Ərizəçilər inzibati məhkəmələrə şikayət təqdim etməklə və ya məhkəmə nəzarəti üçün adi məhkəmələrə müraciət etməklə, istintaq orqanlarının onlara qarşı təyin etdiyi ölkədən çıxış qadağalarına ölkədaxili məhkəmələr qarşısında etiraz etmişlər. Lakin 66650/13 saylı şikayət istisna olmaqla, inzibati və adi məhkəmələr hər dəfə istintaq orqanları tərəfindən qoyulmuş ölkədən çıxış qadağalarının qanuniliyinə baxmaq səlahiyyətlərinin olmadığını bəyan edərək onların şikayətlərinə mahiyyəti üzrə baxmaqdan imtina etmişlər (bax: yuxarıda paraqraf 11).

46. 66650/13 saylı şikayət ərizəsində göstərilən şikayətin ölkədaxili məhkəmələr tərəfindən baxılmasına gəldikdə isə, Məhkəmə qeyd edir ki, məhkəmələr Ərizəçilərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni olduğunu müəyyən etmiş və hər hansı əlavə izahat verməmişlər (bax: yuxarıda paraqraf 12 və 14). Bununla əlaqədar olaraq Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, ölkədaxili məhkəmələr tərəfindən sözügedən məhdudiyyətin hüququ əsasını müəyyən etməyən, hər bir işin müddətini və başqa xüsusi hallarını nəzərə alaraq tədbirin proporsionallığını araşdırmayan məhdud əhatə sahəli məhkəmə baxışı 4 saylı Protokolun 2-ci maddəsi ilə birlikdə Konvensiyanın 13-cü maddəsinin tələblərinə cavab verə bilməz (bax: yuxarıda qeyd edilən Riener, §§ 141-143; Stamose işləri, § 51 və əksi üçün De Tommaso işi § 184).

47. Yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, bu səbəbdən müvafiq iddianın qaldırılmadığı 24749/16 saylı şikayətin aid olduğu Ərizəçi istisna olmaqla, Ərizəçilər Azərbaycan qanunvericiliyi çərçivəsində Konvensiya pozuntuları ilə əlaqədar şikayətlərini təqdim etmək imkanı verən səmərəli hüquqi müdafiə vasitəsinə malik olmamışlar. Müvafiq olaraq, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsi ilə birlikdə 13-cü maddə yuxarıda qeyd edilən Ərizəçilərə münasibətdə pozulmuşdur.

IV. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

48. 76071/16 saylı şikayətin aid olduğu Ərizəçi Konvensiyanın 3-cü maddəsinə istinad etməklə, lazımi əməliyyatın Azərbaycanda həyata keçirilməsinin qeyri-mümkün olduğunu göstərən hər hansı sənəd olmadığına görə, ölkədən çıxış qadağasının göz əməliyyatı üçün xaricə səfərinin qarşısını aldığından şikayət etmişdir. Məhkəmə hesab edir ki, bu şikayətin müvafiq hissələri Konvensiyanın 8-ci maddəsi çərçivəsində baxılmaq üçün uyğundur (bax: yuxarıda adıçəkilən Nada məhkəmə işi §§ 149-54):

“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”

49. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə aid digər şikayətlə bağlıdır və buna görə qəbuledilən elan edilməlidir. Lakin Məhkəmə 4 saylı Protokolun 2-ci maddəsi əsasında şikayətlə əlaqədar gəldiyi qənaəti nəzərə alaraq, 8-ci maddədən çıxış edərək eyni faktlara bir daha baxmağı zəruri hesab etmir (bax: yuxarıda qeyd edilən Riener işi, § 134; A. E. Polşaya qarşı, № 14480/04, § 54, 31 mart 2009; Preşer Bolqarıstana qarşı, № 6767/04, § 56, 7 iyun 2011; Battista İtaliyaya qarşı, № 43978/09, § 52, AİHM 2014).

V. KONVENSİYANIN 34-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

50. Hökumətin gətirdiyi dəlillərə cavablarında 43327/16, 62775/16, 8051/17, 8702/17 və 12870/17 saylı şikayətlərin aid olduğu Ərizəçilər Konvensiyanın müvafiq hissəsi aşağıdakı məzmuna malik olan 34-cü maddəsi çərçivəsində fərdi şikayət hüquqlarının həyata keçirilməsinə maneə yaradıldığına görə etiraz edərək əlavə şikayət təqdim etmişlər:

“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.”

51. Ərizəçilər Məhkəmənin Hökumətin etirazlarını əks etdirən 21 fevral 2017-ci il tarixli məktubunu vaxtında almadıqlarını bildirmişlər. Onlar məktubu yalnız Məhkəməyə haqqında sorğu göndərdikdən sonra müvafiq sənədlərlə birlikdə aldıqlarını xüsusi olaraq vurğulamışlar. Ərizəçilər həmçinin məktubun çatdırılmasındakı gecikmənin təsadüf deyil, ölkənin poçt xidmətinə nəzarət edən Hökumətin müdaxiləsinin nəticəsi olduğunu söyləyərək etirazlarını bildirmişlər.

52. Hökumət bununla bağlı hər hansı irad bildirməmişdir

53. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 34-cü maddəsi ilə zəmanət verilən fərdi şikayət sisteminin səmərəli işi üçün Ərizəçilərin və ya potensial Ərizəçilərin hakimiyyət orqanlarının şikayətlərini geri çəkmək və ya düzəliş etmək barədə hər hansı təzyiqinə məruz qalmadan Məhkəmə ilə sərbəst şəkildə ünsiyyət saxlaya bilmələri son dərəcə vacibdir (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996, § 105, Hesabatlar 1996-IV, Kurt Türkiyəyə qarşı, 25 may 1998, § 159, Hesabatlar 1998-III). Bu kontekstdə “hər hansı formada təzyiq” yalnız birbaşa məcburetmə və aşkar hədə-qorxunu deyil, həm də Ərizəçinin fərdi şikayət hüququnu həyata keçirməkdən çəkindirməyə və ya Konvensiya şikayətini davam etdirmək fikrini dəyişdirməyə, yaxud cəsarətini qırmağa yönəlmiş başqa qanunsuz hərəkət və ya kommunikasiyanı nəzərdə tutur (bax: Ənnağı Hacıbəyli Azərbaycana qarşı, № 2204/11, § 66, 22 oktyabr 2015, Hilal Məmmədov Azərbaycana qarşı № 81553/12, § 116, 4 fevral 2016).

54. Lakin Ərizəçilər tərəfindən 43327/16, 62775/16, 8051/17, 8702/17 və 12870/17 saylı şikayətlərdə verilən izahatlara və mövcud materiallara baxmaqla Məhkəmə müəyyən edir ki, cavabdeh Dövlətin hakimiyyət orqanlarının yuxarıda qeyd edilən şikayətlərlə əlaqədar olaraq Ərizəçilərin fiziki şəxsin Məhkəməyə ərizə vermək hüququnu həyata keçirməsinə hər hansı yolla müdaxilə etdiyi qənaətinə gəlmək üçün yetərli qədər fakt yoxdur (müqayisə üçün Yuhas Duriç Serbiyaya qarşı, № 48155/06, § 75, 7 iyun 2011, Vasili İvaşçenko Ukraynaya qarşı, № 760/03, § 115, 26 iyul 2012).

55. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə müəyyən edir ki, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsi çərçivəsindəki öhdəliklərini pozmayıb.

VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

56. Kovensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

57. Ərizəçilərin hər biri mənəvi zərərə görə aşağıdakı məbləğlərə iddia etmişdir: 76071/16, 8051/17, 8702/17, 12870/17 və 21246/17 saylı şikayətlərdə 20,000 avro (EUR); 66650/13 və 37696/17 saylı şikayətlərdə 3 0,000 avro; 62775/16 və 68722/16 saylı şikayətlərdə 10,000 avro və 24749/16 saylı şikayətdə 450,000 avro. Bundan əlavə 43327/16 saylı şikayətin aid olduğu Ərizəçi həm mənəvi, həm maddi zərərə görə 10,300 avroya iddia etmişdir. Yuxarıda qeyd edilən mənəvi zərərlə bağlı iddialardan əlavə, 66650/13 və 76071/16 saylı şikayətlərin aid olduğu Ərizəçilər maddi zərərə görə müvafiq olaraq 17,527 və 195 avro vəsait tələb etmişlər.

58. Hökumət Məhkəmədən həddindən yüksək və əsassız olduqlarına görə Ərizəçilərin iddialarını rədd etməyi xahiş etmişdir.

59. Məhkəmə hesab edir ki, Ərizəçilər mənəvi zərərə məruz qalıblar və bu, sadəcə pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilə bilməz. Buna görə kompensasiya qərarı qəbul edilməlidir. Bu səbəbdən Ərizəçilərin iddialarını bütövlükdə incələdikdən və Konvensiyanın 41-ci maddəsinin tələbinə uyğun olaraq ədalətli əsasla qiymətləndirdikdən sonra Məhkəmə mənəvi zərərə görə hər bir Ərizəçi üçün 5,000 avro üstəgəl tətbiq edilə biləcək hər hansı vergi məbləğində təzminatın verilməsi haqqında qərar qəbul edir (bax: yuxarıda qeyd edilən Kərimli §63, Berkoviç və başqaları məhkəmə işləri, § 106) və Ərizəçilərin zərərlə bağlı qalan iddialarını rədd edir.

B. Xərclər

60. Ərizəçilər (62775/16 saylı şikayətin aid olduğu Ərizəçi istisna olmaqla) ölkədaxili məhkəmələr və Məhkəmə qarşısındakı icraatlarda göstərilən hüquq xidmətlərinə görə aşağıdakı məbləğlərə iddia etmişlər: 66650/13 saylı şikayətdə 1,006 avro; 24749/16 şikayətdə 3,200 avro; 43327/16 saylı şikayətdə 1,600 avro; 68722/16 saylı şikayətdə 500 avro; 76071/16 saylı şikayətdə 3,180 avro; 8051/17 saylı şikayətdə 2,442 avro;

8702/17 saylı şikayətdə 2,038 avro; 12870/17 saylı şikayətdə 2,023 avro; 21246/17 saylı şikayətdə 2,980 avro; 37696/17 saylı şikayətdə 2,209 avro. 68722/16 saylı şikayətin aid olduğu Ərizəçi istisna olmaqla, yuxarıda qeyd edilən bütün Ərizəçilər iddialarını dəstəkləmək üçün nümayəndələri ilə bağladıqları müvafiq müqavilələri və ya hesab-fakturaları təqdim etmişlər. 76071/16 və 21246/17 saylı şikayətlərin aid olduğu Ərizəçilər əlavə olaraq tərcümə xərcləri üçü müvafiq olaraq 370 və 295 avro tələb etmişlər.

61. Hökumət Ərizəçilərin iddia etdiyi məbləğlərin əsassız və şişirdilmiş hesab edərək Məhkəmədən Ərizəçilərin iddialarına sərt yanaşma tətbiq etməyi xahiş etmişdir. Onlar həmçinin bildirmişlər ki, tərcümə xərclərinin tələb edilməsi üçün əsas yoxdur, çünki Ərizəçilərin nümayəndəsi ingilis dilini yaxşı bilir.

62. Məhkəmənin presedent hüququna əsasən, Ərizəçi yalnız faktiki olaraq və qaçılmaz şərtlərdə sərf olunduğu göstərilən və ağlabatan məbləğdəki xərc və məsrəflərin əvəzini almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, bu işdə Ərizəçilərin bəziləri eyni hüquqşünas tərəfindən təmsil edilirdilər və onların şikayətləri ilə bağlı izahatlarının əhəmiyyətli hissəsi bənzər idi. Bundan əlavə, Ərizəçilərin nümayəndələrinin ölkədaxili icraatlarda görə biləcəkləri iş məhdud idi, çünki ölkədaxili məhkəmələr onların şikayətlərinə mahiyyəti üzrə baxmaqdan imtina edirdilər. Beləliklə, bu faktları, eləcə də ixtiyarında olan sənədləri, ondan əvvəl Ərizəçilərin nümayəndələrinin gördüyü işin həcmini nəzərə alaraq Məhkəmə 62775/16 və 68722/16 saylı şikayətlərin aid olduğu Ərizəçilər istisna olmaqla, bütün xərclərin qarşılanması üçün hər bir Ərizəçiyə 1,000 avro məbləğində təzminatın verilməsini məqsədəuyğun hesab edir.

C. Cərimə faizi

63. Məhkəmə hesab edir ki, gecikməyə görə cərimə faizi Avropa Mərkəzi Bankının yol verilən ən yüksək kredit dərəcəsinə əsaslanmaqla və üzərinə 3 faiz əlavə edilməklə hesablanmalıdır.

 

BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Şikayətləri birləşdirmək qərarı verir;

2. Şikayətləri qəbuledilən elan edir;

3. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin bütün Ərizəçilərə münasibətdə pozulduğunu qət edir

4. Konvensiyanın 13-cü maddəsinin 24749/16 saylı şikayəti aid olduğu Ərizəçi istisna olmaqla, bütün Ərizəçilərə münasibətdə pozulduğu qənaətinə gəlir;

5. Qərara alır ki, 76071/16 saylı şikayətin Konvensiyanın 8-ci maddəsi kontekstində baxılmasına ehtiyac yoxdur;

6. Qərara alır ki, cavabdeh Dövlət 43327/16, 62775/16, 8051/17, 8702/17 və 12870/17 saylı şikayətlərlə əlaqədar olaraq Konvensiyanın 34-cü maddəsi çərçivəsindəki öhdəliklərini pozmayıb.

7. Qərara alır:

(a) Cavabdeh Dövlət bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci paraqrafına uyğun olaraq qüvvəyə mindiyi tarixdən etibarən üç ay müddətində aşağıdakı məbləğləri ödəniş tarixinə olan valyuta məzənnəsinə əsasən Azərbaycan manatına konvertasiya etməklə Ərizəçilərə ödəməlidir:

(i) mənəvi zərər üçün hər bir Ərizəçiyə 5,000 (beş min avro) avro, üstəgəl, tətbiq edilə biləcək hər hansı vergi;

(ii) 62775/16 və 68722/16 saylı şikayətlərin aid olduğu Ərizəçilər istisna olmaqla hər bir Ərizəçiyə 1,000 (min) avro, üstəgəl, tətbiq edilə biləcək hər hansı vergi məbləği;

(b) Yuxarıda qeyd edilən üç aylıq müddətin bitməsindən ödəniş edilənə qədər gecikmə müddəti üçün Avropa Mərkəzi Bankının ən yüksək kredit dərəcəsinə bərabər olan və üzərinə üç faiz əlavə edilməklə hesablanan sadə faiz dərəcəsi ödənməli olacaq;

8. Əvəzin ədalətli ödənilməsi baxımından Ərizəçilərin iddiasının qalan hissəsini rədd edir.

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü paraqraflarına uyğun olaraq 13 dekabr 2013-cü il tarixində ingilis dilində tərtib edilmiş, haqqında yazılı qaydada məlumat verilmişdir.

                Milan Blaško                                 Angelika Nußberger
Katibin müavini                                                Sədr

 

Şikayət

Verilmə tarixi Ərizəçinin adı doğum tarixi yaşayış yeri Hüquqşünas: Ərizəçinin xəbər tutduğu tarix məhdudlaşdırmadan   Ölkədaxili məhkəmə icraatlarında müvafiq yekun məhkəmə qərarları
1. 66650/13 07/10/2013 Azad Oqtay oğlu

MÜRSƏLİYEV

25/10/1970

Bakı

Sadiq

ƏFƏNDİYEV

2 noyabr 2012 Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2013-cü il tarixli qərarı
2. 24749/16 22/04/2016 Aynurə İmran qızı

İMRANOVA

11/11/1976

Zərdab

Samirə

AĞAYEVA

21 noyabr 2014 Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2015-ci il və Ali Məhkəmənin 23 fevral 2016-cı il tarixli qərarı
3. 43327/16 04/07/2016 Gülər Şahin qızı

MEHDİZADƏ

13/04/1988

Abşeron

Yalçın

İMANOV

12 fevral 2016 Bakı Apellyasiya Məhkəməsinin 31 May 2016-cı il tarixli qərarı
4. 62775/16 20/10/2016 Rövşanə Vaqif qızı

RƏHİMOVA

08/07/1984

Bakı

Rövşanə

RƏHİMOVA

25 fevral 2015 Ali Məhkəmənin 7 aprel 2016-cı il tarixli qərarı (18 May 2016-cı ildə Ərizəçiyə qərarın surəti təqdim edilmişdir)
5. 68722/16 19/11/2016 Əminə Fevzi qızı

HACIYEVA

16/04/1955

Bakı

Aqil

LAYICOV

2016-cı   ilin             aprel                ayında göstərilməmiş tarixdə dəqiq Bakı Apellyasiya Məhkəməsinin 4 noyabr 2016-cı il tarixli qərarı
6. 76071/16 29/11/2016 Ənnağı Bahadur oğlu

HACIBƏYLİ

03/09/1955

Bakı

Xalid Bağırov 2014-cü   ilin             payızında göstərilməmiş tarixdə dəqiq Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarı
Şikayət

Verilmə tarixi Ərizəçinin adı doğum tarixi yaşayış yeri Hüquqşünas: Ərizəçinin xəbər tutduğu tarix məhdudlaşdırmadan Ölkədaxili məhkəmə icraatlarında müvafiq yekun məhkəmə qərarları
7. 8051/17 29/12/2016 İzolda Heydər qızı

AĞAYEVA

04/09/1988

Bakı

Yalçın

İMANOV

21 mart 2016 Bakı Apellyasiya Məhkəməsinin, 1 iyul 2016 və 17 noyabr 2017-cı il tarixli qərarları
8. 8702/17 19/01/2017 Aynurə Təvəkkül qızı

HEYDƏROVA

23/01/1981

Gəncə

Fariz

NAMAZLI

28 iyun 2016 Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qərarı
9. 12870/17 06/02/2017 Aytən İntiqam qızı

ƏLƏKBƏROVA

26/04/1980

Sumqayıt

Fariz

NAMAZLI

20 sentyabr 2015 Bakı Apellyasiya Məhkəməsinin 4 avqust 2017-ci il və Ali Məhkəmənin 28 dekabr 2016-ci il tarixli qərarı
10. 21246/17 07/03/2017 Azər Ağaqasım oğlu

QASIMLI

31/03/1975

Bakı

Xalid Bağırov 28 sentyabr 2016 Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qərarı
11. 37696/17 10/05/2017 Dilarə Valeh qızı

VƏLİYEVA

12/08/1958

Bakı

Cavad Cavadov 2013-cü   ildə            dəqiq                göstərilməmiş tarixdə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2017-ci il tarixli və Ali Məhkəmənin 22 noyabr 2017-ci il tarixli qərarı