№65583/13; №70106/13 ƏZİZOV və NOVRUZLU AZƏRBAYCANA QARŞI – 18 FEVRAL 2021-Cİ İL

YENİ © tərcümə – aihmaz.org – yüklə_Əzizov və Novruzlu Azərbaycana qarşı

 

BEŞİNCİ BÖLMƏ

ƏZİZOV VƏ NOVRUZLU AZƏRBAYCANA QARŞI
(Ərizələr №65583/13, №70106/13)

QƏRAR

STRASBURQ

18 fevral 2021

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Əzizov və Novruzlu Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə:

Síofra O’Leary, President,
Ganna Yudkivska,
Stéphanie Mourou-Vikström,
Lətif Hüseynov,
Lado Chanturia,
Ivana Jelić,
Arnfinn Bårdsen, hakimlər,
və Victor Soloveytchik, İclas katibi,

Məhkəmə işləri 27 sentyabr 2013 və 17 oktyabr 2013-cü il tarixlərində Azərbaycan vətəndaşları, Məmməd Rasim oğlu Əzizov (birinci ərizəçi) və Şahin İbrahim oğlu Novruzlu (ikinci ərizəçi), İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizələr nəticəsində başlayıb.

Müraciətin Azərbaycan Hökumətinə bildirilməsi barədə qərarı;
Tərəflərin müşahidələrini nəzərə alaraq;
Ərizəçilərin həbs qətimkan tədbirinin əsasının olmaması (Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi) ilə əlaqədar şikayətə dair Azərbaycan Hökumətinə (“Hökumət”) bildiriş verilməsi barədə qərar qəbul edir.

Ərizələri, ex officio, Konvensiyanın 18-ci maddəsinə əsasən uyğun bir məsələ kimi qiymətləndirir və müraciətlərin qalan hissəsini qəbuledilməz elan edir;

Tərəflərin müşahidələrini diqqətə alaraq;

13 oktyabr 2020-ci və 26 yanvar 2021-ci ildə xüsusi müşavirə keçirərək,

26 yanvar 2021-ci ildə qəbul edilmiş müvafiq qərarı elan edir:

 

GİRİŞ

1. Ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinad edərək, yerli məhkəmələrin onların məhkəməyə qədər həbslərini (həbs qətimkan tədbiri) əsaslandıra bilmədiyini və həbslərinin davam etdirilməsi üçün müvafiq və yetərli səbəblərin olmadığını iddia edirlər. Bundan başqa, onlar Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, hüquqlarının Konvensiyada göstərilən əsaslardan kənar məqsədlərlə məhdudlaşdırıldığını iddia edirlər.

FAKTLAR

2. Ərizəçilər və onların vəkilləri haqqında detallı məlumat Əlavələrdə qeyd edilib.

3. Hökümət cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.

I. ÜMUMI MƏLUMAT

4. Sözügedən hadisələr zamanı birinci ərizəçi Bakı Dövlət Universitetinin, ikinci ərizəçi isə Odlar Yurdu Universitetinin tələbəsi idi. Onlar 2011-ci ilin fevralında bir qrup gənc tərəfindən vətəndaş hərəkatı kimi yaradılan qeyri-hökumət təşkilatı NIDA-nın üzvləri idilər. NİDA-ın manifestinə əsasən, NIDA Azərbaycanda azadlıq, ədalət, həqiqət və dəyişiklik axtarır, zorakılığı rədd edir və yalnız qeyri-zorakı etiraz üsullarını istifadə edir.

5. Azərbaycan ordusunda qeyri-döyüş şəraitində bir sıra əsgər ölümlərindən sonra, 2013-cü ilin yanvarından mart ayınadək Bakıda bir sıra nümayişlər keçirildi. Nümayişlər mediada geniş işıqlandırıldı və ictimaiyyətin diqqətini orduda xidmət edən əsgərlərin ölümləri mövzusuna yönəltdi və buna görə hökumət sərt tənqid olundu. Nümayişlər sosial media vasitəsi ilə təşkil edilmiş və onlar haqqında məlumatlar sosial media və mətbuat vasitəsi ilə yayılmışdı. Ərizəçilər bu nümayişlərdə fəal iştirak etdilər. NİDA isə onların təşkili və keçirilməsində əsas rol oynadı. Nümayişlər dinc olmasına baxmayaraq, polis toplaşanları dağıtdı və bir çox nümayişçi həbs olundu (bax, bu hadisələrə aid bir çox başqa işlər arasında, Mehdiyev və başqaları Azərbaycana qarşı, 20589/13 saylı və 7 digər, 6 aprel 2017; Bayramov Azərbaycana qarşı, nöm. 19150/13 və 52022/13, 6 aprel 2017; və Hacılı və başqaları Azərbaycana qarşı, nöm. 44699/13 və 2 daha başqa işlər, 29 iyun 2017). Bu cür nümayişlərdən biri 10 Mart 2013-cü il tarixinə planlaşdırılmışdı.

II. ƏRİZƏÇİLƏRƏ QARŞI CİNAYƏT İŞİNİN AÇILMASI ONLARIN HƏBS QƏTİMKAN TƏDBİRİ

A. Birinci ərizəçi ilə bağlı

6. 7 Mart 2013-cü ildə ilk ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) və Baş Prokurorluğun zabitləri tərəfindən həbs olundu. Elə həmin gün yaşadığı mənzildə axtarış aparıldı. Axtarışda iddia olunurdu ki, 174.54 qram narkotik maddə və “təcili demokratiya tələb olunur, tel: + 994, ünvan: Azərbaycan” yazılmış iyirmi səkkiz broşura aşkar edilib. Məhkəmənin cinayət prosesi ilə əlaqəli bütün sənədlərin surətlərini təqdim etmək üçün Hökumətə müraciət etməsinə baxmayaraq, Hökumət axtarış protokolunun nüsxəsini təqdim edə bilmədi.

7. 9 Mart 2013-cü il tarixdə birinci ərizəçiyə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlama) maddəsi ilə cinayət işi açıldı.

8. Elə həmin gün Nəsimi Rayon Məhkəməsi birinci ərizəçinin iki ay müddətinə həbs edilməsinə qərar verdi. Məhkəmə, birinci ərizəçinin məhkəməyə qədər həbsini ona qarşı irəli sürülən ittihamların ağırlığını və sərbəst buraxılacağı təqdirdə gizlənərək istintaqa mane olacağı ehtimalını əsas gətirərək sübut etməyə çalışdı.

9. Birinci ərizəçi Nəsimi Rayon Məhkəməsinin 9 mart 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verməyib.

B. İkinci ərizəçi ilə bağlı

10. 7 Mart 2013-cü il ildə, o dövrdə yetkinlik yaşına çatmayan ikinci ərizəçi həbs edilərək MTN-in binasına aparıldı. Elə həmin gün ikinci ərizəçinin mənzilində axtarış aparıldı və mənzildən 252.27 qram narkotik maddə və üç molotof kokteyli tapıldığı iddia edildi. Məhkəmənin cinayət prosesi ilə əlaqəli bütün sənədlərin surətlərini təqdim etmək üçün Hökumətə müraciət etməsinə baxmayaraq, Hökumət axtarış protokolunun nüsxəsini təqdim edə bilmədi.

11. 9 Mart 2013-cü ildə ikinci ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən törədilməklə silah saxlama) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlama) maddələri ilə cinayət işi açıldı. Qanunsuz olaraq narkotik maddə əldə etməsi və başqa bir NİDA üzvü (B.G.) ilə mütəşəkkil bir cinayətkar qrup yaradıb, qanunsuz olaraq üç molotof kokteyli əldə etməsi və sonra yaşadığı yerdə saxlaması iddiası məxsusi olaraq ona aid edilən hərəkətlər idi.

12. Həmin gün Nəsimi Rayon Məhkəməsi ikinci ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul etdi. Məhkəmə, birinci ərizəçinin məhkəməyə qədər həbsini ona qarşı irəli sürülən ittihamların ağırlığını və sərbəst buraxılacağı təqdirdə gizlənərək istintaqa mane olacağı ehtimalını əsas gətirərək əsaslandırdı.

13. İkinci ərizəçi Nəsimi Rayon Məhkəməsinin 9 mart 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verməyib.

III. HÜQUQ MÜHAFİZƏ ORQANLARININ BİRGƏ BƏYƏNATI VƏ SONRAKI HADİSƏLƏR

14. 8 Mart 2013-cü il tarixdə Baş Prokurorluq və MTN mətbuata birgə bəyanat verərək, bildirirdilər ki, “son dövrlər radikal yönümlü bəzi destruktiv qüvvələr tərəfindən ölkədə bərqərar olmuş ictimai siyasi sabitliyin pozulmasına yönəlmiş qanunazidd cəhdlər göstərilir”. Bəyanat, ərizəçilər və B.G-nin 10 Mart 2013-cü ildə keçirləcək olan qanunsuz nümayiş zamanı zorakılıq və iğtişaşlar təşviq etməyi planlaşdırdığına görə həbs edildiyini təsdiqləyirdi. Ayrıca, ərçizəçilərin və B.G.-nin mənzillərində narkotik maddələr aşkar edildiyi, B.G-nin mənzinlində on doqquz, ikinci ərizəçinin mənzilində isə üç molotof kokteyli aşkar edildiyi, birinci ərizəçinin mənzilində 28 ədəd “təcili demokratiya tələb olunur, tel: + 994, ünvan: Azərbaycan” yazılı broşura aşkar edildiyi üçün onlara qarşı cinayət işi açıldığı qeyd edilirdi. Bəyənatda daha sonra deyilirdi ki, “ilkin istintaqla müəyyən edilmişdir ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsilə “Nida” vətəndaş hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş “Molotov kokteyli” adlanan tez alışan maye onlar tərəfindən hazırlanmışdır.”

15. Elə həmin gün NİDA ictimaiyyətə açıqlama verərək bildirdilər ki, ərizəçilərin və B.G-nin həbsi siyasi motivlidir və 10 Mart 2013-cü il tarixinə planlaşdırılan nümayişdən əvvəl etirazçılarda qorxu hissi yaradaraq susdurmaq məqsədi daşıyır.

16. Ərizəçilərin həbsindən sonra, 2013-cü ilin mart və aprel aylarında müxtəlif tarixlərdə NİDA-nın yeddi idarə heyətinin üzvündən dördü də eyni cinayət işi çərçivəsində həbs olundu. NİDA-nın idarə heyəti üzvlərinin tutulması və məhkəməyə qədər həbsi ilə bağlı yerli məhkəmə prosesləri, Rəşad Həsənov və digərləri Azərbaycan qarşı olan məhkəmə qərarının predmeti olub (48653/13 və digər 3 saylı, 7 iyun 2018).

IV. ƏRİZƏÇİLƏRİN MƏHKƏMƏYƏ QƏDƏR HƏBSİNİN UZADILMASI İLƏ BAĞLI

A. Birinci ərizəçi ilə bağlı

17. 15 Mart 2013-cü ildə ilk ərizəçi Nəsimi Rayon Məhkəməsinə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün vəsatət verdi. O, xüsusi olaraq idda etdi ki, onun istintaqdan qaçmaq və ya onun gedişini pozmaq riski yoxdur. O, məhkəmələrin onun şəxsi vəziyyətini, yəni daimi yaşayış yeri və tələbə olmasını, nəzərə almadığını vurğuladı.

18. 18 mart 2013-cü ildə Nəsimi Rayon Məhkəməsi ərizəçinin xahişini rədd edərək, həbs qətimkan tədbirinin digər qətimkan tədbirləri ilə əvəz edilməsinin əsası olmadığını bildirdi.

19. 27 mart 2013-cü ildə Bakı Appelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.

20. Prokurorun vəsatətindən sonra 2 may 2013-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi birinci ərizəçinin məhkəməyə qədər həbs müddətini iki ay, yəni 7 iyul 2013-cü ilədək, uzatdı. Məhkəmə qərarını əsaslandırmaq üçün işin mürəkkəbliyinə, birinci ərizəçinin gizlənmə ehtimalına, istintaq hərəkətlərini həyata keçirmək üçün əlavə vaxtın zəruri olmasına, ərizəçinin həyat tərzinə və xarici dövlətlərlə əlaqələrinə istinad etdi. Eyni qərarla məhkəmə birinci ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı xahişini də rədd etdi.

21. 4 may 2013-cü ildə birinci ərizəçi məhkəmənin bu qərarından şikayət verdi. Xüsusi olaraq, Nəsimi Rayon Məhkəməsinin onun məhkəməyə qədər həbsinin uzadılmasını əsaslandıra bilmədiyini vurğuladı.

22. 13 may 2013-cü ildə Bakı Appelyasiya Məhkəməsi şikayəti rədd etdi və birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmış olduğunu qeyd etdi.

23. 2 iyul və 29 avqust 2013-cü ildə Nəsimi Rayon Məhkəməsi birinci ərizəçinin məhkəməyə qədər həbs müddətini ilkində 2 ay və daha sonra 3 ay müddətinə uzatdı. Məhkəmə eyni əsaslara, yəni ittihamların ağırlığına, işin mürəkkəbliyinə, qaçma riskinin mövcudluğuna və daha çox istintaq hərəkətlərinin aparılması üçün əlavə vaxtın tələb olunmasına, əsaslandı.

24. Nəsimi Rayon Məhkəməsinin həbsin uzadılması ilə bağlı qərarları Bakı Appelyasiya Məhkəməsinin 10 iyul və 6 sentyabr 2013-cü il qərarları ilə qüvvədə saxlanıldı.

25. İş materiallarında həbsin uzadılması ilə bağlı əlavə qərarlar yoxdur.

B. İkinci ərizəçi ilə bağlı

26. Prokurorluğun vəsatətindən sonra 30 may 2013-cü ildə Nəsimi Rayon Məhkəməsi ikinci ərizəçinin məhkəməyə qədər həbs müddətini daha üç ay, 7 sentyabr 2013-cü ilə kimi uzatdı. Məhkəmə qərarını əsaslandırmaq üçün ittihamların ağırlığına, işin mürəkkəbliyinə, qaçma riskinin mövcudluğuna və daha çox istintaq hərəkətlərinin aparılması üçün əlavə vaxtın tələb olunmasına istinad etdi.

27. 3 iyun 2013-cü ildə ikinci ərizəçi bu qərardan şikayət verdi və bildirdi ki, birinci instansiya məhkəməsi onun həbsinin uzadılması ilə bağlı qərarını əsaslandıra bilməyib. İstintaqdan qaçma və ya mane olma riskinin olmadığını və birinci instansiya məhkəməsinin onun şəxsi vəziyyətini nəzərə almadığını iddia etdi. Bununla əlaqədar olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin onun yetkinlik yaşına çatmadığı faktını, əvvələr cinayət törətmədiyini və daimi yaşayış yerinin olduğunu nəzərə almayıb.

28. 6 iyun 2013-cü ildə Bakı Appelyasiya Məhkəməsi ikinci ərizəçinin şikayətini rədd etdi və məhkəməyə qədər həbsin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarının əsaslı olmasını təsdiqlədi. Apellyasiya məhkəməsi ikinci ərizəçinin konkret arqumentlərinə toxunmadı.

29. 3 iyul 2013-cü ildə ikinci ərizəçi məhkəməyə qədər həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə vəsatət verərək, əvvəlki arqumentlərini təkrarladı.

30. 4 iyul 2013-cü ildə vəsatəti rədd etdi və məhkəməyə qədər həbs tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə heç bir əsas yoxdur. Məhkəmə ikinci ərizəçinin konkret şikayətlərinə toxunmadı.

31. 8 iyul 2013-cü ildə ikinci ərizəçi bu qərardan appelyasiya şikayəti verdi və əvvəlki arqumentlərini təkrarladı.

32. 11 iyul 2013-cü ildə Bakı Appelyasiya Məhkəməsi şikayəti rədd etdi və birinci instansiya məhkəməsinin qərarının əsaslı olmasını təsdiqlədi.

33. 29 avqust 2013-cü ildə Nəsimi Rayon Məhkəməsi ikinci ərizəçinin məhkəməyə qədər həbsini üç ay müddətinə uzatdı. Məhkəmə eyni əsaslara, yəni ittihamların ağırlığına, işin mürəkkəbliyinə, qaçma riskinin mövcudluğuna və daha çox istintaq hərəkətlərinin aparılması üçün əlavə vaxtın tələb olunmasına, istinad etdi.

34. 2 sentyabr 2013-cü ildə ikinci ərizəçi bu qərardan şikayət verdi və əvvəlki arqumentlərini təkrarladı.

35. 5 sentyabr 2013-cü ildə Bakı Appelyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2013-cü il qərarını qüvvədə saxladı və onu əsaslı hesab elədi. İkinci ərizəçi o zaman hələ də azyaşlı idi.
36. İş materiallarında həbsin uzadılması ilə bağlı əlavə qərarlar yoxdur.

V. SONRAKİ HADİSƏLƏR

37. 2013-cü ilin sentyabr ayında birinci ərizəçiyə Cinayət Məcəlləsinin yeni maddələri 28-ci (cinayətə hazırlıq), 220.1-ci (kütləvi iğtişaş) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən törədilməklə silah saxlama) maddələri ilə cinayət ittihamı irəli sürüldü.

38. Bundan əlavə, 2013-cü ilin sentyabr ayında ikinci ərizəçiyə Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq) və 220.1-ci (kütləvi iğtişaş) maddələri ilə yeni cinayət ittiham irəli sürülməsi ortaya çıxdı.

39. 6 May 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəçiləri bütün maddələr altına təqsirli bildi və birinci ərizəçiyə yeddi il yarım, ikinci ərizəçiyə altı il həbs cəzası verdi.

40. 16 sentyabr 2014-cü ildə Bakı Appelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxladı.

41. 2 iyun və 15 oktyabr 2015-ci ildə Ali Məhkəmə Bakı Appelyasiya Məhkəməsinin birinci və ikinci ərizəçi ilə bağlı hökümlərini qüvvədə saxladı.

42. 17 oktyabr 2014-cü ildə ikinci və 17 Mart 2016-cı ildə birinci ərizəçi prezidentin fərmanları ilə əfv edildikdən sonra cəzalarının qalan hissəsini çəkməkdən azad edildi.

43. Hazırda, Konvensiyanın 6, 10, 11 və 18-ci maddələri əsasında ərizəçilərin verdiyi iki şikayətə baxılır. Həmin şikayətlər ərizəçilərə qarşı açılan cinayət işinin ədalətli olub-olmaması ilə bağlıdır (bax. 57334/15 və 22334/16 saylı ərizələr).

MÜVAFİQ QANUNVERCİLİK

I. MÜVAFİQ YERLİ QANUN VƏ PRAKTİKA

44. Cinayət Prosessual Məcəlləsinin (“CPM”) həbs qətimkan tədbiri ilə əlaqəli müddəaları Məhkəmənin Fərhad Əliyev Azərbaycana qarşı qərarlarında (37138/06, §§ 83-102, 9 Noyabr 2010) ətraflı şəkildə təsvir edilmişdir. (Bax Muradverdiyev Azərbaycana qarşı (№ 16966/06, §§ 35 49, 9 dekabr 2010).

45. Şübhəli və ya təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxsin həbsdə saxlanılmasına yalnız “az ağır zorakı cinayət”, “ağır cinayət” və ya “xüsusilə ağır cinayət” törədilməsi ilə əlaqəli olduqda yol verilir (CPM-nin 434.1-ci maddəsi). Yetkinlik yaşına çatmayan şəxsin həbsdə saxlanılmasına müstəsna tədbirlər kimi və mümkün qədər qısa müddət ərzində icazə verilir (CPM-nin 434.2-ci maddəsi).

46. Ali Məhkəmə Plenumunun həbs qətimkan tədbiri ilə bağlı müvafiq qərarları Məhkəmənin Allahverdiyev Azərbaycana qarşı qərarında (No. 49192/08, §§ 31 32, 6 Mart 2014) ətraflı şəkildə təsvir edilmişdir.

II. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

47. Bir sıra müvafiq beynəlxalq sənədlər Məhkəmənin Rəşad Həsənov və digərləri Azərbaycana qarşı qərarında (48653/13 və 3 digər, §§ 79-81, 7 iyun 2018) ətraflı şəkildə təsvir edilmişdir.

48. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 Noyabr 1989-cu ildə qəbul edilmiş və Azərbaycan tərəfindən 13 Avqust 1992-ci il tarixində təsdiqlənmiş Uşaq Hüquqları Konvensiyasının müvafiq maddələrində deyilir:

“Maddə 1
“Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədlərinə görə uşaq sayılır. Bu şərtlə ki, həmin uşaq barəsində tətbiq edilə bilən qanuna görə, o yetkinlik yaşına daha əvvəl çatmamış olsun.

Maddə 37
“İştirakçı Dövlətlər təmin edirlər ki:

(b) Heç bir uşaq qanunsuz və ya özbaşına şəkildə azadlıqdan məhrum edilə bilməz. Uşağın həbsə alınması, tutulması və ya həbsi cəzası çəkməsi qanuna uyğun olmalıdır və yalnız son qətimkan tədbiri olaraq və ən qısa müddətdə istifadə olunur… ”

49. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin uşaqların ədliyyə sistemindəki hüquqları ilə bağlı 18 sentyabr 2019-cu il tarixli 24 nömrəli ümumi şərhinin (CRC / C / GC / 24) müvafiq hissəsində deyilir:

“85. Azadlıqdan məhrumetmənin aparıcı prinsiplər bunlardır: (a) uşağın həbs edilməsi, tutulması və ya həbsi cəzasına məhkum edilməsi qanuna uyğun olmalı, yalnız son qətimkan tədbiri olaraq və ən qısa müddət üçün nəzərdə tutulmalıdır ; və (b) heç bir uşaq qanunsuz və ya özbaşına şəkildə azadlıqdan məhrum edilməməlidir. Həbs çox zaman məhkəməyə qədər həbs tədbirinin başlanğıc nöqtəsidir və Dövlətlər, həbs olmanın kotekstində, 37-ci maddəninin tətbiq etmək üçün qanunun hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında açıq öhdəliklər qoymasını təmin etməlidirlər. Dövlətlər, yalnız ən son qərar tədbir kimi və ən qısa müddət halları istinsa olmaqla, uşaqların nəqliyyatda və ya polis kameralarında tutulmamalarına və onların mənafelərinə uyğun olduğu hallar istisna olmaqla, böyüklərin yanında saxlanılmamalarını təmin etməlidirlər. Onları, tez bir zamanda valideynlərinə və ya müvafiq yetkinlərə təhvil verəcək mexanizmlərə üstünlük verilməlidir.
86. Komitə narahatlıqla qeyd edir ki, bir çox ölkə Konvensiyanın 37 (b) maddəsinin kobud şəkildə pozaraq uşaqları aylarla, hətta illərlə həbsdə saxlayır. Ən ciddi hallar istisna olmaqla və hətta yalnız icma şəkilində yerləşdirilməsinə diqqətlə baxıldıqdan sonra məhkəməyə qədər həbs tədbiri tətbiq edilə bilər. Məhkəməyə qədərki mərhələdə fərqli seçimlərin olması həbsdən istifadəni azaldır, lakin hətta uşağın, uşaqlar üçün nəzərdə tutulmuş ədliyyə sistemində mühakimə olunacağı hallarda belə məhkəməyə qədər həbs tədbirinin azaldılması üçün qeyri-həbs qətimkan tədbirindən istifadə çoxaldılmalıdır.
87. Qanunda məhkəmyə qədər həbs tədbirinin istifadə meyarları açıq şəkildə göstərilməlidir. Bunlar, ilk növbədə, məhkəməyə gəlməni təmin etmək üçün və uşağın başqaları üçün ciddi təhlükə yaratması halında tətbiq edilə bilər. Uşaq (özünə və ya başqalarına) təhlükəli hesab edilərsə, uşağı qoruma tədbirləri tətbiq edilməlidir. Məhkəməyə qədər həbs tədbirinə müntəzəm şəkildə yenidən baxılmalı və müddəti qanunla məhdudlaşdırılmalıdır. Uşaq ədliyyə sistemində çalışanlar istintaq təcridxanasında olan uşaqların məhkəmə işlərinə üstünlük verməlidirlər.
88. İştirakçı Dövlətlər azadlıqdan məhrumetmənin qısamüddətli olmasına diqqət edərək, uşaqları, polis nəzarəti də daxil olmaqla, həbsdən erkən azadlığa buraxıb valideynlərinə və ya digər müvafiq yetkinlərə təhvil verilməsi üçün daimi imkanlar yaratmalıdırlar. Səlahiyyətli quruma və ya bir yerə hesabat vermək kimi şərtlərlə və ya bu şərtlər olmadan, sərbəst buraxmaq üçün qərar mexanizmi olmalıdır. Girov qoyaraq azadlığa buraxılmaq kimi şərt olmamalıdır, çünki uşaqların çoxu pulu ödəyə bilmir və bu tədbir kasıb və marjinallaşmış ailələrə qarşı da ayrı-seçkilikdir. Bundan əlavə, girov tədbirinin olması o deməkdir ki, məhkəmə tərəfindən uşağın sərbəst buraxılmasının vacib olması prinsipcə qəbul edilir və məhkəmə prosesində iştirakı təmin etmək üçün digər tədbirlərin istifadə oluna biləcəyini göstərir.”

50. 2012-ci ilin yanvar və fevral aylarında Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi Azərbaycanın birləşdirilmiş üçüncü və dördüncü dövri hesabatını nəzərdən keçirərək 12 mart 2012-ci il tarixli yekun müşahidələrini (CRC / C / AZE / CO / 3 4) qəbul edib. Bu yekun müşahidələrdə aşağıdakıları deyilir:

“Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi

75. Komitə, iştirakçı Dövlətin hüquq-mühafizə orqanlarının mütəxəssisləri üçün yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair bəzi tədris proqramlarının həyata keçirilməsini öz üzərinə götürdüyünü və yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi üçün qanunvericiliyin qəbul edilməsinə başlanıldığını qeyd etsə də, Komitənin 1997-ci il (CRC / C / 15 / Add.77, maddə 28 və 49) və 2006 (CRC / C / AZE / CO / 2, para. 67) tövsiyələrinə baxmayaraq, Dövlətin yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi ilə bağlı ciddi inkişafa nail olmamasından dərin narahatlıq keçirir. Komitənin xüsusilə narahat qaldığı məsələ budur:
(a) İştirakçı dövlət, Konvensiyanın müddəalarına uyğun olaraq, uşaqların vəziyyətinə toxunan və yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi haqqında qanun qəbul etməyib;
(b) Uşaqlarla əlaqəli istintaqlarlarda çalışacaq ixtisaslı kadırlar və uşaqların dindirilməsində ixtisaslaşmış hüquq-mühafizə heyəti yoxdur;
(c) 18 yaşınadək şəxslərin yetkin yaşında olanlarla bərabər şəkildə mühakimə olunduğu cinayətlər mövcuddur;
(d) 18 yaşınadək şəxslər tez-tez istintaq təcridxanasında saxlanılır və xüsusən qadın məhbuslar böyüklərdən təcrid edilmir;
(e) Azadlıqdan məhrum etməyə alternativlər kifayət qədər nəzərə alınmır və tətbiq edilmir və 18 yaşınadək olan şəxslər 10 ilədək müddətə həbs cəzasına məhkum edilə bilirlər;
(f) Həbs şəraiti çox vaxt pis, qeyri-kafi olur və sıxlıq çox ciddi problem kimi görünür;
(g) 18 yaşınadək şəxslər üçün bərpa, yardım və reinteqrasiya xidmətləri kifayət deyil və qanuna zidd qəbul edilməlidir
76. Komitə əvvəlki tövsiyələrini təkrarlayır və iştirakçı dövləti yetkinlik yaşına çatmayanlarla bağlı ədliyyə sistemini Konvensiyaya, xüsusilə 37, 40 və 39-cu maddələrə tamamilə uyğunlaşdırmağa çağırır; Bundan başqa Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanlarla bağlı Ədliyyə İdarə Edilməsinə dair Minimum Standart Qaydalarını (Pekin Qaydaları), Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanların arasında qanunsuzluğun qarşısının alınması Təlimatını (Riyad Təlimatı), Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlarla bağlı ədliyyə sahəsində digər standartları ilə Azadlıqdan məhrum olan yetkinlik yaşına çatmayanların qorunması qaydalarını və Ədliyyə Sistemində Uşaqlara dair Tədbirləri və yetkinlik yaşına çatmayanların ədalətinə dair ümumi müzakirə günündə edilən Komitənin tövsiyələrini (CRC / C / 46, paraq. 203-238) nəzərə almalıdırlar. Bununla əlaqədar olaraq Komitə iştirakçı dövlətə tövsiyə edir ki:

(c) 18 yaşınadək şəxslərin azadlıqdan yalnız son çarə olaraq və ən qısa müddətdə məhrum edilməsini təmin etmək üçün bütün lazımi tədbirləri görsünlər. Xüsusən də, həbsdə saxlamağa alternativ olan cəzalar hazırlasınlar və həyata keçirsinlər, o cümlədən müxtəlif mərkəzlərinin yaradılmasına və/və ya uşaqlar üçün hüquqi klinikalar formalaşdırlımasına diqqət etsinlər;
…”

QANUN

I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ

51. Məhkəmə, ərizələrin oxşar mövzusunu nəzərə alaraq, Məhkəmə Reqlamentinin 42-ci Qaydasının 1-ci bəndinə əsasən, onları tək bir qərarla birlikdə araşdırmağı məqsədəuyğun hesab edir.

II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU

52. Ərizəçilər, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinad edərək yerli məhkəmələrin məhkəməyə qədər həbs qətimkan tədbirinin zəruri olmasını və həbsin davam etdirilməsinin əsaslarını göstərə bilməməkdən şikayət ediblər. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində deyilir:

“Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”

A. Qəbuledilənlik

53. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin çərçivəsində açıqca əsassız deyildir. Bundan əlavə, bunun başqa bir əsasla da qəbulediıməz olmadığını qeyd edir. Buna görə qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

54. Ərizəçilər yerli məhkəmələrin məhkəməyə qədər həbs qətimkan tədbirini əsaslandıracaq kifayət qədər səbəb göstərə bilmədiyini iddia ediblər. Xüsusilə, yerli məhkəmələrin onların konkret vəziyyətlərini dəyərləndirmədən yalnız müvafiq qanuni müddəalardan sitat gətirdiklərini bildiriblər.

55. Hökümət, yerli məhkəmələrin ərizəçilərin vəziyyətini düzgün dəyərləndirdiyini və məhkəməyə kimi həbs qətimkan tədbirləri ilə bağlı əsaslandırılmış qərarlar verdiklərini ifadə edərək, ərizəçilərin təqdimatlarına etiraz etdi. Bundan əlavə, yerli məhkəmələrin ərizəçilərin məhkəməyə qədər davamlı şəkildə həbsdə saxlanılmasının zəruri olmasını əsaslandıran müvafiq və yetərli səbəblər təqdim etdiklərini bildirdi.

Məhkəmənin dəyərləndirməsi

56. Məhkəmə, presedent hüququna və Buzadji Moldova Respublikasına qarşı qərarda göstərilən ümumi prinsiplərə istinad edərək (ümumi nöm. 23755/07, §§ 84-91, 5 iyul 2016), həmin prinsiplərin bu işə uyğun olduğunu qeyd etdi.

57. Məhkəmə, 5-ci maddənin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınmalı olan müddətlə əlaqədar olaraq qeyd edir ki, bu müddət 7 Mart 2013-cü ildə, yəni ərizəçilər həbs olunduqda başladı və 6 may 2014-cü il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsi onları məhkum etdikdə sona çatdı. Beləliklə, ərizəçilərin hər ikisi ümumilikdə bir il, bir ay və iyirmi doqquz gün müddətində istintaq təcridxanasında saxlanıldı.

58. Məhkəmə qeyd edir ki, ərizəçilərin məhkəməyə qədər həbs edilməsi tədbirinin müddəti Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin qərarları ilə uzadıldı. Eyni şəkildə, məhkəmələr ərizəçilərin məhkəməyə qədər həbs tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi tələblərini rədd etdi (yuxarıdakı 17-24 və 26-35-ci bəndlərə baxın). Bununla əlaqədar olaraq, Məhkəmə həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin standart bir şablondan istifadə etdiyini müşahidə edir. Xüsusi olaraq, yerli məhkəmələr həbsləri əsaslandırmaq üçün bir neçə mücərrəd və stereotipik əsasları təkrarlamaqla özlərini məhdudlaşdırdılar və bu əsasların ərizəçilərin işləri ilə hansı səbəb əlaqəsində olmasını əsaslandıra bilmədilər. Həm də bu əsaslarla əlaqəli hər hansı bir konkret faktdan bəhs etmədilər və onlara uyğun gələn və kifayət qədər səbəblərlə əsaslandıra bilmədilər. (bax: Fərhad Əliyev Azərbaycana qarşı, Nöm 37138/06, §§ 191 94, 9 noyabr 2010; Muradverdiyev Azərbaycana qarşı , № 16966/06, §§ 87-91, 9 dekabr 2010; və Zayidov Azərbaycana qarşı nöm. 11948/08, §§ 64-68, 20 fevral 2014). Məhkəmə, yerli məhkəmələrin əsaslandırmalarını dəstəkləyəcək hər hansı bir izahat və ya məlumat vermədən həbsin davam etdirilməsi üçün ilk ərizəçinin həyat tərzinə və xarici dövlətlərlə əlaqələrinə istinad etməsini təəccüblü hesab edir (yuxarıdakı 20 və 22-ci bəndlərə bax).

59. Məhkəmə qeyd edir ki, yerli məhkəmələr ərizəçilərin məhkəməyə qədər həbsinin müddətini uzadarkən əlaqəsiz əsaslar irəli sürüblər. Xüsusilə istintaqı başa çatdırmaq üçün daha çox vaxt lazım olduğunu bildiriblər (yuxarıdakı 20, 23, 26 və 33-cü bəndlərə baxın). Lakin, Məhkəmə bir daha təkrar edir ki, 5-ci maddənin 3-cü bəndinə əsasən, əlavə istintaq tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və ya icraatın hələ başa çatmaması kimi əsaslar şəxsin məhkəməyə qədər həbsi üçün məqbul səbəb deyil (bax Allahverdiyev Azərbaycana qarşı, nöm. 49192/08, § 60, 6 mart 2014 və Məmmədov və Başqaları Azərbaycana qarşı, nöm. 35432/07, § 99, 21 fevral 2019).

60. Məhkəmə, yerli məhkəmələrin məhkəməyə qədər həbs tədbirinin uzadılması barədə qərarlarında ikinci ərizəçinin yaşına tamamilə məhəl qoymadıqlarını da nəzərə almaya bilməz. Məhkəmə bununla əlaqədar olaraq bildirir ki, ikinci ərizəçi azyaşlı olduğu üçün həbs qətimkan tədbiri Azərbaycanın beynəlxalq öhdəliklərinə (bax: yuxarıdakı bəndlər 48-50) və CPM-nin 434.2-ci maddəsinə (yuxarıdakı 45-ci bəndə bax) uyğun olaraq ən son vasitə kimi və ən qısa müddətə tətbiq edilməli idi. Bununla birlikdə, yerli məhkəmələr bu müstəsna tədbirin ikinci ərizəçi ilə əlaqəli olaraq nə üçün tətbiq edildiyini izah etmək üçün heç cəhd belə etməyiblər (müqayisə edin Nart Türkiyəyə qarşı, Nöm 20817/04, § 33, 6 May 2008; Korneykova Ukraynaya qarşı, nöm. 39884/05, § 46, 19 yanvar 2012; və Mahmut Öz Türkiyəyə qarşı, nöm. 6840/08, § 36, 3 July 2012).

61. Məhkəmə, yuxarıda göstərilən mülahizələri nəzərə alaraq, ərizəçilərin işlərinin konkret faktlarına toxunmadan yalnız həbs üçün əsasları sadalayan standart bir düsturdan istifadə edildiyini və uyğunsuz səbəblərə istinad edildiyini və yerli qrumların, ərizəçilərin məhkəməyə qədər həbslərinin uzadılması zərurətini əsaslandırmaq üçün “uyğun” və “kifayət” sayılacaq əsaslarla istinad etmədiyini qeyd edir.

62. Müvafiq olaraq Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub.

III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 18-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

63. Ərizəçilər Konvensiyanın 18-ci maddəsinə əsasən onların konvensional hüquqlarının Konvensiyada göstərilən məqsədlərdən kənar məqsədlərlə məhdudlaşdırıldığını iddia ediblər. 18-ci Maddədə deyilir:

“Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”

A. Qəbuledilənlik

64. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin çərçivəsində açıqca əsassız deyildir. Bundan əlavə, başqa bir əsasla da qəbuledilməz olmadığını qeyd edir. Buna görə qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

65. Ərizəçilər tutulma və həbslərinin siyasi motivli olduğunu və onları NİDA üzvləri olaraq cəzalandırmaq və susdurmaq məqsədi daşıdığını bildirdilər. Belə ki, onlar Azərbaycan ordusunda əsgər ölümlərinə qarşı etiraz aksiyalarında fəal iştirak etdiklərini və NİDA üzvlərinin fəaliyyətlərinə görə bir neçə il bundan əvvəl həbs edildiklərini bildirdilər.

66. Hökumətin təqdimatları Rəşad Həsənov və digərləri Azərbaycana qarşı (48653/13 və 3 nəfər digərləri, §§ 114-15, 7 iyun 2018) işdə səsləndirdikləri ilə tamamilə eyni idi.

2. Məhkəmənin qiymətləndirməsi

67. Məhkəmə, Ərizəçilərin şikayətini Böyük Palatanın Merabishvili-Gürcüstana qarşı, ([GC], nöm. 72508/13, §§ 287-317, 28 noyabr 2017 ), Navalni Rusiyaya qarşı ([GC], 29580/12 və 4 digər, §§ 164 165, 15 noyabr 2018), habelə Böyük Palatanın Səlahəttin Demirtaş Türkiyəyə qarşı (nöm. 2) ([GC], nöm. 14305/17, §§ 425, 429 və 436, 22 dekabr 2020) qərarlarında tətbiq etdiyi ümumi prinsiplər işığında araşdıracaq.

68. Əvvəla, Məhkəmə hesab edir ki, 18-ci maddəyə əsaslanaraq verilmiş şikayət bu işin fundamental hissəsini təşkil edir. Belə ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi çərçivəsində qiymətləndirilməsi verilməyib və ayrıca araşdırılmalıdır.

69. Məhkəmə, müşahidə edir ki, bu işin halları və Konvensiyanın 18-ci Maddəsinə əsaslanaraq ərizəçilərin verdikləri şikayət Rəşad Həsənov və Başqaları (Məhkəmə həmin işdə Konvensiyanın 5-ci Maddəsinin 3-cü bəndi ilə birgə götürülmüş şəkildə 18-ci Maddənin pozuntusunu tanımışdı) qərarında araşdırılıb və ona oxşardır. Xüsusilə, hazırkı işdəki ərizəçilər və Rəşad Həsənov və Digərləri işindəki dörd ərizəçi, əsasən, eyni cinayət ittihamları əsasında həbs edilmiş və sonradan eyni cinayət prosesi çərçivəsində mühakimə olunaraq məhkum edilmişdilər (bax. Yuxarıda göstərilən Rəşad Həsənov və Digərləri, §§ 5-12 və §§ 65-66).

70. Məhkəmə qeyd edir ki, bu işdə Rəşad Həsənov və Başqalarının işindən fərqli olaraq, ərizəçilərin cinayət əməli törətdiklərinə dair “ağlabatan şübhə” olmadığı halda məhkəməyə qədər həbs edilmələrini mübahisələndirməyiblər, çünki ərizəçilər, onların məhkəməyə qədər həbs edilməsini nəzərdə tutan qərarlardan şikayət etməyiblər (yuxarıdakı 9-cu və 13-cü bəndlərə baxın). Bu mənada, məhkəməyə qədər həbsin uzadılmasından şikayətlər verməyiblər və beləcə daxili müdafiə vasitələrini tükəndirməyiblər. Bu səbəbdən hazırkı iş, ərizəçinin hüquq və azadlığının Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırıldığı hallardan fərqləndirilməlidir; Həmin işlərdə, məqsədlərin pluralizmi ilə bağlı heç bir məsələ ortaya çıxmayıb (müqayisə edin, məsələn yuxarıda göstərilən Rəşad Həsənov və Digərləri, § 119; Əliyev Azərbaycana qarşı, sayları 68762/14 və 71200/14, § 206, 20 Sentyabr 2018; və yuxarıda göstərilən Navalni işi, § 166). Bu işdə Məhkəmə, Konvensiyanın 18-ci maddəsinə əsasən, ərizəçilərin şikayətinə baxılması zamanı məqsədlərin pluralizmi məsələsini araşdırmalıdır. Məhkəmə beləliklə, yerli hakimiyyət orqanlarının ərizəçilərin məhkəməyə qədər həbsdə saxlanılması ilə bağlı qərarlarında gizli məqsəd güdüb-güdmədiyini və əgər güdübdürsə, bu gizli məqsədin ərizəçilərin azadlıq hüquqlarının məhdudlaşdırılmasında əsas məqsəd olub olmadığını araşdıracaqdır (yuxarıda göstərilən Merabişvili işini müqayisə edin, §§ 318 54).

71. Ərizəçilərin davam edən həbs qətimkan tədbirinin gizli məqsəd güdüb-güdməməsi məsələsinə gəldikdə, Məhkəmə, Rəşad Həsənov və Başqaları (yuxarıda göstərilən, §§ 122 24) işində, 8 mart 2013-cü il tarixli birgə bəyanatla çıxış edən Baş Prokurorluq və MTN-nin açıq şəkildə NIDA və üzvlərini hədəf alaraq “son dövrlər radikal yönümlü bəzi destruktiv qüvvələr tərəfindən ölkədə bərqərar olmuş ictimai siyasi sabitliyin pozulmasına yönəlmiş qanunazidd cəhdlər göstərilir” dediyini aydınlaşadırıb. Yuxarıda göstərilən ifadədən də aydın olur ki, hüquq-mühafizə orqanları ərizəçilərin məhkəməyə qədər həbsdə saxlanılması üçün əsas olan açılmış cinayət işinin başlanığıcından ərizəçilərin iddia olunan narkotik vasitələr və Molotov kokteyli saxlamalarını heç bir qeyd-şərtsiz NİDA-ya üzvülükləri ilə əlaqələndiriblər: “hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsilə “Nida” vətəndaş hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmişlər” (yuxarıdakı 14-cü bəndə bax) (yuxarıda göstərilən Rəşad Həsənov və digərləri işinə baax § 122).

72. Məhkəmə müəyyən edib ki, prokurorluq NİDA və üzvlərinin “destruktiv qüvvələr” və “bir sıra qanunsuz fəaliyyətlər” həyata keçirən bir təşkilat olduğunu nümayiş etdirmək üçün sadəcə, NİDA üzvlərinin mənzillərində narkotik maddələr və Molotov kokteylərini tapmalarına istinad ediblər (orada, § 123).

73. Məhkəmə həmçinin hesab edir ki, prokurorluq orqanları tərəfindən ərizəçilərə qarşı tətbiq edilən cinayət təqibinin başlanılması və sonrakı həbs qətimkan tədbirləri, hökumətə qarşı növbəti etirazların təşkil edilməsinin qarşısını almaq üçün istifadə edilmişdir. Bununla əlaqədar olaraq, Məhkəmə, ərizəçilərin və digər NİDA üzvlərinin hökumətə qarşı bir sıra nümayişlərdə fəal şəkildə iştirak etməsinin ardından, 10 Mart 2013-cü il tarixinə təyin edilmiş nümayiş ərəfəsində onlar barəsində cinayət təqibin başlanması qərarına xüsusi önəm verir (Məmmədli Azərbaycana qarşı, № 47145/14, § 102, 19 aprel 2018, İbrahimov və Məmmədov Azərbaycana qarşı, say. 63571/16 ve 5 Başqaları, § 153, 13 fevral 2020). Məhkəmə, həmçinin, prokurorluğun 8 Mart 2013-cü il tarixli açıqlamasında birinci ərizəçinin evində tapılmış “təcili demokratiya tələb olunur, tel: + 994, ünvan: Azərbaycan” yazılmış iyirmi səkkiz broşuru ərizəçilərin 10 Mart 2013-cü il tarixli qanunsuz nümayiş zamanı zorakılıq və iğtişaşlarını təşviq etmək niyyətini sübut edən qanunsuz material kimi (yuxarıdakı 14-cü bəndə bax) təsvir etməyə çalışmasını unutmur.

74. Məhkəmə, düşünür ki, yuxarıda göstərilən elementlərin, ərizəçilərin məhkəməyə qədər həbsində gizli bir məqsədin olduğu qənaətinə gəlinməsi üçün yetərlidir; hesab edir ki, məhz orduda xidmət edən əsgərlərin ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştirak etdiklərinə görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi daşıyıb.

75. Məhkəmə indi sözügedən gizli məqsədin ərizəçilərin azadlıq hüququnun məhdudlaşdırılmasında əsas məqsəd olub-olmadığını müəyyənləşdirməlidir. Bir işdə dəqiq olaraq, hansı məqsədin əsas məqsəd olduğunu müəyyən etmək işin bütün hallarından asılıdır. Məhkəmə bu məqamı qiymətləndirərkən iddia edilən gizli məqsədin mahiyyəti və zorakılıq dərəcəsini və Konvensiyanın qanunun aliliyi ilə təmin olunan demokratik cəmiyyətin ideallarını və dəyərlərini qorumaq və təşviq etmək məqsədi ilə hazırlandığını nəzərə alacaqdır (yuxarıda göstərilən Merabişvili, § 307).

76. Bu baxımdan, ərizəçilərin işinə ölkədəki hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan haqları müdafiəçilərinin özbaşına tutulması və həbsi fonunda baxılmalıdır. Məhkəmə, Əliyev işində (yuxarıda göstərilən, § 223) və bənzər bir sıra qərarlarında, hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan haqları müdafiəçilərinin özbaşına şəkildə tutulması və həbsə alınmasının arxasında intiqamalma niyyətinin dayandığını və 18-ci maddəni pozmaqla cinayət qanunverciliyindən sui-istifadə etmək tendensiyasını əks etdirdiyini müşahidə edir. Məhkəmə, NİDA üzvləri daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının tutulması və həbsi ilə bağlı son qərarlarında bu tapıntılarının bir daha təsdiq olunmasını müşahidə edir (bax Natiq Cəfərov Azərbaycana qarşı, Nöm 64581/16, §§ 64-70, 7 noyabr 2019; İbrahimov və Yuxarıda adı çəkilən Məmmədov, §§ 151-58; və Xədicə İsmayılova Azərbaycana qarşı (Nöm. 2), Nöm. 30778/15, §§ 113-20, 27 fevral 2020) və mövcud işdə ərizəçilərin vəziyyətinin ümumi bir tendensiyanı əks etdirdiyini düşünür.

77. Məhkəmə daha sonra qeyd edir ki, səlahiyyəti qurumlar, NIDA-ya və onun rəhbərliyi hədəf alan hərəkətlərinə çox böyük əhəmiyyət veriblər. Bu səbəbdən görünür ki, ərizəçilərə qarşı cinayət təqibinin başlanılması və onların sonradan həbs qətimkan tədbirinə məruz qalması hakimiyyət orqanları tərəfindən orduda xidmət edən əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı növbəti etirazların təşkil edilməsinin qarşısını almaq üçün istifadə edilmişdir (yuxarıdakı 73-cü bəndə bax) və ayrıca, 2013-cü ilin mart və aprel aylarında NIDA-nın idarə heyətinin dörd üzvünü tutmaq və həbs etməklə təşkilatın fəaliyyətlərini iflic etmək niyyətləri olub. Məhkəmə artıq onların tutulmasının və həbs edilməsinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin və Konvensiyanın 18-ci maddəsinin 5-ci maddəsi ilə birlikdə pozulduğunu təsbit edib (bax: yuxarıda göstərilən Rəşad Həsənov və digərləri, §§ 108 və 127). Yuxarıda deyilənlərin hamısı, ərizəçilərin işində hakimiyyət orqanlarının gizli məqsədinin üstünlük təşkil etdiyinə işarə edir.

78. Bu, yerli məhkəmələrin ərizəçilərin həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxması prosesində də görünür. Xüsusilə, yerli məhkəmələr ərizəçilərin həbs qətimkan tədbirinin uzadılması zərurətini əsaslandırmaq üçün nəinki “müvafiq” və “yetərli” səbəblər gətirmədi, eyni zamanda ikinci ərizəçinin yaşını nəzərə almadı – əgər nəzərə alsaydı, ehtimal ki, bu onun həbsdən sürətlə azad edilməsi ilə nəticələnərdi (yuxarıdakı 60-cı bəndə bax).

79. Məhkəmə işin bütün hallarını nəzərə alaraq, ərizəçilərin azadlıqlarının məhdudlaşdırılması və həbs qətimkan tədbirinin uzadılmasında gizli məqsədin əsas təşkil etdiyini düşünür və əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştiraklarına görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi güddüyünü müəyyən edir.

80. Müvafiq olaraq Konvensiyanın 18-ci maddəsinin 5-ci bəndinin 3-cü bəndi ilə birlikdə götürülməklə pozulduğu bildirildi.

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

81. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi ziyan

82. İkinci ərizəçi maddi ziyana görə 124.000 avro (EUR) tələb etdi. Bununla əlaqədar olaraq, mənzilində aparılan axtarış zamanı atasına məxsus 121.391 ABŞ dollarının (ABŞ dolları) hüquq-mühafizə orqanları tərəfindən götürüldüyünü və tələb olunan məbləğin qalan hissəsi ailəsinin ona yemək göndərməyə və mütəmadi olaraq həbsxanada onu ziyarət etməyə sərf etdikləri məbləğlə uyğun gəlir.

83. Hökümət tələbin rədd edilməsini xahiş etdi.

84. İddianın hüquq-mühafizə orqanlarının axtarış zamanı götürdüyü pul məbləğinə dair hissəsinə gəldikdə, Məhkəmə qeyd edir ki, hazırkı ərizə sözügedən axtarışın qanuniliyi ilə əlaqəli deyil. Üstəlik, ikinci ərizəçinin özü, sözügedən pulun bu işdə ərizəçi olmayan atasına məxsus olduğunu bildirdi. Buna görə Məhkəmə, aşkar edilmiş pozuntularla iddia edilən maddi ziyan arasında səbəb nəticə əlaqəsin görmür.

85. Ailəsinin ona yemək göndərməyə və mütəmadi olaraq həbsxanada görüşməyə xərclədiyi məbləğə gəldikdə, bu hissədə maddi ziyanla aşkar edilmiş pozuntular arasında səbəbli əlaqə olduğunu guman etsək belə, Məhkəmə qeyd edir ki, ikinci ərizəçi bu iddianı təsdiqləyən müvafiq sənədli dəlilləri ona təqdim etməyib.

86. Buna uyğun olaraq da, ikinci ərizəçinin maddi ziyanla bağlı tələbini rədd edir.

2. Mənəvi ziyan

87. Bu başlıq altında birinci ərizəçi 25,000 Avro və ikinci ərizəçi 100,000 Avro tələb etdi.

88. Hökumət ərizəçilər tərəfindən tələb olunan məbləğlərin əsassız və həddən artıq çox olduğunu bildirdi. Bundan əlavə, 10.000 Azərbaycan manatının (AZN) ərizəçilər tərəfindən iddia edilən maddi ziyana görə yetərli təzminat təşkil edəcəyini bildirdi.

89. Məhkəmə hesab edir ki, ərizəçilərə mənəvi ziyan dəymişdir, bu məbləğ yalnız pozuntunun tanınması ilə ödənilə bilməz və beləliklə təzminat verilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsasda qiymətləndirmə aparan Məhkəmə, hər bir ərizəçiyə bu başlıq altında 20.000 avro, bu məbləğdən tutulacaq vergiləri daxil olmaqla, təzminat ödənilməsi qərarı verir.

B. Xərc və məsrəflər

90. Məhkəmə və yerli məhkəmələr qarşısında icraatda görülən hüquqi xidmətlər üçün birinci ərizəçi 2.000 avro, ikinci ərizəçi 10.000 avro tələb etdi. Nümayəndələri ilə bağlanmış müvafiq müqavilələri təqdim etdilər. İkinci ərizəçi, xərclər və məsrəflər ilə əlaqədar təzminatın birbaşa nümayəndəsinin bank hesabına ödənilməsini istədi.

91. Hökumət ərizəçilər tərəfindən tələb olunan məbləğlərin həddindən artıq çox olduğunu hesab etdi. Hökümətə görə, xərclər və məsrəflərlə bağlı birinci ərizəçiyə 1.000 AZN, ikinci ərizəçiyə isə 1500 AZN ödənilməsi kifayətdir.

92. Məhkəmənin presedentlərinə görə, ərizəçi yalnız xərclərin və məsrəflərin həqiqətən, mütləq qaydada çəkildiyini və miqdar olaraq ağlabatan olduğunu göstərdiyi müddətdə təzminat almaq hüququna malikdir. İndiki işdə, əlindəki sənədlərə və ərizəçilərin nümayəndələri tərəfindən görülən işlərin həcminə baxılaraq, Məhkəmə birinci ərizəçiyə 1500 avro və ikinci ərizəçiyə 2000 Avro məbləğində pul verilməsini məqbul hesab edir. Bu məbləğ bütün başlıq altında olan bütün məsrəfləri və eləcə də, tutulacaq vergiləri də əhatə edir. Məhkəmə, eyni zamanda, ikinci ərizəçiyə veriləcək məbləğin birbaşa nümayəndəsinin bank hesabına ödənilməli olduğuna da qərar verir.

C. Gecikmə faizi

93. Məhkəmə məbləğin ödənilməsinin gecikməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Ərizələri birləşdirmək qərarını elan edir;

2. Ərizələri qəbuledilən elan edir;

3. Qərar verir ki hər iki ərizəçiylə bağlı Konvensiyanın 5-ci Maddənin 3-cü bəndi pozulub;

4. Hər iki ərizəçiylə bağlı Konvensiyanın 18-ci maddəsinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi ilə birgə götürülməklə pozulduğunu qərara alır;

5. Qərar verir:

(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ərizəçilərə ödəməlidir:

(i) tutulacaq vergi də daxil olmaqla mənəvi ziyana görə hər bir ərizəçiyə 20.000 avro (iyirmi min avro);

(ii) tutulacaq vergi də daxil olmaqla birinci ərizəçiyə xərc və məsrəflərə görə 1,500 avro (min beş yüz);

(iii) tutulacaq vergi də daxil olmaqla ikinci ərizəçiyə birbaşa onun nümayəndəsinin bank hesabına ödənilməsi üçün xərc və məsrəflərə görə 2,000 avro (iki min);

(b) yuarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

6. Ərizəçilərin ədalətli əvəzin ödənilməsinə dair tələblərinin digər hissələri rədd edilir

Qərar ingilis dilində tərtib olundu və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, 18 fevral may 2021-ci il tarixdə yazılı olaraq açıqlandı.

Victor Soloveytchik                                           Síofra O’Leary
Katib                                                                     Prezident

 


No.
Ərizə  Daxil olub Ərizəçinin adı, doğum tarixi, iqamət yeri Təmsilçi
1. 65583/13 27/09/2013 Məmməd ƏZİZOV

1992

Şəki

 

Fariz Namazli
2. 70106/13 17/10/2013 Şahin NOVRUZLU

1995

Bakı

Nemət Kərimli