№64029/11 VALİDƏ QƏMBƏROVA AZƏRBAYCANA QARŞI – 8 SENTYABR 2015-Cİ İL

 

BİRİNCİ BÖLMƏ

QƏRAR

(Şikayət № 64029/11)

Validə QƏMBƏROVA Azərbaycana qarşı

 

8 sentyabr 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə), aşağıdakı tərkibdə:

Sədr – Julia Laffranque;
Hakimlər – Xanlar Hacıyev,
Linos-Alexandre Sicilianos;
və Bölmə Katibinin Müavini – André Wampach

26 sentyabr 2011-ci il tarixli şikayətə qapalı məhkəmə iclasında baxaraq, aşağıdakı qərara gəlir:

FAKTLAR VƏ PROSEDUR:

Ərizəçi, Azərbaycan vətəndaşı Validə Qəmbərova 1951-ci ildə Sumqayıt şəhərində doğulmuşdur və hazırda orada yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda hüquqşünas kimi fəaliyyət göstərən cənab S.Qasımov tərəfindən təmsil olunub.

Azərbaycan Hökuməti (bundan sonra “Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.

Ərizəçi onun lehinə verilmiş qərarım icra edilməməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayət verib.

5 sentyabr 2013-cü il tarixdə məhkəmə qərarının icra edilməməsi ilə bağlı ərizəçinin şikayəti qəbuledilənlik və mahiyyət üzrə öz mülahizələrini təqdim edən Hökumətə göndərildi.

3 fevral 2014-cü il tarixdə bu mülahizələr əvəzin ədalətli ödənilməsi məqsədilə iddiaları ilə birlikdə öz mülahizələrini təqdim etməsi üçün məhkəməyə dəvət olunan ərizəçiyə ötürüldü. Qeydiyyat Şöbəsi heç bir cavab almadı.

26 sentyabr 2014-cü il tarixli poçtla göndərilmiş məktubla ərizəçinin nümayəndəsi öz mülahizələrini təqdim etmək üçün yol verilən müddətin 17 mart 2014-cü il tarixdə bitməsi və müddətin uzadılması ilə bağlı heç bir tələbin irəli sürülməməsi barəsində məlumatlandırıldı. Konvensiyanın 37.1 (a) maddəsi ərizəçinin nümayəndəsinin diqqətinə çatdırıldı. Bu maddəyə əsasən, Məhkəmənin ərizəçinin öz şikayətinə baxışı davam etdirmək niyyətində olmadığı qənaətinə gəlməyə əsas verən hallar mövcud olduqda, Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər. Ərizəçinin nümayəndəsi bu məktubu 10 oktyabr 2014-cü il tarixdə əldə etdi. Bununla belə, heç bir cavab alınmadı.

HÜQUQ

Məhkəmə hesab edir ki. belə hallarda, Konvensiyanın 37.1 (a) maddəsinə əsasən, ərizəçinin şikayətini davam etdirmək niyyətində olmadığı hesab edilə bilər. Bundan əlavə, 37.1-ci maddəyə uyğun olaraq, Məhkəmə işin hallarının araşdırılmasının davam etdirilməsini tələb edən Konvensiya və ona əlavə edilmiş Protokollarda təsbit edilən insan hüquqlarına hörmət ilə bağlı heç bir xüsusi hal aşkar etmədi.

Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə, şikayəti işlərin siyahısından çıxarmaqda haqlıdır.

Bu səbəblərə görə, Məhkəmə, yekdilliklə:

şikayəti işlərin siyahısından çıxarmağa qərar verir.

İngilis dilində hazırlanmış və 1 oktyabr 2015-ci il tarixdə yazılı şəkildə bildirilmişdir.

André Wampach                          Julia Laffranque
(Bölmə Katibinin Müavini)       (Sədr)