№62383/17; 6508/18 GEORGİ NIKOLOV və SEVİNC ABBASOVA AZƏRBAYCANA QARŞI – 14 MAY 2020-Cİ İL

BEŞİNCİ BÖLMƏ

 

QƏTNAMƏ

Ərizə № 62383/17 və 6508/18

 

Georgi NIKOLOV Azərbaycana qarşı

Sevinc ABBASOVA Azərbaycana qarşı

 

Avropa İnsan Haqları Məhkəməsi (Beşinci Bölmə) 21 aprel 2020-ci il tarixdə aşağıdakı tərkibdən ibarət Komitədə:

Ganna Yudkivska, Prezident,
Yonko Grozev,
Lado Chanturia, hakimlər,
və Victor Soloveytchik, iclasın katibi,

21 avqust 2017-ci il və 26 dekabr 2017-ci il tarixdə təqdim edilmiş ərizələri diqqətə alaraq,

19 noyabr 2019-cu il tarixdə cavabdeh hökumətin təqdim etdiyi bəyannaməni, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda müraciətini və ərizəçilərin hökumətin bəyannaməsinə cavablarınını nəzərə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR VƏ PROSEDUR

Birinci işdə ərizəçi Cənab Georgi Nikolaev Nikolov Bolqarıstan vətəndaşıdır, 1960-cı ildə anadan olub, Varna şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Sofia şəhərində yaşayan hüquqşunas Cənab P. Grozev təmsil edib.

İkinci işdə ərizəçi Xanım Sevinc Vagif qızı Abbasova Azərbaycan vətəndaşıdır, 1989-cu ildə anadan olub, Bakı şəhərində yaşayır. O, Məhkəmə qarşısında Bakı şəhərində fəaliyyət göstərən hüquqşunaslar Cənab Xalid Bağırov və Xanım U. Əliyeva tərəfindən təmsil olunub.

Azərbaycan Hökumətini (“Hökumət”) Məhkəmədə onun nümayəndəsi Cənab Ç. Əsgərov təmsil edib.

Ərizəçilər Konvensiyanın 13-cü maddəsinə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanaraq, hakimiyyət orqanları tərəfindən tətbiq edilmiş səyahət yasağı nəticəsində hərəkat azadlığı hüquqlarına müdaxilə edilməsindən şikayət ediblər.

Hökumət ərizəçilərin şikayətləri barədə bilgiləndirilib.

QANUNVERICILIK

Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.

Tərəflər arasında dostca anlaşma müzakirələri uğursuz olduqdan sonra, 19 noyabr 2019-cu il tarixli məktubla Hökumət ərizələrdə qaldırılan pozuntuların aradan qaldırılması məqsədilə təktərəfli bəyannamə təqdim etdi. Hökumət həmçinin, Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını xahiş etdi.
Ərizəçilərin adlarından başqa, eyni məzmunlu mətnə sahib olan Hökumətin bəyannaməsinin əlaqəli hissələri aşağıdakı kimidir:

“1. Mürsəliyev və Digərləri Azərbaycana qarşı (№66650/13 və digər 10 nəfərin işi, 13 dekabr 2018) qərarını diqqətə alaraq, Azərbacyan Respublikasının Hökuməti tək tərəfli bəyannamə təqdim etməklə, ərizəçilərin Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin və Avropa Konvensiyasının 13-cü maddəsi çərçivəsində təminat altına alınan hüquqlarının pozulduğunu qəbul edir.

2. Hökumət ərizəçiyə (ərizəçinin adı) hər hansı zərər, xərc və məsrəflərini qarşılamaq üçün 5,000 avro məbləğində vəsaiti və bundan əlavə, həmin məbləğdən ödənilə biləcək bütün vergiləri ödəməyə hazırdır. Bu məbləğ, Avropa İnsan Haqları Konvensiyasının 37§1-ci (c) maddəsinə uyğun olaraq, Məhkəmənin qərarının təqdim ediliyi tarixdən etibarən, 3 ay ərzində ödəniləcək və bütün vergilərdən azaddır. Təzminat məbləği yuxarıda göstərilən üç aylıq müddət ərzində ödənilmədiyi halda, müddətin bitməsi tarixindən hesablanmaqla, yuxarıda göstərilən məbləğə Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz əlavə ediləcək.

3. Hökumət bu miqdarın pozulmuş hüquqların bərpası üçün adekvat olması və yetərli miqdarda təzminatı təşkil etməsi, bu işin son həllini təşkil edəcəyi qənaətindədir. Əgər Məhkəmə, yuxarıda qeyd edilən məbləğin pozulmuş hüquqların bərpasına adekvat olmadığını, yetərli təzminat təşkil etmədiyini düşünərsə, Hökumət AİHM tərəfindən tövsiyyə edilən məbləği ədalətli əvəz olaraq ərizəçiyə ödəməyə hazırdır.

4. Yuxarıdakıları nəzərə alaraq, Hökumət hesab edir ki, hazırkı işin halları Məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Konvensiyanın 37-ci maddəsinin 1 «c» yarımbəndində göstərildiyi kimi, şikayətə baxılmasına xitam vermək üçün səbəblər mövcuddur və digər tərəfdən, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin müəyyən etdiyi kimi, bu müddəaya əsasən şikayətə baxılmasının davam etdirilməsi üçün ümumi xarakterli hər hansı səbəb yoxdur. Qeyd edilənlərə əsasən, Hökumət Məhkəməni ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa dəvət edir. “

Ərizəçilər müvafiq olaraq 5 dekabr 2019-cu il və 2 yanvar 2020-ci il tarixli məktubları ilə, Hökumət tərəfindən təklif olunan təzminatın məbləğinin yetərli olmaması əsası ilə birtərəfli bəyannamələrin şərtlərindən məmnun qalmadıqlarını bildiriblər.İkinci işdə ərizəçi, əlavə olaraq, Hökümətin məruz qaldığı hüquq pozuntularını araşdırmaq, səyahət qadağalarının tətbiq edilməsi ilə bağlı qanunvericiliyi və ya təcrübəni təkmilləşdirmək öhdəliyi götürmədiyini əsas gətirərək, Hökumətin təktərəfli bəyannaməsinin məzmunu ilə razılaşmadığını ifadə etdi. Bundan başqa, ərizəçilərin Hökumətin təktərəfli bəyannaməsi ilə bağlı təqdimatlarından onlara tətbiq edilmiş səyahət qadağasının bəlli olmayan tarixdə aradan qaldırıldığı anlaşılır.

Məhkəmə xatırladır ki, Konvensiyanın 37-ci maddəsi nəzərdə tutur ki, Məhkəmə bu maddənin 1-ci bəndinin “a”, “b” və ya “c” yarımbəndində göstərilmiş hər hansı qənaətə gəldikdə, icraatın istənilən mərhələsində şikayəti işlərin siyahısından çıxara bilər. Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndi xüsusilə Məhkəməyə işi siyahıdan çıxarmağa o halda imkan verir ki:

“Məhkəmənin müəyyən etdiyi başqa səbəbə görə şikayətə baxılmasının davam edilməsi əsaslı olmasın.”

Məhkəmə, həmçinin yada salır ki, müəyyən hallarda ərizəçi şikayətə baxılmasının davam etdirilməsini arzulasa da cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında Konvensiyanın 37-ci maddəsinin 1 “c” yarımbəndinə əsasən, şikayət baxılacaq işlərin siyahısından çıxarıla bilər. Buna görə, Məhkəmə bəyannaməni presedent hüququnun, xüsusilə də bu məsələ ilə bağlı qiymətləndirilməli olan bir neçə uyğun faktorları birləşdirən Tahsin Acar Türkiyəyə qarşı qərarında müəyyən edilmiş prinsiplərin işığında incələyəcək (bax: Tahsin Acar Türkiyəyə qarşı, (BP), №26307/95, §76, İHAM 2003-VI, WAZA Sp. z o.o. Polşaya qarşı, №11602/02, 26 iyun 2007; və Sulwińska Polşaya qarşı, №28953/03, 18 sentyabr 2007).

Məhkəmə, Azərbaycan ilə əlaqədar olaraq səyahət qadağalarının tətbiqi ilə bağlı və bu məsələ ilə bağlı daxili müdafiə vasitələrinin səmərəliliyi barədə aydın və əhatəli presedent müəyyən edib (bax: Mürsəliyev və Digərləri Azərbaycana qarşı, №66650/13 və digər 10 ərizəçi 13 dekabr 2018).

Hökumətin təktərəfli bəyannaməsində ifadə edilmiş etirafların (qəbul) təbiətini və təklif etdiyi təzminatın məbləğini bənzər məhkəmə işlərindəki məbləğlərlə müqayisədə məqbul sayaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinin mənasına görə artıq şikayətin araşdırılmasının davam etdirilməsi əsaslı deyil.

 Məhkəmə eyni zamanda onu da qeyd edir ki, səyahət qadağası aradan qaldırılmaması durumunda, bu qərar ərizəçilərin Avropa Konvensiyasının 13-cü maddəsi və 4 saylı protokolun 2-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulmasını qəbul edən Hökumətin bu qadağanı ləğv etmək öhdəliyini aradan qaldırmır (Xəlil Azərbaycana qarşı, №60659/08, 38175/09 və 53585/09, §91, 6 oktyabr 2015).

Məhkəmə yekunda qeyd edir ki, Hökumət təktərəfli bəyannamənin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, ərizə siyahıya yenidən bərpa edilə bilər (Josipović Serbiyaya qarşı, 18369/07, 4 mart 2008).

Göstərilənlərə əsasən, ərizə baxılacaq işlərin siyahısından çıxarılmalıdır.

 

Qeyd edilənlərə əsasən, Məhkəmə yekdilliklə,

Şikayətləri birləşdirməyi qərara alır;

Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin şərtlərini və orda nəzərdə tutulan öhdəliklərə əməl olunmasını təmin edəcək düzənləmələri qeyd edir,

Ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci (c) bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.

Qərar ingilis dilində hazırlandı və 14 may 2020-ci il tarixdə yazılı şəkildə elan edildi.

Victor Soloveytchik, Katib
Ganna Yudkivska, Sədr

© tərcümə – Media Hüququ Qrupu