№62/20 Y.IMANOV AZƏRBAYCANA QARŞI – 17 oktyabr 2022-ci il

 

17 Oktyabr 2022-ci il tarixdə dərc edilib

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi 62/20
Yalçın IMANOV Azərbaycana qarşı

10 dekabr 2019-cu il tarixdə daxil olub

29 sentyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlayıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizə insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış bir vəkil olan ərizəçinin, müdafiə etdiyi şəxslərdən birinin həbsxanada pis rəftara məruz qalması iddiası ilə bağlı mətbuata verdiyi açıqlamalarına görə vəkillikdən xaric edilməsi ilə bağlıdır.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin tələbi ilə yerli məhkəmələr, Ali Məhkəmənin 1 oktyabr 2019-cu il tarixli yekun qərarı ilə ərizəçinin vəkillikdən kənarlaşdırılması barədə qərar qəbul ediblər. Daxili məhkəmələr, ərizəçinin müdafiə etdiyi şəxsin həbsxanada pis rəftara məruz qalması barədə yoxlanılmamış məlumatları, bununla bağlı müvafiq daxili qurumlara göndərdiyi və müvəkkilinin qohum-əqrəbasının Penitensiar Xidmətin binası qarşısına icazəsiz toplaşmalarına səbəb olan şikayətinin araşdırılmasını gözləmədən kütləvi informasiya vasitələrində yaymaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin müddəalarını pozduğunu müəyyən edib.

Ərizəçi, Konvensiyanın müxtəlif maddələrinə əsaslanaraq, müdafiə etdiyi şəxsin həbsxanada pis rəftara məruz qalması ilə bağlı mətbuata verdiyi açıqlamalara görə vəkillikdən uzaqlaşdırlmasının onun Konvensiya ilə təminat altına alınan hüquqlarını pozduğunu iddia edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Vəkillikdən xaric edilməsi səbəbindən Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasına uyğun olaraq, ərizəçinin şəxsi həyatına hörmət etmək hüququna müdaxilə baş veribmi? Əgər baş veribsə, bu müdaxilə qanuna uyğun idimi və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

2. Ərizəçinin ifadə azadlığına, xüsusilə, Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin işığında məlumat vermək hüququna müdaxilə baş veribmi? Xüsusilə, müvəkkillərindən birinin həbsxanada pis rəftara məruz qalması ilə bağlı mətbuata verdiyi bəyanatlara görə ərizəçinin vəkillikdən xaric edilməsi Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən əsaslı hesab edilibmi?

3. 1 saylı Protokolun 1-ci maddəsinin mənasına uyğun olaraq, ərizəçinin vəkillikdən xaric edilməsi nəticəsində onun mülkiyyət haüququndan dinc şəkildə istifadəsinə müdaxilə baş veribmi? Əgər belədirsə, ümumi ictimai maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarət etmək üçün həmin müdaxilə lazım idimi? Xüsusilə, bu müdaxilə ərizəçinin üzərinə həddindən artıq fərdi yük qoyubmu (bax: Immobiliare Saffi İtaliyaya qarşı, [GC], № 22774/93, § 59, AİHM 1999-V?)

4. Hazırkı işdə dövlət tərəfindən Konvensiyanın 8 və 10-cu maddələrinə əsasən tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilibmi?