№61734/16 CAHANGİR HACİYEV AZƏRBAYCANA QARŞI – 28 AVQUST 2023-CÜ İL

 

28 avqust 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 61734/16

Cahangir HACİYEV Azərbaycana qarşı

 

20 oktyabr 2016-cı il tarixdə təqdim edilib
10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN HALLARI

Bu məhkəmə işi ərizəçinin həbsinin qanunsuzluğu iddialarına aiddir.

Bankın keçmiş idarə heyətinin sədri olan ərizəçi 2015-ci ildə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib və sonra bir neçə cinayət əməlində ittiham olunub.

5 dekabr 2015-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi ərizəçinin iki ay iyirmi doqquz gün müddətinə həbs edilməsinə qərar verib. Sonradan ərizəçinin məhkəməyəqədər həbs müddəti bir neçə dəfə uzadılıb (ərizəçinin məhkəməyəqədər həbsinin əsaslandırılmaması Məhkəmənin Hacıyev Azərbaycana qarşı [Komitə], № 43389/16, 10 fevral 2022-ci il) işində araşdırmanın predmeti olub).

Həbs qərarına əsasən, ərizəçi Ədliyyə Nazirliyinə bağlı Bakı İstintaq Təcridxanasında saxlanmalı idi. Bununla belə, o, cinayət prosesini həyata keçirən orqanın 7, 17 və 29 dekabr 2015-ci il və 8 və 18 yanvar 2016-cı il tarixli qərarları ilə 19 dekabr 2015-ci il tarixinədək və 30 dekabr 2015-ci ildən 21 yanvar 2016-cı il tarixədək Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılıb.

Ərizəçi yuxarıda qeyd olunan 29 dekabr 2015-ci il tarixli və 8 və 18 yanvar 2016-cı il tarixli qərarların qanunsuzluğundan Səbail Rayon Məhkəməsinə şikayət edib. 11 mart 2016-cı ildə məhkəmə ərizəçinin şikayətini qismən təmin edib və cinayət prosesini həyata keçirən orqanın 18 yanvar 2016-cı il tarixli qərarın qanunsuz elan edib.

Daha sonra ərizəçi 7 və 17 dekabr 2015-ci il tarixli qərarlardan şikayət edib. Həmin şikayətdə o, 29 dekabr 2015-ci il tarixli qərardan etirazını da təkrarlayıb. Lakin 19 iyul 2016-cı ildə Səbail Rayon Məhkəməsi şikayəti mahiyyəti üzrə araşdırmaqdan imtina edib, həmin gün, yəni, 19 iyul 2016-cı il tarixində ərizəçiyə qarşı cinayət işinin birinci instansiya məhkəməsinə verilməsinə əsaslanaraq, Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Konvensiyanın 6-cı maddəsinə əsaslanan ərizəçi, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nəzarəti altında həyata keçirilən transfer, köçürmələrinin qanunsuz olmasından və bu köçürmələrin qanuniliyinə etiraz etmək imkanından məhrum edilməsindən şikayət edib. O, müvəqqəti saxlama yerinin uzunmüddətli qalmağa uyğun olmamasından, orada Bakı İstintaq Təcridxanasında malik olduğu hüquq və imkanlardan məhrum edilməsindən şikayət edib, iddia edib ki, onun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülməsinin məqsədi onu psixoloji təzyiqə və pis rəftarın digər formalarına məruz qoymaq olub.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi azadlıqdan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla məhrum edilibmi? Xüsusilə, ərizəçinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması, qanunla müəyyən edilmiş prosedura uyğun olubmu?

2. Ərizəçi, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələb etdiyi kimi, həbsinin qanuniliyinə etiraz etməklə bağlı effektiv prosedur imkanlarına sahib idimi? Ərizəçinin həbsinin qanuniliyinə etiraz etmək istədiyi prosedur Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğundurmu?