YENİ © tərcümə, aihmaz.org
BİRİNCİ BÖLMƏ
ABDULLAYEV AZƏRBAYCANA QARŞI
(Ərizə № 6005/08)
QƏRAR
STRASBURQ
7 mart 2019
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Abdullayev Azərbaycana qarşı,
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:
Angelika Nußberger, Sədr,
Yonko Grozev,
Ganna Yudkivska,
Andre Potoçki,
Siofra Oleari,
Qabriele Kuçsko-Stadlmayer,
Lәtif Hüseynov, hakimlər,
and Klaudia Vesterdiek, Bölmə katibi ,
5 fevral 2019-cu ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verir:
PROSEDUR
1. Məhkəmə işi 4 fevral 2008-ci il tarixində Azərbaycan vətəndaşı, cənab Hüseyn Abbas oğlu Abdullayev (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizə (№ 6005/08) nəticəsində başlayıb.
2. Ərizəçini Londonda yerləşən Clyde & Co. şirkəti və Azərbaycanda fəaliyyət göstərən vəkil Aslan İsmayılov təmsil edib. Azərbaycan Hökumətini onların nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən də ona qarşı cinayət işinin ədalətsiz olduğunu iddia edib.
4. 5 iyul 2011-ci ildə ərizə ilə bağlı Hökumətlə kommunikasiya başlayıb.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1967-ci ildə anadan olub. O 2005-ci ildə Milli Məclisə deputat seçilib.
A. Milli Məclisdə baş verənlərlə bağlı
6. Mübahisə doğuran hadisələrlə bağlı Ərizəçinin təqdimatı:
7. 16 Mart 2007-ci ildə Milli Məclisdə Baş Nazirin təqdim etdiyi Nazirlər Kabinetinin 2006-cı il hesabatı dinlənilirdi. Hesabatın təqdimatından sonra suallar və müzakirələr başlamalı idi.
8. Ərizəçinin sözlərinə görə, ona sual vermək imkanı verildikdən sonra Nazirlər Kabinetini tənqid edən nitq söyləməyə başlayıb. Bir neçə cümlə dedikdən sonra onun mikrofonu kəsilib və nitqini bitirməyə icazə verilməyib. Bu, ərizəçini spikerlə mübahisə etməyə məcbur edib.
9. Ərizəçi iddia edir ki, o və spiker arasında mübahisə gedərkən, arxasında əyləşən millət vəkili F.A. onu təhqir etməyə başlayıb. Cavab olaraq, ərizəçi təhqir dolu ifadələrdən istifadə edərək, F.A.-dan öz işi ilə məşğul olmasını tələb edib. İddiaya görə, F.A. ərizəçiyə və yaxın ailə üzvlərinə təhqirlər yönəltməyə başlayıb və ərizəçi ilə F.A. arasında qızğın mübahisə baş verib.
10. Ərizəçi, jestlərdən istifadə edərək, F.A-nı öz aralarında olan fikir ayrılıqlarını Məclisin zalından kənarda həll etmələri üçün çıxışa dəvət edib və özü o istiqamətdə getməyə başlayıb. Lakin, ərizəçinin sözlərinə görə, bu zaman F.A. arxadan ona yaxınlaşaraq onun üzünə yumruq vurub. Ərizəçi F.A.-nı itələyib və F.A. masanın üstünə yıxılıb. Bunda baxmayaraq, F.A. ərizəçiyə yumuruq zərbələri endirməyə davam edib. Öz növbəsində Ərizəçi də F.A-nı yumruqlamağa çalışıb, lakin davanı dayandırmaq üçün digər bir neçə deputat tez müdaxilə edən edib. O Milli Məclisin zalından çıxarıldıqdan sonra və o parlament binasını tərk edib.
11. Hökumət ərizəçinin hadisələr barədə yuxarıdakı təqdimatını mübahisələndirməyib və ayrıca təqdimat verməyib (aşağıda 56-cı maddəyə bax).
12. Milli Məclisdə baş vermiş bu hadisənin videoyazısı aparılıb və müxtəlif ictimai televiziya kanalları tərəfindən yayımlanıb.
B. Ərizəçiyə qarşı açılmış cinayət işi
13. Həmin gün F.A. ərizəçiyə qarşı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edib və Baş Prokurorluq Cinyayət Məcəlləsinin 132-ci (Döymə) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddələri ilə cinayət işi açıb.
14. Ərizəçinin bildirdiyinə görə, 19 mart 2007-ci il tarixində saat 10.30 radələrində küçədə maskalı polis əməkdaşları tərəfindən tutulub. Ərizəçi iddia edir ki, polis onu həbs edərkən güc tətbiq edib.
15. Həbsdən bir neçə saat sonra Milli Məclis Baş Prokurorun tələbi ilə ərizəçinin deputat toxunulmazlığını aradan qaldırıb.
16. Baş Prokurorluğun 19 mart 2007-ci il tarixli qərarı ilə ərizəçi Cinayət Məcəlləsinin 132 və 221.2.2-ci maddələrinə əsasən cinayət törətməkdə təqsirləndirilib. Qərarda ərizəçinin hərəkətləri nəticəsində F.A.-nın qapalı kəllə-beyin travması almasına səbəb olduğu bildirilib.
17. Həmin gün Baş Prokurorluğun tələbi ilə Nəsimi Rayon Məhkəməsi ərizəçi barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
18. 16 mart 2007-ci ildə istintaq işi üzrə məsul olan müstəntiq F.A.-nın tibbi ekspertizasını keçirmək göstərişi verib. 17 aprel 2007-ci ildə yekunlaşan məhkəmə-tibb ekspertizanın hesabatında F.A.-nın qapalı kəllə-beyin travması, sarsıntı, alnında hematoma və digər az ağır xəsarətlər olduğu aşkar edildiyi bildirilib. Ekspertizanın fikrincə, xəsarət başa bir neçə zərbə vurması nəticəsində yaranıb və xəsarətlərin vaxtı F.A-nın iddia etdiyi kimi 16 mart 2007-ci il tarixi ilə uyğundur.
19. 27 mart 2007-ci ildə müstəntiq müxtəlif televiziya kanalları tərəfindən təqdim olunan və hadisənin görüntülərini əks etdirən videoyazıya (videokasetə baxış keşirilməsi barədə protokol) baxış keçirdib.
20. 3 may 2007-ci il tarixdə ərizəçiyə qarşı ittihamlar yenilənmiş və o Cinayət Məcəlləsinin 127.2.1 ((zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sağlamlığa qəsdən az ağır zərər vurması)), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 221.2.2 (xuliqanlıq ilə müşaiət olunan ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) maddələri ilə ittiham olunub.
21. İbtidai istintaq başa çatdıqdan sonra, 8 may 2007-ci ildə Baş Prokurorluq ərizəçi barəsində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2 maddələri ilə ittiham aktı elan edib və iş məhkəməyə göndərilib.
22. Məhkəmə prosesində ərizəçi günahsız olduğunu bildirib və iddia edib ki, davanı o başlamayıb və ona ilk yumruq vuran F.A. olub.
23. 18 may 2007-ci ildə Səbail Rayon Məhkəməsi ərizəçini bütün ittihamlar üzrə təqsirli bilərək deputatlıq mandatını ləğv edib və 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib. Ərizəçi sərbəst buraxılıb, lakin məhkəmə qərarının icrasına nəzarət edən orqana əvvəlcədən xəbər vermədən şərti cəzanın qüvvədə olduğu müddətdə yaşayış yerini dəyişdirməsi qadağan edilib. Ərizəçinin məhkum elan edilməsinə səbəb olan hərəkətlər aşağıda təsvir edilib:
“ Saat 12.30-da. 16 mart 2007-ci il tarixdə [Milli Məclisində] [ərizəçi], Milli Məclisin plenar iclasında çıxış edərkən, Milli Məclisin daxili qaydalarının 45 və 46-cı maddələrinə uyğun olaraq [Milli Məclisin Sədri tərəfindən] xəbərdarlığa və nizam-intizama çağırış əmrinə baxmayaraq, parlamentin etik davranış qaydalarını pozaraq insan ləyaqətini və şərəfini pozan kobud və təhqiramiz ifadələrə yol verib. [Ərizəçi], parlament üzvlərinə, parlament rəsmilərinə və parlament iclasını izləyən ictimaiyyət üzvlərinə açıq-aşkar, heç bir səbəb olmadan, hörmətsizlik nümayiş etdirərək alçaldıcı və təhqiredici ifadələr istifadə edib. [F.A.] öz vətəndaş öhdəliyini yerinə yetirərək qanunla müəyyən edilmiş qaydada parlament iclasında nizam-intizam pozuntusunun qarşısını alıb və ərizəçini intizama dəvət edib lakin Ərizəçi [F.A.] müqavimət göstərərək zorakılıq tətbiq edib. [Ərizəçi] xuliqanlıq niyyəti ilə [F.A-nın] başına və bədəninin digər hissələrinə zərbələr vuraraq onun sağlamlığına az ağır zərər vurub və Milli Məclisin plenar iclasın axışını iyirmi dəqiqəyinə pozub.”
24. Ərizəçinin məhkum olunması ilə bağlı məhkəmənin verdiyi qərardan məlum olur ki, məhkəmə aşağıdakı dəlillərə arxalanıb: F.A.-nın ifadəsi; hadisənin şahidi olmuş bir sıra parlament üzvlərinin və parlament rəsmilərinin ifadələri; və 17 aprel 2007-ci il tarixli məhkəmə-tibbi ekspertizanın hesabatı. Məhkəmənin qərarında video sübutların üzərindən sükutla keçib. Ərizəçinin sözlərinə görə, onun məhkəmə iclası zamanı video görüntü göstərmək istəyini birinci instansiya məhkəməsi rədd edib.
25. 22 iyun 2007-ci ildə ərizəçi, faktiki halların səhv qiymətləndirilməsi, məhkəmə-tibbi experizanın keçirilməsində və digər sübutların alınmasında prosedur pozuntuları və cinayət məcəlləsinin düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayəti verib. Xüsusilə, 221.2.2-ci maddə, müqavimət göstərilən şəxsdən başqa, xuliqanlıq aktının yönəldildiyi digər qurbanların mövcudluğunu da nəzərdə tutur, lakin onun işində F.A. yeganə qurban kimi cəlb olunub. Ərizəçi həmçinin şikayətində bildirib ki, Ali Məhkəmə Plenumunun xuliqanlıqla əlaqəli işlərə dair məhkəmə praktikasına dair qərarını nəzərə alaraq, F.A. ictimai qaydanı qorumaq vəzifəsini icra edən şəxs hesab edilə bilməz. Bundan əlavə, ərizəçi idda edir ki, məhkəmə hadisənin video görüntülərini araşdırmaqdan daha çox prokurorun hadisələrin təhrif edilmiş versiyasına güvənib. Lakin video görüntülərdə davanı onun başlatmadığı bəlli olur.
26. 24 iyul 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsində ilk iclası keçirib. Məhkəmə protokolundan görünür ki, ərizəçi F.A.-nın məhkəmə iclasında olmasını təmin etməsini və hadisənin videogörüntüsünü araşdırmasını istəyib. Məhkəmə ərizəçinin sonuncu müraciətini rədd edib:
Məhkəmə heyəti, müşavirə otağında qısa müzakirədən sonra
Qərara alır
[F.A.] məhkəmə iclasında iştirakını təmin etmək və ərizənin qalan hissəsini əsassız olduğu üçün rədd etmək … ”
27. 6 avqust 2007-ci ildə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmə ərizəçinin təqsirli olduğunu şahid ifadələri və məhkəmə tibbi ekspertizası ilə təsdiqləndiyini müəyyən edib. Məhkəmə ərizəçiyə qarşı cinayət ittihamının dəyişdirilməsi və video sübutlarının araşdırılmaması ilə bağlı şikayətlərinə münasibətdə səssiz qalıb. Ərizəçi kassasiya şikayəti verərək arqumentlərini təkrarlayıb.
28. 4 dekabr 2007-ci ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb. Məhkəmə öz qərarında ərizəçinin yuxarıda qeyd edilən arqumentlərinə münasibət bildirməyib.
C. 19 mart 2007-ci ildən 18 mat 2007-ci ilə kimi həbsdə olan ərizəçinin sağlamlığı və müalicəsi ilə bağlı
1. Ərizəçinin mövqeyi
29. Ərizəçi həbs olunmazdan əvvəl onurğa diskinin yırtığından əziyyət çəkirdi. Ərizəçinin sözlərinə görə, xroniki ağrı keçirdiyi üçün onun məhkəməyə qədər saxlanma şəraiti sərt və sağlamlığına uyğun olmayıb. İki aylıq həbs müddətində ona zəruri tibbi yardım göstərilməsinin gecikməsi səbəbindən səhhəti əhəmiyyətli dərəcədə pisləşib. Bu barədə davamlı olaraq müxtəlif daxili hakimiyyət orqanlarına şikayət etsə də, sağlamlıq problemlərini həll etmək üçün heç bir tədbir görülməyib. İxtisaslaşmış tibb müəssisəsinə köçürülməsi xahişi yalnız aclıq aksiyası elan etdikdən sonra təmin edilib.
2. Hökümətin mövqeyi
30. 19 mart 2007-ci ildə həbs edildikdən sonra ərizəçi tibbi müayinədən keçirilib və nəticədə “praktik olaraq sağlam” olduğu qənaətinə gəlinib.
31. 27 Mart 2007-ci ildə ərizəçi nevroloq tərəfindən müayinə edilib və “nevroloji cəhətdən sağlam” olduğu və stasionar müalicəyə ehtiyac duymadığı qənaətinə gəlinib.
32. 28 mart 2007-ci ildə ərizəçi rentgen müayinəsindən keçib, onun döş nahiyəsində heç bir patoloji hal aşkarlanmayıb.
33. Bundan sonra ərizəçi dəfə tibbi müayinədən keçməkdən bir neçə dəfə imtina edib.
34. 13 aprel 2007-ci ildə ərizəçi Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülüb və ona “lumbosakral radikulit” diaqnozu qoyulub. O, 18 may 2007-ci ildə həbsdən azad olunana qədər otuz beş gün müddətində müəssisənin nevrologiya şöbəsində intensiv stasionar tibbi müalicə alıb. Müəssisədə müalicə aldığı zaman müxtəlif tibbi müayinələrdən keçib və bir “önləyici müalicə” almaq tövsiyə edilib.
D. Ərizəçinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyətlər və bu məsələ ilə bağlı məhkəmə araşdırması
35. 13 avqust 2007-ci ildə ərizəçi tibbi müalicə almaq üçün Almaniyaya getməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət edib.
36. 16 Avqust 2007-ci ildə İcra Şöbəsi ərizəçinin tələbini rədd etdiyindən o məhkəməyə müraciət edib.
37. 17 sentyabr 2007-ci ildə Səbail Rayon Məhkəməsi ərizəçinin tibbi müalicə alması üçün xaricə getməsinə icazə verib.
38. Ərizəçinin ölkədən getməsinə qoyulan qadağa 22 sentyabr 2007-ci il tarixdə ləğv edilib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
39. Cinayət Məcəlləsinin 127-ci maddəsinin həmin vaxtda qüvvədə olan müdəalları:
Maddə 127 Qəsdən sağlamlığa az ağır zərər vurma
“127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
…
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
40. Cinayət Məcəlləsinin 221-ci maddəsinin həmin vaxtda qüvvədə olan müdəalları:
Maddə 221. Xuliqanlıq
“221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.2. Eyni əməllər:
…
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə-
iki ilədək müddətə islah işləri və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır…”
QANUNVERİCİLİK
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
41. Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq ərizəçi onun səhhətinə uyğun olmayan şəraitdə saxlanıldığından və lazimi tibbi müalicə almadığından Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulmasından şikayət edib:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
42. Hökumət ərizəçinin şikayətinin daxili müdafiə vasitələrin tükətməməsi və altı aylıq müddəti qaçırtdığından qəbuledilməz olduğunu iddia edərək etiraz edib.
43. Ərizəçi hökumətin etirazını mübahisələndirib.
44. Məhkəmə hesab edir ki, Hökumətin qaldırdığı etirazı araşdırmğa ehtiyac yoxdur, çünki ərizəçinin şikayəti istənilən halda aşağıdakı səbəblərə görə qəbuledilməzdir.
45. Hökumətin təqdim etdiyi tibbi sənədlərdən məlum olur ki, ərizəçinin ümumi iki aylıq məhkəməyə qədər həbs müddətində o, həkimlər tərəfindən müntəzəm şəkildə müayinə edilib və ona “önləyici” müalicə təyin olunub. Ərizəçinin tibbi müayinələrinə əsasən, onda daha ciddi müalicəyə ehtiyac yaradacaq sağlamlıq problemi aşkar edilməyib. Məhkəməyə təqdim edilən materiallara əsasən aparılan tibbi müayinələrin və ya onun nəticələrinin adekvatlığına şübhə yaradan heç bir şey aşkar edilməyib. Ərizəçi, həbsdən azad olunana qədər Ədliyyə Nazirliyinin tibb müəssisəsində bir aydan çox müddətə stasionar müalicə olunub. Məhkəmə ərizəçinin təqdim etdiklərinin əksinə olaraq, işin hallarında ərizəçinin həbs müddətində səhətinin pisləşməsi ilə bağlı heç bir fakt aşkar etməyib (müqayisə edin, məsələn, Yunusova və Yunusov Azərbaycan qarşı, № 59620/14, §) 149, 2 iyun 2016). Ərizəçi, yerli hakimiyyət orqanları tərəfindən göstərilən tibbi yardımda nə ciddi çatışmazlıqları sübut etdi, nə də göstərilən yardımın ağlabatan standartlara cavab vermədiyini nümayiş etdirə bildi.
46. Əlində olan dəlillər əsasında və bütövlükdə faktları qiymətləndirərək Məhkəmə, ərizəçiyə göstərilən tibbi yardımın Konvensiyanın 3-cü maddəsinin pozulması üçün tələb olunan ağırlıq səviyyəsinə çatmadığı qənaətinə gəlir. (bax: İnsanov Azərbaycana qarşı, № 16133/08, § 134, 14 mart 2013).
47. Buradan belə nəticə çıxır ki, ərizənin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN POZULMASI İDDİASI
48. Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, ərizəçi ona qarşı cinayət işinin ədalətsiz keçirildiyini, məhkəmə tibii ekspertizasının keçirilməsi və qiymətləndirilməsi qaydasında çoxsaylı prosessual nöqsanların olduğunu, məhkəmələrin video sübutlara baxmadığını, ərizəçinin xeyrinə şahid ifadələrini dinləməkdən imtina etdiyini və daxili cinayət qanunvericiliyini ixtiyari formada tətbiq etdiyini bildirdi. Konvensiyanın 6-cı maddəsinə əsasən:
“1. Hər kəs…ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir…
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
…
(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq; …”
A. Qəbuledilənlik
1. Tərəflərin təqdimatları
49. Hökumət ərizəçinin şikayətinin Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş altı aylıq müddətə uyğun gəlməməsi səbəbindən qəbuledilməz olduğunu bildirdi. Hökümət qeyd etdi ki, ərizəçinin işindəki son qərar Ali Məhkəmənin 4 dekabr 2007-ci il tarixli qərarı idi, halbuki ərizəçi ərizəsini Məhkəməyə 3 oktyabr 2008-ci ildə təqdim edib.
50. Ərizəçi 4 fevral 2008-ci ildə Məhkəməyə ərizə verdiyini qeyd edərək Hökumətlə razılaşmadı.
2. Məhkəmənin dəyərləndirməsi
51. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, Məhkəmə yalnız “son qərarın qəbul edildiyi gündən altı ay müddətində” şikayətə baxa bilər. Altı aylıq müddətin məqsədi, Konvensiyaya əsasən qaldırılan işlərin ağlabatan müddətdə həll edilməsini və keçmiş qərarların daima mübahisələndirilməməsini təmin etməklə hüquqi müəyyənliyi təşviq etməkdir (bax, Walker Birləşmiş Krallığa qarşı (dekabr), № 34979/97, AİHM 2000 I).
52. Məhkəmə bu işdəki ərizə forması 25 Yanvar 2008-ci il tarixlidir və onun üzərində iki fərqli tarixi göstərən möhür var. Birinci möhür 4 Fevral 2008-ci ilə və ikinci möhür 3 Oktyabr 2008-ci ilə aidir. 4 Fevral 2008 tarixli möhürdə yazılan “Déposé à l’accueil” (qeydiyyat masasına verin) sözləri sübut edir ki, ərizə forması həmin tarixdə Məhkəmənin qəbul masasında qeyd dəftərinə təhvil verilib. Qeydiyyat Şöbəsi təqdim etdiyi 25 mart 2008-ci il tarixli məktubda ərizə formasını 4 fevral 2008-ci il tarixində aldığını təsdiqləyir. Ərizə forması üzərində 3 oktyabr 2008-ci il tarixli ikinci möhür Məhkəmənin ərizəçidən ərizə formasının əlavə surətini aldığını göstərir. Bu möhür qəbul masasında saxlanılan orijinal formaya əlavə edilib.
53. Bu kimi hallarda, Məhkəmə hesab edir ki, ərizə formasının Məhkəmənin qəbul masasında Reyestrə təhvil verildiyi tarix – 4 fevral 2008-ci il – ərizənin verildiyi tarix hesab edilməlidir (Zaxarov Rusiyaya qarşı ilə müqayisə edin (dek.), № 16208/05, 24 yanvar 2017).
54. Beləliklə, ərizə Məhkəməyə altı ay müddətində verildiyindən hökumətin etirazı rədd edilməlidir.
55. Məhkəmə daha sonra qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) bəndinə əsasən açıq-aşkar əsassız deyil və hər hansı digər əsaslarla da qəbuledilməz sayılmır. Buna görə qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatı
56. Hökumət ərizəçinin şikayətlərinin mahiyyəti ilə bağlı heç bir rəy təqdim etmədi.
57. Ərizəçi müxtəlif prosessual çatışmazlıqlardan şikayət edib. Xüsusən də yerli məhkəmələrin ən vacib sübutu, yəni hadisənin videosunu araşdırmamasını Konvensiyanın 6-cı maddəsini pozduğunu bildirdi.
2. Məhkəmənin dəyərləndirməsi
58. Məhkəmə bir daha təkrar edir ki, ədalətli məhkəmə araşdırmasının daha geniş anlayışının elementi olan tərəflərin bərabərliyi prinsipi “tərəflər arasında ədalətli balansın” təmin olunmasını tələb edir: onu və ya rəqibini ciddi əlverişsiz vəziyyətə salmamaq üçün hər bir tərəfə öz işini məhkəməyə təqdim etmək üçün ağlabatan imkan verilməlidir (bax: Jasper Birləşmiş Krallığa qarşı [GC], № 27052/95, § 51, 16 fevral 2000).
59. Məhkəmə həmçinin xatırladır ki, son dövrlərdə qəbul edilmiş Murtazaliyeva Rusiyaya qərarda ([GC], № 36658/05, §§ 150-86, 18 dekabr 2018), Böyük Palata, Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3 (d) bəndləri əsasında formalaşmış presedent hüququna əsasən, müdafiə tərəfinin şahidlərinin dindiriləməsi ilə bağlı ümumi prinsipləri müəyyən edib. Həmin üç test belədir (ibid., § 158):
(1) Şahidin dindirilməsi tələbi kifayət qədər əsaslandırılıbmı və ittihamın mahiyyətinə uyğundurmu?
(2) Yerli məhkəmələr həmin şahid ifadəsinin uyğunluğunu nəzərdən keçiribmi və məhkəmə qərarında şahidi dindirməkdən imtina etməsi ilə bağlı kifayət əsaslı səbəb irəli sürübmü?
(3) Yerli məhkəmələrin şahidi dindirməmək barədə qərarı məhkəmə işinin ümumən ədalətli aparılmasına xələl gətiribmi?
60. Yerli məhkəmələrin video sübutların araşdırmaqdan imtina etməsi ilə bağlı ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə hesab edir ki, Murtazəliyeva işində (yuxarıdakı istinada bax) göstərildiyi kimi, yuxarıda verilən test bu işə tətbiq olunmalıdır, mutatis mutandis.
61. Bu işin kontekstində, ərizəçinin hadisənin videogörüntüsünü araşdırmaq istəyinin kifayət qədər əsaslandırılmış və ittihamın predmeti ilə əlaqəli olub-olmadığı barədə ilk suala gəldikdə, Məhkəmə qeyd edir ki, məhkəmə prosesi zamanı ərizəçi ittiham tərəfinin faktları təhrif etdiyindən şikayət edib. Xüsusilə, ərizəçi iddia edib ki, davanın səbəbkarı o yox, onu ilk yumruqlayan F.A. olub (yuxarıdakı 22 və 25-ci bəndlərə baxın). Mübahisə doğuran hadisədə öz versiyasını sübut etmək üçün ərizəçi məhkəmədən videoyazıya baxmasını xahiş edib. Məhkəmənin fikrincə, ərizəçinin müdafiəsini möhkəmləndirdiyi ehtimalını nəzərə alaraq, bu sübutların məhkəmələr tərəfindən araşdırılması barədə müraciəti uyğunsuz və ya əsassız olmayıb. Hökumət ərizəçinin bu arqumentini mübahisələndirməyib. Lakin işin materiallarından görünür ki, ərizəçinin bu vəsatəti rədd edilib. Bundan əlavə, apelyasiya prosesinin protokolundan aydın olur ki, ərizəçi apellyasiya məhkəməsi qarşısında vəsatətini təkrarlayıb, lakin məhkəmə onu əsassız saydığından rədd edib (bax: yuxarıdakı 26-cı paraqraf).
62. Yerli məhkəmələrin bu dəlilin məqsədəuyğunluğunu nəzərdən keçirməməsi və onu araşdırmaması barədə verdiyi qərarlarını kifayət qədər əsaslandırmaması barədə suala gəldikdə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr ərizəçinin bu dəlilin araşdırılması tələbinə heç vaxt məhəl qoymayıb. İşin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi videoyazı ilə bağlı səssiz qalıb, apellyasiya məhkəməsi isə ərizəçinin bu vəsatətinin heç bir izahat vermədən əsassız olduğu qənaətinə gəlib (yuxarıdakı 24 və 26-cı bəndlərə baxın). Bundan əlavə, Məhkəmə bunu vurğulamağı vacib hesab edir ki, hazırkı iş, prosesual zəmanətlərin bir-birini tarazlaşdırmasını tələb edən işlərə aidiyyatı yoxdur. Belə ki, bu işdə ictimai maraqlara görə sübutun rədd edilməsi faktı yoxdur (yuxarıda qeyd olunmuş Jasper, §§ 54-56). Hazırki işdə videoyazı artıq ictimaiyyətə məlum idi (yuxarıdakı 12-ci paraqrafa baxın) və yerli məhkəmələrin faktlara dair baxış keçirdərkən bu sübutu araşdırmaqdan imtina edəcək heç bir əsas yox idi.
63. Yerli məhkəmələrin videoyazıya baxmamaq qərarının icraatın ümumən ədalətli keçirilməsinə xələl gətirib-gətirməməsinə gəldikdə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr ərizəçinin təqsirkar hesab edib. Xüsusən xuliqanlıq cinayətinə münasibətdə hal şahidlərinin ifadələrinə əsaslanıb və parlament iclasında iştirak edən parlament üzvlərinin və parlament rəsmilərinin ifadələri burada gücləndirici sübut rolu oynayıb. Ərizəçi yerli məhkəmə prosesində şahidləri çarpaz dindirə bilməməsi ilə bağlı şikayət verməsə də, Məhkəmə bu şahidlərin ittiham tərəfinin adından ifadə verməsinə etinasız yanaşa bilməz. Buna görə, hadisənin videoyazısı işin halları üçün vacib bir maddi sübut xarakteri daşıyırdı və yerli məhkəmələr tərəfindən onun araşdırılması, Məhkəmənin fikrincə, hadisənin necə baş verməsinə, o cümlədən ərizəçi ilə F.A. arasındakı davanın necə başlamasına və nəhayyət, ərizəçinin bütün məhkəmə boyu iddia etdiyi kimi hadisəyə görə onun məsuliyyət daşımaması iddiasının əsaslı olub-olmamasına aydınlıq gətirə bilərdi.
64. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə yerli məhkəmələrin video sübutu heç bir səbəb olmadan araşdırmaqdan imtina etməsinin ümumən ədalətli məhkəmə araşdırmasını pozduğu qənaətinə gəlir.
65. Məhkəmə Konvensiyanın 6-cı maddəsi altında ərizəçinin qaldırdığı digər şikayətləri nəzərə alır. Lakin Məhkəmə hesab edir ki, yuxarıda göstərilən çatışmazlıq məhkəmə prosesinin ədalətsiz olması üçün kifayət qədər ciddi səbəbdir. Buna görə, Məhkəmə ərizəçinin iddia etdiyi digər prosesual pozuntulara baxmağa ehtiyac duymur.
66. Beləliklə, Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu qənaətinə gəlir.
III. KONVENSİYANIN DİGƏR MADDƏLƏRİNİN POZULMASI İDDİASI
67. Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq ərizəçi həbs zamanı pis rəftardan şikayət edib. Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq o, deputat toxunulmazlığının aradan qaldırılmasından əvvəl həbsinin qanunsuzluğundan və məhkəməyə qədər həbs olunmasının əsassız olmasından şikayət edib. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq, o, Milli Məclisin rəsmi şəxslərinin onun deputatlıq mandatının ləğv edilməsi ilə bağlı çıxışlarının onun təqsirsizlik prezumpsiyasını pozmasından şikayət edib. Konvensiyanın 9 və 10-cu maddələrinə əsaslanaraq, o Hökuməti tənqid etdiyi üçün mühakimə olunduğundan şikayət edib. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanaraq, o, ölkəni tərk etmək hüququna qoyulan məhdudiyyətlərdən şikayət edib.
68. Konvensiyanın 5-ci maddəsinə əsasən ərizəçinin şikayətlərinə gəldikdə, Məhkəmə ərizəçinin 19 mart 2007-ci ildə həbs olunduğunu və onun məhkəməyə qədər həbs müddətinin 18 May 2007-ci ildə başa çatdığını, lakin ərizənin 4 fevral 2008-ci ilə qədər Məhkəməyə göndərmədiyini təsbit edib. Bu isə altı aydan çoxdur (bax: İnsanov Azərbaycana qarşı (dekabr), № 16133/08, 19 noyabr 2009). Beləliklə, 5-ci maddəyə əsasən şikayətlər altı ay müddəti ötürüldüyündən Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
69. Qalan şikayətlərə gəldikdə, Məhkəmə əlindəki bütün materiallar nəzərə alaraq və şikayət olunan məsələlərə səlahiyyətləri daxilində baxaraq, Konvensiyada və ya onun Protokollarında təsbit edilmiş digər hüququ və azadlıqların pozulmadığı qənaətinə gəlir. Müvafiq olaraq, bu şikayətlər əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-CI MADDƏSİNİN TƏTBİQİ
70. Konvensiyanın 41-ci maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
71. Ərizəçi tibbi və digər əlaqədar xərcləri nəzərə almaqla maddi ziyana görə 4.833.44 avro (EUR) tələb edib. Mənəvi ziyana görə ərizəçi 50.000 avro tələb edib. Və ya məhkumluğu nəticəsində yaşadığı mənəvi iztirablar, imkanların itirilməsi və ictimai nüfuzuna vurulan zərərə görə Məhkəmənin ədalətli hesab etdiyi hər hansı digər məbləği tələb edib.
72. Hökumət ərizəçinin tələb etdiyi məbləğlərin əsassız və həddindən artıq olduğunu bildirib.
73. Məhkəmə aşkar edilmiş pozuntu ilə iddia edilən maddi ziyan arasında heç bir səbəbli əlaqə aşkar etmədiyindən iddianı rədd edir. Digər tərəfdən, Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını tanımaqla kompensasiya edilə bilməz və buna görə ona kompensasiya verilməlidir. Məhkəmə, Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi, ədalətli əsaslarla qiymətləndirmə apararaq, ərizəçiyə bu başlıq altında 2400 avro məbləğində, tutulacaq vergilər də daxil olmaqla, kompensasiya müəyyən edir.
B. Məhkəmə xərcləri
74. Ərizəçi məhkəmə xərclərinə dair heç bir iddia irəli sürməyib. Buna görə Məhkəmə bu başlıq altında heç bir qərar qəbul etmir.
A. Faiz dərəcəsi
63. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. 6-cı maddənin 1-ci bəndinə əsasən şikayətləri qəbuledilən, qalan hissəsini isə qəbuledilməz elan edir;
2. Konvensiyanın 6-ciı maddəsinin 1-ci bəndinin pozulduğu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində 2400 avro məbləğində vəsaitin, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, ərizəçiyə ödənilməsini həyata keçirtməlidir:
(b) Yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2019-cü il 7 mart tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilib.
Klaudia Vesterdiek Angelika Nussberger
Bölmə Katibi Sədr
Qərar Media Hüququ Qrupu tərəfindən ingilis dilindədən tərcümə edilərək yayılıb. Müəllifliklə bağlı baxın: https://aihmaz.org