№60004/18 MEHMET GELEN AZƏRBAYCANA QARŞI – 9 OKTYABR 2023-CÜ İL

9 oktyabr 2023-cü il tarixdə dərc edilib

BEŞİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 60004/18

Mehmet GELEN Azərbaycana qarşı

 

28 yanvar 2019-cu il tarixdə təqdim edilib
18 sentyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

 

İŞİN MÖVZUSU

Bu işdə Ərizəçi Azərbaycandakı Gülən hərəkatına bağlı özəl məktəblərdə işləyən Türkiyə vətəndaşıdır. Əsasən Konvensiyanın 3-cü, 5-ci və 13-cü maddələrinə əsaslanan ərizəçi, onun həbsdə saxlanmasının və sonradan Azərbaycandan məcburi şəkildə Türkiyəyə aparılmasının onun Konvensiya ilə təminat altına alınan hüquqlarını pozmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. İddiaları və təqdim edilmiş sənədlərin işığında, ərizəçinin Türkiyəyə məcburi göndərilməsi onu Konvensiyanın 3-cü maddəsinə zidd olan real pis rəftar riski ilə üz-üzə qoyurdumu (bax: Şentürk və başqaları Azərbaycana qarşı, №41326/17 və başqa 3, §§ 112-17, 10 aprel 2022)?

2. Ərizəçi, azadlıqdan Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndi pozulmaqla məhrum edilibmi? Xüsusilə, ərizəçinin 21-28 dekabr 2018-ci il tarixlərində həbsi “qanunla müəyyən edilmiş qayda”ya uyğun idimi və hər hansı məhkəmə və ya inzibati qaydada həbsə əsaslanırdımı (bax: Şentürk və başqaları, yuxarıda adı çəkilən, §§ 100-07)?

3. Ərizəçinin əlində Konvensiyanın 3 və 5-ci maddələrinə əsaslanan şikayətlərini irəli sürməsi üçün Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi effektiv daxili müdafiə vasitələri var idimi?