№59202/12 HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 28 APREL 2022-Cİ İL

YENİ © tərcümə – aihmaz.org

 

BEŞİNCİ BÖLMƏ

 

 

HƏSƏNOV AZƏRBAYCANA QARŞI
(Ərizə nömrəsi: 59202/12)

 

 

QƏRAR

 

 

STRASBURQ
28 Aprel 2022

Bu qərar qətidir, ancaq qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Həsənov Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Ganna Yudkivska, Sədr,
Lado Chanturia,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas Katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycanda yaşayan vəkillər cənab R.Mustafazadə və cənab A.Mustafayev tərəfindən təmsil olunan Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci ildə doğulmuş və hadiələrin baş verdiyi vaxt Bakı şəhərində yaşayan Bəhruz Qəzənfər oğlu Həsənov (“ərizəçi”) tərəfindən 27 avqust 2012-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim edilmiş ərizəni (№59202/12);

Konvensiyanın 5-ci və 6-cı maddələri ilə bağlı şikayətlər haqqında səlahiyyətli nümayəndə cənab Ç.Əsgərovun təmsil etdiyi Azərbaycan Hökumətinə (“Hökumət”) məlumatın göndərilməsi və ərizələrin qalan hissəsinin qəbuledilməz elan edilməsi haqqında qərarı və;

Tərəflərin təqdimatlarını;

Nəzərə alaraq,

24 mart 2022-ci il tarixdə xüsusi müzakirə aparıb,

Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

MƏHKƏMƏ İŞİNİN HALLARI

1. Hazırkı iş ərizəçinin polis əməkdaşının qanuni əmrinə tabe olmamaq ittihamı ilə saxlanılması, həbs edilməsi və ona qarşı açılmış inzibati icraat nəticəsində məhkum edilməsi ilə bağlıdır. Ərizəçi iddia edir ki, onun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 6-cı maddəsinin 1-ci və 3-cü bəndləri ilə təminat altına alınan hüquqları yerli hakimiyyət orqanları tərəfindən pozulub.

2. Ərizəçi hadisələrin baş verdiyi zaman Azərbaycanda müxalifət partiyalarından birinin sədrinin mühafizəçisi olub.

3. Ərizəçiyə görə, 11 iyul 2012-ci il tarixdə, saat 14:00 radələrində evlərinə gedərkən küçədə bir nəfər ona yaxınlaşıb və onu ailəsini təhqir etməkdə ittiham edib. Onların arasındakı söhbətdən bir qədər sonra yaxınlıqdakı binalardan birinin girişindən on beşə yaxın mülki geyimli polis əməkdaşı ərizəçiyə yaxınlaşıblar. Yuxarıda adı çəkilən şəxslə “məsələni həll etmək” üçün onlarla birlikdə polis bölməsinə getməsini ərizəçidən xahiş ediblər. Polis əməkdaşlarının əmrinə qarşı çıxmayan ərizəçi Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

4. Həmin gün saat 16.00-da polis ərizəçinin İnzibati Xətalar Məcəlləsinin (İXM) 310-cu (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ifadə olunan inzibati xəta haqqında protokol tərtib edib. Lakin ərizəçi haqda inzibati həbs barədə protokol tərtib edilməyib.

5. Ərizəçi həmin gün Suraxanı Rayon Məhkəməsinə aparılıb və hakim qarşısına çıxarılıb. Ərizəçiyə görə, işinə baxan hakim öz seçdiyi vəkillə təmin olunması ilə bağlı onun vəsatətinə məhəl qoymayıb və qohumları tərəfindən onu təmsil etmək üçün cəlb edilmiş vəkilin məhkəmə iclasına buraxılmasına icazə verməyib. Rayon Məhkəməsi ərizəçini və onun həbsində iştirak etmiş iki polis əməkdaşını, həmçinin, həbs olunmazdan əvvəl ərizəçi ilə şifahi mübahisə edən şəxsi dinləyib. Ərizəçi Rayon Məhkəməsində inzibati xəta törətmədiyini və həbsinin siyasi motivli olduğunu bildirib. Məhkəmə yekunda ərizəçini İXM-Nin 310-cu maddəsi (polis əməkdaşının qanuni göstərişinə tabe olmama) ürə təqsirli bilib və onun barəsində on sutkalıq inzibati həbs cəzası təyin edib.

6. Ərizəçiyə dövlət tərəfindən təyin edilmiş vəkil Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Dövlət tərəfindən təyin edilmiş vəkil iddia edib ki, ərizəçinin saxlanılmasının və həbsinin əsas məqsədi onu siyasi mənsubiyyətinə görə cəzalandırmaq olub və birinci instansiya məhkəməsinin qərarı adekvat əsaslandırılmayıb.

7. Məhkəmə iclasın stenoqramına görə, ərizəçi vəkillə təmsil olunmaqdan imtina edib, onun imtinasının maddi vəziyyəti ilə bağlı olmadığını bildirib.

8. Bakı Apellyasiya Məhkəməsi 16 iyul 2012-ci il tarixdə ərizəçinin şikayətini təmin etməyib, Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Apellyasiya məhkəməsi öz qərarında ərizəçinin xüsusi şikayətlərinə münasibət bildirməyib.

9. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən, rəsmilərin İPM-nin 398-ci maddəsinə əsasən inzibati qaydada saxlanılması və həbs edilməsina haqq qazandıran hər hansı müstəsna halların mövcudluğunu sübut edə bilmədiyini və onun saxlanılması və inzibati həbs edilməsi ilə bağlı ictimai təhlükəli əməl törətməsinə dair şübhələrin heç bir faktiki əsasının olmadığını qeyd edib. Ərizəçi həmçinin, Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, ədalətli və açıq məhkəmələrdə mühakimə olunmamasından, müdafiəsini hazırlamaq üçün ona yetərli vaxt və imkanların tanınmamasından, özünün seçdiyi vəkildən təsirli hüquqi yardım almaq imkanından məhrum edilməsindən və dövlət tərəfindən təyin edilmiş vəkilin hüquqi yardımının təsirli olmamasından şikayət edib. Ərizəçi bunlardan başqa, nə ona, nə də onu Bakı Apellyasiya Məhkəməsində təmsil etmək üçün cəlb etdikləri şəxsi vəkilə apellyasiya şikayətini hazırlamaları üçün Rayon Məhkəməsinin qərarının surəti ilə tanış olmaq imkanının verilmədiyini iddia edib.

MƏHKƏMƏNİN DƏYƏRLƏNDİRMƏSİ

I. KONVENSİYANIN 5.1-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

10. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

11. Konvensiyanın 5-ci maddəsi üzrə tətbiq olunan ümumi prinsiplər Nəsirov və başqaları Azərbaycana qarşı (№58717/10, §§46 47, 20 fevral 2020-ci il) işində bəyan edilib.

12. Məhkəmə hazırkı işdə ərizəçilər tərəfindən Konvensiyanın 5-ci maddəsinə əsasən qaldırılan hüquqi məsələlərin Nəsirov və başqalarının işində (§§28-31) araşdırılanların bənzəri olduğunu və eyni daxili qanunvericiliyin bu işdə tətbiq edilən olduğunu qeyd edir.

13. Xüsusilə, yuxarıda qeyd olunan işdə olduğu kimi, ərizəçi inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün polis idarəsinə aparılıb. Bununla belə, protokolun inzibati xətanın aşkarlandığı yerdə tərtib edilməsinə hər hansı əngəlin mövcud olub-olması məsələsinə toxunulmayıb. Oxşar olaraq, ərizəçi polis idarəsinə aparıldıqdan sonra onun barəsində inzibati həbs protokolu da tərtib edilməyib (yuxarıdakı 4-cü paraqrafa bax). Nəhayət, nə yerli hakimiyyət orqanları, nə də Hökumət Məhkəməyə ərizəçinin inzibati həbsinə haqq qazandıran hər hansı konkret səbəb təqdim etməyiblər, həm də belə bir tədbirin tətbiq edilmədiyi halda məsələn, onun işinin uyğun və doğru araşdırılmasını təmin etməklə bağlı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərə çatmağın “mümkünsüz” olacağını obyektiv şəkildə göstərə bilməyiblər (yeni orada, §§48-50).

14. Məhkəmə Nəsirov və başqalarının işində ərizəçilərin azadlıqdan məhrum edilməsinin müddətindən asılı olmayaraq əsassız, özbaşına və qeyri-zəruri olduğu qənaətinə gəlib və o, bu işdə gəldiyi nəticələrdən kənara çıxmağa heç bir əsas görmür (yeni orada, §§51-52).

15. Burdan belə nəticə çıxır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.

II. KONVENSİYANIN 6§1-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

16. Ərizəçi Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsaslanaraq, hər hansı inzibati xəta törətməməsindən və ədalətli mühakimə olunmamasından şikayət edib. Ancaq Məhkəmə bu şikayətin yalnız Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi çərçivəsində incələnməsinin gərəkli olduğu qənaətindədir.

17. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, məqbul elan edilməlidir.

18. Məhkəmə ilkin olaraq, ərizəçinin Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq hazırkı işdə qaldırdığı hüquqi məsələlərlə, ərizəçilərin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə qaldırılan hüquqi məsələlər arasında əhəmiyyətli dərəcədə oxşarlıqların olduğunu qeyd edir (bax, bir çox digər qərarlarla yanaşı, Qafqaz Məmmədov Azərbaycana qarşı, №60259/11, §§74-96, 15 oktyabr 2015-ci il; İbrahimov və başqaları Azərbaycana qarşı, №69234/11 və digər 2, §§93-115, 11 fevral 2016-cı il; Hüseynli və başqaları Azərbaycana qarşı, №67360/11 və digər 2 iş, §§110 35, 11 fevral 2016-cı il; Savalanlı Azərbaycana qarşı [Komitə], № 30608/14, §§20-24, yanvar 14 2021; İbrahimov Azərbaycana qarşı [Komitə], №39466/16, §§18-20, 14 yanvar 2021-ci il; və Həsənov və Məcidli Azərbaycana qarşı, №9626/14 və 9717/14, §33-41, 7 oktyabr 2021).

19. Xüsusilə, yuxarıda qeyd olunan işlərdə olduğu kimi, hazırkı işdə də birinci instansiya məhkəməsi öz qərarına başqa heç bir əsaslar göstərmədən, yalnız inzibati xəta haqqında protokola və ərizəçini həbs etmiş iki polis əməkdaşının şahid ifadələrinə istinad edib (yuxarıda 5-ci bəndə bax). Apellyasiya instansiyası məhkəməsi ərizəçinin onu həbs etmiş polis əməkdaşlarının ifadə vermək üçün çağırılması ilə bağlı vəsatətini diqqətə almayıb və birinci instansiya məhkəməsinin nəticələrini hər hansı digər izahatları və ya ərizəçinin irəli sürdüyü ciddi iddiaları nəzərə almadan təsdiq edib (yuxarıda 8-ci bəndə bax). Bu baxımdan Məhkəmə, cinayət prosesinin ədalətliliyinin araşdırılması kontekstində təqsirləndirilən şəxsin irəli sürdüyü konkret, uyğun və önəmli məqamları göz ardı edən yerli məhkəmələrin 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyi yönündə əvvəllər gəldiyi nəticələri bir daha təkrarladığını qeyd edir (bax: Neçiporuk və Yonkalo Ukraynaya qarşı, №42310/04, §280, 21 aprel 2011-ci il və Əliyev Azərbaycana qarşı [Komitə], №76236/11, §18, 11 iyun 2020-ci il). Hazırkı işdə daxili məhkəmələrin qərarlarının yetərli əsaslara malik olmadığı görüşündə olan Məhkəmə, bütövlükdə götürüldükdə ərizəçiyə qarşı inzibati icraatın Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi çərçivəsindəki ədalətli məhkəmə araşdırması təminatlarına uyğun olmadığı nəticəsinə gəlir (bax: Qafqaz Məmmədov, §96; İbrahimov və başqaları, §115; Hüseynli və başqaları, §135; Savalanlı, §24 və İbrahimov Azərbaycana qarşı, §20, yuxarıda qeyd olunanlar).

20. Qeyd edilənlərə əsasən, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.

III. DİGƏR ŞİKAYƏTLƏR

21. Hükumət ərizəçinin Konvensiyanın 6-cı maddəsi çərçivəsindəki açıq məhkəmə dinləmələri, müdafiəsini hazırlaması üçün yetərli vaxt və imkanların, eləcə də effektiv hüquqi yardımla bağlı şikayətlərinin, daxili hüquqi müdafiə vasitələrini tükəndirməməsi səbəbindən qəbuledilməz olduğunu iddia edib, bildirib ki, ərizəçi hüquqlarına iddia etdiyi pozuntularla bağlı təzminat əldə etməyə dair şikayətlərini daxili məhkəmələr qarşısında qaldırmayıb. Ərizəçi, hökumətin daxili müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazına, hər hansı təqdimatla cavab verməyib.

22. İşin bütün hallarını, tərəflərin təqdimatlarını və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə və 6-cı maddəsinin 1-ci bəndinə əsasən gəldiyi nəticələr nəzərə alan Məhkəmə, hazırkı ərizədə qaldırılan təməl hüquqi məsələləri araşdırdığı, qalan şikayətlər üzrə ayrıca qərar verməyə lüzum olmadığı qənaətindədir (bax, bir çox digər orqanlar arasında Hüquq Resursları Mərkəzi adından Valentin Câmpeanu Rumıniyaya qarşı (GC), №47848/08, §156, AİHM 2014, və orada göstərilən istinadlar; Mehman Əliyev və başqaları Azərbaycana qarşı [Komitə], №46930/10 və digər 11, §§52-54, 20 may 2021-ci il; və Azər Əhmədov Azərbaycana qarşı, №3409/10, §§77-79, 22 iyul 2021-ci il).

KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

23. Ərizəçi mənəvi ziyan əvəzi 21,000 avro (avro), yerli məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflər əvəzi 3,300 avro tələb edib.

24. Hökumət ərizəçinin tələb etdiyi məbləğlərin əsasız və həddindən artıq olduğunu bildirib.

25. Məhkəmə, tutula biləcək hər hansı vergi məbləği də daxil olmaqla, ərizəçiyə mənəvi ziyan əvəzi 4000 avro təzminatın ödənilməsini məqsədəuyğun sayır.

26. Əlində olan sənədləri nəzərə alan Məhkəmə, Bütün xərc və məsrəfləri əhatə edən, bilavasitə ərizəçinin nümayəndəsi cənab R.Mustafazadənin bank hesabına ödənilməsi üçün 500 avro təyin edilməsini məqsədəuyğun sayır.

27. Məhkəmə həmçinin, məqsədəuyğun sayır ki, ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;.

BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, Konvensiyanın 5 § 1-ci və 6 § 1-ci maddələri üzrə şikayətlər qəbulediləndir;

2. Qərar verir ki, Konvensiyanın 5 § 1-ci maddəsinin pozuntusu baş verib;

3. Qərar verir ki, Konvensiyanın 6 § 1-ci maddəsinin pozuntusu baş verib;

4. Qərar verir ki, yerdə qalan şikayətlərin qəbuledilməzliyini və mahiyyətini ayrıca araşdırmağa lüzum yoxdur;

5. Qərar verir,

(a) Cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə ödəməlidir;

(i) tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla mənəvi ziyana görə ərizəçiyə 4,000 avro (dörd min avro);
(ii) tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla xərc və məsrəflərə görə birbaşa ərizəçinin nümayəndəsi cənab R. Mustafazadənin bank hesabına köçürlməsi üçün 500 avro (beş yüz avro);
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;;

6. Ərizəçilərin ədalətli əvəz tələbinin qalan hissəsini rədd edir.

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 28 aprel 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Martina Keller                     Ganna Yudkivska
İclas Katibi                            Sədr