YENİ © tərcümə, aihmaz.org
BİRİNCİ BÖLMƏ
MEHDİYEV AZƏRBAYCANA QARŞI
(Ərizə № 59075/09)
QƏRAR
STRASBURQ
18 iyun 2015-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Mehdiyev Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin Palatası (Birinci Seksiya) aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:
Isabelle Berro, Sədr, Elisabeth Steiner,
Xanlar Hacıyev,
Linos-Alexandre Sicilianos,
Erik Møse,
Ksenija Turković,
Dmitry Dedov, hakimlər,
və Søren Nielsen Bölmə Katibi,
26 may 2015-ci il tarixində qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. Bu məhkəmə işi Azərbaycan vətəndaşı cənab Həkimeldostu Bayram oğlu Mehdiyev (Hakimeldostu Bayram oglu Mehdiyev – “ərizəçi”) tərəfindən, Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən, 4 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş (59075/09 saylı) ərizə əsasında başladılıb.
2. Ərizəçini Məhkəmə qarşısında müvafiq olaraq Azərbaycanda və Londonda fəaliyyət göstərən hüquqşünaslar, Cənab R. Hacılı və Cənab S. Bishop təmsil ediblər. Azərbaycan Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi iddia edib ki, jurnalist peşə fəaliyyətinə görə 22 sentyabr 2007-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin (“MTN”) əməkdaşları tərəfindən azadlıqdan məhrum edilib və pis rəftara məruz qalıb. Ərizəçi həmçinin, ona qarşı inzibati qaydada aparılmış icraatların ədalətsizliyini və istintaq təcridxanasındakı saxlanma şəraitinin dözülməz olduğunu iddia edib.
4. Ərizəçinin MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması iddiası və pis rəftara məruz qalması haqda iddiasının dövlət orqanları tərəfindən araşdırılmaması, müvəqqəti saxlanma təcridxanasında ərizəçinin saxlanma şəraiti, ərizəçinin MTN-də saxlanmasının qanuniliyi, inzibati qaydada aparılmış icraatların ədalətli olmaması və ərizəçinin ifadə azadlığı hüququnun pozuntusu iddia edilən şikayətlər barədə 18 sentyabr 2013-cü il tarixdə Hökumət bilgiləndirilib. Ərizənin yerdə qalan hissəsi qəbuledilməz elan olunub.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1961-ci ildə anadan olub, o, hadisələr baş verən vaxt Naxçıvanda yaşayırdı.
A. Ümumi məlumat
6. Ərizəçi müstəqil fəaliyyət göstərən jurnalist olub. “Yeni Müsavat” qəzetinin Naxçıvan Muxtar Respublikasında (“NMR”) əməkdaşı kimi çalışıb.
7. Ərizəçinin müəllifi olduğu 2 məqalə 2007-ci ilin avqust və sentyabr aylarında “Yeni Müsavat” qəzetində dərc olunub. NMR-dakı iqtisadi və siyasi vəziyyətdən bəhs edən məqalələr tənqidi məzmunda olub. “Naxçıvanda ərzaq xeyli bahalaşıb. Vasif Talıbovun “qayğısı” sayəsində” və “Vasif Talıbov doğulduğu kəndi söküb yenidən tikdirir” sərlövhəli məqalələr NMR Ali Məclisinin sədri olan, həm də NMR-nın 29 dekabr 1998-ci il tarixli Konstitusiyasına uyğun olaraq Muxtar Respublikanın ali vəzifəli şəxsi sayılan Vasif Talıbovun fəaliyyətinə həsr edilmişdi.
8. Ərizəçi 17 sentyabr 2007-ci il tarixdə “Azadlıq Radiosu”nun müxbiri ilə görüşüb, ona Naxçıvanın iqtisadi və siyasi vəziyyəti barədə reportaj hazırlaması üçün yardım göstərib.
B. Ərizəçinin MTN əməkdaşları tərəfindən həbs edilməsi və pis rəftara məruz qalması iddiası
1. Ərizəçinin olaylar barəsində bildirdikləri
9. Ərizəçi 22 sentyabr 2007-ci il tarixdə saat 14:00 radələrində Şərur Rayonunun Cəlilkənd kəndində bir kafedə olarkən, MTN-nin rayon idarəsinin rəisi (M.M.) ona yaxınlaşıb. Ərizəçini NMR barədə təhqiramiz məqalələr yazmaqda günahlandıran M.M. yanındakı dörd nəfər uniformalı şəxsə jurnalisti həbs etmək göstərişi verib.
10. Ərizəçi avtomobilə otuzdurulub və həmin şəxslər tərəfindən MTN-nin Şərur rayon şöbəsinə aparılıb. Ərizəçi şöbəyə aparılarkən, yolda onun mobil telefonu da əlindən alınıb. MTN-nin binasına daxil olduqdan sonra M.M. ərizəçiyə NMR barəsində yalan məlumatlar yaymağı dayandırmasını söyləyib, ardınca, MTN əməkdaşlarına tapşırıq verib ki, “ona müxbir fəaliyyətinin mənasını başa salsınlar və otağı tərk edib
11. Daha sonra həmin beş nəfər ərizəçiyə işgəncə verməyə başlayıb. Onlar ərizəçiyə dəfələrlə dəyənək zərbələri endiriblər. Ərizəçinin başına təpik və yumruq zərbələri endirilib. Təxminən bir saatdan sonra həmin otağa qayıdan M.M. ərizəçidən “ağıllanıb-ağıllanmadığını” soruşub. Ardınca, M.M. həmin beş nəfərə əmr edib ki, ərizəçiyə “onun səhvini başa salsınlar”. Həmin əmrdən sonra ərizəçinin pis rəftara məruz qalması davam edib.
12. Ardınca M.M.-in kabinetinə aparılan ərizəçidən M.M. tələb edib ki, hakimiyyətdə olan siyasi partiyaya (YAP – Yeni Azərbaycan Partiyası) üzv olsun, müxalifət partiyası liderləri haqqında aşaılayıcı məqalələr yazsın. Ancaq ərizəçi M.M.in tələb etdiklərini icra etməkdən imtina edib.
13. Ərizəçi 23 sentyabr 2007-ci il tarixdə gecə saat 2 radələrində sərbəst buraxılıb. Onun mobil telefonu da özünə qaytarılıb. M.M. ərizəçi sərbəst buraxılmazdan əvvəl ona deyib ki, əgər “ağıllanmazsa” onu yenindən MTN-ə gətirəcəklər.
14. Ərizəçi sərbəst buraxıldıqdan sonra, dərhal saxlanılması barədə “Yeni Müsavat” qəzetinə məlumat verib. Ərizəçi qeyd edir ki, sərbəst buraxılandan sonra onun bədənindəki xəsarətlərin fotoları qohumları qohumları tərəfindən çəkilib. Gecə yarısı olduğundan ərizəçi, dərhal həkim müayinəsi üçün müraciət etməyib.
2. Hökumətin olaylar haqqında bildirdikləri
15. Hökumət ərizəçinin iddialarını qəbul etmədi, bildirdi ki, ərizəçi 22 sentyabr 2007-ci il tarixində MTN əməkdaşları tərəfindən saxlanılmayıb, həbsdə tutulmayıb, hər hansı pis rəftara məruz qalmayıb.
C. Ərizəçinin inzibati qaydada həbs edilməsi
1. Ərizəçinin olaylar haqqında bildirdikləri
16. Ərizəçi 23 sentyabr 2007-ci il tarixdə səhər həkimə getmək istəyərkən polislər tərəfindən saxlanılıb, ardınca Şərur rayon Polis Şöbəsinə aparılıb.
17. Yanına aparıldığı Şərur rayon Polis Şöbəsinin rəisi M.H. ərizəçinin üzərinə qışqıraraq, ondan saxlanılması barədə mətbuata niyə məlumat verməsi barədə izahat verməyi tələb edib.
18. Ərizəçi elə həmin gün ordan Şərur rayon Məhkəməsinə aparılıb. Məhkəmədə polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılan ərizəçiyə inzibati pozuntuya görə on beş gün müddətinə həbs cəzası təyin edilib. Məhkəmədə ərizəçiyə qarşı iki polis əməkdaşı ifadə verib, məhkəmə iclasında ərizəçi vəkillə təmin edilməyib. Məhkəmənin qərarının surəti da ərizəçiyə təqdim edilməyib.
19. Məhkəmə iclasından sonra ərizəçinin müraciəti əsasında onu Şərur rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkim müayinəsi zamanı ərizəçinin bədənində çoxsaylı xəsarətlərin olması müşahidə olunub. Ancaq ərizəçiyə tibbi arayış verilməsindən imtina edilib.
2. Hökumətin Ərizəçinin olaylar haqqında bildirdikləri
20. Hökumətin təqdimatına görə, ərizəçi 23 sentyabr 2007-ci il tarixdə saat 14:30 radələrində Cəlilkənd kəndinin mərkəzindəki ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətməklə danışdığına görə, polislər ona yaxınlaşıblar. Ərizəçi qanunsuz hərəkətlərini durdurması barədə polisin tələblərinə məhəl qoymadığından, inzibati xəta haqqında protokol tərtib olunub və ərizəçi polis məntəqəsinə aparılıb. Həmin inzibati xəta haqqında protokoldan göründüyü kimi ərizəçi onu imzalamaqdan imtina edib. İnzibati xəta haqqında 23 sentyabr 2007-ci il tarixli protokolun müvafiq hissəsində aşağıdakılar qeyd olunur:
“23 sentyabr 2007-ci il tarixində H. Mehdiyev polisin qanuni tələbinə əməl etməyib və Cəlilkənd kəndinin mərkəzində qışqırmağı və təhqiramiz ifadələr işlətməyi davam etdirib.”
21. Şərur Rayon Məhkəməsi həmin gün ərizəçini İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) əsasında günahkar hesab edib və ərizəçiyə on beş günlük inzibati həbs cəzası təyin edib. Qərarda göstərilib ki, qərardan həmin qərarın təqdim olunduğu gündən etibarən on gün müddətində apellyasiya şikayəti verilə bilər. Şərur Rayon Məhkəməsinin 23 sentyabr 2007-ci il tarixli qərarının müvfiq hissəsində aşağıdakılar qeyd olunub:
“Məhkəmə, əlində olan sübutları qiymətləndirərək o qənaətə gəlmişdir ki, Həkimeldostu Bayram oğlu Mehdiyevin (ərizəçi) yuxarıda qeyd olunan inzibati xətanı törətmiş olması onun etirafı və işlə əlaqədar dinlənilmiş şahidlərin ifadələri əsasında sübut olunub.
Məhkəmə Həkimeldostu Bayram oğlu Mehdiyev tərəfindən törədilmiş inzibati xətanı İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə tövsif edir. Buna görə də, o, bu maddə əsasında təqsirli bilinməli və cəzalandırılmalıdır.”
22. Hökumət ərizəçinin məhkəmə qərarının bir nüsxəsini 23 sentyabr 2007-ci il saat 17:30-da aldığını bildirib və bunu təsdiq edən qəbzin surətini təqdim edib. Qəbzinsurətindən görünür ki, 23 sentyabr 2007-ci tarixlidir, ərizəçi tərəfindən imzalanıb.
D. Ərizəçinin saxlanma şəraiti haqqında
1. Ərizəçinin saxlanma şəraiti haqqında bildirdikləri
23. Ərizəçi 23 sentyabr 2007-ci il tarixdə saat 19:00 radələrində cəzasını çəkməsi üçün 8 saylı saxlama təcridxanasına aparılıb.
24. Ərizəçi təcridxanada saxlanıldığı müddət boyu yemək və sudan məhrum edilib. Yatmaq üçün hər hansı bir yer verilmədiyindən, gecələri təcridxananın beton dəhlizində keçirməyə məcbur olunub. Ərizəçi əlləri daim bağlı saxlanılıb. Saxlama təcridxanası Araz çayına yaxın ərazidə yerləşirdi, buna görə, ərizəçi ağcaqanad sancmalarından əziyyət çəkib.
25. 25 sentyabr 2007-ci il tarixdə gecə yarısı saatlarında NMR Milli Təhlükəsizlik Naziri saxlama təcridxanasına gəlib. Onu iki nəfər başqa şəxs müşayət edib. Həmin şəxslərin sərxoş olduğu görünürmüş. Nazir ərizəçini təhqir edib, ardınca, həmin şəxslərin hamısı birlikdə ərizəçini döyüblər.
2. Hökumətin saxlanma şəraiti haqqında bildirdikləri
26. Hökumət Məhkəməyə bildirdi ki, ümumiyyətlə NMR-də 8 saylı saxlama təcridxanası yoxdur. Hökumət ərizəçinin NMR Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında saxlanıldığını qeyd etdi.
27. Ərizəçi kamerada, həm də tək saxlanılıb. Həmin kameranın hündürlüyü 2.8 metr, uzunluğu 5.2 metr, eni 2.2 metr olub. Kamera uyğun şəkildə işıqlandırılıb, havalandırma sistemi işləyib. Ərizəçiyə çarpayı, yataq, eləcə də digər zəruri əşyalar verilib. Hökumət qeydlərini əsaslandırmaq üçün həmin müvəqqəti saxlama təcridxanasının, ərizəçinin saxlandığı kameranın fotoşəkillərini də Məhkəməyə təqdim edib.
28. Hökumət təqdimatına həmin vaxt ərizəçinin saxlanıldığı müvəqqəti saxlama təcridxanasında növbədə olan növbətçi həkim tərəfindən tərtib edilən 16 dekabr 2013-cü il tarixli tibbi müayinə protokolunun surətini əlavə edib. Həmin tibbi protokola görə, ərizəçi 23 sentyabr 2007-ci il tarixdə saat 19:45-də həkim tərəfindən müayinə edilib, onda “heç bir patalogiya aşkar edilməmişdir”. 16 dekabr 2013-cü il tarixli həmin tibbi müayinə protokolunda aşağıdakılar qeyd olunur:
“Növbətçi həkim tərəfindən aparılmış müayinə:
Həkimeldostu Bayram oğlu Mehdiyev 23 sentyabr 2007-ci il tarixdə saat 19:45-də iki polis əməkdaşının müşayiəti ilə müayinə üçün qəbul şöbəsinə gəlib. Vətəndaşın müayinəsi zamanı heç bir patalogiya aşkar edilməyib. Qan təzyiqi göstəricisi 120/85 mm Hg. olmuşdur. Praktiki sağlamdır.
Növbətçi həkim: İ.M.”
E. Ərizəçinin vaxtından əvvəl inzibati həbsdən azad edilməsi, istifadə etdiyi müdafiə vasitələri
29. Müxtəlif Azərbaycan və beynəlxalq insan hüquq müdafiə təşkilatları ərizəçinin inzibati qaydada həbs edilməsindən sonra onun azad edilməsi üçün Azərbaycanın hakimiyyət orqanlarına müraciətlər ünvanladılar. “Sərhədsiz Reportyorlar” təşkilatı 26 sentyabr 2007-ci il tarixdə ərizəçinin jurnalist peşə fəaliyyətinə görə sıxışdırılmasına son qoyulması və onun azadlığa buraxılması üçün Azərbaycan hökumətinə müraciət etdi. Həmin müraciətdə ərizəçinin 22 sentyabr 2007-ci il tarixdə MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması iddia edilirdi. Müraciətin həmin hissəsində aşağıdakılar qeyd edilirdi:
“Mehdiyev həbsindən bir gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən zorla avtomobilə mindirilib, bütün günü həmin nazirliyin binasında saxlanılıb. “Sərhədsiz Reportyorlar” təşkilatı qeyd edir ki, o, regionun qaz və elektrik enerjisi problemləri barədə yazdığı məqalələr səbəbindən nazirlikdə döyülüb.”
“Jurnalistlərin Müdafiəsi Komitəsi” 27 sentyabr 2007-ci il tarixdə Azərbaycan hökumətinə çağırış etdi, ərizəçinin jurnalist peşə fəaliyyətinə görə təqib olunmasına son verməyə, onunla bağlı ətraflı araşdırma aparmağa dəvət etdi. Ərizəçinin 22 sentyabr 2007-ci il tarixdə MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması iddiası və inzibati qaydada həbs edilməsi Azərbaycan mediasında da geniş işıqlandırılmışdı.
30. Ərizəçi qeyd edilənlərin fonunda 27 sentyabr 2007-ci il tarixdə vaxtından əvvəl inzibati həbsdən azad edildi. Ancaq ərizəçinin həbsdən vaxtından əvvəl azadlığa buraxılması haqqında hər hansı rəsmi açıqlama verilməmişdi.
31. Ərizəçi bildirir ki, həbsdən azad edildikdən sonra, Naxçıvan Respublika Xəstəxanasında müalicə olunub. Ancaq buna baxmayaraq xəstəxanadan ona rəsmi tibbi arayış verilməsindən imtina olunub. Ərizəçiyə həkimlər bildiriblər ki, yeddinci qabırğasında sınıq olub. Ərizəçi iddiasını dəstəkləmək üçün təqdimatına həkim tərəfindən onun yeddinci qabırğasının rentgen müayinəsinin aparıldığı qeyd edilən, ancaq əlavə məlumatların verilmədiyi 1 oktyabr 2007-ci il tarixli tibbi protokolu əlavə edib. Həmin tibbi protokolda həkimin adı görünür, ancaq protokol həkim tərəfindən imzalanıb, möhürlənməyib. Sənəddə müayinənin aparıldığı tibb müəssisəsi barədə də məlumat verilməyib. Həmin tibbi protokolda aşağıdakılar qeyd olunub:
“Həkimeldostu Bayram oğlu Mehdiyev; 1961-ci ildə Cəlilkənddə anadan olmuşdur; Döş qəfəsinin və sol yeddinci qabırğasının arxa qoltuqaltı hissəsinin Rentgen müayinəsi.”
32. Ərizəçi Konvensiyanın 3, 5 və 10-cu Maddələrinə əsaslanaraq, 3 oktyabr 2007-ci il tarixində Şərur Rayon Prokurorluğuna şikayət edib və cinayət işinin başlanmasını istəyib. O, Məhkəmə təqdim etdiyi eyni faktları (bax: yuxarıda 9-14-cü paraqraflar) – 22 sentyabr 2007-ci il tarixində saat 14:00 radələrində MTN-nin rayon şöbəsinin rəisinin (M.M.) göstərişi ilə Şərur Rayonu Cəlilkənd kəndində bir kafedə MTN əməkdaşları tərəfindən həbs edildiyini və MTN-nin Şərur şöbəsinə aparıldığını bu dəfə də prokurorluğa təqdim edib. MTN Şərur şöbəsinə çatan kimi M.M. ondan NMR barədə yalan məlumatlar yaymağa son qaymağı tələb edib. O, daha sonra MTN əməkdaşlarına ərizəçiyə “onun müxbir fəaliyyətinin mənasını başa salmağı” tapşırıb və otaqdan çıxıb. Bundan sonra, beş nəfər ona işgəncə verməyə başlayıb. Onlar onu dəfələrlə dəyənəklə vurub, onun başına təpik və yumruq zərbələri endiriblər. Təxminən bir saatdan sonra M.M. qayıdıb və ondan “ağıllanıb ağıllanmadığını” soruşub. M.M. daha sonra beş nəfərə əmr edib ki, ona “onun səhvini başa salsınlar”. Bundan sonra o, yenə də pis rəftara məruz qalıb və yalnız 23 sentyabr 2007-ci il tarixində gecə saat 2-də sərbəst buraxılıb. M.M. buraxılmasından öncə ona deyib ki, əgər “ağıllanmayıbsa” o, yenə MTN-ə gətiriləcək.
33. Ərizəçi şikayətini xəbərnaməli poçtla göndərib. Məhkəməyə təqdim olunmuş poçt sənədindən də görünür ki, Şərur Rayon Prokurorluğu şikayəti 4 oktyabr 2007-ci il tarixində alıb.
34. Ərizəçiyə şikayəti ilə bağlı heç bir cavab verilməyib.
35. 19 oktyabr 2007-ci il tarixində ərizəçi eyni şikayəti Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Ombudsmana göndərib. Ərizəçi məktubunun yuxarıda qeyd olunan dövlət orqanlarına göndərildiyini təsdiq edən poçt sənədlərini də Məhkəməyə təqdim edib.
36. Baş Prokurorluq 25 oktyabr 2007-ci il tarixli məktubunda ərizəçiyə onun şikayətinin araşdırılmaq üçün NMR Prokuroruna göndərildiyi barədə məlumat verib.
37. Ərizəçi 7 noyabr 2007-ci il tarixində eyni şikayəti xəbərnaməli poçtla Şərur Rayon Prokurorluğuna bir daha göndərib. Ərizəçi şikayət məktubunun Şərur Rayon Prokurorluğu tərəfindən alındığını təsdiq edən poçt sənədini də Məhkəməyə təqdim edib.
38. Daxili İşlər Nazirliyinin 23 noyabr 2007-ci il tarixli məktubunda ərizəçiyə bildirilib ki, onun məktubu baxılması üçün NMR Daxili İşlər Nazirinə yönləndirilib.
39. Ərizəçinin yuxarıda qeyd olunan şikayətləri ilə bağlı heç bir tədbir görülməyib.
40. Ərizəçi 9 fevral 2008-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 449-451-ci Maddələri ilə müəyyənləşdirilən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi proseduruna uyğun olaraq Şərur Rayon Məhkəməsinə müraciət edib. Konvensiyanın 3, 5 və 10-cu Maddələrinə istinad edərək, o, əvvəlki şikayətlərini bir daha təkrarlayıb və məhkəmədən cinayət prosesini həyata keçirən orqanların onun şikayətini araşdırmamasının qanunsuz olması barədə qərar qəbul etməyi xahiş edib.
41. Ərizəçiyə Şərur Rayon Məhkəməsindən heç bir cavab verilməyib.
42. 17 mart 2008-ci il tarixində ərizəçi NMR Ali Məhkəməsinə şikayət edib və əvvəlki şikayətlərini bir daha təkrarlayıb. O, şikayətində Şərur Rayon Məhkəməsinin onun cinayət prosesini həyata keçirən orqanların hərəkətsizliyi ilə bağlı verdiyi şikayətinə baxmadığını da qeyd edib.
43. Ərizəçi həmin şikayəti, eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinə də göndərib və Şərur Rayon Məhkəməsinin onun şikayətinə baxmamasından şikayət edib. Ali Məhkəmənin 1 aprel 2008-ci il tarixli məktubu ilə ərizəçinin şikayəti baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilib.
44. NMR Ali Məhkəməsi 29 aprel 2008-ci il tarixli məktubu ilə ərizəçiyə məlumat verib ki, onun şikayətinə baxa bilməyəcək, çünki apellyasiya instansiyası məhkəməsi kimi yalnız birinci instansiya məhkəmələrinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxır.
45. Ərizəçi 28 iyul 2008-ci il tarixdə Məhkəmə Hüquq Şurasına müraciət edib. Şərur Rayon Məhkəməsinin onun şikayətinə baxmadığını bildirib.
46. Məhkəmə Hüquq Şurası ərizəçinin şikayətini 5 avqust 2008-ci il tarixdə Şərur Rayon Məhkəməsinə göndərib, məhkəmədən şikayətə baxmasını və zəruri tədbirlər görməsini xahiş edib. Məhkəmə Hüquq Şurası, bundan əlavə, Şərur Rayon Məhkəməsindən araşdırmanın nəticəsi barədə ərizəçiyə məlumat verməyi də xahiş edib.
47. Ərizəçi 8 yanvar 2009-cu il tarixində bir daha Məhkəmə Hüquq Şurasına müraciət edib və bildirib ki, Şərur Rayon Məhkəməsinə göndərilmiş 5 avqust 2008-ci il tarixli məktuba baxmayaraq, Şərur Rayon Məhkəməsi onun işi üzrə hər hansı bir qərarın qəbul edilməsi barədə ərizəçiyə hər hansı məlumat verməyib.
48. Məhkəmə Hüquq Şurası 14 yanvar 2009-cu il tarixli məktubla ərizəçinin şikayətini Şərur Rayon Məhkəməsinə göndərib. Məhkəmə Hüquq Şurasının 14 yanvar 2009-cu il tarixli məktubunun mətni 5 avqust 2008-ci il tarxili məktubunun mətni ilə eyni olub.
49. Ərizəçi 18 iyun 2009-cu il və 6 yanvar 2010-cu il tarixlərində yenidən Şərur Rayon Məhkəməsinə şikayətlə müraciət edib, həmin məktublarda əvvəlki şikayətlərini bir daha təkrarlayıb.
50. Şərur Rayon Məhkəməsi ərizəçiyə hər hansı cavab göndərməyib.
II. UYĞUN MİLLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
51. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin III bəndi aşağıdakı kimidir:
“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. …”
B. İşgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara görə cinayət məsuliyyəti
52. Hadisələrin cərəyan etdiyi dövrdə qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməlidir (113-cü Maddə). Qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməlidir (133-cü Maddə). Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılan cinayət əməlidir (163.1-ci Maddə). Əgər eyni əməl vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmişdirsə, bu, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (163.2-ci Maddə).
C. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi (“CPM”)
53. CPM-in 37-ci Maddəsinə əsasən, cinayət təqibi cinayət əməlindən zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. CPM-in LII fəslində cinayət işi üzrə tərəflərin cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi proseduru müəyyən olunur. 449-cu Maəddədə qeyd olunur ki, zərər çəkmiş şəxs və ya onun vəkili cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı şikayət edə bilər. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasını həyata keçirən hakim barəsində şikayət verilmiş hərəkəti və ya qərarı qanunsuz hesab edərsə, onları ləğv edə bilər (451-ci Maddə). Hakimin qərarından CPM-in 452 və 453-cü Maddələri ilə müəyyən olunan qaydaya uyğun olaraq apellyasiya məhkəməsinə şikayət verilə bilər.
D. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (“İXM”)
54. Hadisələrin cərəyan etdiyi dövrdə qüvvədə olan İXM-nin 310.1-ci Maddəsinə əsasən, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama cərimə və ya on beş günədək müddətə inzibati həbs ilə cəzalandırılan inzibati xətadır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. Ərizəçinin MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə əlaqəli olaraq Konvensiyanın 3-cü maddəsinin pozuntusu iddiası
55. Ərizəçi öz şikayətində bildirib ki, o, 22 sentyabr 2007-ci il tarixində MTN əməkdaşları tərəfindən MTN-in Şərur şöbəsində pis rəftara məruz qalib və onun pis rəftara məruz qalması ilə bağlı iddialarını dövlət orqanları araşdırmayıb. Ərizəçinin istinad etdiyi Konvensiyanın 3-cü maddəsi aşağıda ifadə edilib:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Qəbuledilənlik
56. Hökumət heç bir əlavə izahat vermədən bildirib ki, ərizəçi daxili hüquq müdafiə vasitələrini tükəndirməyib, ərizəçi iddia etdiyi pis rəftara məruz qalması faktı ilə bağlı daxili instansiyalar qarşısında məsələ qaldırmayıb. Hökumət həmçinin bildirib ki, ərizəçinin ərizəsi fərdi müraciət hüququndan sui-istifadə olduğundan, qəbuledilməz elan olunmalıdır, çünki ərizəçi Məhkəməni aldatmaq niyyətində olub. Hökumət xüsusi olaraq vurğulayıb ki, ərizəçinin daxili məhkəmələrə göndərdiyi şikayətlərin tarixləri ilə bağlı uyğunsuzluqlar mövcud olub, çünki həm ilkin ərizədə və həm də Məhkəməyə təqdim etdiyi sənədlərdə ərizəçi tərəfindən göstərilən pozuntu iddialarının tarixlərində fərqlər mövcud olub. Ərizəçinin cinayət prosesini həyata keçirən orqanlara təqdim etdiyi şikayətlərin həqiqətə uyğun olması ilə bağlı düşüncələrlə də hökumət razılaşmayıb.
57. Ərizəçi şikayəti ilə bağlı təqdimatında əvvəlki mövqeyini təkrarlayıb.
58. Məhkəmə hökumətin ərizənin fərdi müraciət hüququndan sui-istifadə olması səbəbindən qəbuledilmız elan olunması üçün müraciəti ilə bağlı qeyd edir ki, bəzi fövqəladə durumlar istisna olmaqla, yalnız bilərəkdən yalan faktlara əsaslanaraq göndərilmiş ərizə qıcıq doğuran sayılıb rədd edilə bilər (bax: Varbanov Bolqarıstana qarşı, Ərizə N. 31365/96, § 36, AİHM 2000 X). Məhkəmə qeyd edir ki, ərizəçinin ilkin ərizəsində bəzi şikayətlərinin göndərildiyi tarixlərlə bağlı uyğunsuzluq olmasına baxmayaraq, onun Məhkəməyə təqdim etdiyi materiallarda o, şikayətlərinin daxili məhkəmələrə göndərildiyi dəqiq tarixləri təsdiq edən poçt qəbzlərini məhkəməyə təqdim edə bilmişdir. Məhkəmə hesab edir ki, Hökumətin ərizəçinin cinayət prosesini həyata keçirən orqanlara göndərdiyi şikayətlərinin həqiqətəuyğun olduğuna inanmadığını ümumi şəkildə və heç bir sübut təqdim etmədən bildirməsi ərizənin fərdi müraciət hüququndan sui-istifadə olması hesab edilərək qəbuledilməz elan olunması üçün heç bir əsas yaratmır. Buna görə də, Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəyə fərdi müraciət hüququndan sui-istifadə olunması kimi yanaşılıb qəbuledilməz elan olunmasına rəvac verən heç bir şərt yoxdur.
59. Ərizəçinin ölkə daxili müdafiə vasitələrini tükəndirməməsi ilə bağlı Hökumətin arqumentinə gəlincə, Məhkəmə Hökumətin bu mövqeyini ümumi şəkildə ifadə etdiyini və ərizəçinin konkret olaraq hansı hüquq müdafiə vasitələrini tükəndirməməsini göstərmədiyini qeyd edir. Məhkəmə hesab edir ki, ümumi şəkildə ifadə edilən bu etiraz ərizəçinin işin iddia olunan araşdırılmaması barədə şikayətinin mahiyyəti ilə yaxından əlaqəli olan bəzi məsələləri ortaya çıxarır. Buna görə də, Məhkəmə Hökumətin bu etirazına şikayətin mahiyyəti çərçivəsində yanaşacaq.
60. Məhkəmə bunları nəzərə alaraq hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndi ilə müəyyən olunan məna çərçivəsində açıq-aşkar əsassız deyil. Şikayət hər hansı başqa bir səbəbə görə də qəbuledilməz hesab olunmur. Buna görə də şikayət qəbuledilən sayılmalıdır.
B. MAHİYYƏT
1. Səmərəli araşdırmanın aparılmaması iddiası
61. Tərəflər bununla bağlı hər hansı xüsusi görüş təqdim etməyiblər.
62. Hər hansı şəxs polis tərəfindən 3-cü maddənin tələblərinə zidd olaraq pis rəftara məruz qalmış olduğunu iddia etdikdə, bu maddə dövlətin Konvensiyanın 1-ci Maddəsi ilə müəyyən olunan – “yurisdiksiyası altında olan hər bir kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” – ümumi öhdəliyi ilə birlikdə təfsir edildikdə, bu, o anlama gəlir ki, səmərəli rəsmi araşdırmanın aparılması tələb olunandır. Bu araşdırma nəticəsində məsuliyyət daşıyan şəxslər müəyyən edilməli və cəzalandırılmalıdır. Əks təqdirdə, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və cəzanın qanunvericiliklə ümumi şəkildə qadağan edilməsi nə qədər fundamental əhəmiyyət kəsb etsə də, təcrübədə səmərəsiz olacaq, bəzi durumlarda dövlət təmsilçilərinin nəzarəti altında olan şəxslərin hüquqlarını pozması və onların cəzasız qalması mümkün ola bilər (bax: Assenov və Digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, §102, Qərarlar və Qərardadlar barədə Hesabatlar 1998 VIII və Labita İtaliyaya qarşı, Ərizə N.26772/95, §131, ECHR 2000 IV).
63. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o anlamı daşıyır ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdır (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutların, o cümlədən, şahid ifadələrinin və məhkəmə-tibb ekspertizası nəticəsində əldə olunan sübutların təmin edilməsi üçün mümkün olan bütün ağlabatan tədbirləri görməlidirlər (bax: Tanrıkulu Türkiyəyə qarşı, Ərizə №23763/94, ECHR 1999-IV, §104 və digər paraqraflar və Gül Türkiyəyə qarşı, Ərizə №22676/93, §89, 14 dekabr 2000-ci il). Araşdırma zamanı xəsarətlərin səbəblərini və ya məsuliyyət daşıyan şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən hər hansı çatışmazlıq olarsa, həmin araşdırma bu standartın tələblərinə cavab verməyə bilər (bax: Batı və Başqaları Türkiyəyə qarşı, Ərizə №33097/96 və 57834/00, §134, ECHR 2004 IV (çıxarışlar)).
64. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə öncə Hökumətin ərizəçinin daxili hüquq müdafiə vasitələrini tükəndirməməsi ilə bağlı iradına baxacaq. Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, ərizəçi 2007-ci ilin 3 oktyabr və 7 noyabr tarixlərində Şərur Rayon Prokurorluğuna, 19 oktyabr 2007-ci il tarixində Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı şikayət edib. Lakin, bununla bağlı heç bir cinayət işi açılmayıb.
65. Məhkəmə bundan əlavə qeyd edir ki, ərizəçi eyni şikayəti daxili məhkəmələr qarşısında da qaldırıb. Ərizəçi 9 fevral 2008-ci il, 18 iyun 2009-cu il və 6 yanvar 2010-cu il tarixlərində Şərur Rayon Məhkəməsinə cinayət prosesini həyata keçirən orqanların onun pis rəftara məruz qalması ilə bağlı şikayətini araşdırmamasına dair şikayətlər verib. O, Şərur Rayon Məhkəməsinin onun şikayətinə baxmaması ilə bağlı Ali Məhkəməyə və Məhkəmə Hüquq Şurasına da şikayət edib. Lakin, məhkəmələr bu şikayətlərlə bağlı heç bir tədbir görməyiblər. Bütün bunları nəzərə alaraq, Məhkəmə ərizəçinin pis rəftara məruz qalması ilə bağlı şikayəti üzrə daxili hüquq müdafiə vasitələrini tükəndirməmiş olduğunu söyləməyə əsasların olmadığı qənaətindədir.
66. Məhkəmə şikayətin mahiyyəti ilə bağlı hesab edir ki, ərizəçinin dövlət orqanlarına göndərdiyi şikayət həmin dövlət orqanlarının bu şikayət üzrə səmərəli araşdırma aparmaq öhdəliyi daşıması üçün kifayət edəcək qədər konkret məlumatları – əməli törətdiyi iddia edilən şəxslərin şəxsiyyəti, törədildiyi iddia edilən pis rəftarın tarixi, yeri və nədən ibarət olması barədə məlumatları (bax: yuxarıda 32-ci bənd) əks etdirib. Bundan başqa, yerli və beynəlxalq insan hüquqları təşkilatları da ərizəçinin MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması barədə iddianı Azərbaycanın hakimiyyət orqanları qarşısında qaldırıb və hadisə Azərbaycan mətbuatında da işqılandırılıb (bax: yuxarıda 29-cu bənd). Bununla belə ərizəçinin iddia olunan pis rəftara məruz qalması ilə bağlı hazırkı iş üzrə heç bir cinayət işi açılmayıb.
67. Məhkəmə, daha sonra qeyd edir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin ərizəçiyə onun şikayətinin baxılması üçün NMR-in istintaq orqanlarına göndərldiyi barədə məlumat verməsinə baxmayaraq (bax: yuxarıda 36 və 38-ci bəndlər), sonradan bununla bağlı heç bir tədbir görülməyib. Məhkəmə, xüsusi olaraq qeyd edir ki, ərizəçinin iddia olunan pis rəftara məruz qalması ilə bağlı heç bir cinayət işi açılmadığından, cinayət prosesini həyata keçirən orqanlar nə məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə göstəriş verib, nə də ərizəçini, ərizəçi ilə pis rəftar etdikləri iddia edilən şəxsləri və ya şahidlik edə biləcək hansısa digər şəxsi dindirməyib. Hökumət dövlət orqanlarının bununla bağlı araşdırma aparmamasına dair heç bir açıqlama verməyib (bax: Cənnətov Azərbaycana qarşı, Ərizə №32132/07, §53, 31 iyul 2014-cü il). Məhkəmə yuxarıda qeyd olunan mülahizələrin işığında belə qənaətə gəlir ki, ərizəçinin pis rəftara məruz qalması ilə bağlı iddisı səmərəli şəkildə araşdırılmayıb.
68. Məhkəmə buna görə, müəyyən edir ki, bu işdə Konvensiyanın 3-cü maddəsinin prosessual kontkstdə pozuntusuna yol verilibn.
2. Ərizəçinin MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması iddiası
(a) Tərəflərin təqdimatları
69. Ərizəçi bildirdi ki, o, 22 sentyabr 2007-ci il tarixində MTN əməkdaşları tərəfindən MTN-in Şərur şöbəsində işgəncəyə məruz qalıb. O, özünün bildirdiyinə görə, həbsdən buraxıldıqdan dərhal sonra ailə üzvləri tərəfindən bədəni üzərində çəkilmiş fotoşəkillərə əsaslanıb. Ərizəçi iddiasını dəstəkləmək üçün həmçinin, yeddinci qabırğasının rentgen müayinəsinin aparılması qeyd olunan 1 oktyabr 2007-ci il tarixli tibbi arayışı da Məhkəməyə təqdim edib.
70. Hökumət ərizəçinin iddialarının əsassız olduğunu bildirib və qeyd edib ki, o, işğəncəyə məruz qalması ilə bağlı iddialarını əsaslandıran heç bir sübut təqdim edə bilməyib. Hökumət ərizəçinin saxlanıldığını bildirdiyi saxlama təcridxanasının növbətçi həkimi tərəfindən 16 dekabr 2013-cü il tarixdə verilmiş tibbi protokola əsaslanıb (bax: yuxarıda 28-ci bənd). Həmin protokola əsasən, ərizəçi 23 sentyabr 2007-ci il tarixində saat 19:45-də həmin həkim tərəfindən müayinə edilib və onda heç bir patalogiya aşkar edilməyib.
(b) Məhkəmənin dəyərləndirməsi
71. Məhkəmə təkrar vurğulayır ki, 3-cü maddə demokratik toplumaların başlıca dəyərlərindən birini təşkil edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitlərdə belə, Konvensiya işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokolları ilə təsbit edilən maddi hüquq normalarından fərqli olaraq, 3-cü maddədə heç bir istisna nəzərdə tutulmayıb və hətta dövlət əhəmiyyətli təhlükənin mövcud olduğu fövqəladə durumlarda da 15-ci maddənin 2-ci bəndi ilə müəyyən olunan hüquqlardan çəkilmənin belə bu maddəyə tətbiq edilməsinə icazə vermir (bax: Selmouni Fransaya qarşı, №25803/94, §95, ECHR 1999-V, və yuxarıda istinad edilən Assenov və Digərlərinin işi, yuxarıda §93).
72. Məhkəmə təkrar edir ki, pis rəftarla bağlı iddialar müvafiq sübutlar vasitəsilə əsaslandırılmalıdır. Məhkəmə sübutları qiymətləndirərkən, “ağlabatan şübhələr doğurmayan” sübut standartını söykənir. Bu cür sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən məntiqi nəticələrin və ya eyni faktlarla bağlı mübahisə doğurmayan prezumpsiyaların yan-yana mövcud olmasından irəli gələ bilər (bax: digər qərarlarla yanaşı, Avşar Türkiyəyə qarşı, Ərizə №25657/94, §282, ECHR 2001-VII, (çıxarışlar)). Həbs yerində dövlət orqanlarının nəzarəti altında olan şəxslərin işlərində olduğu kimi, baxılan məsələlər barəsində məlumatın eksklüziv olaraq tamamilə və ya böyük qismdə dövlət orqanlarının əlində olduğu işlərdə də, təcridxanada meydana gəlmiş xəsarətlərlə bağlı faktlar üzrə güclü prezumpsiyalar ortaya çıxır. Bu baxımdan hesab etmək olar ki, sübutetmə yükü dövlət orqanlarının üzərinə qənaətbəxş və inandırıcı izahatlar vermək vəzifəsini qoyur (bax: Ribitsch Avstriyaya qarşı, 4 dekabr 1995-ci il, §34, Seria A №336 və Salman Türkiyəyə qarşı, Ərizə № 21986/93, §100, ECHR 2000 VII). Xüsusilə də, şəxs polis təcridxanasına gətirilən zaman onun səhhəti yaxşıdırsa, ancaq həbsdən azad olunan zaman bədənində xəsarətlər müəyyən edilibsə, bu xəsarətlərin necə yarandığına dair əsaslı izahın verilməsi vəzifəsi dövlətin üzərinə düşür. Hökumət bu izahatı vermədikdə Konvensiyanın 3-cü maddəsi ilə bağlı problemin mövcud olması məsələsi meydana çıxır (bax: Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il, §§108-11, Seria A №241 A, və yuxarıda istinad edilən Selmouni işi, §87).
73. Məhkəmə hazırkı işin hallarının işığında qeyd edir ki, ərizəçi hazırkı işdə MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı ətraflı məlumat verib. O, iddiasını dəstəkləmək üçün özünün bildirdiyinə görə, həbsdən buraxıldıqdan dərhal sonra ailə üzvləri tərəfindən bədəninin çəkilmiş fotoşəkillərini, 1 oktyabr 2007-ci il tarixli tibbi protokolu Məhkəməyə təqdim edib. Ərizəçi bundan əlavə MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı müxtəlif qəzetlərdə yaytılmış məqalələrə və insan hüquq müdafiə təşkilatlarının bəyanat və müraciətlərə əsaslanıb.
74. Məhkəmə, bununla belə yuxarıda (bax: 66-cı bənd) ərizəçinin təqdim etdiyi materiallar əsasında dövlət orqanlarının onun şikayəti əsasında rəsmi araşdırma aparmalı olduğunu müəyyən etsə də, ona təqdim olunmuş yuxarıda qeyd olunan sübutların “ağlabatan şübhələr doğurmayan” sübut standartına uyğun gəlməməsi qənaətindədir. Buna görə, Məhkəmə ərizəçinin iddia etdiyi kimi, onun MTN-nin Şərur şöbəsində MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalmasını həmin sübut əsasında müəyyən edə bilmədi (bax: Cənnətov işi, yuxarıda istinad edilən §§59-60).
75. Bununla belə Məhkəmə, xüsusi vurğulamaq istərdi ki, dövlət orqanları tərəfindən mahiyyətcə Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilən rəftara yol verilib-verilməməsinə dair hər hansı nəticəyə gələ bilməməsi, başlıca olaraq, dövlət orqanlarının zamanında səmərəli araşdırmanı təmin etməməsindən irəli gəlir (bax: Qaribaşvili Gürcüstana qarşı, Ərizə No11830/03, §57, 29 iyul 2008-ci il; Lopata Rusiyaya qarşı, Ərizə No.72250/01, §125, 13 iyul 2010-cu il və Cənnətov işi, yuxarıda istinad edilən §61).
76. Məhkəmə nəticə olaraq, ərizəçinin MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı Konvensiyanın 3-cü maddəsinin maddi-hüquqi baxımdan pozulub-pozulmadığını müəyyən edə bilmədi.
II. ƏRİZƏÇİNİN SAXLAMA ŞƏRAİTİ İLƏ ƏLAQƏLİ OLARAQ KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZUNTUSU İDDİASI
77. Ərizəçi şikayət edib ki, 23-27 sentyabr 2007-ci il tarixlərində həbsdə olduğu müddətdə saxlanma şəraiti dözülməz olub. Ərizəçinin bildirdiyinə görə, ona yemək, su, yatmaq üçün yer verilməyib, gecələri təcridxananın beton dəhlizində keçirmək məcburiyyətində qalıb və əllərini daim bağlı saxlayıblar. Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulur:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
78. Hökumət ərizəçinin NMR Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında saxlanıldığını, həmin təcridxananın saxlanma şəraitinin bütün standartlara cavab verdiyini bildirdi. Qeyd etdi ki, ərizəçinin tək saxlanıldığı kameranın hündürlüyü 2.8 metr, uzunluğu 5.2 metr və eni 2.2 metr olub. Həmin kamera uyğun olaraq işıqlandırılıb, havalandırma ilə təmin edilib. Ərizəçiyə çarpayı, yataq, digər zəruri əşyalar da verilib. Hökumət qeyd edilənləri dəstəkləmək üçün ərizəçinin saxlanılkdığı müvəqqəti saxlama təcridxanasının, eləcə də kameranın fotoşəkillərini Məhkəməyə təqdim edib.
79. Ərizəçi Hökumətin təqdimatı ilə razılaşmayıb, öz şikayətlərini təkrarlayıb.
80. Məhkəmə öncə ərizəçinin saxlama təxridxanasının Hökumət tərəfindən təqdim edilən fotoşəkillərinin həqiqiliyini mübahisələndirmədiyini vurğulayır. Fotoşəkillərdən isə görünür ki, ərizəçi ən azı 8 kvadrat metrlik sahəsi olan kamerada saxlanılıb, bir çarpayı və yataqla təmin olunub, tualet kameranın qalan hissəsindən ayrı halda olub. Ərizəçi saxlanma şəraiti ilə bağlı şikayətini təkrarlasa da, saxlama şəraiti ilə bağlı təkrarladığını əsaslandıracaq hər hansı bir sübut təqdim edə bilməyib.
81. Məhkəmə əlində olan bütün materialların işığında bu qənaətə gəlir ki, bu şikayət açıq-aydın əsassız olması səbəbindən qəbuledilməz sayılmalı, Konvensiyanın 35-ci addəsinin 3-cü (a) bəndinə və 4-cü bəndinə əsasən rədd olunmalıdır.
III. KONVENSİYANIN 5-Cİ VƏ 10-CU MADDƏLƏRİNİN POZUNTUSU İDDİASI
82. Ərizəçi 22 sentyabr 2007-ci il tarixdə MTN əməkdaşları tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum olunmasından şikayət edib. Əlavə olaraq onu da bildirib ki, MTN əməkdaşları tərəfindən jurnalist peşə fəaliyyətinə görə pis rəftara məruz qalması və həbs edilməsi nəticəsində ifadə azadlığı hüququ da qanunsuz müdaxiləyə məruz qalıb.
83. Hökumət 22 sentyabr 2007-ci il tarixdə ərizəçinin MTN əməkdaşları tərəfindən həbs edilmədiyini, yaxud həbsdə saxlanılmadığını bildirib. Hökumət ərizəçinin ifadə azadlığı hüququna heç bir müdaxilə edilmədiyini əlavə edib.
84. Məhkəmə ərizəçinin bu şikayətlərinin Konvensiyanın 3-cü maddəsi ilə bağlı məsələlərlə yaxından əlaqəli olmasına görə, şikayətlərin qəbuledilən sayılmalı olduğunu qeyd edir. Məhkəmə, yuxarıda gəldiyi qənaətin işığında 22 sentyabr 2007-ci il tarixindəki olaylarda dövlət orqanlarının iştirakını (bax: yuxarıda 74-75-ci bəndlər), ərizəçinin həbs edildiyini, MTN-nin Şərur şöbəsinə aparıldığını və orada pis rəftara məruz qalmasının ağlabatan şübhələr doğurmadığından müəyyənləşdirməyin mümkün olmadığını vurğulayır.
85. Məhkəmə, bu səbəblərə görə, Konvensiyanın 5-ci və 10-cu maddələrinin pozuntusuna yol verilməməsi nəticəsinə gəldi.
IV. KONVENSİYANIN 6-CI MADDƏSİNİN POZUNTUSU İDDİASI
86. Ərizəçi barəsindəki inzibati məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozuntusundan şikayət etdi. Ərizəçi xüsusilə şikayət etdi ki, 23 sentyabr 2007-ci il tarixdə Şərur Rayon Məhkəməsindəki iclasda vəkillə təmin edilməyib, ona qarşı olan şahidlərlə eyni şərtlər altında onun müdafiəsini əsaslandıra biləcək şahidləri məhkəməyə dəvət etmək imkanından məhrum edilib.
87. Hökumət bu məsələ ilə bağlı tədimatında ərizəçinin ölkə daxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini bildirdi. Qeyd etdi ki, o, Şərur Rayon Məhkəməsinin 23 sentyabr 2007-ci il tarixli qərarından apellyasiya şikayəti verməyib.
88. Məhkəmə hazırkı işin şərtləri işığında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin cinayət hüquqi kontekstinin inzibati icraatlara şamil edilməsini araşdırmağa zərurətin olmaması qənaətini vurğulayır. Qeyd edir ki, sözügedən maddənin cinayət hüququ konteksti hətta inzibati icraatlara şamil olunsa, ərizəçi həmin inzibati icraatların ədalətliliyi məsələsində daxili hüquq müdafiə vasitələrini tükəndirməyib. Məhkəmə bununla əlaqədar qeyd edir ki, Hökumətin öz təqdimatını dəstkləmək üçün Məhkəməyə təqdim etdiyi qəbzdən də görünür ki, Şərur Rayon Məhkəməsinin 23 sentyabr 2007-ci il tarixli qərarının bir nüsxəsi (bax: yuxarıda 22-ci bənd) 23 sentyabr 2007-ci il tarixdə saat 17:30-da ərizəçiyə təqdim edilib. Buna baxmayaraq, ərizəçi həmin qərarı apellyasiya qaydasında mübahisələndirməyib. Ərizəçi bundan başqa bu işdə onu həmin qərarı apellyasiya qaydasında mübahisələndirmək öhdəliyindən azad edən hansısa xüsusi halların mövcudluğu ilə bağlı hər hansı təqdimat etməyib.
89. Qeyd edilənlərə görə, Məhkəmə hesab edir ki, ərizəçi daxili hüquq müdafiə vasitələrini üzrsüz səbəbdən tükəndirməyib. Buna görə, onun Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq verdiyi şikayətlər Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd olunmalıdır.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
90. Konvensiyanın 41-ci Maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ya onun Protokollarının müddəalarının pozulduğunu müəyyən edirsə və əgər Razılığa gələn Yüksək Tərəfin daxili hüququ yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
1. Maddi ziyan
91. Ərizəçi iddia edib ki, müalicəsi üçün çəkilən xərclərlə əlaqədar olaraq ona 1,500 Amerika Birləşmiş Ştatları Dolları (USD) məbləğində maddi ziyan dəyib.
92. Ərizəçinin bu iddiası ilə razılaşmayan Hökumət ərizəçinin öz iddialarını əsaslandırmadığını bildirib.
93. Məhkəmə qeyd edir ki, Məhkəmənin 60-cı Qaydasına görə, ədalətli kompensasiya ilə bağlı hər hansı tələb irəli sürülürsə, həmin tələblər detallı göstərilməli və müvafiq əsaslandırıcı sənədlər və ya qəbzlərlə birlikdə yazılı şəkildə təqdim olunmalıdır. Məhkəmə bu şərtə əməl olunmadığı hallarda kompensasiya tələbini tamamilə və ya onun bir hissəsini rədd edə bilər.
94. Məhkəmə ərizəçinin maddi zərərə görə kompensasiya tələbinə gəlincə, qeyd etdi ki, ərizəçi ədalətli əvəzin təmin olunması ilə bağlı tələblərini əsaslandıran hər hnası sübut təqdim etməyib. Məhkəmə bə səbəblərə görə, ərizəçinin maddi ziyanla bağlı tələbini rədd edir.
2. Qeyri-maddi (mənəvi) ziyan
95. Ərizəçi mənəvi ziyana görə, 100,000 ABŞ dolları məbləğində ədalətli əvəz tələb edib.
96. Tələb edilən məbləği əsassız və həddindən artıq hesab edən Hökumət ərizəçinin tələbi ilə razılaşmayıb.
97. Məhkəmə ərizəçinin mənəvi zərərə məruz qaldığı qənaətinə gəlir, qeyd edir ki, bu, sadəcə pozuntunun müəyyən edilməsi ilə kompensasiya oluna bilməz və bu səbəbdən ərizəçiyə kompensasiya verilməlidir. Lakin, Məkəmə ərizəçinin tələb etdiyi məbləğin həddindən artıq çox olması fikri ilə razılaşır. Məhkəmə Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq, ədalətli qiymətləndirmə aparmaqla ərizəçiyə 10,000 avro (EUR) məbləğində ədalətli əvəz və həmin məbləğə tətbiq oluna biləcək hər hansı vergilərin də ödənilməsinə qərar verdi.
B. Xərclər və məsrəflər
98. Ərizəçi bundan başqa, ölkə daxili məhkəmələrdə və Məhkəmə qarşısında çəkilmiş xərclərə və məsrəflərə görə 6,500 manat (AZN) tələb edib.Ərizəçi Məhkəmə qarşısında işə baxılması ilə əlaqədar çəkilən xərclərə və məsrəflərə görə 4,000 AZN, daxili məhkəmələr qarşısındakı xərclərı və məsrəflərə görə isə 2,500 AZN ədalətli əvəz tələb etdi. Ərizəçi tələbini əsaslandırmaq üçün onunla iki vəkil arasında 2 noyabr 2008-ci il tarixində imzalanmış müqaviləni Məhkəməyə təqdim edib.
99. Hökumət ərizəçinin tələbinin əsassız və həddindən artıq olduğunu bildirib. Hökumət qeyd etdi ki, daxili məhkəmələrdə ərizəçinin şikayət ərizələri Məhkəməyə təqdim edilmiş 2 noyabr 2008-ci il tarixli müqavilənin imzalanmasından əvvəl təqdim olunub və həm də həmin ərizələr onun vəkilləri tərəfindən imzalanmayıb. Hökumət Ərizəçinin Məhkəmə qarşısında işə baxılması ilə əlaqədar çəkdiyi xərclərə və məsrəflərə görə tələb etdiyi məbləği də “həddindən artıq çox” qiymətləndirib.
100. Məhkəmənin uyğun president hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflərin geri ödənilməsi üçün həmin xərc və məsrəflərin həqiqətən və zəruri olduğu üçün çəkilmiş olması, məbləğin ağlabatan olması lazımdır. Əlindəki sənədləri və yuxarıda xatırladılan meyarları nəzərə alaraq Məhkəmə, ərizəçiyə göstərilən bütün xərcləri əhatə edən 4 000 (dörd min) avro məbləğində vəsaitin ödənilməsini ağlabatan hesab edir.
C. Gecikmə faizi
101. Məhkəmə, icranın gecikdirilməsinə görə faizin Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmasını və onun üzərinə daha üç faizin əlavə edilməsini məqsədəuyğun hesab edir.
YUXARIDAKI ƏSASLARA GÖRƏ MƏHKƏMƏ
1. Yekdilliklə elan edir ki, 22 sentyabr 2007-ci il tarixində baş vermiş insidentlərlə bağlı Konvensiyanın 3-cü, 5-ci və 10-cu Maddələri üzrə şikayətlər qəbuledilən və ərizənin qalan hissəsi isə qəbuledilməzdir;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 3-cü maddəsi prosessual baxımdan pozulub;
3. Bir səs əleyhinə, altı səs lehinə olmaqla, qərara alır ki, Konvensiyanın 3-cü maddəsi maddi hüquqi baxımdan pozulmayıb;
4. Bir səs əleyhinə, altı səs lehinə olmaqla, qərara alır ki, Konvensiyanın 5-ci və 10-cu maddələri pozulmayıb;
5. Yekdilliklə qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıda göstərilən məbləğdə vəsaiti, ödəmə edilərkən mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçiyə ödənilməsini həyata keçirməlidir:
(i) mənəvi zərərə görə 10,000 (on min) AVRO və həmin məbləğdən tutula bilən hər hansı vergilər də məbləğin üzərinə əlavə edilməklə;
(ii) xərc və məsrəflərə görə 4,000 (dörd min Avro) AVRO və Ərizəçidən tutula bilən hər hansı vergilər də məbləğin üzərinə əlavə edilməklə;
(b) Yuxarıda qeyd edilən üç aylıq müddətin keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıdakı məbləğə Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçinin əvəzin ədalətli kompensasiya edilməsi tələbinin digər hissələrini yekdilliklə rədd edir.
Qərar ingilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 18 iyun 2015-ci il tarixdə yazılı şəkildə açıqlanıb.
Søren Nielsen Isabelle Berro
Katib Sədr
Konvensiyanın 45.2-ci maddəsinə və Məhkəmənin 74.2-ci Qaydasına uyğun olaraq, hakim Lines-Alexandre Sicilianosun verdiyi fərqli rəy bu qərara əlavə edilir.
HAKİM SİCİLİANOSUN QİSMƏN MÜXALİF RƏYİ
1. Bu işdə Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi baxımdan pozulmamasına dair çoxluğun rəyinə hörmətlə yanaşsam da, onunla razılaşa bilmirəm. Bu qərarın 73-cü bəndində də vurğulandığı kimi, “ərizəçi MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı ətraflı məlumat verib. Ərizəçi iddiasını əsaslandırmaq üçün özünün bildirdiyinə görə, həbsdən buraxıldıqdan dərhal sonra ailə üzvləri tərəfindən bədəninin çəkilmiş fotoşəkillərini və 1 oktyabr 2007-ci il tarixli tibbi protokolu Məhkəməyə təqdim edib” (həmçinin bax: qərarın 9-14-cü və 31-ci bəndləri). Ərizəçi həmçinin, MTN əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı müxtəlif qəzet məqalələrinə və insan hüquq müdafiə təşkilatlarının bəyanatlarına da əsaslanıb.” Qənaətimcə, qeyd edilən elementlər pis rəftarla bağlı əsaslı sübutdur. Ona görə ki, ərizəçinin iddia edilən pis rəftara məruz qalması mətbuatda da geniş şəkildə işıqlandırılmışdı (bax: 29-cu bənd).
2. Məhkəmənin presedent hüququna görə, ərizəçi məruz qaldığını iddia etdiyi pis rəftar barədə ətraflı, özəlliklə də onun baş verdiyi yeri, vaxtı və müddəti göstərməklə məlumat verdikdə və həmin məlumatlar bir-birinə uyğun olduqda, “ərizəçinin iddialarını olayları öz ağlabatan versiyasını göstərməklə və həmin versiyanı əsaslandıran sübutlar təqdim etməklə təkzib etmək” vəzifəsi Hökumətin üzərinə düşür (bax: digər qərarlarla yanaşı, Barabashchikov Rusiyaya qarşı, ərizə No.36220/02, §§49-50, 8 yanvar 2009). Hazırkı işdə Hökumət ərizəçinin iddialarına qarşı heç bir izahat verməyib, sadəcə olaraq, faktları inkar edib (bax: bu qərarın 15-ci bəndi).
3. Bu şərtlər altında və həbsdə saxlanılan şəxslərə yetirilmiş xəsarətlərə görə dövlət orqanlarının cavab vermək vəzifəsini, üstəlik Hökumət tərəfindən də heç bir inandırıcı və əsaslandırılmış izahat verilməməsini nəzərə alaraq, mənim fikrimcə, Məhkəmə Hökumətin davranışı əsasında nəticəyə gəlməli və Konvensiya üzrə icraatlarda tələb olunan sübut standartına uyğun olaraq, ərizəçiyə yetirilmiş xəsarətlərin onun haqqında şikayət etdiyi rəftarın nəticəsi olub-olmamasını müəyyən etməli idi, hansı ki, buna görə məsuliyyəti Hökumət daşıyır (bax: Barabashchikov Rusiyaya qarşı, yuxarıda istinad edilən, §50; Selmouni Fransaya qarşı, Ərizə No.25803/94, §88, ECHR 1999-V; Mehmet Emin Yüksel Türkiyəyə qarşı, Ərizə No.40154/98, §30, 20 iyul 2004; Mikheyev Rusiyaya qarşı, Ərizə No. 77617/01, §§104-105, 26 yanvar 2006 və Dedovskiy və Digərləri Rusiyaya qarşı, Ərizə No.7178/03, §§78-79, 15 may 2008).
4. Ayrıca, bu qərarın 84 və 85-ci bəndlərindən də anlaşıldığı kimi, Konvensiyanın 3-cü maddəsinin substantiv baxımdan pozulmadığı qənaətinə gəlinməsi, Məhkəmənin başqa bir məsələdə – Konvensiyanın 5-ci və 10-cu maddələrinin də pozulmadığı qənaətinə gəlməsini qaçılmaz edib. Bu məsələlərlə bağlı, yəni, maddi hüquqi baxımdan 3-cü maddənin pozuntusu ilə 5-ci və 10-cu maddələrin pozuntusu arasındakı birbaşa əlaqəni nəzərə aldığımızda, mən Məhkəmənin 5-ci və 10-cu maddələrlə bağlı gəldiyi nəticələri də bölüşmürəm.