№5598/09 RÖVŞƏN BAYRAMOV AZƏRBAYCANA QARŞI – 26 İYUN 2018-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

QƏRAR

Ərizə №5598/09

 

Rövşən Fərman oğlu BAYRAMOV Azərbaycana qarşı

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 26 iyun 2018-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Erik Møse, Prezident,
Síofra O’Leary,
Lәtif Hüseynov, hakimlər,
and Claudia Westerdiek, İclasın katibi,

21 yanvar 2009-cu il tarixdə təqdim edilmiş yuxarıdakı ərizəni diqqətə alaraq,
Cavbdeh Hökumətin təqdim etdiyi müşahidələri və ərizəçinin həmin müşahidələrlə bağlı təqdimatlarını nəzərə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR

1. Ərizəçi Rövşən Bayramov 1968-ci ildə anadan olub, Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşıdır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas Cənab V.Xasayev təmsil edib.

2. Azərbaycan Hökumətini (“Hökumət”) hökumətin nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

A. İşin halları

3. Ərizəçi 2004-cü ildə Bakı Şəhər Vergilər Departamentinin 2 Saylı filialının bəyannamələr şöbəsinin rəisi təyin edilib.

4. Ərizəçiyə qarşı 28 iyun 2006-cı il tarixdə cinayət işi başlanılıb. Ona qarşı qanunsuz sahibkarlıq (Cinayət Məcəlləsinin 192-ci maddəsi), vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) və rəsmi sənədlərin saxtalaşdırılması (Cinayət Məcəlləsinin 320-ci maddəsi) ittihamları irəli sürülüb.

5. Məhkəmədən əvvəl istintaq zamanı on dörd şahidin ifadəsi alınıb. Həmin şahidlərdən ikisi, A.Ma. və A.Mu, ərizəçinin bir neçə şirkətin sahibi olduğunu bildiriblər. A.Ma. və A.Mu. həmin şirkətlərin direktoru və təsisçiləri kimi fəaliyyət göstəriblər. Şirkətlərin rəsmi sənədlərinə onlar imza atsalar da, onların həqiqi təsisçisi və sahibi isə ərizəçinin özü olub.

6. Ərizəçi ilə A.Ma. arasındakı çarpaz dindirmə zamanı ərizəçi A.Ma-nın şifahi dindirmə zamanı səhv etdiyini qeyd edib. A.Ma. öz növbəsində dindirmə zamanı əvvəlki ifadələrini təsdiq edib-etməməsi ilə bağlı ifadə verməkdən imtina edib, susmaq hüququndan istifadə edib. Ancaq ərizəçinin iştirakı olmadan verdiyi əlavə ifadə zamanı əvvəlki ifadələrini təkrarlayıb, çarpaz dindirmə zamanı əvvəlki ifadələrini təsdiqləməməsini ərizəçi ilə yaxın münasibətləri olmasından narahatlıq keçirməsi ilə izah edib. A.Ma bir müddət sonrakı başqa bir dindirmədə də əvvəlki ifadələrini bir daha təsdiqləyib.

7. Şahidlərdən E.T. ərizəçinin iki şirkətin direktoru olduğunu, onlardan bəzi bank avadanlıqları satin aldığını söyləyib. O, bildirib ki, həmin şirkətlərin hesabına edilən ödəmələri A.Ma-nın iştirakı ilə nağdlaşdırıb və ikinci şəxsə etibar etmədiyinə görə, pulu şəxsən ərizəçiyə çatdırıb.

8. Şahidlərdən L.A bildirib ki, A.Ma və digər şəxslər bir neçə şirkəti təsis ediblər, ərizəçinin işlədiyi vergi şöbəsində rəsmi qeydiyyata aldırıblar və həmin şirkətlərin əsil sahibi o, olub. O və digər şəxslər birbaşa ərizəçinin göstərişləri ilə hərəkət ediblər. Ərizəçinin təqdim etdiyi məlumatlara görə, L.A daha sonra bu ifadəsinin ona qarşı istifadə edilə biləcəyini düşündüyündən, yazılı ifadəsini imzalamaqdan imtina edib.

9. 7 oktyabr 2006-cı il tarixdə Nəsimi Rayon Məhkəməsi L.A-nı qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması və saxta nümayəndəlikdə günahkar bilib, iki il müddətinə azadlıqdan məhrum edib.

10. Ərizəçiyə qarşı məhkəmə prosesi 16 oktyabr 2006-cı il tarixdə Səbail Rayon Məhkəməsində başladı.

11. L.A məhkəmə prosesində istintaq zamanı ərizəçiyə qarşı hər hansı ifadə vermədiyini bildirdi, qeyd etdi ki, ərizəçini mühasib kimi fəaliyyət göstərdiyi bir neçə şirkətdə mühasibat hesabatlarını təqdim etməsi kontekstində vergi işçisi kimi tanıyıb. Bundan əlavə, ərizəçinin bank avadanlıqları satışı ilə bağlı fəaliyyətləri haqqında məlumatının olmadığını bildirdi.

12. Şahidlər Ş.S. və D.G., bəhs olunan şirkətlərdə işləyən E.T., və ərizəçi ilə E.T. arasındakı iş əlaqələri ilə əlaqədar ətraflı ifadələr veriblər. L.A.-nın əslində A.Ma’nın icraçı director olduğu şirkəti təmsil etdiyini bildirdilər ki, bunlar ərizəçiyə qarşı iddiaları təsdiqləyirdi.

13. Ərizəçi iki şahidin – A.Ma və E.T.-nin məhkəmə iclasına dəvət edilməsini istədi. Səbail Rayon Məhkəməsi ərizəçinin tələbini qəbul edib məhkəmə iclasını təxirə saldı.

14. A.Ma. 1 noyabr 2006-cı il tarixdə Səbail Rayon Məhkəməsinə göndərdiyi teleqramla istintaq zamanı ərizəçiyə qarşı verdiyi ifadəni təsdiqlədi, heç bir səbəb göstərmədən məhkəməyə gələ bilməyəcəyini bildirdi. E.T. 7 noyabr 2006-cı il tarixdə Səbail Rayon Məhkəməsinə göndərdiyi teleqramla istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini bildirdi. Qeyd etdi ki, səhhətindəki problemlərə görə 1 ay ölkədən kənarda olacaq.

15. Səbail Rayon Məhkəməsi müdafiə tərəfinin rəsmi tələbindən sonra 14 noyabr 2006-cı il tarixdə Səbail Rayon Polis İdarəsinə A.Ma. və E.T.-nin məhkəmə iclasına məcburi gətirilməsini əmr etdi, lakin Hökumətin təqdimatına görə, polis bunu edə bilmədi, çünki, şahidlər ölkə xaricində idilər.

16. 28 Noyabr 2006-cı ildə keçirilən məhkəmə iclasında prokuror məhkəmədən xahiş etdi ki, iclasa gəlməyən şahidlərin məhkəməyə qədər verdikləri ifadələr oxunsun. Müdafiə tərəfi buna etiraz etmədi və A.Ma. və E.T- da daxil olmaqla, yeddi şahidin yazılı ifadələri dinlənildi.

17. Səbail Rayon Məhkəməsi elə həmin gün ərizəçini ona qarşı irəli sürülən ittihamlar üzrə günahkar saydı, onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökm çıxardı. Mülki tələblər üzrə ərizəçinin üzərinə dövlətə 2,716,319,06 Azərbaycan manatı (həmin vaxt təxminən 2,360,000 avro) ödəmək vəzifəsi qoyuldu.

18. Ərizəçi qeyd edilməyən tarixdə verdiyi apellyasiya şikayətində iddia etdi ki, A.Ma və E.T-nin məhkəmədən əvvəl verdikləri ifadələrlə, məhkəmə zamanı verdikləri ifadələr arasında ziddiyətlər olub, birinci instansiya məhkəməsinin həmin ziddiyətlərin düzəldilməsi ilə bağlı verdiyi əmrlər icra edilməyib.

19. 8 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi ərizəçinin cəzasını bir il yarıma qədər azaltdı, mülki tələb üzrə qərarı qüvvədə saxladı. Apellyasiya məhkəməsi A.Ma. və E.T-nin məhkəmə qərarında istinad edilmiş sübutları ilə bağlı ərizəçinin arqumentlərinə ümumiyyətlə münasibət bildirmədi.

20. 22 iyul 2008-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsi ərizəçinin kassasiya şikayətini rədd etdi. Bildirdi ki, birinci instansiya məhkəməsi şahidlərin məhkəmə iclaslarına məcburi gətirilməsi barədə verdiyi qərarla bütün şahidlərin məhkəmə prosesində iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərib. Ancaq birinci instansiya məhkəməsində bəzi şahidlərin xaricdə olması, bəzilərinin isə ittiham aktında göstərilən ünvanda yaşamaması səbəbindən, onların məhkəməyə qədərki mərhələdə verdikləri ifadələr müvafiq prosessual qaydalara uyğun olaraq, oxunub (Cinayət Prosessual Məcəlləsinin 329-cu maddəsi).

B. Uyğun daxili qanunvericilik

21. Cinayət Prosessual Məcəllənin (CPM) uyğun hissəsində aşağıdakılar qeyd edilir:

Maddə 95. Şahid

95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
95.2. Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər:
95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi qüsurlarına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;
95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;
95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;
95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi.
95.3. Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan sonra cinayət prosesində iştirakını istisna edir.
95.4. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;
95.4.2. ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək;
95.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə onda olan əşyaları, sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək;
95.4.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;
95.4.5. halların dərk və ifadə edilməsi qabiliyyətindən şübhələnməyə tutarlı əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;
95.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
95.4.7. məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməmək;
95.4.8. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək;
95.4.9. məhkəmə iclasında qaydaya riayət etmək;
95.4.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
95.5. Şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
95.6. Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
95.6.1. hansı cinayət işi üzrə çağırıldığını bilmək;
95.6.2. onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;
95.6.3. xahişlər etmək;
95.6.4. özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək;
95.6.5. ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə yadda saxlanılması çətinlik törədən mürəkkəb riyazi hesablamalara dair sənədlərdən, çoxsaylı coğrafi adlardan və digər məlumatlardan istifadə etmək; hadisələri dərk edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə etmək;
95.6.6. verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək;
95.6.7. cinayət prosesi üzrə məhkəməyədək icraat zamanı ifadəsini şəxsən yazmaq;
95.6.8. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazının ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək;
95.6.9. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
95.6.10. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi, yaxud digər əsaslarla götürülmüş əşyaların, rəsmi sənədlərin əslini geri almaq;
95.6.11. istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;
95.6.12. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək…”
Maddə 178. Məcburi gətirilmə
178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
178.2.4. daimi yaşayış yeri olmadıqda.
178.3. 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir.
178.4. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.
178.5. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.

Maddə 329. Şahid ifadələrinin elan edilməsi

329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir….”

Maddə 392. Apellyasiya instansiyası məhkəməsində baxışın təyin edilməsi

392.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışını təyin edərkən apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri həll edir:
392.1.1. məhkəmə istintaqının aparılması zərurəti və onun həcmi haqqında;
392.1.2. əlavə sübutların tələb edilməsinin zəruriliyi haqqında;
392.1.3. məhkəmə iclasına çağırılmalı olan şəxslər haqqında;
392.1.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi haqqında;
392.1.5. zəruri hallarda tərcüməçinin çağırılması haqqında;
392.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə açıq, yaxud qapalı məhkəmə iclasında baxılması haqqında;
392.1.7. məhkəmə iclasının vaxtı və yeri haqqında;
392.1.8. apellyasiya instansiyasında məhkəmə baxışının keçirilməsi üçün hazırlıq tədbirlərinə dair bütün digər məsələlər.
…”

ŞİKAYƏTLƏR

22. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (d) maddələrinə əsasən, əleyhinə ifadə verən şahidləri dindirmək hüququnun təmin edilməməsindən, ona qarşı cinayət araşdırmasının ədalətli aparılmamasından şikayət edib.

23. Ərizəçi eləcə də Konvensiyanın 5-ci maddəsinin 1-ci maddəsinə əsasən, məhkəməyə qədər həbs edilməsinin qanunsuz olmasından şikayət edib.

24. Ərizəçi həmçinin, Konvensiyanın 13-cü maddəsinə əsasən, məhkəmə qərarına qarşı səmərəli hüquq müdafiə vasitələrinin olmamasından şikayət edib.

QANUNVERİCİLİK

A. Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (d) bəndlərinin pozulması iddiası

25. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndinə əsasən, ona qarşı cinayət işinin ədalətsiz araşdırlmasından şikayət etdi, çünki ona əleyhinə ifadə verən şahidləri, A.Ma. və E.T.-ni dindirmək imkanı verilməyib. 6-cı maddənin uyğun hissələri aşağıdakı kimidir:

“1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:

(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq;”

1. Tərəflərin qrqumentləri

(a) Hökumət

26. Hökumət, ərizəçinin iddialarına qarşı çıxdı, bildirdi ki, yerli məhkəmələr ərizəçinin ədalətli mühakimə edilməsini təmin etmək üçün kifayət qədər tədbirlər görüb. Birinci instansiya məhkəməsi A.Ma. və E.T-dən prosesdə iştirak edə bilməyəcəkləri barədə teleqramlar alındıqdan sonra ərizəçinin tələbini təmin edib. Məhkəmə şahidlərin məhkəmə iclasına məcburi şəkildə gətirilmələri barədə əmr verib, qərarın icrasını Səbail Rayon Polis İdarəsinə tapşırıb. Lakin şahidlərin xaricdə olmaları səbəbindən, polis bu qərarı icra edə bilməyib. Hökumət, həmçinin, ərizəçinin istintaq mərhələsində çarpaz üzləşmə zamanı A.Ma.ya suallar vermək imkanının olduğunu və məhkəmədə iştirak etməyən şahidlərin ifadələrindəki dəlillərinin digər şahidlərin ifadələri ilə təsdiqləndiyini qeyd edib.

(b) Ərizəçi

27. Ərizəçinin arqumentinə görə, A.Ma. və E.T.-nin dəlilləri məhkumluğu baxımından əhəmiyyətli idi. Onun iddiasına görə, onların ifadələri ilə digər şahidlərin verdiyi ifadələr arasında uyğunsuzluqlar mövcud olub. Ərizəçi iddia etdi ki, məhkəmə prosesi zamanı düşürüldüyü qeyri bərabər durumu tarazlaşdırmaq üçün kifayət qədər prosedur zəmanətlərə malik olmayıb. Birinci instansiya məhkəməsinin A.Ma.-nın mövcudluğunu və E.T.-nin məhkəmə zamanı həqiqətən xaricdə olmasını və ya ən azından tibbi müalicəyə ehtiyacının olmasını araşdırmaq üçün daha artıq səylər göstərmək imkanlarının olduğunu iddia etdi. .

2. Məhkəmənin dəyərləndirməsi

28. Məhkəmə, prokurorluğun şahidlərinin məhkəmə prosesində iştirak etməməsi və daha əvvəl verdikləri ifadələrin dəlil olaraq qəbul edildiyi durumlarda tətbiq edilməli olan ümumi prinsipləri Al-Khawaja və Tahery / United Kingdom qərarında formulə edib (№26766/05 ve 22228/06, §§ 118-151, AİHM 2011 və Schatschaschwili / Germany [GC], no. 9154/10, §§ 100-131, AİHM 2015).

29. Məhkəmə, eyni zamanda, təqsirləndirilən bir şəxsin davranışı ilə Konvensiyanın 6-cı maddəsinə əsasən mühüm bir hüquqdan dolayı olaraq imtina etdiyini söyləmək üçün, bu davranışın nəticələrini əsaslı surətdə əvvəlcədən görə biləcəyini göstərməyin gərəkli olmasını vurğuladı (bax, Jones / Birləşmiş Krallığa qarşı, № 30900/02, 9 sentyabr 2003).

30. Məhkəmə qeyd edir ki, nə ərizəçi, nə də vəkili A.Ma və E.T.-nin ifadələrinin məhkəmədə oxunmasına etiraz etməyib (yuxarıdakı 14-cü bəndə bax). Bu, Məhkəmənin onların şahidləri dindirmək hüququndan imtina etdiyi qənaətinə gəlməsi üçün kifayət olmaya bilər. Bununla birlikdə, Məhkəmə ayrıca qeyd edir ki, nə ərizəçi, nə də onun vəkili Apellyasiya Məhkəməsindən həmin şahidlərin apelyasiya mərhələsinə çağırılması üçün xüsusi olaraq, Apellyasiya Məhkəməsinə müraciət etməyiblər. Hansı ki, Apellyasiya Məhkəməsi bu müraciəti təmin edə bilərdi (yuxarıdakı 21-ci bəndə bax). Buna görə də ərizəçinin A.Ma.-nı və E.T-ni məhkəmədə araşdırmaq, sorğu-sual etmək hüququndan imtina etdiyi fikri qəbul edilməlidir (bax: Palchik / Ukrayna, no. 16980/06, § 36, 2 Mart 2017).

31. It follows that the applicant’s complaint concerning the failure to examine witnesses A.Ma. and E.T. at the trial is manifestly ill-founded and must be rejected in accordance with Article 35 §§ 3 (a) and 4 of the Convention.

31. Nəticədə belə anlaşılır ki, ərizəçinin şahidlər A.Ma. və E.T-nin məhkəmədə dindirilməməsi ilə bağlı şikayəti açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

B. Digər şikayətlər

32. Ərizəçi, həmçinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən, barəsində seçilmiş həbs qətimkan tədbirinin əsaslı olmamasından şikayət etdi. Bundan əlavə, o, Konvensiyanın 13-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərarına qarşı effektiv müdafiə vasitələrinin olmamasından şikayətləndi.

33. Əlində olan bütün materialların işığında və şikayət edilən məsələlərin səlahiyyətləri çərçivəsində olduğu ölçüdə, Məhkəmə ərizənin bu hissəsinin Konvensiyanın hər hansı pozuntusunun görünüşünü yaratmadığı qənatindədir. Nəticədə, bu şikayətlər açıq-aşkar əsassız olduğu üçün 35-ci maddənin 3-cü bəndinə əsasən, qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.

Qeyd edilən səbəblərə görə, Məhkəmə yekdilliklə,

Bəyan edir ki, ərizə qəbuledilməzdir.

Qərar ingilis dilində hazırlanıb və 19 iyul 2018-ci ildə yazılı olaraq açıqlanıb.

Claudia Westerdiek       Erik Møse
İclas katibi                         Prezident