№55069/11 XURAL VƏ ZEYNALOV AZƏRBAYCANA QARŞI – 6 OKTYABR 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

 

BEŞİNCİ BÖLMƏ

 

XURAL VƏ ZEYNALOV AZƏRBAYCANA QARŞI
(Ərizənin nömrəsi 55069/11)

 

QƏRAR

 

 

STRASBURQ
6 Oktyabr 2022

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Xural və Zeynalov Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:

Síofra O’Leary, Sədr,
Mārtiņš Mits,
Lətif Hüseynov,
Ivana Jelić,
Mattias Guyomar,
Kateřina Šimáčková,
Mykola Gnatovskyy, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən Xural qəzeti (birinci ərizəçi) və Azərbaycan Respublikasının vətəndaşı cənab Əvəz Tapdıq oğlu Zeynalov (ikinci ərizəçi) (“ərizəçilər”) tərəfindən müvafiq olaraq, 17 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (№ 55069/11);

Konvensiyanın 10-cu maddəsi üzrə Azərbaycan Hökumətinə (“Hökumət”) məlumatın göndərilməsi haqqında qərarı;

Tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

30 avqust 2022-ci il tarixdə müzakirə aparıb,

həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

GİRİŞ

1. Məhkəmə işi yüksək vəzifə tutan dövlət məmuru haqqında böhtan məzmunlu məlumatları dərc etdiyinə görə birinci ərizəçinin mülki məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Ərizəçi, əsasən Konvensiyanın 10-cu maddəsinə əsaslanan məsələləri qaldırıb.

İŞİN FAKTLARI

2. Birinci ərizəçi “Xural”, Bakı şəhərində nəşr olunan qəzetdir. Azərbaycan qanunvericiliyinə əsasən hüquqi şəxs statusuna malikdir. İkinci ərizəçi, “Xural”ın təsisçisi və baş redaktorudur, 1970-ci ildə anadan olub və Bakı şəhərində yaşayır. Ərizəçiləri müvafiq olaraq Bakıda və Strasburqda yerləşən vəkillər cənab E. Sadıqov və cənab R. Hacılı təmsil edib.

3. Hökumət onun səlahiyyətli nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

4. İşin faktları aşağıdakı kimi ümumiləşdirilə bilər.

I. BİRİNCİ ƏRİZƏÇİ İLƏ BAĞLI MÜLKİ DEFAMASİYA MÜHAKİMƏSİ

5. 23 may 2010-cu il tarixdə “Xural”da yüksək vəzifə tutan tanınmış dövlət məmuru, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin (“R.M.”) görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə (“B.V.”) və Şəki rayon icra hakimiyyətinin keçmiş başçısı Əşrəf Məmmədovla (“Ə.M.”) əlaqələrinə dair iddiaların yer aldığı məqalə dərc olunub.

6. Məqalənin adı “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmək planı!!! Prezident Administrasiyasının rəhbəri niyə Şəki camaatını və onun icra başçısını [hakimiyyət] cəzalandırmalı olub?” (məqalədən müvafiq çıxarışlar aşağıdakı 8-ci bənddə verilib).

7. Məqalənin müəllifi kimi cənab Elçin Uğurtac qeyd edilib. Ancaq məhkəməyə təqdim edilən materiallardan sözügedən adın real şəxsə aid olması, yoxsa, təxəllüs olması aydın deyil.

8. 2010-cu ilin iyun ayında R.M. birinci ərizəçiyə qarşı Nərimanov Rayon Məhkəməsində mülki iddia qaldırıb. O, iddia edib ki, yuxarıda qeyd olunan məqalədə onun şərəfinə, ləyaqətinə və peşəkar nüfuzuna xələl gətirən yalan ifadələrə yer verilib. R.M. məhkəmədən xahiş edib ki, birinci ərizəçinin üzərində üzr istəmək və təkzib vermək, mənəvi ziyana görə 10.000 Azərbaycan manatı ödəmək vəzifəsi qoyan, vəsaitin uşaq evlərindən birinə verilməsini nəzərdə tutan qərar qəbul etsin. R.M. xüsusilə iddia edib ki, mübahisəli məqalənin sərlövhəsi və məqalədən bəzi çıxarışlar böhtan xarakteri daşıyır. Müvafiq çıxarışlar aşağıdakı kimidir:

“(i) “Əslində hadisə Bakının rayonlarından birində deyil, Şəkidə baş verib [Gündəm Xəbərdə dərc olunan “Mafiya və mətbuat” adlı məqalədə təsvir edilmişdir]. Ağır təhqirə məruz qalan adi adam yox, şair Bəxtiyar Vahabzadə idi [məşhur azərbaycanlı]… Bəli, [Şəkinin keçmiş icra başçısı Əşrəf Məmmədov] … Bəxtiyar Vahabzadənin seçilməsinə imkan verməmək üçün Ramiz Mehdiyev tərəfindən göstəriş verilmişdi. Və bu, çox ciddi planın bir hissəsi idi. Bununla da Mehdiyev uzun illər ona nifrət edən Bəxtiyar Vahabzadədən qisas almaq istəyib”.

(ii) “Əşrəf Məmmədovun qara günləri başladı! [Ramiz Mehdiyevin əmrini yerinə yetirməkdən imtina etdikdən sonra]! …2000-ci il parlament seçkiləri zamanı Şəkidə baş vermiş məlum hadisələri heç kim unutmamışdı. Bəli, doğrudan da, bunların hamısı bir sxem idi və həm Şəki camaatı, həm də Əşrəf Məmmədov… cəzalandırılmalı idi. Çünki Ramiz Mehdiyev böyük planını – Şəkidə Bəxtiyar Vahabzadəni ƏZMƏK PLANINI həyata keçirə bilməmişdi. Ona görə də qisas alınmalı idi”.

(iii) “[Şaiyələr gəzir ki] mərhum prezident [Heydər Əliyev] Bəxtiyar Vahabzadənin deputat mandatının [Mərkəzi Seçki Komissiyasında] ləğvinə imkan verməyib və bununla da son sözün kimdə olduğunu Mehdiyevə sübut edib. Hansı ki, Mehdiyevin belə bir təşəbbüslə çıxış etməsi barədə şayiələr vardı”.

(iv) “… Bəxtiyar Vahabzadə … Ramiz Mehdiyevin düşməninə çevrildi, [və daha sonra] Azərbaycana zərərli ideyalar gətirən maşının əsas rolunu oynadı; [və] indi aydın olur ki, [Bəxtiyar Vahabzadənin] hədəfə alınmasının yeganə səbəbi onun türk millətçisi olması imiş. … Mehdiyev, … nəinki … [Bəxtiyar Vahabzadəni] təhqir etdi, həm də ona qarşı “konspirasiya nəzəriyyələri” hazırladı. Ancaq bunların heç birinə müvəffəq ola bilmədi! Deməli, indi Mehdiyev [Bəxtiyar Vahabzadənin] adını [sonuncunun ölümündən sonra] əbədiləşdirməməklə ondan qisas alır”.

9. Hökumətin təqdim etdiyi məlumata görə, yuxarıda qeyd olunan məlumatlardan birində qeyd olunan hadisələrdə (yuxarıda 8 (ii) bəndinə baxın) 2000-ci ildə Şəkidə A.M.-yə qarşı baş vermiş iğtişaşlardan bəhs edilir.

10. 2 iyul 2010-cu il tarixdə Nərimanov Rayon Məhkəməsi məqalənin başlığını və məqalədən çıxarışları böhtan hesab edərək R.M.-nin mülki iddiasını təmin etdi.

11. Birinci instansiya məhkəməsi xüsusi vurğuladı ki, sərlövhəsi və məqalədən çıxarışlar R.M.-in B.V.-yə nifrət etdiyini ifadə edib və buna görə R.M. onun 2000-ci ildə Parlament üzvü seçilməsinə mane olmağa çalışıb; A.M.-ni itaətsizliyə görə cəzalandırmaq üçün 2000-ci ildə Şəki hadisələrini təşkil edib; B.V.-nin deputat mandatını ləğv etməyə çalışıb; və sonuncunun ölümündən sonra B.V.-nin xatirəsinin əbədiləşdirilməsinə mane olub. Bundan əlavə, məhkəmə qeyd edib ki, bu iddialar R.M.-in nüfuzuna toxunan və heç bir faktiki əsası olmayan ifadələrdir, birinci ərizəçi R.M.-yə qarşı olan bu iddiaları təsdiq edən heç bir sübut təqdim etməyib və sözügedən məqalə ifadə azadlığı hüququndan sui-istifadə təşkil edir.

12. Birinci instansiya məhkəməsi birinci ərizəçinin üzərinə üzr istəmək və təkzib vermək vəzifəsi qoydu. Qərar həmçinin, birinci ərizəçinin mənəvi ziyana görə 10.000 manat (maddi zamanda təxminən 10.000 avronun (EUR) ekvivalenti) ödəməsini, həmin vəsaitin uşaq evinə verilməsini nəzərdə tuturdu.

13. Birinci ərizəçi apellyasiya şikayəti verib və iddia edib ki, sözügedən məqaləni dərc etməklə o, öz “ictimai gözətçi” rolunu yerinə yetirib, yüksək ictimai maraq doğuran mövzular haqqında məlumat verib; tanınmış yüksək vəzifəli dövlət məmuru olan R.M. ona qarşı yönələn tənqidlərə daha çox dözümlülük nümayiş etdirməli idi; məqalədə yer alan ifadələr qiymətləndirici mülahizələr olub və buna görə də həmin ifadələr sübut edilə bilən deyildi; və bildirib ki, məqalədə sadəcə olaraq, 2010-cu ilin mayında “Gündəm Xəbər” qəzetində dərc edilmiş “Mafiya və mətbuat” sərlövhəli məqalədə yer verilmiş məlumatlar təkrar yayaılıb və şərh edilib.

14. “Gündəm Xəbər”də dərc olunan yuxarıda qeyd olunan məqalənin müvafiq hissəsində aşağıdakılar qeyd olunmuşdu:

“Bir dəfə Bakının ən böyük rayonlarından birinin [icra hakimiyyətinin] keçmiş rəhbəri… başına gələnləri danışırdı. Dedi ki, uzun illər rayonda yaşayan, deputatlığa namizəd kimi iştirak edən … yazıçı olub. …Seçkilərdən bir müddət əvvəl Ramiz Mehdiyev zəng edib mənə… tapşırdı ki, başqa adam [onun göstərdiyi] seçilsin. … məcbur oldum [Ramiz Mehdiyevin əmrinə tabe olun]”.

15. 1 sentyabr 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi əsasları təkrarlayaraq, aşağı məhkəmənin qərarını qüvvədə saxladı (yuxarıda 11-ci bəndə bax).

16. Birinci ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq kassasiya şikayəti verdi.

17. 18 fevral 2011-ci ildə Ali Məhkəmə onun şikayətini əsassız sayaraq rədd etdi və aşağı məhkəmələrin istinad etdiyi eyni əsasları təkrarlayaraq, həmin məhkəmələrin qərarlarını qüvvədə saxladı.

II. SONRAKI GƏLİŞMƏLƏR

18. Hökumətin məlumatlarına görə, ərizəçilər üzr istəməyib və təkzib dərc etməyiblər və daxili məhkəmələrin qərarında nəzərdə tutulan mənəvi ziyan əvəzini ödəməyiblər.

19. Ərizəçilərin bildirdiyinə görə, 19 oktyabr 2011-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin həmin gün çıxardığı qərardadla məhkəmə qərarında nəzərdə tutulan ödənişin, həmçinin, mənəvi zərər əvəzinin təmin edilməsi üçün birinci ərizəçiyə məxsus əmlakın üzərinə (kompüter, printer, istilik cihazları və telefonlar) həbs qoyulub.

20. Ərizəçilərin bildirməsinə görə, yuxarıda qeyd olunan əşyaların götürülməsindən sonra “Xural” nəşrini dayandırıb.

21. Bununla belə, görünür ki, onun internet versiyası (www.xural.com) aktiv olub. Qəzetin sonrakı mərhələdə kağız variantda nəşrini bərpa edib-etmədiyi bəlli deyil.

22. 2 dekabr 2011-ci il tarixdə “Xural”ın internet versiyasında dərc edilmiş məqaləyə görə, nəşriyyatlar “Xural”ı nəşr etməkdən imtina ediblər və bu səbəbdən birinci ərizəçinin işçi heyəti ASI (ASİ) adlı yeni qəzet nəşr etmək qərarı verib. Ancaq yeni qəzet nəşr etmək planının nə vaxtsa baş tutub-tutmadığı iş materiallarından bəlli deyil.

UYĞUN DAXİLİ QANUNVERİCİLİK

23. 2000-ci il Mülki Məcəllənin (“Mülki Məcəllə”) 23-cü maddəsinin uyğun hissələrində aşağıdakılar nəzərdə tutulub:

Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi

23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

HÜQUQ

KONVENSİYANIN 10-CU MADDƏSİNİN POZUNTUSU İDDİASI

24. Ərizəçilər Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, birinci ərizəçiyə qarşı mülki defamasiya prosesinin və onunla bağlı cəzaların onların ifadə azadlığı hüquqlarını pozmasından şikayət ediblər. Konvensiyanın 10-cu maddəsində qeyd edilir:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

A. Qəbuledilənlik

1. Birinci ərizəçi

25. Məhkəmə qeyd edir ki, birinci ərizəçiyə münasibətdə onun şikayətlərləri nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

2. İkinci ərizəçi

26. Hökumət iddia edib ki, ikinci ərizəçi 10-cu maddənin iddia edilən pozuntusunun qurbanı olduğunu iddia edə bilməz, çünki o, daxili mülki defamasiya prosesində tərəf olmayıb və daxili məhkəmələrin qərarları yalnız birinci ərizəçinin hüquq və vəzifələri ilə bağlı olub. Bundan başqa, ərizəçilərin heç biri birinci ərizəçinin mülkiyyətinə dair hər hansı məlumat, məsələn, ikinci ərizəçinin birinci ərizəçidə payının olmasını göstərən sənəd təqdim etməyiblər. Hökumət buna görə iddia edib ki, ərizə ikinci ərizəçiyə aid olan hissədə ratione personae uyğun gəlmir.

27. İkinci ərizəçi “Xural” qəzetinin təsisçisi və baş redaktoru olduğu üçün zərərçəkmiş statusunda olduğunu iddia edib.

28. Məhkəmə qeyd edir ki, Konvensiyanın 34-cü maddəsinin kontekstində “qurban” sözü iddia edilən pozuntunun birbaşa və ya dolayısı ilə təsir etdiyi şəxs və ya şəxsləri ifadə edir (bax SARL du Parc d’Activités de Blotzheim Fransaya qarşı, № 72377/01, § 20, 11 iyul 2006-cı il). Beləliklə, 34-cü maddə təkcə iddia edilən pozuntunun birbaşa qurbanına və ya qurbanlarına deyil, həm də pozuntunun zərər vura biləcəyi və ya onun sona çatmasında əsaslı və şəxsi marağı olan hər hansı dolayı qurbanlara da aiddir (bax, Vallianatos və Digərləri Yunanıstana qarşı [GC], № 29381/09 və 32684/09, § 47, AİHM 2013 (çıxarışlar)).

29. Hazırkı işdə ikinci ərizəçiyə münasibətdə Məhkəmə qeyd edir ki, o, daxili mülki defamasiya prosesində tərəf olmayıb və onun bu proseslərdə iştirakının çərçivəsi birinci ərizəçinin nümayəndəsi olmaqla məhdudlaşıb. Bu prosesdə yeganə cavabdeh tərəf birinci ərizəçi olub. Daxili məhkəmələrin qərarları ikinci ərizəçinin üzərinə heç bir öhdəlik qoymayıb (Obuxova Rusiyaya qarşı (dek.), № 34736/03, 1 dekabr 2005-ci il və Kumok Ukraynaya qarşı (dek.), № 39146/02, 6 may 2008-ci il, müqayisə edin). Məhkəmə bununla bağlı qeyd edir ki, birinci ərizəçi qeydiyyatdan keçmiş media qurumu kimi hüquqi şəxs statusuna malik idi və nəticədə onun təsisçisi və baş redaktoru olan ikinci ərizəçinin hüquqlarından fərqli öz hüquq və vəzifələri var idi. Bundan başqa, ikinci ərizəçi mübahisə edilən məqalənin müəllifi olduğunu iddia etməyib və buna görə də ölkədaxili proseslərin bir jurnalist kimi ona təsir etdiyini söyləmək olmaz (Qodlevskiy Rusiyaya qarşı işi ilə müqayisə et, № 14888/03, §§ 34-36, 23 oktyabr 2008-ci il).

30. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə, ikinci ərizəçinin 10-cu maddənin iddia edilən pozuntusunun qurbanı olmasını iddia edə bilməyəcəyi nəticəsinə gəlir. Beləliklə, ərizənin bu hissəsi 35-ci maddənin 3-cü bəndinin (a) işığında Konvensiyanın və onun protokollarının müddəaları ilə ratione personae baxımından uyğun gəlmir və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

A. Mahiyyət

1. Tərəflərin arqumentləri

31. Birinci ərizəçi bildirib ki, ifadə azadlığı hüququna əsassız və qeyri-mütənasib müdaxilə edilib. O, xüsusilə qeyd edib ki, sözügedən məqaləni dərc etməklə yüksək ictimai maraq doğuran məsələlər barədə məlumat verərək “ictimai gözətçi” rolunu yerinə yetirib. Bundan əlavə, həmin ifadələrin aid olduğu R.M. tanınmış yüksək rütbəli dövlət məmuru idi və buna görə də demokratik cəmiyyətdə tənqidlərə daha çox dözümlülük nümayiş etdirməli idi. Əlavə olaraq, sözügedən məqalədə qeyd olunan mübahisəli ifadələr dəyər mühakimələri təşkil edib və buna görə də sübutu mümkün olmayıb. Sözügedən məqalə sadəcə olaraq “Gündəm Xəbər” qəzetində dərc olunmuş məqalədə əvvəllər yayılmış məlumatların təkrar istehsalı və şərhindən ibarət olub. Nəhayət, birinci ərizəçi vurğulayıb ki, mənəvi ziyana görə ona təyin edilmiş sanskiya lazımsız dərəcədə sərt və həddindən artıq olub və onun bağlanmasına səbəb olub.

32. Hökumət bildirib ki, birinci ərizəçinin ifadə azadlığı hüququna müdaxilə “qanunla nəzərdə tutulub”; müdaxilə Mülki Məcəllənin 23-cü maddəsinə əsasən həyata keçirilib. Müdaxilə R.M.-nin nüfuzunu və hüquqlarını qorumaq məqsədi daşıdığı üçün legitim məqsəd güdüb. Hökumət vurğulayıb ki, yerli məhkəmələr Konvensiyanın 10-cu maddəsində təsbit olunmuş prinsiplərə uyğun olaraq bir-biri ilə ziddiyyətdə olan iki marağın təhlilini aparıb və qərarları üçün müvafiq və kifayət qədər əsaslar irəli sürüb. Buna görə də müdaxilə demokratik cəmiyyətdə zəruri və mütənasib olub. Daxili məhkəmə proseslərində birinci ərizəçi sözügedən ifadələrin doğruluğunu sübut edən heç bir sübut təqdim etməyib. Tətbiq edilən sanksiyanın iddia edilən sərtliyinə və həddindən artıq olmasına gəldikdə, Hökumət bildirib ki, birinci ərizəçi heç vaxt bu məsələni daxili məhkəmələr qarşısında qaldırmayıb.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Müdaxilənin olub-olmaması

33. Məhkəmə hesab edir ki, hazırkı işdə verilən məhkəmə qərarları birinci ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil edib.

34. Konvensiyanın 10-cu maddəsinin şərtlərinə əsasən müdaxilə “qanunla nəzərdə tutulmazsa”, həmin maddənin 2-ci bəndində göstərilən legitim məqsədlərdən birini və ya bir neçəsini güdməzsə və həmin məqsədə və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri olmazsa” əsaslandırılmamış hesab olunacaq.

(b) Müdaxilənin qanuni olub-olmaması və legitim məqsəd güdüd-güdməməsi

35. Məhkəmə hesab edir ki, bu işdə müdaxilə Konvensiyanın 10-cu maddəsi ilə tələb edildiyi kimi “qanunla nəzərdə tutulub”; müdaxilə Mülki Məcəllənin 23-cü maddəsinə əsasən həyata keçirilib (yuxarıda 23-cü bəndə bax).

36. Məhkəmə daha sonra qəbul edir ki, müdaxilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin mənasında digər şəxlərin reputasiyasını və ya hüquqlarını, hazırkı işdə R.M.-nin nüfuzunu qorumaq legitim məqsədini güdüb.

(c) Müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması

(i) Tətbiq olunan ümumi prinsiplər

37. 10-cu maddədə nəzərdə tutulduğu kimi, ifadə azadlığı istisnalara tabedir, lakin onlar ciddi şəkildə şərh edilməli və hər hansı məhdudiyyətlərə ehtiyac inandırıcı şəkildə müəyyən edilməlidir. 10-cu maddənin 2-ci bəndinin mənasında “zəruri” sifəti “təcili sosial ehtiyacın” mövcudluğunu nəzərdə tutur. Razılığa gələn Dövlətlər belə bir ehtiyacın olub-olmadığını qiymətləndirmək üçün müəyyən mülahizə sərbəstliyinə malikdir, lakin bu sərbəstlik həm qanunvericiliyi, həm də onu tətbiq edən qərarları, hətta müstəqil məhkəmə tərəfindən verilən qərarları əhatə edən Avropa nəzarəti ilə paralel şəkildə mövcuddur. Buna görə də Məhkəmə “məhdudiyyət”in 10-cu maddə ilə qorunan ifadə azadlığı ilə uzlaşıb-uzlaşmadığına dair yekun qərarı vermək səlahiyyətinə malikdir. Məhkəmə öz təftişini həyata keçirərkən onun vəzifəsi müvafiq milli səlahiyyətli orqanların yanaşmasını öz baxışları ilə əvəz etmək deyil, 10-cu maddəyə əsasən onların öz mülahizələri əsasında çıxardıqları qərarları nəzərdən keçirməkdir. Bu o demək deyil ki, o, cavabdeh Dövlətin öz mülahizəsini əsaslı, diqqətlə və vicdanla həyata keçirib-keçirmədiyini müəyyən etməklə kifayətlənməlidir; o, bütövlükdə işin işığında şikayət edilən müdaxiləyə baxmalı və onun “güdülən legitim məqsədə mütənasib” olub-olmadığını və milli hakimiyyət orqanlarının buna haqq qazandırmaq üçün irəli sürdüyü əsasların “müvafiq və kifayət qədər” olub-olmadığını müəyyən etməlidir. Bununla da, Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 10-cu maddədə göstərilən prinsiplərə uyğun olan standartları tətbiq edib və bundan əlavə, öz qərarlarını müvafiq faktların məqbul qiymətləndirilməsi ilə əsaslandırıb (bax, bir çox digərləri ilə yanaşı, Stoll İsveçrəyə qarşı [BP], № 69698/01, § 101, AİHM 2007 V və Morice Fransaya qarşı [BP], № 29369/10, § 124, AİHM 2015).

38. Məhkəmə mətbuatın demokratik cəmiyyətdə yerinə yetirdiyi əsas funksiyanı vurğulayır. Xüsusilə, digər şəxslərin reputasiyası və hüquqları və məxfi məlumatların açıqlanmasının qarşısının alınması zərurətində müəyyən hüdudları aşmamalı olsa da, bununla belə, onun vəzifəsi öz öhdəliklərinə və məsuliyyətinə uyğun şəkildə ictimai maraq doğuran bütün məsələlərdə məlumat və ideyaları yaymaqdır. Beləliklə, milli hakimiyyət orqanlarının mülahizə sərbəstliyi demokratik cəmiyyətin mətbuata “ictimai gözətçi” rolunu həyata keçirməsinə imkan vermək marağı ilə məhdudlaşır. Bu cür məlumat və ideyaları çatdırmaq təkcə mətbuatın vəzifəsi deyil; həm də ictimaiyyətin onları almaq hüququ var. Əks təqdirdə, mətbuat özünün “ictimai gözətçi” rolunu oynaya bilməzdi (bax, bir çox digərləri ilə yanaşı, Bladet Tromsö və Stensaas Norveçə qarşı [BP], № 21980/93, §§ 59 və 62, AİHM 1999-III).

(α) Reputasiyanın qorunması ilə bağlı prinsiplər

39. Məhkəmə həmçinin bir daha vurğulayır ki, şəxsi həyata hörmət hüququnun bir hissəsi kimi reputasiya Konvensiyanın 8-ci maddəsi ilə qorunur (bax, bir çox digərləri ilə yanaşı, Von Hannover Almaniyaya qarşı (no. 2) [BP], n. 40660/08 və 60641/08, §§ 104-07, AİHM 2012 və Couderc və Hachette Filipacchi Associés Fransaya qarşı [BP], № 40454/07, §§ 90-93, AİHM 2015 çıxarışlar). Bir şəxsin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə pozitiv öhdəliyini yerinə yetirmək üçün dövlət digər şəxs üçün 10-cu maddə ilə təmin edilmiş hüquqları müəyyən dərəcədə məhdudlaşdırmalı ola bilər. Demokratik cəmiyyətdə “digər şəxslərin reputasiyasının və ya hüquqlarının müdafiəsi” maraqları naminə bu məhdudiyyətin zəruriliyini araşdırarkən Məhkəmədən tələb oluna bilər ki, yerli hakimiyyət orqanlarının Konvensiya ilə təmin edilmiş iki dəyəri qoruyarkən müəyyən hallarda bir-biri ilə ziddiyyət təşkil edə bilən hüquqlar, məsələn, bir tərəfdən 10-cu maddə ilə qorunan ifadə azadlığı və digər tərəfdən 8-ci maddədə təsbit edilən şəxsi həyata hörmət hüququ arasında ədalətli balanslaşdırmaya nail olub-olmadığını yoxlasın (bax: bir çox digərləri ilə yanaşı, Bédat İsveçrəyə qarşı [BP], № 56925/08, § 74, 29 mart 2016-cı il). Bununla belə, 8-ci maddənin işə düşməsi üçün şəxsin reputasiyasına qəsd müəyyən ciddilik səviyyəsinə çatmalı və şəxsi həyata hörmət hüququndan yararlanmağa zərər vuracaq şəkildə olmalıdır (bax: bir çox digərləri ilə yanaşı, Axel Springer AG Almaniyaya qarşı [BP], № 39954/08, § 83, 7 fevral 2012-ci il və Medžlis Islamske Zajednice Brčko və Digərləri Bosniya və Herseqovinaya qarşı [BP], № 17224/11, § 72, 2017).

40. Məhkəmə öz presedent hüququnda ifadə azadlığı hüququnun şəxsi həyata hörmət hüququ ilə balanslaşdırılması üçün bir sıra müvafiq meyarlar müəyyən edib; məsələn, mübahisələndirilən ifadələrin ictimai maraqların müzakirəsinə töhfə verib-vermədiyi; təsirə məruz qalan şəxsin tanınma dərəcəsi və nəşrin mövzusu; mübahisələndirilən ifadələrin verildiyi kontekst; nəşrin məzmunu, forması və nəticələri; müvafiq şəxsin əvvəlki davranışı; məlumatın əldə edilmə üsulu və onun həqiqiliyi; və tətbiq edilən sanksiyanın xarakteri və sərtliyi (bax: bir çox digərləri ilə yanaşı, yenə orada, §§ 89-95 və yuxarıda qeyd olunan Von Hannover işi, §§ 108-13).

41. Fərdi şəxslərlə ictimai kontekstdə fəaliyyət göstərən şəxslər arasında fərq qoyulmalıdır. Müvafiq olaraq, ictimaiyyətə məlum olmayan individual fərd öz şəxsi həyat hüququnun xüsusi müdafiəsini tələb edə bilsə də, eyni şey tənqidi şərhin hüdudları daha geniş olan ictimai xadimlərə münasibətdə doğru deyil, çünki onlar qaçılmaz olaraq və bilərəkdən ictimai nəzarətə məruz qalırlar və buna görə də daha çox dözümlülük nümayiş etdirməlidirlər (bax: bir çox digərləri ilə yanaşı Milisavljević Serbiyaya qarşı, № 50123/06, § 34, 4 aprel 2017-ci il, və Prunea Rumıniyaya qarşı, № 47881/11, §. 30, 8 yanvar 2019-cu il).

42. Şübhəsiz ki, 10-cu maddə digər şəxslərin, yəni bütün individualların reputasiyasının müdafiəsinə təminat verir və bu müdafiə hətta şəxsi müstəvidə fəaliyyət göstərmədiyi hallarda belə, siyasətçilərə də şamil edilir; lakin belə hallarda bu cür müdafiənin tələbləri siyasi məsələlərin açıq müzakirəsi maraqları ilə balanslaşdırılmalıdır (bax, bir çox digərləri ilə yanaşı, Lingens Avstriyaya qarşı, 8 iyul 1986, § 42, A seriyası, № 103).

(β) Nəşrin məzmunu, forması və nəticələrinə aid olan prinsiplər

43. Məhkəmə fakt və dəyər mühakimələri arasında fərq qoyur. Faktların mövcudluğu göstərilə bilər, halbuki dəyər mühakimələrinin həqiqiliyi sübuta yetirilə bilməz. Dəyər mühakiməsinin doğruluğunu sübut etmək tələbinin yerinə yetirilməsi qeyri-mümkündür və belə tələb fikir azadlığını pozur. Bununla belə, ifadə dəyər mühakiməsinə bərabər olduqda, müdaxilənin mütənasibliyi mübahisələndirilən ifadə üçün kifayət qədər “faktiki əsasın” olub-olmamasından asılı ola bilər (bax, bir çox digərləri ilə yanaşı, yuxarıda adı çəkilən Morice işi, § 126). Milli məhkəmələr tərəfindən böhtan xarakterli hesab edilən dəyər mühakimələrinə gəldikdə, Məhkəmə milli məhkəmənin ifadədə istifadə olunan dilin həddən artıq və ya tərəfsiz xarakterə malik olub-olmaması, böhtan və ya opponentin damğalanması niyyətinin aşkar edilib-edilməməsi və bəyanatın kifayət qədər faktiki əsasının olub-olmaması ilə bağlı yanaşmasını qiymətləndirir (bax: Do Carmo de Portugal e Castro Câmara Portuqaliyaya qarşı, № 53139/11, § 31, 4 oktyabr 2016-cı il).

44. Məhkəmə eyni zamanda bir daha vurğulayır ki, Konvensiyanın 10-cu maddəsinə əsasən ictimai maraq doğuran məsələlərə dair siyasi nitqin və ya müzakirələrin məhdudlaşdırılması üçün mülahizə sərbəstliyinin çərçivəsi dardır (bax, bir çox digərləri ilə yanaşı, Sürek və Özdemir Türkiyəyə qarşı [BP], n. 23927/94 və 24277/94, § 60, 8 iyul 1999-cu il və Vinqrov Birləşmiş Krallığa qarşı, 25 noyabr 1996-cı il, § 58, Qərar və Qərardadların Hesabatları 1996 V).

(γ) İnformasiyanın əldə edilməsi üsuluna və onun həqiqiliyinə aid olan prinsiplər

45. Məlumatın əldə edilməsi üsuluna və onun həqiqiliyinə gəldikdə, Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 10-cu maddəsi hətta ciddi ictimai maraq doğuran məsələlərin mətbuatda işıqlandırılmasına münasibətdə də tam məhdudiyyətsiz ifadə azadlığına təminat vermir. Həmin müddəanın 2-ci bəndinin şərtlərinə əsasən, ifadə azadlığı özü ilə birlikdə “vəzifə və öhdəliklər” də daşıyır ki, bu da hətta ciddi ictimai narahatlıq doğuran məsələlərə münasibətdə mediaya da şamil edilir. Bu “vəzifə və öhdəliklər” səbəbindən 10-cu maddənin ictimai maraq doğuran məsələlərlə əlaqədar xəbərlərin verilməsi ilə bağlı jurnalistlərə verdiyi təminat onların jurnalistika etikasına uyğun olaraq düzgün və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etmələri şərtinə tabedir (bax, bir çox digərləri ilə yanaşı, Fressoz və Roire Fransaya qarşı [BP], № 29183/95, § 54, AİHM 1999 I və Pedersen və Baadsqaard Danimarkaya qarşı [BP], № 49017/ 99, § 78, AİHM 2004-XI).

46. Diffamasiya prosesində cavabdehin xeyrinə olan prosessual təminatların mövcudluğu 10-cu maddəyə uyğun olaraq müdaxilənin mütənasibliyinin qiymətləndirilməsində nəzərə alınmalı olan amillərdəndir. Xüsusilə, cavabdehə iddialarının kifayət qədər faktiki əsası olduğunu sübut etmək üçün real şansın verilməsi vacibdir (bax: bir çox digərləri ilə yanaşı, yuxarıda adı çəkilən Morice işi, § 155).

47. İfadələrin jurnalistdən qaynaqlanması və ya başqalarından sitat olub-olmamasına görə də fərq qoyulmalıdır, çünki müsahibədə başqa şəxsin verdiyi ifadələrin yayılmasına kömək göstərdiyinə görə jurnalistin cəzalandırılması mətbuatın ictimai maraq doğuran məsələlərin müzakirəsinə töhfəsini ciddi şəkildə əngəlləyə bilər və buna görə də xüsusilə əsaslı səbəblər olmadıqca nəzərdə tutulmamalıdır (bax, bir çox digərləri ilə yanaşı, yuxarıda göstərilən Pedersen və Baadsgaard işi, § 77).

48. Timpul Info-Magazin və Anghel Moldovaya qarşı işdə yerli məhkəmələr öz nəticələrini yalnız mübahisələndirilən məqalənin rüşvətxorluq ittihamlarını ehtiva edən hissəsi ilə əsaslandırıb və Məhkəmə qeyd edib ki, mübahisələndirilən hissə kontekstdən çıxarılıb. İttihamlar ciddi olsa da, bütöv oxunduqda məqalədə sözügedən şayiənin etibarsız olduğu barədə oxucuya açıq-aşkar xəbərdarlıq edilib. Məhkəmə bu qərarda bir daha vurğulayıb ki, tamamilə əsassız olmadığı hallarda medianın “hekayələr” və ya “şayiələr” – başqa şəxslərdən qaynaqlanan – və ya “ictimai rəy” haqqında yaydığı xəbərlər də qorunmalıdır (bax: Timpul Info-Magazin və Anghel Moldovaya qarşı, № 42864/05, § 36, 27 noyabr 2007-ci il).

(δ) Tətbiq edilən sanksiyanın xarakterinə və sərtliyinə aid olan prinsiplər

49. Məhkəmə bir daha bildirir ki, 10-cu maddə ilə təmin edilən ifadə azadlığına müdaxilənin mütənasibliyini qiymətləndirərkən təyin edilən sanksiyanın xarakteri və sərtliyi də nəzərə alınmalı olan amillərdir (bax, bir çox digərləri ilə yanaşı, Cumpǎnǎ və Mazǎre Rumıniyaya qarşı [BP], № 33348/96, § 111, AİHM 2004 XI). Tətbiq edilən sanskiyalar mətbuatı və ya ictimai müzakirələrdə iştirak edən digər şəxsləri legitim ictimai narahatlıq doğuran məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirəcək formada olmamalıdır (bax: Levandovska-Malec Polşaya qarşı, № 39660/07, § 69, 18 Sentyabr 2012-ci il).

(ii) Yuxarıdakı prinsiplərin hazırkı işə tətbiqi

50. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məqalənin başlığında (yuxarıda 6-cı bəndə bax) və əsas mətnində (yuxarıda 8-ci bəndə bax) R.M.-yə qarşı irəli sürülən bir neçə iddia birinci ərizəçinin diffamasiyaya görə mülki məsuliyyətinin əsasını təşkil edib. Sözügedən ifadələri (iddiaları) aşağıdakı kimi ümumiləşdirmək olar: (a) R.M. görkəmli Azərbaycan şairi B.V.-yə qarşı düşmənçilik nümayiş etdirib və ondan qisas almağa çalışıb; (b) R.M. B.V.-nin namizəd kimi çıxış etdiyi seçki dairələrindən birində sonuncunun seçilməsinə mane olmaq məqsədi ilə A.M. -yə Şəki şəhərində keçirilən parlament seçkilərinə müdaxilə etməklə bağlı tapşırıq verib; (c) R.M. 2000-ci ildə Şəkidə A.M.-yə qarşı iğtişaş təşkil edib; (d) R.M. B.V.-nin deputat mandatının ləğvi təşəbbüsü ilə çıxış edib; və (e) R.M. B.V.-nin ölümündən sonra onun xatirəsini yad etməkdən imtina edib və ya buna başqa şəkildə mane olub.

51. Məhkəmənin fikrincə, əxlaqi cəhətdən həssas, qeyri-qanuni və ya hətta cinayət əməllərində iştirakla bağlı bu cür iddialar R.M.-nin nüfuzuna xələl gətirə bilərdi. Buna görə də mübahisələndirilən ifadələr R.M.-nin Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi ilə qorunan reputasiyasına xələl gətirmək üçün kifayət qədər ciddilik səviyyəsinə çatmış kimi qiymətləndirilə bilər.

52. Məhkəmə bir daha xatırladır ki, reputasiya hüququ ilə ifadə azadlığı hüququ arasında ziddiyyətə dair işlərdə diffamasiya iddialarına baxan yerli məhkəmələrdən Məhkəmənin müvafiq işində müəyyən edilmiş meyarları tətbiq etməklə bu iki hüquq arasında balanslaşdırma aparması və (bax, inter alia, yuxarıda 38-49-cu bəndlərdə xülasə edilmiş presedent hüququ) və qərarlarını müvafiq və kifayət qədər əsaslandırması gözlənilir. Belə balanslaşdırma həyata keçirildiyi halda, Məhkəmə öz baxışını yerli məhkəmələrin yanaşması ilə əvəz etmək üçün ciddi əsaslar tələb edəcək (bax: digərləri ilə yanaşı, yuxarıda qeyd olunan Axel Springer AG işi, § 88; Delfi AS Estoniyaya qarşı [BP], № 64569/09, §§ 138-39, AİHM 2015; və yuxarıda adı çəkilən Medžlis Islamske Zajednice Brčko və digərləri işi, §§ 77 və 121).

53. Bununla belə, hazırkı iş üzrə daxili məhkəmələr araşdırma zamanı mübahisələndirilən müvafiq ifadələrin R.M.-nin nüfuzuna toxunduğunu və heç bir faktiki əsasının olmadığını, eləcə də birinci ərizəçinin R.M.-yə qarşı irəli sürülən iddialarla bağlı heç bir sübut təqdim etmədiyini müəyyən etsə də (yuxarıda 10-11, 15 və 17-ci bəndlərə bax), Məhkəmənin presedent hüququnda işlənmiş müvafiq meyarlara istinad etməyib. Əvəzində, onlar işi Konvensiya aspektlərini nəzərə almadan yalnız daxili mülki hüquq baxımından araşdırıb. Məhkəmələr, inter alia, sözügedən ifadələrin ictimai maraq doğuran məsələyə aid olub-olmamasını, onların verildiyi konteksti və ya R.M.-nin tanınmış yüksək rütbəli dövlət məmuru statusunu nəzərə almayıb. Sözügedən məqalənin məzmunu və nəticələri və orada verilən məlumatların faktiki əsasları ilə bağlı məhkəmələrin əsaslandırmaları qısa olub. Onlar müxtəlif mübahisəli bəyanatları ayrı-ayrılıqda və detallı təhlil etməyib və inter alia, həmin bəyanatların bəzilərinin “dəyər mühakimələri” olub-olmadığını və sözügedən məqalənin əvvəllər “Gündəm Xəbər”də dərc olunmuş məlumatlara əsaslanıb-əsaslanmadığını müəyyən etməyib. Burdan belə nəticə çıxır ki, Hökumətin arqumentinin əksinə olaraq (yuxarıda 32-ci bəndə bax), yerli məhkəmələr birinci ərizəçinin ifadə azadlığı ilə R.M.-nin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquq və maraqları arasında tələb olunan balanslaşdırmanı həyata keçirməyib.

54. Yerli məhkəmələr ifadə azadlığı ilə reputasiya hüququ arasında balanslaşdırma aparmaq üçün Məhkəmənin presedent hüququnda müəyyən edilmiş meyarları tətbiq etmədiyinə görə, Məhkəmə hesab edir ki, o, tələb olunan balanslaşdırmanı özü həyata keçirməlidir (oxşar yanaşma üçün bax: Perinçek İsveçrəyə qarşı [BP], № 27510/08, § 279, AİHM 2015 (çıxarışlar) və Yefimov və Gənclik İnsan Hüquqları Qrupu Rusiyaya qarşı, № 12385/15 və 51619/15, § 42, 7 dekabr 2021-ci il). O, birinci ərizəçinin ifadə azadlığına müdaxilənin zəruriliyini media tərəfindən şəxsi həyata toxunan bəyanatların yayılması ilə bağlı ümumi tətbiq olunan meyarlar, yəni mübahisələndirilən ifadələrin ictimai maraqların müzakirəsinə töhfə verib-vermədiyi, təsirə məruz qalan şəxsin tanınma dərəcəsi, sözügedən ifadələrin məzmunu və forması, məlumatın əldə edilmə üsulu və onun həqiqiliyi, eləcə də tətbiq edilən sanskiyanın xarakteri və sərtliyi əsasında araşdıracaq.

(α) Sözügedən məqalənin ictimai maraqların müzakirəsinə töhfə verib-verməməsi və təsirə məruz qalan şəxsin tanınma dərəcəsi

55. Sözügedən məqalədə verilən mübahisəli ifadələr (yuxarıda 50-ci bənddəki xülasəyə bax), şübhəsiz ki, ictimai maraq doğuran müzakirələrə töhfə verə bilərdi, çünki onlar hakimiyyət orqanlarının mülahizə sərbəstliyinin daha az olduğu parlament seçkiləri kimi məsələlərlə bağlı idi, aidiyyəti olan şəxs R.M. isə tanınmış yüksək vəzifəli dövlət məmuru və Prezident Administrasiyasının rəhbəri olub. R.M.-in ictimai xadim olduğu nəzərə alındıqda, ona qarşı yolverilən tənqidin sərhədləri daha geniş idi.

(β) Sözügedən ifadələrin məzmunu və forması

56. Məhkəmə qeyd edir ki, sözügedən məqalədə əksini tapan mübahisəli ifadələrin əksəriyyətində (yuxarıda 50-ci bənddəki xülasəyə bax) konkret tarixlər, şəxslər və hadisələr qeyd olunub. Məhkəmə ərizəçinin ifadələrin hamısının “dəyər mühakimələri” olduğuna dair iddiasının əksinə olaraq, onları faktların təsdiqi (faktik xarakterli ifadələr) hesab edir.

57. Müəllifin subyektiv hissləri və emosiyaları ilə yüklü bəzi digər, məsələn, R.M.-in B.V.-yə qarşı düşmənçilik nümayiş etdirməsi ilə bağlı ifadələr dəyər mühakimələri kimi qəbul edilə bilərdi.

(γ) İnformasiyanın əldə olunma üsulu və onun həqiqiliyi

58. Məhkəmə qeyd edir ki, birinci ərizəçi daxili məhkəmələrə və ya Məhkəməyə etiraz edilən ifadələri təsdiq etmək üçün faktiki əsas göstərən hər hansı sübut təqdim etməyib.

59. Məhkəmə bu faktı nəzərə alır ki, birinci ərizəçi bir media orqanı kimi yüksək ictimai maraq doğuran məsələlər barədə məlumat verməklə ictimai “gözətçi” funksiyasına malik olduğunu iddia edə bilər. Bununla belə, birinci ərizəçi 10-cu maddə ilə “vəzifə və öhdəliklər” daşıyırdı və buna görə də jurnalistika etikasına uyğun olaraq düzgün və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etməli idi.

60. Məhkəmə birinci ərizəçinin mübahisələndirilən ifadələrin sübuta yetirilə bilməyəcəyinə dair arqumentini qəbul etmir. Artıq qeyd edildiyi kimi (yuxarıda 56-cı bəndə bax), mübahisələndirilən ifadələrin əksəriyyəti faktların təsdiqini təşkil edirdi və buna görə də birinci ərizəçi onların yoxlanılmasına və doğruluğuna əmin olmasına diqqət yetirdiyini nümayiş etdirməli idi. Bundan əlavə, dəyər mühakimələri təşkil edən ifadələrə münasibətdə birinci ərizəçi “kifayət qədər faktiki əsas” təqdim etməli idi.

61. Daxili məhkəmə prosesləri zamanı birinci ərizəçiyə sözügedən məqalədə faktların təsdiqini təşkil edən mübahisəli iddiaların düzgünlüyünü yoxlaması və dəyər mühakimələrinə münasibətdə adekvat təsdiqedici faktları təqdim etməsi ilə bağlı göstərdiyi hər hansı səyləri nümayiş etdirmək üçün real şans verilib. Buna baxmayaraq, birinci ərizəçi buna imkanı olduğu halda, məsələn, yerli məhkəmələrdən A.M-i və ya digər şəxslər çağırıb dindirməklə bağlı vəsatət qaldırmaqla mübahisələndirilən ifadələri dəstəkləmək üçün heç bir sübut təqdim etməyə cəhd belə göstərməyib. Həmçinin birinci ərizəçi sübut təqdim etməməsinin jurnalist mənbələrini məxfi saxlamaq zərurəti ilə əlaqədar olduğunu iddia etməyib.

62. Məhkəmə birinci ərizəçinin o arqumentini qəbul etmir ki, sözügedən məqalə sadəcə olaraq “Gündəm Xəbər” qəzetində daha əvvəl dərc edilmiş məlumatın, yəni “Mafiya və mətbuat” adlı məqalənin yenidən istehsalı və şərhindən ibarət olub. Sözügedən ifadələr sonuncu məqalədən sitat kimi qəbul edilə bilməz. “Gündəm Xəbər”də dərc olunan yazının A.M.-ə, B.V.-yə, ya da Şəkidə keçirilən parlament seçkilərinə aidiyyatı olmayıb və həmin yazıda iddia edilib ki, R.M. Bakıda keçirilən parlament seçkilərinə müdaxilə edib (yuxarıda 8 (i) və 14-cü bəndlərdən çıxarışları müqayisə et).

63. Bundan əlavə, birinci ərizəçi yuxarıda qeyd olunan və ya digər mübahisələndirilən iddiaların, məsələn, A.M. kimi konkret şəxlərlə müsahibələrdən irəli gəldiyini sübut etmək bir yana, bunu heç vaxt iddia etməyib. Belə görünür ki, R.M.-in B.V.-nin deputat mandatını ləğv etmək təşəbbüsü ilə çıxış etməsi iddiasından başqa bütün mübahisəli ifadələr sözügedən məqalənin müəllifinin özündən irəli gəlib (yuxarıda 8 (i), (ii) və (iv) bəndlərindəki çıxarışlara bax) və ya etibarlı məlumat kimi oxucuya təqdim edilmiş əsassız şayiələrdən ibarət olub (yuxarıda 8-ci paraqrafda (iii) çıxarışa bax).

64. Nəticə etibarilə, belə hesab edilə bilməz ki, birinci ərizəçi sırf başqalarının R.M. barədə dedikləri haqqında məlumat verib və sadəcə özü ilə həmin ifadələr arasında məsafə qoymayıb.

65. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, birinci ərizəçi Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş “vəzifə və öhdəliklərini” yerinə yetirməyib və məqaləni dərc etməzdən əvvəl dəqiq və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etdiyini göstərməyib.

(δ) Tətbiq edilən sanksiyanın xarakteri və sərtliyi

66. Birinci ərizəçi Məhkəmə qarşısında iddia edib ki, təyin edilmiş sanskiya – yəni mənəvi zərərin ödənilməsi barədə qərar o qədər ağır olub ki, onun bağlanmasına səbəb olub.

67. Məhkəmə bununla bağlı qeyd edir ki, yerli məhkəmələr birinci ərizəçinin diffamasiya prosesində mülki məsuliyyət daşıdığını bildirib və onun üzərinə, inter alia, mənəvi ziyana görə 10.000 Azərbaycan manatı (AZN) ödəmək öhdəliyi qoyub (həmin vaxtın valyutası ilə təxminən 10.000 avro (EUR) məbləğinə ekvivalent).

68. Məhkəməyə təqdim edilmiş materiallardan aydın olur ki, birinci ərizəçi heç vaxt daxili məhkəmələr qarşısında kompensasiya məbləğinin sərtliyindən şikayət etməyib. Belə görünür ki, birinci ərizəçi qərarın icrası üçün görülən tədbirlərə də etiraz etməyib (yuxarıda 19-cu bəndə bax).

69. Birinci ərizəçi nə yerli məhkəmələrə, nə də Məhkəməyə həmin vaxt maliyyə vəziyyətini əks etdirən heç bir sənəd təqdim etməyib.

70. Bundan əlavə, birinci ərizəçi üçün sanksiyanın nəticələrinə dair mövcud məlumatlar ziddiyyətlidir. Belə ki, bir tərəfdən belə görünür ki, kompensasiyanın icrası üçün görülən tədbirlərdən sonra “Xural” qəzeti kağız daşıyıcıda nəşrini dayandırıb. Birinci ərizəçinin fikrincə, buna ona verilən sərt cəza səbəb olub. Digər tərəfdən, belə görünür ki, onun internet versiyası (www.xural.com) həm həmin dövrdə, həm də ondan sonra aktiv olaraq qalıb və məqalələr dərc etməyə davam edib. Əslində, belə görünür ki, qəzetin saytı heç vaxt fəaliyyətini dayandırmayıb. Bundan başqa, onun internet saytında dərc edilmiş məqaləyə əsasən, “Xural”ın kağız daşıyıcıda dərc olunmaması nəşriyyatların imtinası ilə bağlı olub və birinci ərizəçinin işçi heyəti qəzeti başqa adla nəşr etdirməyə cəhd edib (yuxarıda 21-22-ci bax).

71. Nəticə etibarilə, Məhkəmə belə nəticəyə gələ bilməz ki, birinci ərizəçiyə qarşı çıxarılan qərar onun iqtisadi əsaslarını sarsıdıb və iddia etdiyi kimi, bağlanmasına səbəb olub. Məhkəmə qeyd edir ki, sanksiyanın birinci ərizəçi üçün mənfi nəticələri olmalı idi. Buna baxmayaraq, hazırkı işdə birinci ərizəçi ona təyin edilmiş sanksiyanın qeyri-mütənasib olduğunu nümayiş etdirməyib.

(iii) Nəticə

72. Yuxarıdakı 53-cü bənddə qeyd olunan mülahizələri nəzərə alaraq, Məhkəmə daxili məhkəmələrin hazırkı işdə bir-biri ilə rəqabət aparan iki hüquq: reputasiya hüququ və ifadə azadlığı arasında tələb olunan balanslaşdırmanı həyata keçirməsi ilə qane olmur. Buna görə də, müvafiq faktları özü qiymətləndirməli olduqdan sonra (xüsusilə, yuxarıda 50-51 və 56-71-ci bəndlərə bax) Məhkəmə belə nəticəyə gəlir ki, birinci ərizəçinin ifadə azadlığı hüququna edilən müdaxilənin Konvensiyanın 10-cu maddəsinin mənasında “demokratik cəmiyyətdə zərurət” tələblərinə uyğun olmadığını söyləmək olmaz. Məhkəmə vurğulayır ki, sonuncu nəticə, medianın “gözətçi” rolunun hər hansı bir şəkildə zədələnməsinin qarşısını almaq zərurətinə lazımi diqqət yetirilməklə, hazırkı işin xüsusi halları işığında nəzərdən keçirilməlidir.

73. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. Birinci ərizəçi tərəfindən Konvensiyanın 10-cu maddəsinə əsasən verilmiş şikayəti qəbuledilən, ərizənin qalan hissəsini qəbuledilməz elan edir;

2. Qərara alır ki, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.

Qərar ingilis dilində tərtib edilib və 6 oktyabr 2022-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq yazılı açıqlanıb.

Victor Soloveytchik                      Síofra O’Leary
Katib Müavini                                 Sədr