BİRİNCİ BÖLMƏ
İSGƏNDƏROV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
QƏRAR
(Ərizə №50711/07, 50793/07, 50848/07, 50894/07 və 50924/07)
Strasburq
08 iyul 2010-cu il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
İsgəndərov və digərləri Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
17 iyun 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSEDUR
1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycana qarşı dörd şikayət üzrə iş 08 avqust 2007-ci ildə dörd Azərbaycan vətəndaşı tərəfindən başlanılmışdır:
– cənab Asif İsgəndərov, 1954-cü ildə anadan olub, şikayət № 50711/07;
– cənab Vasif İsmayılov, 1949-cu ildə anadan olub, şikayət № 50793/07;
– xanım Mirtəranə Kərimova, 1964-cü ildə anadan olub, şikayət № 50848/07;
– cənab Samid Kərimov, 1959-cu ildə anadan olub, şikayət № 50894/07; və
– xanım Sədaqət Əhmədova, 1959-cu ildə anadan olub, şikayət № 50924/07.
2. Ərizəçiləri Azərbaycanda vəkil işləyən cənab N. İsmayılov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.
3. Ərizəçilər iddia ediblər ki, onların xeyrinə olan qətnamələrin icra olunmaması Konvensiyanın 6 və 13-cü maddələri və 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.
4. Bölmənin Sədri aşağıdakı tarixlərdə şikayətlər barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib: 23 oktyabr 2008-ci ildə (№ 50711/07), 03 dekabr 2008-ci ildə (№ 50793/07 və 50848/07), 17 dekabr 2008-ci ildə (№ 50894/07) və 08 yanvar 2009-cu ildə (№ 50924/07).
5. Həmçinin qərara alınmışdır ki, şikayətlərin mahiyyətinə onların məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
6. Əlavədə göstərilmiş tarixlərdə ərizəçilərin hər birinə Bakıda eyni zamanda inşa olunmuş yaşayış binasında yerləşən mənzillər üçün yaşayış orderi verilmişdir (baxın, I Siyahı).
7. Eyni zamanda, ərizəçilərə məlum olmuşdur ki, onların müvafiq mənzilləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan müxtəlif məntəqələrdən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir.
8. Ərizəçilərə görə, bir neçə tələblərinə baxmayaraq, M. mənzili tərk etməkdən imtina edərək göstərmişdir ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur.
9. Müxtəlif tarixlərdə ərizəçilər Yasamal rayon məhkəməsində iddialar qaldıraraq, bu ailələrin onların mənzillərindən çıxarılmasını xahiş etmişlər.
A. 50711/07, 50793/07, 50848/07 və 50894/07 saylı şikayətlər
10. Əlavədə göstərilmiş tarixlərdə (I Siyahı) Yasamal rayon məhkəməsi ərizəçilərin tələblərini təmin etmiş və məcburi köçkün ailələrinin mənzillərdən çıxarılmasını qət etmişdir. Bütün işlərdə məhkəmə bu nəticəyə gəlib ki, yaşayış orderlərinə əsasən ərizəçilər mənzillərin yeganə sahibləridirlər və buna görə həmin mənzillər məcburi köçkün ailələri tərəfindən qanunsuz zəbt edilmişdir.
11. Yasamal rayon məhkəməsinin qətnamələrindən hər hansı şikayətlər verilməmiş və daxili qanunvericiliyə uyğun olaraq müvafiq şikayət etmə müddətlərindən sonra onlar qüvvəyə minmişdir. Lakin məcburi köçkün ailələri mənzilləri boşaltmaqdan imtina etmişlər və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamələr icra olunmamışdır.
12. 2006-cı ildə naməlum tarixdə eyni vəziyyətdə olan ərizəçilər Yasamal rayon məhkəməsində iddia qaldıraraq, şikayət etmişlər ki, Yasamal rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi (“Məhkəmə İcraçıları Şöbəsi”) qətnamələrin icrası üçün hər hansı addım atmamışdır.
13. 27 dekabr 2006-cı ildə Yasamal rayon məhkəməsi bu şikayətləri əsassız kimi rədd etmişdir. Ərizəçilər bu qətnamədən şikayət etmişlər. 12 noyabr 2007-ci ildə bir neçə şikayətlər və qətnamələrin ləğvindən sonra Apellyasiya Məhkəməsi ərizəçilərin tələblərini rədd etmiş və icraata xitam verərək, qətnamələrin icrası üçün yeni qətnamənin çıxarılmasının tələb olunmadığını qeyd etmişdir.
14. İş materiallarından görünür ki, hazırkı şikayətlərin Məhkəməyə verilməsindən sonra cavabdeh məcburi köçkün ailələri Yasamal rayon məhkəməsinə birgə müraciət edərək, onların mənzillərdən çıxarılması barədə qətnamələrin icrasına möhlət verilməsini xahiş etmişlər. Onlar iddia etmişlər ki, məcburi köçkün olduqları üçün sözügedən mənzillərdən başqa yaşayış yerləri yoxdur. Ərizəçilərlə son kommunikasiyalar zamanı görünür ki, bir neçə şikayətlər və qətnamələrin ləğvindən sonra məcburi köçkünlərin heç bir möhlət tələbləri təmin olunmamışdır. Bu işlər aşağıdakı kimi ümumiləşdirilə bilər.
15. 06 iyun 2008-ci il tarixli qətnamə ilə Yasamal rayon məhkəməsi prosessual tələblərə uyğun olmadığı üçün cavabdehlərin tələbini qeyri-məqbul elan etmişdir. Məhkəmə izah etmişdir ki, məcburi köçkünlər öz tələblərini ayrı-ayrılıqda verməlidirlər.
16. Belə tələblər yalnız iki şikayətə (50848/07 və 50894/07 saylı şikayətlər) aid məcburi köçkün ailələri tərəfindən verilmişdir:
(a) 50848/07 saylı şikayətə aid 10 noyabr 2008-ci ildə Yasamal rayon məhkəməsi möhlət tələbini təmin etmişdir. 19 dekabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi bu qətnaməni qüvvədə saxlamışdır. 23 fevral 2009-cu ildə Ali Məhkəmə möhlət barədə qətnaməni ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır.
(b) 50894/07 saylı şikayətə aid 02 iyul 2008-ci ildə Yasamal rayon məhkəməsi möhlət tələbini təmin etmişdir. 21 avqust 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi bu qətnaməni ləğv etmişdir. 20 oktyabr 2008-ci ildə Ali Məhkəmə sonuncu qətnaməni qüvvədə saxladı.
B. 50924/07 saylı şikayət
17. Sədaqət Əhmədovanın işində, 12 aprel 2007-ci ildə Yasamal rayon məhkəməsi hesab edib ki, yaşayış orderinə əsasən ərizəçi mənzilin yeganə qanuni kirayəçisidir və məcburi köçkün ailəsi mənzili qanunsuz zəbt edib. Lakin məcburi köçkün ailəsinin özünün Laçındakı daimi yaşayış yerinə qayıtmasının mümkünsüz olduğunu və yaşamağa başqa yaşayış yerinin olmadığını nəzərə alaraq, məhkəmə hesab edib ki, qətnamənin icrası onlar Laçına qayıdanadək və ya başqa yaşayış yeri ilə təmin edilənədək təxirə salınmalıdır. Ərizəçi bu qətnamədən şikayət verərək, müvafiq qanunun düzgün təfsir olunmadığını bildirmişdir. 06 noyabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi yeni qətnamə qəbul edərək, birinci instansiya məhkəməsinin qətnaməsini təxirə salma hissəsində ləğv etmişdir. Bakı Apellyasiya Məhkəməsi məcburi köçkün ailəsinin mənzildən çıxarılmasını bir daha təsdiq etdi. Bu qətnamədən hər hansı şikayət verilməmiş və o, qüvvəyə minmişdir.
C. Kompensasiya icraatları
18. 2008-ci ildə naməlum tarixdə ərizəçilər müxtəlif dövlət orqanlarına qarşı birgə iddia qaldıraraq, onların xeyrinə çıxarılmış məhkəmə qərarlarının icra olunmaması üçün kompensasiya tələb etmişlər. 19 dekabr 2008-ci ildə Yasamal rayon məhkəməsi ərizəçilərin tələblərini əsassız kimi rədd etmişdir. 03 mart 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsi və 03 iyul 2009-cu ildə Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışlar.
19. Ərizəçilərlə son kommunikasiya zamanı müvafiq qətnamələr icra olunmamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
20. Müvafiq daxili qanunvericilik Gülməmmədova Azərbaycana qarşı (№ 38798/07, §§ 18-24, 22 aprel 2010-cu il) iş üzrə qərarda ümumiləşdirilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN VƏ 13-CÜ MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
21. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə istinadən ərizəçilər Yasamal rayon məhkəməsinin onların xeyrinə çıxarılmış qətnamələrinin icraolunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müvafiq hissəsində nəzərdə tutur ki:
“Hər kəs onun mülki hüquq və azadlıqları müəyyən edilərkən, … məhkəmə vasitəsilə … işinin ədalətli… araşdırılması hüququna malikdir”.
Konvensiyanan 13-cü maddəsi nəzərdə tutur ki:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
1 saylı Protokolun 1-ci maddəsi nəzərdə tutur ki:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
22. Məhkəmə Reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə müvafiq olaraq, Məhkəmə ümumi faktiki və hüquqi əsasa malik olduqlarını nəzərə alaraq şikayətləri birləşdirməyi qərara alır.
A. Qəbuledilənlik
1. Məhkəmənin ratione temporis səlahiyyəti (50711/07 və 50793/07 saylı şikayətlərdə)
23. Məhkəmə qeyd edir ki, iki işdə ərizəçilərin xeyrinə olan məhkəmə qərarları 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl qəbul edilmişdir.
24. Məhkəmə qeyd edir ki, sözügedən qətnamələrin icrasında dövlət orqanlarının davamlı uğursuzluğu baxımından, onlar hələ icra olunmamış qalır. Burada davam edən vəziyyət vardır və buna görə Məhkəmə şikayətlərin 15 aprel 2002-ci ildən sonrakı müddətə aid hissəsini araşdırmağa səlahiyyətlidir (baxın, yuxarıda qeyd olunmuş Gülməmmədova işi, § 26).
2. Daxili vasitələr
25. 50711/07, 50793/07, 50848/07 və 50894/07 saylı şikayətlərə aid Hökumət iddia edib ki, ərizəçilər daxili vasitələri tükətməmişlər. Bununla bağlı, Hökumət iddia edib ki, ərizəçilər müvafiq şikayətlərini Məhkəməyə verdikləri anda ərizəçilərin Məhkəmə İcraçıları Şöbəsinə qarşı araşdırmalar hələ davam edirdi.
25. Ərizəçilər Hökumətlə razılaşmamış və qeyd etmişlər ki, Hökumətin təklif etdiyi vasitələr hazırkı işin hallarına uyğun gəlmir.
26. Məhkəmə qeyd edir ki, oxşar etiraz Hökumət tərəfindən Gülməmmədova işində qaldırılmış və Məhkəmə tərəfindən rədd olunmuşdur (baxın, yuxarıda qeyd olunmuşGülməmmədova işi, § 27). Məhkəmə bu işdəki mövqeyinə istinad edir və ondan kənara çıxmağa hər hansı əsas görmür. Buna görə, Hökumətin etirazının bu hissəsi rədd olunmalıdır.
3. Nəticə
27. Daha sonra Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən onlar məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
29. Hökumət bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanda məcburi köçkünlərin böyük sayına görə onların məskunlaşdırılması ilə bağlı ciddi problem vardır. Hökumət qeyd edib ki, ərizəçilərin xeyrinə olan qətnamələr icra oluna bilməzdi, ona görə ki, sözügedən mənzildə yerləşmiş məcburi köçkünlərin yaşaması üçün başqa yer yoxdur.
30. Ərizəçi şikayətini təkrar etmişdir.
31. Məhkəmə qeyd edir ki, ərizəçilərin xeyrinə olan qətnamələr təxminən altı ildən səkkiz ilədək fərqlənməklə əhəmiyyətli müddətdə icra olunmamış qalmışdır.
32. Məhkəmə vurğulayır ki, bu işlərin faktiki halları oxşardır və edilmiş şikayətlər və qaldırılmış məsələlər Gülməmmədova işində olanlarla identikdir. Məhkəmə təkrarlayır ki, həmin işdə o, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntularını müəyyən etmişdir.
33. Malik olduğu bütün materialları araşdıraraq, Məhkəmə hesab edir ki, Hökumət hazırkı işdə fərqli qənaətə gəlmək üçün hər hansı inandırıcı fakt və ya dəlil irəli sürməmişdir.
34. Xüsusən, Məhkəmə qəbul etməyə hazırdır ki, bu işlərdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçilərin xeyrinə olan qətnamələrin icrasında müəyyən çətinliklər yaratmışdır. Buna baxmayaraq, qətnamələr qüvvədə qalmış, onların icrası üçün dövlət orqanları tərəfindən hər hansı adekvat addımlar atılmamışdır. Dövlət orqanlarının sözügedən qətnamələrin icrası üçün davamlı və lazımlı addımlar atdıqları göstərilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamələrin icrasındakı əhəmiyyətli gecikdirmə üçün Hökumət hər hansı əsaslı izahat irəli sürməmişdir (baxın, yuxarıda qeyd olunmuş Gülməmmədova işi, § 40).
35. Mülkiyyət hüquqlarının iddia olunan pozuntusu barədə ərizəçilərin dəlilinə gəldikdə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında müəyyən olunmamışdır ki, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılması öhdəliyinə riayət olunması üçün dövlət orqanları üzərlərinə düşən hər hansı spesifik addımlar atmışlar. Belə olan halda, bir neçə illər ərzində qətnamələrin icrasının təmin olunmasında uğursuzluq ərizəçilərin həddən artıq fərdi yükə məruz qaldıqları vəziyyətlə nəticələnmişdir. Məhkəmə hesab edir ki, buna görə hər hansı kompensasiyanın olmadığı yerdə dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər (baxın, yuxarıda qeyd olunmuş Gülməmmədova işi, § 43-50).
36. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.
37. Məhkəmə Konvensiyanın 13-cü maddəsi üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsinə aid lex specialis-dır (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il).
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
38. Konvensiyanən 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
7. Maddi zərər
39. Ərizəçilər maddi zərərə aid II Siyahıda göstərilmiş müxtəlif məbləğləri tələb etmişlər. Tələb olunmuş məbləğlər xərclənmiş kirayə haqlarını və mənzillərin iddia olunan bazar qiymətini əhatə edir. Ərizəçilər xərclənmiş kirayə haqlarını şəhərin müvafiq hissəsində yerləşən mənzillərin kirayə qiymətinin aylıq bazar dərəcəsi barədə məlumata əsasən hesablamışlar. Həmin məlumat bu məsələlərdə ixtisaslaşan birlikdən əldə olunmuşdur.
40. Hökumət iddia edib ki, ərizəçilər mənzillərin bazar qiymətinə aid hər hansı kompensasiya tələb edə bilməzlər. Hökumət daha sonra bildirib ki, eyni birliyə müraciət edərək, öz mənzillərindən istifadə edə bilmədikləri üçün ərizəçilərin xərclədikləri kirayə haqqına aid tələbin əsasını yoxlamış və Əlavədə (II Siyahı) bu məsələyə aid göstərilmiş məbləğləri maddi zərər kimi qəbul etməyə hazır olduqlarını bildirmişlər.
41. Tələblərin mənzillərin bazar qiymətinə aid hissəsinə gəldikdə, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında hər hansı səbəbli əlaqə görmədiyi üçün Məhkəmə həmin tələbi rədd edir.
42. Tələblərin kirayə haqqına aid hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında müəyyən səbəbli əlaqə vardır və mənzilləri üzərində nəzarəti itirdikləri üçün ərizəçilər maddi zərərlə üzləşməli olmuşlar. Tərəflərin dəlillərini araşdıraraq və ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə zərərin hesablanmasında Hökumətin təklif etdiyi əsasları qəbul edir və bu məbləğlərin üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, kirayə haqqına aid Əlavədə (II Siyahı, Hökumətin qəbul etdiyi məbləğ) göstərilmiş məbləğləri ərizəçilərə təyin edir.
2. Mənəvi zərər
43. Mənəvi zərərə aid ərizəçilər 20.000 avrodan 25.000 avroyadək müxtəlif məbləğlər tələb etmişlər (baxın, Əlavədə II Siyahı).
44. Hökumət mənəvi zərərlə bağlı hər birinə aid maksimum 1.000 avro məbləğini qəbul etməyə hazır olduğunu bildirmişdir.
45. Məhkəmə hesab edir ki, onların xeyrinə yekun məhkəmə qərarlarının davamlı icra olunmaması nəticəsində ərizəçilərə mənəvi zərər vurulmuşdur. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə ərizəçilərə aşağıdakı kompensasiyaları təyin edir:
– cənab Asif İsgəndərov (№ 50711/07) — 4.800 avro;
– cənab Vasif İsmayılov (№ 50793/07) — 4.800 avro;
– xanım Mirtəranə Kərimova (№ 50848/07) — 4.800 avro;
– cənab Samid Kərimov (№ 50894/07) — 4.800 avro; və
– xanım Sədaqət Əhmədova (№ 50924/07) — 1.600 avro;
46. Bundan başqa, Məhkəmə hesab edir ki, ərizəçilərin qətnamələrinin qüvvədə qalmasını nəzərə alaraq, onların icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçilər bu qətnamələrin icrasına nail olmaq hüququna hələ malikdirlər. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçilər Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacaqları vəziyyətə mümkün qədər yaxınlaşdırılsınlar (baxın,Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə qeyd olunan qətnamələrin icrasını təmin etməlidir.
B. Xərc və məsrəflər
47. Ərizəçilər, həmçinin Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1.500 avro tələb etmişlər. Bu tələb konkretləşdirilməmiş və ya hər hansı sənədlərlə təsdiq olunmamışdır.
48. Hökumət bu tələbi əsassız hesab etmişdir.
49. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədlərin təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.
C. Faiz dərəcəsi
50. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətləri birləşdirməyi qərara alır;
2. Şikayətləri qəbuledilən elan edir,
3. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır,
4. İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır,
5. Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır,
6. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə ərizəçilərin xeyrinə olan daxili məhkəmə qərarlarının icrasını təmin etməlidir;
7. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində aşağıdakı məbləğləri ərizəçilərə ödəməlidir:
– cənab Asif İsgəndərova (№ 50711/07) — maddi zərərə görə 13.051 (on üç min əlli bir) avro və mənəvi zərərə görə 4.800 (dörd min səkkiz yüz) avro;
– cənab Vasif İsmayılova (№ 50793/07) — maddi zərərə görə 12.191,35 (on iki min yüz doxsan bir avro otuz.beş sent) avro və mənəvi zərərə görə 4.800 (dörd min səkkiz yüz) avro;
– xanım Mirtəranə Kərimovaya (№ 50848/07) — maddi zərərə görə 11.369 (on bir min üç yüz altmış doqquz) avro və mənəvi zərərə görə 4.800 (dörd min səkkiz yüz) avro;
– cənab Samid Kərimov (№ 50894/07) — maddi zərərə görə 10.407,8 (on min dörd yüz yeddi avro səkkiz sent) avro və mənəvi zərərə görə 4.800 (dörd min səkkiz yüz) avro; və
– xanım Sədaqət Əhmədova (№ 50924/07) — maddi zərərə görə 12.196 (on iki min yüz doxsan altı) avro və mənəvi zərərə görə 1.600 (min altı yüz) avro;
(b) yuxarıdakı məbləğlər həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(c) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
8. Ədalətli kompensasiya üçün ərizəçilərin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 08 iyul 2010-cu ildə göndərilib.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr