№50612/18 KAMRAN MAHMUDOV AZƏRBAYCANA QARŞI – 9 NOYABR 2023-CÜ İL

© tərcümə – aihmaz.org

 

 

BİRİNCİ BÖLMƏ

 

KAMRAN MAHMUDOV AZƏRBAYCANA QARŞI

(Ərizə № 50612/18)

 

QƏRAR

 

STRASBURQ

9 noyabr 2023-cü il

 

Bu qərar qətidir, ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Mahmudov Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Krzysztof Wojtyczek, Sədr
Lətif Hüseynov,
Erik Wennerström, hakimlər,
və Liv Tigerstedt, iclas katibi,

Məhkəmə qarşısında Böyük Britaniyada iqamət edən hüquqşünaslar cənab P. Hughes, cənab A. Jones, cənab C. Yeginsu və xanım A. Vermeer, Azərbaycanda iqamət edən hüquqşünas cənab X. Ağaliyev tərəfindən təmsil olunan Azərbaycan Respublikası vətəndaşı, 1982-ci ildə anadan olmuş, Bakı şəhərində yaşayan Kamran Eldəniz oğlu Mahmudov tərəfindən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (№ 50612/18);

Ərizə ilə bağlı Azərbaycan Hökumətinin (“Hökumət”) təmsilçisi Cənab Ç.Əsgərovun məlumatlandırılması haqqında qərarı;

tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

17 oktyabr 2023-cü il tarixdə xüsusi müzakirə aparıb,

həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

 

İŞİN HALLARI

1. Ərizə hər hansı məhkəmə qərarı olmadan müstəqil jurnalist olan ərizəçiyə səyahət qadağasının tətbiq eidlməsi, onun qanunsuz olaraq saxlanılması və həbsdə tutulması ilə bağlıdır.

2. Ərizəçi 22 iyun 2017-ci il tarixdə sərhəddə Azərbaycandan Gürcüstana keçmək istəyəndə ona Azərbaycan sərhədlərini tərk etməsinə qadağa qoyulduğu bildirilib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan ərizəçi, ardınca, Qazax Rayon Polis Şöbəsinin (QRPŞ) əməkdaşlarına təhvil verilib. Ərizəçi sərbəst buraxılana qədər təxminən 7 saat polis nəzarətində tutulub.

3. Ərizəçinin Azərbaycanı tərk etmək hüququna məhdudiyyətin Daxili İşlər Nazirliyi tərəfindən qoyulduğu görünməkdədir. Ancaq bu məhdudiyyətin tətbiqinin səbəbləri və hüquqi əsasları məlum deyil.

4. Ərizəçi ona tətbiq edilmiş səyahət məhdudiyyəti iə bağlı əlaqəli qurumlardan yetərli izah ala bilməməsinin ardınca, inzibati qaydada məhkəməyə şikayət edib, ona tətbiq edilən məhdudiyyətin qanuna uyğunluğunu mübahisələndirib. Bunumla yanaşı, saxlanılmasının və həbsdə tutulmasının qanunsuzluğundan şikayət edib.

5. Ərizəçinin şikayətlərini araşdırmaqdan imtina edən inzibati məhkəmələr, həmin şikayətləri prosessual əsaslarla rədd ediblər. Ali Məhkəmə, 13 mart 2018-ci il tarixli yekun qərarı ilə aşağı məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb. Həmin qərrın surəti ərizəçiyə 30 aprel 2018-ci il tarixdə təqdim edilib.

6. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanan ərizəçi, Azərbaycanı tərk etməsinə yerli hakimiyyət orqanları tərəfindən qadağa tətbiq edilməsinin onun hərəkət azadlığı hüququnu pozmasından şikayət edib. O, həmçinin, Konvensiyanın 5 və 10-cu maddələrinə söykənərək, saxlanılmasının və QRPŞ-də həbsdə tutulmasının qanunsuzluğundan və tətbiq edilən səyahət qadağasının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ

ƏRİZƏNİN BAXILACAQ İŞLƏRİN SİYAHISINDAN ÇIXARILMASI İLƏ BAĞLI HÖKUMƏTİN KONVENSİYANIN 37.1-ci MADDƏSİ ÜZRƏ XAHİŞİ

7. Hökumət 17 dekabr 2019-cu il tarixdə ərizədə qaldırılan məsələlərin həlli edilməsi üçün Məhkəməyə təktərəli bəyannamə təqdim edib, xahiş edib ki, ərizə baxılacaq işlərinin siyahısından çıxarılsın.

8. Ərizəçi, əsasən hökumətin təklif etdiyi təzminatın məbləğinin yetrsiz olduğunu və Hökumətin onun Konvensiyanın 5 və 10-cu maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunu etiraf etmədiyini bildirərək, təktərəfli bəyannamənin şərtlərini qəbul etməyib.

9. Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin şərtlərini incələyən və xüsusilə, təklif edilən təzminat məbləğinin ərizəçinin Konvensiya üzrə iddia edilən hüquqlarının pozuntusu üçün uyğun və yetərli əvəz təşkil etmədiyini (Mürsəliyev və başqaları Azərbaycana qarşı, №66650/13 və başqa 10 ərizə, §§ 7-62, 13.12.2018) təsbit edən Məhkəmə, təqdim edilmiş bəyannamənin, Konvensiyada və onun Protokollarında müəyyən edilmiş insan hüquqlarına sayğının, bu ərizəni araşdırmağa davam etməmək nəticəsinə gəlmək üçün yetərli təməl təşkil etmədiyi qənaətinə gəlir (bax: Tahsin Acar Türkiyəyə qarşı [GC], №26307/95, §75, AİHM 2003-VI).

10. Bu səbəblərə görə, Məhkəmə, Hökumətin ərizənin Konvensiyanın 37.1-ci maddəsinə uyğun olaraq baxılacaq işlərin siyahısından çıxarılması ilə bağlı xahişini rədd edir və ərizənin qəbuledilənlik meyarı və mahiyyəti üzrə incələnməsini davam etdirir.

HÖKUMƏTİN ƏRİZƏNİN QƏBULEDİLƏNLİYİ İLƏ BAĞLI ETİRAZI

11. Hökumət təqdimatında, ərizəçiyə səyahət qadağasının tətbiq edilmədiyini, buna görə də onun hər hansı pozuntunun qurbanı kimi qəbul edilməməli olduğunu bildirib. Bundan əlavə, səyahətinə yalnız bir dəfə məhdudiyyət tətbiq edilməsi səbəbindən ərizəçinin önəmli dezavantaja məruz qalmadığını bildirib.

12. Məhkəmə, birinci arqumentlə bağlı ərizəçinin 22 iyun 2017-ci il tarixdə Azərbaycanı tərk etməsinin əngəllənməsinin və daha sonra QRPŞ-nə aparılaraq orda təxminən yeddi saat saxlanılmasının mübahisəsiz olduğunu qeyd edir. Mübahisə edilməyən bu reallığa rəğmən, ərizəçinin hüquqlarının pozulması iddiası milli səviyyədə heç vaxt etiraf olunmayıb, ona bununla bağlı hər hansı təzminat təmin edilməyib. Məhkəmə, bu səbəblərə görə, Hökumətin ərizəçinin qurban status ilə bağlı təqdimatını qəbul etmir (yuxarıda, Mürsəliyev və başqaları ilə müqayisə, §24).

13. Məhkəmə, ikinci arqumentlə bağlı vurğulayır ki, azadlıq hüququnun demokratik cəmiyyətdə önəmli yer tutmasının işığında 5-ci maddə ilə bağlı şikayətlərə münasibətdə “önəmli dezavantajın olmaması”nın qəbuledilənlik meyarı kimi tətbiqini indiyə qədərki təcrübəsində rədd edib (bax: Zelčs Latviyaya qarşı, №65367/16, §44, 20.02.2020-ci il; Muxtarlı və Aslanlı Azərbaycana qarşı, №13509/12 və №64801/12, §13, 23.03.2023). Məhkəmə hazırkı işdə bu yanaşmasını dəyişmək üçün hər hansı səbəb görmür və Hökumətin etirazını qəbul etmir.

KONVENSİYANIN 5.1-ci MADDƏSİNİN POZUNTUSU İDDİASI

14. Nəsirov və başqaları Azərbaycana qarşı (№58717/10, §§46 47, 20.02.2020) işində qanunsuz saxlanılma və həbs ilə bağlı ümumi prinsiplər ifadə edilib.

15. Məhkəmə hazırkı işdə, ərizəçinin 22 iyul 2017-ci il tarixdə Azərbaycan-Gürcüstan sərhədində saxlanılmasının, daha sonra QRPŞ-nə aparılmasının mübahisəsiz olduğunu vurğulayır.

16. Məhkəmə bundan əlavə, ərizəçinin durumuna aydınlıq gətirildikdən dərhal sonra saxlanıldığı hava limanını tərk etməkdə sərbəst buraxılan Qəhrəmanlı Azərbaycana qarşı (Ərizə № 26291/06, §45, 15.11. 2013) işinin hallarından fərqli olaraq, hazırkı işdə dövlət təmsilçilərinin ərizəçinin sərhədi keçməsinə icazə verməməsindən sonra onun QRPŞ-nə aparıldığını və təxminən 7 saat orada saxlanıldığını qeyd edir.

17. Ərizəçinin azadlıqdan məhrum edilməsinin ümumiyyətlə sənədləşdirilmədiyi, hər hansı rəsmi qeydiyyatın aparılmadığı və rəsmi icazəsiz həbs təşkil etdiyi anlaşılır, hansı ki, Məhkəmənin sürəkli olaraq vurğuladığı kimi, bu, Konvensiyanın 5-ci maddəsinin təməlində dayanan ən önəmli təminatların tamamilə rədd edilməsini, həmin maddənin tələblərinin çox ciddi şəkildə pozulmasını ortaya qoyur. Saxlanmanın tarixi, vaxtı, yeri, saxlanılan şəxsin adı, saxlanılmanın səbəbləri, saxlanılmanı həyata keçirən şəxsin adı ilə bağlı rəsmi qeydlərin olmaması qanuna uyğunluq şərti və Konvensiyanın 5-ci maddəsinin məqsədləri ilə bir araya sığmır (bax: Nəsirov və başqalarının işi, §49).

18. Beləliklə, bu şikayət qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğunu ortaya qoymaqdadır.

KONVENSİYANIN 4 SAYLI PROTOKOLUNUN 2-ci MADDƏSİNİN POZUNTUSU İDDİASI

19. Məhkəmə, presedent hüququnda müəyyən edilən və Mürsəliyev və başqalarının işində (yuxarıda qeyd olunan, §29-31) ortaya qoyulan və hazırkı iş üçün də eyni dərəcədə keçərli olan ümumi prinsiplərə istinad edir.

20. Məhkəmə, ərizəçiyə doğrudan da səyahət qadağasının tətbiq edildiyini müəyyən edir. Hazırkı işin hallarına xitab edən Məhkəmə, Mürsəliyev və başqalarının işində (yeni orada, §§29-36) oxşar şikayəti araşdıraraq, istintaq orqanlarının hər hansı məhkəmə qərarı olmadan ərizəçilərə səyahət qadağası tətbiq etməsinin “qanuna uyğun” olmadığı nəticəsinə gəldiyini vurğulayır. Məhkəmə, Mürsəliyev və başqaları işində apardığı analizin və gəldiyi nəticənin hazırkı iş üçün də keçərli olduğu qənaətindədir və bu qənaətindən sapmağa hər hansı yetərli əsas görmür.

21. Beləliklə, ərizəçinin bu şikayəti də qəbulediləndir və ərizəçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan ölkəsini tərk etmək hüququnu pozduğunu ortaya qoyur.

KONVENSİYANIN 10-cu MADDƏSİNİN POZUNTUSU İDDİASI

22. İşin hallarını, tərəflərin təqdimatlarını və yuxarıda gəlinmiş nəticələri (yuxarıda, §18, §21) diqqətə alan Məhkəmə, ərizədə qaldırılan təməl hüquqi məsələləri nəzərdən keçirdən keçirdiyini və ərizəçinin Konvensiyanın 10-cu maddəsinə əsaslanan şikayətinin qəbuledilənliyi və mahiyyəti ilə bağlı ayrı qərar verməyə ethiyac olmaması qənaətinə gəlir (bax: adından Hüquq Resursları Mərkəzi – Valentin Câmpeanu Rumıniyaya qarşı, №47848/08, §156, AİHM 2014; Qənbərova və başqaları Azərbaycana qarşı №1158/17 və başqa 2 ərizə, §19, 21.09. 2023).

KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

23. Ərizəçi, ədalətli əvəzlə bağlı tələblərini təqdim etməsi üçün icazə verilən müddətin uzadılmasına rəğmən, belə tələb irəli sürməyib. Məhkəmə, bu səbəbdən ərizəçiyə hər hansı məbləğin ödənilməsinə yönəlik istəyin mövcud olmaması qənaətindədir.

BU SƏBƏBƏLƏRƏ GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

Hökumətin ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarmaq barədə təqdimatını rədd edir;

Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanan şikayətləri qəbuledilən elan edir;

Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;

Qərara alır ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulub;

Qərara alır ki, Konvensiyanın 10-cu maddəsinə əsaslanan şikayətin qəbuledilənliyini və mahiyyətini araşdırmağa ehtiyac yoxdur.

Qərar ngilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, 9 noyabr 2023-cü ildə yazılı şəkildə elan edilib.

Liv Tigerstedt                           Krzysztof Wojtyczek
Iclas katibi                                 Sədr