№5046/07 İLQAR MƏHƏRRƏMOV AZƏRBAYCANA QARŞI – 9 MAY 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ

MƏHƏRRƏMOV AZƏRBAYCANA QARŞI
(Ərizə №5046/07)

QƏRAR
(Kompensasiya)

STRASBURQ

9 May 2019

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Məhərrəmov Azərbaycana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:

Angelika Nußberger, Sədr
Yonko Grozev,
André Potocki,
Síofra O’Leary,
Gabriele Kucsko-Stadlmayer,
Lətif Hüseynov,
Lado Chanturia, hakimlər,

və Claudia Westerdiek, Palatanın müavini,

2 Aprel 2019-cu il tarixində qapalı iclas keçirərək,

Həmin tarixdə aşağıdakı qərarı qəbul etdilər:

PROSEDUR

1. İş Azərbaycan Respublikası vətəndaşı,cənab İlqar Hilal oğlu Məhərrəmov (bundan sonra-“ərizəçi”)tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 11 yanvar 2007-ci il tarixində Məhkəməyə ünvanlanmış ərizəsi (№5046/07) ilə başlanılmışdır.

2. 30 mart 2017-ci il tarixli qərarında (“əsas qərar”) Məhkəmə bu qərara gəldi ki, ərizəçi bir dükandan və onun yerləşdiyi torpaqdan ibarət olan mülkiyyətindən qanunun tələbi pozulmaqla məhrum edilmişdir ,nəticədə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermişdir (bax: Məhərrəmov v. Azərbaycan, № 5046/07, 30 Mart 2017§§ 65-66 və əsaslandırıcı müddəaların 2-ci bəndi).

3. Konvensiyanın 41-ci maddəsinə əsasən, ərizəçi, dükanının dəyərinə, habelə mənəvi zərərə görə kompensasiya və məhkəmə icraatında çəkilmiş xərclərin ödənilməsini tələb etmişdir.

4. Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi hazır olmadığı üçün Məhkəmə onu sonrakı tarixə saxladı və Hökuməti və ərizəçini üç ay müddətində bu məsələ ilə bağlı yazılı məlumatlarla müraciət etməyə və xüsusilə də, onların gələ biləcəyi hər hansı bir razılıq barədə (əsaslandırıcı müddəaların 72-ci və 3-cü bəndi) Məhkəməni məlumatlandırmağa çağırdı.

5. Tərəflər göstərilən müddət ərzində ədalətli kompensasiyanın ödənilməsi barədə razılığa gəlməmişdir. Ərizəçi və Hökumət hər biri müəyyən rəy verə bilməsi üçün digər tərəfə izahatlar göndərdilər.Tərəflər öz rəylərini də təqdim etdi.

QANUN

6. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Maddi zərər

1. Tərəflərin təqdimatları

7. Ərizəçi ilk növbədə aşağıdakılar daxil edilməklə,maddi zərərə görə 90,412 avro (EUR) tələb etdi:
(a) Ekspert qiymətləndirmə şirkəti Aysel-M tərəfindən 13 Dekabr 2004-cü il hesabatı ilə qiymətləndirilmiş, müdaxilə zamanı mağazanın bazar dəyəri üçün 588,000,000 köhnə Azərbaycan manatı (AZM) və ya 120,000 ABŞ dolları (USD) – ərizəçiyə görə, müdaxilə zamanı bu məbləğlər 90,322 avroya bərabər idi; (b) ekspert xidmətlərinə və dövlət rüsumunun dövlətdaxili səviyyədə ödənilməsinə görə 90 avro.

8. Əsas qərar qəbul edildikdən sonra ərizəçi öz iddiasını dəyişərək, 50.000 avroya qədər azaltdı.Xüsusilə, o bildirdi ki: “Kompensasiya müəyyən etməklə biz Məhkəmədən, Hökumətə göndərilmiş [50.000 avro maddi ziyana görə] Kompensasiya miqdarındakı yeni təkliflərimizi icra etməyi xahiş edirik”. Görünür ki, bu məbləğin hamısı mağazanın bazar qiyməti üçün kompensasiya kimi tələb olunurdu. O, iddia məbləğini azaltmasını yaxşı niyyətin ifadəsi olaraq izah etdi.

9. Ərizəçinin ilkin tələbi ilə bağlı şərhlərində Hökumət bildirdi ki, ərizəçinin dükanı “nə sökülmüş, nə də zədələnmiş” olduğundan, maddi zərərə görə kompensasiya verilməli deyil. Bundan əlavə,o iddia etdi ki,hər bir halda, ərizəçi dükan üçün 2003-cü ildə ona ödədiyi alış qiymətindən-305 ABŞ dolları və faiz kimi 5 ABŞ dolları məbləğindən çox məbləğ tələb edə bilməz (bax: əsas qərar, §§ 6 və 36)

10. Əsas qərarın qəbul olunmasından sonra təqdim edilmiş izahatlarında Hökumət ərizəçinin iddiasını mübahisələndirərək qeyd etdi ki, ərizəçinin Məhkəməyə təqdim etdiyi Aysel-M tərəfindən hazırlanmış ekspert hesabatının surətində müvafiq tarix qeyd edilməmişdir və buna görə də bu hesabatın mağazanın müsadirəsindən əvvəl və ya sonra tərtib edildiyini müəyyənləşdirmək mümkün deyil.

11. Hökumət iddia etdi ki, ərizəçinin əmlakının dəyəri 2004-cü ildə təxminən 18,00020,000 yeni Azərbaycan manatı (AZN) olmuşdur. Bu arqumentə uyğun olaraq Hökumət, Mülkiyyət münasibətləri və Hüquqi Yardım MMC adlı şirkət tərəfindən 29 Mart 2018-ci il tarixində tərtib edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin (“GŞİH”) müavininə ünvanlanmış məktubu Məhkəməyə təqdim etdi.Məktubda qeyd edilir ki, GŞİH-nın 29 mart 2018-ci il tarixli sorğusu əsasında şirkət ərizəçinin mülkiyyətinə aid sənədləri araşdırmış və nəticəyə gəlmişdir ki, 2004-cü ildə onun “orta bazar dəyəri” 18000-20000 AZN-dir (bu, müdaxilə zamanı-2004-cü ilin dekabrında təqribən 13 700 – 15.200 avroya, məktubun tərtibolunma tarixində- 29 mart 2018-ci ildə isə 8.650- 9.600 avroyadək məbləğv təşkil edirdi.)

2. Məhkəmənin qiymətləndirməsi

12. Məhkəmə xatırladır ki,Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur.Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir(bax: digər məsələlər arasında, Hunguest Zrt Macarıstana qarşı (əvəzin ədalətli ödənilməsi ), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).

13. Hökumətin ərizəçinin dükanının sökülmədiyi və ziyan görmədiyi sübutuna gəldikdə (yuxarıda 9-cu bəndə bax), Məhkəmə əsas qərarında bu qənaətə gəlmişdir ki, mağazanın əldən alınması Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ikinci cümləsinin mənası daxilində “mülkiyyətdən məhrum edilmə” hesab edilir. (əsas qərara baxın, § 58).Ərizəçinin əmlakı dükan və onun yerləşdiyi torpaq sahəsini əhatə etmişdir (ibid, § 55).Məhkəmə daha sonra 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu aşkar etmişdir,çünki ərizəçinin mülkiyyətinə müdaxilə qanunilik tələbinin pozulması ilə baş vermişdir(ibid, § 65).Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçi öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir.

14. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi Məhkəmənin Guiso-Gallisa İtaliyaya qarşı işindəki ((əvəzin ədalətli ödənilməsi) [BP], no 58858/00, 22.12.2009) qərarında qəbul edilmiş prinsiplərə əsaslanmalıdır. Xüsusilə, maddi zərərin (məsələn, əmlakın bazar qiyməti) qiymətləndirilməsində nəzərə alınacaq tarix əmlakdan məhrumolmanın baş verdiyi tarix olmalıdır və əgər dövlətdaxili səviyyədə hər hansı kompensasiya ödənilibsə,bu,əmlakın bazar dəyərinə uyğun olan məbləğdən çıxılmalıdır (ibid, §§ 103-05). Bundan əlavə, bu məbləğ inflyasiyanın təsirlərini əvəzləşdirmək üçün cari dəyərinə çevrilməlidir və faiz ən azı ərizəçinin əmlakdan məhrum edilmiş olduğu uzun dövr üçün müəyyən hissədə ödənilməlidir.(ibid., § 105).

15. Hazırki işdə dövlətdaxili məhkəmə proseslərində heç bir məhkəmə ekspertiza rəyi olmamışdır: birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi verilməsi üçün qərardad çıxarılmasına baxmayaraq, bu qərardad icra edilməmişdir (bax: əsas qərar, §§ 15-16).

16. Tərəflərin hər biri Məhkəməyə 2004-cü il-ərizəçinin mülkiyyətindən məhrum olduğu vaxt üçün ərizəçinin əmlakının bazar dəyərini fərqli məbləğdə təqdim etmişdir.Məhkəmə bu səbəbdən, zərərin qiymətləndirilməsi üçün hansı məbləğin əsas kimi götürüləcəyini müəyyənləşdirməlidir.

17. Əsas qərardan sonra Hökumətin öz izahatlarında təqdim etdiyi qiymətə gəldikdə, Məhkəmə qeyd edir ki,onlar Mülkiyyət münasibətləri və Hüquqi Yardım MMC adlı şirkət tərəfindən 29 Mart 2018-ci il tarixində tərtib edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin (“GŞİH”) eyni tarixli qiymətləndirmə sorğusuna cavab olaraq göndərilmiş məktuba istinad etmişlər.(yuxarıda 11-ci bəndə baxın).Məktuba heç bir detallı ekspert qiymətləndirmə hesabatı əlavə edilməmişdi.Bu isə sadəcə bir sıra təqribi məbləğləri əks etdirirdi və istifadə olunan metodlara,hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad etmirdi. Məktubda əks olunan rəy daxili məhkəmələr tərəfindən araşdırılmamışdı, çünki o,müvafiq daxili məhkəmə icraatı başa çatdıqdan təxminən on iki il sonra verilmişdir.

18. Ərizəçinin təqdimatına gəldikdə, Məhkəmə qeyd edir ki, 2004-cü ilin dekabr ayında,mülkiyyətinə müdaxilənin baş verdiyi dövrdə Aysel-M tərəfindən hazırlanmış bir ekspert hesabatına davamlı olaraq istinad etmişdir. Hesabat istifadə olunmuş metodologiya və qiymətləndirmə üçün əsasları əks etdirmişdir.Hökumət hesabatın tarixinin dəqiq yazılmadığını iddia etsə də, işə əlavə edilən hesabatın surətində “Dekabr,2004-cü il” yazılmışdır və ekspertin imzası, Aysel-M direktoru,habelə şirkətin möhürü əks olunmuşdur.Doğrudur, bu surət onun verildiyi ayın dəqiq tarixini göstərmir;Lakin Məhkəmə, mövcud materialları nəzərə alaraq,qane olur ki, bu, iş materiallarında istinad olunan 13 dekabr 2004-cü il tarixli eyni hesabatın surətidir.Ərizəçi eyni hesabatı daxili məhkəmələr tərəfindən araşdırılması üçün təqdim etsə də (bax:əsas qərar, maddə 12-13),məhkəmələr heç bir səbəb göstərmədən və yerli qanunvericiliyin tələblərinin pozaraq, bu hesabat əsasında onun verdiyi kompensasiya tələbini rədd etmişdir. (ibid., § 17) və (ibid, §§ 62-65).

19. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin təqdim etdiyi rəyi hazırlayan ekspertin keyfiyyətlərini mübahisələndirməyib və öz ekspert rəyini təqdim etməyib (müqayisə etmək üçün Żuk Polşaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 48286/11, § 21, 30 may 2017 və SL və JL Xorvatiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), 13712/11, §§ 19-20, 6 oktyabr 2016). Qeyd etmək lazımdır ki, Məhkəmə bu işdə olduğu kimi kompensasiyanın ödənilməsi məsələsini təxirə saldıqda,bunu tərəflərə barışıq razılaşması əldə etmə və ya 41-ci maddənin tətbiqinin qərara hazır olduğuna dair yazılı izahatlar təqdim etmək üçün etmişdi.Yuxarıda 17-ci paraqrafda göstərilən səbəblərə görə,Hökumət tərəfindən təqdim olunan Mülkiyyət münasibətləri və Hüquqi Yardım MMC şirkətinin məktubu ekspert rəyi hesab edilə bilməz.Hökumətin bu işdə təqdim etdiyi sübutlar əmlakın bazar dəyərinin qiymətləndirilməsinə kifayət qədər yardım göstərmədikdə, Məhkəmə ərizəçinin təqdim etdiyi qiymətləndirmə əsasında işi davam etdirməkdən başqa seçim görmür (bax: Dimitrovi Bolqarıstana qarşı (əvəzin ədalətli ödənilməsi) , № 12655/09, § 22, 21 iyul 2016).

20. Mövcud bütün sübut materiallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, 13 dekabr 2004-cü il tarixli Aysel-M tərəfindən hazırlanmış ekspert rəyi bu işdə maddi zərərin qiymətləndirilməsinin əsası hesab edilməlidir. Həmin hesabata görə ərizəçinin mülkiyyətindən məhrum edildiyi vaxt əmlakın bazar dəyəri təxminən 588.000.000 manat və ya 120.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir,bu da,ərizəçiyə görə müdaxilə zamanı təxminən 90,322 avroya bərabər olmuşdur.

21.Yuxarıda 14-cü bənddə göstərilən Guiso-Gallisa prinsiplərinə uyğun olaraq, yuxarıdakı qiymətləndirmələrə heç bir düzəlişlər edilmir.Dövlətdaxili səviyyədə ərizəçiyə heç bir kompensasiya verilməmişdir və tərəflərdən yeni torpaq sahəsi verildiyini göstərəcək heç bir məlumat əldə edilməmişdir (bax: əsas qərar, § 21).

22. Bununla belə, Məhkəmə qeyd edir ki, əsas qərarı qəbul etməsindən sonrakı izahatlarında ərizəçi öz tələbini dəyişərək, onu 50 min avroya endirmişdir. Bu vəziyyətdə, Məhkəmə non-ultra petita prinsipi əsasında ərizəçiyə iddia edilən miqdarda kompensasiya ödənilməlidir.

23. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq, Məhkəmə ərizəçiyə 50,000 avro və bu məbləğdən ödənilməli olan hər hansı vergi miqdarında məbləğ ödənilməlidir.

B. Mənəvi zərər

24. Ərizəçi mənəvi zərərə görə 10 min avro tələb etdi.

25. Hökumət iddia edilən məbləğin həddən artıq olduğunu bildirdi. Onlar hesab etdilər ki.bu işdə pozuntunun aşkar edilməsi özündə ərizəçinin məruz qaldığı mənəvi zərərə görə əvəzin ədalətli ödənilməsini də əhatə edir.

26. Konvensiyanın 41-ci maddəsinin tələblərinə əsasən,Məhkəmə hesab edir ki, ərizəçiyə bu başlıq altında 3,000 avro və bu məbləğ üçün verilməli olan vergi ödənilməlidir.

C. Xərclər və məsrəflər

27. Ərizəçi Məhkəmə icraatında yaranan məsrəflər və xərclərə görə 2,534 avro tələb etdi,buraya məhkəmə xərcləri üçün 1,590 EUR, tərcümə xərcləri üçün 672 avro və poçt xərcləri üçün 272 avro daxildir.

28. Hökumət iddia etdi ki, tələbin tərcümə xərcləri ilə bağlı hissəsi həddən artıqdır və tələbin poçt xərcləri ilə bağlı hissəsi rəsmi sübutlarla təsdiq edilməmişdir.

29. Məhkəmə təkrar edir ki, xərclər və məsrəflərin ödənilməsi yalnız bunların həqiqi və zəruri və məbləğin ağlabatan olduğunda tətbiq olunur. Məhkəmə Reqlamentinin 60-cı Qərarına əsasən, ərizəçi irəli sürdüyü bütün tələbləri tərkib elementləri üzrə ətraflı bölməklə və müvafiq təsdiqedici sənədləri və ya ödəniş haqqında qəbzləri əlavə etməklə, işin mahiyyəti üzrə izahatlarını təqdim etməsi üçün müəyyən edilən müddət ərzində tələblərini təqdim edilməlidir, Palatanın Sədrinin başqa cür sərəncam verdiyi hallar istisna təşkil edir.

30. Məhkəmə qeyd edir ki, iddianın poçt xərclərinə dair hissəsi rəsmi sübutlarla təsdiqlənmir və buna görə də rədd edilməlidir. Məhkəmə xərclərinə və tərcümə xərclərinə gəldikdə,rəsmi sənədlərin olması və yuxarıdakı meyarlar əsasında,Məhkəmə hesab edir ki,Məhkəmədə çəkilmiş xərclər və ərizəçiyə qoyula biləcək vergiyə görə,ona 1900 avro ödənilməlidir.

D. Qərarın icrasının gecikdirilməsinə görə faiz

31. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Qərara alır ki,

(a) Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevrilməlidir:

(i) Maddi ziyana görə 50,000 avro (əlli min avro), tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla;

(ii)Mənəvi ziyana görə 3,000 avro (üç min avro), tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla;

(iii) məhkəmə xərcləri və digər məsrəflər üçün 1900 avro (min doqquz yüz avro), tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla;

(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;

2. Ərizəçinin iddiasının Ədalətli kompensasiya ilə bağlı qalan hissəsini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3cü bəndlərinə uyğun olaraq 09 May 2019-cu ildə yazılı şəkildə elan olunub.

Claudia Westerdiek                          Angelika Nußberger
Katib müavini                                    Sədr