№48946/16 ELDƏNİZ QULİYEV AZƏRBAYCANA QARŞI – 24 APREL 2023-CÜ İL

24 aprel 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 48946/16

Eldəniz Cümşüd oğlu QULİYEV Azərbaycana qarşı
9 avqust 2016-cı il tarixdə daxil olub

3 aprel 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi ərizəçiyə qarşı Daxili İşlər Naziri tərəfindən xüsusi ittiham qaydasında başlanılmış və daha sonra xəbər portalında da yayılan Facebook-da böhtan məzmunda olduğu iddia edilən paylaşımına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnən cinayət işi ilə bağlıdır. Paylaşımda daxili işlər nazirinə xitab edən ərizəçi şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisinin davranışını tənqid edib və bunu qanunsuz və qeyri-etik davranış kimi qiymətləndirib.

Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə ərizəçi Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək, 480 saat ictimai işlər və 1000 Azərbaycan manatı məbləğində cərimə cəzasına məhkum edilib. Ərizəçinin şikayətlərinin ardınca hökm Ali Məhkəmənin 16 dekabr 2015-ci il tarixli yekun qərarı ilə qüvvədə saxlanılıb (ərizəçiyə 9 fevral 2016-cı il tarixdə məlumat verilib).

Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçi daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

Ərizəçinin ifadə azadlığı hüququna Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında müdaxilə baş veribmi? Əgər belədirsə, müdaxilə qanuni məqsəd üçün 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi? Ərizəçiyə qarşı tətbiq edilən sanksiyalar qarşıya qoyulan məqsədlərə mütənasib olubmu?

Tərəflərdən ərizəçi tərəfindən dərc edilmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan sözügedən Facebook paylaşımının ingilis və ya fransız dilinə tərcüməsini təqdim etmələri xahiş olunur.