№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 11-13 iyun 2024-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1501-cü toplantı, 11-13 iyun 2024 (DH)

H46-4 Məmmədli Qrupu (№47145/14) Azərbaycana qarşı

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərlə bağlı

2. Avropa Məhkəməsinin müəyyən etdiyi kimi cinayət qanunvericiliyindən onları cəzalandırmaq və susdurmaq məqsədi ilə sui-istifadənin nəticəsi olaraq ərizəçilərin məhkumluqlarının hələ də qüvvədə olmasından təəssüflənir;

3. Nazirlər Komitəsinin çoxsaylı və təcili çağırışlarına və onun sədrinin bu işlərlə bağlı Məhkəmənin qərarlarından irəli gələn öhdəliklərinə tam və səmərəli riayət etmək üçün hakimiyyət orqanlarını təcili həll yolları tapmağa çağıran məktubuna baxmayaraq, qalan ərizəçilərin məhkumluqlarının ləğv edilməsi üçün daxili məhkəmələr qarşısında çoxdan gözlənilən icraatın nəticələrinə dair hər hansı yeni məlumatın təqdim edilməməsindən dərin üzüntüsünü ifadə edir;

4. səlahiyyətliləri qərarların icrasını təmin etmək məqsədi ilə yüksək səviyyəli dialoqa getməyə qətiyyətlə həvəsləndirir, hakimiyyət orqanlarını səylərini ikiqat artırmağa, qalan yeddi ərizəçinin məhkumluğunun dərhal ləğv edilməsinə, onların cinayət qeydlərindən silinməsinə, mülki və siyasi hüquqlarının tam bərpası da daxil olmaqla ərizəçilərə qarşı cinayət ittihamı ilə bağlı bütün digər nəticələrin aradan qaldırılmasına çağırır;

5. 1507-ci toplantısında (sentyabr 2024) (DH) fərdi tədbirlərlə bağlı nəzərəçarpacaq irəliləyiş əldə edilmədiyi təqdirdə, bu işlər üzrə növbəti baxış zamanı yeni tədbirlərin görülməsini nəzərdə tutan addımlar atmağa hazır olduqlarını təsdiq edirlər;

Ümumi tədbirlərlə bağlı

6. hakimiyyət orqanları tərəfindən, xüsusilə, Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı görülən müsbət tədbirləri xatırladır və icra hakimiyyətinin məhkəmə sisteminə hər hansı potensial təsirini daha da məhdudlaşdırmaq məqsədi daşıyan qanun layihəsinin Parlamentə təqdim edilməsini məmnunluqla qeyd edir;

7. hakimiyyət orqanlarını, qisas və pis niyyətli həbslərə və təqiblərə qarşı sağlam və ardıcıl milli məhkəmə təcrübəsini bərqərar edəcək əsas ümumi tədbir olaraq, hazırkı qrupda qalan ərizəçilərin məhkumluqlarını ləğvini təmin etməyə çağırır;

8. Ali Məhkəmədə yeni açılmış işlərlə bağlı proseslərin həddən artıq və səbəbi izah edilməyən gecikmələri narahatlıqla qeyd edir, Məhkəmənin qərarlarının tam qüvvəyə minməsi üçün yerli məhkəmələr tərəfindən təsirli təkrar araşdırma prosedurunun təmin edilməsinin zəruriliyini vurğulayır;

9. səlahiyyətliləri Katiblik ilə məsləhətləşmələri davam etdirməyə və Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək üçün Avropa Şurasının Əməkdaşlıq Layihəsindən tam faydalanmağa təşviq edir.