№44727/09 FUAD HÜSEYNOV AZƏRBAYCANA QARŞI – 31 YANVAR 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ

 

Fuad HÜSEYNOV Azərbaycana qarşı

 

QƏRAR

 

Ərizə №44727/09

31 yanvar 2019-cu il 

 

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 8 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

André Potocki, Prezident,
Marišš Mits,
Lado Chanturia, hakimlər,
və Milan Blaško, iclasın katibi,

Cavadeh Hökumət tərəfindən təqdim edilmiş müşahidələri, ərizəçinin cavab təqdimatlarını nəzərə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı verdi:

FAKTLAR

1. Ərizəçi Fuad Hüseynov 1972-ci ildə doğulub, Ucar rayonunda yaşayan Azərbaycan vətəndaşıdır. Onu Məhkəmə qarşısında Azərbaycanda yaşayan hüquqşunaslar Cənab R.Mustafayev və Cənab Ə.Mustafayev təmsil edib.

2. Azərbaycan Hökumətini isə (“Hökumət”) hökumətin nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

A. İşin halları

3. İşin halları tərəflərin təqdim etdiyi kimi aşağıdakı kimi ümumiləşdirilə bilər.

4. Bu işdə Ərizəçi mübahisələndirilən məhkəmə çəkişməsindən əvvəl A.S. və onun ailəsinə qarşı böhtan və təhqir ittihamı əsasında məhkum olunmuş, ona 6 aylıq həbs cəzası kəsilmişdi.

5. A.S. ərizəçinin yuxarıda qeyd edilən məhkumluğunu əsas göstərərək Ucar rayon Məhkəməsində mülki məhkəmə iddiası qaldırdı, mənəvi zərər əvəzi olaraq, 200.000 manat (həmin vaxt təxminən 161.000 avro) təzminat tələb etdi. A.S. məhkəmə qarşısında iddia etdi ki, ərizəçinin A.S. və onun ailəsi ilə bağlı aşağılayıcı ifadələr və rəsmlər olan plakatları hazırlaması və onları yaşadıqları şəhərdə ictimailəşdirməsi nəticəsində mənəvi ziyana məruz qalıb.

6. Qeyd edilməyən bir tarixdə məhkəmə ərizəçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinə iddia ərizəsinin surətini və bildiriş göndərdi, həmin bildirişdə cavabdehin məhkəmə iclasında bilavasitə iştirak etmək, yazılı olaraq, ifadəsini təqdim etmək haqları da daxil olmaqla hüquqları ilə bağlı bilgi verilir, ilkin məhkəmə hazırlıq iclasının 3 oktyabr 2007-ci il tarixinə təyin edildiyi barədə məlumat verilmirdi. Bildiriş və ona əlavə edilmiş sənədlərin alınması 19 sentyabr 2007-ci il tarixdə ərizəçinin imzası ilə təsdiq edilib.

7. 30 oktyabr 2007-ci il tarixdə məhkəmə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məktub göndərdi, ərizəçinin 6 noyabr 2007-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmasını xahiş etdi.

8. Eyni tarixdə, 30 oktyabr 2007-ci ildə, ərizəçi mülki iddia üzrə məhkəmə prosesinə sədrlik edən hakimə onun məhkum edildiyi məhkəmə işində də sədrlik etməsi səbəbindən etiraz etdi, onun işdən geri çağırılması ilə bağlı ərizə təqdim etdi.

9. Məhkəmə, 6 noyabr 2007-ci il tarixdə ərizəçiyə mülki iddiaya etirazını bildirməsi üçün vaxt verdi, məhkəmə iclasını 22 noyabr 2017-ci il tarixə qədər təxirə saldı.

10. Məhkəmə ərizəçinin məhkəmə sədrinə etirazına 22 noyabr 2007-ci il tarixdə baxdı və iddiaların əsaslandırıla bilməməsi səbəbindən ərizənin rədd edilməsinə qərar verdi.

11. Eyni tarixdə Ucar Rayon Məhkəməsi ərizəçinin iddiaçıya 5.000 AZN (təxminən 4.000 avro) ödəməsinə əmr edib. Qərardan və məhkəmə iclasının protokolundan da görünür ki, məhkəmə işin faktlarını araşdırmayıb, yalnız ərizəçinin məhkum edilməsi kontekstində əldə edilən nəticələrə əsaslanıb.

12. Ərizəçinin nümayəndəsi birinci instansiya məhkəməsi qarşısındakı mühakimədə iştirak edib və bütün məhkəmə iclaslarına qatılıb. Məhkəmə qarşısındakı sənədlərdə iddia edilən zərərin miqdarı ilə bağlı hər hansı bir konkret iddia irəli sürüldüyü görünmür.

13. 25 dekabr 2007-ci il tarixdə ərizəçinin vəkili Ucar Rayon Məhkəməsinin Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əməl etmədiyi əsası ilə apellyasiya şikayəti verib.

14. Əli Bayramlı Apelyasiya Məhkəməsi 6 fevral, 4 mart və 19 mart 2008-ci il tarixlərində istintaq təcridxanasında olan ərizəçiyə və onun nümayəndəsinə sonuncu yaşayış yerinə bildiriş göndərməklə müvafiq olaraq, 4 və 18 mart və 3 aprel 2008-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırdı.

15. Hökumətin təqdim etdiyi məktubların “çatdırılma bildirişləri”nə (poçt göndərişinin çatdırılmasının təsdiqi ilə bağlı) görə, ərizəçinin nümayəndəsi məhkəmə prosesinin vaxtı və yeri barədə bildirişləri 14 və 25 mart 2008-ci il tarixlərdə şəxsən qəbul edib.

16. 18 mart 2008-ci il tarixdə məhkəmə iclası ərizəçinin nümayəndəsinin iştirak etməməsi səbəbindən təxirə salınıb.

17. 30 mart 2008-ci il tarixdə ərizəçinin özü 3 aprel 2008-ci il tarixinə təyin edilmiş məhkəmə iclası haqqında bildirişə imza atıb və yazılı şəkildə məhkəmədən məhkəmə iclasının 5 aprel 2008-ci il tarixə qədər təxirə salınmasını və onun şəxsi iştirakı üçün tədbirlər görülməsini xahiş edib. Elə həmin tarixdə onun xahişi istintaq təcridxanasının rəisinin müşayiət məktubu ilə məhkəməyə göndərilib. Hökümətin təqdimatına görə, ərizəçinin tələbi 8 aprel 2008-ci il tarixdə məhkəməyə çatdırılıb.

18. Əli Bayramlı Apelyasiya Məhkəməsi 3 aprel 2008-ci il tarixdə ərizəçinin apelyasiya şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburi olduğunu vurğulayan məhkəmə müəyyən etdi ki, Ucar Rayon Məhkəməsi ərizəçinin məsuliyyətə cəlb edilməsinin səbəblərini incələməkdən doğru olaraq çəkinib və ödəniləcək olan zərərin miqdarını müəyyən etməklə kifayətlənib.

19. Ərizəçi 2 iyul 2008-ci il tarixdə əvvəlki şikayətlərinə əsaslanaraq Ali Məhkəməyə kassasiya şikayəti verdi. Ali Məhkəmədəki məhkəmə iclasında vəkilin iştirakının məcburiliyi tələb olunduğuna görə, ərizəçi məhkəmə tərəfindən ayrılmış hüquqi yardım vəkilinə müraciət etdi.

20. Ali Məhkəmə 3 mart 2010-cu il tarixdə Əli Bayramlı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı və məhkəmənin əsaslandırmasını təsdiqlədi. Qərardan görünür ki, ərizəçinin vəkili məhkəmə iclasında iştirak edib, ancaq iddiaçı A.S. və habelə onun vəkili prosesdə iştirak etmirdi.

B. Uyğun daxili qanunvericilik

21. 28 dekabr 1999-cu ildə qəbul edilən və rəsmi qəzetdə dərc edilən (Azərbaycan Respublikasının qanunvericilik toplusu – 2000, No. 1, Maddə 17) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi) əlaqəli maddələri aşağıdakı kimidir:

Maddə 1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik

“1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.
1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.
1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
…”
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar
“…
82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. .”
Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri

“…
185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.
185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.
185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir…”

22. 20 iyul 2000-ci il tarixdə qəbul edilmiş (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi – “CPM”) və rəsmi qəzetdə dərc edilmiş (2000, No. 8 (Kitab II), Maddə 585) Cinayət Prosessual Məcəlləsinin uyğun maddələri aşağıdakı kimidir:

Maddə 178. Məcburi gətirilmə

178.1. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
178.2. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
…”

ŞİKAYƏT

23. Ərizəçi şikayətində bildirmişdi ki, onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması hüququ pozulub, çünki yerli məhkəmələr ona qarşı qaldırılan mülki məhkəmə prosesi ilə bağlı apellyasiya məhkəməsində iştirakını təmin etməyiblər.

QANUNVERİCİLİK

24. Ərizəçi şikayət edib ki, istintaq təcridxanasının rəhbərliyi vasitəsilə göndərilmiş 30 mart 2008-ci il tarixli yazılı müraciətinə baxmayaraq, Əli Bayramlı Apelyasiya Məhkəməsi ona cavab verməyib və 3 aprel 2008-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı təmin edilməyib. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakı kimidir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir….”

A. Tərəflərin dəlilləri

25. Hökumət, Məhkəmənin presedent hüququna əsaslanaraq, Konvensiyanın 6-cı maddəsinin mülki məhkəmə qarşısında şəxsi iştirak hüququnu təmin etmədiyini, əksinə işin məhkəməyə səmərəli şəkildə təqdim edilməsi və qarşı tərəflə bərabərliyi təmin etmək üçün daha ümumi hüquq olduğunu iddia etdi. Ərizəçinin nəzarətdə olduğu hallarda, Məhkəmə məhkumların bir yerdən başqa yerə köçürülməsində aşkar çətinliklər nəzərə alınmaqla, həbs edilmiş ərizəçinin vəkil tərəfindən təmsil olunmasının bərabərlik prinsipinə zidd olmayacağını qəbul etdi və iddianın ərizəçinin şəxsi təcrübəsinə əsaslanmamadığını vurğuladı.

26. Hökumət bildirdi ki, hazırkı işdə yerli məhkəmələr ərizəçini məhkəmə prosesləri barədə daim məlumatlandırıb və o bütün instansiyalar məhkəmələrindən əvvəl dinləmələr barədə məlumatlı olub.

27. Əli Bayramlı Apelyasiya Məhkəməsinin 3 aprel 2008-ci il tarixli xüsusi iclasına və ərizəçinin məhkəmə iclasında iştirak etmək üçün 30 mart 2008-ci ildə göndərdiyi tələbə gəldikdə, Hökümət apelyasiya məhkəməsinin bu tələbə reaksiya verə bilmədiyini bildirdi. Hökumət bildirir ki, tələb qərar verildikdən və məhkəmə prosesi başa çatdıqdan sonra, 8 aprel 2008-ci ildə qəbul edilib.

28. Buna baxmayaraq, ərizəçinin onu məhkəmədə təmsil edə biləcək qanuni nümayəndəsi olduğu üçün işini məhkəməyə təqdim etmək hüququndan məhrum edilmiş sayıla bilməz. İş materialından aydın olur ki, ərizəçinin nümayəndəsi apelyasiya məhkəməsi qarşısında dinləmə tarixləri və yerləri barədə daim məlumatlandırılırdı. Bundan əlavə, dinləmələrin protokollarından da göründüyü kimi, əvvəllər ərizəçinin nümayəndəsinin olmaması səbəbindən məhkəmə bir neçə dəfə təxirə salınmışdır. Nəticə etibarilə, ərizəçinin bu iclasda təmsilçisiz qalmasına səbəb olan nümayəndənin apelyasiya məhkəməsindən öncəki dinləmələrə heç bir əsas olmadan gəlməməsi idi.

29. Hökumət ayrıca iddia etdi ki, ərizəçi əvvəlki cinayət prosesində bu cinayəti törətməkdə təqsirli bilindiyindən bütövlükdə prosedurlar, xüsusən Əli Bayramlı Apelyasiya Məhkəməsindən öncəki prosseslər faktların araşdırılmasını və ya ərizəçinin məsuliyyətinin qiymətləndirilməsini özündə ehtiva etmədi və mülki məhkəmələrin rolu onun ödəməli olduğu zərərin miqdarını qiymətləndirməklə ciddi şəkildə məhdudlaşdırılmışdı. Ərizəçinin iddiası onun şəxsi təcrübəsinə əsaslanmadığından onun iştirakı gərəksiz hesab edilə bilər.

30. Son olaraq, hökumət mübahiələndirdi ki, Əli Bayramlı Apelyasiya Məhkəməsində görülən işlər ədalətli məhkəmə araşdırmasının tələblərinə tam uyğun olmasa da, ərizəçinin vəkili apelyasiya iclasında iştirak etdiyi üçün Ali Məhkəmədəki məhkəmə iclası zamanı bərabərlik prinsipinin düzəldildiyini iddia etdi.

31. Ərizəçi qeyd etdi ki, Hökumət 30 mart 2008-ci ildə göndərdiyi məhkəmə iclasında iştirak etmək üçün icazə tələbinin 8 aprel 2008-ci ildə Əli Bayramlı Apelyasiya Məhkəməsinə çatdırıldığını qəbul etdi. O, gec çatdırılma və tələbi ilə əlaqədar yaranan çatışmazlığa görə məsuliyyət daşımadığını bildirdi.

32. Ərizəçi daha sonra iddia etdi ki, yerli məhkəmələr onun tutulması barədə xəbərdar idilər və onun həbsxanadan köçürülməsi və məhkəmə iclaslarında iştirak etməsi üçün tədbirlər görməli idilər. Xüsusilə, CPM-nin 178-ci maddəsinə istinad edərək bildirdi ki, Əli Bayramlı Apelyasiya Məhkəməsinin həmin maddəyə əsaslanan məhkəmə qərarı verilməsi hökumətin onun icraatda iştirakını təmin etmək üçün lazımi tədbirlər görməsi üçün kifayət olacaqdı.

B. Məhkəmənin əsaslandırması

33. 6-cı maddənin 1-ci bəndinə əsasən tətbiq olunan ümumi prinsiplər Aždajić Sloveniyaya qarşı (71872/12, §§ 47-48, 8 oktyabr 2015), Gankin və digərləri Rusiyaya qarşı (nos . 2430/06 və 3 digəri, §§ 25-28, 31 may 2016) və ən sonunda, Bartaia Gürcüstana qarşı (№ 10978/06, §§ 26-29, 26 iyul 2018) işlərdə ifadə edilmişdir.

34. Ərizəçinin daxili məhkəmələrin CPM-nin 178-ci maddəsini icra edə bilməməsi ilə bağlı arqumentinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, daxili qanunları tətbiq etmək və şərh etmək milli hakimiyyət orqanlarının, xüsusən də yerli məhkəmələrin işidir. Avropa Məhkəməsi isə müəyyən bir araşdırma səlahiyyətini həyata keçirə bilər (bax, Hammerton Birləşmiş Krallıq əleyhinə, № 6287/10, § 107, 17 mart 2016). Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, Azərbaycanın mülki prosessual qaydaları məhkəmə icraatının MPM-ə uyğun aparılmasını nəzərdə tutur və cinayət prosesinə aid qaydaların tətbiqini nəzərdə tutmur (bax, yuxarıdakı 21-ci bənd). Bundan əlavə, CPM-nin 178-ci maddəsi cinayət prossesi başlamazdan əvvəl məcburi gətirməni açıq şəkildə məhdudlaşdırır (bax, yuxarıdakı 22-ci bənd). Bu fonda, Məhkəmə ərizəçinin dəlilləri ilə razı deyil və qeyd edir ki, hazırkı işin hallarında ərizəçiyə qarşı mülki iddianı araşdıran yerli məhkəmələrin cinayət işi üzrə qaydalar tətbiq etmək səlahiyyəti yoxdur.

35. Ərizəçinin 3 aprel 2008-ci ildə keçirilən Əli Bayramlı Apelyasiya Məhkəməsində iclasda iştirak etmək üçün müraciət ərizəsinin vaxtında verilməməsi və sonradan apellyasiya məhkəməsinin qiymətləndirmə apara bilməməsi ilə bağlı mübahisələrinə gəldikdə, Məhkəmə, Azərbaycan mülki prosesual qanunvericliyi məhkəmələrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərin məhkəmədə ikinci dəfə iştirak etmədiyi halda işə mahiyyəti üzrə baxmağa icazə verir (yuxarıdakı 21-ci bəndə bax). Bu işdə ərizəçi və onun təmsilçisi keçiriləcək üç məhkəmə iclası barədə qabağcadan məlumatlandırlıb və ən azı bir – 18 mart 2008-ci il məhkəmə iclası ərizəçinin nümayəndəsinin iclasa gəlməməsi səbəbindən təxirə salınıb. Bundan əlavə, apellyasiya məhkəməsi ərizəçinin nümayəndəsinin 14 və 25 mart 2008-ci il tarixlərində məhkəmə bildirişlərini aldığına dair sübutları var (yuxarıdakı 14-16 bəndlərə bax). Buna görə də, Əli Bayramlı Məhkəməsinin ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan ərizəçi barədə olan iddiaları araşdırması MPM-nin 185.4-cü maddəsinə uyğun olaraq əsassız olmayıb.

36. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti onun apellyasiya məhkəməsindən öncəki iclasda iştirak edə bilməməsi ilə məhdudlaşır və o əslində onu şəxsən dinlənilməməsindən şikayətlənir.

37. Azərbaycan mülki prosessual qanunvericliyi mülki iddiaları araşdıran məhkəmələrə işin mülki iddiadan əvvəl cinayət icraatında açılan faktlarını yenidən araşdırmaq hüququnu vermir. Hazırkı işdə, ərizəçinin məhkum olunduğu cinayətin mülki məsuliyyətinə dair qərarı, yalnız aidiyyatı olan cinayət işinin nəticələrinə əsaslanmış və heç bir yeni sübutun araşdırılmasını əhatə etməmişdir (bax yuxarıdakı 11-ci paraqraf). Ərizəçinin cinayətinin qurbanına ödəniləcək zərərin miqdarı daxili məhkəmələr tərəfindən həll ediləcək məsələ olduğundan onun şəxsi iştirakını tələb edən bir şey deyildi. Məhkəməyə görə daha vacib olan məsələ ərizəçinin öz arqumentlərini təqdim etmək və qarşı tərəfin irəli sürdüyü arqumentlərə şərh edə bilmək imkanının olmasıdır. Bu baxımdan Məhkəmə bildirir ki, mülki məhkəmə prosesində ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək üçün zəruri olan məqam aidiyyəti şəxsə sənədlərlə tanış olmaq, onlara etiraz və şərh vermək fürsətinin verilməsidir (bax:Trubic Xorvatiya qarşı (qərar), № 44887/10, § 29, 2 oktyabr 2012).

38. Bu baxımdan Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı ərizəçiyə ona qarşı irəli sürülən iddia barədə lazımi qaydada məlumat verilib və öz arqumentlərini bütün dinləmələrdə iştirak edən nümayəndəsi vasitəsilə təqdim etmək üçün kifayət qədər imkanı var idi. O, bu fürsətdən istifadə edib, məsələn, sədrlik edən hakimin dəyişdirilməsini tələb edib (yuxarıdakı 8-ci bəndə bax).

39. Həm ərizəçi, həm də onun nümayəndəsi apellyasiya məhkəməsi iclaslaslarından öncə məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırılırdı. Lakin ərizəçinin nümayəndəsi,məhkəmə iclaslarının tarixi və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o heç bir əsas olmadan iclaslarda iştirak etməyib və iclasların təxirə salınmasını istəməyib. Bununla əlaqədar, Məhkəmə bir daha qeyd edir ki, razılığa gələn Tərəflərin məsuliyyəti onların orqanlarının hərəkətləri ilə təmsil olunur. Bir vəkil, dövlət tərəfindən rəsmi olaraq təyin olunsa belə, o dövlət orqanının adından çıxış etdiyi hesab edilə bilməz. Hüquq peşəsinin dövlətdən müstəqilliyini nəzərə alaraq, işin aparılması tərəfin və onun vəkili arasındakı məsələdir, vəkilin hüquqi yardım qaydasında təyin olunmağından və ya özəl maliyyələşdirilməsinin asılı olmayararaq, xüsusi hallar istisna olmaqla, Konvensiyaya görə dövlət məsuliyyət daşamır (bax: Smyk Polşaya qarşı, № 8958/04, § 54, 28 iyul 2009).

40. Sonradan, Ali Məhkəmədə ərizəçinin kassasiya şikayətinə baxılması zamanı o məhkəmə iclasında tam səlahiyyətlə iştirak edə biləcək bir vəkil tərəfindən təmsil olunub və ərizəçi adından mövcud materiallara şərh vermək imkanı olub.

41. Bu şərtlərdə, ərizəçinin mülki hüquq və vəzifələri ilə bağlı məhkəmə prosesində iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırmasının təminatlarına zidd olacaq dərəcədə pozulduğunu söyləmək olmaz.

42. Qeyd edilənlərin işığında ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq şəkildə əsassızdır.

Bu səbəblərə görə Məhkəmə yekdilliklə,

Ərizəni qəbuledilməz elan edir.

Qərar ingilis dilində hazırlanıb və 31 yanvar 2019-cu ildə yazılı şəkildə açıqlanıb.

Milan Blaško, İclasın katibi

André Potocki, Sədr