BİRİNCİ BÖLMƏ
İsmayılov Azərbaycana qarşı
(Ərizə №4439/04)
Qərar
Strasburq
17 yanvar 2008-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
İsmayılov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Lukis Lukaides,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni; hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
11 dekabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Prosedur
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab İsmayıl Əsgər oğlu İsmayılovun («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayəti üzrə (№ 4439/04) iş 30 dekabr 2003-cü ildə başlanılmışdır.
2. Hüquqi yardım alan ərizəçini Bakıda işləyən vəkil xanım L. Mədətova təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi iddia etdi ki, təsisçisi olduğu ictimai birliyin dövlət qeydiyyatında əhəmiyyətli gecikmələr onun birləşmək hüququnu pozmuş, daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış və ictimai birliklərin Azərbaycanın Ədliyyə Nazirliyinə qarşı qaldırılmış məhkəmə araşdırmalarında ifadə olunan daxili vasitələr səmərəli olmayıb.
4. 30 noyabr 2006-cı ildə Palatanın Sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, Məhkəmə belə qənaətə gəldi ki, işin mahiyyətini onun məqbuliyyəti ilə eyni vaxtda araşdırsın.
Faktlar
I. İşin halları
5. Ərizəçi 1947-ci ildə anadan olub və Bakı şəhərində yaşayır.
6. Ərizəçi 06 sentyabr 1999-cu ildə təsis edilən «İnsan və Mühit» adlanan birliyin təsisçilərindən biri olub.
7. 30 sentyabr 1999-cu ildə təsisçilər birliyin qeydə alınması üçün hüquqi şəxslərin dövlət qeydiyyatına cavabdeh olan hakimiyyət orqanı Ədliyyə Nazirliyinə («Nazirlik») müraciət etdi. Daxili qanunvericiliyə müvafiq olaraq, qeyri-hökumət təşkilatı hüquqi şəxs statusunu yalnız Nazirlikdə dövlət qeydiyyatına alındıqdan sonra əldə edir.
8. 11 fevral 2000-ci il tarixdə, qeydiyyat üçün müraciətdən təxminən dörd ay yarım keçəndən sonra, Nazirlik hər hansı hərəkətlər etmədən, yəni dövlət qeydiyyatı şəhadətnaməsini vermədən və birliyi qeydə almaqdan imtina etmədən, qeydiyyat sənədlərini təsisçilərə qaytardı. Nazirlik qeyd etdi ki, birliyin nizamnaməsi «İctimai Birliklər haqqında» 10 noyabr 1992-ci il tarixli Qanunun 1-ci maddəsinə uyğun deyildir.
9. Təsisçilər Nazirliyin izahlarına uyğun olaraq nizamnaməni yenidən tərtib etdilər və 24 iyul 2000-ci il tarixdə nizamnamənin yeni variantını təqdim etməklə, dövlət qeydiyyatı üçün təkrarən müraciət etdilər. 28 dekabr 2000-ci il tarixdə Nazirlik, birliyin üzvlərinə dair nizamnamənin müddəalarının «Qeyri-hökumət təşkilatları haqqında» 13 iyun 2000-ci il tarixli Qanunun («QHT Qanunu») 10-cu maddəsinə uyğun olmadığı üçün, başqa imtina ilə cavab verdi.
10. Ərizəçilər yenidən nizamnaməni düzəltdilər və 28 avqust 2002-ci il tarixdə qeydə alınmaq üçün üçüncü müraciətlərini verdilər.
11. Dövlət qeydiyyatına dair üçüncü müraciətlərinə cavab almayaraq, 25 oktyabr 2002-ci il tarixdə təsisçilər Nazirlik tərəfindən qanunla müəyyən olunmuş müddətdə onların təşkilatını qeydə almaqdan «yayınmasından» şikayətlənərək və Nazirliyə onu qeydə almağı məhkəmədən xahiş edərək iddia qaldırmışlar. Onlar, həmçinin, mənəvi zərərin ödənilməsini tələb etdilər. 02 dekabr 2002-ci il tarixdə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində hər hansı qanunsuzluğu aşkar etmədiyi üçün onların iddiasını rədd etdi. Məhkəmə müəyyən etdi ki, birliyin nizamnaməsi daxili qanunvericiliyə müvafiq olaraq tərtib edilməmişdir. Təsisçilər qətnamədən Apellyasiya Məhkəməsinə şikayət etmişlər.
12. Eyni zamanda, 06 dekabr 2002-ci il tarixdə Nazirlik yenidən qeydiyyat sənədlərini ərizəçilərə qaytardı. Qeydiyyatdan imtinanın bu dəfəki səbəbi ondan ibarət olmuşdur ki, təsisçilər QHT qanununun 13-cü maddəsinin tələbinə müvafiq olaraq birliyin üzvlüyünə xitam verilməsinə dair şərtləri nizamnaməyə daxil etməyiblər.
13. 22 may 2003-cü il tarixdə Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. 05 noyabr 2003-cü il tarixdə Ali Məhkəmə təsisçilərin idddialarını rədd edən aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxlamışdır.
II. Müvafiq daxili qanunvericilik və təcrübə
A. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
14. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki Məcəlləsi aşağıdakıları nəzərdə tutur:
Maddə 47. Hüquqi şəxsin nizamnaməsi
«47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. …
47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. …»
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı
«48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. …
48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. …»
15. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 06 fevral 1996-cı il tarixli Qanun aşağıdakıları nəzərdə tutur:
Maddə 9. Ərizəyə baxılması
«Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət edildikdə dövlət qeydiyyatı orqanı:
sənədləri baxılmaq üçün qəbul edir;
dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verir;
dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul edir və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul edir.»
16. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» 13 iyun 2000-ci il tarixli Qanun aşağıdakıları nəzərdə tutur:
Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
«16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.»
Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina
«17.1. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda, imtina edilə bilər.
17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərar, imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.
17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
17.4. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.»
B. Mülki icraatda əlavə kassasiya prosesi
17. Müvafiq daxili qanunvericilik və təcrübəyə görə daxili mülki araşdırmaların yenidən aparılması və yekun qərara yenidən baxılması üçün tələblərə Ali Məhəmənin Plenumu tərəfindən əlavə kassasiya qaydasında baxılır (bax: Babayev Azərbaycana qarşı (qərardad), № 36454/03, 27 may 2004-cü il).
C. Konstitusiya Məhkəməsinə fərdi şikayət vermək hüququ
18. 24 avqust 2002-ci il tarixli dəyişikliklərlə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyası aşağıdakıları nəzərdə tutur:
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
«V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyənin normativ aktlarından, məhkəmə aktlarından … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpası məqsədi ilə şikayət verə bilər.»
19. 08 yanvar 2004-cü il tarixdən qüvvədə olan «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında» 23 dekabr 2002-ci il tarixli Qanun (bundan sonra — «Konstitusiya Məhkəməsi haqqında Qanun») aşağıdakıları nəzərdə tutur:
Maddə 34. Şikayətlər
«34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər …
34.4. Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:
34.4.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində;
34.4.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.»
D. Müvafiq daxili təcrübə
20. Mülki işlər üzrə daxili məhkəmələrin qərarlarından konstitusiya şikayəti verməzdən əvvəl fərdi ərizəçilərdən Konstitusiya Məhkəməsi haqqında Qanunun 34.4.1-ci maddəsinə əsasən fərdi şikayətlərin məqbul olmasının şərtlərindən biri kimi tələb olunurdu ki, məhkəmə araşdırmalarının yenidən aparılmasının və Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin yekun qərarına yenidən baxılması xahişi ilə Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti versinlər. Konstitusiya şikayəti yalnız o halda ilkin yoxlanılma üçün qəbul olunur ki, fərdi ərizəçi məhkəmə araşdırılmasının yenidən aparılması ilə bağlı Ali Məhkəmənin sədrindən imtina cavabı və ya məhkəmə araşdırmaları yenidən açıldığı halda, Ali Məhkəmənin Plenumunun qərarını alsın.
Hüquqi məsələlər
I. Konvensiyanın 11-ci maddəsinin iddia edilən pozuntusu
21. Ərizəçi şikayət etdi ki, Ədliyyə Nazirliyi tərəfindən ictimai birliyin vaxtında qeydiyyata alınmaması onun birləşmək azadlığına müdaxiləni ifadə edirdi. Təsisçilərin qeydiyyat tələblərinə baxılmasını əhəmiyyətli dərəcədə gecikdirməklə və rəsmi cavab üçün qanunla müəyyən olunmuş müddəti pozmaqla, Nazirlik təşkilatı qeydiyyata almaqdan yayındığı üçün onun birliyi hüquqi şəxs statusunu əldə edə bilməyib. İddia edilənə görə, bu, Konvensiyanın aşağıda göstərilən 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnun pozulmasını ifadə edirdi:
«1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyətin qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.»
A. QƏbuledilənlik
1. İşin əhatəsi və onun Konvensiyanın müddəaları ilə uyğunluğu, ratione temporis
22. Hökumət bildirdi ki, hər üç qeydiyyat tələbləri ayrı-ayrı birliklərə aid olmuşdur, ona görə ki, hər dəfə ya təsisçilərin sayı, ya da birliyin adı müxtəlif olub. Xüsusilə, birinci qeydiyyat tələbi «İnsan və Mühit» Elmi-Əməli Mərkəz adlanan birliyə aid olmuşdur, lakin ikinci və üçüncü qeydiyyat tələbləri isə «İnsan və Mühit» İctimai Birlik adlanan birliyə aid idi. Bundan başqa, ikinci qeydiyyat tələbi üç həmtəsisçi tərəfindən imzalandığı halda, üçüncü yalnız onların ikisi tərəfindən imzalanıb. Buna görə, Hökumət iddia etdi ki, birinci və ikinci qeydiyyat tələbləri müxtəlif birliklərə aid olmuş və bu işə onların aidiyyəti mövcud deyildir.
23. Ərizəçi bildirdi ki, bütün qeydiyyat tələbləri eyni ictimai birliyə aid olub. Birliyin tam adında edilən dəyişikliklər qeydiyyat prosesi zamanı təsisçilər tərəfinndən birliyin təsis sənədlərinə edilmiş düzəlişlərə müvafiq olub. Bundan başqa, üçüncü qeydiyyat tələbi zamanı təsisçilərdən birinin çıxarılması «ictimai birliyi dəyişməmiş və … onu başqa cür etməmişdir». Nəhayət, bütün qeydiyyat tələblərinin eyni birliyə aid olması faktı Ədliyyə Nazirliyi tərəfindən daxili səviyyədə heç zaman mübahisələndirilməyib.
24. Hər qeydiyyat tələbində təqdim olunmuş birlik nizamnaməsinin müxtəlif variantlarına aid, Məhkəmə, bunun həmin ictimai birliyin olmamasına dair Hökumətin dəlilinə inanmır. Bundan başqa, işin materiallarından görünmür ki, daxili məhkəmələr üç qeydiyyat tələbinin müxtəlif ictimai birliklərə aid olmasını mübahisələndirsin.
25. Hər bir halda Məhkəmə qeyd edir ki, birinci və ikinci qeydiyyat tələblərinə dair hadisələr 15 aprel 2002-ci ilə, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan əvvəlki dövrə təsadüf edir. Məhkəmə bir daha qeyd edir ki, o, Razılığa gələn Yüksək Tərəfə münasibətdə yalnız Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı hadisələri əhatə edən Konvensiyanın pozuntularına dair şikayəti araşdırmaq səlahiyyətinə malikdir (bax: məsələn, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il). Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin 15 aprel 2002-ci il tarixdən sonrakı müddətə aid hissə ilə məhdudlaşır və ərizəçinin birinci və ikinci qeydiyyat tələblərinə dair hadisələr onun səlahiyyətindən kənara çıxır, ratione temporis. Lakin zəruri olduqda, müzakirə olunan dövrün başlanğıcında mövcud olan işlərin vəziyyətini nəzərə alacaq.
2. Daxili vasitələr
26. Hökumət bildirdi ki, ərizəçi daxili vasitələri ona görə tükəndirməyib ki, o, daxili məhkəmələrə şikayətlərində Konvensiyanın 11-ci maddəsi ilə təmin olunmuş birləşmək azadlığının pozulmasını bildirməyib.
27. Hökumət daha sonra bildirdi ki, «kassasiya instansiyası kimi Ali Məhkəmənin Azərbaycanda ən yuxarı məhkəmə orqanı olmasına baxmayaraq, ərizəçi üçün birbaşa əlçatan Konstitusiya Məhkəməsi adlanan daha yüksək məhkəmə orqanı mövcud idi.» Hökumət iddia etdi ki, daxili qanunvericiliyə görə, Ali Məhkəmənin yekun qərarlarına Konstitusiya Məhkəməsi tərəfindən yenidən baxıla bilər. Konstitusiya Məhkəməsinə fərdi şikayət adi vasitəni ifadə edir ki, ərizəçi ondan istifadə etməyib. Bununla bağlı, Hökumət iddia etdi ki, Ramazanova və digərləri Azərbaycana qarşı işdə (№ 44363/02, § 43, 01 fevral 2007-ci il) Avropa Məhkəməsi Konvensiya ilə təsbit olunan hüquq və azadlıqların iddia olunan pozulması üçün Konstitusiya Məhkəməsini səmərəli vasitə kimi tanımışdır.
28. Ərizəçi bildirdi ki, daxili məhkəmələrə şikayətlərində onun üçün Konvensiyanın 11-ci maddəsinə istinad etmək ona görə zəruri deyildir ki, Nazirlik tərəfindən qanunsuz olaraq «qeyri-hökumət təşkilatının qeydiyyata alınmasından yayınması barədə» onun şikayəti birləşmək hüququnun pozulmasını ifadə edirdi.
29. Ərizəçi, həmçinin qeyd etdi, hazırkı işdə yekun qərar Ali Məhkəmə tərəfindən 05 noyabr 2003-cü il tarixdə qəbul olunmuşdur. Belə olan halda, ondan Konstitusiya Məhkəməsinə şikayət vermə ona görə tələb edilə bilməzdi ki, Konstitusiya Məhkəməsi haqqında Qanunla fərdi şikayət hüququ verildiyi vaxtadək, yəni 2004-cü ilin əvvəlinədək bu məhkəmə fərdlərə birbaşa əlçatan deyildi.
30. Əlavə olaraq, ərizəçi bildirdi ki, Konstitusiya Məhkəməsi ümumi yurisdiksiyalı məhkəmələr sisteminin tərkib hissəsi deyildir və səmərəli vasitə kimi qiymətləndirilməli olmayıb. Konsitusiya Məhkəməsi fərdlər üçün yalnız o halda əlçatandır ki, onlar məhkəmə araşdırmalarının yenidən aparılması və işin Ali Məhkəmənin Plenumuna göndərilməsi xahişi ilə Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti versinlər. Əlavə kassasiya şikayəti özlüyündə səmərəsiz vasitə olub, ona görə ki, o, dolayı və müstəsna şikayəti ifadə edib.
31. Son olaraq, ərizəçi iddia etdi ki, təcrübədə Konstitusiya Məhkəməsi ona görə səmərəsiz olub ki, 2004 — 2007-ci illər ərzində o, edilmiş təxminən 1.600 şikayətdən yalnız 60-nı araşdırmaq üçün icraata götürüb.
32. Daxili araşdırmalarda ərizəçi tərəfindən Konvensiyanın 11-ci maddəsinə istinad edilməməsinə dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə hesab edir ki, təsisçisi olduğu birliyin dövlət qeydiyyatına alınması ilə bağlı qanunsuz gecikmələrə dair Nazirliyə qarşı ərizəçinin iddiası mahiyyətcə onun birləşmək azadlığı hüququnun iddia olunan pozulmasını ifadə edirdi.
33. Ərizəçi tərəfindən, həmçinin, Konstitusiya Məhkəməsinə şikayət verməli olduğu barədə Hökumətin dəlilinə gəldikdə isə, Məhkəmə ilk əvvəl qeyd edir ki, Ramazanova və digərlərinin işinə Hökumətin verdiyi şərh düzgün deyildir. Bu işdə heç bir şey Konstitusiya Məhkəməsinin Strasburqa şikayət verməkdən əvvəl istifadə edilməli olan daxili vasitə olması barədə Məhkəmənin «qənaəti» kimi şərh edilə bilməz. Bu işdə ərizəçilər Məhkəməyə şikayət verməkdən əvvəl artıq əlavə kassasiya və konstitusiya şikayətlərini vermişlər (bax: yuxarıda qeyd olunan Ramazanova və digərləri, §§ 22-24); bunun üçün, həmin hadisələr Məhkəməyə şikayət veriləndən sonra baş vermiş və ümumi yurisdiksiyalı məhkəmələrdə daxili araşdırmaların yenidən açılması ilə nəticələnən yeni faktiki hallar kimi nəzərə alınıb. Lakin, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına görə, Məhkəməyə şikayət verməzdən əvvəl və ya sonra ərizəçilər tərəfindən konstitusiya şikayətinin verilməsinin tələb olunub-olunmaması məsələsi bu işdə Məhkəmənin həll etməli olduğu məsələlər daxilində mövcud deyildir (bax: həmin yerdə, § § 40-45).
34. Buna görə, hazırkı işdə müəyyən edilməli qalan məsələ ondan ibarətdir ki, ərizəçidən Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənası baxımından Konstitusiya Məhkəməsinə müraciət etməsi tələb olunurdumu.
35. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin daxili vasitələr qaydasının məqsədi odur ki, Razılığa gələn Yüksək Tərəflərə imkan versin ki, Məhkəməyə müraciət olunmazdan əvvəl iddia olunan pozuntuların qarşısını alsın və ya onları bərpa etsin. Lakin, istifadə edilməli olan yalnız o vasitələrdir ki, iddia olunan pozuntulara aid və eyni zamanda əlçatan və səmərəli olsun. Belə vasitələrin mövcudluğu yalnız nəzəriyyədə deyil, həm də təcrübədə kifayət qədər etibarlı olmalı, belə olmadıqda isə, onlar əlçatmazlıq və səmərəlilik barədə tələbə nail olmazlar; bu cavabdeh Dövlətin üzərinə düşür ki, belə müxtəlif şərtlər təmin olunsun (bax: digər mənbələr arasında, Vernillo Fransaya qarşı, 20 fevral 1991-ci il tarixli qərar, A Seriyaları, № 198, s. 11-12, § 27).
36. Məhkəmə xatırladır ki, daxili vasitələrin tükənməsi məsələsinin Məhkəməyə şikayətin verildiyi tarixə istinadla bir qayda olaraq müəyyən olunmasına (bax: Boman Fransaya qarşı, № 33592/96, § 47, İHAM 2001-V (çıxarışlar)) baxmayaraq, işin hallarından asılı olaraq, Məhkəmə şikayətin verilməsindən sonra vasitələrin çatması mümkün olan sonuncu mərhələsini qəbul edə bilər, lakin bundan əvvəl Məhkəmə məqbuliyyət barədə məsələni elan etməlidir (bax: məsələn, Rinqeysen Avstriyaya qarşı, 16 iyul 1971-ci il tarixli qərar, A Seriyaları, № 13, s. 38, § 91; yuxarıda qeyd olunan Ramazanova və digərləri (qərardad), № 34070/03, 15 fevral 2007-ci il). Bu qayda, hər işin hallarının xüsusiyyəti ilə əsaslandırıla bilən istisnalara məruz qala bilər, məsələn, müəyyən ümumi problemə ünvanlanmaq üçün yaradılan yeni vasitə konkret fərdi şikayətin Məhkəməyə verilməsindən sonra qəbul edildikdə (bax: məsələn, Noqolika Xorvatiyaya qarşı (qərardad), № 77784/01, İHAM 2002-VIII; bax: həmçinin, digər bir çox işlər arasında, Brusko İtaliyaya qarşı (qərardad), № 69789/01, İHAM 2001-IX).
37. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, 24 avqust 2002-ci il tarixli konstitusiya dəyişiklikləri ilə Konstitusiya Məhkəməsinə fərdi şikayətin verilməsi hüququnun verilməsinə baxmayaraq, fərdi konstitusiya şikayətlərinin araşdırılmasının prosessual qaydalarını müəyyən edən Konstitusiya Məhkəməsi haqqında Qanun qüvvəyə minənədək bu hüquq təcrübədə əlçatan deyildi. Məhkəməyə məlum olan məlumatlara görə, bu Qanunun qüvvəyə minməsindən əvvəl Konstitusiya Məhkəməsi fərdlər tərəfindən verilmiş hər hansı şikayətin araşdırılmasından ona görə imtina edirdi ki, belə şikayətlərin araşdırılması üçün prosessual qaydalar mövcud deyildi.
38. Müvafiq olaraq, Məhkəməyə hazırkı şikayətin verilməsi tarixinə, yəni 30 dekabr 2003-cü il tarixinə, konstitusiya şikayətinin verilməsi ərizəçiyə uğur əldə etmyə hər hansı əsaslı gözləntiləri vəd etməyib (bax: mutatis mutandis, Urukalo və Nemet Xorvatiyaya qarşı, № 26886/02, § 35, 28 aprel 2005-ci il). Məhkəmə, həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan Noqolika və Brusko işlərindən fərqli olaraq, bu yeni vasitə, hazırkı işdə ərizəçinin qaldırdığı kimi, şikayət növləri üçün birbaşa bərpa olunmanın təmin edilməsi məqsədilə xüsusi olaraq təqdim olunmamışdır. Məhkəmə, tükənməməyə dair ümumi qaydaya istisna edilməsini əsaslandıra bilən hər hansı digər xüsusi halları məyyən etmir.
39. Bundan başqa, hər bir halda Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi haqqında Qanunun 34.4.1-ci maddəsinə əsaslanan daxili təcrübəyə müvafiq olaraq, konstitusiya şikayətini vermək istəyən fərdlərdən tələb olunurdu ki, onlar məhkəmə araşdırmalarının yenidən açılması və Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin yekun qərarına yenidən baxılması xahişi ilə əvvəlcə Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti versinlər. Bu vasitədən istifadə edilməsi üçün cəhd ediləndən sonra Konstitusiya Məhkəməsi ilkin araşdırma üçün fərdi ərizəçilərdən şikayəti qəbul edir. Bununla bağlı, Məhkəmə əvvəlki hüquqi mövqeyini təkrarlayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına görə, Ali Məhkəmənin sədrinə verilmiş əlavə kassasiya şikayəti Məhkəməyə şikayət verməkdən əvvəl istifadəsi tələb olunmayan müstəsna vasitəni ifadə edir (bax: yuxarıda qeyd olunan Babayev).
40. Belə olan halda, Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi adekvat əlçatmazlığı olmayan vasitəni ifadə edirdi. Xüsusilə, ərizəçinin üzərinə məqbuliyyət şərti kimi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına görə səmərəsiz kimi qiymətləndirilən digər vasitədən istifadə etməsini qoyan vasitədən istifadə olunması ərizəçidən tələb edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə Hökumətin etirazını rədd edir.
3. Nəticə
42. Göstərilən qənaətləri nəzərə alaraq, Məhkəmə onu da qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə qeyri-məqbul və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Buna görə, o, 15 aprel 2002-ci ildə baş vermiş hadisələrə aid məqbul elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin dəlilləri
43. Hökumət, Nazirlik tərəfindən birliyi qeydə almaqdan imtina etməməsinə istinadən, iddia etdi ki, ərizəçinin birləşmək azadlığına müdaxilə edilməmişdir. Əksinə, o, sadəcə olaraq təsisçilərə təsis sənədlərini qaytardı ki, onlar çatışmazlıqları düzəldə bilsinlər və daxili qanunvericiliyin tələblərinə uyğun olsunlar. Hökumət bildirdi ki, «ictimai birliyi qeydə almaqdan imtinanın birləşmək azadlığı hüququnun pozulması kimi qiymətləndirilməli olmasına baxmayaraq, (dövlət qeydiyyatına alınmaq üçün müraciətə) gecikmiş cavab bu hüququn pozulmasını ifadə etmir».
44. Bundan başqa, Hökumət bildirdi ki, hüquqi şəxs statusuna malik olmama birliyi öz fəaliyyətini davam etdirməkdən saxlamırdı. Bununla bağlı, onlar qeyd etdi ki, birlik, hətta hüquqi şəxs statusuna malik olmasa da, faktiki fəaliyyətinin hissəsi kimi kitab nəşr etmişdir.
45. Hökumət onu da bildirdi ki, təsisçilər qeydiyyat prosesi zamanı «diqqətli olmaq borcuna əməl etməmişdir», ona görə ki, ictimai birliyin sənədləri qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Nazirlik prosessual səhvlərə yol versə belə, onlar ərizəçinin Konvensiyanın 11-ci maddəsi ilə təsbit edilmiş hüquqlarının pozulmasını ifadə etmirdi.
46. Ərizəçi iddia etdi ki, təsisçilərin qeydiyyat tələblərinin cavablandırılmasında daxili qanunvericiliklə müəyyən olunmuş müddət məhdudiyyətlərini əhəmiyyətli dərəcədə aşan gecikmələr, onun birləşmək azadlığı hüququna müdaxiləni və onun pozulmasını ifadə edirdi. Ərizəçi bildirdi ki, belə gecikmə daxili qanunvericiliyə zidd olub.
47. Ərizəçi, həmçinin bildirdi ki, dövlət qeydiyyatını keçməklə hüquqi şəxs statusunu əldə etmədən birlik mükəmməl işləyə və əsas fəaliyyət göstərə bilməmişdir. Hökumətin istinad etdiyi kitaba gəldikdə isə, ərizəçi qeyd etdi ki, kitab «İnsan və Mühit» İctimai Birliyi tərəfindən çap edilməmişdir. O qeyd etdi ki, kitabların həmmüəlliflərindən biridir və özünün adından sonra qeydə alınmamış birliyin adının göstərilməsi yalnız ona görə olmuşdur ki, onun qeyri-hökumət təşkilatları sahəsində fəaliyyətini və məşğuliyyətini bildirsin.
2. Məhkəmənin qiymətləndirməsi
48. Məhkəmə ilkin olaraq müəyyən etdi ki, Ədliyyə Nazirliyi tərəfindən ictimai birliyin dövlət qeydiyyatına alınmasına dair tələblərə qanunla müəyyən olunmuş müddət məhdudiyyətləri daxilində cavab verilməməsi birliyin qeydiyyata alınmasından de-fakto imtinasını ifadə edirdi. Hüquqi şəxs statusuna malik olmayan birliyin imkanları, hətta onun müəyyən məhdud fəaliyyətlərlə məşğul ola bilməsini nəzərə alsaq belə, dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının statusuna bərabər olmayıb. Qeydiyyat prosedurunda əhəmiyyətli gecikmələr Ədliyyə Nazirliyinə aid edilsə, birliyin təsisçilərinin birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxiləni ifadə etdi (bax: yuxarıda qeyd olunan Ramazanova və digərləri, § § 54-60, sonrakı istinadlarla). Müvafiq olaraq, ərizəçinin ictimai birliyin təsisçilərindən biri olduğu, hazırkı işdə birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə mövcud idi.
49. Belə müdaxilə «qanunla nəzərdə tutulmasa», Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən bir və ya daha çox məqsədləri güdməsə və bu məqsədə və ya məqsədlərə nail olmaq üçün «demokratik cəmiyyətdə zəruri olan» olmasa, həmin maddənin şərtləri baxımından əsaslı ola bilməz (bax: məsələn, Çassanu və digərləri Fransaya qarşı (Böyük Palata), № 25088/94, 28331/95 və 28443/95, § 104, İHAM 1999-III).
50. Məhkəmə o faktdan xəbərdardır ki, bu şikayətə səbəb olan hadisələrdən sonra hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan qanunvericiliyinə müəyyən dəyişikliklər edilmişdir. Lakin, bu şikayətin məqsədlərinə görə Məhkəmə həmin vaxtda tətbiq edilməli olan daxili qanunvericiliyə istinad edəcək.
51. Məhkəmə qeyd edir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 06 fevral 1996-cı il tarixli Qanunun 9-cu maddəsi hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya bundan imtina edilməsi üçün Nazirliyə on günlük müddət məhdudiyyətini müəyyən edir. O halda ki, hüquqi şəxsin təsis sənədlərində düzəldilməli olan çatışmazlıqlar mövcuddur, Nazirlik həmin on gün müddətində onları düzəltməyə dair izahlarla sənədləri təsisçilərə qaytarmaq hüququna malik idi. Düzəltmədən sonra qeydiyyat sənədləri yenidən təqdim edildikdə, qanun rəsmi cavab üçün beş günlük müddət nəzərdə tuturdu.
52. Hazırkı işdə Nazirlik hər üç qeydiyyat tələblərinə bir neçə ay ərzində öz cavabını gecikdirirdi. Xüsusilə, Məhkəmənin vaxt səlahiyyəti daxilinə düşən dövrdə, ərizəçinin 28 avqust 2002-ci il tarixli üçüncü qeydiyyat tələbinə cavab üç aydan artıq gecikdirilmişdir, baxmayaraq ki, qanun açıq-aydın onun beş gün müddətində verilməsini tələb edir. Buna görə, Nazirlik prosedura müddət məhdudiyyətlərini pozub. Daxili qanunvericilikdə belə gecikdirmələrə əsas olmayıb (bax: yuxarıda qeyd olunan Ramazanova və digərləri, § 65).
53. Məhkəmə, həmçinin, o hüquqi mövqeyini təkrar edir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 06 fevral 1996-cı il tarixli Qanun qanunla müəyyən olunmuş müddət ərzində Nazirlik tərəfindən qeydiyyat sorğularına cavab verməsinə dair gecikdirmələrlə bağlı kifayətedici müdafiəni təmin etmirdi (bax: yuxarıda qeyd olunan Ramazanova və digərləri, §66).
54. Qeydiyyat sorğularına rəsmi cavabın verilməsinə dair qanunla müəyyən olunmuş müddətin Ədliyyə Nazirliyi tərəfindən pozulmasını və belə gecikdirmələrə qarşı daxili qanunvericilikdə kifayətedici təminatların mövcud olmamasını müəyyən edərək, Məhkəmə belə nəticəyə gəlir ki, müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənası baxımından «qanunla nəzərdə tutulmuş» olmayıb.
55. Bu nəticəyə gəlməklə Məhkəmə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin digər tələblərinə (qanuni məqsəd və müdaxilənin zəruriliyi) əməl olunmasına özünü əmin etməyi zəruri hesab etmir.
56. Müvafiq olaraq, Konvensiyanın 11-ci maddəsi pozulub.
II. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 13-cü maddəsinin iddia olunan pozuntusu
57. Ərizəçi, həmçinin şikayət etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ziddinə olaraq, daxili məhkəmələr müstəqil və qərəzsiz olmayıb. O qeyd etdi ki, sözügedən hadisələr zamanı tətbiq edilən qanunvericiliyə müvafiq olaraq, hakim vəzifələrinə namizədlərin seçilməsi Ədliyyə Nazirinin sədr olduğu Azərbaycan Respublikası Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilirdi. Ərizəçi iddia etdi ki, belə olan halda, daxili məhkəmələrin hakimləri Ədliyyə Nazirliyinə qarşı məhkəmə araşdırılmasında müstəqil və qərəzsiz ola bilməzdi, ona görə ki, onların gələcəkdə yenidən təyin olunması Məhkəmə-Hüquq Şurasının sədri kimi Ədliyyə Nazirinin mülahizəsindən asılı olacaqdı. Bundan sonra, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə bağlı ərizəçi Konvensiyanın 13-cü maddəsinə əsasən şikayət etdi ki, qeyri-hökumət təşkilatlarının qeydiyyatında gecikdirmələrlə əlaqəli işlər üzrə daxili məhkəmələr heç zaman Ədliyyə Nazirliyinə qarşı qərar çıxarmadıqları üçün onlar səmərəli vasitə hesab edilə bilməz.
58. Məhkəmə qeyd edir ki, bu şikayətlər Əsədov və digərlərinin Azərbaycana qarşı iş üzrə Məhkəmə qarşısında qaldırılan şikayətləri ilə əsasən eynidir ((qərardad), № 138/03, 12 yanvar 2006-cı il). Həmin işdə Məhkəmə hesab etdi ki, bu şikayətlər açıq-aşkar əsassızdır. Mahiyyyətcə bu işdə yeni dəlil və sübutların təqdim olunmadığı üçün Məhkəmə Əsədov və digərlərinin işi üzrə hüquqi mövqeyindən kənara çıxmağa hər hansı əsas görmür.
59. Buna görə, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.
III. Konvensiyanın 41-ci maddəsinin tətbiqi
60. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
1. Maddi zərər
61. Ərizəçi maddi zərərə görə 20.000 avro (EUR) tələb etdi. O iddia etdi ki, Nazirlik bir neçə il ərzində birliyi qeydiyyata almadığına görə birliyin təsisçiləri onun fəaliyyəti üçün hər hansı maliyyə mənbələrini təmin edə bilməyiblər.
62. Hökumət bildirdi ki, bu tələb əsassızdır.
63. Məhkəmə, vaxtında qeydiyyata alındığı halda, ərizəçinin onun birliyi üçün maliyyələşməni təmin edib-etməyəcəyinə və müsbət halda, onun məbləğinə dair fərziyyə irəli sürə bilməz. Buna görə, Məhkəmə ərizəçinin maddi zərərə aid tələbini rədd edir.
2. Mənəvi zərər
64. Ərizəçi mənəvi zərərə görə 10.000 EUR tələb etdi.
65. Hökumət bu tələbi mübahisələndirdi.
66. Məhkəməyə görə, dövlət qeydiyyatı prosesində gecikmələr ictimai birliyin həmtəsisçisi kimi ərizəçini məyus etmişdir. Buna baxmayaraq, tələb olunan məbləğ həddindən artıqdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, ədalətli əsaslarla öz qiymətləndirməsini edərək, Məhkəmə bu məbləğə hesab edilməli olan hər hansı vergi məbləği üstünə gəlməklə mənəvi zərərə görə ərizəçiyə 1.000 EUR ödənilməsini qərara alır.
B. Məsrəf və xərclər
67. Ərizəçi, həmçinin, daxili məhkəmələrdə və Məhkəmə qarşısında çəkdiyi xərclərə görə 2.000 EUR tələb etdi. O iddia etdi ki, bu məbləğ həm də tərcüməni, poçt göndərişlərini, faks və kserosurət xərclərini əhatə edir. Bu xərclərin çəkilməsinə dair sübutları gətirmədiyinə baxmayaraq, o iddia etdi ki, onlar həqiqətən çəkilib və əsaslıdırlar.
68. Hökumət Məhkəmədən xahiş etdi ki, sübutlar olmadığı üçün bu tələbi rədd etsin.
69. Məhkəmənin presedent hüququna müvafiq olaraq, ərizəçi onun dəyər və xərclərinin ödənilməsi hüququna yalnız o halda malikdir ki, o, onların həqiqətən və zəruri olaraq çəkildiyini və əsaslı məbləğ olmasını göstərsin. Hazırkı işdə Məhkəmə malik olduğu bütün məlumatları və yuxarıdakı meyarları, eləcə də ərizəçinin daxili məhkəmələrdə vəkil vasitəsi ilə təmsil olunmadığını və onun hüquqi yardım üçün Avropa Şurasından 850 EUR almasını nəzərə alaraq, hesab edir ki, buna görə ərizəçiyə əlavə məbləğin verilməsi üçün əsaslar mövcud deyildir.
C. Faiz dərəcəsi
70. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
Bu səbəblərə görə məhkəmə yekdilliklə
1. Ərizəçinin birləşmək azadlığı hüququna dair şikayətini qəbuledilən, şikayətin qalan hissəsini isə qəbuledilməz elan edir;
2. İş üzrə Konvensiyanın 11-ci maddəsinin pozulmasını qərara alır;
3. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla 1.000 EUR (bir min avro) ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
4. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 17 yanvar 2008-ci ildə göndərilib.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr