№4407/04 ŞEYDA NƏSİBOVA AZƏRBAYCANA QARŞI – 18 OKTYABR 2007-Cİ İL

BİRİNCİ BÖLMƏ
Nəsibova Azərbaycana qarşı
Qərar
(Ərizə № 4407/04)

 

Strasburq
18 oktyabr 2007-ci il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Nəsibova Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab X.L. Rozakis, Sədr,
cənab L. Lukaides,
xanım N.Vajiç,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens,
cənab C. Malinverni; hakimlər,
və cənab S. Nilsen, Bölmə Katibi,
27 sentyabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan Şeyda Xəlil qızı Nəsibovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayəti üzrə (№ 4307/04) iş 19 dekabr 2003-cü ildə başlanılmışdır.

2. Ərizəçini Bakıda vəkil işləyən cənab İ. Əliyev və xanım Q. Quliyeva təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi iddia etdi ki, təsisçisi olduğu ictimai birliyin dövlət qeydiyyatında əhəmiyyətli gecikmələr onun birləşmək azadlığı hüququnu pozmuş, daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış və ictimai birliklərin Azərbaycanın Ədliyyə Nazirliyinə qarşı qaldırılmış məhkəmə araşdırmalarında ifadə olunan daxili vasitələr səmərəli olmayıb.

4. 07 fevral 2006-cı ildə Palatanın Sədri şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, Məhkəmə belə qənaətə gəldi ki, işin mahiyyətini onun məqbuliyyəti ilə eyni vaxtda araşdırsın.

Faktlar

I. İşin halları

5. Ərizəçi 1973-cü ildə anadan olub və Bakıda yaşayır.

6. Ərizəçi 15 iyul 2001-ci ildə təsis edilən «Jurnalist Araşdırmaları Mərkəzi» adlanan İctimai Birliyin həmtəsisçisi və müdiri olub. Bu, jurnalist peşəsinin inkişafına və Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığına yardım göstərilməsinə yönələn qeyri-hökumət təşkilatı olub.

7. 12 sentyabr 2001-ci il tarixdə birliyin təsisçiləri onun dövlət qeydiyyatına alınması üçün hüquqi şəxslərin dövlət qeydiyyatını aparan Ədliyyə Nazirliyinə (bundan sonra — «Nazirlik») müraciət etmişlər. Daxili qanunvericiliyə müvafiq olaraq, qeyri-hökumət təşkilatı yalnız Nazirlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edirdi.

8. Hökumətə görə, Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi 11 oktyabr 2001-ci il tarixli məktubla ərizəçiyə cavab verdi ki, birliyin nizamnaməsində bir neçə çatışmazlıqlar olub və müvafiq olaraq nizamnaməni düzəltməyi təsisçilərdən tələb edib (Hökumət bu məktubun surətini təqdim etdi). Ərizəçiyə görə, təsisçilər belə bir məktubu almayıblar və faktiki olaraq bir il dörd aydan artıq müddət ərzində Nazirlikdən rəsmi cavab gəlməyib.

9. Eyni zamanda, təsisçilər birliyin nizamnaməsində müəyyən düzəlişlər etdilər. 12 sentyabr 2002-ci ildə onlar birliyin nizamnaməsinin yeni variantı ilə birgə yenidən dövlət qeydiyyatı üçün müraciət ediblər. Bu müraciətin müşayiət məktubunda ərizəçi qeyd etdi ki, təsisçilər ilkin müraciətlərini bir il əvvəl etmişlər, lakin 25 sentyabr və 02 noyabr 2001-ci il tarixli iki sonrakı məktublara və Nazirliyin əməkdaşı ilə görüşə baxmayaraq, onlar Nazirlikdən rəsmi cavab almayıblar.

10. 2003-cü ilin yanvar ayında ərizəçi qanunla müəyyən olunmuş on günlük müddət ərzində hər hansı hərəkət görməməkdən şikayət edərək, Nazirliyə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırmışdır.

11. Məhkəmə araşdırılması aparılarkən, 27 yanvar 2003-cü il tarixdə Nazirlik «hər hansı hərəkət etmədən», yəni dövlət qeydiyyatı haqqında şəhadətnamə vermədən və ya birliyi qeydə almaqdan rəsmi imtina etmədən qeydiyyat sənədlərini ərizəçiyə qaytarmışdır. Müşayiətedici məktubda Nazirlik qeyd etdi ki, birliyin nizamnaməsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun 3.1 və 10.3-cü maddələrinə uyğun deyildir. Xüsusilə, nizamnamə birlikdə üzvlüyə xitam verilməsinin mübahisələndirilməsinə dair daxili proseduru nəzərdə tutmurdu. Bundan başqa, birliyin rəsmi adı iddia edilənə görə onun təşkilati-hüquqi formasını ifadə etmirdi. Görünür ki, Nazirliyin 27 yanvar 2003-cü il tarixli məktubu birliyin ilkin nizamnaməsində çatışmazlıqlara istinad edirdi, halbuki, bu çatışmazlıqlar 12 sentyabr 2002-ci ildə Nazirliyə təqdim olunmuş düzəldilmiş variantda aradan qaldırılmışdır.

12. 10 fevral 2003-cü ildə Yasamal rayon məhkəməsi Nazirliyin hərəkətlərində qanunsuzluq aşkar etmədiyinə görə ərizəçinin iddiasını rədd etmişdir. Məhkəmə hesab edib ki, birliyin nizamnaməsi «Qeyri-hökumət təşkilatları haqqında» Qanunun tələblərinə müvafiq olaraq tərtib edilməyib və buna görə, Nazirliyin birliyi qeydə almaqdan imtinası qanuni olub.

13. Ərizəçi bu qərardan şikayətlər etdi. 24 iyun 2003-cü il tarixdə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. 16 oktyabr 2003-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxladı.

II. Müvafiq daxili qanunvericilik

A. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyası
Maddə 58. Birləşmək hüququ
«I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.»
B. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki Məcəlləsi
Maddə 47. Hüquqi şəxsin nizamnaməsi
«47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. …
47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. …»
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı
«48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.
48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. …»
C. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 06 fevral 1996-cı il tarixli Qanun
Maddə 9. Ərizəyə baxılması
«Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət edildikdə dövlət qeydiyyatı orqanı:
 sənədləri baxılmaq üçün qəbul edir;
 dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verir;
 dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul edir və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul edir.»
D. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» 13 iyun 2000-ci il tarixli Qanun
Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer
«3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. …»
Maddə 10. İctimai birliklərin üzvləri
«10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. …»
Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı
«16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.»
Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina
«17.1. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda, imtina edilə bilər.
17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərar, imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.
17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
17.4. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.»

Hüquqi məsələlər

14. Ərizəçi şikayət etdi ki, müəyyən olunmuş vaxtda Nazirlik tərəfindən ictimai birliyin qeydə alınmaması onun birləşmək azadlığına müdaxiləni təşkil edirdi. Nazirlik təsisçilərin qeydiyyat müraciətlərinə baxılmasını əhəmiyyətli dərəcədə gecikdirməklə və rəsmi cavab üçün qanunla müəyyən olunmuş müddəti pozmaqla təşkilatı qeydə almaqdan yayındığına görə onun birliyi hüquqi şəxs statusunu əldə edə bilməyib. İddia edilənə görə, bu, onun Konvensiyanın aşağıda göstərilən 11-ci maddəsində nəzərdə tutulan birləşmək azadlığı hüququnun pozulmasını ifadə edirdi:
«1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyətin qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.»

A. Məqbuliyyət

1. Ratione temporis ilə uyğunluq

15. Məhkəmə qeyd edir ki, hazırkı şikayətə səbəb olmuş hadisələrin bir qismi 15 aprel 2002-ci ilədək olan dövrə, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi vaxtdan əvvəlki dövrə təsadüf edir. Məhkəmə qeyd edir ki, o, Razılığa gələn Yüksək Tərəfə münasibətdə yalnız Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı hadisələri əhatə edən Konvensiyanın pozuntularına dair şikayəti araşdırmaq səlahiyyətinə malikdir (bax: məsələn, Kazımova Azərbaycana qarşı (qərardad), № 40368/02, 06 mart 2003-cü il).

16. Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin 15 aprel 2002-ci il tarixdən sonrakı müddətə aid hissəsi ilə məhdudlaşır və ərizəçinin birinci və ikinci qeydiyyat tələblərinə dair hadisələr onun səlahiyyətindən kənara çıxır, ratione temporis. Lakin zəruri olduqda, müzakirə olunan dövrün başlanğıcında mövcud olan işlərin vəziyyəti nəzərə alınacaq.

2. Daxili vasitələr

17. Hökumət bildirdi ki, ərizəçi daxili vasitələri tükəndirməyib, ona görə ki, daxili məhkəmələrə şikayətlərində o, Konvensiyanın 11-ci maddəsi ilə təmin olunmuş birləşmək azadlığı hüququnun pozulmasından xüsusilə şikayətlənməyib.

18. Ərizəçi razılaşmadı və qeyd etdi ki, o öz şikayətlərində açıq-aşkar Konvensiyanın 11-ci maddəsinə istinad edib.

19. Daxili məhkəmə araşdırmalarına səbəb olmuş məsələyə gəldikdə, Məhkəmə hesab edir ki, ərizəçinin Ədliyyə Nazirliyinə qarşı təsisçisi olduğu ictimai birliyin dövlət qeydiyyatına alınmasında qanunsuz gecikmələrdən şikayət etdiyi iddia mahiyyət etibarilə onun birləşmək azadlığı hüququnun ehtimal olunan pozulmasını ifadə edirdi.

20. Müvafiq olaraq, Məhkəmə daxili vasitələrin tükəndirilməsinə dair Hökumətin etirazını rədd edir.

3. Nəticə

21. Göstərilən qənaətləri nəzərə alaraq, Məhkəmə onu da qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə qeyri-məqbul və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aşkar əsassız deyildir. Buna görə, o, 15 aprel 2002-ci ildə baş vermiş hadisələrə aid məqbul elan olunmalıdır.

B. Mahiyyət

1. Tərəflərin dəlilləri

22. Hökumət israr etdi ki, Nazirlik təsisçilərin 12 sentyabr 2001-ci il tarixli qeydiyyat müraciətinə 11 oktyabr 2001-ci il tarixli məktubla, 12 sentyabr 2002-ci il tarixli qeydiyyat müraciətinə isə 27 yanvar 2003-cü il tarixli məktubla cavab verdi.

23. Hökumət daha sonra bildirdi ki, ərizəçinin birləşmək azadlığına müdaxilə olmayıb. Hökumət qeyd etdi ki, Nazirlik birliyi qeydiyyata almaqdan imtina etməyib. Əksinə, o, sadəcə olaraq birliyin təsis sənədlərini təsisçilərə qaytarıb ki, onlar çatışmazlıqları düzəltsinlər və onların daxili qanunvericiliyə cavab verməsi təmin edilsin.

24. Nəhayət, Hökumət israr etdi ki, hüquqi şəxs statusuna malik olmaması birliyin öz fəaliyyətinə davam etməsinin qarşısını almayıb, ona görə ki, «qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı onun fəaliyyəti üçün mütləq tələb olmayıb».

25. Ərizəçi Nazirlik tərəfindən ilk qeydiyyat müraciətinə 11 oktyabr 2001-ci ildə cavab verilməsinə dair Hökumətin mövqeyi ilə razılaşmadı. O iddia etdi ki, Nazirlik ilk dəfə rəsmi olaraq 27 yanvar 2003-cü ildə cavab verdi.

26. Ərizəçi daha sonra bildirdi ki, daxili qanunvericiliklə müəyyən olunmuş müddəti əhəmiyyətli dərəcədə pozaraq, təsisçilərin qeydiyyat müraciətlərinə cavab verməkdə gecikdirmə onun birləşmək azadlığı hüququna müdaxiləni və bu hüququn pozulmasını ifadə edirdi.

27. Ərizəçi onu da qeyd etdi ki, dövlət qeydiyyatı ilə hüquqi şəxs statusunu əldə etmədən birlik lazımi qaydada fəaliyyət göstərə və onun əsas funksiyaları ilə məşğul ola bilməyib. Xüsusilə, o iddia etdi ki, qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatı bank hesabı açmaq, malliyyələşməni əldə etmək, vergi güzəştlərindən faydalanmaq, maliyyə əməliyyatları aparmaq və s. imkanlara malik olmayıb.

2. Məhkəmənin qiymətləndirməsi

28. Məhkəmə, ilkin olaraq müəyyən etdi ki, Nazirliyin qanunla müəyyən olunmuş müddətdə ictimai birliyin qeydiyyat müraciətlərinə cavab verməməsi de fakto birliyin qeydə alınmasından imtinanı ifadə edirdi. Hüquqi şəxs statusuna malik olmadan birliyin hüquq qabiliyyəti dövlət qeydiyyatına alınan qeyri-hökumət təşkilatları ilə identik olmayıb. Ədliyyə Nazirliyinə aid edilsə, qeydiyyat prosedurunda əhəmiyyətli gecikmələr birliyin təsisçilərinin birləşmək azadlığı hüququna müdaxiləni təşkil edirdi (bax, Ramazanova və digərləri Azərbaycana qarşı, № 44363/02, §§ 54-60, 01 fevral 2007-ci il, sonrakı istinadlarla). Müvafiq olaraq, ərizəçinin təsisçilərdən biri olduğu hazırkı işdə onun birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə baş verib.

29. Belə müdaxilə «qanunla nəzərdə tutulmadığı», Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən bir və ya bir neçə qanuni məqsəd güdmədiyi və bu məqsəd və ya məqsədlərə nail olmaq üçün «demokratik cəmiyyətdə zəruri» olmadığı halda, həmin maddənin tələbləri baxımından əsaslı ola bilməz (bax, məsələn, Çassanu və digərləri Fransaya qarşı (Böyük Palata), № 25088/94, 28331/95 və 28443/95, § 104, İHAM 1999-III).

30. Məhkəmə o faktdan xəbərdardır ki, bu şikayətə səbəb olan hadisələrdən sonra hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan qanunvericiliyinə müəyyən dəyişiklilər edilmişdir. Lakin, bu şikayətin məqsədlərinə görə Məhkəmə həmin vaxtda tətbiq edilməli olan daxili qanunvericiliyə istinad edəcək.

31. Məhkəmə qeyd edir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 06 fevral 1996-cı il tarixli Qanunun 9-cu maddəsi hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya bundan imtina edilməsi üçün Nazirliyə on günlük müddət məhdudiyyətini müəyyən edir. Hüquqi şəxsin təsis sənədlərində düzəldilməli olan çatışmazlıqların mövcud olduğu təqdirdə, Nazirlik həmin on gün müddətində onları düzəltməyə dair izahlarla sənədləri təsisçilərə qaytarmaq hüququna malik idi. Düzəltmədən sonra qeydiyyat sənədləri yenidən təqdim edildikdə, qanun rəsmi cavab üçün beş günlük müddət nəzərdə tuturdu.

32. Məhkəmə hesab edir ki, Hökumət, Nazirlik tərəfindən 11 oktyabr 2001-ci il tarixdə təsisçilərin ilk qeydiyyat müraciətinə cavab verilməsinə dair mövqeyinin əsaslandırılması üçün mötəbər sübut təqdim etməyib. Xüsusilə, Hökumət təsisçilərə 11 oktyabr 2001-ci ildə göndərilməsi ehtimal olunan məktubun surətini təqdim edib (bax, yuxarıda 8-ci paraqrafa). Lakin adi təcrübənin ziddinə olaraq, bu məktub Nazirliyin rəsmi blankını əks etdirmir, onun tarixi qoyulmayıb və nömrəsi yoxdur. Bu məktubun ərizəçi və ya digər təsisçiyə göndərildiyinin və onlar tərəfindən alındığının göstərilməsinə dair hər hansı sübut mövcud deyildir. Belə olan halda, Məhkəmə bu nəticəyə gəlir ki, təsisçilərin 12 sentyabr 2001-ci il tarixli qeydiyyat müraciətinə ilk rəsmi cavab yalnız 27 yanvar 2003-cü il tarixdə verilib. Müvafiq olaraq, bir il dörd aydan artıq gecikdirmə olub. Bu müddətdən doqquz aydan artıq vaxt 15 aprel 2002-ci ildən sonrakı dövrə, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi dövrə təsadüf edir. Buna görə, Məhkəmə belə qənaətə gəlir ki, Nazirlik qanunla müəyyən olunmuş on günlük müddəti ciddi pozmuşdur.

33. Hər bir halda təsisçilərin 12 sentyabr 2002-ci il tarixli ikinci qeydiyyat müraciətindən sonra Nazirlik yenə də dörd aydan artıq müddətdən sonra rəsmi cavabı verib ki, bu da qanunla müəyyən olunmuş on günlük müddətin ziddinə olmuşdur.

34. Məhkəmə o mövqeyini də xatırladır ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» 06 fevral 1996-cı il tarixli Qanun Nazirlik tərəfindən qanunla müəyyən olunmuş müddətdə cavab verilməməsi səbəbindən dövlət qeydiyyatı prosedurunda baş vermiş gecikdirmələrə qarşı səmərəli müdafiəni təmin etməyib (bax, yuxarıda qeyd olunan Ramazanova və digərləri, § 66).

35. Qeydiyyat müraciətlərinə rəsmi cavabın verilməsi üçün qanunla müəyyən olunmuş müddətin Nazirlik tərəfindən pozulmasını və belə gecikmələrə qarşı daxili qanunvericilikdə səmərəli müdafiənin nəzərdə tutulmamasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, müdaxilə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənasına görə «qanunla nəzərdə tutulmuş» olmayıb.

36. Bu nəticəyə gələrək, Məhkəmə Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin digər tələblərinə (qanuni məqsəd və müdaxilənin zəruriliyi) cavab verdiyinə əmin olmasına ehtiyac görmür.

37. Müvafiq olaraq, Konvensiyanın 11-ci maddəsi pozulub.

II. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin posunztusu iddiası olunan 

38. Ərizəçi şikayət etdi ki, daxili məhkəmələr Nazirlik tərəfindən birliyi qeydə almaqdan qanunsuz imtinanı təsdiq edən sübutları nəzərə almayıb və dövlət qeydiyyatına müraciətə rəsmi cavabın verilməsi üçün qanunla müəyyən olunmuş müddətin Nazirlik tərəfindən pozulmasını lazımi qaydada araşdırmayıblar. O, Konvensiyanın aşağıda göstərilən 6-ci maddəsinə əsaslanıb:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən…, məhkəmə vasitəsilə… ədalətli araşdırma hüququna malikdir…»

39. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılana bağlıdır və buna görə, məqbul elan edilməlidir.

40.Lakin Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı şikayət və dəlilləri Konvensiyanın 11-ci maddəsi üzrə yuxarıda araşdırılanlarla əsasən eynidir. Buna görə, yuxarıdakı 35-ci paraqrafda olan nəticələri nəzərə alaraq, Məhkəmə hazırkı şikayətin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə ayrıca araşdırılmasını zəruri hesab etmir.

III. Daxili məhkəmələrin müstəqilliyi və qərəzsizliyinə aid konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 13-cü maddəsinin pozuntusu iddiası

41. Ərizəçi ondan da şikayət etdi ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə zidd olaraq, daxili məhkəmələr müstəqil və qərəzsiz olmayıb. O qeyd etdi ki, sözügedən hadisələr zamanı tətbiq edilməli olan qanunvericiliyə müvafiq olaraq, Azərbaycanda hakim vəzifələrinə namizədlərin seçilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Ədliyyə Nazirliyinin sədrliyi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilirdi. Ərizəçi iddia etdi ki, belə olan halda, daxili məhkəmələrin hakimləri Ədliyyə Nazirliyinə qarşı işlər üzrə müstəqil və qərəzsiz ola bilməzdi, ona görə ki, onların məhkəmələrə sonrakı yenidən təyin olunması Məhkəmə-Hüquq Şurasının Sədri kimi Ədliyyə Nazirinin mülahizəsindən asılı olacaqdır. Bundan başqa, ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birgə 13-cü maddə əsasında şikayət edib ki, daxili məhkəmələr səmərəli vasitə kimi qiymətləndirilə bilməz, ona görə ki, onlar qeyri-hökumət təşkilatlarının qeydə alınmasında gecikdirmələrə aid işlər üzrə heç zaman Ədliyyə Nazirliyinə qarşı qərar çıxarmayıblar.

42. Məhkəmə qeyd edir ki, bu şikayətlər Əsədov və digərlərinin Azərbaycana qarşı iş üzrə Məhkəmə qarşısında qaldırılan şikayətləri ilə əsasən eynidir ((qərardad), № 138/03, 12 yanvar 2006-cı il). Həmin işdə Məhkəmə hesab etdi ki, bu şikayətlər açıq-aşkar əsassızdır. Mahiyyyətcə bu işdə yeni dəlil və sübutların təqdim olunmadığı üçün Məhkəmə Əsədov və digərlərinin işi üzrə hüquqi mövqeyindən kənara çıxmağa hər hansı əsas görmür.

59. Buna görə, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd olunmalıdır.

IV. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

60. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»

A. Zərər

45. Ərizəçi maddi zərərə görə 11.400 avro (EUR), mənəvi zərərə görə isə 20.000 EUR tələb etdi.

46. Hökumət bu tələbi mübahisələndirmədi.

47. Məhkəmə qeyd edir ki, ərizəçi maddi zərər üzrə tələbini əsaslandıran və ya tələb olunan məbləğin hesablanması üçün əsas olan hər hansı sübut təqdim etməyib. Belə olan halda, Məhkəmə müəyyən olunan pozuntu ilə iddia olunan maddi zərər arasında hər hansı səbəbli əlaqəni görmür; bu səbəbdən həmin tələb rədd olunur.

48. Mənəvi zərərə gəldikdə isə, dövlət qeydiyyatı prosesində özbaşına gecikmələr ictimai birliyin həmtəsisçisi kimi ərizəçini məyus etmişdir. Buna baxmayaraq, tələb olunan məbləğ həddindən artıqdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, ədalətli əsaslarla öz qiymətləndirməsini edərək, Məhkəmə bu məbləğə hesab edilməli olan hər hansı vergi məbləği üstünə gəlməklə, mənəvi zərərə görə ərizəçiyə 1.000 EUR ödənilməsini qərara alır.

B. Xərc və məsrəflər

49. Ərizəçi, həmçinin 500 EUR tərcümə xərci, 110 EUR poçt xərci, 1.000 EUR daxili məhkəmələr qarşısında çəkdiyi xərci və 1.000 EUR Məhkəmə qarşısında çəkdiyi xərci daxil olmaqla, cəmi 2.610 EUR tələb etdi. O, tərcümə və poçt xərcələri üçün hər hansı sənədli sübutlar təqdim etmədi. Daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərclərin təsdiqi kimi o, hüquqi xidmətlərin göstərilməsi üçün nümayəndəsi ilə bağladığı müqavilənin surətini təqdim edib.

50. Hökumət bu tələbi mübahisələndirmədi.

51. Məhkəmənin presedent hüququna müvafiq olaraq, ərizəçi onun dəyər və xərclərinin ödənilməsi hüququna yalnız o halda malikdir ki, o, onların həqiqətən və zəruri olaraq çəkildiyini və əsaslı məbləğ olmasını göstərsin. Hazırkı işdə Məhkəmə malik olduğu bütün məlumatları və yuxarıdakı meyarları nəzərə alaraq hesab edir ki, bu məbləğə hesab edilməli olan hər hansı vergi məbləği üstünə gəlməklə, bütün xərcləri bağlayan 2.000 EUR ərizəçiyə ödənilsin.

C. Faiz dərəcəsi

52. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

 

Bu səbəblərə görə məhkəmə yekdilliklə

1. Ərizəçinin birləşmək azadlığı hüququna və ədalətli araşdırma hüququna dair şikayətini məqbul,
şikayətin qalan hissəsini isə qeyri-məqbul elan edir;

2. İş üzrə Konvensiyanın 11-ci maddəsinin pozulmasını qərara alır;

3. Şikayətin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə araşdırılması üçün ehtiyacın olmadığını qərara alır;

4. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə və xərc və məsrəflərə görə Dövlət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla müvafiq olaraq 1.000 EUR (bir min avro) və 2.000 EUR (iki min avro) ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

4. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.

 

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 17 yanvar 2008-ci ildə göndərilib.

 

Soren Nilsen                       Xristos Rozakis
Katib                                      Sədr