Pr.4.2/№43978/09 BATTİSTA İTALİYAYA QARŞI – 2 DEKABR 2014

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

 

 

İKİNCİ SEKSİYA

 

 

 

BATTİSTA İTALİYAYA qarşı
(Ərizə №43978/09)

 

QƏRAR

 

 

 

STRAZBURQ

2 dekabr 2014

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin ikinci bəndinə uyğun olaraq qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

Battista İtaliyaya qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci seksiya), hakimlər:
Işıl Karakaş, sədr, (IşılKarakaş)
Gido Reymondi, (Guido Raimondi)
AndrasSajo, (AndrásSajó)
Neboşa Vuçinis, (Nebojša Vučinić)
Helen Keller, (Helen Keller)
Ejidijus Küris, (EgidijusKūris)
Robert Spano, (Robert Spano)
və seksiya katibi Abel Kamposdan (Abel Campos) ibarət tərkibdə

4 noyabr 2014-cü il tarixində qapalı məşvərət keçirərək,

Aşağıdakı qərarı qəbul edir:

PROSEDUR

1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən İtaliya Respublikasının vətəndaşı cənab Alesandro Battista tərəfindən (« ərizəçi ») 6 avqust 2009-cu ildə Məhkəməyə təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (no 43978/09) əsasında başlamışdır.

2. Ərizəçi Neapolda vəkillik fəaliyyəti ilə məşğul olan cənab A.Battista tərəfindən təmsil olunmuşdur. İtaliya hökuməti (« Hökumət ») nümayəndəsi xanım E.Spatafora tərəfindən təmsil olunmuşdur.

3. Ərizə Hökumətə 11 aprel 2011-ci ildə təqdim edilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

4. Ərizəçi cənab Alesandro Battista 1967-ci il təvəllüdlü və Neapolda yaşayan İtaliya vətəndaşıdır.

5. İşin əvvəlində ərizəçi arvadından (D.L.) ayrılma mərhələsində idi və cütlüyün iki övladı (G.L. və M.T.) üzərindəki qəyyumluq müvəqqəti olaraq hər iki valideynə birlikdə verilmişdi.

6. 29 avqust 2007-ci il tarixində ərizəçi oğlunun (G.L.) adının pasporta yazılaraq yeni pasport verilməsi tələbi ilə qəyyumluq üzrə hakimə müraciət etmişdir. Keçmiş arvadı ərinin ayrılma zamanı məhkəmə sədri tərəfindən müəyyən edilmiş alimenti ödəmədiyini əsas gətirərək buna etiraz etmişdir.

7. 18 sentyabr 2007-ci il tarixli qərarı ilə qəyyumluq üzrə hakim uşaqların aliment almaq hüququnun qeyd-şərtsiz qorunmasını nəzərə alaraq pasport verilməsinin münasib olmadığını hesab etmiş və ərizəçinin müraciətini rədd etmişdir. Bununla bağlı, hakim 600 Avro məbləğində aliment ödəməli olan ərizəçinin bu alimentin yalnız cüzi bir hissəsini ödədiyini (45 avrodan 90 avroya qədər məbləğ) və xarici ölkəyə köçəcəyi təqdirdə bu öhdəlikdən tamamilə boyun qaçıracağından ehtiyat etdiyini vurğulamışdır.

8. 26 oktyabr 2007-ci il tarixli qərarı ilə qəyyumluq üzrə hakim M.T.-nin adının ərizəçinin pasportundan çıxarılması barədə qərar qəbul etmişdir.

9. 31 oktyabr 2007-ci ildə Neapol şəhərinin polis komissarı (questore) ərizəçiyə pasportunu komissarlığa təhvil verməsi haqqında göstəriş vermiş və onun xarici ölkəyə çıxış üçün yararlı olan şəxsiyyət vəsiqəsini ləğv etmişdir.

10. Ərizəçi qəyyumluq üzrə hakimin qərarından Neapol məhkəməsinə şikayət vermişdir. O iddia etmişdir ki:
– ayrılma zamanı məhkəmə sədrinin qərarına əsasən uşaqlar avqustun 10-dan 26-na qədər yay tətilini onunla bərabər keçirməli idilər və bunu nəzərə alaraq, o, uşaqları Sicilyaya təyyarə ilə aparmağı düşünmüşdü. Lakin bunun üçün uşaqların hər ikisinin adı onun pasportuna qeyd edilməlidir;
– keçmiş arvadının etirazı və qəyyumluq üzrə hakimin qərarı səbəbilə, o və uşaqları tətilə gedə bilməmişdir;
– uşaqların adları analarının pasportunda qeyd olunmuşdur;
– onun tələbinin rədd edilməsi qanunla nəzərdə tutulmamış sanksiyadır.

11. 7 fevral 2008-ci ildə ərizəçi keçmiş arvadının onun şəxsiyyət vəsiqəsini və pasportunu birgə yaşadıqları evdə saxladığını söyləyərək ona yeni pasport verilməsi üçün Neapol məhkəməsinin qəyyumluq üzrə hakiminə müraciət etmişdir.

12. 29 fevral 2008-ci il tarixli qərarı ilə Neapol məhkəməsinin qəyyumluq üzrə hakimi uşaqlar üçün tutulan alimentin ödənilməməsini və ərizəçinin xarici ölkəyə öz öhdəliyindən yayınmaq məqsədilə getdiyindən ehtiyat etdiyini əsas gətirərək ərizəçinin müraciətini rədd etmişdir.

Ərizəçi də öz növbəsində sərbəst hərəkət etmək hüququnun pozulduğunu əsas gətirərək bu qərardan Neapol məhkəməsinə şikayət vermişdir.

13. 5 fevral 2009-cu il tarixli qərarı ilə Neapol məhkəməsi şikayət ərizəsinə baxmış və onu rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, qəyyumluq üzrə hakimin qərarının hüquqi bazası passportlar haqqında 2003-cü il 3 saylı qanunla dəyişdirilmiş 21 noyabr 1967-ci il tarixli 1185 saylı qanundur.

14. Məhkəmə hesab etmişdir ki, qəyyumluq üzrə hakimin ərizəçinin oğlunun adının qeyd edilməklə pasport almaq tələbi ilə bağlı məsələni həll etmək üçün səlahiyyəti var. Şikayət ərizəsinin əsaslandırılmasına gəlincə, məhkəmə qeyd etmişdir ki, ərizəçi alimentlə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bu hal pasportlar haqqında qanunun 12-ci maddəsinə görə uşaqların maraqları nöqteyi-nəzərdən pasportun verilməsindən imtina edilməsinin qanuni əsaslarından biridir.

15. 4 noyabr 2008-ci ildə D.L. uşaqların ərizəçi ilə ünsiyyətinə mane olduğu üçün 100 avro məbləğində cərimə edilmişdir.

16. 8 aprel 2009-cu il qətnaməsi ilə qəyyumluq üzrə hakim D.L.-in müraciəti əsasında ona iki uşağın adının qeyd edildiyi pasport vermişdir.

17. 21 avqust 2012-ci ildə ərizəçi 2009-cu il 135 saylı qanunvericilik fərmanına əsasən Neapol məhkəməsinin qəyyumluq üzrə hakimindən uşaqlarına fərdi pasportların verilməsini tələb etmişdir.

18. D.L. uşaqlar üçün belə bir pasportun vacib olmadığını, ərizəçinin 2007-ci ildən etibarən aliment öhdəliyini yerinə yetirmədiyini və hətta bu məsələ üzrə cinayət prosesinin davam etdiyini əsas gətirərək etiraz etmişdir.

19. 3 oktyabr 2012-ci il tarixli qərarı ilə qəyyumluq üzrə hakim ərizəçinin müraciətini rədd etmişdir. O hesab etmişdir ki, ərizəçi ilə D.L. arasında ayrılma prosesi davam etməkdədir və uşaqlar üzərində qəyyum olan D.L.-in fikirləri nəzərə alınaraq uşaqlara pasport verilməsini təxirə salmaq yerinə düşər. Ərizəçi bu qərardan apelyasiya şikayəti verməmişdir.

II. MÜVAFİQ DAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ

20. 2003-cu il 3 saylı qanunla dəyişdirilmiş 21 noyabr 1967-ci il tarixli (1185 saylı) qanunda deyilir:
Maddə 3
Pasport verilə bilməz:
a) valideynlərinin razılığı və ya qəyyumluq üzrə hakimin icazəsi olmadan valideyn himayəsində olan uşaqlara;
b) qəyyumluq üzrə hakimin icazəsi olmadan yetkinlik yaşına çatmayan uşaqları olan valideynlərə. Digər valideynin razılığı olduqda və ya valideynlərdən biri (…) tam qəyyumluğa malik olduqda belə bir icazə vacib deyil.
Maddə 12
Şəxs xarici ölkədə olduğu və yetkinlik yaşına çatmayan uşaqlar üçün məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəmək iqtidarında olmadığı (…) zaman pasport həmin şəxsdən geri alına bilər.

21. Təcrübədə pasportun verilməsi ilə bağlı iki istisna mövcuddur: maraqlı tərəf xarici ölkədə müalicə olunmaq zərurətini göstərdiyi zaman və iş səbəbilə xarici ölkəyə getməli olduğu zaman.

22. 2009-cu il tarixli 135 saylı qanunvericilik fərmanı yetkinlik yaşına çatmayan uşaqlar üçün fərdi pasport əldə etmək öhdəliyi qoydu. Beləliklə, 25 noyabr 2009-cu ildən etibarən yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin pasportuna yazılması artıq mümkün deyil. Bu tarixdən əvvəl aparılan qeydlər həmin vaxtda qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq etibarlı hesab edilir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün pasportun etibarlılıq müddəti uşaqların yaş həddinə görə dəyişməkdədir: 0-3 yaş arası uşaqlar üçün 3 il, 3 yaşından 18 yaşına qədər uşaqlar üçün 5 il.

23. Aliment öhdəlikləri ilə bağlı səlahiyyət, tətbiq edilənlik, qərarların tanınması və icrası və aliment öhdəlikləri sahəsində əməkdaşlıqla əlaqədar 18 dekabr 2008-ci il tarixli 4/2009 saylı (Avropa Birliyi) Direcktiv ölkə xaricində aliment borclarının ödənilməsinin asanlaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutur.

24. Uşaqlar və ya ailənin digər üzvləri üçün tutulan alimentlərin beynəlxalq səviyyədə ödənilməsi haqqında 23 noyabr 2007-ci il tarixli Haaqa Konvensiyası Razılığa gələn Dövlətlərin hakimiyyət orqanları arasında administrativ əməkdaşlıq sistemini və aliment öhdəlikləri ilə bağlı qərar və sazişlərin tanınması və icra edilməsi rejimini nəzərdə tutur.

25. Xarici ölkədə alimentlərin ödənilməsi ilə bağlı Nyu-York Konvensiyası Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının 17 may 1955-ci ildə qəbul edilmiş 572 saylı (XIX) qətnaməsinə əsasən çağırılmış Birləşmiş Millətlər Təşkilatının aliment öhdəlikləri haqqında Konfransında qəbul edilmiş və 20 iyun 1956-cı ildə imzaya açılmışdır.

HÜQUQ MƏSƏLƏLƏRİ

I. KONVENSİYANIN 4 SAYLI PROTOKOLUNUN 2-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

26. Ərizəçi şəxsi həyat hüququnun və sərbəst hərəkət etmək hüququnun pozuntusundan şikayət edir. O, xüsusilə qeyd edir ki, alimenti ödəmədiyi təqdirdə valideynin pasport almasına və uşaqlarının adını pasportda qeyd etdirməsinə qadağa qoyan heç bir hüquq norması yoxdur.
Ərizəçi Konvensiyanın 4 saylı Protokolunun aşağıdakı şəkildə ifadə edilən 2-ci maddəsinə əsaslanır:
« 1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
4. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. »

27. Hökumət ərizəçinin fikrinə etiraz edir.

A. Qəbuledilənlik

28. Məhkəmə müəyyən edir ki, hazırki şikayət ərizəsi Konvensiyanın 35-ci madəsinin 3(a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış deyildir. Bundan başqa, Məhkəmə bildirir ki, şikayət ərizəsində başqa heç bir qəbuledilməzlik əsası yoxdur. Ərizənin qəbuledilənliyini bəyan etmək məqsədəuyğundur.

B. Mahiyyət üzrə

1. Tərəflərin təqdimatları

29. Ərizəçi iddia edir ki, hakimiyyət orqanlarının ona pasport verməkdən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Xüsusilə, o, ailə üzvlərinin saxlanılması öhdəliklərinin pozuntusu (violazionedegliobblighi di assistenzafamiliare, cinayət məcəlləsinin 570-ci maddəsinə görə cəzalandırılan əməl) səbəbilə heç vaxt məhkum edilmədiyini və alimentin ödənilməməsi səbəbilə heç bir məhkəmə orqanı tərəfindən məhkum edilmədiyini əsas gətirir. Üstəlik, o iddia edir ki, onun, ümumiyyətlə, məhkumluğu yoxdur.

30. Hökumət xatırladır ki, Konstitusiyanın 16-cı maddəsinə görə vətəndaşın Respublika ərazisindən çıxmaq hüququ qanunla nəzərdə tutulmuş öhdəliklərin yerinə yetilməsi ilə şərtlənir.

31. Daha sonra Hökumət qeyd edir ki, ərizəçinin hüququna müdaxilə qanunla, yəni 1967-ci il tarixli 1185 saylı qanunun 3-cü maddəsinin a) və b) bəndləri ilə açıq şəkildə nəzərdə tutulmuşdur və izah edir ki, bu müdaxilənin yekun məqsədi uşaqların müdafiəsidir: söhbət ərizəçinin alimenti ödəməsindən əmin olmaqdan və cinayətin baş verməsinin qarşısını almaqdan gedir. Hökumətin fikrincə, bu müdaxilə, xüsusilə, ödənilməmiş borclarla bağlı Məhkəmənin təcrübəsinin işığında, « demokratik cəmiyyətdə zəruri» meyarına cavab verir.

32. Bu məsələ ilə bağlı Hökumət xatırladır ki, cinayət məcəlləsinin 570-ci maddəsi ilə cəzalandırılan ailə üzvlərinin saxlanılması öhdəliklərinin (violazionedegliobblighi di assistenzafamiliare) pozulması səbəbilə məhkəmə araşdırmasının başlanıb-başlanmamasını müəyyənləşdirmək üçün Neapol məhkəməsi 22 oktyabr 2008-ci il tarixli qərarını prokurorluğa göndərməyi qərara almışdır.

33. Hökumət qeyd edir ki, Konstitusiya Məhkəməsi 1997-ci il tarixli 0464 saylı qərarı ilə təsdiq etmişdir ki, 1967-ci il tarixli 1185 saylı qanunun haqqında danışılan maddəsinin əsasında « valideynin öz uşaqlarına qarşı öhdəliklərini yerinə yetirməsinin təminatı » durur.

Hökumət əlavə edir ki, Kassasiya Məhkəməsinin təcrübəsinə görə qəyyumluq üzrə hakimin bu məsələ ilə bağlı qərarı « xüsusi icra » tədbiridir (yəni valideynlərin subyektiv hüquqları arasındakı toqquşmalarının qəti şəkildə həllini nəzərdə tutmur).

34. Hökumət davam edən cinayət prosesləri, müflisləşmə və ya hərbi xidmətlə bağlı ohdəliklərin pozulması hallarında sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılmasına aid Məhkəmənin təcrübəsini xatırladır.

2. Məhkəmənin dəyərləndirməsi

35. Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, hazırki iş yeni bir məsələ qaldırır, çünki əvvəllər aliment öhdəlikləri kimi xüsusi əhəmiyyət kəsb edən üçüncü şəxsə olan borcların mövcudluğu səbəbilə ölkəni tərk etmək hüququnu məhdudlaşdıran tədbirləri araşdırmaq fürsəti olmamışdır.

36. 4 saylı Protokolun 2-ci maddəsinə əsasən nəzərdən keçirilmiş əvvəlki işlərdə Məhkəmə və ya İnsan hüquqları üzrə keçmiş Avropa Komissiyası aşağıdakı hallarda edilmiş qadağalarla maraqlanmışdır:
– davam edən cinayət prosesi (Şmit Avstriyaya qarşı, no 10670/83, Komissiyanın 9 iyul 1985-ci il tarixli qərarı, Décisions et rapports (DR) (DR) 44, səh. 195; Boman Fransaya qarşı, no 33592/96, CEDH 2001 V; Földes və FöldesneHaclik Macarıstana qarşı, no 41463/02, CEDH 2006 XII; Sisanis Rumıniyaya qarşı, no 23468/02, 25 yanvar 2007; Besenye Macarıstana qarşı, no 37509/06, 21 oktyabr 2008; A.E. Polşaya qarşı, no 14480/04, 31 mart 2009; Iordan Iordanov və başqaları Bolqarıstana qarşı, no 23530/02, 2 iyul 2009; Makedonski Bolqarıstana qarşı, no 36036/04, 20 yanvar 2011; Pfayfer Bolqarıstana qarşı, no 24733/04, 17 fevral 2011; Preşer Bolqarıstana qarşı, no 6767/04, 7 iyun 2011; et Myadzik Polşaya qarşı, no 23592/07, 24 yanvar 2012);
– cəzanın icrası (M. Almaniyaya qarşı, no 10307/83, Komissiyanın 6 mart 1984-cü il tarixli qərarı, DR 37, səh. 113);
– şəxsin cinayət əməlinə görə məhkum edilməsi, bəraət qərarı verilmədiyi müddətdə (Nalbantski Bolqarıstana qarşı, no 30943/04, 10 fevral 2011);
– davam edən iflas prosesi (Luordo Italiyaya qarşı, no 32190/96, CEDH 2003 IX);
– gömrük cəzasının ödənilməsindən imtina edilməsi (Napicalo Xorvatiyaya qarşı, no 66485/01, 13 noyabr 2003);
– vergi ödəməmək (Riner Bolqarıstana qarşı, no 46343/99, 23 may 2006);
– məhkəmə qərarı ilə tutulan borcun özəl kreditora qaytarılmaması (Iqnatov Bolqarıstana qarşı, no 50/02, 2 iyul 2009, və Qoşev Bolqarıstana qarşı, no 34383/03, 26 noyabr 2009; Xlyustov Rusiyaya qarşı, no 28975/05, 11 iyul 2013);
– « Dövlət sirrlərini » bildiyinə görə (Bartik Rusiyaya qarşı, no 55565/00, CEDH 2006 XV);
– Hərbi xidmət öhdəliklərinin yerinə yetirilməməsi (Peltonen Finlandiyaya qarşı, no 19583/92, Komissiyanın 20 fevral 1995-ci il tarixli qərarı, DR 80 A, səh. 38, və Maranqos Kiprə qarşı, no 31106/96, Komissiyanın 20 may 1997-ci il tarixli nəşr edilməmiş qərarı);
– şəxsin əqli cəhətdən xəstə olması və gedəcəyi Dövlətdə adekvat şəkildə ictimai sığorta kassasından müalicə xərclərinin ödənilməsinə imkan verən mexanizmin olmaması (Nordblad İsveçə qarşı, no 19076/91, Komissiyanın 13 oktyabr 1993-cü il tarixli nəşr edilməmiş qərarı);
– yetkinlik yaşına çatmamış bir uşağın xarici ölkəyə aparılmasını qadağan edən məhkəmə qərarı (RoldanTekseyra və başqaları İtaliyaya qarşı (déc.), no 40655/98, 26 oktyabr 2000, və Diamante və Peliksioni Sen-Marinə qarşı, no 32250/08, 27 sentyabr 2011);
– immiqrasiya məsələsi ilə bağlı ABŞ-ın qanunlarını pozduğu üçün Bolqarıstan vətandaşına öz Dövlətinin ərazilərini iki il müddətinə tərk etməsinin qadağan edilməsi (Stamoz Bolqarıstana qarşı, no 29713/05, CEDH 2012).
Məhkəmə hesab edir ki, bu işlərlə hazırki iş arasında mövcud olan fərqlərə baxmayaraq, eyni prinsiplər burda da tətbiq edilə bilər.

37. 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Daxili məhkəmələr tərəfindən ərizəçiyə pasport verilməsindən imtina edilməsi və xarici ölkəyə səyahət etmək üçün lazım olan şəxsiyyət vəsiqəsinin ləğv edilməsi onun hüquqlarının məhdudlaşdırılması kimi təhlil edilir. (bax: yuxarıda qeyd edilən Peltonen, səh. 43 qərarı və yuxarıda qeyd edilən Bauman, §§ 62-63, Napicalo, §§ 69-73, və Nalbantski, § 61 qərarları). Bundan sonra, bu məhdudiyyətin « qanunla nəzərdə tutulmuş » olub-olmamasını, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlib-gəlmədiyini və həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin « demokratik cəmiyyətdə zəruri » olub-olmamasını müəyyən etmək məqsədəuyğundur.

38. Bu tədbirin qanuniliyinə gəlincə, Məhkəmə öz təşəkkül tapmış təcrübəsini xatırladır. Bu təcrübəyə əsasən « qanunla nəzərdə tutulmuş» ifadəsi təkcə ittiham xarakterli tədbirin daxili hüquqda əsaslanmış olduğunu tələb etmir, həmçinin həmin qanunun keyfiyyətini nəzərdən keçirir. Bu qanun müqəssir üçün aydın və öz nəticələri nöqteyi-nəzərdən öngörülə bilən olmalıdır. (Rotaru Rumıniyaya qarşı [GC], no 28341/95, § 52, CEDH 2000-V). Öngörüləbilənlik şərtinə əməl edilməsi üçün qanun tədbirin tətbiq ediləcəyi şərtləri dəqiq ifadə etməlidir. Burada məqsəd lazım gəldikdə ixtisaslı məsləhət almaqla, aidiyyatı olan insanların öz davranışlarını tənzimləməsinə imkan verməkdir.

39. Hökumətin qeyd etdiyi kimi ərizəçinin uşaqlarına ödəməli olduğu alimenti ödəməməsi faktı ilə bağlı müdaxilə 2003-cü il 3 saylı qanunla dəyişdirilmiş 21 noyabr 1967-ci il tarixli 1185 saylı qanuna əsaslanır. Beləliklə, daxili hüquqda müdaxilənin açıq-aydın qanuni əsası var. Bu məsələ ilə bağlı Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi 1997-ci il tarixli 0464 saylı qərarı ilə təsdiq etmişdir ki, 1967-ci il tarixli (1185 saylı) qanunun haqqında danışılan maddəsinin əsasında « valideynin öz uşaqlarına qarşı öhdəliklərini yerinə yetirməsinin təminatı » durur.

40. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli tədbirin həyata keçirilməsinin məqsədi ərizəçinin uşaqlarının maraqlarını təmin etməkdir. Tədbirin legitim məqsədi əsasən başqasının – hazırki işdə aliment almalı olan uşaqların – hüquqlarının müdafiə edilməsidir.

41. Ödənilməmiş borclar səbəblilə tətbiq edilmiş məhdudiyyətin proporsionallığına gəlincə, Məhkəmə xatırladır ki, belə bir tədbir yalnız sözü gedən borcların ödənilməsini təmin etmək məqsədi daşıdıqda özünü doğrulda bilər. (yuxarıda istinad edilən Napicalo, §§ 78-dən 82-yə). Digər tərəfdən, bu tədbir əvvəlcə əsaslandırılmış olsa belə, şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbir məcburi şəkildə uzun müddət tətbiq edilərsə, qeyri-mütənasib ola və şəxsin hüquqlarını poza bilər (yuxarıda istinad edilən Luordo, § 96, və yuxarıda istinad edilən Földes və FöldesneHaclik, § 35)

42. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz. (yuxarıda istinad edilən Riner, § 124, və yuxarıda qeyd edilən Földes və FöldesneHaclik, § 35). Bu nəzarət məhkəmə hakimiyyəti tərəfindən normalda ən azından son qərar verilməzdən öncə təmin edilməlidir, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. (Sisanis Rumıniyaya qarşı, no 23468/02, § 70, 25 yanvar 2007). Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. (bax: mutatis mutandis, Qraf, Van Löven və De Meyer Belçikaya qarşı, 23 iyun 1981, § 60, seriya A no 43).

43. Hazırki işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, ərizəçinin artıq nə pasportu, nə də 2008-ci ildən etibarən xarici ölkəyə getmək üçün lazım olan şəxsiyyət vəsiqəsi var. Məhkəmə qeyd edir ki, alimentin ödənilməməsi səbəbilə ərizəçiyə pasportun və xarici ölkəyə getmək üçün lazım olan şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilib. Daxili məhkəmələr (yuxarıda qeyd edilən 11-12-ci bəndlər) qeyd etmişlər ki, ərizəçi uşaqları üçün ödəməli olduğu alimenti ödəməyib və xarici ölkəyə gedəcəyi təqdirdə onun bu öhdəlikdən yayınmaq təhlükəsi var.

44. Eləcə də, sənəddən və xüsusilə müvafiq milli qərarlardan belə nəticə çıxır ki, daxili məhkəmələr maraqlı tərəfin nə şəxsi vəziyyətini, nə də borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərdən keçirməyi vacib hesab etməmiş və mübahisəli tədbiri avtomatik şəkildə tətbiq etmişdir. Hazırki işdə belə görünür, məsələ ilə bağlı hüquqların balanslaşdırılması həyata keçirilməmişdir. Yalnız aliment alanların maddi maraqları nəzərə alınmışdır.

45. Bundan başqa, Məhkəmə qeyd edir ki, aliment borclarının tutulması məsələsi Avropa və beynəlxalq səviyyədə mülki sahədəki əməkdaşlığın obyektidir. Məhkəmə xatırladır ki, ölkə hüdudlarından kənarda kreditin ödənilməsinə nail olmaq üçün, xüsusilə, səlahiyyət, tətbiq edilənlik, qərarların tanınması və icrası və aliment öhdəlikləri üzrə əməkdaşlıqla bağlı Şuranın 18 dekabr 2008-ci il tarixli 4/2009 saylı Direktivi, uşaqlar və ailənin digər üzvləri üçün tutulan alimentin beynəlxalq səviyyədə ödənilməsi haqqında 23 noyabr 2007-ci il tarixli Haaqa Konvensiyası və xarici ölkədə alimentlərin ödənilməsi ilə bağlı Nyu-York Konvensiyası kimi yararlı olan vasitələr mövcuddur. Bu vasitələr mübahisəli tədbirin tətbiqi zamanı hakimiyyət orqanları tərəfindən nəzərə alınmamışdır. Hakimiyyət orqanları ərizəçinin öz pasportu ilə xarici ölkəyə gedə və beləcə öz öhdəliyini yerinə yetirməkdən boyun qaçıra biləcəyini vurğulamaqla kifayətlənmişdir.

46. Üstəlik, Məhkəmə qeyd edir ki, işin xüsusi halında ərizəçiyə tətbiq edilən məhdudiyyət alimentin ödənilməsinin təmin etməmişdir.

47. Nəticədə, Məhkəmə hesab edir ki, maraqlı tərəfə nə hüdudları, nə də müddəti nöqteyi-nəzərdən heç bir məhdudiyyət nəzərdə tutulmayan avtomatik xarakterli tədbir tətbiq edilmişdir. (yuxarıda istinad edilən Riner, § 127). Bundan başqa, daxili məhkəmələr tərəfindən tədbirin əsaslandırılması və 2008-ci ildən bu tərəfə işin halları baxımından proporsionallığı yenidən nəzərdən keçirilməmişdir.

48. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, belə bir tədbirin maraqlı tərəflə bağlı xüsusi halları nəzərə almadan qeyri-müəyyən müddətdə avtomatik tətbiq edilməsi demokratik cəmiyyətdə zəruri kimi dəyərləndirilə bilməz.

49. Beləliklə, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulmuşdur.

II. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

50. Ərizəçi idddia edir ki, ona pasport verilməməsi Konvensiyanın 8-ci maddəsi ilə nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququnu pozmuşdur. Həmin maddədə deyilir:
« 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
51. Məhkəmə bildirir ki, ərizəçi tərəfindən təqdim edilmiş şikayət ərizəsi yuxarıda nəzərdən keçirilən 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusundan irəli gələn şikayət ərizəsi ilə birbaşa əlaqədardır, deməli, bu ərizə də qəbulediləndir.

52. Yuxarıda əldə etmiş olduğu nəticələri (yuxarıda göstərilən 48 və 49-cu bəndlər) nəzərə alaraq Məhkəmə bu ərizəni ayrılıqda nəzərdən keçirməyi zəruri hesab etmir.

III. İDDİA EDİLƏN DİGƏR POZUNTULAR

53. Ərizəçi uşaqların anasının imtiyazlı rəftardan yararlandığını səbəb göstərməklə 7 saylı Protokolun 5-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, imtiyazlı rəftar səbəbilə uşaqların anası, onun əksinə olaraq, uşaqların adının öz pasportuna yazılmasına nail olmuşdur.

54. Hər şeydən əvvəl Məhkəmə qeyd edir ki, bu şikayət əsaslandırılmamışdır. Şikayətin yuxarıda nəzərdən keçirilmiş şikayətlərdəki məsələdən fərqli bir məsələ qaldırdığını nəzərə alaraq və irəli sürülən iddialarları araşdırmaq səlahiyyəti çərçivəsində Məhkəmə Konvensiyanın təminat verdiyi hüquq və azadlıqların pozulmadığını bildirir. Beləliklə, Məhkəmə şikayəti qəbuledilməz elan edir.

IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

55. Konvensiyaın 41-ci maddəsinə əsasən:
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »

A. Ziyan

56. Ərizəçi xarici ölkəyə gedə bilmək imkanından məhrum edilmələri səbəbilə özünün və uşaqlarının məruz qaldığı mənəvi ziyana görə 30 000 avro həcmindəki məbləği tələb edir.
57. Hökumət bu iddiaya etiraz edir. O hesab edir ki, iddia edilən məbləğ bütün hallarda şişirdilib və Məhkəmənin ödənişlərlə bağlı parametrlərinə uyğun deyil.

58. Məhkəmə hesab edir ki, mənəvi ziyana görə ərizəçiyə 5 000 avro həcmində məbləğ verilməsi yerinə düşər.

B. Xərclər və məsrəflər

59. Ərizəçi həmçinin heç bir əsas göstərmədən məhkəmə xərcləri və digər məsrəflər üçün daxili məhkəmələrdən və Məhkəmədən 20 000 avro həcmində məbləğ verilməsini tələb edir.

60. Hökumət bu məbləğin şişirdlmiş olduğunu hesab edir və iddia edir ki, ərizəçi iddia edilən xərclər və məsrəflərin zəruri və ağlabatan olduğunu göstərməmişdir.

61. Məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırki işdə Məhkəmə bildirir ki, ərizəçi iddiasını təsdiq edən əsasları göstərməmişdir və qərara alır ki, bu məsələ ilə bağlı heç bir məbləğ ödənilməsin.

C. Qərarın icrasının gecikdirilməsinə görə faiz

62. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARLA, MƏHKƏMƏ

1. Yekdilliklə elan edir ki, Konvensiyanın 8-ci maddəsinin və 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu ilə əlaqədar şikayətlər qəbulediləndir,

2. Əksəriyyət etibarilə elan edir ki, ərizə qalan hissəsi qəbul edilən deyildir;

3. Yekdilliklə elan edir ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulmuşdur;

4. Yekdilliklə elan edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusunun nəzərdən keçirilməsi üçün ehtiyac yoxdur;

5. Yekdilliklə elan edir ki,

a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla mənəvi ziyan üçün 5 000 avro (beş min avro) həcmində məbləğ ödəməlidir,

b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;

6. Altı səs lehinə, bir səs əleyhinə olmaqla ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.

Fransız dilində hazırlanmış və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən 2 dekabr 2014-cü ildə yazılı şəkildə elan edilmişdir.

Abel Campos                                       IşılKarakaş
Katib müavini                                     Sədr

Hazırki qərara Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və reqlamentin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq hakim Kürisin fərqli rəyi əlavə edilmişdir.

A.I.K.

A.C.

Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int