№43389/16 CAHANGİR HACIYEV AZƏRBAYCANA QARŞI – 10 FEVRAL 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

BEŞİNCİ BÖLMƏ

HACIYEV AZƏRBAYCANA QARŞI
(Ərizə no. 43389/16)

QƏRAR

STRASBURQ
10 Fevral 2022

Bu qərar qətidir, ona redaktə xarakterli dəyişikliklər edilə bilər

 

Hacıyev Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakı tərkibdən ibarət heyətdə toplaşaraq:

Lado Chanturia, Sədr,
Lətif Hüseynov,
Arnfinn Bårdsen, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,

20 yanvar 2022-ci il tarixdə qapalı müzakirə edərək,

Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

PROSEDUR

1. Bu məhkəmə işi 20 iyul 2016-cı il tarixdə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim edilmiş ərizə ilə bağlıdır.

2. Ərizəçini Azərbaycanda yaşayan vəkil cənab A. Layic təmsil edib.

3. Azərbaycan Hökuməti (“Hökumət”) ərizə ilə bağlı məlumatlandırılıb.

FAKTLAR

4. Ərizəçinin detalları və ərizə ilə bağlı məlumatlar əlavə edilmiş cədvəldə verilib.

5. Ərizəçi onun barəsində çıxarılmış həbs qətimkan tədbirinin seçilməsi haqda qərarın əsaslandırılmamasından şikayət edib.

HÜQUQ

I. KONVENSİYANIN 5§3-CÜ MADDƏININ POZUNTUSU IDDIASI

6. Ərizəçi daxili məhkəmələrin onun barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinin zərurətini öz qərarında əsaslandırmamasından şikayət edib. O, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinad edib, həmin bənddə aşağıdakılar nəzərdə tutulub:

“Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”

7. Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulduğu kimi ağlabatan müddət ərzində mühakimə olunmaq və ya məhkəməyə qədər azadlıqda olmaq hüququ ilə bağlı ümumi prinsiplər onun bir sıra əvvəlki qərarlarında aydın ifadə olunub (bax, digərləri ilə yanaşı Kudla Polşaya qarşı [GC], № 30210/96, § 110, AİHM 2000 XI və McKay Birləşmiş Krallıqa qarşı [GC], № 543/03, §§ 41- 44, AİHM 2006 X, əlavə istinadlar).

8. Məhkəmə Fərhad Əliyev Azərbaycana qarşı, №37138/06, 9 noyabr 2010-cu il, İsayeva Azərbaycana qarşı, №36229/11, 25 iyun 2015-ci il və Zayidov Azərbaycana qarşı, №. 11948/08, 20 fevral 2014-cü il tarixli qərarlarında hazırkı işin halları ilə oxşar məsələlərə münasibət bildirib və pozuntuya yol verildiyini təsbit edib.

9. Məhkəmə ona təqdim edilmiş bütün materialları araşdıraraq, onu bu işdə qaldırlan şikayətlərin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə inandıra biləcək hər hansı fakt və ya arqument aşkar etməyib. Mövzu ilə bağlı öz presedent hüququnu nəzərə alan Məhkəmə hesab edir ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyiblər.

10. Bu səbəblərə görə, bu şikayətlər qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusunu ortaya qoymaqdadır.

II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

11. Konvensiyanın 41-ci maddəsində göstərilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

12. Məhkəmə əlində olan sənədləri və məhkəmə təcrübəsini göz önünə alaraq (bax: xüsusilə, yuxarıda qeyd edilən Fərhad Əliyev, Zayidov və Novruz İsmayılov Azərbaycana qarşı işləri, № 16794/05, 20 fevral 2014-cü il), əlavə edilmiş cədvəldə göstərilən məbləğlərin ərizəçiyə ödənilməsini məqbul hesab edir.

13. Məhkəmə hesab edir ki, defolt faiz dərəcəsi Avropa Mərkəzi Bankının marjinal kredit dərəcəsinə əsaslanmalı və ona üç faiz əlavə edilməlidir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, ərizə qəbulediləndir;

2. Qərar verir ki, məhkəməyə qədər həbs qərarının əsaslandırılmamasına görə, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib;

3. Qərar verir

(a) cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində əlavə edilmiş cədvəldə göstərilmiş məbləği ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçiyə ödəməlidir:

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli, buna üç faiz də əlavə edilməlidir;

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 10 ferval 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Viktoriya Maradudina                Lado Chanturia
İclas katibi                                        Sədr

 

CƏDVƏL
Konvensiyanın 5.1-ci maddəsinə uyğun olaraq verilmiş ərizə
(məhkəməyə qədər həbs qərarının əsaslandırılmaması)

 

Ərizə no.

Daxil olma tarixi

Ərizəçinin adı

Doğum tarixi

 

 

Nümayəndənin adı

İqamət yeri

Həbs periodu Həbs müddəti Spesifik çatışmazlıqlar Mənəvi ziyana görə, ərizəçi üçün müəyyən edilən ədalətli əvəz

(avro ilə)

Xərc və məsrəflərə görə müəyyən edilən məbləğ (avro ilə)
43389/16

20/07/2016

Cahangir

Fevzi oglu HACIYEV

1961

Aqil Layic

Bakı

04/12/2015-02/09/2016 8 ay 30 gün

 

Məhkəmələrin göstərdiyi səbəblərin dayanıqsız olması 3,000 500