№43237/15 ƏBDÜL ƏBİLOV AZƏRBAYCANA QARŞI – 12 sentyabr 2022-ci il

12 sentyabr 2022-ci il tarixində dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi: 43237/15

Əbdül Əbdülmanəf oğlu ƏBİLOV Azərbaycana qarşı

30 iyul 2015-ci il tarixdə daxil olub

 

23 avqust 2022-ci il tarixdə hökumətlə kommunikasiyaya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi sosial mediada fəal olan və hökuməti sərt tənqid edən müxtəlif məzmunlar paylaşan bloqer Əbdül Əbilovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır. Bakı Ağır Cinayətlər Məhkəməsi 27 may 2014-cü il tarixdə ərizəçini Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz narkotik vasitələri hazırlama, saxlama, əldə etmə və daşıma və ya külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə təqsirli sayıb, beş il altı ay müddətinə azadlıqdan məhrum etmişdi. Ali Məhkəmə 26 fevral 2015-ci il tarixdə ərizəçi barədə hökmü qüvvədə saxlayıb. İşin hallarından göründyünə görə, Ali Məhkəmədəki iclasda nə ərizəçi, nə də onun nümayəndəsi iştirak etməyib.

Ərizəçi, xüsusilə Konvensiyanın 6-cı maddələrinin 1-ci və 3-cü bəndinə (b) və (c), 10 və 18-ci bəndlərinə əsaslanaraq iddia edib ki, onun məhkumluğu qurama sübutlara söykənib, haqqındakı cinayət işinin əsl məqsədi onu bloqçu fəaliyyətinə görə cəzalandırmaq olub.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamlarının araşdırması zamanı ədalətli mühakimə haqqına malik olubmu? Xüsusilə, sübutların götürülməsi və prosesdə onlardan istifadə olunması da daxil olmaqla, bütövlükdə proses ədalətli idimi? Sübutların əldə edildiyi hallar, onların etibarlılığına və ya düzgünlüyünə şübhə yaradırmı? Ərizəçiyə sübutların həqiqiliyinə və onların istifadəsinə qarşı çıxmaq imkanı verilibmi?

2. Ali Məhkəmədə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (b) bəndində tələb olunduğu kimi, ərizəçiyə öz müdafiəsini hazırlamaq üçün uyğun vaxt və şərait yaradılıbmı?

3. Ərizəçiyə və/və ya onun vəkilinə Ali Məhkəmədəki iclasda iştirak etmək imkanı verilibmi? Əgər yoxsa, ərizəçinin işi üzrə Ali Məhkəmədəki icraat Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (c) bəndlərinin tələblərinə uyğun olubmu?

4. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

5. Konvensiyanın 6 və 10-cu maddələrinə uyğun olaraq hazırkı işdə iddia edilən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq həmin müddəa ilə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçünmü tətbiq edilib?

6. Tərəflərdən bütün məhkəmə iclaslarının protokollarının, ərizəçinin Ali Məhkəməyə təqdim etdiyi vəsatət və tələblərinin surətlərini və hər hansı digər müvafiq sənədləri Məhkəməyə təqdim etmələri xahiş olunur.