© tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
HƏSƏNƏLİ ƏLİYEV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(Ərizə № 42858/11)
QƏRAR
STRASBURQ
9 iyun 2022-ci il
YEKUN
09/09/2022
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Həsənəli Əliyev və Digərləri Azərbaycana qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakı tərkibdə toplaşaraq,
hakimlər:
Síofra O’Leary, sədr,
Mārtiņš Mits,
Ganna Yudkivska,
Lətif Hüseynov,
Lado Chanturia,
Arnfinn Bårdsen,
Kateřina Šimáčková, hakimlər
və Bölmə Katibinin Müavini,Victor Soloveytchik,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən beş Azərbaycan vətəndaşının (Əlavəyə bax) 14 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdiyi ərizəni (№ 42858/11);
Azərbaycan Hökümətinin (Hökümət) məlumatlandırılması ilə bağlı qərarı;
tərəflərin izahatlarını;
nəzərə alaraq,
işi 10 May 2022-ci ildə qapalı iclasda araşdırıb,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
GİRİŞ
1. İş ərizəçilərin dövlətə məxsus mənzildən çıxarılmasına aiddir və əsasən, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq qaldırılan məsələləri əhatə edir.
FAKTLAR
2. Ərizəçilər haqqında məlumatlar Əlavədə göstərilib. İlk iki ərizəçi ər-arvaddır. Üçüncü, dördüncü və beşinci ərizəçilər onların oğullarıdır. Bütün ərizəçilər Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab S. Bağırov və cənab N. Heydərov tərəfindən təmsil ediliblər.
3. Hökumət öz nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.
4. İşin hallarını aşağıdakı kimi xülasə etmək olar.
5. Birinci ərizəçi təqaüdə çıxmış hərbi qulluqçudur. 25 sentyabr 1984-cü ildə hələ hərbi xidmətdə olarkən SSRİ Müdafiə Nazirliyi ərizəçini Naxçıvan şəhərində (Azərbaycan) hərbi qəsəbədəki mənzildə yaşamaq hüququ verən vərəqə ilə təmin edib. Belə görünür ki. heç bir icarə müqaviləsi bağlanmayıb, lakin ərizəçilər mənzilə köçüb və orada yaşayış vərəqəsi əsasında yaşayıblar. İkinci və üçüncü ərizəçilər müvafiq olaraq 1986 və 1992-ci illərdə mənzildə qeydiyyatda alınıblar. İş materiallarında dördüncü ərizəçinin yaşayış yeri üzrə qeydiyyat tarixi və beşinci ərizəçinin sözügedən mənzildə ilkin qeydiyyat tarixi (aşağıda 9-cu bəndə bax) haqqında məlumat yoxdur.
6. 2 mart 1994-cü ildə Culfa Rayon Aqrar İslahat Komissiyası birinci, dördüncü və beşinci ərizəçilərə kənd təsərrüfatı məqsədləri üçün birgə torpaq sahəsinin ayrılması haqqında qərar qəbul edib. Onlara 27 oktyabr 1998-ci ildə mülkiyyət hüququnu təsdiq edən sənəd verilib. Belə görünür ki, birinci ərizəçiyə 9 noyabr 2000-ci ildə başqa torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə də verilib (bu sənədlərin surətləri iş materiallarında yoxdur).
7. 4 sentyabr 2003-cü ildə birinci ərizəçiyə şəxsiyyət vəsiqəsi verilib və bu sənəddə onun yaşayış yerinin qeydiyyat ünvanı Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunun Ərəfsə kəndi göstərilib (surəti iş materiallarında yoxdur).
8. 2010-cu ilin aprelində Müdafiə Nazirliyi yanında Naxçıvan Rayon Yaşayış Təsərrüfatı Bölməsi Naxçıvan Şəhər Məhkəməsində birinci ərizəçinin və onun ailə üzvlərinin mənzildə yaşayış yeri üzrə qeydiyyatına xitam verilməsi və evdən çıxarılması barədə iddia qaldırıb. İddia edilib ki, yeni hərbi qulluqçular üçün mənzilə ehtiyac var və birinci ərizəçinin Ərəfsədə evi var.
9. 17 may 2010-cu ildə birinci, ikinci və beşinci ərizəçilər şəxsiyyət vəsiqələrini yeniləyiblər və sənədlərdə onların yaşayış yeri üzrə qeydiyyatı mənzilin ünvanında göstərilib (surətləri iş materiallarında yoxdur).
10. 26 may 2010-cu il tarixdə Culfa Rayon İcra Hakimiyyətinin (“CRİH”) tabeliyində olan Ərəfsə kənd inzibati ərazi idarəsi birinci instansiya məhkəməsinə təqdim etmək üçün birinci ərizəçiyə arayış təqdim edib. Arayışda, inter alia, birinci ərizəçinin (i) Naxçıvan şəhərində daimi yaşadığı; və (ii) Ərəfsədə heç bir mənzili və ya evi olmadığı göstərilib.
11. 23 iyun 2010-cu ildə birinci ərizəçi Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsinə etiraz ünvanlayıb. Etirazda daxili qanunvericilikdə nəzərdə tutulmuş çoxsaylı müddəalara istinad edib və Ərəfsədə yaşamadığını bildirib.
12. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, birinci ərizəçi (i) Ərəfsədə yaşayış yeri üzrə qeydiyyatda olduğu zaman ona torpaq sahəsi ayrıldığını, lakin onun və ailəsinin heç vaxt orada yaşamadığını; (ii) özünün və ailə üzvlərinin 17 may 2010-cu il tarixdə mənzildə yenidən qeydiyyata alındığını və həmin vaxta qədər Ərəfsədə yaşayış yeri üzrə qeydiyyatda olduğunu; və (iii) yaşamağa başqa yerləri olmadığını bildirib. Naxçıvan Şəhər Məhkəməsi, inter alia, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci və 5-ci maddələrinə, “Torpaq islahatı haqqında” qanunun 12-ci maddəsinə və 1982-ci il Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad edərək iddianı təmin edib (bax, aşağıda 21, 24 və 26-cı bəndlər). Məhkəmə qərara alıb ki, birinci ərizəçi 4 sentyabr 2003-cü il və 17 may 2010-cu il tarixləri arasında Ərəfsədə yaşayış yeri üzrə qeydiyyatda olub. Məhkəmə daha sonra qeyd edib ki, birinci, dördüncü və beşinci ərizəçilərə Ərəfsədə torpaq sahəsi ayrılıb və sovxoz (dövlət təsərrüfatı) və ya kolxozda (kollektiv təsərrüfat) daimi yaşayan şəxslər sovxoz və kolxoza məxsus torpaqdan pay almaq hüququna malik olub. Məhkəmə belə nəticəyə gəlib ki, birinci ərizəçi yeddi ildən artıqdır ki, mənzili tərk edib və Ərəfsə qeydiyyatında olub.
13. Birinci ərizəçi apellyasiya şikayəti verib və (i) yaşayış yerinin qeydiyyatı ünvanının dəyişdirilməsinin yeganə səbəbinin özünün pensiya ödənişləri ilə bağlı inzibati rəsmiləşdirmələr olduğunu; (ii) dördüncü və beşinci ərizəçilərin Naxçıvan şəhərində orta məktəbdə oxuduğunu; (iii) ərizəçilər başqa yaşayış sahəsi ilə təmin olunmadan mənzildən çıxarıla bilməyəcəyini; və (iv) mənzildən çıxarılarsa, ailənin küçədə qalacağını bildirib.
14. Belə görünür ki, apellyasiya instansiyası məhkəməsi qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində apellyasiya şikayəti üzrə icraat zamanı məhkəmənin göstərişi ilə ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilər prosesə cavabdeh qismində cəlb edilib və üçüncü ərizəçi istisna olmaqla, cavbdehlər məhkəmə iclasında dinlənilib. Onlar 1984-cü ildən həmin mənzildə yaşadıqlarını və orada qeydiyyatdan keçdikdən sonra başqa ünvanda qeydiyyatda olmadıqlarını bildiriblər. Birinci ərizəçi bildirib ki, üçüncü ərizəçi 2009-cu ildən ailəsi ilə birlikdə Ukraynada işləyir və yaşayır, buna görə də məhkəmə iclasında iştirak edə bilmir.
15. 7 sentyabr 2010-cu ildə NMR Ali Məhkəməsi heç bir əsaslandırma vermədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
16. Ərizəçilərin bildirdiyinə əsasən, onlar məhkəmənin 7 sentyabr 2010-cu il tarixli iclasının sonunda çıxarılan qətnamənin ardından mənzildən çıxarılıblar. Ərizəçilərin təqdim etdiyi videomaterialdan görünür ki, onlar çıxarılan zaman mənzil tam şəkildə mebellə təchiz olunub və içiərisində ev əşyaları olub.
17. 22 oktyabr 2010-cu ildə birinci ərizəçi özünün və vəkilinin imzası ilə kassasiya şikayəti verib. Əvvəlki arqumentlərinə əlavə olaraq, birinci ərizəçi iddia edib ki, (i) digər hərbi qulluqçuların yerləşdirilməsi zərurəti ərizəçilərin mənzildən çıxarılmasına haqq qazandıra bilməz; (ii) əgər ailə sözügedən mənzildə yaşamasaydı, iddiaçı onların çıxarılmasını tələb etmək üçün iddia qaldırmazdı; və (iii) sözügedən mənzili sadəcə ziyarət etmək ərizəçilərin orada yaşayıb-yaşamadığını asanlıqla yoxlamağa imkan verə bilər.
18. 8 noyabr 2010-cu ildə birinci ərizəçi başqa bir mənzil üçün iki il müddətinə icarə müqaviləsi bağlayıb. Müqavilədə üçüncü ərizəçi istisna olmaqla, qalan ərizəçilər onun mənzildə qalacaq ailə üzvləri kimi göstərilib.
19. 6 yanvar 2011-ci ildə Ali Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırmasına oxşar əsaslar gətirərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb (yuxarıda 12-ci bəndə bax). Bundan əlavə, Ali Məhkəmə ikinci və beşinci ərizəçilərin yenilənmiş şəxsiyyət vəsiqələrinə də istinad edib (yuxarıda 9-cu bəndə bax). Qərarın mətni müəyyən hissələrdə “birinci ərizəçi və onun ailə üzvləri” və ya “cavabdehlər”ə cəm şəkildə istinad edib, eyni zamanda aşağı instansiya məhkəməsinin qərarının qanuni olduğunu bildirib.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
I. 30 İYUN 2009-CU İL TARİXƏDƏK QÜVVƏDƏ OLAN MƏNZİL MƏCƏLLƏSİ
20. Məcəllənin 10, 28, 48 və 51-ci maddələri Gülməmmədova Azərbaycana qarşı (№ 38798/07, § 18, 22 aprel 2010-cu il) işdə xülasə şəklində verilib.
21. Kirayəçinin ailə üzvləri kirayəçi ilə eyni hüquq və vəzifələrə malikdir (Maddə 53). Yaşayış sahələri müvəqqəti başqa yerə gedən kirayəçilər və ya onların ailə üzvləri üçün altı ay müddətinə saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri başqa daimi yaşayış yerinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir (maddə 87). İstefada olan və ehtiyata buraxılmış hərbi qulluqçular və onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən onlara başqa yaşayış sahəsi verilməklə çıxarıla bilər (Maddə 93).
II. 2000-Cİ İL MÜLKI PROSESSUAL MƏCƏLLƏSİ
22. Məcəllənin həmin vaxt qüvvədə olan 393-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
III. MƏNZİL FONDUNUN ÖZƏLƏŞDİRİLMƏSİ HAQQINDA 26 YANVAR 1993-CÜ TARİXLİ QANUN
23. Qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir (maddə 6).
IV. YAŞAYIŞ YERİ VƏ OLDUĞU YER ÜZRƏ QEYDİYYAT HAQQINDA 4 APREL 1996-CI İL TARİXLİ QANUN
24. Yaşayış yeri dedikdə, inter alia, şəxsin icarə və kirayə müqaviləsi üzrə daimi və ya daha çox yaşadığı mənzil, xidməti yaşayış sahəsi başa düşülür (maddə 2). Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri onların şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir (maddə 3). Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir (həmin vaxt qüvvədə olan 5-ci maddə).
25. Belə görünür ki, yaşayış yeri üzrə qeydiyyat və şəxslərin qeydiyyat ünvanı ilə bağlı şəxsiyyət vəsiqəsindəki qeydlər müvafiq vaxtda şəxslərin bəyanı əsasında aparılıb və həmin şəxslərin sözügedən ünvanda həqiqətən yaşayıb-yaşamadığını yoxlamaq üçün heç bir prosedur nəzərdə tutulmayıb.
V. TORPAQ İSLAHATI HAQQINDA 16 İYUL 1996-CI İL TARİXLİ QANUNU
26. Qanunun 12.1-ci maddəsinə əsasən, digər kateqoriyalarla yanaşı, qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslərin sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olub.
HÜQUQ
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
27. Ərizəçilər şikayət ediblər ki, dövlətə məxsus olan sözügedən mənzildən qanunsuz çıxarılması onların evlərinə hörmət hüquqlarını pozub. Ərizəçilər Konvensiyanın aşağıdakı 8-ci maddəsinə istinad ediblər:
“Hər kəs … evinə … hörmət hüququna malikdir.”
A. Qəbuledilənlik
28. Hökumət bildirib ki, yalnız birinci ərizəçi kassasiya şikayəti verib və Ali Məhkəmənin iclasında iştirak edib. Buna görə də, qalan ərizəçilər daxili müdafiə vasitələrini tükəndirməyiblər. Hökumət daha sonra iddia edib ki, ərizəçilər sözügedən mənzildə yaşamırlar və buna görə də Konvensiyanın 8-ci maddəsinin pozuntusunun qurbanı olduqlarını iddia edə bilməzlər. Hökumət bildirib ki, ərizəçilərə qarşı iddia 2010-cu ilin aprelində birinci instansiya məhkəməsinə göndərilib və bu faktdan xəbərdar olan ərizəçilər yaşayış yeri üzrə qeydiyyatlarının dəyişdirilməsini təşkil ediblər, belə ki, onların yaşayış yeri üzrə qeydiyyatı 17 may 2010-cu ildə yenidən mənzil üzrə göstərilib.
29. Ərizəçilər bildiriblər ki, onlar Ali Məhkəmədəki proseslərdə birinci ərizəçi tərəfindən təmsil olunublar. Ərizəçilər daha sonra iddia ediblər ki, sözügedən mənzil onların evini təşkil edib və onlar heç vaxt oradan çıxmayıblar.
1. Daxili müdafiə vasitələrinin tükəndirilməməsi
30. Məhkəmə qeyd edir ki, kassasiya şikayəti birinci ərizəçi və onun vəkili tərəfindən imzalanıb (yuxarıda 17-ci bəndə bax). İş materiallarında qalan ərizəçilərin Ali Məhkəmədə onları təmsil etmək üçün birinci ərizəçiyə və ya vəkilə etibarnamə verdiyini göstərən heç bir sənəd yoxdur. Bununla belə, Məhkəmə ilk növbədə qeyd edir ki, ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilər apellyasiya məhkəməsinin göstərişi ilə yerli icraata cəlb ediliblər (yuxarıda 14-cü bəndə bax). İkincisi, kassasiya şikayətinin mətnindən və məhkəmə iclasındakı təqdimatlardan belə görünür ki, birinci ərizəçi və vəkil aşağı instansiya məhkəmələrinin hökmlərinə etiraz ediblər və bir ailə olaraq bütün ərizəçilərin adından arqumentlər irəli sürüblər. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və ərizəçilərin mənzildə qeydiyyatına xitam verilməsi və mənzildən çıxarılması qərarını qüvvədə saxlayıb. Belə olan halda, Məhkəmə qalan dörd ərizəçi tərəfindən kassasiya şikayəti verilməsinin necə fərqli nəticəyə gətirib çıxara biləcəyini görmür (müqayisə et, Həmzəyev və Digərləri Rusiyaya qarşı, № 1503/02, § 155, 3 may 2011-ci il, və Rastorquyev və Digərləri Rusiyaya qarşı [Komitə], № 11808/15 və 4 digər, § 27, 25 iyul 2017-ci il). Bundan əlavə, Ali Məhkəmə öz qərarında digər ərizəçilərə də istinad edib (yuxarıda 19-cu bəndə bax) və bütün ərizəçilərə münasibətdə mübahisəyə dair qərar çıxarmış kimi görünür. İstənilən halda, hətta ikinci, üçüncü, dördüncü və beşinci ərizəçilərin hüquqları ilə bağlı Ali Məhkəmənin birbaşa qərar vermədiyi hesab edilsə belə, aydındır ki, onların kirayə hüququ birinci ərizəçinin kirayə hüququndan tam asılı idi və ona görə də indi Məhkəmə qarşısında olan mübahisə mahiyyəti üzrə Ali Məhkəmə qarşısında qaldırılıb və o, bu barədə qərar çıxarıb. Müvafiq olaraq, Məhkəmə Hökumətin etirazını rədd edir.
2. 8-ci Maddənin tətbiqi
31. Məhkəmə bir daha qeyd edir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə məskunlaşdırılmış və ya qanuni əsaslarla yaradılmış yaşayış sahələri ilə məhdudlaşmır. Bu, daxili qanunvericilikdəki təsnifatdan asılı olmayan avtonom anlayışdır. Ayrı-ayrı yaşayış sahələrinin 8-ci maddənin qoruması altına düşən “ev” anlayışını təşkil edib-etməməsi işin faktiki hallarından, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, §. 36, AİHM 2004 XI (çıxarışlar)).
(a) Birinci, ikinci, dördüncü və beşinci ərizəçilər
32. Məhkəmə qeyd edir ki, ərizəçilər mənzilə birinci ərizəçiyə hərbi xidmətdə olarkən verilmiş yaşayış vərəqəsi əsasında köçüblər. Onların 2003-cü ilə qədər mənzildə yaşadıqları mübahisələndirilmir. Ərizəçilərin sözlərinə görə, onlar 2010-cu ildə çıxarılana qədər orada yaşayıblar, halbuki daxili məhkəmələr aşağıdakılara əsasən ərizəçilərin 2003-cü ildə mənzili tərk etdikləri qənaətinə gəlib: (i) birinci, ikinci və beşinci ərizəçilərin yenilənmiş şəxsiyyət vəsiqələri və (ii) birinci, dördüncü və beşinci ərizəçilərə Ərəfsədə torpaq sahələrinin ayrılması (yuxarıda 12, 15 və 19-cu bəndlərə bax). Prinsipcə, sübutların qiymətləndirilməsində milli məhkəmələri əvəz etmək Məhkəmənin rolu olmasa da (bax, digərləri ilə yanaşı, Turek Slovakiyaya qarşı, № 57986/00, § 114, AİHM 2006 II (çıxarışlar)), ərizəçilərin çıxarıldığı mənzilin Konvensiyanın 8-ci maddəsinin mənasında onların “evi” olub-olmadığının müəyyən edilməsi məqsədləri üçün o, müvafiq faktları, o cümlədən daxili məhkəmələrin öz qənaətlərinə gəlmə tərzini araşdırmalıdır.
33. Daxili qanunvericiliyə əsasən, vətəndaşların yaşayış yeri onların milli şəxsiyyət vəsiqələrindəki məlumatlar əsasında müəyyən edilirdi (yuxarıda 24-cü bəndə bax). Müəyyən edilib ki, birinci ərizəçi, həqiqətən də, 2003-2010-cu illər arasında Ərəfsədə yaşayış yeri üzrə qeydiyyatda olub (yuxarıda 7, 9 və 12-ci bəndlərə bax). Məhkəmə qeyd edir ki, ərizəçilərin yerli məhkəmələr qarşısında qalan ərizəçilərin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə bağlı təqdimatları birmənalı olmayıb; birinci instansiya məhkəməsində birinci ərizəçi bildirib ki, o və ailə üzvləri 2010-cu ildə yenidən mənzildə qeydiyyata düşməzdən əvvəl Ərəfsədə yaşayış yeri üzrə qeydiyyatda olublar, digər ərizəçilər isə apellyasiya məhkəməsində başqa ünvanda qeydiyyata düşmədiklərini bildiriblər (yuxarıda 12 və 14-cü bəndlərə bax). Bununla belə, daxili məhkəmələr bu uyğunsuzluğa münasibət bildirməyib və Məhkəmə bunu hazırkı işin halları üçün həlledici hesab etmir.
34. Xüsusilə, Məhkəmə əvvəllər müəyyən edib ki, şəxsin başqa ünvanda qeydiyyata düşməsi faktı öz evinin ora olması qənaətinə gəlmək üçün kifayət deyil (müqayisə et, Baqdonaviçius və Digərləri Rusiyaya qarşı, № 19841/06, § 89, 11 oktyabr 2016-cı il və Yevgeni Zaxarova Rusiyaya qarşı, № 66610/10, § 32, 14 mart 2017-ci il). Bu, ona görədir ki, kifayət qədər və davamlı əlaqələrin faktiki mövcudluğu 8-ci maddədə nəzərdə tutulmuş “ev” anlayışının məqsədi üçün müəyyənedicidir (yuxarıda 31-ci bənddə qeyd olunan presedent hüququna bax). Beləliklə, sözügedən mənzilin ərizəçilərin evi olub-olmaması barədə qərar qəbul edilərkən bəzi ərizəçilərin müəyyən müddət ərzində başqa ünvanda qeydiyyatda olması faktı həlledici ola bilməz və bütün müvafiq hallar nəzərə alınmalıdır. Bununla bağlı Məhkəmə aşağıdakıları qeyd edir.
35. Birinci, dördüncü və beşinci ərizəçilərə Ərəfsədə torpaq sahələri ayrılsa da (yuxarıda 6-cı bəndə bax), həmin torpaqda hər hansı evin olması daxili məhkəmələr tərəfindən heç vaxt müəyyən edilməyib. Ərizəçilər daxili məhkəmələr qarşısında dəfələrlə əslində heç vaxt mənzili tərk etmədiklərini və yaşamaq üçün başqa yerləri olmadığını ifadə etsələr də (müqayisə et, Lazarenko və Digərləri Ukraynaya qarşı (qər.), № 27427/02, § 60, 11 dekabr 2012-ci il), yerli məhkəmələr bu arqumentə münasibət bildirməyib və Hökumət bununla əlaqədar olaraq, hansı yaşayış sahələrinin onları “ev”i ola biləcəyini göstərməyib (müqayisə et, yuxarıda adı çəkilən Prokopoviç işi, § 38). Məhkəmə həmçinin qeyd edir ki, mənzildən çıxarıldıqdan sonra birinci ərizəçi ailəsi üçün (üçüncü ərizəçi istisna olmaqla) yaşayış mənzili kirayəyə götürüb, bu da onların çıxarıldıqları həmin mənzildən başqa yaşayış yerinin olmaması barədə iddialarının təsdiqi kimi qəbul edilə bilər (yuxarıda 18-ci bəndə bax).
36. Əlavə olaraq, iş materiallarından belə görünür ki, çıxarılma zamanı mənzil tam şəkildə mebellə təchiz olunub (yuxarıda 16-cı bəndə bax; müqayisə et, McKay-Kopecka Polşaya qarşı (qər.), № 45320/99, 19 sentyabr 2006-cı il; Saqan Ukraynaya qarşı, № 60010/08, § 52, 23 oktyabr 2018-ci il və Halabi Fransaya qarşı, № 66554/14, § 43, 16 may 2019-cu il). Bundan əlavə, daxili məhkəmələr ərizəçilərə qarşı iddiaya baxana qədər birinci, ikinci və beşinci ərizəçilər yenidən sözügedən mənzildə qeydiyyata düşüblər (yuxarıda 9-cu bəndə bax).
37. Nəticədə, Məhkəmə hesab edir ki, sözügedən mənzil Konvensiyanın 8-ci maddəsinin məqsədləri üçün birinci, ikinci, dördüncü və beşinci ərizəçilərin evini təşkil edib. Buna görə də 8-ci maddə tətbiqolunandır.
(b) Üçüncü ərizəçi
38. İş materiallarından göründüyü kimi, üçüncü ərizəçi 2009-cu ildən öz ailəsi ilə Ukraynada yaşayırdı (yuxarıda 14-cü bəndə bax). Onun sözügedən mənzildə 2009-cu ildən sonra və çıxarılma zamanı yaşadığı (müqayisə et, Orlić Xorvatiyaya qarşı, № 48833/07, § 55, 21 iyun 2011-ci il) və ya Ukraynaya getdikdən sonra arabir orada qaldığı (hər ikisi yuxarıda qeyd olunan MkKay-Kopecka və Halabi işləri, § 40) iddia edilməyib və nümayiş etdirilməyib. Belə olan halda, Məhkəmə hesab etmir ki, üçüncü ərizəçi onun evi hesab oluna bilməsi üçün sözügedən mənzillə kifayət qədər və davamlı əlaqəyə malik olub (müqayisə et, Boyko Ukraynaya qarşı (qər.), № 17382/04, 23 oktyabr 2007-ci il).
39. Buna görə də, o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) və 4-cü bəndlərinə uyğun olaraq, Konvensiyanın müddəaları ilə ratione materiae uyğunsuzluq səbəbindən üçüncü ərizəçinin şikayətini rədd edir (müqayisə et, Nəsirov və başqaları Azərbaycana qarşı, № 58717/10, § 75, 20 fevral 2020-ci il).
3. Qəbuledilənliyə dair nəticə
40. Məhkəmə qeyd edir ki, birinci, ikinci, dördüncü və beşinci ərizəçilərə münasibətdə bu şikayət açıq-aşkar əsassız və Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
41. Ərizəçilər iddia ediblər ki, Mənzil Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq onlara başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarıla bilməzdilər. Onlar daha sonra iddia ediblər ki, apellyasiya instansiyası məhkəməsinin iclasından sonra, daxili qanunvericiliyə əsasən qərar qanuni qüvvəyə minməzdən əvvəl mənzildən çıxarılıblar (yuxarıda 22-ci bəndə bax).
42. Hökumət bildirib ki, birinci, dördüncü və beşinci ərizəçilərin Ərəfsədə torpaq payı almaları faktı onların orada daimi yaşadığını sübut edir.
2. Məhkəmənin qiymətləndirməsi
43. Sözügedən mənzilin birinci, ikinci, dördüncü və beşinci ərizəçilərin evi olduğunu müəyyən edərək (yuxarıda 37-ci bəndə bax) Məhkəmə hesab edir ki, mənzildən çıxarılma ərizəçilərin evlərinə hörmət hüququna müdaxilə təşkil edib. Bu cür müdaxilə qanuni deyilsə, legitim məqsəd güdmürsə və bu məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyilsə, 8-ci maddəni pozur.
44. Hazırkı işdə müdaxilənin qanuniliyinə gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilərin evdən çıxarılmasına qərar verərkən daxili məhkəmələr, əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad edib; bu maddəyə görə, yaşayış sahələri müvəqqəti başqa yerə gedən kirayəçilər və ya onların ailə üzvləri üçün altı ay müddətinə saxlanılır (yuxarıda 21-ci bəndə bax). Ərizəçilər heç vaxt mənzili tərk etmədiklərini iddia edərək bu müddəanın tətbiq edilə bilməyəcəyini hesab ediblər və bildiriblər ki, apellyasiya məhkəməsinin qərarı qanuni qüvvəyə minməmişdən əvvəl onların mənzildən çıxarılması qanunsuz olub.
45. Məhkəmə qeyd edir ki, birinci ərizəçi öz kassasiya şikayətində sonuncu məsələni qaldırmayıb və iş materiallarında mənzildən çıxarılmanın dəqiq tarixi ilə bağlı heç bir sübut yoxdur, baxmayaraq ki, bunun 2010-cu ilin sentyabr-noyabr ayları arasında baş verdiyi mübahisəsiz görünür. Məhkəmə həmçinin hesab edir ki, daxili məhkəmələrin ərizəçilərin mənzili altı aydan artıq müddətə tərk etmələrini etibarlı şəkildə müəyyən edib-etməməsi məsələsi müdaxilənin zəruriliyi və mütənasibliyi üçün əsas məsələdir. Yuxarıda göstərilənlərin işığında və aşağıda göstərilən səbəblərə görə hər bir halda müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını nəzərə alaraq, Məhkəmə daxili hüquq normalarının tətbiqi ilə bağlı mübahisəli məqamların həllini və müdaxilənin qanunilik tələbini ödəyib-ödəmədiyinə qərar verməyi zəruri hesab etmir.
46. Ərizəçilərin çıxarılmasının dövlətə məxsus mənzilin idarə edilməsi kontekstində baş verdiyi və prinsipcə dövlət mənzillərinin ədalətli bölüşdürülməsi məqsədinə yönəldiyi mübahisəsiz görünür və buna görə də müdaxilənin 8-ci maddənin mənasında ölkənin iqtisadi rifah maraqları və digər şəxslərin hüquq və azadlıqlarını qorumaq legitim məqsədini güddüyü qəbul edilə bilər.
47. Məhkəmənin oturuşmuş presedent hüququna əsasən, Razılığa gələn Dövlətlər mənzil siyasəti və qaydalarının müəyyən edilməsində və həyata keçirilməsində geniş mülahizə sərbəstliyinə malik olsalar da, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən kəskin forması olduğundan, bu baxımdan risk altında olan hər bir şəxs, prinsipcə, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasib olması hüququna malik olmalıdır. İndividual şəxs üçün mövcud olan prosessual təminatlar cavabdeh Dövlətin öz mülahizə sərbəstliyi çərçivəsi daxilində qalıb-qalmadığını müəyyən etmək üçün xüsusilə əhəmiyyətli olacaq. Xüsusilə, Məhkəmə müdaxilə tədbirlərinə gətirib çıxaran qərarların qəbulu prosesinin ədalətli və fərdin 8-ci maddə ilə qorunan maraqlarına lazımi hörməti təmin edəcək şəkildə olub-olmadığını araşdırmalıdır (bax: Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/ 06, § 118, 24 aprel 2012-ci il). Ərizəçilər tərəfindən müdaxilənin mütənasibliyi ilə bağlı müvafiq arqumentlər irəli sürüldükdə, daxili məhkəmələr onları ətraflı araşdırmalı və adekvat əsaslandırma verməlidir (bax: digərləri ilə yanaşı, Luşkin və Digərləri Rusiyaya qarşı, № 29775/14 və 29967/ 14, § 45, 15 dekabr 2020-ci il və Əhmədova Azərbaycana qarşı, № 9437/12, § 46, 18 noyabr 2021-ci il, oradakı istinadlarla).
48. Hazırkı işdə məhkəmə araşdırması zamanı ərizəçilər fərqli ünvanda qeydiyyatda olmalarına baxmayaraq, sözügedən mənzildə yaşamağa davam etdiklərinə, yaşamaq üçün başqa yerlərinin olmadığına və mənzildən çıxarıldıqları təqdirdə küçədə qalacaqlarına dair mövqelərini dəstəkləyən çoxsaylı arqumentlər təqdim ediblər (yuxarıda 12-14 və 17-ci paraqraflara bax). Bununla belə, yerli məhkəmələr bu arqumentləri nəzərə almayıb və yalnız birinci, ikinci və beşinci ərizəçilərin şəxsiyyət vəsiqələrindəki yaşayış yeri üzrə qeydiyyat məlumatlarına və birinci, dördüncü və beşinci ərizəçilərə Ərəfsədə torpaq sahələrinin ayrılmasına diqqət yetirib. Yuxarıda qeyd edildiyi kimi (yuxarıda 35-ci bəndə bax), məhkəmələr həmin torpaq sahələrində evin olmasını heç vaxt müəyyən etməyib. Məhkəmələrin ərizəçilərin mənzil vəziyyətinin reallığını araşdırmaqdan imtina etmələri və inzibati qeydiyyatdan formal asılılığı, əvvəlki bənddə qeyd olunduğu kimi, Razılığa gələn Dövlətlərin Konvensiyanın 8-ci maddəsi üzrə öhdəlikləri ilə bir araya sığmır. Məhkəmələr icraatın heç bir mərhələsində, ərizəçilərin iddia etdiyi kimi, mənzildən çıxarılacaqları təqdirdə onların evsiz qalıb-qalmayacaqlarını nəzərdən keçirməyib (müqayisə et: Kryvitska və Kryvitskyy Ukraynaya qarşı, № 30856/03, § 50, 2 dekabr 2010-cu il).
49. Buna görə də Məhkəmə hesab edir ki, yerli məhkəmələrin tətbiq etdiyi yanaşma ərizəçilərin mənzildən çıxarılmasının mütənasibliyini qiymətləndirmək baxımdan uğursuz olub (bax: mutatis mutandis, yuxarıda adı çəkilən Yordanova və Digərləri işi, §§ 122-23 və Sadovyak Ukraynaya qarşı, № 17365/14, § 33, 17 may 2018-ci il). Beləliklə, o, belə nəticəyə gəlir ki, ərizəçilər müdaxilənin mütənasibliyinə öz şəxsi şəraitləri baxımından adekvat baxılmasına imkan verən prosedurla təmin olunmayıb (müqayisə et, yuxarıda adı çəkilən Əhmədova işi, § 52) və buna görə də müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin mənasında demokratik cəmiyyətdə zəruri olmayıb.
50. Beləliklə, Konvensiyanın 8-ci maddəsi pozulub.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
51. Ərizəçilər şikayət ediblər ki, daxili məhkəmələr Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozaraq, əsaslandırılmamış qərarlar veriblər. Ərizəçilər həmçinin iddia ediblər ki, qanunsuz məhkəmə qərarları nəticəsində əmlaklarından məhrum ediliblər.
52. Konvensiyanın 8-ci maddəsi üzrə yuxarıda gəlinmiş nəticəni (yuxarıda 27-50-ci bəndlərə bax) və tərəflərin arqumentlərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu şikayətlərin qəbuledilənliyi və mahiyyəti üzrə ayrıca qərar verməyə ehtiyac yoxdur (müqayisə et, Valentin Câmpeanu adından Hüquq Resursları Mərkəzi Rumıniyaya qarşı [BP], № 47848/08, § 156, AİHM 2014).
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
53. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
54. Ərizəçilər maddi ziyana görə 124.200 Azərbaycan manatı (AZN) (iddianın təqdim edildiyi vaxtda təxminən 62.230 avro (EUR)) tələb ediblər ki, bunlara aşağıdakılar daxildir: (i) mənzilin kompensasiyası üçün 97.500 AZN (təxminən 48.860 avro); (ii) zədələnmiş ev əşyaları üçün 3500 AZN (təxminən 1750 Avro); (iii) yeddi il yeddi ay müddətinə kirayə haqqı üçün 21,700 AZN (təxminən 10,870 Avro); və (iv) müalicə xərcləri üçün 1500 AZN (təxminən 750 Avro). Onlar həmçinin mənəvi ziyana görə 150.000 manat (təxminən 75.180 avro) tələb ediblər.
55. Hökumət bildirib ki, ərizəçilər iddia edilən maddi ziyanla bağlı hər hansı sübut təqdim etməyiblər. Hökumət həmçinin iddia edilmiş məbləğlərin həddindən artıq və əsassız olduğunu bildirib
56. Məhkəmə qeyd edir ki, ərizəçilər sözügedən mənzildə kirayəçi olublar və buna görə də hesab edir ki, onların mənzilin dəyərinə dair iddiaları heç bir inandırıcı sübutla dəstəklənmir (bax: yuxarıda adı çəkilən Prokopoviç işi, § 49; həmçinin nümunə üçün bax: Cravcișin Moldova Respublikası və Rusiyaya qarşı [Komitə], № 43176/13, § 51, 28 sentyabr 2021-ci il). Ev əşyalarına dəymiş ziyan və kirayə haqqı ilə bağlı iddiaya gəlincə, heç bir müvafiq təsdiqedici sənəd təqdim edilməyib. Məhkəmə aşkar edilmiş pozuntu ilə ərizəçilərin tibbi xərclərlə bağlı maddi ziyana görə iddiası arasında hər hansı səbəb-nəticə əlaqəsi görmür. Buna görə də, o, maddi zərərin ödənilməsi tələbini bütünlükdə rədd edir.
57. Bununla belə, o hesab edir ki, birinci, ikinci, dördüncü və beşinci ərizəçilər pozuntunun aşkar edilməsi ilə kifayət qədər kompensasiya edilə bilməyən mənəvi zərərə məruz qalıblar. O, ədalətli əsaslarla qərar çıxararaq, mənəvi ziyana görə onlara birgə 7.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
58. Ərizəçilər həmçinin yerli məhkəmələr və Məhkəmə qarşısında çəkdikləri xərclər və məsrəflər üçün 3500 AZN (təxminən 1750 avro) tələb ediblər. Bu məbləğə hüquqi rüsumlar, tərcümə xərcləri və poçt xərcləri daxildir, lakin ərizəçilər təfərrüatlı iddia təqdim etməyiblər. Onlar iddialarını təsdiq edən poçt qəbzləri təqdim ediblər.
59. Hökumət bildirib ki, ərizəçilər iddianın hər hansı detallı təfərrüatlarını və iddialarını təsdiq edən sənədli sübutları təqdim etməyiblər.
60. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi xərclərin və məsrəflərin əvəzini yalnız o halda almaq hüququna malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənmiş olduğu və işin həcminə görə ağlabatan olduğu göstərilsin. Bundan əlavə, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, ədalətli kompensasiya üçün hər hansı iddia sübutlarla təsdiq edilməli və müvafiq təsdiqedici sənədlər və ya çeklərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, əks halda Palata iddianı tam və ya qismən rədd edə bilər. Məhkəmə sərəncamında olan sənədləri nəzərə alaraq hesab edir ki, birinci, ikinci, dördüncü və beşinci ərizəçilərə yalnız poçt xərclərinə görə 94 avro ödənilməlidir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Birinci, ikinci, dördüncü və beşinci ərizəçilərə münasibətdə Konvensiyanın 8-ci maddəsi ilə bağlı şikayətləri qəbuledilən və şikayətin qalan hissəsini qəbuledilməz elan edir;
2. Qərara alır ki, birinci, ikinci, dördüncü və beşinci ərizəçilərə münasibətdə Konvensiyanın 8-ci maddəsi pozulub;
3. Qərara alır ki, Konvensiyanın 6-cı və 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı araşdırmaya ehtiyac yoxdur;
4. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində birinci, ikinci, dördüncü və beşinci ərizəçilərə birgə cavabdeh dövlətin ödəniş tarixində tətbiq edilən məzənnə üzrə valyutasına çevrilməklə aşağıdakı məbləğləri ödəməlidir:
(i) mənəvi zərərə görə 7,000 (yeddi min) avro, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmaqla;
(ii) məhkəmə xərcləri və digər məsrəflərə görə 94 (doxsan dörd) avro, bu məbləğə görə ərizəçidən tutula biləcək hər hansı vergi əlavə edilməklə;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və 9 iyun 2022-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar barədə yazılı məlumat verilib.
Victor Soloveytchik Síofra O’Leary
Katib Müavini Sədr