BİRİNCİ BÖLMƏ
Şakir Rzaxanov Azərbaycana qarşı
(Ərizə № 4242/07)
Strasburq
26 noyabr 2009-cu il
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
08 yanvar 2007-ci ildə verilmiş yuxarıdakı şikayəti nəzərə alıb, müzakirə edərək, bu qərarı qəbul edir:
Faktlar
Ərizəçi cənab Şakir Rzaxanov 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və hazırda Qobustan Həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir. Məhkəmə qarşısında onu cənab E. Zeynalov təmsil etmişdir.
Ərizəçinin təqdim etdiklərinə görə, işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. Ərizəçiyə qarşı cinayət təqibi
18 iyul 1997-ci ildə ərizəçi Bakı şəhər məhkəməsi tərəfindən iki adam öldürmə və yanğında iştirak etməkdə təqsirli bilinmiş və əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum olunmuşdur.
19 avqust 1997-ci ildə Ali Məhkəmə bu hökmü qüvvədə saxlamışdır. Ali Məhkəmənin qərarından hər hansı şikayət verilməmişdir.
Məhkum olunduqdan sonra ərizəçi Bayıl Həbsxanasının ölüm cəzasını çəkən məhbuslar üçün müəyyən olunmuş 5-ci bölməsinə köçürülmüşdür. Həmin vaxtda qüvvədə olmuş cinayət qanununa əsasən cəza növü kimi ölüm cəzasının mövcudluğuna baxmayaraq, Azərbaycanın dövlət orqanları 1993-cü ildən 1998-ci ildə bu cəzanın ləğvinədək həmin cəzanın faktiki moratoriumuna riayət etmişlər.
10 fevral 1998-ci ildə Parlament «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Qanun qəbul etdi (bundan sonra — «10 fevral 1998-ci il tarixli Qanun»). 10 fevral 1998-ci il tarixli Qanun ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə ilə əvəz etməklə, bütün müvafiq daxili müddəaları dəyişib. Ölüm cəzasına məhkum edilmiş bütün cinayətkarların, o cümlədən ərizəçinin cəzaları müvafiq olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur.
2002-ci ildən başlayaraq, ərizəçi Konstitusiya Məhkəməsinə bir neçə fərdi şikayətlər göndərərək iddia edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun üzərinə qanunsuz qoyulmuş və bu cəza on beş il azadlıqdan məhrum etmə ilə əvəzlənməlidir. Lakin Konstitusiya Məhkəməsi yalnız 2004-cü ildə fərdi şikayətlərə baxmaq səlahiyyətini əldə etmişdir.
05 avqust 2005-ci il tarixli məktubla Konstitusiya Məhkəməsi ərizəçinin şikayətlərini qəbul etməkdən imtina edərək qeyd etmişdir ki, 28 iyul 2005-ci il tarixli əvvəlki qərardadına müvafiq olaraq fərdi işlərdə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsi ilə bağlı məsələlər hər bir iş üzrə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən araşdırmanın predmeti olmalıdır.
06 noyabr 2005-ci ildə ərizəçi Qaradağ rayon məhkəməsinə müraciət edərək şikayət etmişdir ki, yeni ömürlük azadlıqdan məhrum etmə cəzası onun zərərinə olaraq geriyə şamil olunmuşdur. O iddia edib ki, onun cəzası cinayətləri törətdiyi vaxt ləğv olunmuş ölüm cəzasına yeganə alternativ olan on beş il azadlıqdan məhrum etmə ilə əvəzlənməlidir.
16 noyabr 2005-ci ildə Qaradağ rayon məhkəməsi 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsini təsdiq etmişdir. Ərizəçi iclasda şəxsən iştirak etməmiş və təmsil olunmamış, lakin dövlət ittihamçısı iştirak etmişdir.
23 dekabr 2005-ci ildə Apellyasiya Məhkəməsi bu qərardan ərizəçinin verdiyi apellyasiya şikayətini təmin etməmiş və 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ərizəçinin cəzasının əvəzlənməsini qüvvəsində saxlamışdır.
18 iyul 2006-cı ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlamışdır. Şikayətlərinə baxılarkən ərizəçi iştirak etməmişdir.
B. Həbsxanada iddia olunan pis rəftar
2001-ci ilin yanvarında ərizəçi Qobustan Həbsxanasına köçürülmüşdür.
Ərizəçiyə görə, 11 yanvar 2004-cü ildə o, həbsxana mühafizəsinin yüksək vəzifəli şəxslərindən birinin yanına aparılmışdır. İlk növbədə, ona «Konstitusiya Məhkəməsinə həddən artıq şikayətlərin göndərilməsi barədə» xəbərdarlıq olunmuşdur. Bundan sonra, əlləri qandallanmış və rezin dəyənəklərlə və taxtalarla həbsxana rəhbəri də daxil olmaqla, bir neçə həbsxana mühafizəçiləri tərəfindən döyülmüşdür. Döyülmə təxminən qırx dəqiqə davam etmişdir. Daha sonra, o, sürünə-sürünə cəza kamerasına aparılaraq, 14 yanvar 2004-cü ilədək orada saxlanılmışdır. Ona hər hansı tibbi yardım göstərilməmişdir. Ərizəçiyə görə, onunla pis rəftar haqqında məlumat hansısa yolla anasına çatdırılmışdır.
15 yanvar 2004-cü ildə ərizəçi vəkili və qohumlarının iştirakı ilə Ombudsmanla görüşmüşdür. Lakin ərizəçiyə görə, Ombudsman onun zədələrini müşahidə etməkdən başqa hər hansı tədbir görməmişdir.
Ərizəçiyə görə, 17 yanvar 2004-cü ildə ona Avropa Şurasının Aqo Qrupunun nümayəndə heyəti baş çəkmişdir. Ərizəçi iddia olunan pis rəftar barədə onları məlumatlandırıb. Nümayəndə heyəti, həmçinin ərizəçinin anası ilə görüşmüşdür. Ərizəçiyə görə, nümayəndə heyəti onun şikayətləri ilə bağlı narahatlığı barədə Ədliyyə Nazirinin müavinini məlumatlandırmışdır. Ədliyyə Nazirinin müavini araşdırmanın aparılmasına söz vermişdir.
Lakin ərizəçiyə görə, hər hansı adekvat araşdırma aparılmamışdır. 2004-cü ilin yayında ərizəçi Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə şikayətlər etmişdir.
2004-cü ilin iyul və ya avqust ayında ərizəçi tibbi ekspertiza üçün Ədliyyə Nazirliyinin tibb xidmətinə aparılmışdır. Lakin ərizəçiyə görə, tibbi ekspertlər onun zədələnmiş ayağı əvəzinə zədələnməmiş ayağının rentgenini etməklə, zədə faktını gizlətməyə çalışmışlar. Buna görə, o, sonrakı yoxlamalardan keçməkdən imtina etmiş və geriyə həbsxanaya aparılmışdır.
Ərizəçiyə görə, Qaradağ rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, lakin hər hansı səmərəli istintaq hərəkətləri həyata keçirilməmişdir.
2006-cı ilin mart və aprel aylarında ərizəçi Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə bir neçə şikayətlər etmişdir. Baş Prokurorluq cavab verib ki, onun şikayətləri Ədliyyə Nazirliyinə göndərilib. Lakin bundan sonra o, hər hansı başqa dövlət orqanlarından cavab almamışdır.
2006-cı ilin may ayında ərizəçi hüquq mühafizə orqanlarının hərəkətsizliyindən Qaradağ rayon məhkəməsinə şikayət verməyə çalışmış, lakin bu şikayət həbsxana orqanları tərəfindən saxlanılmış və məhkəməyə göndərilməmişdir.
2006-cı ilin iyununda anasının vasitəsilə ərizəçi Qaradağ rayon məhkəməsinə müraciət edərək, iddia olunan pis rəftar üçün kompensasiyanın verilməsini xahiş etmişdir. 09 iyun 2006-cı ildə Qaradağ rayon məhkəməsi iddianı qəbul etməkdən imtina etmişdir, ona görə ki, formal tələblərə riayət olunmamışdır.
Naməlum tarixdə ərizəçi iddianı yenidən təqdim edərək, Qobustan Həbsxanasını cavabdeh kimi göstərmişdir. 22 sentyabr 2006-cı ildə Qaradağ rayon məhkəməsi yenə də formal tələblərə riayət olunmaması əsası ilə iddianı qəbul etməkdən imtina etmişdir.
C. Həbsin şəraiti
Yuxarıda göstərildiyi kimi, ərizəçi 2001-ci ilin yanvarına kimi Bayıl Həbsxanasında saxlanılmış, daha sonra isə Qobustan Həbsxanasına köçürülmüşdür. Hazırda o, cəzasını Qobustan Həbsxanasında çəkir.
Bayıl və Qobustan həbsxanalarında həbsin şəraitinə dair ərizəçinin dəlilləri Paşayev Azərbaycana qarşı ((qərardad), № 36084/06, 24 sentyabr 2009-cu il) işdə ümumiləşdirilmiş qənaətə oxşardır.
Şikayətlər
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, 11 yanvar 2004-cü ildə o, həbsxana mühafizəçiləri tərəfindən döyülmüş və daxili orqanlar onun pis rəftar barədə şikayətləri üzrə səmərəli istintaq keçirməmişlər.
2. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi Bayıl və Qobustan həbsxanalarında həbsin şəraitindən şikayət edib.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinin qanuniliyi barədə şikayətinə dair məhkəmə araşdırmalarında məhkəmə iclasları onun və vəkilinin iştirakı olmadan keçirilmişdir. O, həmçinin şikayət edib ki, bu araşdırmalarda daxili məhkəmələr müstəqil və qərəzsiz olmamışlar və həmin araşdırmalar ümumiyyətlə ədalətlilik tələbinə cavab verməmişdir.
4. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun ziyanına olaraq geriyə tətbiq olunmuşdur, ona görə ki, bu yeni cəzanın qanunvericiliyə daxil olmasından əvvəl ölüm cəzasına yeganə alternativ cəza on beş il azadlıqdan məhrum etmə idi.
Hüquqi məsələlər
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət edib ki, 11 yanvar 2004-cü ildə o, həbsxana mühafizəçiləri tərəfindən döyülmüş və daxili orqanlar onun pis rəftar barədə şikayətləri üzrə səmərəli istintaq keçirməmişlər.
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 «b» bəndinə əsasən, şikayətin bu hissəsi barədə cavabdeh Hökumətə məlumat verilməlidir.
2. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi Bayıl və Qobustan həbsxanalarında həbsin şəraitindən şikayət edib.
Məhkəmə qeyd edir ki, hazırkı şikayət qismən Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək, yəni 15 aprel 2002-ci ilədək baş vermiş hadisələrə aiddir. Müvafiq olaraq, ərizəçinin Bayıl Həbsxanasında saxlandığı bütün müddətdə, eləcə də Qobustan Həbsxanasında 15 aprel 2002-ci ilədək saxlandığı müddətdə həbsin şəraitinə aid şikayətin hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione temporis uyğun deyil və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd olunmalıdır.
15 aprel 2002-ci ildən sonra baş vermiş hadisələrə gəldikdə, Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 «b» bəndinə əsasən, şikayətin bu hissəsi barədə cavabdeh Hökumətə məlumat verilməlidir.
3. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinin qanuniliyi barədə şikayətinə dair məhkəmə araşdırmalarında ədalətli məhkəmə araşdırılmasının müxtəlif təminatlarının iddia olunan pozulmasından şikayət edib (baxın, yuxarıda 3 saylı şikayət). O, həmçinin Konvensiyanın 7-ci maddəsinə əsasən şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun ziyanına olaraq geriyə tətbiq olunmuşdur.
Malik olduğu bütün materiallar baxımından və şikayət olunan məsələlərin onun yurisdiksiyası altına düşdüyü qədər, Məhkəmə hesab edir ki, onlar Konvensiya və onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə
Qərara alır ki, həbsxana mühafizəçiləri tərəfindən iddia olunan pis rəftara və 15 aprel 2002-ci ilədək həbs müddətində şəraitə aid ərizəçinin şikayətlərinin araşdırılmasını təxirə salsın;
Şikayətin qalan hissəsini qəbiledilməz elan edir.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr