№39954/08 AXEL SPRINGER AG ALMANİYAYA QARŞI – 7 FEVRAL 2012-Cİ İL

 

BÖYÜK PALATA

AXEL SPRINGER AG ALMANİYAYA QARŞI

(Ərizə № 39954/08)

QƏRAR

STRASBURQ

7 Fevral 2012

Bu qərar qətidir, üzərində yalnız redaktə işləri aparıla bilər.

 

“Axel Springer AG Almaniyaya qarşı” işində,

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası aşağıdakı tərkibdə:

Nicolas Bratza, Prezident,
Jean-Paul Costa,
Françoise Tulkens,
Josep Casadevall,
Lech Garlicki,
Peer Lorenzen,
Karel Jungwiert,
Renate Jaeger,
David Thór Björgvinsson,
Ján Šikuta,
Mark Villiger,
Luis López Guerra,
Mirjana Lazarova Trajkovska,
Nona Tsotsoria,
Zdravka Kalaydjieva,
Mihai Poalelungi,
Kristina Pardalos, hakimlər,
və Michael O’Boyle, katib,

13 Oktyabr 2010 və 7 Dekabr 2011-ci ildə keçirdiyi qapalı müzakirələrdən sonra

Sonuncu göstərilən tarixdə aşağıdakı qətnaməni qəbul etdi:

PROSEDUR

1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Almaniya qanunvericiliyinə uyğun olaraq təsis edilmiş Axel Springer AG adlı Açıq Səhmdar Cəmiyyəti (“ərizəçi şirkət”) tərəfindən Almaniya Federativ Respublikasına qarşı 18 avqust 2008-ci ildə Məhkəməyə verilmiş ərizə (№ 39954/08) ilə bağlıdır.

2. Ərizəçi şirkət 10-cu maddəyə əsaslanaraq, tanınmış bir aktyorun narkotiklə əlaqəli bir cinayətə görə həbs edilməsi və məhkum edilməsi barədə xəbər dərc etməsinə gətirilən qadağadan şikayət edib.

3. Ərizə ilkin olaraq Məhkəmənin Beşinci Bölməsinə verilib (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi – “Qaydalar”). 13 noyabr 2008-ci ildə həmin bölmənin Palatalarından biri ərizə ilə bağlı Hökuməti məlumatlandırıb. Məhkəmə Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin həmin dövrdəki redaktəsinə uyğun olaraq işin qəbuledilənliyi ilə mahiyyətinə birlikdə baxmağı qərara alıb. 30 mart 2010-cu ildə Məhkəmənin aşağıdakı hakimlərdən ibarət Palatası (Peer Lorenzen, Prezident, Renate Jaeger, Karel Jungwiert, Rait Maruste, Mark Villiger, Mirjana Lazarova Trajkovska və Zdravka Kalaydjieva, həmçinin Bölmə Katibi Claudia Westerdiek) Von Hannover Almaniyaya qarşı işdə olan ərizələri (№ 40660/08 və 60641/08 – bu iş Almaniya məhkəmələrinin ərizəçi ilə bağlı iki fotoşəkilin sonrakı nəşrini qadağan edən qərar qəbul etməkdən imtina etməsindən verilmiş şikayətlərlə bağlıdır) hazırkı ərizə ilə birləşdirdikdən sonra öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina edib. Tərəflərin heç biri bu qərara etiraz etməyib (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda).

4. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 2-ci və 3-cü bəndlərinin (indiki 26-cı maddənin 4-cü və 5-ci bəndləri) və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq formalaşdırılıb. 3 noyabr 2011-ci ildə Jan-Pol Kostanın Məhkəmənin sədri kimi səlahiyyət müddəti başa çatıb. Nikolas Bratza onun vəzifəsinə keçərək hazırkı işdə Böyük Palataya sədrliyi öz üzərinə götürüb (9-cu Qaydanın 2-ci bəndi). Jan-Pol Kostanın səlahiyyət müddəti başa çatsa da, Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndinə və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının 4-cü bəndinə uyğun olaraq sədr olaraq işinə davam edib. Hakimlər Rait Maruste və Kristos Rozakis işə baxılmasında iştirak etməyə davam edə bilmədikləri üçün yekun müzakirələrdə əvəzedici hakimlər Lex Qarlicki və Nona Tsotsoria tərəfindən əvəz ediliblər (24-cü Qaydanın 3-cü bəndi).

5. Böyük Palatanın Sədri ərizələrin qəbuledilənliyi ilə mahiyyətinə birgə baxılmasını nəzərdə tutan Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin tətbiq edilməsinə etiraz etməyib. O, həmçinin hazırkı iş üzrə icraatın yuxarıda qeyd olunan Von Hannover işi ilə eyni vaxtda aparılmasına qərar verib (Qaydanın 42-ci bəndi).

6. Ərizəçi şirkət və Hökumət hər biri işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı yazılı qeydlərini təqdim ediblər. Hökumət, həmçinin ərizəçi şirkətin mövqeyi ilə bağlı öz yazılı qeydlərini təqdim edib.

7. Bundan əlavə, aşağıdakı qeyri-hökumət təşkilatları Məhkəmə sədrinin razılığı əsasında üçüncü tərəf kimi öz yazılı şərhlərini təqdim edib (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi): Media Hüquqşünasları Assosiasiyası, Media Hüquq Müdafiə Təşəbbüsü, Beynəlxalq Mətbuat İnstitutu və Dünya Qəzetlər və Xəbər Naşirləri Assosiasiyası. Tərəflərin həmin şərhlərə cavab vermək imkanı təmin olunub (44-cü Qaydanın 5-ci bəndi).

8. Məhkəmə iclası 13 oktyabr 2010-cu ildə Strasburqda İnsan Hüquqları Binasında açıq şəkildə keçirilib (59-cu Qaydanın 3-cü bəndi).

Məhkəmədə iştirak ediblər:

(a) Hökumət adına

Xanım A. Wittling-Vogel, Ədliyyə Nazirliyi, Təmsilçi,
Cənab C. Walter, Publik Hüquq Professoru, Vəkil,
Xanım A. von Ungern-Sternberg Assistant,
Cənab R. Sommerlatte, Federal Mədəniyyət Ofisi,
Cənab A. Maatsch, Hamburg Regional
Məhkəməsinin hakimi Məsləhətçilər

(b) ərizəçi təşkilat adına

Cənab U.Börger, Hüquqşünas, vəkil,
Xanım K. HESSE, Hüquqşünas, məsləhətçi.

Məhkəmə cənab Valter və cənab Börgerin suallarını və hakimlərin cavabları dinləyib.

Aktyor X-in həbsindən sonra Münhen Prokurorluğu tərəfindən keçirilmiş mətbuat konfransı ilə bağlı əlavə məlumat vermək üçün Məhkəmənin dəvəti ilə tərəflər bir sıra sənədlər təqdim ediblər.

FAKTLAR

I. İŞİN HALLARI

9. Ərizəçi şirkət qeydiyyat ofisi Hamburqda yerləşən açıq səhmdar cəmiyyətidir. O, böyük tirajlı “Bild” gündəlik qəzetini nəşr edir. Hazırkı iş həmin qəzetdə tanınmış televiziya aktyoru X haqqında dərc olunmuş iki məqalə ilə bağlıdır. X 1998-ci ilin mayından 2003-cü ilin noyabrına qədər özəl bir televiziya kanalında axşamlar yayımlanan və 2005-ci ilə qədər davam etmiş bir televiziya serialında baş qəhrəman kimi polis nəzarətçisi Y rolunda oynayıb. 2004-cü ilin oktyabr ayına qədər serialın 103 seriyası yayımlanıb və son 54 seriyada baş qəhrəman kimi Polis rəisi Y rolunda X çıxış edib. Serialın orta tamaşaçı reytinqi 18% olub (hər epizodda 3 ilə 4.700.000 tamaşaçı arasında).

10. 14 iyun 2003-cü ildə ərizəçi şirkət X-in narkotik vasitələri qanunsuz saxlamağa görə məhkum edildiyi barədə məlumat əldə edib. Ərizəçi şirkət X tərəfindən xəbərdarlıq edildikdən sonra X-in evindən Braziliyadan poçtla göndərilmiş dörd qram kokain tapılması, buna görə X-in 5 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi və 5000 AVRO cərimələnməsi barədə məlumatı dərc etməyi dayandırıb. Əks halda ərizəçi şirkətə razılaşdırılmış cəza tətbiq olunacaqdı.

A. X-in həbsi

11. 23 sentyabr 2004-cü il təxminən axşam saat 11 radələrində X Münhen pivə festivalında (Oktoberfest) üzərində kokain tapıldığı üçün həbs olunub. Ərizəçi şirkətin jurnalisti öz ifadəsində bildirir ki, o, hadisə yerində olan polisdən X-in həbs edilib-edilmədiyini və əgər həbs olunubsa, hansı əsaslarla həbs olunduğunu soruşub. Polis əlavə məlumat vermədən X-in “Käfer” çadırında üzərində kokain tapıldığı üçün saxlanıldığını təsdiqləyib.

12. Həmin ifadəyə əsasən, jurnalist daha sonra Münhen I Regional Məhkəməsinə bağlı prokurorluğun mətbuatla əlaqələr üzrə məsul prokuroru V. ilə əlaqə saxlayaraq baş verənlərlə bağlı məlumat istəyib. V X-in “Käfer” çadırında üzərində kokain olduğu üçün saxlanıldığını təsdiqləyib. V.-nin dediyinə görə, mülki geyimli polis əməkdaşları X-i tualetdən çıxarkən əli ilə şübhəli hərəkət etdiyini görüblər və onu saxlayıblar. Polis əməkdaşları axtarış apararkən onun üzərindən içərisində 0,23 qram kokain olan zərf aşkar ediblər. V.-nin sözlərinə görə, həbs 23 sentyabr təxminən axşam saat 11 radələrində baş verib və cinayət işi üzrə verilmiş şikayət əsasında araşdırma aparılır.

B. Müzakirə mövzusu olan məqalələr

1. Birinci məqalə

13. Ərizəçi şirkətin gündəlik qəzeti olan Bild özünün 29 sentyabr 2004-cü il tarixli sayının ilk səhifəsində böyük şriftlərlə aşağıdakı başlığı dərc edib:

“Kokain! Nəzarətçi Y Münhen pivə festivalında saxlanılıb.”

Kiçik şriftlərlə çap olunmuş məqalədə isə deyilir:

“O, şübhəli bir şəkildə burnunu ovuşduraraq adamların arasından ayrılıb və saxlanılıb! Pivə festivalında polis üzərində kiçik bir zərfdə kokain olan X-i (…yaşlı, televiziyada nəzarətçi Y) saxlayıb. Təfərrüatlar üçün 12-ci səhifəyə baxın.”

Qəzetin on ikinci səhifəsində aşağıdakı başlıq dərc olunub:

“TV ulduzu X-in üzərində kokain olub. Bretzel (Brezn), bir fincan pivə [içində bir litr pivə olan bakal] və bir az da koks.”

Kiçik şriftlə çap olunan məqalədə deyilir:

“Cümə axşamı gecəsi, saat 11.00. Pivə festivalında içki içmək, əylənmək, qol-qola gəzmək var idi. Və iyləmək…. Məşhurların çadırından, bəylərin arasından burnunu ovuşduraraq ayrılan televiziya ulduzu X (…yaşlı, əsl adı…) polis əməkdaşlarının diqqətini çəkib. Onlar Y serialının ulduz aktyorunu (bu serialın iyun ayına qədər beş il ərzində 60-dan çox seriyası yayımlanıb) axtarmağa başlayıblar . KOKAIN! X-in üzərində içində 0,23 qram koks olan paket olub və o, saxlanılıb. Münhendən olan dövlət ittihamçısı W Bild-ə deyib: “O, əli ilə şübhəli hərəkətlər edir, barmaqları ilə burnunu döyəcləyirdi. Bu, təbii ki, zabitlərimizin diqqətini çəkib. Faktla bağlı araşdırma aparılır. Yalnız kiçik bir miqdarda kokaindan söhbət gedir. W. : “Festival meydançasının tam ortasında (Wiesn) – bu üyüdülmüş tütün də ola bilərdi, amma bizim kişilərin bu cür şeylərə həvəsi var…”. X artıq bundan öncə narkotik saxlama əməlini tənzimləyən qanunla üz-üzə qalıb. 2000-ci ilin iyul ayında teleserialdakı nəzarətçi iki il sınaq müddəti olmaqla beş aylıq şərti azadlıqdan məhrumetmə cəzası və ilə cəzalandırılıb və 5000 avro cərimə olunub. O, ölkəyə qanunsuz olaraq narkotik vasitə gətirməkdə ittiham olunub. X Braziliyaya səfər edərkən, Münhendəki ünvanına dörd qram kokainin göndərilməsini təşkil edibmiş. Onun sınaq müddəti iki il əvvəl başa çatıb. Çadırda tapılan narkotikin miqdarı … cüzidir. Aktyoru nə gözləyir? Məsələ ilə bağlı Bild-ə danışan hüquqşünas ekspert deyir: “Sınaq müddəti keçmiş olsa belə, əvvəlki məhkumluğu hələ təzədir. X altı aya qədər şərti olmayan azadlıqdan məhrumetmə cəzası ala bilər”. Niyə azadlıqdan məhrum etmə? “Görünür, X şərti azadlıqdan məhrumetmə cəzasından kifayət qədər qorxmayıb”. Aktyor yəqin ki, saç tükünün müayinəsi üçün məhkəmə-tibb ekspertizasına müraciət etməli olub. Saçın hər santimetri ekspertə kokainin qəbul edilib-edilmədiyini və edilibsə, nə qədər qəbul edildiyini müəyyən etməyə imkan verəcək. Dünən X bununla bağlı şərh verməkdən imtina edib.

P.S: “Çadırdakı hər tualet kabinəsində… “Narkotikdən istifadə cinayət məsuliyyətinə səbəb olur!” yazısı var.”

Məqaləyə biri birinci səhifədə, digər ikisi isə on ikinci səhifədə olmaqla X-in üç şəkli əlavə olunub.

14. Elə həmin gün səhər saatlarında mətbuat agentlikləri və digər qəzet və jurnallar Bild-də dərc olunan məqaləyə qismən istinad edərək X-in həbsi barədə məlumat yayıblar. Həmin gün prokuror V. digər yazılı media və televiziya kanallarına açıqlamasında Bild-də yayılan faktları təsdiqləyib, onlardan ikisi (“RTL” və “pro7”) həmin gün axşam eyni xəbərləri yayımlayıb. Verilişlərin birində prokuror V. aşağıdakıları deyib:

“Polis əməkdaşları X-in kişi tualetindən çıxarkən əli ilə şübhəli hərəkət etdiyini görüblər və onun nəsə qəbul etdiyi qənaətinə gəliblər. Onun üzərində axtarış aparıblar və içərisində 0,213 qram kokain olan zərf aşkar ediblər. O, artıq bundan öncə ölkəyə narkotik vasitə gətirməkdə təqsirli bilinib və şərti həbs cəzası alıb. O, qanunu pozan ilk şəxs deyil (Ersttäter). O, bilməli idi ki, narkotikə toxunmaq olmaz. Onda tapılan məbləğ cüzi olsa belə, indi onu əlavə həbs cəzası gözləyə bilər”.

2. İkinci məqalə

15. Bild 7 iyul 2005-ci il tarixli sayında daxili səhifələrində aşağıdakı başlığa yer verib: “Televiziya serialındakı Nəzarətçi X məhkəmədə kokain qəbul etdiyini etiraf edib. O, 18 min avro cərimə olunur!”

Məqalədə deyilir:

“Münhen – O, televiziyada cinayətkarları dəmir barmaqlıqlar arxasına qoyan nəzarətçi rolunu oynayır. Dünən məhkəmə önünə çıxarılmaq və etiraf etmək növbəsi aktyor X-da idi (…yaşlı, …)! Münhen Rayon Məhkəməsi [Amtsgericht] qarşısında “qanunsuz olaraq narkotik saxlamaq” ittihamı ilə bağlı izahat verməli olan X narkotik qəbul etdiyini etiraf edib! X-in vəkili … deyir: “Biz ittiham aktında ittiham olunduğumuz cinayəti tam etiraf edirik”. X məhkəmədə etiraf edərək deyib: “Mən bəzi hallarda ot çəkmişəm, bəzən kokain də qəbul etmişəm. Ancaq bunlar məni xoşbəxt etməyib. Bunlar məndə vərdişə çevrilməyib, sadəcə olaraq, arabir etdiyim bir şeydir”. Məhkəmədən sual …: “Hazırda narkotik qəbul edirsiniz?” X-dən cavab: “Xeyr, siqaret çəkirəm.” Hökm: 18.000 avro cərimə. Məhkəmə: “Təqsirləndirilən şəxsin tam etirafı onun xeyrinə sayılsın”. Televiziyada isə X yenə də qayda-qanun yaratmaq üçün iş başındadır. O, payızda ikinci kanalda başlayacaq televiziya serialı üçün Vyanada çəkilişlərdədir.”

Məqalədə X-in fotosu yer alıb.

C. Alman məhkəmələri önündə icraat

16. Məqalələr çıxandan dərhal sonra X ərizəçi şirkətə qarşı Hamburq Regional Məhkəməsinə şikayət ərizəsi verib. Ərizəçi şirkət X-ın iddialarına qarşı təqdim etdiyi ilkin cavabına öz jurnalistinin açıqlamasını (yuxarıda 11 və 12-ci paraqraflara baxın) və X haqqında yayımlanmış fotoşəkillərinin də yer aldığı çoxsaylı yazıları, o cümlədən Bunte jurnalı da daxil olmaqla mediaya verdiyi bir sıra müsahibələrini əlavə edib.

1. Birinci qrup icraat

(a) Məcburiyyət tədbirləri ilə bağlı icraat

17. 30 sentyabr 2004-cü ildə Hamburq Regional Məhkəməsi X-ın 29 sentyabr 2004-cü il tarixli vəsatəti əsasında məqalənin dərc edilməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin 12 noyabr 2004-cü il tarixli qətnaməsi ilə həmin qərar qanuni hesab edilib. Qətnamə 28 iyun 2005-ci ildə Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb. 6 oktyabr 2004-cü ildə Regional Məhkəmə məqaləni əks etdirən fotoşəkillərin də dərc edilməsinə qadağa qoyub. Məhkəmənin 12 noyabr 2004-cü il tarixli qətnaməsi ilə həmin qərar qanuni hesab edilib. Ərizəçi şirkət qətnaməyə etiraz etməyib və qətnamə qəti olub.

(b) Əsas icraat

(i) Regional Məhkəmənin qətnaməsi

18. 11 noyabr 2005-ci ildə Hamburq Regional Məhkəməsi Mülki Məcəllənin 823-cü maddəsinin 1-ci bəndini və 1004-cü maddənin 1-ci bəndini (analoji olaraq) (aşağıda 47-ci bəndə baxın) şəxsiyyət hüquqlarının müdafiəsi hüququ (Allgemeines Persönlichkeitsrecht) işığında tətbiq edərək birinci məqalənin nəşrini, demək olar ki, bütünlüklə qadağan edib və bu qadağaya əməl edilməyəcəyi halda cəzalandırılacağı ilə bağlı razılığa gəlinib. Məhkəmə ərizəçi şirkətin razılaşmaya uyğun olaraq cərimə kimi 5.000 avro, üstəlik prosedur xərclərini (811,88 avro, üstəgəl 4 noyabr 2004-cü il tarixindən hesablanmış qanuni faizlər) ödəməsinə qərar verib.

19. Regional Məhkəmənin fikrincə, X-in adı çəkilən və onun fotoşəkilləri ilə müşayiət olunan sözügedən məqalə onun şəxsiyyət hüquqlarının müdafiəsi hüququna ciddi müdaxilədir; onun cinayət əməlinin açıqlanması, onun ictimaiyyətin gözündə belə demək mümkünsə, alçaldılması və nüfuzdan salınması ilə nəticələnib. Məhkəmə qeyd edir ki, əgər ağır cinayət baş vermiş olsaydı, hətta şəxs üzərində mənfi təsiri olsa da, medianın belə xəbərə yer verməsi qanuni olardı, çünki ağır cinayətlər müasir cəmiyyətlərdə tez-tez qarşılaşılan haldır və mətbuatın belə əməllərlə bağlı məlumat yaymaq hüququ var. Cinayətkarın özəl həyatına edilən hər hansı müdaxilə toqquşan maraqlar arasında balansı təmin etmək üçün proporsionallıq prinsipinə uyğun olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, hətta qəzetdə dərc edilən faktlar həqiqət olsa belə, hazırkı işdə X-in şəxsiyyət hüquqlarının müdafiəsi hüququ ictimaiyyətin məlumat almaq marağından üstündür. Nə törədilmiş cinayətin xarakteri, nə X-in şəxsiyyəti, nə də hər hansı digər hallar sözügedən məqalənin dərcinə haqq qazandırmır.

20. Məhkəmə qeyd edir ki, narkotiklə bağlı cinayətlər kiçik cinayət hesab edilməsə belə, xüsusən də hazırkı işdə ağır narkotik olan kokaindən söhbət gedirsə, X həmin narkotik maddənin yalnız kiçik bir miqdarına malik olub və o, narkotik alverində ittiham olunmur. Qeyd edilən cinayət növü orta, hətta az ağırlıqda olub, bu çox geniş yayılmış cinayətdir və bu əməllə bağlı ictimaiyyətin məlumatlandırılması üçün xüsusi ictimai maraq olmayıb. Məhkəmə əlavə edir ki, narkotik maddələrdən sui-istifadənin tanınmış incəsənət adamları arasında digər qruplara nisbətən daha geniş yayıldığına dair fərziyyələr olsa belə, ağır cinayətlərdən (məsələn, rezonans doğuran soyğunçuluq və ya qətllərdən) fərqli olaraq, sözügedən cinayəti adi cinayətlərdən fərqləndirən heç bir xüsusi hal yoxdur. Bundan əlavə, ərizəçi şirkət tərəfindən xəbərin tərtib olunma üsulu belə cinayət əməlinin özünün ərizəçi şirkət üçün çox da önəmli olmadığını sübut edir. Çünki hazırlanan xəbər törədilən cinayətdən çox X-in şəxsiyyətini hədəf alıb. Əgər bu əməl tanınmamış bir şəxs tərəfindən törədilsəydi, yəqin ki, bu barədə mətbuatda heç vaxt xəbər getməyəcəkdi. Məhkəmə qeyd edir ki, X-in oxşar cinayətə görə əvvəlki məhkumluğu mövzuya ictimai marağı artırsa da, o, keçmişdə yalnız bir dəfə məhkum olunub, üstəlik, bu bir neçə il öncə baş verib.

21. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən məqalələrin dərc edilməsinə haqq qazandıran faktor X-in öz şəxsiyyəti olmayıb. Qəbul etmək lazımdır ki, ictimaiyyət populyar televiziya serialının personajı olan polis nəzarətçisi Y.-yə daha çox maraq göstərir, həmin rolu oynayan aktyorun özünə deyil. X-ın aktyor kimi performansına və ya ictimaiyyətin müntəzəm məlumat almalı olduğu şəxslər dairəsinə daxil olduğuna görə ictimaiyyətin diqqətini cəlb etdiyini göstərən heç nə yoxdur. X-ə olan maraq heç bir halda alman televiziya seriallarının aparıcı aktyorlarına olan maraqdan çox deyil.

22. Məhkəmə qeyd edir ki, ərizəçi şirkət altı il ərzində və xüsusilə də son üç il ərzində X haqqında çoxlu məqalələr dərc edib. Lakin bu xəbərlərin böyük əksəriyyətində sadəcə olaraq X-in adı fotoşəkli əlavə edilmədən müxtəlif tədbirlərə dəvət olunan məşhurların adları arasında çəkilib. X-in 200-dən çox milli və beynəlxalq kinematoqrafiya və televiziya tamaşalarında iştirak etdiyi mübahisə edilməsə də, bu hal onun ictimai əhəmiyyətli bir fiqur olduğu anlamına gəlmir. Həqiqətən də, bəzən aktyorlar yüzlərlə televiziya serialında baş rolda oynasalar da, ictimaiyyət arasında tanınmaya bilirlər. X-in hər hansı konkret performansa görə ad çıxarmasına və ya ictimaiyyətin diqqətini cəlb edən önəmli bir mövqe tutmasına dair heç bir sübut yoxdur.

23. X 2000-2003-cü illər arasında müəyyən jurnallara müsahibələr verməklə ictimaiyyətin diqqətini cəlb etməyə çalışıb. Buna görə də o, diqqət mərkəzində olmaq istəməyən digər tanınmış simalarla müqayisədə haqqında dərc olunan xəbərlərə daha dözümlü olmalı idi. Amma məhkəmənin fikrincə, X ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün elə bir addım atmayıb ki, bununla o, şəxsiyyət hüquqlarının müdafiəsi hüququndan dolayısıyla imtina etmiş hesab edilsin.

24. Regional Məhkəmə qəbul edir ki, televiziyada cinayətlərin qarşısını alan nəzarətçi rolunu oynamasına baxmayaraq, onun real həyatda qanunu pozması faktı ictimaiyyət üçün aktyorun oynadığı roldan daha əyləncəlidir. Ancaq aktyorun oynadığı televiziya rolu ilə onun şəxsi həyat tərzi arasındakı bu ziddiyyət o demək deyil ki, ictimaiyyət onun real həyatdakı həyat tərzini uydurma personajın həyat tərzi ilə qarışdırıb. Aktyor hər hansı bir obrazı onların xarakterlərini götürmədən canlandıra bildiyi kimi, burada da sadəcə olaraq bir nəzarətçi obrazını oynayıb. Aktyorun canlandırdığı bir obrazın həyat tərzini mənimsəməməsi heç bir halda xəbər verilməyə layiq fövqəladə hadisə kimi qiymətləndirilə bilməz. Məhkəmənin fikrincə, hətta aktyor müəyyən bir obrazı canlandırması ilə məşhurlaşsa belə, tamaşaçılar aktyor və onun rolu arasında fərq qoya bilirlər.

25. Regional Məhkəmə daha sonra qeyd edir ki, X özünü heç vaxt əxlaq simvolu kimi göstərməyə cəhd etməyib, nə də narkomaniya ilə bağlı məsələlərdə hər hansı mövqe nümayiş etdirməyib. Ərizəçi şirkətin yayımladığı müsahibələrdə X-in mövzu ilə bağlı heç bir şərhi yer almayıb. “Bunte” jurnalının 48/2003 nömrəli sayında X sözarası bildirmişdi ki, onun evdə hər hansı spirtli içkisi yoxdur və onun çaydan yaxşı başı çıxır. Məhkəmənin fikrincə, X-in 2000 və 2001-ci illərdə fərqli jurnallara verdiyi iki müsahibədə əvvəlki məhkumluğu barədə qısa məlumat verməsi o demək deyil ki, o, özünü narkotiklərlə mübarizənin müdafiəçisi və ya tənqidçisi, yaxud bu sahədə özünü ekspert hesab edir. Əsasən aktyorun bir peşəkar kimi gələcək perspektivlərindən və münasibətlərindəki çətinliklərdən bəhs edilən müsahibədə bu mövzuya çox az yer verilib.

26. Toqquşan maraqları balanslaşdırarkən həlledici meyarın X-in nə dərəcədə tanınması və onun ittiham olunduğu cinayətin ağırlığı olduğunu nəzərə alaraq, Regional Məhkəmə qeyd edir ki, iş əhəmiyyətsiz olmasa da, xüsusi bir rezonans da yaratmayan və əyləncə dünyasında kifayət qədər rastlanan bir cinayəti törətməkdə ittiham olunan və çox da məşhur olmayan bir aktyorla bağlıdır. Buna görə də ictimaiyyət əslində kifayət qədər az diqqət cəlb edən bir hadisə barədə məlumat əldə etməyə çox da böyük maraq göstərməyib, buna görə də dərc edilmiş məlumatla X-in şəxsiyyət hüquqlarının müdafiəsi hüququna ciddi bir müdaxilə baş verib.

27. Son olaraq, Regional Məhkəmə qeyd edir ki, ərizəçi şirkət məqalənin dərcinin legitim məqsəd güddüyünü və bu səbəbdən qanuni olduğunu iddia etməkdə haqlı deyil. Etiraf etmək lazımdır ki, I Münhen Regional Məhkəməsinə bağlı prokurorluğun mətbuat xidmətinin əməkdaşı X-in ittiham olunduğu cinayət əməli barədə çoxlu sayda media əməkdaşını məlumatlandırıb və X-in kimliyini onlara açıqlayıb; həmçinin heç bir şübhə yoxdur ki, prokurorluq, bir qayda olaraq, informasiyanın “imtiyazlı mənbəyi” kimi qəbul edilə bildiyi üçün onun verdiyi informasiyanın doğruluğunun yoxlanılması tələb olunmur. Üstəlik, üç mətbuat agentliyi hadisənin təfərrüatı ilə bağlı oxşar məlumatları yayıb. Fərz edək ki, ərizəçi şirkət sözügedən məqaləni dərc etməzdən əvvəl bütün məlumatları əldə edib və bu qənaətə gəlib ki, əldə edilən məlumatlar doğrudur. Ancaq dərc edilmiş məlumatların doğruluğu ərizəçi şirkəti həmin məlumatların dərcinə X-in şəxsiyyət hüquqlarının müdafiəsi hüququ baxımından haqq qazandıra biləcək bir durum olub-olmadığını dəyərləndirmək tələbindən azad etmir. Regional Məhkəmənin fikrincə, dövlət orqanı tərəfindən verilən məlumatın doğru olub-olmaması ilə həmin məlumatın sonradan mətbuat tərəfindən dərc edilməsinin qanuni olub-olmaması bir birindən fərqli məsələlərdir.

28. Regional Məhkəmə bildirir ki, ictimai maraqlar şəxslərin maraqlarından üstün deyilsə, dövlət qurumlarından, xüsusən də prokurorluq və polis orqanlarından olan gözlənti onların neytrallıq prinsipinə uyğun olaraq, müəyyən məlumatları yaymamasıdır. Bununla belə, həmin vaxt belə qurumlar informasiyanı ictimailəşdirilərkən toqquşan maraqlar arasında balansı təmin etmək üçün məlumatı yayan media orqanından heç də daha yaxşı vəziyyətdə olmayıblar.

29. Hazırkı işdə ərizəçi şirkət X-in nə dərəcədə tanınması və onun həbsinə ictimai marağın nə qədər olub-olmaması ilə bağlı suallara cavab tapmaq üçün Münhen prokurorluğunun əməkdaşından daha əlverişli mövqedə olub. Bu baxımdan məhkəmə hesab edir ki, məlumatın dərc olunduğu kontekst nəzərə alınmalıdır: dövlət qurumları faktual məlumatın hansı şəkildə yayılacağını qabaqcadan görmək və ya şəxsin adının çəkildiyi bir xəbərin ictimailəşdirilməsinin haqlı səbəblərinin olub-olmadığını qabaqcadan təxmin etmək iqtidarında olmayıb. Buna görə də, xəbər paylaşan media qurumları düşünməlidir ki, əgər toqquşan maraqlar arasında balans saxlanmırsa, “imtiyazlı mənbə” (hazırkı işdə dövlət qurumları) tərəfindən şəxsin kimliyinin açıqlanması müvafiq şəxs haqqında paylaşılan hər hansı bir xəbəri avtomatik olaraq qanuni etməyəcək.

30. Regional Məhkəmə əlavə edir ki, dövlət qurumlarının açıqlaması ilə bağlı şübhəyə yol aça biləcək məqamlar var. Məsələn, hazırkı işdə cinayət araşdırmasının tam başlanğıcında X-ə verilməsi ehtimal edilən cəza ilə bağlı prokurorluğun rəy bildirməsinin nə qədər doğru olduğu da sualı altındadır. Regional Məhkəmə sonda belə qənaətə gəlir ki, ərizəçi şirkət X-in adının prokurorluq tərəfindən açıqlanmasına istinad etdiyini dəlil kimi göstərə bilməz.

(ii) Apellyasiya Məhkəməsinin Qətnaməsi

31. 21 mart 2006-cı ildə Apellyasiya Məhkəməsi ərizəçi şirkətin apellyasiya şikayətini rədd edib, lakin cərimənin məbləğini 1000 avroya endirib. O, Regional Məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını bildirərək əlavə edir ki, cinayət əməli haqqında məlumat verərkən şübhəli şəxsin adının açıqlanması, hətta az ağır və ya xırda narkotik cinayəti olsa belə, bir qayda olaraq, şəxsiyyət hüquqlarının müdafiəsi hüququnun ciddi şəkildə pozulması hesab olunur. X-in kokain qəbul etdiyi barədə ictimaiyyətə məlumat verilməsi onun gələcəkdə hər hansı bir rolda oynamaq, xüsusən də gənc auditoriyaya yönəlmiş reklam və ya televiziya seriallarında rol almaq şansını azalda bilər.

32. Apellyasiya Məhkəməsi medianın sahib olduğu hüquqlarla şəxsiyyət hüquqlarının müdafiəsi hüququ arasında balansı müəyyən edərkən Federal Ədalət Məhkəməsi tərəfindən təsbit edilmiş müvafiq kriteriyaları təkrarlayıb (aşağıda 48-ci bəndə baxın). Apellyasiya Məhkəməsi razılaşır ki, cinayətin xarakteri və onun törədildiyi şərait onu hər gün törədilən bir cinayət əməlinə çevirib və cinayətkar az tanınmış olsaydı, bu cinayət işi heç bir marağa səbəb olmayacaqdı. Apellyasiya Məhkəməsinin fikrincə, az miqdarda narkotik vasitənin saxlanması və istehlakı üçüncü şəxslərə və ya geniş ictimaiyyətə heç bir mənfi təsir etməyib. X kokaini çadırda hamının gözü önündə qəbul etməyib, buna görə də onun davranışı tanınmış televiziya ulduzu olduğu üçün özünü ona oxşada biləcək gənc tamaşaçılara heç bir təhlükə yaratmayıb.

33. Apellyasiya Məhkəməsi qəbul edir ki, X tanınmış şəxs olduğuna görə və uzun müddət ərzində polis nəzarətçisi rolunu oynadığı üçün ictimaiyyətin törədilən cinayət əməli barədə məlumat əldə etməyə və buna diqqət ayırmağa xüsusi marağı olub. Amma X bu rolu oynasa belə, bu o demək deyil ki, o, mütləq şəkildə hüquq-mühafizə orqanının əməkdaşı kimi kumirə və ya nümunəyə çevrilib və bu səbəbdən də onun şəxsi həyatında da özünü oynadığı roldakı xarakter kimi aparıb-aparmaması sualına ictimai marağı artırıb. Aktyor X onun canlandırdığı baş nəzarətçi Y-nin uydurma personajı ilə eyniləşdirilə bilməz. X-ın öz fan-klublarına malik olması və nəzarətçi Y rolunu oynayan aktyor kimi ictimaiyyət qarşısında çıxış etməsi də bu reallığı dəyişmir. Ola bilər ki, X-in xarici görünüşü, özünü ifadə etmə tərzi və filmlərində təsvir olunan rahat insan obrazı başqalarını, xüsusən də gənc tamaşaçıları cəlb etmiş olsun. Ancaq bu o demək deyil ki, başqaları onu əxlaq nümunəsi kimi görüblər və sözügedən qəzet xəbər verməklə onun əsl simasını göstərmək məcburiyyətində qalıb.

34. Ərizəçi şirkət tərəfindən dərc edilmiş yazılar həqiqətən də X-in çox populyar olduğunu sübut edir, lakin bu onun öz şəxsi həyatı haqqında etiraflar səsləndirməklə diqqət cəlb etmək istəməsi ilə bağlı iddiaları təsdiqləmir. Qəzetdə gedən xəbərdə göstərilir ki, X ictimai yerdə, yəni çadırda həbs edilib, halbuki o, narkotiki faktiki olaraq ictimaiyyətdən kənar yerdə – kişi tualetində, yəni özəl həyata aid məkanda istifadə edib. Nəhayət, hətta X-in həbsinin ictimai maraq doğuran hadisə olduğu təsbit edilmiş olsaydı belə, eyni şeyi ictimaiyyətdən kənarda törədilmiş cinayət əməli haqqında demək olmaz.

35. Nəhayət, Apellyasiya Məhkəməsi Münhen Prokurorluğunun açıqlamaları ilə bağlı Regional Məhkəmənin mövqeyini dəstəklərəyək bildirir ki, ərizəçi şirkət prokurorluğun X-la bağlı açıqlamalarının onun dərc edəcəyi xəbəri qanuniləşdirəcəyinə inanmaqla kiçik bir səhlənkarlıq edib. Prokurorluğun qanuna zidd açıqlaması ərizəçi şirkətin dərc etdiyi xəbəri qanuniləşdirmir. Qeyd edilən səbəblərdən Apellyasiya Məhkəməsi cəzanı 1000 avroya endirir. Apellyasiya Məhkəməsi çıxardığı qərarın Federal Ədalət Məhkəməsinin presedent hüququ ilə ziddiyyət təşkil etmədiyini bildirərək, ərizəçi şirkətin qətnamədən kassasiya qaydasında şikayət verməsinə razılıq verməyib.

(iii) Federal Ədalət Məhkəməsinin qərarları

36. 7 noyabr 2006-cı ildə Federal Ədalət Məhkəməsi işin fundamental əhəmiyyət kəsb etmədiyini və qanunvericiliyin təkmilləşdirilməsi, yaxud məhkəmə təcrübəsinin vahidliyini təmin etmək baxımından vacib olmadığı qənaətinə gələrək ərizəçi şirkətin hüquq məsələləri üzrə şikayət verməsinə razılıq verməyib.

37. 11 dekabr 2006-cı ildə Federal Ədalət Məhkəməsi ərizəçi şirkətin öz arqumentlərini təqdim etmək üçün kifayət qədər imkanının olmadığını iddia edərək verdiği şikayəti rədd edib. Federal Ədalət Məhkəməsi bildirir ki, Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şəxsi həyatına müdaxilə ilə açıq keçirilən cinayət prosesi haqqında ictimaiyyətin məlumatlandırılmasını zəruri edən ictimai maraqlar arasında balansı müəyyən edərkən işin spesifik hallarını nəzərə alıb və Federal Ədalət Məhkəməsinin presedent hüququ əsasında formalaşmış meyarlarına uyğun qərar verib. Balans müəyyən edilərkən məhkəmənin həmin meyarları gözardı etməsinə dair heç bir fakt yoxdur. Federal Ədalət Məhkəməsi bildirir ki, mülki məhkəmələrin ərizəçi şirkətin əleyhinə təsbit etiyi fakt sonuncunun hüquq məsələləri ilə bağlı apellyasiya şikayəti verməsinə imkan vermir və bu ərizəçinin dinlənilmə hüququnun pozulması demək deyil.

2. İkinci qrup icraat

(a) Məcburiyyət tədbiri ilə bağlı icraat

38. 15 avqust 2005-ci ildə Hamburq Regional Məhkəməsi ikinci məqalənin dərcinə qadağa qoyulması ilə bağlı X-in müraciətini təmin edib.

(b) Əsas icraat

(i) Regional Məhkəmənin qətnaməsi

39. 5 may 2006-cı il tarixli qətnaməsi ilə Regional Məhkəmə aparılan əsas icraatda X-in vəsatətini təmin edirək ərizəçi şirkətdən ikinci məqaləni bir daha dərc etməməsini tələb edib, dərc edəcəyi halda cəza tətbiq ediləcəyini bildirib və çəkilən xərclərə görə 449,96 avro, üstəgəl 2 sentyabr 2005-ci il tarixindən hesablanmaqla qanunla müəyyən edilmiş faizləri ödəməsinə qərar verib. Regional Məhkəmə öz qərarını böyük ölçüdə 11 noyabr 2005-ci il tarixli qətnaməsində göstərilmiş (yuxarıda 18-30-cu bəndlərə baxın) eyni arqumentlər üzərində qurub. Məhkəmə qeyd edir ki, sözügedən iş Federal Ədalət Məhkəməsinin 15 noyabr 2005-ci il tarixli qətnaməsinin predmeti olan işdən (aşağıda 48-ci bəndə baxın) fərqləndirilməlidir. Həmin işdə maraqlı şəxs Şahzadə Ernst Avqustdan von Hannover X-dən daha məşhur olub, ona görə də mətbuat həmin işdə təqsirləndirilən şəxsə tətbiq edilən cəza ilə bağlı məlumat yaymaq hüququna malik olub.

(ii) Apellyasiya Məhkəməsinin qətnaməsi

40. 12 sentyabr 2006-cı ildə Hamburq Apellyasiya Məhkəməsi ərizəçi şirkətin verdiyi şikayəti mahiyyətcə özünün 21 mart 2006-cı il tarixli qətnaməsində göstərdiyi əsaslarla rədd edib (yuxarıda 31-35-ci bəndlərə baxın). Toqquşan maraqları balanslaşdırarkən tətbiq edilən müvafiq meyarlarla bağlı məhkəmə qeyd edir ki, Federal Konstitusiya Məhkəməsinin 13 iyun 2006-cı il tarixli qərarına əsasən (aşağıda 49-cu bəndə baxın) şəxsin nüfuzlu şəxsiyyət və ya tanınmış şəxs olması faktı onun davranışı barədə məlumat etmək üçün ictimai marağın mövcud olduğunu iddia etmək üçün özlüyündə yetərli faktor deyil. Hazırkı işdə X tanınmış sima olduğu üçün və televiziya serialında baş nəzarətçi kimi çəkildiyi üçün ictimaiyyətin onunla bağlı məlumat əldə etmək marağı onun özü haqqında hansı məlumatın açıqlanmasına qərar vermək hüququna edilən müdaxiləyə haqq qazandırmaq üçün yetərli olmayıb.

41. Apellyasiya Məhkəməsinin fikrincə, ərizəçi şirkətin televiziya serialının yüksək auditoriya reytinqinə malik olduğunu əsas göstərməsi X-in sevilən və ya sevilməyən bir nümunə olduğunu sübut etmir. Əgər X milyonlarla izləyicisi olan bir nümunəyə çevrilibsə, həmin nümunə X-in özü yox, onun oynadığı nəzarətçi obrazı olub. Apellyasiya Məhkəməsi bir daha qeyd edir ki, X-in ictimai yerdə həbs olunması faktı qəzet məqaləsini qanuniləşdirmir, çünki cinayətin özü ictimaiyyətdən kənar bir yerdə – kişi tualetində baş verib. X-in əli ilə etdiyi şübhəli hərəkət hadisə yerində olan polisin diqqətini cəlb edib. Çadırda olan digər şəxslərin X-ın kokain qəbul etdiyini görməsini sübut edən heç bir fakt yoxdur.

42. Apellyasiya Məhkəməsi əlavə edir ki, belə qəbul edilir ki, əgər “sanballı bir mətbuat” müəyyən bir məsələ ilə bağlı xəbər verirsə, demək ki, həmin məlumatın paylaşılmasına ictimai maraq var. Ancaq bu yanaşmanı rəhbər tutaraq belə nəticəyə gəlmək olmaz ki, X-in şəxsiyyət hüquqlarının müdafiəsi hüququna müdaxilə qanuni olub.

43. Apellyasiya Məhkəməsi çıxardığı qətnamənin Federal Ədalət Məhkəməsinin presedent hüququna, xüsusən də onun 15 noyabr 2005-ci il tarixli qərarına zidd olmadığını əsas gətirərək ərizəçi şirkətə hüquq məsələləri üzrə şikayət vermək üçün razılıq verməyib (aşağıda 48-ci bəndə baxın).

(iii) Federal Ədalət Məhkəməsinin qərarları

44. 17 aprel 2007-ci ildə Federal Ədalət Məhkəməsi işin fundamental əhəmiyyət kəsb etmədiyini və qanunvericiliyin təkmilləşdirilməsi, yaxud məhkəmə təcrübəsinin vahidliyini təmin etmək baxımından vacib olmadığı qənaətinə gələrək ərizəçi şirkətin hüquq məsələləri üzrə şikayət verməklə bağlı müraciətini təmin etməyib. 12 iyun 2007-ci ildə məhkəmə ərizəçi şirkətin öz arqumentlərini təqdim etmək üçün kifayət qədər imkanının olmadığını iddia edərək verdiği şikayəti təmin etməyib.

3. Federal Konstitusiya Məhkəməsinin qərarları

45. 5 mart 2008-ci ildə Federal Konstitusiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası birinci və ikinci qrup məhkəmə prosesilərin nəticəsi olaraq çıxarılmış məhkəmə qərarlarına qarşı ərizəçi şirkət tərəfindən verilmiş konstitusiya şikayətlərinə baxmaqdan imtina edib. Konstitusiya Məhkəməsi çıxardığı qərarın səbəblərini açıqlamayıb.

4. Ərizəçi şirkətlə bağlı çıxarılan digər məhkəmə qərarları

46. Hamburq Regional Məhkəməsi 12 sentyabr 2006-cı il və 29 yanvar 2008-ci il tarixlərində ərizəçi şirkətin 15 avqust 2005-ci ildə tətbiq edilən qadağanı pozduğuna görə hər biri 5.000 avro olmaqla X-ı iki dəfə cərimələyib (yuxarıda 38-ci bəndə baxın). Məhkəmə ərizəçi şirkəti digər məsələlərlə yanaşı gündəlik Die Welt qəzetinin redaktorlarının birinin adından verilən aşağıdakı məzmunda bəyanatı qəzetin 7 iyul 2006-cı il sayında və 22 mart 2007-ci il ildə internet səhifəsində (welt.de) dərc etdiyinə görə tənqid edib:
“Belə çıxır ki, bizim məşhur aktyor X-in kokain saxlama ittihamı ilə mühakimə edildiyi məhkəmə prosesi haqqında xəbər verməyə heç bir hüququmuz yoxdur, baxmayaraq ki, o, çox məşhur bir residivistdir və cinayət Münhendə pivə festivalında törədilib”.

II. YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ, AVROPA QANUNVERİCİLİYİ

A. Yerli qanunvericilik və təcrübə

1. Mülki Məcəllə

47. Mülki Məcəllənin (Bürgerliches Gestezbuch) 823-cü maddəsinin 1-ci bəndinə əsasən, başqasının yaşamaq, fiziki toxunulmazlıq, sağlamlıq, azadlıq, mülkiyyət və ya ona oxşar digər hüququnu qəsdən və ya ehtiyatsızlıqdan qanunsuz olaraq pozan hər kəs vurulan zərərin əvəzini ödəməlidir.
1004-cü maddənin 1-ci bəndinə uyğun olaraq, başqasının mülkiyyəti oradan çıxarılma və ya qeyri-qanuni tutma yolu ilə deyil, başqa şəkildə zədələndikdə, mülkiyyətçi qanunsuz əməli törədən şəxsdən baş verən müdaxiləni dayandırmağı tələb edə bilər. Əgər daha artıq zərər vurulacağına əsaslı şübhə varsa, mülkiyyət sahibi müvəqqəti xarakterli müdafiə tədbiri üçün müraciət edə bilər.

2. Müvafiq presedent hüququ

48. 15 noyabr 2005-ci il tarixli qətnaməsində (№ Vi ZR 286/04) Federal Ədalət Məhkəməsi özünün presedent hüququna istinad edərək bildirir ki, müvafiq şəxsin adının qeyd olunduğu xəbər yazısının qanuniliyini qiymətləndirmək üçün həlledici kriteriya cinayətin xarakteri və şübhəli şəxsin kimliyidir. Presedent hüququnu formalaşdıran məhkəmənin istinad etdiyi iş ictimaiyyətin tanıdığı bir şəxsin avtomobil yolunda sürət həddini aşdığı (saatda 130 km əvəzinə 211 km) üçün Fransa məhkəmələri tərəfindən qoyulmuş cərimə və sürücülük qadağası ilə bağlıdır. Federal Ədalət Məhkəməsi sürət həddinin aşılmasını belə qiymətləndirir ki, qanunu pozmaqla sürücü ilk növbədə magistral yol qaydalarına həddindən artıq hörmətsizlik edib, ikincisi, digər sürücülərin həyatını təhlükəyə atıb. Həmin şəxsin əvvəllər ictimai yerdə davranışı, onun keçmişi və çox tanınmış bir şəxsin əri olması mətbuatın həmin işlə bağlı xəbər yaymaq marağı ilə müvafiq şəxsin şəxsiyyət hüquqlarının müdafiəsi hüququ arasındakı balansı mətbuatın xeyrinə dəyişib. Federal Ədalət Məhkəməsi qeyd edir ki, AİHM-in Von Hannover Almaniyaya qarşı işi üzrə 24 iyun 2004-cü il tarixli qətnaməsi (№ 59320/00, AİHK 2004-VI) hazırkı işdə başqa nəticə çıxarmağa imkan vermir. Qeyd edilən işdəki məqalələr (və fotoşəkillər) yalnız Caroline von Hannoverin gündəlik həyatı ilə bağlı olub və həmin məlumatların dərci yalnız onun şəxsi həyatına marağı olan müəyyən bir oxucu kütləsinin diqqətini cəlb etməyə hesablanıb.

49. 13 iyun 2006-cı il tarixli qərarında (№ 1 BvR 565/06) Federal Konstitusiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası Federal Ədalət Məhkəməsinin qətnaməsindən verilmiş konstitusiya şikayətini təmin etməyərək sonuncunun qərarını qüvvədə saxlayıb.

B. Avropa Şurası tərəfindən qəbul edilən sənədlər

1. Nazirlər Komitəsinin Rec(2003)13 saylı Tövsiyəsi

50. Nazirlər Komitəsinin 10 iyul 2003-cü ildə nazir müavinlərinin 848-ci iclasında qəbul edilmiş cinayət prosesi ilə bağlı məlumatların mediada yayılmasına dair üzv dövlətlərə ünvanlanmış Rec(2003)13 saylı Tövsiyənin müvafiq hissələrində deyilir:
“…
Konvensiyanın 10-cu maddəsinə əsasən, ictimaiyyətin ictimai əhəmiyyətli məsələlər də daxil olmaqla məlumat almaq, medianın da bu səbəbdən ictimaiyyəti məlumatlandırmaq hüququ olduğunu və bunun medianın həm də peşəkar vəzifəsi olduğunu xatırladaraq;

Konvensiyanın 6 və 8-ci maddələrində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması və şəxsi və ailə həyatına hörmət hüquqlarının istənilən demokratik cəmiyyətdə hörmət edilməli olan fundamental tələblər olduğunu xatırladaraq;

Cinayət prosesi barədə ictimaiyyətin məlumatlandırılmasında, cinayət qanunvericiliyinin çəkindirici funksiyasının işləməsində, habelə cinayət mühakiməsi sisteminin fəaliyyətinə ictimai nəzarətin təmin edilməsində media vasitəsilə xəbər yayılmasının vacibliyini vurğulayaraq;

Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsində Avropa İnsan Hüquqları Məhkəməsinin nəzarətedici rolunu diqqətə almaqla, Konvensiyanın 6, 8 və 10-cu maddələri ilə təminat altına alınan maraqların mümkün toqquşmasını və hər bir fərdi işə spesifik yanaşaraq bu hüquqların balanslaşdırılması zərurətini nəzərə alaraq;

Cinayət prosesi ilə bağlı milli hüquq sistemlərinin müxtəlifliyini qəbul etməklə bərabər üzv dövlətlərin hökumətlərinə tövsiyə edir:

1. dövlətlərin konstitusiyalarında nəzərdə tutulmuş müddəalar çərçivəsində bu tövsiyə sənədində göstərilmiş prinsiplərin icrası üçün vəziyyətə uyğun olaraq zəruri hesab etdikləri bütün tədbirləri görsünlər və ya bu tədbirləri gücləndirsinlər,

Rec(2003)13 saylı Tövsiyəyə Əlavə

Cinayət prosesi ilə bağlı media vasitəsilə məlumat verilməsinin prinsipləri

Prinsip 1 – Media vasitəsilə ictimaiyyətin məlumatlandırılması

İctimaiyyət məhkəmə və polisin fəaliyyəti barədə media vasitəsilə məlumat ala bilməlidir. Buna görə də, jurnalistlər yalnız aşağıdakı prinsiplərdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, cinayət mühakimə sisteminin fəaliyyəti haqqında sərbəst məlumat və şərh verə bilməlidirlər.

Prinsip 2 – Təqsirsizlik prezumpsiyası

Təqsirsizlik prezumpsiyası prinsipinə hörmət ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir.
Buna görə də davam edən cinayət prosesi ilə bağlı fikirlər və məlumatlar şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyasına xələl gətirməməsi şərtilə media vasitəsilə çatdırılmalı və ya yayılmalıdır.

Prinsip 3 – İnformasiyanın dəqiqliyi

Məhkəmə orqanları və polis mediaya yalnız təsdiqlənmiş məlumatları və ya ağlabatan fərziyyəyə əsaslanan məlumatları təqdim etməlidir. Əgər verilən informasiya ağlabatan fərziyyəyə əsaslanırsa, bu mediaya açıq şəkildə bildirilməlidir.

Prinsip 4 – İnformasiyaya çatımlılıq

Əgər hər hansı bir jurnalist məhkəmə və ya polis orqanlarından davam edən cinayət prosesi ilə bağlı qanuni şəkildə məlumat əldə edibsə, həmin orqanlar və qurumlar heç bir ayrı-seçkilik olmadan bu cür məlumatları eyni sorğu ilə müaricət edən və ya etmiş bütün jurnalistlərə təqdim etməlidir.
(…)

Prinsip 8 – Davam edən cinayət prosesi çərçivəsində gizli həyatın toxunulmazlığının müdafiəsi

Şübhəli, təqsirləndirilən və ya məhkum edilmiş şəxslər və ya cinayət prosesinin digər iştirakçıları haqqında məlumatların verilməsi zamanı Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq onların gizli həyatının toxunulmazlığının müdafiəsi hüququna hörmət edilməlidir. Yetkinlik yaşına çatmayanlar və ya digər həssas şəxslər, habelə zərərçəkmişlər, şahidlər və şübhəli, təqsirləndirilən və məhkum edilmiş şəxslərin ailələri xüsusi müdafiə ilə təmin edilməlidir. Bütün hallarda, onların şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların açıqlanmasının bu Prinsipdə göstərilən şəxslərə vura biləcəyi zərərli təsir xüsusilə nəzərə alınmalıdır.”

2. Avropa Şurası Parlament Assambleyasının şəxsi həyatın toxunulmazlığına dair 1165(1998) saylı qətnaməsi

51. 26 iyun 1998-ci ildə Parlament Assambleyası tərəfindən qəbul edilmiş qeyd edilən qətnamənin müvafiq hissələrində deyilir:

“…
6. Assambleya məlumatlıdır ki, insanların gizli həyatı medianın müəyyən sektorları üçün yüksək gəlir mənbəyinə çevrildiyinə görə, hətta xüsusi qanunvericiliklə qorunan ölkələrdə belə insanların şəxsi həyatına tez-tez müdaxilə edilir. Qurbanlar əsasən ictimai xadimlər olur, çünki onların şəxsi həyatları ilə bağlı məlumatlar satış üçün stimul rolunu oynayır. Eyni zamanda, ictimai xadimlər dərk etməlidirlər ki, onların cəmiyyətdə tutduqları xüsusi mövqe – bir çox hallarda bu mövqeyi könüllü olaraq seçirlər – avtomatik olaraq onların gizli həyatına təzyiqin artmasına səbəb olur.

7. İctimai xadimlər dövlət vəzifəsini tutan və/və ya dövlət resurslarından istifadə edən, daha geniş desək, ictimai həyata – istər siyasətdə, iqtisadiyyatda, incəsənətdə, sosial sahədə, idmanda, istərsə də hər hansı digər sahədə rol alan şəxslərdir.

8. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququnu birtərəfli şərh edərək media qurumları tez-tez insanların şəxsi həyatına müdaxilə edirlər, onların oxucularının ictimai fiqurlar haqqında hər şeyi bilmək hüququna malik olduğunu iddia edirlər.

9. İctimai fiqurların, xüsusən də siyasətçilərin şəxsi həyatı ilə bağlı müəyyən faktlar həqiqətən də vətəndaşlar üçün maraqlı ola bilər və buna görə də onlara səs vermiş oxucuların bu faktlarla bağlı məlumatlandırılması legitim ola bilər.

10. Buna görə də Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan iki əsas hüquq – şəxsi həyata hörmət hüququ və ifadə azadlığı arasında balansı təmin edən bir yol tapmaq lazımdır.

11. Assambleya hər bir insanın şəxsi həyatının toxunulmazlığı hüququ və ifadə azadlığı hüququnun demokratik cəmiyyətlər üçün fundamental olduğunu bir daha vurğulayır. Bu hüquqlar nə mütləq hüquq deyillər, nə də hər hansı iyerarxik qaydada biri digərindən az əhəmiyyətli deyil, onlar ikisi də bərabər dəyərə sahibdirlər.

12. Bununla belə, Assambleya qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə təminat altına alınan şəxsi həyatın toxunulmazlığı hüququ şəxsi təkcə dövlət orqanlarının deyil, həm də fərdlərin və ya qurumların, o cümlədən medianın müdaxiləsindən qorumalıdır.

13. Assambleya hesab edir ki, indi bütün üzv dövlətlər İnsan Hüquqları üzrə Avropa Konvensiyasını ratifikasiya etdiyindən və bir çox milli qanunvericilik sistemlərində bu müdafiəni təmin edən müddəalar olduğundan, şəxsi həyatın toxunulmazlığı hüququnu təminat altına alan yeni konvensiyanın qəbul edilməsinə ehtiyac yoxdur. …”

HÜQUQ MƏSƏLƏLƏRİ

I. ƏRİZƏNİN DİGƏR İŞLƏRDƏN AYRILMASI

52. Məhkəmə qeyd edir ki, Palata öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etməzdən əvvəl hazırkı ərizəni Von Hannover Almaniyaya qarşı (n. 40660/08 və 60641/08) işdəki ərizələrə birləşdirib (yuxarıda 3-cü bəndə baxın). Ancaq Böyük Palata həmin işlərdə təqdim olunan faktların və qaldırılan məsələlərin özünəməxsusluğunu nəzərə alaraq, 40660/08 və 60641/08 saylı ərizələri hazırkı ərizədən ayırmağı məqsədəuyğun hesab edir.

II. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

53. Ərizəçi şirkətin şikayəti X-nin həbsi və mühakimə olunması barədə yazı dərc etdiyinə görə ona qarşı tətbiq edilən qadağalarla bağlıdır. Ərizəçi şirkət Konvensiyanın aşağıdakı müvafiq müddəalarına istinad edib:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. …

2. Bu azadlıqların həyata keçirilməsi … iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün … və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”

A. Qəbuledilənliklə bağlı

54. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndində nəzərdə tutulan mənada açıq-aşkar əsassız deyil. Məhkəmə şikayətin qəbuledilməz hesab edilməsi üçün başqa heç bir əsasın olmadığını bildirir və şikayəti qəbuledilən hesab edir.

B. Mahiyyəti ilə bağlı

1. Tərəflərin arqumentləri

(a) Hökumət

55. Hökumət qəbul edir ki, mübahisə mövzusu olan məhkəmə qərarları ilə ərizəçi şirkətin ifadə azadlığı hüququna müdaxilə baş verib. Amma müdaxilə qanunvericiliklə nəzərdə tutulub və Məhkəmənin də qəbul etdiyi kimi legitim məqsədə, yəni özəl həyatı mühafizə etməyə xidmət edib (News Verlags GmbH & Co.KG Avstriyaya qarşı, № 31457/96, § 44, AİHK 2000 -I). Hazırkı işdə tərəflər arasında mübahisəli məsələ müdaxilənin mütənasib olub-olmaması, xüsusən də ərizəçi şirkətin ifadə azadlığı hüququ ilə X-in şəxsi həyatına hörmət hüququ arasında balansı müəyyən edərkən Məhkəmənin presedent hüququ ilə müəyyən edilmiş meyarlara əməl edilib-edilməməsidir. Bununla əlaqədar, aidiyyəti şəxsin roluna, nəşrin məqsədinə və mətbuata tətbiq edilən sanksiyaların ağırlığına xüsusi diqqət yetirilməlidir.

56. Hökumət milli məhkəmələrin gəldiyi qənaətə istinad edərək bildirir ki, nəzarətçi Y-dən fərqli olaraq, X ictimaiyyət arasında yaxşı tanınmayıb və buna görə də o, ictimai fiqur hesab edilə bilməz. İkinci məqalə ilə bağlı qərarında Regional Məhkəmə, üstəlik, X-i Şahzadə Ernst Avqust fon Hannoverdən fərqləndirib (yuxarıda 39-cu bəndə baxın). X-in şəxsiyyətinə ictimai marağın artması yalnız onun mətbuata verdiyi müsahibələr hesabına olmayıb. Hökumət bildirir ki, şəxsin ictimaiyyət arasında nə dərəcədə tanınmasının qiymətləndirilməsi vəzifəsi daxili məhkəmələrin işi olmalıdır. Xüsusilə digər mümkün həll variantlarının mövcud olduğu işlərdə Məhkəmə 47 Üzv Dövlətdə hər bir potensial ictimai fiqurla bağlı faktları və sosial konteksti ayrıca qiymətləndirə bilmir ki, bu da həmin yanaşmanın nə qədər doğru olduğunu göstərir.

57. Mediada gedən xəbərlərin mövzusuna gəlincə, Hökumət qəbul edir ki, mətbuat hüquq pozuntusu barədə, xüsusilə də cinayət prosesi ilə bağlı məlumat verərkən, geniş mənada “ictimai köpək” rolunu oynayır. Bu işdə sadəcə bir fərdin şəxsi həyatı ilə bağlı media tərəfindən paylaşılan məlumatlardan daha çox işin özünə ictimai maraq olub. Hazırki işdə X-in hansı cinayəti törətdiyi ictimaiyyətə maraqlı olmayıb, çünki onlar üçün X sadəcə bir təqsirləndirilən şəxs idi. Hazırkı işdə “Obuxova Rusiyaya qarşı” işdən (№ 34736/03, 8 yanvar 2009-cu il) fərqli olaraq mübahisə mövzusu ədliyyə sisteminin fəaliyyəti deyil, sadəcə az-çox tanınmış bir şəxs tərəfindən törədilmiş kiçik bir narkotik cinayəti olub.

58. Cinayətin ağırlığını qiymətləndirmək vəzifəsi yerli hakimiyyət orqanlarının mülahizə sərbəstliyi çərçivəsində olmalıdır. Hazırkı işdə yerli məhkəmələr cinayəti orta, hətta az ağır olaraq təsnifatlandırıblar. Hökumət qeyd edir ki, X-in gəlirini nəzərə alsaq, təyin edilən cərimənin məbləği nisbətən yüksək olub. Cinayət məhkəmələri tərəfindən təyin edilən məbləğ onun 90 günlük gəlirinə bərabər olub, buna görə də X-in törətdiyi əməl onun xasiyyətnaməsində (işəgötürənlər üçün nəzərdə tutulub) və ya onun cinayət arxivinə qeyd edilməyib.

59. Hökumət ilk məqalə dərc edilməmişdən öncə Münhen prokurorunun mətbuat konfransı keçirməsi və X-in həbsi ilə əlaqədar press-reliz dərc etməsi ilə bağlı ərizəçi şirkətin iddialarını da cavablandırıb (aşağıda 69-cu bəndə baxın).

60. Ərizəçi şirkətə qarşı tətbiq edilən cəzanın xarakterinə gəldikdə, Hökumət qeyd edir ki, ərizəçi şirkətin sadəcə olaraq sözügedən məqalələri dərc etməsinin qarşısı alınıb və az miqdarda çəkilmiş hüquqi xərclərin ödənilməsi barədə göstəriş verilib. Ərizəçi şirkət digər işlərdə həbs cəzasına məhkum edilmiş naşirlərdən fərqli olaraq, nə cinayət qanunu əsasında məhkum edilməyib, nə üzərinə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulmayıb, nə də jurnalist peşəsini davam etdirməsinə heç bir qadağa qoyulmayıb və ya qəzetin xüsusi buraxılışının bütün nüsxələri müsadirə edilməyib, yaxud vurulmuş zərərə görə külli miqdarda ödəniş tələb edən hər hansı bir qərarla üzləşməyib (Cumpǎnǎ və Mazǎre Rumıniyaya qarşı [BP], № 33348 /96, § 112, AİHK 2004-XI; Wirtschafts-Trend Zeitschriften-Verlags GmbH Avstriyaya qarşı, № 58547/00, § 41, 27 oktyabr 2005-ci il; və Flinkkilä və Digərləri Finlandiyaya qarşı, № 255, № 6/0. 89, 6 aprel 2010). Hökumət əlavə edir ki, Almaniya məhkəmələri X-in həbsi və mühakiməsi ilə bağlı bütün məlumatlara qadağa qoymayıb; problem ondadır ki, ərizəçi şirkət aktyorun həbsi zamanı və məhkəməyə qədər olan müddətdə onun anonimliyini qoruyub saxlamayıb.

61. Hökumət hazırkı işdə dövlətin istifadə etdiyi mülahizə sərbəstliyinə də toxunub. Mülahizə sərbəstliyi sözügedən fəaliyyətin xarakterindən və məhdudiyyətlərin tətbiq edilməsi ilə qarşıya qoyulan məqsəddən asılı olub. Məhkəmə özünün son presedent hüququnda, Konvensiyanın 8-ci maddəsi ilə bağlı işlərdə dövlətin geniş mülahizə sərbəstliyidən istifadə etməsinə imkan verib (Armonienė Litvaya qarşı, № 36919/02, § 38, 25 noyabr 2008-ci il və A. Norveçə qarşı, № 28070/06, § 66, 9 aprel 2009-cu il). Ümumiyyətlə, Ümumavropa konsensusunun olmadığı məsələlərdə dövlətlərin mülahizə sərbəstliyi geniş olur. Hökumət qeyd edir ki, Avropa məkanında mövcud olan hüquq sistemlərinin bir-birilə uzlaşdırılması tendensiyası müşahidə olunsa da, fikir ayrılıqları hələ də qalmaqdadır ki, bu da qeyri-müqavilə öhdəlikləri ilə bağlı kolliziyada olan hüquq normalarına dair Avropa İttifaqı reqlamentinin qəbul edilməsi ilə bağlı danışıqların uğursuz bitməsi ilə bir daha sübut olunub (Avropa İttifaqının 11 iyul 2007-ci il tarixli 864/2007 saylı Reqlamenti – II Roma Əsasnaməsi). Həmçinin, şəxsi maraqlar ilə ictimai maraqlar və ya Konvensiya hüquqları arasında balansı təmin edərkən yerli hakimiyyət orqanlarının mülahizə sərbəstliyi geniş olur (Evans Birləşmiş Krallıqa qarşı [BP], № 6339/05, § 77, AİHK 2007-I, və Dikson Birləşmiş Krallıqa qarşı [BP], № 44362/04, § 78 AİHK 2007-XIII). Avropa İttifaqının Ədalət Məhkəməsinin presedent hüququndan görünür ki, onlar da eyni yanaşmanı ortalığa qoyur (14 oktyabr 2004-cü il tarixli Omega işi, C-36/02 və 12 iyun 2003-cü il tarixli Şmidberqer işi, C-112/00).

62. Hökumət qeyd edir ki, hazırkı iş də daxil olmaqla müəyyən işlərdə yerli məhkəmələrdən iki və ya daha çox fərdin hüquq və mənafeləri arasında balansı qorumaq tələb olunur. Bu işlərin spesifikliyi ondan ibarətdir ki, bu işlərlə bağlı Məhkəmə önündə icraat yerli məhkəmələr önündəki icraatın davamıdır və prosesdəki tərəflərin hər ikisi potensial olaraq Məhkəməyə ərizə ilə müraciət edə bilər. Elə bu səbəbdəndir ki, toqquşan maraqlar arasında balansı qorumağın bir həll yolu yoxdur və yerli məhkəmələrin öz səlahiyyətləri daxilində qanuna uyğun şəkildə qərarlar qəbul etməsinə icazə verən fərqli “həll yolları” mövcud olmalıdır. Belə olmasaydı, Məhkəmə hər bir situasiya ilə bağlı ayrıca qərar qəbul etməli olardı ki, bu da onun vəzifəsi deyil.

63. Hökumət bildirir ki, yerli səviyyədə belə bir tendensiya az müşahidə olunur, çünki Federal Konstitusiya Məhkəməsi adi məhkəmələrə mülahizə sərbəstliyi verib və özünü adi məhkəmələrin yerinə qoyaraq toqquşan maraqlar arasında balansı müəyyən etmək rolunu öz üzərinə götürmür. Çox güman bu səbəbdəndir ki, Federal Konstitusiya Məhkəməsi hazırkı işdə çıxardığı qərarı əsaslandırmayıb. Əgər yerli səviyyədə Konstitusiya məhkəməsi aşağı məhkəmələrin qərarları üzərində öz konstitusion nəzarətinin əhatə dairəsini məhdudlaşdırırsa, o zaman vəzifəsi fərqli hüquq sistemlərinə malik 47 müxtəlif ölkənin məhkəmələrinin toqquşan maraqlar arasında balansı təmin edib-etmədiyini müəyyən etmək olan Avropa İnsan Hüquqları Məhkəməsi də eyni addımı atmalıdır.

64. Hökumətin fikrincə, Məhkəmə yalnız o halda müdaxilə edə bilər ki, yerli məhkəmələr balansı müəyyən edərkən müəyyən spesifik halları nəzərə almayıblar və ya gəldikləri nəticə açıq şəkildə qeyri-mütənasibdir (yuxarıda istinad edilən Cumpănă və Mazăre, §§ 111-120). Bu yanaşma Konvensiyanın 53-cü maddəsinə də uyğundur: dövlət və vətəndaş arasındakı münasibətlərdə, bir şəxs müəyyən azadlıq əldə edirsə, yalnız dövlət həmin sahədə müəyyən səlahiyyət itirir. Ancaq eyni şeyi iki vətəndaş arasında olan münasibətlərlə bağlı demək olmaz. İki vətəndaş arasındakı münasibətlərdə şəxslərdən birinin hüququna daha çox önəm verilməsi digərinin hüququ məhdudlaşdırır ki, bu da Konvensiyanın 53-cü maddəsi ilə ziddiyyət təşkil edir.

(b) Ərizəçi şirkət

65. Ərizəçi şirkət iddia edir ki, həmin dövrdə X xüsusilə gənc oğlanlar arasında son dərəcə populyar olan telekriminal serialda baş rolu oynayan tanınmış bir aktyor olub; üstəlik X 2002-ci ildə ikinci ən populyar aktyor seçilib. Buna görə də o, Məhkəmənin qərar verdiyi digər işlərdən fərqli olaraq medianın diqqətini cəlb etməyən adi bir şəxs olmayıb (baxın, inter alia, Sciacca İtaliyaya qarşı, № 50774/99, AİHK 2005-I; Toma Rumıniyaya qarşı, № 42716/02, 24 fevral 2009-cu il və Egeland və Hanseid Norveçə qarşı, № 34438/04, 16 aprel 2009-cu il).

66. Ərizəçi şirkətin fikrincə, cinayət əməli öz təbiətinə görə heç vaxt sırf şəxsi məsələ ola bilməz. Həmçinin, hazırkı işdə X təkrar cinayət törədib, çünki o, artıq 2000-ci ilin iyulunda beş aylıq şərti həbs cəzasına məhkum edilib və narkotik vasitələrin saxlanmasına görə 5,000 avro cərimələnib.

67. Hazırkı işdə ictimaiyyətin məlumat əldə etmək marağı X-in şəxsi həyatına hörmət etmək hüququndan üstün olub. X öz təşəbbüsü ilə ictimaiyyətin diqqətini cəlb edib, yüksək profilinə uyğun olaraq müəyyən nüfuza malik olub, ictimai yerlərdə fotolarının çəkilməsinə həvəslə icazə verib və şəxsi həyatının aspektləri, o cümlədən narkotik istifadəsi ilə bağlı mətbuata müsahibələr verib. Nümunəyə çevrilən və ictimai sferada özünə yer edən bir şəxs kimi X xüsusən də cinayət törətdiyi təqdirdə ictimaiyyətin diqqətini cəlb edəcəyini bilməli idi. Ərizəçi şirkət əlavə edir ki, mediadan özünü reklam etmək üçün istifadə edən hər kəs eyni zamanda öz davranışı ilə bağlı mediada həqiqətə uyğun məlumat gedəcəyini təxmin etməlidir. Xüsusilə X-in işində bu özünü daha qabarıq göstərir, çünki narkotik saxlamaqla bağlı ilk məhkumluğundan sonra o, narkotik qəbulundan imtina etdiyini iddia etmişdi. Bunu etməklə, o şəxsi həyatın toxunulmazlığı hüququndan imtina edib.

68. Ərizəçi şirkət daha sonra qeyd edir ki, sözügedən məqalələrdə göstərilən faktların həqiqiliyi mübahisə mövzusu deyil (baxın, bunun əksi, Pedersen və Baadsgaard Danimarkaya qarşı [BP], № 49017/99, AİHK 2004-XI). Üstəlik dərc edilmiş məlumatın ibtidai istintaqın və ya məhkəmə araşdırmasının aparılmasına heç bir mənfi təsiri olmayıb (baxın, bunun əksi, Turanşo və İyul Fransaya qarşı, № 53886/00, 24 noyabr 2005-ci il); dərc edilən məqalələr təkcə X-in şəxsi həyatı ilə bağlı deyil, həm də cinayət hüququ və narkotikdən istifadənin nəticələri ilə bağlı ciddi faktual məlumatları özündə əks etdirib. Beləliklə, hazırkı iş Von Hannover işindən (yuxarıda istinad edilən) fərqlidir, xüsusən də X-dən fərqli olaraq, həmin işdə ərizəçi həmişə şəxsi həyatını gizli tutmağa çalışıb.

69. Ərizəçi şirkət bir daha qeyd edir ki, onlar X-in həbsi ilə bağlı yalnız prokurorluq orqanları faktları və həbs edilmiş şəxsin kimliyini açıqladıqdan sonra məlumat dərc edib. Ərizəçi şirkət məhkəmə iclası zamanı öz açıqlamalarında, xüsusən də hakimlərin suallarına cavab olaraq bildirir ki, onlar məqalələri dərc etməzdən əvvəl Münhen prokurorluğu televiziya kameraları önündə mətbuat konfransı keçirib və hadisə haqqında təfərrüatlı məlumat verib. Prokurorluq həmçinin mövzu ilə bağlı geniş press-reliz dərc edib. Yəni ərizəçi şirkət artıq ictimaiyyətə açıqlanmış məlumatları yayıb. Jurnalistlərin belə məlumatları dərc edə bilməməsi onları demotivasiya edərdi. Belə olduqda mətbuat konfransında iştirak etmək tamamilə mənasız bir şeyə çevrilərdi.

70. Sonda ərizəçi şirkət bildirir ki, mətbuatı yalnız siyasi xadimlər haqqında məlumat verməklə məhdudlaşdırmaq olmaz. Tanınmış şəxslər medianın diqqətini cəlb etməklə özləri haqqında müəyyən imic formalaşdırırlar, əgər bu imic artıq reallığa uyğun gəlmirsə, mediaya onların əsl simasını göstərmək imkanı verilməlidir. Bu o demək deyil ki, ifadə azadlığı şəxsi həyata hörmət hüququndan üstündür. Bununla belə, bir şəxsin məşhurluğu regional səviyyə ilə məhdudlaşmırsa və həmin şəxs öz istəyi ilə özünü populyarladırmaqla məşğuldursa, belə olduqda ifadə azadlığının şəxsi həyata hörmət hüquq üzərində üstünlüyü tanınmalıdır.

2. Üçüncü tərəflərin təqdimatı

(a) Media Hüquqşünasları Assosiasiyası

71. Prosesə üçüncü tərəf kimi qoşulan Media Hüquqşünasları Assosiasiyası reputasiya hüququnun Konvensiya ilə təminat altına alınmadığını bildirir. Bir şəxs haqqında diffamativ xarakterli məqalənin dərc edilməsi özlüyündə 8-ci maddədə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə müdaxilə demək deyil. Konvensiyanın 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqlar balanslaşdırılarkən medianın ictimai maraq kəsb edən bütün məsələlər haqqında xəbər vermək, xüsusilə də məhkəmə prosesləri haqqında ictimaiyyəti məlumatlandırmaq hüququ geniş və güclü şəkildə təminat altına alınmalıdır. Assosiasiya qeyd edir ki, şəxsin adının və ya onu identifikasiya edən digər məlumatların məqaləyə daxil edilməsi medianın ictimaiyyəti məlumatlandırmaq vəzifəsinin yerinə yetirilməsində mühüm rol oynayıb.

72. Birləşmiş Krallıq Ali Məhkəməsinin qərarına əsasən, məhkəmə prosesləri haqqında məlumat verilərkən tərəflərin adlarının çəkilməməsi xəbəri ölü bir yazıya çevirəcək, oxucuların marağını azaldacaq və redaktorlar həmin xəbərə daha az önəm verəcəklər. Media Hüquqşünasları Assosiasiyası həmçinin medianın paylaşacağı məzmunla bağlı geniş diskresiyon səlahiyyətinin olmasının və medianın da mühüm töhfə verdiyi açıq ədalət prinsipinin mühafizə olunmasının vacibliyini vurğulayaraq əlavə edir ki, təqsirləndirilən şəxsin və ya şahidin anonimliyin təmin edilməsi kimi zəruri hallar istisna olmaqla, bu prinsipə müdaxilə edilməməlidir. Qeyd edilən hallar istisna olmaqla, medianın məhkəmə prosesləri haqqında reportajlar, o cümlədən fotoşəkillər dərc etmək hüququna heç bir məhdudiyyət qoyulmamalıdır.

(b) Media Hüquq Müdafiə Təşəbbüsü, Beynəlxalq Mətbuat İnstitutu və Dünya Qəzetlər və Xəbər Naşirləri Assosiasiyasının birgə təqdimatı

73. Üç assosiasiya üçüncü tərəf kimi ortaq təqdimatla çıxış edərək bildirirlər ki, Razılığa gələn Dövlətlərdə 8-ci maddədə nəzərdə tutulan hüquqların 10-cu maddədə nəzərdə tutulan hüquqlarla balanslaşdırılması ilə bağlı Məhkəmə tərəfindən ifadə olunan prinsip və standartların yerli məhkəmələr tərəfindən tətbiq edilməsi istiqamətində diqqətəçarpan bir tendensiya müşahidə olunur, baxmayaraq ki konkret bir məsələ ilə bağlı fərdi yanaşma bir dövlətdən digərinə dəyişə bilir. Qeyd edilən assosiasiyalar Konvensiyanın 53-cü maddəsinin tələbinə uyğun olaraq, Məhkəməni Razılığa gələn Dövlətlərə geniş mülahizə sərbəstliyi verməyə çağırırlar. Onlar Məhkəmənin Şassaqnu və başqaları Fransaya qarşı ([BP], № 25088/94, 28331/95 və 28443/95, § 113, AİHK 1999-III) işi üzrə qərarına istinad edərək bildirirlər ki, Məhkəmə maraqlar toqquşması halında Razılığa gələn Dövlətlərin geniş mülahizə sərbəstliyinə razılıq verib.

74. Oxşar şəkildə Məhkəmə özəl sferada tərəflər arasında və ya demokratik cəmiyyətdə fikirlərin ağlabatan şəkildə əhəmiyyətli dərəcədə fərqlənə biləcəyi digər sahələr arasındakı münasibətlərdə pozitiv öhdəliklərin icrası ilə bağlı Razılığa gələn Dövlətlərə daha geniş mülahizə sərbəstliyi verib (Fretté Fransaya qarşı, № 36515/97, § 41, AİHK 2002-I). Məhkəmə artıq Konvensiyanın 8 və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqların balanslaşdırılması ilə bağlı bir işdə Razılığa gələn Dövlətlərə geniş mülahizə sərbəstliyi verib (yuxarıda istinad edilən A. Norveçə qarşı, § 66). Məhkəmənin rolu məhz Razılığa gələn Dövlətlərin ədalətli balansın müəyyən edilməsi üçün bir mexanizm formalaşdırıb-formalaşdırmadığını və belə bir balansın yaradılmasında yerli məhkəmələr tərəfindən nəzərə alınan xüsusi faktorların Konvensiyaya və onun presedent hüququna uyğun gəlib-gəlmədiyini təsbit etməkdən ibarətdir. Məhkəmə yalnız o halda müdaxilə etməlidir ki, yerli məhkəmələr işlə əlaqəsi olmayan dəlilləri əhəmiyyətli olaraq qəbul edir və ya yerli məhkəmələrin gəldiyi nəticələr açıq-aydın özbaşınadır, yaxud da məxfiliyi və ya reputasiya maraqlarını birmənalı şəkildə rədd edir. Əks halda, Məhkəmə belə işlərlə bağlı apellyasiya məhkəməsinə çevrilmək riski daşıyardı.

3. Məhkəmənin qiymətləndirməsi

75. Tərəflər qəbul edirlər ki, hazırkı işdə çıxarılan məhkəmə qərarları ərizəçi şirkətin Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna müdaxilədir.

76. Belə müdaxilə yalnız 10-cu maddənin 2-ci bəndinin tələblərinə cavab vermədiyi hallarda Konvensiyaya zidd hesab edilir. Buna görə də Məhkəmənin müəyyən edəcəyi məsələlər müdaxilənin “qanunla nəzərdə tutulmuş” olub-olmaması, 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan legitim məqsədlərdən birinə və ya bir neçəsinə xidmət edib-etməməsi və həmin legitim məqsəd və ya məqsədlərin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasıdır.

77. Hər iki tərəf razılaşır ki, müdaxilə şəxsiyyət hüquqlarının müdafiəsi hüququ nəzərə alınmaqla Mülki Məcəllənin 823-cü maddəsinin 1-ci bəndi və 1004-cü maddəsinin 1-ci bəndində (yuxarıda 18-ci və 47-ci bəndlərə baxın) nəzərdə tutulub. Tərəflər həmçinin qəbul edirlər ki, müdaxilə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq legitim məqsəd, yəni başqalarının reputasiyası və ya hüquqlarının müdafiəsi məqsədi daşıyıb ki, bu da Məhkəmənin presedent hüququna uyğun olaraq (Chauvy və başqaları Fransaya qarşı, № 64915/01, § 70, AİHM 2004-VI və Pfeifer Avstriyaya qarşı, № 12556/03, § 35, 15 noyabr 2007) 8-ci maddədə nəzərdə tutulan şəxsi həyata hörmət hüququ ilə əhatə olunur. Tərəflər arasında fikir ayrılığı müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması ilə bağlıdır.

(a) Ümumi prinsiplər

(i) İfadə azadlığı

78. İfadə azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla, onun inkişafı və hər bir fərdin öz hədəflərinə çatmasının əsas şərtlərindən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər diqqətə alınmaqla, ifadə azadlığı yalnız müsbət qarşılanan və ya zərərsiz hesab edilən, yaxud da əhəmiyyətsiz hesab edilən “məlumat” və ya “ideyalara” deyil, həm də onları incidən, şoka salan və ya narahat edən “məlumat” və “ideyalara” da şamil edilir. Bunlar plüralizm, tolerantlıq və geniş fikirliliyin tələbləridir ki, bunlar olmadan “demokratik cəmiyyət” ola bilməz. 10-cu maddədə göstərildiyi kimi, ifadə azadlığına istisnalar nəzərdə tutulur, lakin istisnalar tətbiq edilərkən onların ciddi şəkildə izahı verilməli və məhdudiyyətlərin hansı zərurətdən doğduğu inandırıcı şəkildə göstərilməlidir (baxın, digər səlahiyyətli orqanlar arasında Handyside Birləşmiş Krallıqa qarşı, 7 dekabr 1976, § 49, A seriyası № 24; Editions Plon Fransaya qarşı, № 58148/00, § 42, AİHK 2004-IV; və Lindon, Otchakovsky-Laurens və İyul Fransaya qarşı [BP], № 21279/ 02 və 36448/02, § 45, AİHK 2007-IV).

79. Məhkəmə həmçinin mətbuatın demokratik cəmiyyətdə oynadığı mühüm rolu dəfələrlə vurğulayıb. Baxmayaraq ki, media, xüsusilə şəxslərinin reputasiyası və digərlərinin hüquqları ilə bağlı müəyyən sərhədləri aşmamalıdır, bununla belə onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlərlə bağlı öz vəzifə və öhdəliklərinə uyğun şəkildə məlumat və ideyalar yaymaqdır. Yalnız mətbuatın məlumat və ideyaları yaymaq vəzifəsi yoxdur; həm də ictimaiyyətin bu barədə məlumat almaq hüququ var. Əks təqdirdə, mətbuat özünün “ictimai köpək” rolunu oynaya bilməz (baxın: Bladet Tromsö və Stensaas Norveçə qarşı [BP], № 21980/93, §§ 59 və 62, AİHK 1999-III və yuxarıda istinad edilən Pedersen və Baadsqaard, § 71).

80. Bu vəzifə yuxarıda göstərilən sərhədləri aşmamaq şərtilə, məhkəmə prosesləri barədə məlumat dərc edilməsinə və şərh verilməsinə də şamil edilir ki, bu yolla media məhkəmə iclaslarının açıq keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun olaraq məhkəmə prosesinin ictimailəşməsinə töhvə verir. Məhkəmədə baxılan mövzu ilə məhkəmədəm öncə və ya məhkəmə prosesi ilə eyni vaxtda ixtisaslaşdırılmış jurnallarda, ümumi mediada, daha geniş götürsək ictimaiyyət arasında müzakirələrin olmayacağı bir situasiyanı təsəvvür etmək belə mümkün deyil. Yuxarıda qeyd edildiyi ki, medianın məlumat və ideyaları yaymaq vəzifəsi ilə yanaşı ictimaiyyətin də onları qəbul etmək hüququ var. (baxın: News Verlags GmbH & Co. KG Avstriyaya qarşı, № 31457/96, § 56, AİHK 2000-I; Dupuis və başqaları Fransaya qarşı, № 1914/02, § 35 , AİHK 2007-VII və Campos Dâmaso Portuqaliyaya qarşı, № 17107/05, § 31, 24 aprel 2008-ci il).

81. Jurnalist azadlığı müəyyən dərəcədə şişirtmə, hətta provokasiyadan istifadəni də əhatə edir (baxın: yuxarıda istinad edilən Pedersen və Baadsqaard, § 71). Bundan əlavə, konkret bir işdə xəbərin təqdim edilməsi üsulları ilə bağlı medianın fikirlərini kənara qoyub öz fikrini irəli sürmək yerli məhkəmələr kimi, Məhkəmənin də işi deyil (baxın: Jersild Danimarkaya qarşı, 23 Sentyabr 1994, § 31, A seriyası № 298 və Eerikäinen və başqaları Finlandiyaya qarşı, № 3514/02, § 65, 10 fevral 2009-cu il).

(ii) İfadə azadlığına məhdudiyyətlər

82. Bununla belə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində deyilir ki, ifadə azadlığı özü ilə birlikdə “vəzifə və məsuliyyətlər” də daşıyır ki, bu mediyaya da şamil edilir və media hətta ciddi ictimai narahatlıq doğuran məsələləri işıqlandırsa belə, bu “vəzifə və məsuliyyətlərə” əməl etməlidir. Bir şəxsin reputasiyasına zədələnməsi və “başqalarının hüquqlarının” pozulması hallarında bu vəzifə və öhdəliklərin önəmi artır. Beləliklə, medianın işıqlandırdığı faktual məlumatların fərdlərə qarşı diffamativ xarakterli olub-olmadığını yoxlamaq öhdəliyindən azad edilməsi üçün xüsusi əsaslar mövcud olmalıdır. Belə əsasların mövcud olub-olmaması xüsusilə sözügedən diffamasiyanın xüsusiyyətindən və dərəcəsindən və medianın iddialarla bağlı öz mənbələrinə ağlabatan həddə nə qədər etibar edə bilməsindən asılıdır (baxın: Pedersen və Baadsqaard, yuxarıda istinad edilən, § 78 və Tønsbergs Blad A.S. və Haukom Norveçə qarşı, № 510/04, § 89, AİHK 2007-III).

83. Məhkəmə bir daha vurğulayır ki, reputasiyanın müdafiəsi hüququ Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan şəxsi həyata hörmət hüququnun bir hissəsidir (baxın: yuxarıda istinad edilən Chauvy və başqaları, § 70; yuxarıda istinad edilən Pfaifer, §. 35 və Polanco Torres və Movilla Polanco İspaniyaya qarşı, № 34147/06, § 40, 21 sentyabr 2010-cu il). “Şəxsi həyat” anlayışı insanın fiziki və psixoloji toxunulmazlığını əhatə edən və buna görə də gender identifikasiyası və cinsi oriyentasiya, ad və şəxsin öz imicinə olan hüquqları ilə əlaqəli elementlər də daxil olmalqa şəxsin kimliyinin çoxsaylı aspektlərini əhatə edə bilən konkret tərifi olmayan geniş bir termindir. (baxın: S. və Marper Birləşmiş Krallıqa qarşı [BP], № 30562/04 və 30566/04, § 66, AİHK 2008-…). Bu termin fərdlərin haqlı olaraq onların razılığı olmadan dərc olunmayacağı ilə bağlı gözləntilərinin olduğu şəxsi məlumatları da əhatə edir (baxın: yuxarıda istinad edilən Flinkkilä və başqaları, § 75 və Saaristo və Digərləri Finlandiyaya qarşı, № 184/06, § 61, 12 oktyabr 2010-cu il). Bununla belə, 8-ci maddənin tətbiq edilə bilməsi üçün şəxsin reputasiyasına edilən qəsd müəyyən ciddilik dərəcəsinə çatmalı və şəxsi həyata hörmət hüququndan istifadəyə xələl gətirən tərzdə olmalıdır (baxın: yuxarıda istinad edilən A. Norveçə qarşı, § 64). Bundan başqa, Məhkəmə qeyd edir ki, bir şəxs öz əməlinin məsələn, törətdiyi cinayətin məntiqi nəticəsi olaraq öz nüfuzunu itiribsə, 8-ci maddəyə istinad edərək itirilmiş nüfuzunun bərpası üçün şikayət verə bilməz (baxın: Sidabras və Džiautas v. Litva, № 55480/00 və 59330/00, § 49, AİHK 2004-VIII).

84. “Başqalarının reputasiyasının və ya hüquqlarının müdafiəsi” məqsədilə demokratik cəmiyyətdə müdaxilənin zəruriliyi araşdırılarkən, Konvensiya ilə təmin edilmiş, müəyyən hallarda bir-biri ilə toqquşan iki dəyəri, yəni bir tərəfdən 10-cu maddə ilə təminat altına alınan ifadə azadlığı, digər tərəfdən 8-ci maddədə təsbit edilmiş şəxsi həyata hörmət hüququnu mühafizə edərkən, Məhkəmədən yerli səlahiyyətli orqanların ədalətli balansa riayət edib-etmədiyini yoxlamaq tələb edilə bilər. (baxın: Hachette Filipacchi Associés v. Fransa, № 71111/01, § 43, 14 iyun 2007-ci il və MGN Limited Birləşmiş Krallıqa qarşı, № 39401/04, § 142, 18 yanvar 2011-ci il)

(iii) Mülahizə sərbəstliyi

85. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 10-cu maddəsinə əsasən, Razılığa gələn Dövlətlər bu müddəa ilə təmin edilən ifadə azadlığına müdaxilənin zəruri olub-olmadığını və zəruridirsə, nə dərəcədə zəruri olduğunu qiymətləndirmək üçün müəyyən mülahizə sərbəstliyindən istifadə edirlər (baxın: Tammer Estoniyaya qarşı, № 41205/98, § 60, AİHK 2001-I və yuxarıda istinad edilən Pedersen və Baadsqaard, § 68).

86. Ancaq qanunvericilik və onun tətbiqi, hətta müstəqil məhkəmə tərəfindən verilən qərarlar da daxil olmaqla, mülahizə sərbəstliyi üzərində Avropa Məhkəməsinin nəzarəti mövcuddur (baxın: Karhuvaara və İltalehti Finlandiyaya qarşı, № 53678/00, § 38, AİHK 2004- X, və yuxarıda istinad edilən Flinkkilä və başqaları, § 70). Nəzarət funksiyasını həyata keçirərkən, Məhkəmənin vəzifəsi yerli məhkəmələri əvəz etmək deyil, əksinə, işin spesifik hallarını diqqətə alaraq onların öz diskresiyon səlahiyyətləri daxilində qəbul etdikləri qərarların Konvensiyaya uyğun olub-olmadığını yoxlamaqdır. (baxın: Petrenco Moldovaya qarşı, № 20928/05, § 54, 30 mart 2010-cu il; Polanco Torres və Movilla Polanco, yuxarıda istinad edilən, § 41; və Petrov Bolqarıstana qarşı (dek.), № 27103/04, 2 noyabr 2010-cu il).

87. Hazırkı iş və ona bənzər işlərdə Məhkəmə belə hesab edir ki, onun gələcəyi qənaət ərizənin Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq mübahisəli məqaləni dərc etmiş media orqanı tərəfindən və ya Konvensiyanın 8-ci maddəsinə istinad edərək həmin məqalənin ünvanlandığı şəxs tərəfindən Məhkəməyə təqdim edilməsinin prinsipcə heç bir fərqi yoxdur. Həqiqətən də, hər iki hüquq mahiyyətcə eyni dərəcədə hörmətə layiqdir (baxın: Hachette Filipacchi Associés (ICI PARIS) Fransaya qarşı, № 12268/03, § 41, 23 iyul 2009-cu il; Timciuc Rumıniyaya qarşı (dek.), № 28999 /03, § 144, 12 oktyabr 2010-cu il; və Mosley Birləşmiş Krallıqa qarşı, № 48009/08, § 111, 10 may 2011-ci il; həmçinin Parlament Assambleyasının Qərarının 11-ci bəndinə – yuxarıda 51-ci bəndə baxın). Qeyd edilən səbəblərdən, hər iki işdə mülahizə sərbəstliyi eyni səviyyədə olmalıdır.

88. Bu iki hüquq arasında balansın yaradılması Məhkəmənin presedent hüququnda müəyyən edilmiş meyarlara uyğun olaraq yerli orqanlar tərəfindən həyata keçirildiyi hallarda, Məhkəmə yerli məhkəmələrin rəyini öz rəyi ilə əvəz etməsi üçün ciddi səbəblər göstərməlidir (baxın: yuxarıda adl çəkilən MGN Limited, §§ 150 və 155, və Palomo Sançes və Digərləri İspaniyaya qarşı [BP], № 28955/06, 28957/06, 28959/06 və 28964/06, § 57, 12 sentyabr 2011-ci il).

(iv) Balanslaşdırma zamanı tətbiq edilən meyarlar

89. İfadə azadlığı ilə şəxsi həyata hörmət hüququ balanslaşdırılarkən, Məhkəmənin presedent hüququ əsasında formalaşmış, hazırkı işə də tətbiq edilə bilən aşağıdakı meyarlar nəzərə alınır:

(α) İctimai maraqların müzakirəsinə verilən töhfə

90. İlkin vacib meyar mediada dərc olunan fotoşəkillərin və ya məqalələrin ictimai maraq doğuran müzakirələrə verdiyi töhfədir (baxın: yuxarıda istinad edilən Von Hannover, § 60; Leempoel & S.A. ED. Ciné Revue Belçikaya qarşı, № 64772/01, § 68, 9 noyabr 2006-cı il və Standard Verlags GmbH Avstriyaya qarşı (№ 2), № 21277/05 § 46, 4 iyun 2009-cu il). İctimai maraq doğuran mövzunun nə ola biləcəyi işin hallarından asılıdır. Ancaq Məhkəmə onu da qeyd etməyi faydalı hesab edir ki, ictimai marağın olması üçün nəşrin yalnız siyasi məsələlərlə və ya cinayətlərlə bağlı olması vacib deyil (baxın: White İsveçə qarşı, № 42435/02, § 29, 19 sentyabr 2006; yuxarıda istinad edilən Egeland və Hanseid, § 58 və yuxarıda istinad edilən Leempoel & S.A. ED. Ciné Revue, § 72), nəşr idmanla və ya aktiv sənət adamları ilə bağlı olduqda da ictimai maraq yarana bilər (baxın: Nikowitz və Verlagsgruppe News GmbH Avstriyaya qarşı, № 5266/ 03, § 25, 22 fevral 2007; Colaço Mestre və SIC – Sociedade Independente de Comunicação, S.A. Portuqaliyaya qarşı, № 11182/03 və 11319/03, § 28, 26 aprel 2007-ci il və Sapan Türkiyəyə qarşı № 44102/04, § 34, 8 iyun 2010-cu il). Amma Respublika prezidentinin ailəsində yaşadığı çətinliklərlə bağlı yayılan şayiələr və ya məşhur bir müğənninin maddi çətinliklərinin olması ümumi maraq doğuran məsələlər hesab edilmir (baxın: yuxarıda istinad edilən Standard Verlags GmbH, § 52 və yuxarıda istinad edilən Hachette Filipacchi Associés (ICI PARIS), § 43).
(β) Aidiyyatı şəxs nə qədər məşhurdur və dərc edilən xəbərin mövzusu nədir?

91. Əvvəlki meyarla əlaqəli digər mühüm meyar aidiyyatı şəxsin rolu və ya funksiyası və həmin şəxsin dərc edilmiş xəbərin və/və ya fotoşəkilin mövzusuna çevrilmiş fəaliyyət sahəsidir. Bu mənada adi şəxslərlə ictimai rol alan siyasi və ya ictimai xadim kimi fəaliyyət göstərən şəxslər arasında fərq qoyulmalıdır. Bu səbəbdən ictimaiyyət arasında tanınmayan adi şəxs şəxsi həyatına hörmət hüququnun xüsusi şəkildə mühafizəsini tələb edə bilər, ancaq eyni şeyi ictimai xadimlərə aid etmək olmaz (baxın: Minelli İsveçrəyə qarşı (dek.), № 14991/02, 14 iyun, 2005-ci il və yuxarıda istinad edilən Petrenco, § 55). Demokratik cəmiyyətdə müzakirəyə töhfə verə biləcək mövzularla, məsələn, siyasətçilərin öz vəzifələrini icra edərkən etdikləri hərəkətlərlə bağlı dərc edilmiş faktlarla, belə bir vəzifə yerinə yetirməyən şəxsin şəxsi həyatı ilə bağlı dərc edilən xəbərlər arasında əsaslı fərq qoyulmalıdır. (yuxarıda istinad edilən Von Hannover, § 63 və yuxarıda istinad edilən Standard Verlags GmbH, § 47). Birinci halda media ictimai maraq doğuran məsələlərlə bağlı məlumat və ideyalar ötürməklə demokratik cəmiyyətdə “ictimai köpək” rolunu həyata keçirir, ancaq ikinci halda onun belə bir rolu elə də zəruri deyil. Oxşar şəkildə, müəyyən spesifik hallarda ictimaiyyətin məlumat almaq hüququ hətta ictimai xadimlərin, xüsusilə siyasətçilərin şəxsi həyatının müəyyən aspektlərini əhatə edə bilər, ancaq dərc edilmiş fotoşəkillər və onlara yazılan şərhlər sərhəd gözlmədən şəxsin şəxsi həyatının təfərrüatları ilə bağlıdırsa və yalnız xüsusi bir oxucu kütləsinin marağını təmin etmək məqsədi daşıyırsa, eyni yanaşma tətbiq edilməyəcək (baxın: yuxarıda istinad edilən Von Hannover, § 65, orada göstərilən istinadlarla, və yuxarıda istinad edilən Standard Verlags GmbH, § 53; həmçinin Parlament Assambleyasının Qətnaməsinin 8-ci bəndinə baxın – yuxarıda 51-ci bənd). Sonuncu halda ifadə azadlığı daha dar çərçivədə şərh edilir (baxın: yuxarıda istinad edilən Von Hannover, § 66; yuxarıda istinad edilən Hachette Filipacchi Associés (ICI PARIS), § 40; və yuxarıda istinad edilən MGN Limited, § 143).

(γ) Aidiyyatı şəxsin əvvəlki davranışı

92. Xəbərin dərcindən əvvəl aidiyyəti şəxsin davranışı, yaxud fotoşəkilin və məlumatın daha öncəki bir xəbərdə dərc edilməsi nəzərə alınmalı olan amillərdəndir (yuxarıda istinad edilən Hachette Filipacchi Associés (ICI PARIS), §§ 52 və 53 və yuxarıda istinad edilən Sapan, § 34). Bununla belə, maraqlı tərəfin əvvəllər media ilə əməkdaşlıq etməsi onu sözügedən xəbərin və ya fotoşəkilin dərc edilməsinə qarşı müdafiədən tamamilə məhrum etmək üçün dəlil kimi istifadə oluna bilməz (baxın: yuxarıda istinad edilən, Egeland və Hanseid, § 62).

(δ) İnformasiyanın əldə edilməsi üsulu və doğruluğu

93. Məlumatın əldə olunma üsulu və doğruluğu da mühüm amillərdən hesab edilir. Məhkəmə qeyd edir ki, 10-cu maddə ictimai maraq doğuran məsələlər barədə məlumat verən jurnalistləri qoruyur, bir şərtlə ki, onlar vicdanla və dəqiq faktlara əsaslanaraq fəaliyyət göstərəcəklər və jurnalistika etikasına uyğun olaraq “etibarlı və dəqiq” məlumat yayacaqlar (baxın: məsələn, Fressoz və Roire Fransaya qarşı [BP], № 29183/95, § 54, AİHK 1999-I; yuxarıda istinad edilən Pedersen və Baadsqaard, § 78; və Stoll İsveçrəyə qarşı [BP], № 69698/01, § 103, AİHK 2007-V).

(ε) Nəşrin məzmunu, forması və doğurduğu nəticələr

94. Fotonun və ya xəbərin dərc olunma üsulu və maraqlı şəxsin foto və ya xəbərdə təqdim olunma tərzi də nəzərə alınması önəmli olan faktorlardan hesab edilə bilər (baxın: Wirtschafts-Trend Zeitschriften-Verlagsgesellschaft m.b.H. Avstriyaya qarşı (№ 3), № 66298/01 və 15653/02, § 47, 13 dekabr 2005-ci il; Reklos və Davourlis Yunanıstana qarşı, № 1234/05, § 42, 15 yanvar 2009-cu il və Jokitaipale və başqaları Finlandiyaya qarşı, №94/435 , § 68, 6 aprel 2010-cu il). Qəzetin milli və ya yerli olmasından, böyük və ya məhdud tirajlı olmasından asılı olaraq xəbərin və fotoşəkilin nə dərəcədə yayılması da mühüm faktor sayıla bilər (baxın: yuxarıda istinad edilən Karhuvaara və İltalehti, § 47, və Qurgenidze Gürcüstana qarşı, № 71678/01, § 55, 17 oktyabr 2006-cı il).

(ζ) Tətbiq edilən sanksiyanın ağırlığı

95. Nəhayət, ifadə azadlığının həyata keçirilməsinə müdaxilənin mütənasibliyi qiymətləndirilərkən, tətbiq edilən sanksiyaların xarakteri və ağırlığı da nəzərə alınmalı olan faktorlardır (baxın: yuxarıda istinad edilən Pedersen və Baadsqaard, § 93 və yuxarıda istinad edilən Jokitaipale və başqaları, § 77).

(b) Qeyd edilən prinsiplərin hazırkı işə tətbiqi

(i) İctimai maraqların müzakirəsinə verilən töhfə

96. Məhkəmə qeyd edir ki, sözügedən məqalələr aktyor X-in həbsi və məhkum edilməsi ilə, yəni müəyyən qədər ictimai maraq doğura biləcək açıq məhkəmə prosesi nəticəsində təsbit edilmiş faktlarla bağlıdır. İctimaiyyətin marağı prinsipcə təqsirsizlik prezumpsiyasına ciddi riayət edilməsi şərtilə cinayət prosesi haqqında məlumat əldə etməkdən və bu barədə məlumatlandırılmaqdan ibarətdir (baxın: yuxarıda istinad edilən News Verlags GmbH & Co. KG, § 56; yuxarıda istinad edilən Dupuis və Digərləri, § 37; və yuxarıda istinad edilən Campos Damaso, § 32; həmçinin Nazirlər Komitəsinin Rec(2003)13 saylı Tövsiyəsin və xüsusən ona əlavə edilmiş 1 və 2 saylı prinsiplər – yuxarıda 50-ci bənd). Bununla belə, ictimai marağın miqyası həbs edilmə anından başlamaqla məhkəmə prosesinin gedişində dəyişə bilər ki, bu da bir sıra müxtəlif amillərdən, məsələn, aidiyyəti şəxsin hansı səviyyədə tanınması, işin halları və proses müddətində baş verən digər dəyişiklərdən asılıdır.

(ii) Şəxs nə qədər tanınmış olub və dərc edilən xəbərin mövzusu nə olub?

97. Məhkəmə qeyd edir ki, X-in nə dərəcədə tanındığını qiymətləndirərkən, yerli məhkəmələr əhəmiyyətli dərəcədə bir-birindən fərqli nəticələrə gəliblər. Regional Məhkəmənin fikrincə, X ictimaiyyətin diqqət mərkəzində olan bir şəxs olmayıb və tanınmış şəxs olmasına və tez-tez ekranlarda görünməsinə baxmayaraq, şəxsiyyət hüquqlarının müdafiəsi hüququndan imtina etmiş sayılacaq həddə ictimaiyyətin diqqətini özünə cəlb etməyib (yuxarıda 23-cü bəndə baxın). Ancaq Apellyasiya Məhkəməsi bu nəticəyə gəlir ki, X tanınmış və çox populyar bir şəxsdir və uzun müddət ərzində polis nəzarətçisi rolunu oynayıb, amma o, özü nümunə kimi göstəriləcək bir hüquq-mühafizə orqanı əməkdaşı deyil. Bu da onun real həyatda oynadığı obraza bənzəyib-bənzəmədiyi ilə bağlı suala ictimai marağın olması arqumentinə haqq qazandırmır (yuxarıda 33 və 34-cü bəndlərə baxın).

98. Məhkəmə hesab edir ki, prisipcə bir şəxsin nə dərəcədə tanındığını, xüsusən yerli səviyyədə əsasən harada tanındığını müəyyən etmək ilk növbədə yerli məhkəmələrin işidir. Məhkəmə əlavə edir ki, həmin vaxt X çox məşhur detektiv serialında baş qəhrəman olan nəzarətçi Y obrazını canlandırıb. Aktyorun populyarlığı əsasən həmin televiziya serialı ilə bağlı olub. İlk məqalə dərc ediləndə həmin serialın artıq 103 epizodu yayımlanmışdı ki, sonuncu 54 epizodda X nəzarətçi Y rolunda oynamışdı. Buna görə də o, Regional Məhkəmənin dediyinin əksinə olaraq, kifayət qədər məşhur olub və çox sayda filmə çəkilərək (200-dən çox – yuxarıda 22-ci bəndə baxın) böyük şöhrət qazanıb. Bir məsələni də qeyd etmək faydalı olar ki, Apellyasiya Məhkəməsi təkcə X-in fan-klublarının olduğuna deyil, həm də diqqəti ona çəkir ki, əgər o, cinayəti ictimaiyyətin gözündən kənar yerdə törətməsəydi, onun bu əməli pərəstişkarlarını narkotik maddə qəbul edərək onu təqlid etməyə sövq edə bilərdi (yuxarıda 32-ci bəndə baxın).

99. Bundan əlavə, ümumi götürdükdə ictimaiyyət aktyor və onun oynadığı personajı fərqləndirir, ancaq buna baxmayaraq aktyorun populyarlığı ilə onun oynadığı rol arasında sıx əlaqə ola bilər, xüsusən də o halda ki, hazırkı işdə olduğu kimi aktyor populyarlığı əsasən oynadığı həmin o rol ilə qazanıb. Üstəlik hazırkı işdə X-in oynadığı polis nəzarətçisi rolunun vəzifəsi asayişin mühafizəsi və cinayətlərin qarşısının alınmasıdır. Bu fakt X-in cinayət törətdiyinə görə həbs olunması ilə bağlı məlumatlanmağa ictimai marağı artırıb. Qeyd edilən bu amilləri və yerli məhkəmələrin X-in ictimaiyyət arasında nə qədər tanındığını qiymətləndirərkən tətbiq etdiyi meyarları nəzərə alaraq, Məhkəmə hesab edir ki, o, ictimai fiqur hesab edilmək üçün kimi kifayət qədər populyar olub. Bu faktor ictimaiyyətin X-in həbsi və ona qarşı açılan cinayət işi barədə məlumat əldə etmək marağını gücləndirir.

100. Məqalələrin mövzusuna gəlincə, yerli məhkəmələr müəyyən ediblər ki, kokain ağır narkotik maddə olduğu üçün X-nin törətdiyi cinayət xırda cinayət deyil. Buna baxmayaraq, X-in üzərində olan narkotik maddənin miqdarının az olması, onun şəxsi istehlak üçün nəzərdə tutulması və bu təsnifatdan olan və ona oxşar cinayətlərin sayının çox olması ilə əlaqədar olaraq X-in törətdiyi əməl orta, hətta xırda cinayət hesab edilib. Yerli məhkəmələr X-in artıq oxşar cinayətə görə məhkum olunması faktına o qədər də əhəmiyyət vermədən qeyd edirlər ki, bu onun keçmişdə törətdiyi yeganə cinayəti olub, üstəlik, bu bir neçə il əvvəl baş verib. Yerli məhkəmələr belə qənaətə gəliblər ki, ərizəçi şirkətin sözügedən məqalələri dərc etməkdə maraqlı olmasının əsas səbəbi əməlin məhz X tərəfindən törədilməsidir, eyni əməl ictimaiyyətə məlum olmayan bir şəxs tərəfindən törədilsəydi, onlar bu barədə çox güman ki, heç bir məlumat dərc etməyəcəkdilər (yuxarıda 20-ci bəndə baxın). Məhkəmə bu qiymətləndirmə ilə əsasən razılaşır. Amma vurğulamaq lazımdır ki, X ictimai yerdə – Münhendə keçirilən pivə festivalında çadırda həbs edilib. Apellyasiya Məhkəməsinin fikrincə, bu fakt mühüm ictimai maraq doğuracaq məsələ olsa da, törədilmiş əməlin bu qədər detallı təsviri və təsnifatı ictimai maraqdan doğmayıb.

(iii) X-in mübahisə mövzusu olan məqalələrin dərcindən öncəki davranışı

101. Başqa bir amil X-in media ilə olan münasibətləridir. O, bir sıra müsahibələrində şəxsi həyatının təfərrüatlarını açıqlayıb (yuxarıda 25-ci bəndə baxın). Məhkəmənin fikrincə, belə etməklə o, aktiv şəkildə diqqət mərkəzində olmağa çalışıb, bu səbəbdən də ictimaiyyət arasında populyarlığının miqyasını da nəzərə alsaq, onun şəxsi həyatının səmərəli müdafiəsi ilə bağlı “legitim gözləntiləri” azalıb (baxın: mutatis mutandis, yuxarıda istinad edilən Hachette Filipacchi Associés (ICI PARIS), § 53 və bunun əksi olan hallarla bağlı, yuxarıda istinad edilən Eerikäinen və Digərləri, § 66).

(iv) İnformasiyanı əldə etmək üsulu və onun doğruluğu

102. Dərc edilmiş məlumatların əldə edilməsi üsuluna gəlincə, ərizəçi şirkət bildirir ki, o, X-nin həbsi barədə yalnız cinayət təqibi orqanları təqsirləndirilən şəxslə bağlı faktları və onun kimliyini açıqladıqdan sonra məlumat yayıb. Ərizəçi şirkət həmçinin əlavə edir ki, dərc etdiyi bütün məlumatlar artıq ictimailəşmiş məlumatlar olub, bu məlumatlar xüsusən prokurorluq tərəfindən keçirilən mətbuat konfransı zamanı və dərc edilmiş press-reliz vasitəsilə artıq ictimaiyyətə açıqlanıb (yuxarıda 69-cu bəndə baxın). Hökumət prokurorluq tərəfindən hər hansı bir mətbuat konfransının keçirildiyini inkar edərək bildirir ki, yalnız ərizəçi şirkət birinci məqaləni dərc etdikdən sonra prokuror W. ərizəçi şirkətin dərc etdiyi faktları digər media qurumlarına müsahibəsində təsdiqləyib.

103. Məhkəmə qeyd edir ki, ərizəçi şirkətin birinci məqalənin dərcindən əvvəl mətbuat konfransının keçirilməsi və press-relizin dərc edilməsi barədə iddialarının doğru olub-olmadığını əlində olan sənədlərdən müəyyən etmək mümkün deyil. Əksinə, Məhkəmənin iclasda verdiyi sualdan sonra sözügedən iddiaların əsassız olduğu bəlli olub. Məhkəmə ərizəçi şirkətin bu məsələ ilə bağlı belə bir münasibət sərgiləməyindən təəssüf etdiyini bildirir.

104. Bununla belə, hazırkı iş üzrə çıxarılmış məhkəmə qərarlarından və ölkədaxili prosesdə iştirak edən tərəflərin açıqlamalarından görünür ki, bu məsələyə yerli məhkəmələr tərəfindən münasibət bildirilməyib. Hazırkı işin araşdırılmasına töhvə vermək məqsədilə Məhkəmə sadəcə qeyd edir ki, ərizəçi şirkət müxtəlif ölkədaxili proseslərdə verilən suallara verdiyi bütün cavablarına 29 sentyabr 2004-cü ildə dərc edilmiş məlumatın necə əldə edildiyi barədə jurnalistlərindən birinin açıqlamasını əlavə edib (yuxarıda 11 və 12-ci bəndlərə baxın) və Hökumət bu açıqlamanın həqiqiliyini heç vaxt mübahisələndirməyib. Nəticə etibarı ilə, ərizəçi şirkətin dərc etdiyi məlumatın Münhen Prokurorluğu tərəfindən keçirilən mətbuat konfransında açıqlandığı barədə iddiaların heç bir əsası olmasa da, fakt odur ki, dərc edilmiş məlumatlar, xüsusən də X-in kimliyi ilə bağlı məlumat polis və həmin vaxt Münhen Prokurorluğunun mətbuat katibi olan prokuror W. tərəfindən təsdiqlənib.

105. Qeyd edilən səbəblərdən birinci məqalə Münhen Prokurorluğunun mətbuat xidmətinin əməkdaşının verdiyi məlumata əsaslandığı üçün onun kifayət qədər faktual əsası olub (yuxarıda istinad edilən Bladet Tromso və Stensaas, § 72; yuxarıda istinad edilən Eerikäinen və Digərləri, § 64 və Pipi Türkiyəyə qarşı (dek.), № 4020/03, 15 may 2009-cu il). Bundan əlavə, hər iki məqalədə əks olunan məlumatların həqiqiliyi nə yerli məhkəmələrdə keçirilən proseslərdə iştirak edən tərəflər arasında, nə də hazırkı işlə bağlı Məhkəmədə iştirak edən tərəflər arasında mübahisə mövzusu deyil (baxın: yuxarıda istinad edilən Karhuvaara və İltalehti, § 44).

106. Bununla belə, işə baxan yerli məhkəmələrin fikrincə, məlumatın Münhen Prokurorluğundan daxil olması faktı yalnız o anlama gələ bilər ki, ərizəçi şirkət həmin məlumatın həqiqiliyinə inana bilər; məlumatın prokurorluqdan gəlməsi ərizəçi şirkəti həmin məlumatı dərc etmək marağı ilə X-in şəxsi həyatına hörmət hüququnu balanslaşdırmaq vəzifəsindən azad etməyib. Yerli məhkəmələr belə düşünürlər ki, balansı qorumaq yalnız medianın işidir, çünki bir dövlət orqanı məlumatın bir media qurumu tərəfindən necə və ya hansı formada dərc olunacağını bilmək iqtidarında deyil (yuxarıda 27-30-cu bəndlərə baxın).

107. Ancaq Məhkəmə hesab edir ki, ərizəçi şirkət tərəfindən belə bir balanslaşdırmanın həyata keçirilmədiyini göstərən heç nə yoxdur. Fakt ondan ibarətdir ki, X-in törətdiyi cinayətin xarakterini, onun ictimaiyyət arasında nə dərəcədə məşhur olduğunu, həbs olunma şəraitini və dərc edilmiş məlumatın doğru olduğunu, üstəlik həmin məlumatın doğruluğunun prokurorluq orqanları ilə dəqiqləşdirildiyini nəzərə alsaq, ərizəçi şirkətin X-in kimliyini anonim saxlaması üçün heç bir yetərli sayılacaq güclü əsas olmayıb. Onu da qeyd etmək lazımdır ki, birinci məqalənin dərc olunduğu gün ərizəçi şirkətin yaydığı bütün məlumatları prokuror W. digər jurnal və televiziya kanallarına açıqlamasında təsdiqləyib. İkinci məqalə çıxanda isə X-in məhkum edilməsi ilə bağlı faktlar artıq ictimaiyyətə məlum idi (baxın: mutatis mutandis, Aleksey Ovchinnikov Rusiyaya qarşı, № 24061/04, § 49, 16 dekabr 2010-cu il). Bundan başqa Apellyasiya Məhkəməsi bu qənaətə gəlib ki, ərizəçi şirkət kiçik bir səhlənkarlıq edərək məlumatın prokurorluq tərəfindən açıqlanmasının onun dərc edəcəyi xəbəri qanuniləşdirəcəyinə inanıb (yuxarıda 35-ci bəndə baxın). Məhkəmənin fikrincə, qeyd edilən səbəblərdən ərizəçi şirkət sözügedən məqalələri dərc etməklə pis niyyət güdməyib.

(v) Sözügedən məqalələrin məzmunu, forması və doğurduğu nəticələr

108. Məhkəmə qeyd edir ki, birinci məqalə sadəcə olaraq X-in həbsi, W.-dən əldə edilmiş məlumat və hüquqşünas ekspertin törədilən cinayətin təhlükəlilik dərəcəsi ilə bağlı hüquqi qiymətləndirməsindən ibarətdir (yuxarıda 13-cü bəndə baxın). İkinci yazı isə açıq keçirilən məhkəmə prosesinin sonunda məhkəmənin verdiyi cəza və X-in cinayəti etiraf etməsi ilə bağlıdır (yuxarıda 15-ci bəndə baxın). Görünüyü kimi məqalələrdə X-in şəxsi həyatı ilə bağlı təfərrüatlar açıqlanmayıb, əsasən onun həbsinin detalları və ondan sonrakı hadisələr yer alıb (baxın: yuxarıda istinad edilən Flinkkilä və Başqaları, § 84 və yuxarıda istinad edilən Jokitaipale və başqaları, § 72). Məqalələrdə onu aşağılayan hər hansı bir ifadəyə və ya əsassız iddiaya yer verilməyib (yuxarıda 82-ci bənddə göstərilən presedent hüququna baxın). Birinci məqalədə ictimaiyyətin diqqətini cəlb etmək üçün müəyyən ifadələrdən istifadə olunması Məhkəmənin presedent hüququna uyğun olaraq özlüyündə hər hansı bir problemə səbəb ola bilməz (baxın: yuxarıda istinad edilən Flinkkila və başqaları, § 74 və yuxarıda istinad edilən Pipi). Bundan başqa, Məhkəmə qeyd edir ki, Regional Məhkəmə mübahisəli məqalələrdə yer verilən fotoşəkillərin dərc edilməsini qadağan edib və ərizəçi şirkət bu qadağaya etiraz etməyib. Buna görə də Məhkəmə hesab edir ki, sözügedən məqalələrin formasını əsas göstərib onların dərcinə qadağa qoyulmamalı idi. Bundan əlavə, Hökumət məqalələrin dərcinin X üçün hansı ciddi nəticələrinin olduğunu göstərməyib.

(vi) Ərizəçi şirkətə təyin edilən cəzanın ağırlığı

109. Nəhayət, ərizəçi şirkətə qarşı tətbiq edilən cəzanın ağırlığına gəlincə, Məhkəmə hesab edir ki, tətbiq edilən cəza yumşaq olsa da, ərizəçi şirkətə üzərində çəkindirici təsir yaradacaq potensialda olub. Yuxarıda qeyd edilən faktorları nəzərə alsaq tətbiq edilən cəza istənilən halda əsassız olub.

(c) Yekun

110. Son olaraq, cavabdeh dövlətin irəli sürdüyü dəlillər önəmli məqamlara toxunsa da, müdaxilənin demokratik cəmiyyətdə zəruri olduğunu təsbit etmək üçün yetərli deyil. Məhkəmə hesab edir ki, Tərəf Dövlətlərin mülahizə sərbəstliyi olmasına baxmayaraq, ərizəçi şirkətin ifadə azadlığına yerli məhkəmələr tərəfindən tətbiq edilən məhdudiyyətlər güdülən legitim məqsədə proporsional olmayıb.

111. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsi pozulub.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

112. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

113. Ərizəçi şirkət maddi zərərə görə 227,734.28 avro tələb edib. Bu məbləğ ərizəçi şirkətin X-ə ödəməli olduğu 3 cəriməni (11.000 avro – yuxarıda 31 və 46-cı bəndlərə baxın), X-in məhkəmə xərclərini (1.261.84 avro – yuxarıda 18 və 40-cı bəndlərə baxın) və özünün vəkillərə ödəməli olduğu xərcləri (15,472,44 avro) əhatə edir. Ərizəçi şirkət sonuncu xərclə bağlı Məhkəmənin Verlagsgruppe News GmbH Avstriyaya qarşı (№ 2) (№ 10520/02, § 46, 14 dekabr 2006-cı il) işinə istinad edib.

114. Hökumət qeyd edilənlərlə bağlı heç bir şərh verməyib.

115. Məhkəmə hesab edir ki, 5000 avroluq iki cərimə ödənişi istisna olmaqla, aşkar edilmiş pozuntu ilə tələb olunan məbləğ arasında kifayət qədər səbəb-nəticə əlaqəsi mövcuddur. Müvafiq olaraq, Məhkəmə maddi zərərlə bağlı ərizəçi şirkətə 17,734,28 avro ödənilməsini məqsədəmüvafiq hesab edir.

B. Xərclər və məsrəflər

116. Ərizəçi şirkət çəkilən xərc və məsrəflər üçün 32.522,80 avro tələb edib. Bu məbləğə məhkəmə xərcləri (6,610 avro) və mülki məhkəmələrdə (13,972,50 avro), Federal Konstitusiya Məhkəməsində (5,000 avro) və Məhkəmədə (5,000 avro) təmsil olunmaq üçün vəkillərə ödənilən məbləğlər və Məhkəmə önündə prosesin aparılması zamanı çəkilən tərcümə xərcləri daxildir (1,941,30 Avro). Ərizəçi şirkət əlavə edir ki, vəkilləri ilə daha yüksək məbləğdə ödəniş ödənilməsi barədə razılığa gəlsə də, o, yalnız qanunla müəyyən edilmiş rüsum cədvəlində nəzərdə tutulmuş məbləği tələb edir. Federal Konstitusiya Məhkəməsinə şikayət vermək və Məhkəməyə müraciət etmək üçün tələb olunan məbləğlərə gəlincə, ərizəçi şirkət hər bir prosedur üçün ən azı 5.000 avro tələb etdiyini bildirərək, məsələni Məhkəmənin ixtiyarına buraxıb.

117. Hökumət qeyd edir ki, ərizəçi şirkət vəkil xərcləri ilə bağlı iddialarını Almaniyada tətbiq olunan rüsum cədvəlinə uyğun hesabladığı üçün buna heç bir etirazı yoxdur. Ancaq Hökümət Federal Konstitusiya Məhkəməsi və Məhkəmə qarşısında icraat üçün tələb olunan məbləğlərin nəyə xərcləndiyinin izahı verilmədiyi üçün həmin məbləğlərə etiraz edir. Hökumət bildirir ki, Federal Konstitusiya Məhkəməsi konstitusiya şikayətini rədd edərkən, işin dəyərinin ümumi olaraq 4000 avro müəyyən edib. Bu da vəkil xərci və vergi daxil olmaqla 500 avro təşkil edir.

118. Məhkəmə iddia edilən məbləğləri ağlabatan hesab edir və müvafiq olaraq, həmin məbləğləri təyin edir.

C. Gecikməyə görə faiz

119. Məhkəmə gecikmə faizi olaraq bu məbləğə Avropa Mərkəzi Bankının borc dərəcəsinin yuxarı həddinə üç faiz əlavə olunmaqla əldə ediləcək faiz dərəcəsinin tətbiq olunmasını məqsəduyğun sayır.

 

QEYD EDİLƏN SƏBƏBLƏRDƏN MƏHKƏMƏ

1. Yekdilliklə Von Hannover Almaniyaya qarşı işdəki (№ 40660/08 və 60641/08) ərizələri hazırkı ərizədən ayırır;

2. Yekdilliklə ərizəni qəbuledilən hesab edir;

3. On iki səs lehinə, beş əleyhinə olmaqla Konvensiyanın 10-cu maddəsinin pozulduğuna qərar verir;

4. On iki səs lehinə, beş əleyhinə olmaqla,

(a) cavabdeh dövlətin ərizəçi şirkətə üç ay ərzində aşağıdakı məbləğləri ödəməsinə;

(i) tutula biləcək hər hansı vergi məbləği üzərinə əlavə olunmaqla mənəvi zərərə görə 17,734.28 avro (on yeddi min yeddi yüz otuz dörd avro 28 sent);

(ii) tutula biləcək hər hansı vergi məbləği üzərinə əlavə olunmaqla xərc və məsrəflərə görə 32,522.80 avro (otuz iki min beş yüz iyirmi iki avro səksən sent);

(b) Qeyd edilən müddətin başa çatdığı tarixdən ödəniş tarixinə qədər bu məbləğin Avropa Mərkəzi Bankının həmin dövr üçün qüvvədə olan borc dərəcəsinin yuxarı həddinə əsaslanmaqla sadə faiz tətbiqi ilə üç faiz artırılmasına;

5. Yekdilliklə ədalətli kompensasiya ilə bağlı ərizəçi şirkətin digər tələblərinin rədd edilməsinə qərar verdi.

Qərar ingilis və fransız dilində tərtib edilib və 19 oktyabr 2021-ci ildə Strasburqda İnsan Hüquqları Binasında keçirilmiş açıq məhkəmə iclasında qəbul edilib.

Michael O’Boyle                       Nicolas Bratza
Katib                                             Prezident

 

Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq, hakimlər Jungwiert, Jaeger, Villiger və Poalelunginin də qoşulduğu hakim Lopez Guerranın xüsusi rəyi qərara əlavə olunur.

N.B.
M.O’B.

HAKİMLƏR JUNGWIERT, JAEGER, VILLIGER, VƏ POALELUNGININ DƏ RAZILAŞDIĞI HAKİM LÓPEZ GUERRANIN XÜSUSİ RƏYİ

Mən Böyük Palatanın Konvensiyanın 10-cu maddəsinin pozuntusunu müəyyən etməsi ilə razı deyiləm. Fikrimcə, hazırkı işdə yerli məhkəmələrin ərizəçi şirkətin ifadə azadlığı hüququnu lazımı səviyyədə müdafiə etmədiyi qənaətinə gəlmək üçün heç bir əsas olmayıb.

Mən Böyük Palatanın işin faktları ilə bağlı gəldiyi nəticələrlə tamamilə razıyam. Böyük Palata düzgün olaraq müəyyən edib ki, üçüncü bir şəxsin saxlanılması və cəzalandırılması ilə bağlı dərc etdiyi iki yazıya görə tətbiq edilmiş məhkəmə sanksiyaları ilə ərizəçi şirkətin Konvensiyanın 10-cu maddəsi ilə tanınan ifadə azadlığı hüququna (hazırkı işdə müəyyən məlumatları dərc etmək hüququna) müdaxilə baş verib. Böyük Palata ilə o məsələdə də razıyam ki, tətbiq edilən cəzalar qanunla nəzərdə tutulub və legitim məqsəd güdüb, yəni Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan başqalarının hüquqlarına, hazırkı işdə şəxsi toxunulmazlıq hüququna (o cümlədən şəxsin reputasiyasına hörmət hüququna) hörmət edilməsini təmin etmək məqsədi daşıyıb. Mən həmçinin Böyük Palatanın o mövqeyi ilə də razıyam (qərarın 76-cı bəndinə baxın) ki, Məhkəmənin vəzifəsi Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin tələbələrinə uyğun olaraq həmin sanksiyaların demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etməkdir. Böyük Palatanın Qərarının sonrakı bəndlərində göstərildiyi kimi, bu suala cavab vermək üçün Məhkəmə yerli məhkəmələrin toqquşan hüquq və maraqlar arasında, yəni ifadə azadlığı hüququ ilə şəxsi həyatın toxunulmazlığı hüququ arasında balansı adekvat şəkildə təmin edib-etmədiyinə qərar verməli idi.
Böyük Palata ilə aramızda olan fikir ayrılığı qərarın sonrakı əsaslandırması ilə bağlıdır. Qərarda da istinad edildiyi kimi Məhkəmənin oturuşmuş presedent hüququna əsasən (baxın: Petrenco Moldovaya qarşı, № 20928/05, § 54, 30 mart 2010-cu il; Petrov Bolqarıstana qarşı (dek.), № 27103/04, 2 noyabr 2010-cu il və Polanco Torres və Movilla Polanco İspaniyaya qarşı, № 34147/06, § 40, 21 sentyabr 2010-cu il), Məhkəmənin vəzifəsi işə mahiyyəti üzrə baxaraq yerli məhkəmələrin rolunu öz üzərinə götürmək deyil, daha çox yerli məhkəmələrin öz mülahizə sərbəstliyindən istifadə edərək çıxardıqları qərarları yoxlamaqdır. Konvensiyanın 10-cu maddəsinə riayət edilməsi ilə bağlı yerli məhkəmələr müəyyən mülahizə sərbəstliyinə malikdirlər (baxın: Von Hannover Almaniyaya qarşı, № 59320/00, § 57, AİHK 2004-VI və Lappalainen Finlandiyaya qarşı (kk.), № 22175/06, 20 yanvar 2009-cu il), amma Böyük Palatanın hazırkı qərarda vurğuladığı kimi (86-cı bəndə baxın) onların çıxardığı qərarlar Məhkəmə tərəfindən yoxlanılır.

Bununla əlaqədar, Məhkəmə yerli məhkəmələrin toqquşan hüquqları necə balanslaşdırdığını qiymətləndirərkən riayət edilməli olan bir sıra meyarlar müəyyən edib ki, buraya digər meyarlarla yanaşı, dərc edilmiş məlumatların ümumi maraq doğuran müzakirələrə verdiyi töhfə, maraqlı şəxsin əvvəlki davranışı və mənfi reputasiyasının dərəcəsi, məlumatın məzmunu və doğruluğu, tətbiq edilən sanksiyalar və cəzaların xarakteri daxildir. Yerli səlahiyyətli orqanlar (hazırkı işdə yerli məhkəmələr) baxdıqları işlərdə toqquşan hüquqları balanslaşdırarkən bu meyarları tətbiq etməli, eyni zamanda yerli qanunvericiliyi tətbiq edərkən işin faktlarını və hallarını birbaşa araşdıraraq qiymətləndirməlidirlər.

İşi araşdırmaq səlahiyyətini dördüncü instansiya rolunu oynamadan həyata keçirməsi üçün bu tip işlərdə Məhkəmənin vəzifəsi yerli məhkəmələrin hər hansı bir önəmli faktorla bağlı kobud səhv buraxmadan və ya həmin faktoru gözdən qaçırmadan toqquşan hüquqlar arasındakı balansı lazımı şəkildə təmin edib-etmədiyini və Məhkəmənin presedent hüququ əsasında formalaşmış müvafiq meyarlarının nəzərə alınıb-alınmadığını yoxlamaqdır. Bu ön şərtlər yerinə yetirilibsə, yəni yerli məhkəmələr toqquşan hüquq və maraqlar arasında balansı təmin edibsə və yuxarıda istinad edilən presedent hüququ ilə müəyyən edilmiş müvafiq meyarları tətbiq edibsə, bundan sonra Məhkəmə tərəfindən toqquşan maraqlarla bağlı aparılacaq əlavə qiymətləndirmə onu dördüncü instansiyaya (və ya hazırkı işdəki kimi beşinci instansiyaya) çevirəcək.

Hazırkı işdə yerli məhkəmələr (əsasən Hamburq Regional Məhkəməsi və Apellyasiya Məhkəməsi) balanslaşdırma ilə bağlı tələb olunan addımları atıblar. Dərc olunmuş məqalələrin hər biri ilə bağlı həmin məhkəmələr ardıcıl olaraq iki dəfə sözügedən hüquqlar arasında toqquşan maraqların qiymətləndirməsini aparıblar. Onlar geniş bir əsaslandırma ilə yekun qərarlarının, həmçinin şəxsi həyatın toxunulmazlığı və reputasiya hüququnun qorunmasına nədən daha çox əhəmiyyət vermələrinin səbəblərini izah ediblər. Bu qərarlarda qarşıya qoyulan sualın müxtəlif aspektləri, o cümlədən məsələnin ictimai maraq baxımından aktuallığı, maraqlı şəxsin mənfi reputasiyasının dərəcəsi, onun şübhəli bilindiyi, daha sonra təqsirləndirildiyi və məhkum edildiyi cinayətin xarakteri və ərizəçi şirkətə tətbiq edilən sanksiyanın ağırlığı ətraflı şəkildə izah edilir. Bundan əlavə, yerli Apellyasiya Məhkəməsi Federal Ədalət Məhkəməsinin Məhkəmənin Von Hannover Almaniya qarşı işdə qəbul etdiyi 24 iyun 2004-cü il tarixli qərarını rəhbər tutaraq çıxardığı 15 noyabr 2005-ci il tarixli qərarına istinad etməklə, dolayı yolla da olsa, Məhkəməmizin müəyyən etdiyi meyarları şüurlu şəkildə tətbiq edib.

Əlbəttə mümkündür ki, yerli məhkəmələr müvafiq meyarları açıq-aşkar qeyri-rasional şəkildə tətbiq edə və ya hansısa mühüm amili lazımı qaydada qiymətləndirməyə bilərlər. Lakin bu işdə həm Hamburq Regional Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarları göstərir ki, hər iki yerli məhkəmə öz ölkələrinin sosial və mədəni reallığı ilə bağlı üstün bilikləri və bu reallıqla davamlı təmasları sayəsində işin bütün müvafiq faktlarını özbaşına, laqeyd və ya açıq-aşkar əsassız hesab edilə bilməyəcək şəkildə diqqətlə ölçüb-biçiblər.

Qərarı tərcümə etdi: Tural Ağayev