№38798/07 SƏRVİNAZ GÜLMƏMMƏDOVA AZƏRBAYCANA QARŞI – 22 APREL 2010-CU İL

BİRİNCİ BÖLMƏ

GÜLMƏMMƏDOVA AZƏRBAYCANA QARŞI
QƏRAR

(Ərizə№ 38798/07)

 

 

Strasburq

22 aprel 2010-cu

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

 

Gülməmmədova Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
25 mart 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

PROSEDUR

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Sərvinaz Gülməmmədovanın (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 38798/07) iş 08 avqust 2007-ci ildə başlanılmışdır.

2. Ərizəçini Bakıda vəkil işləyən cənab N. İsmayılov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi, xüsusən iddia etdi ki, 20 aprel 1998-ci il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.

4. Bölmənin Sədri 14 oktyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1961-ci ildə anadan olmuş və hazırda Bakıda yaşayır.

6. 25 fevral 1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 19 fevral 1998-ci il tarixli sərəncamı əsasında ərizəçiyə Bakıda yeni tikilmiş yaşayış binasında yerləşən mənzilə dair yaşayış orderi verilmişdir.

7. Eyni zamanda, ərizəçiyə məlum olmuşdur ki, həmin mənzil Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Laçından məcburi köçkün olan H. və onun ailəsi tərəfindən zəbt edilmişdir.

8. Ərizəçiyə görə, bir neçə tələblərinə baxmayaraq, H. mənzili tərk etməkdən imtina edərək göstərmişdir ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur.

9. 1998-ci ildə naməlum tarixdə ərizəçi Yasamal rayon məhkəməsində iddia qaldıraraq, H. və onun ailəsinin mənzildən çıxarılmasını xahiş etmişdir.

10. 20 aprel 1998-ci ildə Yasamal rayon məhkəməsi ərizəçinin iddiasını təmin edərək, H. və onun ailəsinin mənzildən çıxarılmasını qət etmişdir. Məhkəmə müəyyən edib ki, ərizəçi 25 fevral 1998-ci il tarixli order əsasında mənzilin yeganə kirayəçisidir və buna görə, mənzil H. və onun ailəsi tərəfindən qanunsuz zəbt olunub.

11. Bu qətnamədən şikayət verilməmiş və daxili qanunvericiliyə əsasən çıxarılmasından on gün sonra o, qanuni qüvvəyə minmişdir. Lakin H. və onun ailəsi qətnaməni icra etməkdən imtina etmişlər və ərizəçinin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamə icra olunmamışdır.

12. 2006-cı ildə naməlum tarixdə ərizəçi və eyni vəziyyətdə olan bir qrup başqa şəxslər Yasamal rayon məhkəməsinə şikayət etmişlər ki, Yasamal rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi (“Məhkəmə icraçıları şöbəsi”) qətnamələri icra etmək üçün hər hansı tədbirlər görmür.

13. 27 dekabr 2006-cı ildə Yasamal rayon məhkəməsi bu şikayəti əsassız kimi rədd etmişdir. Ərizəçi bu qətnamədən şikayət vermişdir. 02 may 2007-ci ildə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və mahiyyəti üzrə ərizəçinin xeyrinə yeni qətnamə çıxarmışdır. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, Məhkəmə icraçıları şöbəsinin hərəkətsizliyi qanunsuzdur və 21 iyul 2003-cü il tarixli qətnamə icra olunmalıdır. Bu qətnamədən H. və digərlərinin kassasiya şikayətlərindən sonra 18 sentyabr 2007-ci ildə Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və işi sonuncu məhkəməyə yeni baxışa qaytarmışdır. İş materiallarından görünür ki, Apelyasiya Məhkəməsində araşdırmalar hələ davam edir.

14. 2008-ci ildə naməlum tarixdə ərizəçi Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə və digər dövlət orqanlarına qarşı iddia qaldıraraq, 20 aprel 1998-ci il tarixli qətnamənin icra olunmamasına görə kompensasiya tələb etmişdir. 07 may 2008-ci ildə Yasamal rayon məhkəməsi ərizəçinin tələbini əsassız kimi rədd etmişdir. 07 iyul 2008-ci ildə Bakı Apelyasiya Məhkəməsi və 10 noyabr 2008-ci ildə Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışlar.

15. 04 iyul 2007-ci ildə H. Yasamal rayon məhkəməsinə müraciət edərək, 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir. O iddia edib ki, məcburi köçkün olduğu üçün başqa yaşayış sahəsi yoxdur.

16. 10 iyul 2007-ci il tarixdə Yasamal rayon məhkəməsi H.-nin xahişini təmin etmiş və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün yeni tikilmiş evlərin birinə H.-nin köçməsinədək 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının dayandırılmasını qərara almışdır. Məhkəmə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanına (“01 iyul 2004-cü il tarixli fərman”) istinad etmişdir. Həmin fərmanla dövlət orqanlarına göstəriş verilir ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasınadək və ya yeni evlərdə müvəqqəti məskunlaşmasınadək, onlar 1992-1998-ci illərdə məskunlaşdıqları dövlət evlərindən, mənzillərindən, torpaqlarından və mülkiyyət növündən asılı olmayaraq başqa sahələrdən çıxarılmamalıdırlar. Ərizəçinin bir neçə şikayətlərindən sonra 02 sentyabr 2008-ci ildə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və işi yenidən baxılması üçün aşağı məhkəməyə qaytarmışdır.

17. İş materiallarından görünür ki, bir neçə məhkəmə araşdırmalarından sonra 21 yanvar 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsi 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının təxirə salınmasını qüvvədə saxlamış və ərizəçi tərəfindən bu qətnamədən Ali Məhkəməyə verilmiş şikayətə hələ baxılmaqdadır.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi

18. Azərbaycan vətəndaşları kirayə müqaviləsi şərtlərinə əsasən Dövlətin və ya başqa dövlət orqanlarının mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Mənzil vermək barədə qərar yerli icra hakimiyyəti tərəfindən vətəndaşlara yaşayış sahəsi orderini təqdim etməklə həyata keçirilir (48-ci maddə). Yaşayış sahəsi orderi orada göstərilmiş mənzilə sahiblik və kirayəçi ilə mənzil kommunal orqanı arasında kirayə müqaviləsinin bağlanılması üçün yeganə hüquqi əsası təşkil edir (51-ci maddə). Mənzillərdən istifadə hüququ müddətsiz verilir (10-cu maddə).

B. Mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanun

19. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).

C. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun

20. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkünlər hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə).

D. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları” (“Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”)

21. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
“Məcburi köçkünlərin 1992-1994-cü illərdə məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır…”

E. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları” (“Məcburi köçkünlərin köçürülməsi Qaydaları”)

22. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
“Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.”

F. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanı

23. Fərmanda Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına, inter alia, göstəriş verilib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasınadək və ya yeni mənzillərdə müvəqqəti məskunlaşmasınadək, 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları dövlət evlərindən, mənzillərdən, torpaqlardan və başqa sahələrdən, mənsubluğundan asılı olmadan, çıxarılmasına icazə verilməsin.

J. 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllə (“MPM”)

24. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231-ci maddə).

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN, 13-CÜ MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

25. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçi Yasamal rayon məhkəməsinin 20 aprel 1998-ci il tarixli qətnaməsinin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Hər kəs onun mülki hüquq və azadlıqları müəyyən edilərkən, … məhkəmə vasitəsilə … işinin ədalətli… araşdırılması hüququna malikdir”.

Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”

1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Şikayətin məqbuliyyəti

1. Məhkəmənin ratione temporis səlahiyyəti

26. Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan 20 aprel 1998-ci il tarixli qətnamə 15 aprel 2002-ci ildən, yəni Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən əvvəl qəbul edilmişdir. Bununla bağlı Məhkəmə xatırladır ki, o, yalnız Razılığa gələn Yüksək Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş hərəkətlər, faktlar və ya qərarlarla Konvensiyanın pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (bax, Kazımova Azərbaycana qarşı iş üzrə 06 mart 2003-cü il tarixli qərardad, № 40368/02). Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minmişdir. Lakin Məhkəmə qeyd edir ki, sözügedən qətnamənin icrasında dövlət orqanlarının davamlı uğursuzluğu baxımından, onlar hələ icra olunmamış qalır. Burada davam edən vəziyyət vardır və buna görə Məhkəmə şikayətlərin 15 aprel 2002-ci ildən sonrakı müddətə aid hissəsini araşdırmağa səlahiyyətlidir (baxın, İliç Serbiyaya qarşı, № 30132/04, § 54, 09 oktyabr 2007-ci il və Sladkov Rusiyaya qarşı, № 13979/03, § 16, 18 dekabr 2008-ci il).

2. Daxili vasitələr

27. Hökumət iddia edib ki, ərizəçilər daxili vasitələri tükətməmişlər. Xüsusən, Hökumət qeyd edib ki, ərizəçi 20 aprel 1998-ci il tarixli qətnamənin icra olunmaması üzrə dövlət orqanlarının uğursuzluğunu məhkəmələrdə mübahisələndirməmişdir. Bununla bağlı, Hökumət iddia edib ki, ərizəçilər müvafiq şikayətlərini Məhkəməyə verdikləri anda onların Məhkəmə İcraçıları Şöbəsinə qarşı araşdırmalar Apelyasiya Məhkəməsində hələ davam edirdi. Bundan başqa, Hökumət irəli sürüb ki, ərizəçi daxili vasitələri tükətməmişdir, ona görə ki, 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının təxirə salınmasına aid araşdırmalar daxili məhkəmələrdə hələ davam edir.

28. Ərizəçi Hökumətlə razılaşmamış və şikayətlərini müdafiə etmişdir.

29. Məhkəmə təkrar edir ki, Konvensiyanın daxili vasitələrin tükənməsinə dair qaydanı nəzərdə tutan 35-ci maddəsinin 1-ci bəndi sübutetmə vəzifəsinin təqdim olunmasını nəzərdə tutur. Hökumətin üzərinə düşür ki, tükənmədiyini iddia edərək Məhkəməni inandırsın ki, vasitə həmin vaxtda nəzəriyyədə və təcrübədə əlçatan olmaqla səmərəli olub, yəni, ona müraciət etmək mümkün və bu vasitə ərizəçinin şikayətlərinin bərpası imkanına malik olub və uğurun ağlabatan gözləntilərini vəd edib (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı,16 sentyabr 1996-cı il, § 68, Qərar və Qərardadların Hesabatı 1996-IV və Selmuni Fransaya qarşı (Böyük palata), № 25803/94, § 76, İHAM 1999-V). Daha sonra, Məhkəmə vurğulayır ki, daxili vasitələr ya iddia olunan pozuntunun, ya da onun davamiyyətinin qarşısının alınması və ya artıq baş vermiş hər hansı pozuntunun adekvat bərpasının təmin olunması baxımından “səmərəli” olmalıdır (baxın, Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, § 158, İHAM-XI).

30. Məhkəmə İcraçıları Şöbəsinə qarşı işə gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumət bu araşdırmaların davam edən pozuntuya hansı yolla son qoymasını və ya şikayətin nəticəsi olaraq ərizəçinin əldə edə bildiyi bərpa olunmanın mahiyyəti barədə hər hansı izahları verməyib. Hər bir halda Məhkəmə qeyd edir ki, ərizəçi icraçılar barəsində hər hansı qanunsuz aktdan şikayət etməyib, lakin o, qətnamənin icra olunmaması faktından şikayətlər edib. Aparılan işdə daxili məhkəmələr ərizəçinin xeyrinə qərarlar çıxarsalar və 20 aprel 1998-ci il tarixli qətnamənin icra olunmamasının daxili şərtlər baxımından qanunsuz olduğunu qərara alsalar belə, bunun yeganə nəticəsi icra icraatına davam etməyi məhkəmə icraçılarına tapşıran qətnamənin hüquqi qüvvəsinin təsdiq edilməsi olardı (baxın, Tarverdiyev Azərbaycana qarşı, № 33343/03, § 47, 26 iyul 2007-ci il və Yavorivskaya Rusiyaya qarşı (qərardad), № 34687/02, 15 may 2004-cü il). Buna görə, Hökumətin etirazının bu hissəsi rədd olunmalıdır.

31. 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının təxirə salınmasına aid araşdırmalara gəldikdə,
Məhkəmə qeyd edir ki, bu araşdırmalar H.-nin tələbi ilə başlanılmış və onların məqsədi qətnamənin icrasını təmin etmək və ya sürətləndirmək deyil, əksinə onu məcburi qüvvəsindən qeyri-müəyyən müddətə məhrum etmək idi. Hər bir halda Məhkəmə qeyd edir ki, ərizəçi icraçılar barəsində hər hansı qanunsuz aktdan şikayət etməyib, lakin o, qətnamənin icra olunmaması faktından şikayətlər edib. Təxirə salma ilə bağlı araşdırmalarda daxili məhkəmələr ərizəçinin xeyrinə qərarlar çıxarsalar və 20 aprel 1998-ci il tarixli qətnamənin icra olunması təxirə salınmasa belə, bu cür qərar yalnız eyni nəticələri verməklə, onun yeganə nəticəsi icra icraatına davam etməyi məhkəmə icraçılarına tapşıran qətnamənin hüquqi qüvvəsinin təsdiq edilməsi olardı. Buna görə, Hökumətin etirazı bu şikayətə uyğun gəlmir və rədd olunmalıdır.

3. Nəticə

32. Daha sonra Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən onlar məqbul elan edilməlidir.

B. İşin mahiyyəti

1. Tərəflərin dəlilləri

33. Hökumət bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanda məcburi köçkünlərin böyük sayına görə onların məskunlaşdırılması ilə bağlı ciddi problem vardır. Hökumət qeyd edib ki, 20 aprel 1998-ci il tarixli qətnamə ilə H.-nin mənzildən çıxarılmasının qət edilməsinə baxmayaraq, bu qətnamə icra oluna bilməzdi, ona görə ki, sözügedən mənzildə yerləşmiş məcburi köçkünlərin yaşaması üçün başqa yer yoxdur. Daha sonra, Hökumət iddia edib ki, 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının dayandırılmasına görə onun icrası artıq məcburi deyil. Bundan başqa, daxili qanunvericiliyin müxtəlif müddəalarına istinadən (baxın, yuxarıda Müvafiq Daxili Qanunvericilik), Hökumət iddia edib ki, doğma torpaqlarına qayıtmayanadək və ya yeni evlərdə müvəqqəti məskunlaşmayanadək, məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılmamalıdırlar. Hökumət, həmçinin bildirib ki, məcburi köçkünlərin yaşayış probleminin həlli Hökumətin siyasətinin prioritetlərindən biridir və bununla bağlı müvafiq tədbirlər tətbiq edilir.

34. Ərizəçi şikayətini təkrar etmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Konvensiyanın 6 və 13-cü maddələri

35. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-II).

36. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə, həmçinin təkrar edir ki, fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün Dövlətin məsuliyyəti Dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın,mutatis mütandis, Kebotari və digərləri Moldovaya qarşı, № 37763/04, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, 27 yanvar 2009-cu il).

37. İlk növbədə, Məhkəmə qeyd edir ki, 15 aprel 2002-ci ildə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra ərizəçinin xeyrinə olan 20 aprel 1998-ci il tarixli qətnamə təxminən yeddi il altı ay müddətində icra olunmamış qalmış, bununla da, ərizəçi əmlak hüquqlarına aid mübahisədə əldə etdiyi uğurdan faydalanmaqdan məhrum edilmişdir. 15 aprel 2002-ci ilədək bu qətnamə təxminən dörd il müddətində icra olunmamışdır.

38. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisə fərdi tərəflər arasında olmuşdur. Lakin 20 aprel 1998-ci il tarixli qətnamənin məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılmasını qərara aldığını nəzərə alaraq, bu vəziyyət fərdi tərəf kimi məcburi köçkün qətnamənin icrasından boyun qaçırdıqda, onun icrası üçün ərizəçiyə kömək etmək məqsədilə Dövlətin hərəkətə keçməsini şərtləndirmişdir. Hazırkı işdə tərəflər mübahisələndirmir ki, 20 aprel 1998-ci il tarixli qətnamə ən azı icra icraatının dayandırılmasına aid Yasamal rayon məhkəməsinin 10 iyul 2007-ci il tarixli qərarının çıxarılmasınadək daxili qanunvericiliyə əsasən məcburi olmuşdur. İş materiallarından görünür ki, icra icraatının 20 aprel 1998-ci il tarixli qətnamənin çıxarılmasından on gün sonra başlanılmasına baxmayaraq, Hökumət bununla bağlı hər hansı addım atmamış və bu müddət ərzində qətnamənin icra olunmamasının əsaslandırılması üçün hər hansı izah təqdim etməmişdir.

39. İcranın dayandırılmasına dair qərara gəldikdə, Məhkəmə qeyd edir ki, o, mənzildən çıxarılma barədə qətnaməni qəbul etmiş məhkəmə tərəfindən həmin qətnamənin icrasının dayandırılmasına aid oxşar işə artıq baxmışdır (baxın, Akimova Azərbaycana qarşı, № 19853/03, §§ 45-50, 27 sentyabr 2007-ci il). Bu işdə Məhkəmə hesab etmişdir ki, hər hansı qanuni əsas və müvafiq əsaslandırma olmadan qətnamənin icrasının dayandırılmasına dair qərar 1 saylı Protokolun 1-ci maddəsini pozur; Məhkəmə daha sonra hesab edib ki, bu iş üzrə həmin şikayətin Konvensiyanın 6-cı maddəsi baxımından araşdırılması tələb olunmur. Bu işdən fərqli olaraq, hazırkı işdə qətnamənin icrasının dayandırılmasına dair qərar həmin qətnamənin qüvvəyə minməsindən təxminən beş il sonra çıxarılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə qətnamənin icrasının dayandırılması Prezidentin 01 iyul 2004-cü il tarixli fərmanına əsaslanmışdır. Lakin Məhkəmə qeyd edir ki, bu fərman hazırkı işdə baş vermiş çıxarılma barədə qətnamənin icrasının müddətsiz şəkildə dayandırılmasına dair səlahiyyəti daxili məhkəmələrə verən mülki prosesə aid hər hansı xüsusi müddəaları əks etdirmir. Bundan başqa, 21 may 1999-cu il tarixli qanun nəzərdə tutub ki, məcburi köçkünlərin özlərinin məskunlaşması digər şəxslərin hüquq və qanuni maraqlarını pozursa, daxili dövlət orqanları onların başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Müvafiq olaraq, həmin fərman daha yüksək qüvvəyə malik olan qanunvericilik aktına zidd görünür; belə olan halda, fərmana əsaslanan dayandırma qərarının qanuniliyi məsələsi ortaya çıxır. Lakin Konvensiyanın 6-cı maddəsi baxımından belə dayandırmanın daxili qanunvericilik əsasında “qanuni” olub-olmaması Məhkəməni narahat etmir. Məhkəmə xatırladır ki, Tərəf Dövlətlərin daxili hüquqi sistemi tərəflərdən birinin zərərinə olaraq yekun məcburi məhkəmə qərarının icrasız qalmasına imkan versə, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş hüquqlar xəyali olar (baxın, yuxarıda 35-ci paraqraf). Bundan başqa, əhəmiyyətli səbəblər olmadan yekun qətnamənin icrasının qeyri-məhdud müddətə formal dayandırılması hüquqi müəyyənlik prinsipinə ziddir.

40. Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu 20 aprel 1998-ci il tarixli qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Buna baxmayaraq, qətnamə qüvvədə qalmış, lakin onun icrası üçün dövlət orqanları tərəfindən altı ildən artıq müddətdə hər hansı adekvat tədbirlər görülməmişdir. Görünmür ki, dövlət orqanları sözügedən qətnamənin icrası üçün davamlı və təkidli tədbirlər görmüşlər. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamənin icrasında əhəmiyyətli gecikdirməyə görə Hökumət tərəfindən əsaslı izahat təqdim olunmamışdır.

41. Məhkəmə hesab edir ki, hazırkı işdə yekun qətnamənin icrası üçün zəruri tədbirlər görməməklə, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini bütün faydalı effektindən məhrum etmişdir (baxın, yuxarıda qeyd olunmuş Burdov işi, § 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.

42. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).

(b) 1 saylı Protokolun 1-ci maddəsi

43. Məhkəmə xatırladır ki, məcburi olmaq üçün kifayət qədər müəyyən edildiyi halda, “tələb” 1 saylı Protokolun 1-ci maddəsinin mənasında “mülkiyyəti” təşkil edə bilər (baxın,Stran Qrik Refineris və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-V).

44. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi sözügedən mənzilin mülkiyyətçisi olmamış və yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş orderə müvafiq olaraq kirayə hüquqlarına malik olmuşdur. Lakin Məhkəmə (hesab edib ki, belə yaşayış orderinə əsaslanan mənzil tələbi 1 saylı Protokolun 1-ci maddəsinin dairəsinə düşən “mülkiyyəti” təşkil edir (baxın, yuxarıda qeyd olunmuş Akimova işi, §§ 39-41). Hazırkı işdə ərizəçinin mənzilə kirayə hüququ 20 aprel 1998-ci il tarixli qətnamə ilə tanınmışdır. Bundan başqa, bu qətnamə ilə məcburi köçkünlərin mənzildən çıxarılması qət olunmuş, bununla da, sözügedən mənzildən istifadənin bərpası üçün ərizəçiyə məcburi tələb təqdim edilmişdir.

45. Bu qətnamə qüvvəyə minmiş və icra icraatının başlanılması ilə mənzildən istifadəni bərpa etmək hüququ ərizəçiyə təqdim edilmişdir. Bundan sonra, 20 aprel 1998-ci il tarixli qətnamənin icrasının təxirə salınması üçün araşdırmalar başlanılmışdır (bu araşdırmalar hələ davam edir). Məhkəmə hesab edir ki, yeddi il altı aydan artıq müddətdə bu qətnamənin icrasını əldə etmək üzrə ərizəçinin mümkünsüzlüyü onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində təsbit olunduğu kimi, mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil etmişdir. Məhkəmə belə müdaxilənin “qanuni” olub-olmamasının araşdırılmasını zəruri hesab etmir (müqayisə edin, yuxarıda qeyd olunmuş Akimovanın işi, §§ 44 və s.), ona görə ki, hər bir halda, bu müdaxilənin aşağıdakı səbəblər üçün əsaslı olmadığını hesab edir.

46. Yuxarıda 40-cı paraqrafda qeyd edildiyi kimi, Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçinin xeyrinə olan qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Xüsusən, bu vəziyyət məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir (baxın, mutatis mutandis, Radanoviç Xorvatiyaya qarşı, № 9056/02, § 49, 21 dekabr 2006-cı il). Lakin Dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır (baxın, Broniovski Polşaya qarşı (BP), № 31443/96, § 182, İHAM 2004-V).

47. Bununla bağlı, Məhkəmə təkrar edir ki, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Radanoviç, § 49 və Hutten-Tsapska Polşaya qarşı (BP), № 35014/97, § 225, İHAM 2006-VIII).

48. Hazırkı işdə, onun xeyrinə olan yekun daxili qətnaməyə müvafiq olaraq, ərizəçi mənzilindən istifadə etmək üçün məcburi hüquqa malik olmuşdur. Parlamentin qəbul etdiyi qanunvericiliyə əsasən bu hüquq mənzili zəbt edən məcburi köçkünləri alternativ yaşayış sahəsi ilə təmin etmək üzrə Dövlətin öhdəliyindən asılı olmuşdur. Yuxarıda göstərildiyi kimi, Hökumət tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzillə təmin olunmasına dair bəzi ümumi siyasətlərə istinad edilməsinə baxmayaraq, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında müəyyən edilməmişdir ki, daxili dövlət orqanları ərizəçinin spesifik işində öz vəzifələrini yerinə yetirmək üçün hər hansı addım atmışlar. Belə olan halda, icranın formal olaraq təxirə salınması üçün Prezidentin 01 iyul 2004-cü il tarixli Fərmanına daxili məhkəmələr tərəfindən sonrakı istinad üstünə gəlməklə yanaşı, qətnamənin icrasının bir neçə il ərzində təmin olunmaması ərizəçinin həddən artıq fərdi yükə məruz qaldığı vəziyyətin yaranması ilə nəticələnmişdir.

49. Məhkəmə hesab edir ki, ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər.

50. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.

II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi zərər

52. Ərizəçi maddi zərərə görə 68.809 avro tələb etmişdir. Bu məbləğdən 17.620 avro xərclənmiş kirayə haqlarını və 51.189 avro mənzilin iddia olunan bazar qiymətini əhatə edir. O, xərclənmiş kirayə haqlarını şəhərin müvafiq hissəsində yerləşən mənzillərin kirayə qiymətinin aylıq bazar dərəcəsi barədə məlumata əsasən hesablamışdır. Həmin məlumat bu məsələlərdə ixtisaslaşan birlikdən əldə olunmuşdur.
53. Hökumət iddia edib ki, ərizəçi mənzilin bazar qiymətinə aid hər hansı kompensasiya tələb edə bilməz. Hökumət daha sonra bildirib ki, eyni birliyə müraciət edərək, öz mənzilindən istifadə edə bilmədiyi üçün ərizəçinin xərclədiyi kirayə haqqına aid tələbin əsasını yoxlamışlar və göstərilmişdir ki, bu məsələyə aid ərizəçi 11.042 avro tələb edə bilər. Bununla bağlı, Hökumət bildirib ki, sözügedən bina yarıyadək inşa olunmuş və ərizəçi bu mənzillə əlaqədar müəyyən istismar xərcləri çəkməli idi.

54. Tələblərin mənzillərin bazar qiymətinə aid hissəsinə gəldikdə, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında hər hansı səbəbli əlaqə görmədiyi üçün Məhkəmə həmin tələbi rədd edir.

55. Tələblərin kirayə haqqına aid hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında müəyyən səbəbli əlaqə vardır və mənzili üzərində nəzarəti itirdiyi üçün ərizəçi maddi zərərlə üzləşməli olmuşdur. Tərəflərin dəlillərini araşdıraraq və ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə zərərin hesablanmasında Hökumətin təklif etdiyi əsasları qəbul edir və bu məbləğlərin üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, ərizəçiyə kirayə haqqına aid 11.042 avro məbləğini təyin edir.

2. Mənəvi zərər

56. Ərizəçi mənəvi zərərə görə 20.000 avro kompensasiya tələb etmişdir.

57. Hökumət ərizəçinin mənəvi zərərə aid tələbini maksimum 1.000 avro məbləğində qəbul etməyə hazır olduğunu bəyan etmişdir.

58. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində ərizəçiyə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 avro məbləğində kompensasiya təyin edir.

59. Bundan başqa, Məhkəmə hesab edir ki, 20 aprel 1998-ci tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçi bu qətnamənin icrasına nail olmaq hüququna hələ malikdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 21 iyul 2003-cü il tarixli qətnamənin icrasını təmin etməlidir.

B. Xərc və məsrəflər

60. Ərizəçi, həmçinin Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1.500 avro tələb etmişdir. Bu tələb konkretləşdirilməmiş və ya hər hansı sənədlərlə təsdiq olunmamışdır.

61. Hökumət bu tələbi əsassız hesab etmişdir.

62. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədlərin təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.

C. Faiz dərəcəsi

63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Şikayəti məqbul elan edir,

2. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır,

3. Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır,

4. İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır,

5. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə daxili məhkəmənin 20 aprel 1998-ci il tarixli qətnaməsinin icrasını təmin etməlidir;

6. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində maddi zərərə görə 11.042 avro (on bir min qırx iki) və mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;

(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 22 aprel 2010-cu ildə göndərilib.

Soren Nilsen                           Xristos Rozakis
Katib                                        Sədr