YENİ © tərcümə, aihmaz.org
BEŞİNCİ BÖLMƏ
RÜSTƏMZADƏ AZƏRBAYCANA QARŞI
(Ərizə №38239/16)
QƏRAR
STRASBURQ
7 mart 2019-cu il
QƏTİ
07/06/2019
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Rüstəmzadə Azərbaycana qarşı işi üzrə,
Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşıb:
Angelika Nußberger, President,
Yonko Grozev,
André Potocki,
Mārtiņš Mits,
Gabriele Kucsko-Stadlmayer,
Lәtif Hüseynov,
Lado Chanturia, hakimlər,
və Claudia Westerdiek, İclasın katibi,
5 fevral 2019-cu il tarixdə xüsusi müşavirə keçirərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR
1. Bu məhkəmə işi 29 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası vətəndaşı cənab İlkin Bakir oğlu Restəmzadə (İlkin Bakir oğlu Rüstəmzadə – “Ərizəçi”) tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına qarşı verdiyi ərizə (əvvəlcə no.57299/13, daha sonra no.38239/16,) əsasında başladılıb.
2. Ərizəçini Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab N. Kərimov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) isə Hökumətin nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3. Ərizəçi cinayət əməli törətməsinə dair əsaslı şübhə olmadan qanunsuz şəkildə həbs edildiyi üçün azadlıq hüququnun pozulduğunu iddia etdi. Ərizəçi həmçinin iddia etdi ki, daxili məhkəmələr onun məhkəməyə qədər həbs edilməsini əsaslandıra bilməyib, məhkəməyə qədər həbsin davam etdirilməsinə müvafiq və kifayət qədər əsaslar mövcud olmayıb.
4. Ərizəçinin şikayətləri haqda 7 dekabr 2016-cı il tarixdə Hökumət bilgiləndirildi. Məhkəmə, eyni zamanda, bu işdə Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürülməklə 18-ci maddənin pozuntusunun olub-olmaması ilə bağlı Hökumətə bir sual da ünvanladı. Hər iki tərəf ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı təqdimatlarını Məhkəməyə təqdim etdilər. Bundan əlavə, üçüncü tərəf olaraq, yazılı prosedura qoşulmasına President tərəfindən icazə verilmiş qeyri-hökumət təşkilatı olan İnsan Hüquqları Fondunun (Human Rights Foundation) təqdimatı qəbul edildi (Konvensiyanın 36.2-ci və Məhkəmə Qaydaların 44.3-cü maddəsi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1992-ci ildə anadan olub və hazırda həbsxanada cəza çəkir.
A. Ümumi məlumat
6. Ərizəçi hadisələr zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi idi. O, həmçinin, vətəndaş cəmiyyəti fəalıydı, 2011-ci ildə təsis edilmuş “Azad Gənclik” təşkilatının qurucularından biri idi.
7. Azərbaycan ordusunda qeyri-döyüş şəraitində bir sıra əsgər ölümlərinin ardınca, 2013-cü ilin yanvar ayından mart ayına kimi Bakı şəhərində həmin əsgər ölümlərinə etiraz olaraq, bir sıra nümayişlər keçirildi. Bu nümayişlərə kütləvi informasiya vasitələrində geniş yer verildi və ictimaiyyətin diqqəti hökumətin sərt tənqidi fonunda ordudakı əsgər ölümlərinə yönəldi. Əsgər ölümlərinə qarşı nümayişlər əsasən, sosial media vasitəsi ilə təşkil edilmişdi, nümayişlər barəsində bilgilər sosial media və mətbuat vasitəsi ilə yayılırdı. Ərizəçi həmin nümayişlərdə və nümayişlərin təşkil olunmasında fəal rol alanlardan idi. Bir qrup gənc tərəfindən qurulan vətəndaş cəmiyyəti quruluşu olan NİDA Vətəndaş Hərəkatı yuxarıda qeyd edilən nümayişlərin təşkil və icra edilməsində açar rol oynamışdılar. Nümayişlər dinc xarakter daşıyırdı, bununla belə, polis nümayişə toplaşanları dağıtdı və bir sıra nümayiş iştirakçıları həbs edildilər (bax, məsələn, bir çox digər işlər arasından Mehtiyev və başqaları Azərbaycana qarşı, №20589/13 və 7 digər ərizə, 6 aprel 2017; Bayramov Azərbaycana qarşı, №19150/13 və №52022/13, 6 aprel 2017; Hacılı və başqaları Azərbaycana qarşı, №44699/13 və 2 digər ərizə, 29 iyun 2017).
8. Nümayişlərin keçirildiyi zamanlarda “Harlem Shake” rəqsi Azərbaycanda populyarlaşmışdı. Azərbaycandakı fərqli qruplar tərəfindən “Harlem Shake” rəqsi üzərində bir sıra video tamaşalar hazırlanır, YouTube video hostinq veb saytına yüklənirdi. Ərizəçi 1 mart 2013-cü il tarixdə bir qrup tanışı ilə birlikdə Bakı şəhərinin mərkəzindəki dənizkənarı parkda “Harlem Shake” rəqsini ifa etdilər, rəqslərini video lentə aldılar. Ərizəçi rəqs etmirdi, o, sadəcə rəqs edən tanışlarını müşahidə edir, onların rəqsinə baxırdı. Bəlli olmayan bir tarixdə həmin rəqsin video görüntüləri YouTube-a yüklənildi. Bu işin materialları arasında həmin video görüntülərin YouTube-a ərizəçi tərəfindən yüklənilməsini isbat edən heç bir sənəd yoxdur. Bu iş üzrə məhkəmə qərarı verilənə qədər YouTube-da mövcud olan həmin rəqsin video görüntüsü bir dəqiqəyə yaxın davam edir. Görüntlərdə bir parkda birlikdə rəqs edən yeddi nəfər görünür. Görüntülərdə səhnənin arxa hissəsində bir nəfərin tunc heykələ yaxın bir yerdə rəqs etdiyi, cinsi istəklər ifadə olunan hərəkətlər etdiyi görünür. Həmin video görüntülərin YouTube-a yüklənməsindən sonra qeyd edilməyən bir tarixdə, özəl bir televiziya kanalında video-görüntüyə həsr edilmiş televiziya proqramı yayımlandı. Televiziya proqramının şərh hissəsində video-görüntüdə rəqs edənlər NİDA Vətəndaş Hərəkatının narkotik istifadəçisi və anarxist üzvləri kimi təqdim edildilər, ordudakı əsgər ölümlərinə etiraz olaraq təşkil olunmuş nümayişlər tənqid olundu.
9. 2013-cü ilin mart ayında yuxarıda bəhs edilən nümayişlərin təşkilində fəal iştirak etmiş bəzi NİDA üzvlərinə qarşı qanunsuz olaraq partlayıcı maddələr və qurğular saxlama, qanunsuz narkotik maddə saxlama ittihamları ilə cinayət işi başlanıldı (bax: Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, №48653/13 və 3 digər ərizə, §§5-16, 7 iyun 2018-ci il). Ərizəçi həbs olunmazdan əvvəl həmin cinayət işi çərçivəsində istintaqa cəlb edildi, iki dəfə şahid qismində ifadəsi alındı.
10. 2013-cü ildən başlayaraq, qeyd edilən cinayət işi çərçivəsində saxlanılan və həbs edilən NİDA Vətəndaş Hərəkatı üzvlərinə qarşı müxtəlif cinayət işləri başlanıldı. NİDA Vətəndaş Hərəkatının müxtəlif üzvlərinin saxlanılması, məhkəməyə qədər həbs edilməsi ilə bağlı daxili məhkəmə işləri, Məhkəmədə baxılmasını gözləyən digər ərizələrin mövzusudur (nümunə üçün bax: 65583/13, 70106/13, 41105/14, 54846/14, 63571/16, 74143/16 ve 14307/17 nömrəli ərizələr).
B. Ərizəçiyə qarşı cinayəti işinin başlanılması və barəsində həbs qəti imkan tədbirinin seçilməsi
11. Ərizəçi 30 aprel 2013-cü il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının qarşısındakı kütləvi aksiyada iştirak etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldı. Elə həmin gün Nəsimi Rayon Məhkəməsi ərizəçini İnzibati Xətalar Məcəlləsinin 298.2 (toplantıların təşkili qaydalarının pozulması) maddəsi ilə təqsirli hesab etdi, ona on beş günlük inzibati həbs cəzası verdi. Ərizəçinin 30 aprel 2013-cü il tarixdə saxlanılması və ardınca inzibati qaydada həbs edilməsi barədə daxili məhkəmə prosesi, artıq Mirzəyev və digərləri Azərbaycana qarşı işin mövzusu olub (Ərizə №12854/13, №28750/13 və №76329/13, 20 iyul 2017). Bu işdə Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 11-ci maddəsinin və 6-cı maddənin 1-ci və 3-cü bəndləri ilə təminat altına alınan hüquqlarının pozuntusunu aşkar edib.
12. İnzibati qaydada həbsdən sərbəst buraxıldıqdan sonra, 17 may 2013-cü il tarixdə ərizəçiyə Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) və 221.2.2-ci (dövlət məmuruna müqavimət göstərməklə xuliqanlıq) maddələri üzrə ittiham irəli sürüldü və yenidən saxlanıldı. İttihamların təsviri yarım səhifədən uzun bir cümlədən ibarət idi. Qərarın müvafiq hissəsində yazılırdı:
“…Məhkəmə iclasında müstəntiq vəsatəti müdafiə etdi və bildirdi ki, Rüstəmzadə İlkin Bakir oğlu 01 mart 2013-cü il tarixdə yaxın münasibətdə olduğu Quliyev Bəxtiyar Səməndər oğlu və digərlərindən ibarət bir qrup şəxslə Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində gündüz vaxtı, saat 15 radələrində ictimai qaydanı kobud surətdə pozaraq, bədii estetik dəyərlərə malik memarlıq abidəsi olan yaşlı kişinin bürünc materialdan hazırlanmış tökmə fiqurunun arxa və baş hissələrində ictimai mənəviyyatın pozulmasında ifadə olunan davamlı təkrarlanan əxlaqa zidd və qurşaqdan yuxarı üst geyim paltarlarını soyunduqdan sonra isə çılpaq vəziyyətdə nümayiş etdirilən qərəzli xaotik əl-qol hərəkətlərinin videoçəkili.ini aparmaqla və onun qeyd olunan hərəkətlərinin, yəni ictima qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri olan Dənizkənarı Bulvar İdarəsinin mühafizəçilərinə və polis əməkdaşlarına, eləcə də digər şəxslərin qanuni tələblərinə nümayişkaranə surətdə tabe olmayıb müstəsna həyasızlıqla öz hərəkətlərini dayandırmaması ilə müqavimət göstərərək, lentə aldığı yaşadığı cəmiyyətin etik normalarına zidd hərəkətlərinin videoçəkilişdən 6.16 MB həcmində süjet hazırlayıb geniş auditoriya kimi internet sosial şəbəkəsində qeyd olunan video süjetin kütləvi surətdə izlənilməsi üçün 01 mart 2013-cü il tarixdə “Harlem Shake-Park Bulvar” adı ilə “Youtube.com” saytında yerləşdirilib kütləvi surətdə yayımlamaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq etmişdir. Törətdiyi cinayət əməlinə görə o, 17 may 2013-cü il tarixdə Azər baycan Respublikası CM-nin 221.2.1., 221.2.2.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.” … İşin materiallarındakı sənədlərdən belə görünür ki, ərizəçidən başqa, mübahisəli video görüntüdə rəqs edənlərdən yalnız bir nəfər (B.G.) Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq cinayətində ittiham olunub. “Harlem Shake” rəqs video görüntüsündə yer alan digər şəxslərə qarşı hər hansı cinayət işi açılmadı.
13. Həmin gün – 17 may 2013-cü il tarixdə prokuror Nəsimi Rayon Məhkəməsindən ərizəçinin məhkəməyə qədər həbs olunmasını tələb etdi. Prokuror öz tələbini ərizəçiyə qarşı irəli sürülən ittihamların ağırlığı, cinayət prosesinin digər iştirakçılarına təsir göstərə bilmək imkanında olması və beləliklə istintaqa maneçilik yaratmaq risqinin olması ilə əsaslandırdı.
14. Nəsimi rayon Məhkəməsi 17 may 2013-cü il tarixdə ərizəçiyə qarşı irəli sürülən rəsmi ittihamlara və prokurorun tələbinə əsaslanaraq, ərizəçinin məhkəməyə qədər iki ay müddətinə həbs olunması barədə qərar verdi. Cinayət ittihamının ağırlığını və ərizəçinin qaçmaq, təkrar cinayət törətmək risqinin olmasını vurğulayan məhkəmə qərarını belə əsaslandırdı:
“Məhkəmə, vəsatəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək və məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyərək, həmçinin, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Rüstəmzadə İlkin Bakir oğlunun cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalları olmasını, habelə ona istinad edilən cinayət əməlinin xarakteürini nəzərə alaraq, hesab edir ki, onun barəsində həbs qətimkan tədbiri seçilməlidir.”
15. Ərizəçi 20 may 2013-cü il tarixdə barəsində məhkəməyə qədər həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsasın olmadığını bildirərək, Nəsimi rayon Məhkəməsinin qərarından şikayət etdi. O, şikayətində xüsusi olaraq, digər cinayət işləri çərçivəsində istintaqın çağırışlarına iki dəfə zamanında cavab verib, ifadəyə getdiyini, istintaqdan yayınması və təkrar cinayət törətməsinə dair heç bir sübutun mövcud olmadığını vurğuladı. Ərizəçi hansısa cinayət əməli törətməsinə dair heç bir dəlilin olmadığını da şikayətində qeyd etdi. Bununla əlaqədar olaraq, vurğuladı ki, məhkəmə heç bir sübutu araşdırmadan onun məhkəməyə qədər həbs edilməsinə qərar verib, çünki, işin materialları arsında rəqsin video-görüntüsü mövcud deyildi.
16. 4 may 2013-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ərizəçi barəsindəki qərarının əsaslı olması qənaətinə gəldi və apelyasiya şikayətini rədd etdi. Apellyasiya Məhkəməsi öz qərarında ərizəçinin yuxarıda qeyd edilən spesifik şikayətlərinə ümumiyyətlə toxunmadı.
C. Ərizəçinin məhkəməyə qədər həbs müddətinin uzadılması
17. Ərizəçi 27 iyun 2013-cü il tarixdə barəsində seçilən məhkəməyə qədər həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. Ərizəçi müraciətində məhkəməyə qədər həbs edilməsinin əsaslı olmadığını, həbsin davam etməsi üçün heç bir səbəbin olmamasını xüsusi vurğuladı.
18. Nəsimi Rayon Məhkəməsi həmin müraciətə 28 iyun 2013-cü il tarixdə baxdı və əsassız sayaraq, rədd etdi.
19. Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə 4 iyul 2013-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsində baxıldı və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.
20. 12 iyul 2013-cü il tarixdə cinayət işi üzrə prokuror istintaqın başa çatdırılması üçün daha çox vaxt lazım olduğunu bildirərək, ərizəçi barəsində məhkəməyə qədər həbs müddətinin iki ay müddətinə uzadılması xahişi ilə məhkəməyə müraciət etdi.
21. Nəsimi Rayon Məhkəməsi 15 iyul 2013-cü il tarixdə ərizəçinin məhkəməyə qədər həbs müddətinin 17 sentyabr 2013-cü il tarixinə qədər uzadılmasına qərar verdi. Məhkəmə həbs müddətinin artırılmasının zəruriliyini ərizəçinin sərbəst buraxılacağı tədirdə cinayət işi iştirakçılarına təsir göstərə, istintaqdan yayına və ya istintaqa təsir göstərə biləcəyi ehtimalı ilə əsaslandırdı.
22. Ərizəçi 18 iyul 2013-cü il tarixdə birinci instansiya məhkəməsinin məhkəməyə qədər həbs müddətinin uzadılması haqqında qərarını əsaslandıra bilməməsini iddia edərək, apelyasiya şikayəti verdi. O, hansısa cinayət əməli törətməsinə dair heç bir dəlilin olmadığını və məhkəmənin həbs müddətinin uzadılması barədə qərar verərkən, cinayət əməli törətməsinə dair hansısa əsaslı şübhənin mövcud olduğunu sübut etmək üçün təqdim edilən dəlillərin heç birini yoxlamadığını təkrarladı.
23. Bakı Apelyasiya Məhkəməsi 22 iyul 2013-cü il tarixdə ərizəçinin apelyasiya şikayətini rədd etdi və Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2013-cü il tarixli qərarını qüvvədə saxladı. Apellyasiya Məhkəməsi öz qərarını əsaslandırarkən, birinci instansiya məhkəməsinin arqumentlərini təkrarladı.
24. Nəsimi Rayon Məhkəməsi cinayət işi üzrə prokurorun 10 sentyabr 2013-cü il tarixli tələbindən sonra, 11 sentyabr 2013-cü il tarixdə ərizəçinin məhkəməyə qədər həbs müddətini iki aylığa, 17 noyabr 2013-cü il tarixə qədər uzatdı. Məhkəmə qərarını istintaq üçün əlavə zamana ehtiyacın olması, ərizəçinin məhkəməyə qədər həbs edilməsinin əsaslarının dəyişməməsi ilə əsaslandırdı.
25. Ərizəçi əvvəlki şikayət və arqumentlərini təkrarlayaraq, 16 sentyabr 2013-cü il tarixdə bu qərardan şikayət etdi.
26. Bakı Apelyasiya Məhkəməsi 19 sentyabr 2013-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2013-cü il tarixli qərarını qüvvədə saxlayaraq, apelyasiya şikayətini rədd etdi. Apellyasiya Məhkəməsi öz qərarını əsaslandırarkən, birinci instansiya məhkəməsinin arqumentlərini təkrarladı.
27. Ərizəçi barəsində məhkəməyə qədər həbs müddətinin uzadılması ilə bağlı başqa hər hansı qərar bu işə aid sənədlərin sırasına daxil edilməyib.
D. Hadisələrin sonrakı inkişafı
28. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, 2013-cü ilin sentyabrının bəlli olmayan tarixində ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq), 220.1 (kütləvi iğtişaş) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə əlavə olaraq, yeni ittihamlar irəli sürülüb. Müstəntiqlərin bununla bağlı qərarları Məhkəməyə təqdim edilməyib.
29. Bakı Ağır Cinayətlər Məhkəməsi 6 may 2014-cü il tarixdə ərizəçini ona qarşı irəli sürülmüş bütün ittihamlar üzrə təqsirkar hesab etdi və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verdi.
30. 16 dekabr 2014-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi, 15 oktyabr 2015-ci il tarixdə isə Azərbaycan Respublikasının Ali Məhkəməsi ərizəçi barəsində çıxarılmış bu hökmü qüvvədə saxladı.
31. Ərizəçiyə qarşı cinayət ittihamlarının araşdırılması ilə bağlı Konvensiyanın 6, 7, 10 və 18-ci maddələrinə əsaslanaraq müxtəlif şikayətlərin irəli sürüldüyü başqa bir ərizə (bax, ərizə №22323/16) Məhkəmə qarşısında baxılmasını gözləyir.
II. UYĞUN DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Cinayət Məcəlləsi
32. Cinayət Məcəlləsinin 221-ci maddəsinin uyğun zamanda qüvvədə olan əlaqəli hissəsi aşağıdakı kimidir:
Maddə 221 Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər –
…
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; [548]
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
…”
B. Cinayət Prosessual Məcəlləsi (“CPM”)
33. Məhkəməyə qədər həbs tədbirinin tətbiqi və məhkəməyə qədər həbs tədbirinə yenidən baxılması ilə bağlı CPM-nin müvafiq müddəalarının detallı təsviri ilə Fərhad Əliyev Azərbaycana qarşı (ərizə №37138/06, §§ 83-102, 9 noyabr 2010) və Muradverdiyev Azərbaycana qarşı (ərizə №16966/06, §§ 35-49, 9 dekabr 2010) işlərində tanış olmaq olar.
C. Ali Məhkəmənin Pelnumunun qərarları
34. Ali Məhkəmənin Plenumunun Avropa İnsan Haqları Konvensiyasının və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı 30 mart 2006-cı il tarixli və təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxan məhkəmələrin qanunvericiliyin tətbiqi ilə bağlı 3 noyabr 2009-cu il tarixli qərarlarının müvafiq hissələrinin ətraflı təsvirini Rəsul Cəfərov Azərbaycana qarşı (ərizə №69981/14, §§50-76 və §§79-80, 17 mart 2016-cı il) qərarından əldə etmək oalr.
35. Xuliqanlıq cinayəti ilə əlaqəli işlərlə bağlı məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının uyğun hissəsində aşağıdakılar deyilir:
“1. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.
İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.
2. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.
İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.
Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.
…”
D. Konstitusiya Məhkəməsinin qərarı
36. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh olunması ilə bağlı 20 may 2011-ci il tarixli qərarının uyğun hissəsi aşağıdakı kimidir:
“…
Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.
Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.
…”
QANUNVERİCİLİK
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ VƏ 3-CÜ BƏNDLƏRİNİN POZULMASI İDDİASI
37. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsaslanaraq, cinayət əməli törətməsinə dair hər hansı əsaslı şübhə mövcud olmadığı halda həbs edilməsindən şikayət etdi. Bundan əlavə, yerli məhkəmələrin onun barəsində seçilmiş həbs qətimkan tədbirinin davam etdirilməsinin zəruriliyini əsaslandıran müvafiq və kifayət qədər səbəb göstərə bilməməsindən şikayət etdi. Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinin uyğun hissələri aşağıdakı kimidir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
…
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
…
3. Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
…”
A. Qəbuledilənlik
38. Məhkəmə qeyd edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinə əsasən açıq-aşkar əsassız deyil və hər hansı başqa başqa əsaslarla da qəbuledilməz sayıla bilməz. Buna görə də şikayət qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin təqdimatı
(a) Ərizəçi
39. Ərizəçi bildirdi ki, ona qarşı irəli sürülən ittihamlar əsassız olub və prokurorluq orqanları onun cinayət əməli törətməsinə dair əsaslı şübhəyə səbəb ola biləcək hər hansı bir obyektiv sübut və ya məlumata sahib olmayıb. Bundan başqa o, qeyd etdi ki, daxili məhkəmələr onun məhkəməyə qədər həbsdə saxlanılmasına qərar verərkən və həbs müddətini artırarkən, mübahisəli video görüntülər məhkəmənin araşdırdığı iş materiallarının arasında ümumiyyətlə mövcud olmayıb.
40. Ərizəçi həmçinin, iddia etdi ki, yerli məhkəmələr onun məhkəməyə qədər həbsdə tutulmasını əsaslandırmaq üçün müvafiq və kifayət qədər əsaslar göstərə bilməyiblər. O, xüsusilə vurğuladı ki, daxili məhkəmələr ərizəçinin həbs edilməsinə qərar verəkən və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə təqdimatı rədd edərkən, işin konkret hallarını qiymətləndirmədi, yalnız qanunvericiliyin uyğun müddəalarına istinad etdi.
(b) Hökumət
41. Hökumət ərizəçinin Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulmadığını bildirdi. Qeyd etdi ki, o, cinayət törətməkdə şübhəli bilinərək tutulmuşdu və Nəsimi Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər həbs edilməsi barədə qərar verərkən işin materiallarını lazımi qaydada araşdırmışdı. Bununla əlaqədar olaraq, hökumət Nəsimi Rayon Məhkəməsində 17 may 2013-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokollarına istinad etdi. Mübahisəli video görüntünün məhkəmə tərəfindən baxılmış iş materiallarının arasında mövcud olmaması ilə bağlı ərizəçinin iddiasına gəlincə, Hökumət, müstəntiqin təqdimatında YouTube-a yüklənmiş video görüntünün xüsusiyyətlərinə istinad edildiyini, video görüntünün hər kəs üçün əlçatan olduğunu və buna görə də araşdırmanın həmin mərhələsində video görüntünün işin materiallarına daxil edilməsinin gərəkli olmadığını qeyd edib.
42. Hökumət onu da əlavə etdi ki, yerli məhkəmələr ərizəçi barəsində seçilmiş məhkəməyə qədər həbs tədbirinin davam etdirilməsinin zəruriliyini əsaslandıran uyğun və kifayət qədər əsaslar irəli sürüblər.
(c) Üçüncü tərəf
43. İnsan Hüquqları Fondu özbaşına azadlıqdan məhrum etməklə bağlı Məhkəmənin, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsinin və Amerika İnsanlar Hüquqları Məhkəməsinin presedent hüququnun müqayisəli araşdırmasını təqdim etdi.
2. Məhkəmənin dəyərləndirməsi
44. Məhkəmə Rəsul Cəfərov Azərbaycana qarşı (ərizə №69981/14, §§114-120, 17 mart 2016-cı il) işi üzrə qərarında təsbit edilmiş bu işlə eyni dərəcədə əlaqəli olan ümumi prinsiplərə istinad edir.
45. Məhkəmə, Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüququnun Konvensiyanın mənası işığında “demokratik cəmiyyətdə” ən böyük əhəmiyyətə malik olmasını təkrar vurğulamağı zəruri hesab edir (bax: Medvedyev və başqaları Fransaya qarşı, №3394/03, §76, AİHM 2010). Konvensiyanın 5-ci maddəsi 2, 3 və 4-cü maddələrlə birlikdə fərdin fiziki təhlükəsizliyini qoruyan təməl hüquqların birinci sırasında yer alır və bu baxımdan onun əhəmiyyəti böyükdür. Onun əsas məqsədi özbaşına və ya əsassız şəkildə azadlıqdan məhrumetmələri önləməkdir (bax: S., V. və A. v. Danimarkaya qarşı [GC], №35553/12 və digər 2 rəziəçi, §73, 22 oktyabr 2018-ci il).
46. Məhkəmə müşahidə edir ki, bu işdə ərizəçi saxlanılması, barəsində məhkəməyə qədər həbs qətimkan tədbirinin seçilməsi, həbs tədbirinin məhkəmə qərarı ilə uzadılması da daxil olmaqla, həbsdə olduğu bütün müddət boyunca, ona qarşı cinayət törətməsi ilə bağlı ağlabatan şübhənin mövcud olmamasından şikayət edib. Eyni şikayəti o, Məhkəmə qarşısında davam etdirib. Hökumət bununla bağlı ərizəçinin cinayət törətməsinə dair ağlabatan şübhə əsasında həbs edildiyini bildirib. Hökumət iddialarını dəstəkləmək üçün 17 may 2013-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasının protokollarına istinad edib.
47. Hökumət Nəsimi Rayon Məhkəməsinin 17 may 2013-cü il tarixdə keçirilən iclasının protokollarına istinad etsə də, Məhkəmə əvvəlcə, həmin protokollardakı materiallarda onun iddialarını dəstəkləyəcək heç bir məlumatın olmadığını qeyd edir. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli qərarında mübahisəli materialın məzmununa toxunmadan, işdəki materialların araşdırılmasına istinad edilib (yuxarıdakı 14-cü abzaya bax). Hər halda Məhkəmə müşahidə edir ki, Hökumət daxili məhkəmənin müzakirə mövzusu olan materialın məzmununu qeyd etmədən, iş sənədlərini lazımi qaydada araşdırması barədə təqdimat verməklə kifayətlənib (bax: Yaqublu Azərbaycana qarşı, №31709/13, §60, 5 noyabr 2015-ci il). Hökumət xüsusilə, prokurorluq qurumları tərəfindən təqdim edilən materiallarda ərizəçinin cinayət əməli törətməsinə dair obyektiv müşahidəçini qane edəcək şahid ifadələrinin və ya başqa hər hansı bir xüsusi məlumat, fakt və ya sübutun olub-olmadığını müəyyənləşdirə bilməyib. Üstəlik, Nəsimi Rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli qərarında, yerli məhkəmələrin ərizəçiyə məhkəməyə qədər həbs müddəti müəyyən edən və ya həmin müddətin uzadılmasını nəzərdə tutan hər hansı digər qərarında bu cür məlumatların, faktların və ya sübutların məhkəmələrə təqdim edildiyini təsdiq edən heç bir məlumat yoxdur və məhkəmə qərarlarında bu cür sənədlərə istinad edilməyib.
48. Bununla əlaqədar olaraq, Məhkəmə Ali Məhkəmənin Plenumunun 3 noyabr 2009-cu il tarixli qərarını da qeyd edir. Bu qərar prokurorluq orqanlarının təqsirləndirilən şəxslərin məhkəməyə qədər həbs edilməsi barədə vəsatətlərinə baxan yerli məhkəmələrdən CPM-nin 447.5-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərək, təqsirləndirilən şəxsə qarşı ağlabatan şübhənin mövcudluğunu yoxlamaq üçün ittiham tərəfində olan “ilkin sübutları” istəməyi və nəzərdən keçirməyi tələb edirdi (yuxarıdakı 34-cü paraqrafa baxın). Ancaq bu işdə yuxarıda qeyd edilən tələblər nəzərə alınmayıb (müqayisə edin: İlqar Məmmədov Azərbaycana qarşı, №15172/13, §97, 22 may 2014-cü il və Yaqublu Azərbaycana qarşı, yuxarıda göstərilən, §61).
49. Məhkəmə ərizəçinin tutulması üçün əsaslı şübhənin olub olmadığını, yəni etibar edilmiş faktların daxili qanunvericiliyə uyğun olaraq cinayət davranışına səbəb ola biləcəyini araşdırmalıdır. Beləliklə, tutulmuş şəxsə qarşı edilən hərəkətlər törədildiyi anda cinayət sayılmazsa, ağlabatan şübhə ola bilməz. Bele ki, həbs edilmiş şəxsin hərəkətləri həmin hərəkətlər törədildiyi vaxtda cinayət sayılmırdısa, belə olan halda aglabatan şübhənin mövcudluğundan da söhbət gedə bilməz (bax: Włoch Polşaya qarşı, №27785/95, §109, AİHM 2000 XI; Kandzhov Bolqarıstana qarşı, №68294/01, §57, 6 noyabr 2008-ci il; və Rəsul Cəfərov Azərbaycana qarşı, yuxarıda göstərilən, §118).
50. Məhkəmə müşahidə edir ki, ərizəçiyə qarşı irəli sürülən ittihamlar bir qrup şəxs tərəfindən gerçəkləşdirilən, ifaları boyunca bürünc heykələ yönəlik xaotik əl və ayaq hərəkətləriylə qərəzli və təkrarlanan əxlaqsız davranışlar ifadə olunan “Harlem Shake” rəqsinin video görüntülərinin ərizəçi tərəfindən lentə alınması, sonra da həmin görüntüləri YouTube-yə yükləməklə icrimai qaydanı pozması ilə əlaqəlidir. Bundan əlavə, Ərizəçi, dövlət qulluqçusunun tələbinə müstəsna həyasızlıqla öz hərəkətlərini dayandırmaması ilə müqavimət göstərərək, yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə ittiham olunub (yuxarıdakı 12-ci paraqrafa bax).
51. Məhkəmə “Harlem Shake” rəqsini ifa edən şəxslərdən fərqli olaraq, ərizəçinin özünün rəqs etmədiyini qeyd edir. Əlavə edir ki, daxili icraatda təsvir olunduğu kimi ərizəçiyə qarşı irəli sürülən cinayət ittihamları onun “Harlem Shake” rəqsini ifa edən bir qrup şəxsin görüntülərini çəkməsi və sonradan həmin video görüntüləri YouTube-a yükləməsi faktına söykənir. Bununla birlikdə hesab etmir ki, belə hərəkətlər milli qanunvericilikdə təsbit olunan xuliqanlıq cinayətinin törədilməsinə dair əsaslı şübhə doğura bilər. Prokurorluğun və yerli məhkəmələrin qərarlarında bir rəqsin video görüntülərinin çəkilməsinin və daha sonra YouTube-yə yüklənməsinin daxili qanunvericiliyə görə xuliqanlıq cinayətinin əsas ünsürlərindən birini təşkil edən ictimai qaydanın kobud şəkildə pozulması kimi necə qiymətləndirilməsi aydın deyil. Xüsusilə, Məhkəmə, diqqəti Cinayət Məcəlləsinin 221-ci maddəsinin mətninə çəkir, işə baxılan zaman xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi dəqiq müəyyən edilmişdi (yuxarıdakı 32-ci paraqrafa bax).
52. Məhkəmə daha sonra qeyd edir ki, Ali Məhkəmənin Plenumunun xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinə dair 23 mart 2004-cü il tarixli qərarına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur (yuxarıdakı 35-ci paraqrafa bax). Daxili qanunvericiliyin qeyd edilən təfsiri Konstitusiya Məhkəməsi tərəfindən də təsdiqlənib (yuxarıdakı 36-cı paraqrafa bax). Bununla yanaşı, nə yerli məhkəmələr zamanı, nə də Məhkəmə qarşısında ərizəçinin hərəkətlərinin vətəndaşlar üzərində zor tətbiq olunması, yaxud belə zorun tətbiq ediləcəyi hədəsi və ya özgəsinin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayət olunduğu iddia edilməyib. Bu səbəblərdən Məhkəmə, Cinayət Məcəlləsində nəzərdə tutulan və Ali Məhkəmənin Pelenumu və Konstitusiya Məhkəməsi tərəfindən təfsir edilən xuliqanlıq cinayət əməlinin tərkib hissəsinin ərizəçinin işində mövcud olması nəticəsinə gələ bilməz (müqayisə et: Kandjov işi, yuxarıda göstərilən §60)
53. Ərizəçiyə qarşı 2013-cü ilin sentyabr ayında Cinayət Məcəlləsinin 28, 220.1 və 228.3-cü maddələrinə əsasən irəli sürülmüş əlavə ittihamlara gəlincə, Məhkəmə qeyd edir ki, Hökumət həmin ittihamlarla bağlı qərarın surətini Məhkəməyə təqdim etməyib (bax: yuxarıda 28-ci paraqraf). Bütün hallarda, ərizəçinin məhkəməyə qədər həbs edilməsini və həbs müddətinin uzadılmasını nəzərdə tutan əvvəlki qərarlar yalnız Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən irəli sürülmüş ilkin ittihamlara söykənirdi, bu səbəbdən, yeni ittihamlar hazırkı işin əhatə etdiyi dövrdə ərizəçinin həbsdə saxlanılmasının əsasını təşkil edən şübhənin ağlabatan olub-olmamasını dəyərləndirmək baxımından önəmli deyil və Hökumət açıq şəkildə bunun əksini iddia etməyib (müqayisə et: Rəsul Cəfərov işi, yuxarıda göstərilən §131 və Rəşad Həsənov və digərlərinin işi, yuxarıda göstərilən §106).
54. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə ərizəçinin azadlıqdan məhrum edilməsinin cinayət törətməsinə dair “ağlabatan şübhə”yə əsaslnan “qanuni həbs” olmadığı qənaətinə gəldi. Buna görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub.
55. Yuxarıda göstərilən nəticəni nəzərə alaraq, Məhkəmə, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, daxili hakimiyyət orqanlarının ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılmasının zəruriliyini əsaslandıran müvafiq və kifayət qədər səbəblərinin olub-olmamasını ayrılıqda araşdırmağı zəruri hesab etmir (bax: Lukanov Bolqarıstana qarşı, 20 mart 1997-ci il, §45, Qərarlar və Qətnamələrin hesabatları, 1997-ci il II; İlqar Məmmədov işi, yuxarıda göstərilən §102; Yaqublu işi, yuxarıda göstərilən §64).
II. KONVENSİYANIN 5-Cİ MADDƏ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ 18-Cİ MADDƏSİNİN POZULMASI İDDİASI
56. Ərizəçi Məhkəmənin suallarından birinə cavab olaraq, eyni faktlara əsaslanaraq, onun azadlıq hüququnun Konvensiyada nəzərdə tutulanlardan başqa məqsədlər üçün məhdudlaşdırıldığını iddia etdi. Konvensiyanın 18-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Qeyd olunan hüquq və azadlıqlarla bağlı [bu] Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”
57. Hökumət, ərizəçinin Konvensiyanın 18-ci maddəsinə əsaslanan şikayətilə bağlı daxili müdafiə vasitələrini tükəndirmədiyini bildirdi. Ərizəçi daxili müdafiə vasitələrinin tükəndirilməsi ilə bağlı hər hansı bir təqdimat bildirmədi.
58. Məhkəmə bunu müşahidə edir ki, ərizəçi barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçən, həmin tədbirin müddətini uzadan məhkəmələr qarşısında Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq şikayət etməyib (bax: yuxarıdakı 15, 22 və 25-ci bəndlər). Burdan çıxan nəticə odur ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü maddələrinə əsasən daxili müdafiə vasitələri tükəndirilmədiyi üçün rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
59. Konvensiyanın 41-ci maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
1. Maddi ziyan
60. Ərizəçi maddi ziyana görə 2000 avro təzminat tələb etdi. O, qeyd etdi ki, ailəsi həmin məbləği həbsxanada olarkən, ona yemək göndərilməsinə xərcləyib.
61. Hökumət Məhkəmədən ərizəçinin maddi ziyana görə təzminat tələbinin rədd olunmasını istədi.
62. Məhkəmə kompensasiya olunması tələb edilən ziyanla aşkar edilmiş pozuntu arasında heç bir səbəbli əlaqə müəyyən etmədi (bax: Fətullayev Azərbaycana qarşı, №40984/07, §186, 22 aprel 2010-cu il; Əfəndiyev Azərbaycana qarşı, № 27304/07, §60, 18 dekabr 2014-cü il; Yaqublu işi, yuxarıda göstərilən §68). Buna görə də ərizəçinin maddi ziyana görə tələbi rədd edilir.
2. Qeyri-maddi ziyan
63. Ərizəçi qeyri-maddi ziyana görə, 100 000 (yüz min) avro təzminat tələb etdi.
64. Hökumət ərizəçinin tələb etdiyi məbləğin əsassız və həddindən artıq olduğunu bildirdi. Hesab etdi ki, bütün hallarda pozuntunun aşkarlanması yetərli ədalətli əvəzi təşkil edəcək.
65. Məhkəmə ərizəçinin yalnız pozuntunun təsbit olunması ilə kompensasiya edilə bilməyəcək mənəvi zərərə məruz qaldığı qənaətindədir. Ona görə də hesab edir ki, ərizəçiyə təzminat ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, ərizəçiyə qeyri-maddi ziyana görə 20,000 avro məbləği dəyərində və bu məbləğ üçün tutulacaq vergi məbləği dəyəri də üzərinə gəlinməklə, kompensasiya təyin etdi.
B. Xərclər və məsrəflər
66. Ərizəçi daxili məhkəmə çəkişmələrində və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 10.000 (on min) avro tələb etdi. Ərizəçi, tələbini dəstəkləmək üçün özü ilə vəkili arasında bağlanılmış müqaviləni təqdim etdi.
67. Hökumət hesab etdi ki, xərclər və məsrəflər üçün tələb olunan məbləğ həddindən artıq çoxdur, görülən işlərin miqdarı və nümayəndənin sərf etdiyi vaxtla əsaslandırılmayıb. Bununla yanaşı qeyd etdi ki, 1000 avro məbləğində vəsait xərclər və məsrəflər üçün məqbul təzminat təşkil edə bilər.
68. Məhkəmənin uyğun president hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflərin geri ödənilməsi üçün həmin xərc və məsrəflərin həqiqətən və zəruri olduğu üçün çəkilmiş olması, məbləğin ağlabatan olması lazımdır. Əlindəki sənədləri və yuxarıda xatırladılan meyarları nəzərə alaraq Məhkəmə, ərizəçiyə bütün xərcləri əhatə edən 2 500 (iki min beş yüz) avro məbləğində vəsaitin ödənilməsini məqsədəuyğun hesab edir.
C. Gecikmə faizi
69. Məhkəmə, icranın gecikdirilməsinə görə faizin Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmasını və onun üzərinə daha üç faizin əlavə edilməsini məqsədəuyğun hesab edir.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ,
1. Yekdilliklə bəyan edir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndinə əsaslanan şikayətlər qəbuledilən sayılmalıdır;
2. Səs çoxluğu ilə bəyan edir ki, ərizənin qalan hissəsi qabuledilməz sayılmalıdır;
3. Yekdilliklə Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
4. Yekdilliklə Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
5. Yekdilliklə Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıda göstərilən məbləğdə vəsaiti, ödəmə edilərkən mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, ərizəçiyə ödənilməsini həyata keçirtməlidir:
(i) tutulacaq vergi məbləği əlavə olunmaqla, mənəvi ziyana görə 20,000 (iyirmi min) avro;
(ii) tutulacaq vergi məbləği də əlavə olunmaqla, xərc və məsrəflərə görə 2,500 (iki min beş yüz) avro;
(b) Yuxarıda qeyd edilən üç aylıq müddətin keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıdakı məbləğə Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrini yekdilliklə rədd edir.
Qərar ingilis dilində tərtib olunub və Məhkəm Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 7 mart 2019-cü il tarixdə yazılı şəkildə açıqlanıb.
Klaudia Vesterdiek Angelika Nussberger
Bölmə Katibi Sədr