№37282/18 NAZİM MƏMMƏDOV AZƏRBAYCANA QARŞI – 25 SENTYABR 2023-CÜ İL

 

25 sentyabr 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 37282/18

Nazim MƏMMƏDOV Azərbaycana qarşı

 

16 iyul 2018-ci il tarixdə təqdim edilib
5 sentyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Şikayət özəlləşdirilmiş dövlət şirkətinin direktoru olan H.A.-nin ərizəçiyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı cinayət işi ilə bağlıdır. Həmin cinayət işi ərizəçinin YouTube-da yayımlanan bir neçə videoda və Facebook-da yaydığı məzmunda böhtan xarakterli olduğu iddia edilən ifadələrlə bağlı olub. Ərizəçi həmçinin, xüsusilə, H.A.-nın rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə və vergidən yayınma kimi ağır cinayətlər törətdiyini iddia edib.

Lənkəran Rayon Məhkəməsi 14 mart 2017-ci il tarixli hökmü ilə ərizəçini Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilib və bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Apellyasiya məhkəməsi cəzanı on aya endirib.

Ali Məhkəmənin 10 aprel 2018-ci il tarixli yekun qərarı ilə ərizəçinin məhkumluğu və hökm qüvvədə saxlanılıb.

Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsasən şikayət edir ki, daxili məhkəmələrin qərarları onun ifadə azadlığı hüququnu pozub.

TƏRƏFLƏRƏ SUALLAR

Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanuni məqsəd naminə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi? Ərizəçiyə qarşı tətbiq edilmiş sanksiya qarşıya qoyulan məqsədlərə mütənasib olubmu (bax: Mahmudov və Ağazadə Azərbaycana qarşı, № 35877/04, § 51, 18 dekabr 2008-ci il)?

Tərəflərdən xahiş olunur ki, YouTube-da yayılmış videolarda ərizəçinin böhtan xarakterli çıxışlarından çıxarışları və onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan Facebook-da yayılmış məqalənin ingilis və ya fransız dilinə tərcümələrini, stenoqramlarını təqdim etsinlər.