© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (www.coe.int/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
BÖYÜK PALATA
KONONOV LATVİYAYA QARŞI
(KONONOV v. LATVIA)
(Ərizə №36376/04)
QƏRAR
STRASBURQ
17 may 2010-cu il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Kononov Latviyaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Jan-Pol Kosta (Jean-Paul Costa),
hakimlər
Kristos Rozakis (Christos Rozakis),
Nikolas Bratza (Nicolas Bratza),
Peer Lorensen (Peer Lorenzen),
Fransuaz Tulkens (Françoise Tulkens),
Xosep Kasadeval (Josep Casadevall),
İreneu Kabral Baretto (Ireneu Cabral Barreto),
Din Şpilmann (Dean Spielmann),
Renate Yeger (Renate Jaeger),
Sverre Erik Yebens (Sverre Erik Jebens),
Draqolyub Popoviç (Dragoljub Popović),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Ledi Bianku (Ledi Byanku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Mihai Poalelungi (Mihai Poalelunqi),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
ad hoc hakim
Alan Voqan Lou (Alan Vaughan Lowe)
və məhkəmə katibinin müavini Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2009-cu il mayın 20-də və 2010-cu il fevralın 24-də qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş Rusiya vətəndaşı cənab Vasili Kononov (bundan sonra – «ərizəçi») tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra – «Konvensiya») 34-cü maddəsinə müvafiq olaraq 2004-cü il avqustun 27-də Latviya Respublikasına qarşı verilmiş ərizə (36376/04 nömrəli) əsasında başlanmışdır.
2. Ərizəçini Riqa şəhərində fəaliyyət göstərən vəkil cənab M. İoffe təmsil etmişdir. Latviya Hökumətini (bundan sonra – «Hökumət») onun səlahiyyətli nümayəndəsi xanım İ. Reyne təmsil etmişdir. Rusiya Federasiyasının Hökuməti Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq prosesdə üçüncü tərəf qismində iştirak etmək hüququndan istifadə edərək İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Rusiya Federasiyasının səlahiyyətli nümayəndəsi cənab Q. Matyuşkin tərəfindən təmsil edilmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, 1944-cu il mayın 27-də hərbi əməliyyatda iştiraka görə onun müharibə cinayətləri ilə əlaqədar məhkum edilməsi nəticəsində Konvensiyanın 7-ci maddəsi pozulmuşdur.
4. Ərizəyə baxılması Məhkəmənin keçmiş Üçüncü Bölməsinə tapşırılmışdır (Məhkəmə Qaydalarının 52-ci qaydasının 1-ci hissəsi). Həmin bölmə daxilində işə baxacaq Palatanın tərkibi (Konvensiyanın 27-ci maddəsinin 1-ci hissəsi) 26-cı Qaydanın 1-ci hissəsində nəzərdə tutulmuş qaydada təşkil edilmişdir. 2007-ci il sentyabrın 20-də sədr Boştyan M. Zupançiç (Boštjan M. Zupančič), hakimlər Korneliu Birsan (Corneliu Bîrsan), Elisabet Fura-Sandström, Alvina Gyulumyan, Eqbert Mayer (Egbert Myjer), David Tor Byorqvinsson (David Thór Björgvinsson) və İneta Ziemele, həmçinin Bölmənin məhkəmə katibi Santyaqo Kesadadan (Santiago Quesada) ibarət həmin Bölmənin Palatası işin qəbuledilənliyi və mahiyyəti üzrə məhkəmə iclasını keçirərək (54-cü qaydanın 3-cü hissəsi) ərizəni qismən qəbuledilən elan etmişdir.
5. 2008-ci il iyulun 24-də yuxarıdakı tərkibdə olmuş həmin Palata dörd səs lehinə, üç səs əleyhinə olmaqla Konvensiyanın 7-ci maddəsinin pozulması nəticəsinə gələrək ərizəçiyə kompensasiyanın ödənilməsini təyin etmişdir.
6. Cavabdeh Hökumətin 2008-ci il 24 oktyabr tarixli məktubunda işin Konvensiyanın 43-cü maddəsinə müvafiq olaraq Böyük Palataya göndərilməsini xahiş edilmişdir. 2009-cu il yanvarın 6-da Böyük Palatanın kollegiyası vəsatəti təmin etmişdir (Məhkəmə Qaydalarının 73-cü qaydası).
7. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2 və 3-cü hissələrinə və 24-cü Qaydaya müvafiq olaraq müəyyən edilmişdir. Latviya adından seçilmiş hakim İneta Ziemele Böyük Palatada işə baxılmasında özü özünə etiraz etmiş (28-ci qayda) və cavabdeh Hökumət Oksford Universitetinin ümumi beynəlxalq hüquq professoru cənab Voqan Lounu ad hoc hakim təyin etmişdir (Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsi və 29-cu qaydanın 1-ci hissəsi). Keçmiş Üçüncü Bölmənin sədri, hakim Boştyan Zupançiç həmçinin özü özünə etiraz etmiş və ehtiyat hakimi Neboyşa Vuçiniç onu əvəz etmişdir.
8. Böyük Palata sədrinin 2009-cu il 6 aprel tarixli məktubunda Litva Hökumətinə iş üzrə yazılı izahatları təqdim etməyə icazə verilmişdir (Məhkəmə Qaydalarının 44-cü qaydasının 3-cü hissəsinin «a» bəndi). Rusiya Federasiyasının Hökuməti həmçinin Böyük Palatada iştirak etmək hüququndan istifadə etmişdir (Məhkəmə Qaydalarının 44-cü qaydası).
9. Ərizəçi və cavabdeh Hökumət işin mahiyyətinə dair arayış, Rusiya Federasiyası və Litva hökumətləri isə üçüncü tərəf şərhlərini təqdim etmişlər.
10. Məhkəmə iclası 2009-cu il mayın 20-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
xanım I. REİNE, səlahiyyətli nümayəndə,
xanım K. İNKUŞA,
V. ŞABAS, Məsləhətçilər,
(b) ərizəçi tərəfindən
cənab M. İOFFE, Vəkil,
xanım M. ZAKARİNA,
cənab Y. LARİNE Məsləhətçilər,
(c) Rusiya Federasiyası Hökuməti tərəfindən
cənab Q. MATYUŞKİN, səlahiyyətli nümayəndə,
cənab N. MİXAYLOV,
cənab P. SMİRNOV, Məsləhətçilər.
Məhkəmə iclasında cənab İoffe, xanım Reyne, cənab Şabas və cənab Matyuşkin çıxış etmişlər.
11. Böyük palatanın sədri məhkəmə iclasının keçirildiyi tarixdə ərizəçinin əlavə izahatlarını işə əlavə etmiş və bundan sonra cavabdeh Hökumət, habelə Rusiya Federasiyasının Hökuməti həmin izahatlara cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
12. Ərizəçi 1923-cü ildə Latviyanın Ludza rayonunda anadan olmuşdur. O, Latviya vətəndaşı olmuş, 2000-ci ildə isə Rusiya Prezidentinin xüsusi fərmanı ilə o, Rusiya vətəndaşlığına qəbul edilmişdir.
A. 1944-cü il mayın 27-dək baş vermiş hadisələr
13. 1940-cı ilin avqust ayında Latviya «Latviya Sovet Sosialist Respublikası» («Latviya SSR») adı ilə Sovet Sosialist Respublikaları İttifaqına («SSRİ») daxil olmuşdur. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etmişdir. Alman qoşunlarının hücumu SSRİ qoşunlarını Baltik bölgəsini tərk edərək Rusiya istiqamətində geri çəkilməyə məcbur etmişdir.
14. O zaman sərhəd yanında yaşamış ərizəçi Rusiya qoşunları ilə geri çəkilmişdir. 1941-ci il iyulun 5-nə Latviyanın tam ərazisi Alman qoşunları tərəfindən zəbt edilmişdir. Ərizəçi SSRİ-yə gəldikdən sonra, 1942-ci ildə Sovet Ordusuna hərbi xidmətə çağırılmışdır. O, Latviya diviziyasının ehtiyat polkuna təhkim edilmişdir. 1942-1943-cü illərdə o, təxribat əməliyyatlar üzrə xüsusi təlim keçmiş, burada cəbhə arxasında təxribat qruplarının basqınlarını təşkil etməyə və onlara başçılıq etməyə öyrənmişdir. Təlimin yekununda ona serjant rütbəsi verilmişdir. 1943-cü ilin iyun ayında o, iyirmiyə yaxın əsgər ilə birlikdə o zaman Alman işğalı altında olan, Latviya ilə sərhədə yaxın Belarus ərazisinə, yəni anadan olduğu bölgəyə paraşütlə göndərilmişdir. Ərizəçi «Qırmızı partizanlardan» (Alman qoşunlarına qarşı partizan müharibəsini aparmış Sovet hərəkatı) ibarət Sovet təxribat qrupuna qoşulmuşdur. 1944-cü ilin mart ayında o, onun iki bilavasitə rəisi tərəfindən tağım komandiri təyin edilmişdir ki, ərizəçiyə görə onun başlıca vəzifələrinə hərbi qurğuları, rabitə xətlərini və Alman təchizat nöqtələrini şaradan çıxarma, qatarları relsdən çıxarma və yerli əhali arasında siyasi təbliğat aparma daxil olmuşdur. O, iddia etmişdir ki, 16 hərbi qatarı relsdən çıxarmış və 42 Alman hərbi obyektini partlatmışdır.
B. Milli məhkəmələrin müəyyən etdiyi kimi, 1944-cü il mayın 27-də baş vermiş hadisələr
15. 1944-cü ilin fevral ayında Alman qoşunları Mazie Bati kəndində Meykuls Krupniksin anbarında gizlənmiş, mayor Çuqunovun başçılıq etdiyi Qırmızı partizanlar qrupunu ifşa edərək məhv etmişdir. Alman hərbi administrasiyası Mazie Bati kəndinin bəzi sakinlərini silah ilə təmin edərək, hər birinə tüfəng və iki qumbara vermişdir. Ərizəçi və onun dəstəsi kəndlilərdən almanların xeyrinə casusluq etməkdə və Çuqunovun adamların düşmənə təhvil verməkdə şübhələnmişdir. Onlar kəndlilərdən qisas almaq qərarına gəldilər.
16. 1944-cü il mayın 27-də ərizəçi və onun dəstəsi silahlanaraq və şübhələri aradan qaldırmaq üçün vermaxt hərbi formalarına geyinərək Mazie Bati kəndinə gəldilər. Kənd sakinləri Troitsa Bayramını qeyd etməyə hazırlaşmışlar. Dəstə bir neçə kiçik qruplara bölünərək ərizəçinin əmri ilə ayrı-ayrı evlərə basqın etmişdir.
17. Bir neçə partizan kəndli Modests Krupniksin evinə basqın edərək orada aşkar olunmuş silahları götürüb və ona həyətə çıxmağı əmr etdilər. O, onun uşaqlarının gözü qabağında öldürməməyi xahiş etdikdə, onlar ona meşə istiqamətində qaçmağı əmr edib və o, qaçdıqda atəş açdılar. Ağır xəsarət almış Krupniks meşənin kənarında qalmış və səhər vəfat etmişdir.
18. Qırmızı Partizanların digər iki qrupu digər iki kəndli Meykuls Krupniks və Ambrozs Bulsun evlərinə basqın etmişdir. Meykuls Krupniks hamamda aşkar edilib amansızcasına döyüldü. Partizanlar iki kəndlinin evlərində aşkar edilmiş silahları Meykuls Krupniksin evinə gətirdilər. Orada onlar Ambrozs Bulsa, Meykuls Krupniksə və onun anasına avtomatlardan bir neçə güllə qatarı buraxdılar. Meykuls Krupniks və onun anası ağır xəsarət aldılar. Bundan sonra, partizanlar evin və həyətdəki bütün tikililərin üstünə benzin töküb yandırdılar. Krupnuksin hamiləliyin doqquzuncu ayında olmuş arvadı qaşa bildi, lakin partizanlar tərəfindən tutularaq evin pəncərəsindən alovun işinə tulladılar. Gələn səhər sağ qalmış kənd sakinləri dörd şəxsin yanmış cəsədlərini aşkar etdilər. Xanım Krupniksin cəsədi onun yanında olmuş yanmış uşaq skeletinə görə müəyyən edilmişdir.
19. Partizanların dördüncü qrupu Vladislavs Şkirmantsın evinə basqın edərək onu yataqda biryaşlı oğlu ilə birlikdə aşkar etdilər. Onun şkafında tüfənglə iki qumbaranı aşkar etdikdən sonra onlar Şkirmantsa həyətə çıxmağı əmr etdilər. Daha sonra onun arvadının evdən çıxmağının qarşısını almaq üçün onlar qapını bayırdan bağlayıb onu həyətin uzaq guşəsinə apararaq güllələdilər. Beşinci qrup Yulians Şkirmantsın evinə basqın etmişdir. Tüfəngi və iki qumbaranı aşkar edib götürdükdən sonra partizanlar onu anbara aparıb orada öldürdülər. Altıncı qrup Bernards Şkirmantsın evinə basqın edib orada aşkar olunmuş silahları götürdü. Daha sonra onlar Şkirmantsı öldürüb və onun arvadını yaralayıb həyəti yandırdılar. Şkirmantsın arvadı öz ərini cəsədi ilə birlikdə yanmışdır.
20. Bundan başqa, prokurorluq həmçinin partizanlar tərəfindən kəndin talan edilməsini (pal-paltar və ərzaq məmulatlarını oğurlama) iddia etmiş, lakin Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyası (bundan sonra – «Cinayət İşləri üzrə Kollegiya») və Ali Məhkəmənin Senatı silahların götürməsi ilə əlaqədar müəyyən nəticələrə gələrək, digər əşyaların oğurlanması ilə bağlı hər hansı nəticəyə gəlməmişdir.
C. Hadisələrə dair ərizəçinin rəvayəti
21. İşə Palatada baxılması zamanı ərizəçi milli məhkəmələrin müəyyən etdiyi faktiki halları mübahisələndirərək aşağıdakıları bildirmişdir.
22. O, hesab etmişdir ki, öldürülmüş bütün kənd sakinləri 1944-cü ilin fevral ayında mayor Çuqunovun tağımını (o cümlədən qadınları və balaca uşağı) almanlara təslim etmiş kollaborasionist və satqın idilər: üç qadın (Meykuls Krupniksin anası və arvadı, Bernards Şkirmantsın arvadı) Çuqunovun tağımını vermaxt hissələrinin kənddən uzaq olmasında inandırmış, Şkirmants isə Krupniksi alman qoşunlarına xəbər verməyə göndərmişdir. Alman əsgərləri kəndə gələrək avtomatlardan anbara (Çuqunovun dəstəsinin gizlənildiyi) alovlandırıcı güllələrlə atəş açaraq onu yandırmışlar. Çuqunovun qrupundan olan hər hansı şəxs qaçmağa cəhd etdikdə öldürülmüşdür. Krupniksin anası cəsədlərdən paltarları çıxarmışdır. Alman hərbi komandanlığı kənd sakinlərini mükafatlandıraraq onlara odun, qənd, spirt və pul vermişdir. Meykuls Krupniks və Bernards Şkirmants şutsman (Schutzmänner) – Alman yardımçı polisin əməkdaşları olmuşlar.
23. 1944-cü il mayın 27-də baş vermiş hadisələrdən təxminən bir həftə qabaq ərizəçi və tağımın bütün əsgərləri rəisini yanına çağırıldı. O, bildirdi ki, müvəqqəti hərbi məhkəmə Çuqunovun adamlarına qarşı xəyanətdə iştirak etmiş Mazie Bati kəndinin sakinləri barəsində hökm çıxardı, onların tağımı isə əmri icra etməli idi. Daha dəqiq olaraq, onlardan «Mazie Batidən altı şutzmanın məhkəməyə təhvil verilməsi» tələb edilirdi. Ərizəçi iddia etmişdir ki, o, əməliyyata başçılıq etməkdən imtina etdi (kənd sakinləri onu uşaqlıqdan tanımış və buna görə o, qonşu kənddə yaşamış valideynlərin təhlükəsizliyinə görə qorxmuşdur). Buna görə rəis əməliyyatı başqa partizana tapşırmış və həmin şəxs Mazie Bati əməliyyatı zamanı əmrlər vermişdir.
24. 1944-cü il mayın 27-də ərizəçi dəstə üzvlərinin ardınca getdi. O, kəndə daxil olmadı, lakin kolluqda gizlənərək Modests Krupniksin evini görə bilirdi. Bundan bir az sonra o, qışqırtı və atəş səsi eşidib tüstü gördü. On beş dəqiqə sonra partizanlar tək qayıtdılar. Onlardan birisinin əli yaralı idi. Başqası kənd sakinlərinin evlərindən götürülmüş altı tüfəng, on qumbara və çoxlu sayda patron daşımışdı. Sonradan dəstənin əsgərləri ona dedilər ki, onlar əməliyyatı yerinə yetirmək imkanında olmamış, çünki kənd sakinləri «onlara atəş açaraq qaçdılar, almanlar isə kəndə gəldilər». O, dəstə tərəfindən Mazie Bati kəndinin qarət edilməsini inkar etmişdir. Bazaya qayıtmış partizanlar axtarışda olan şəxslərin tutulmadığına görə rəis tərəfindən ciddi töhmət aldılar.
D. Sonrakı hadisələr
25. 1944-cü ilin iyul ayında Qızıl Ordu Latviyaya daxil olmuş, 1945-ci il mayın 8-də isə Latviya ərazisi SSRİ qoşunlarının nəzarətinə keçmişdir.
26. Müharibə qurtardıqdan sonra ərizəçi Latviyada qaldı. Hərbi xidmətə görə o, SSRİ-nin ən yüksək mükafatı – Lenin Ordeni ilə təltif edilmişdir. 1946-cı ilin noyabr ayında o, Sovet İttifaqının Kommunist Partiyasına üzvlər sırasına daxil olmuşdur. 1957-ci ildə o, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirmişdir. Sonradan, 1988-ci ildə pensiyaya çıxana qədər Sovet milis sistemində müxtəlif vəzifələrdə çalışmışdır.
27. 1990-cı il mayın 4-də Latviya SSR Ali Şurası «Latviya Respublikası müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannaməni» qəbul edərək 1940-cı ildə Latviyanın SSRİ-yə daxil edilməsini qanunsuz və etibarsız elan etmiş və 1922-ci il Konstitusiyasının əsas müddəalarının qüvvəsini bərpa etmişdir. Həmin gün Ali Şura tərəfindən «Latviya Respublikasının insan hüquqlarına dair sənədlərə qoşulması haqqında Bəyannamə» qəbul edilmişdir. «Qoşulmaqla» müvafiq sənədlərdə təsbit edilmiş dəyərlərin təntənəli, birtərəfli surətdə qəbul edilməsi nəzərdə tutulmuşdur: bəyanatda qeyd edilmiş konvensiyaların əksəriyyəti müəyyən edilmiş qaydada Latviya tərəfindən sonradan imzalanmış və təsdiq edilmişdir.
28. İki uğursuz dövlət çevrilişi cəhdindən sonra, 1991-ci il avqustun 21-də Ali Şura «Latviya Respublikasının dövlət statusu haqqında» Konstitusiya Aktını qəbul edərək Latviyanın tam və təxirəsalınmaz müstəqilliyini bəyan etmişdir.
29. 1996-cı il avqustun 22-də Latviya Parlamenti «Latviyanın işğalı haqqında Bəyannaməni» qəbul etmişdir. Bəyanatda 1940-cı ildə Latviya ərazisinin SSRİ tərəfindən zəbt edilməsi «hərbi işğal» və «qanunsuz birləşmə» kimi göstərilmişdir. İkinci Dünya Müharibəsi nəticəsində ərazinin SSRİ-nin nəzarətinə keçməsi «işğal rejiminin bərqərar edilməsi» kimi göstərilmişdir.
E. Ərizəçinin məhkum edilməsi
1. Birinci ibtidai istintaq və məhkəmə baxışı
30. 1998-ci ilin iyul ayında Latviyada yerləşən Totalitarizmin Nəticələrinə dair Sənədlər Mərkəzi istintaq materiallarını (1944-cü il mayın 27-də baş vermiş hadisələr üzrə) Latviyanın Baş Prokurorluğuna göndərmişdir. 1998-ci ilin avqust ayında ərizəçiyə qarşı müharibə cinayətləri ilə bağlı ittiham irəli sürülmüşdür. 1998-ci ilin oktyabr ayında o, Riqa Mərkəzi rayonunun birinci instansiya məhkəməsi qarşısına gətirilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. 1998-ci ilin dekabr ayında ittiham aktı tərtib edilmiş və iş Riqa Dairə Məhkəməsinə göndərilmişdir.
31. 2000-ci il yanvarın 21-də Riqa Dairə Məhkəməsində işə baxılmışdır. Ərizəçi öz təqsirini boynuna almamışdır. O, 1944-cü il mayın 27-də baş vermiş hadisələr barədə öz ifadələrini təkrarlayaraq vurğulamışdır ki, basqın nəticəsində zərərçəkmiş şəxslər silahlı şutsman olmuşlar. O, hadisələrdə birbaşa iştirak etməsini inkar etmişdir: bunun əksinə məlumat vermiş müxtəlif sənədlər (o cümlədən qəzet məqalələri) ilə əlaqədar o, izah etmişdir ki, o zaman məşhur olmaq və müəyyən imtiyazlardan faydalanmaq üçün qəsdən tarixin təhrifinə yol vermişdir.
32. Dairə Məhkəməsi nəticəyə gəlmişdir ki, işin materiallarında onun təqsirinin kifayət qədər sübutları olmuş və ərizəçi Nürnberq Beynəlxalq Hərbi Tribunalının («BHT») Nizamnaməsində, 1907-ci il IV Haaqa Konvensiyasında və 1949-cu il IV Cenevrə Konvensiyasında təsbit edilmiş normalara zidd əməllər törətmişdir. Ərizəçi 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib altı il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ərizəçi və prokurorluq hökmdən şikayət vermişlər.
33. Cinayət İşləri üzrə Kollegiyanın 2000-ci il 25 aprel tarixli qərarı ilə hökm ləğv olunaraq işin materialları iş üzrə əlavə istintaq hərəkətlərinin aparılması məqsədi ilə Baş Prokurorluğa göndərilmişdir. Kollegiya hesab etmişdir ki, Dairə Məhkəməsi hökmü lazımı qədər əsaslandırmamış, xüsusilə Dairə Məhkəməsi həlledici məsələlərə, o cümlədən Mazie Bati kəndinin «işğal edilmiş ərazidə» olub-olmaması, ərizəçinin və zərərçəkmiş şəxslərin müvafiq olaraq «döyüşçü» və «qeyri-döyüşçü» sayıla bilib-bilinməməsi, habelə kənd sakinlərinin Alman hərbi administrasiyası tərəfindən silahla təchiz edilməsinə görə onların həbs edilməsi nəticəsində «hərbi əsir» olub-olmaması məsələlərinə aydınlıq gətirməmişdir. Bundan əlavə, prokurorluq tarix və beynəlxalq cinayət hüququ üzrə mütəxəssisləri cəlb etməli idi. Kollegiya ərizəçinin dərhal azad edilməsi barədə qərar qəbul etmişdir.
34. Ali Məhkəmə Senatının 2000-ci il 27 iyun tarixli qərarı ilə prokurorluğun protesti təmin edilməmiş, lakin hüquq məsələlərinin yalnız məhkəmələr tərəfindən həll edilməli olduğuna görə mütəxəssisləri cəlb etmək tələbi ləğv edilmişdir.
2. İkinci ibtidai istintaq və məhkəmə baxışı
35. İş üzrə yeni istintaq aparıldıqdan sonra 2001-c i il mayın 17-də ərizəçiyə qarşı 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham irəli sürülmüşdür.
36. Latqale Dairə Məhkəməsi işə baxmış və 2003-cü il 3 oktyabr tarixli hökmü ilə ərizəçiyə müharibə cinayətləri ilə əlaqədar bəraət qazanmış, lakin 1961-ci il Cinayət Məcəlləsinin 72-ci maddəsində üç ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan banditizmin törədilməsində təqsirli bilinmişdir.
1940-cı ildə baş vermiş hadisələr və Alman işğalı nəticəsində Latviyanın düşdüyü vəziyyəti təhlil edərək Dairə Məhkəməsi nəticəyə gəlmişdir ki, ərizəçi «işğalçı qüvvələrin təmsilçisi» sayıla bilməz. Əksinə, o, ölkənin nasist Almaniyanın işğalçı qüvvələrindən azad olunması naminə vuruşmuşdur. Latviyanın SSRİ-yə daxil olmasını nəzərə alaraq ərizəçinin əməlləri Sovet qanunvericiliyi baxımından nəzərdən keçirilməli idi. Bundan əlavə, o, əsaslı şəkildə qabaqcadan xəbərdar ola bilməzdi ki, bir gün o, «Sovet işğalçı qüvvələrinin təmsilçisi» sayıla bilər. Mazie Bati əməliyyatı ilə əlaqədar olaraq Dairə Məhkəməsi razılaşmışdır ki, kənd sakinləri Alman hərbi administrasiyası ilə əməkdaşlıq edərək Çuqunovun Qırmızı Partizanlar qrupunu vermaxt qüvvələrinə təslim etmiş, kəndə basqın isə Qırmızı Partizanlar bölməsində yaradılmış müvəqqəti hərbi məhkəmənin hökmünə əsasən törədilmişdir. Dairə Məhkəməsi həmçinin razılaşmışdır ki, Mazie Bati kəndinin altı sakininin ölümü müharibə rejimi baxımından zəruri və əsaslandırılmış sayıla bilərdi. Eyni zamanda, Dairə Məhkəməsi müəyyən etmişdir ki, bu, üç qadının öldürülməsini və kənd tikililərinin yandırılmasını bəraət qazandırmamış və dəstənin komandiri olmuş ərizəçi bu əməllərə görə məsuliyyət daşımışdır. Nəticədə, ərizəçi və onun adamları müvəqqəti hərbi məhkəmənin hökmündən kənara çıxdığına görə banditizm əməllərini törətmiş, bu əməllərə görə tam məsuliyyət daşımış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir.
37. Hər iki tərəf Cinayət İşlər üzrə Kollegiyaya şikayət etmişdir. Ərizəçi o cümlədən Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə istinad edərək və onun barəsində qanun müddəalarının geriyə şamil edilməsini iddia edərək bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Prokurorluq bildirmişdir ki, Dairə Məhkəməsi işin faktiki halları və hüquq məsələləri ilə bağlı bir sıra səhvlərə yol vermişdir: Latviyanın SSRİ-yə daxil olmasının Latviyanın 1922-ci il Konstitusiyasına və beynəlxalq hüquqa zidd olması və buna görə qanunsuz olması, həmçinin Latviya Respublikasının de jure mövcud olması faktı nəzərə alınmamışdır. Buna görə də ərizəçinin törətdiyi əməllər Sovet qanunvericiliyinə əsasən deyil, Latviya qanunvericiliyinə və beynəlxalq hüquqa əsasən təhlil edilməlidir. Daha sonra, prokurorluq işdəki sübutların Dairə Məhkəməsi tərəfindən qiymətləndirilməsi qaydasını tənqid etmişdir. Prokurorluğun fikrincə, məhkəmənin hökmü ərizəçinin hər hansı sübutla təsdiq olunmayan və toplanmış sübutların mahiyyətinə zidd olan dəlillərinə, o cümlədən Mazie Bati kənd sakinlərinin Alman hərbi administrasiyasının silahlı əməkdaşları olaraq Çuqunovun adamlarının vermaxt qüvvələrinə təslim etməsi, ərizəçinin partizan dəstəsində müvəqqəti hərbi məhkəmənin yaradılması, həmçinin Mazie Bati əməliyyatı məqsədinin kənd sakinlərinin qəsdən öldürülməsi deyil, onların həbs edilməsindən ibarət olması barədə ərizəçinin dəlillərinə əsaslanmışdır.
38. Cinayət İşlər üzrə Kollegiyanın 2004-cü il 30 aprel tarixli qərarı ilə prokurorluğun protesti təmin edilərək Latqale Dairə Məhkəməsinin hökmü ləğv edilmiş, ərizəçi 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Kollegiya sübutları yenidən qiymətləndirərək aşağıdakıları qeyd etmişdir:
«… Belə ki, V. Kononov və onun başçılıq etdiyi xüsusi qrupunun partizanları kənd sakinlərinə özünümüdafiə məqsədləri ilə verilmiş silahları oğurlamış, kəndin doqquz sakinini öldürmüş, onlardan altısını, o cümlədən biri hamiləliyin son mərhələsində olan daxil olmaqla üç qadını diri-diri yandırmışlar. Həmçinin, onlar iki həyəti yandırmışlar.
Döyüş əməliyyatlarında iştirak etməyən Mazie Bati kəndinin həmin sakinlərinə hücum etməklə, onların silahlarını oğurlamaqla və onları öldürməklə V. Kononov və başçılıq etdiyi partizanlar dəstəsi … aşağıdakı sənədlərdə təsbit edilmiş müharibəni qanunlarını və adətlərini kobud surətdə pozmuşlar:
– Bütün sivil ölkələr üçün məcbur olan və mülki əhalinin nümayəndələrini vəfasızlıqla öldürülməsi və ya xəsarət yetirilməsi qadağan edilən Qurudakı müharibənin qanunları və adətlərinə dair 1907-ci il <18> oktyabr tarixli Haaqa Konvensiyasının 23cü maddəsinin birinci hissəsinin «b» bəndi; müdafiə olunmayan kəndlərə, yaşayış evlərinə və ya tikililərə hər hansı üsulla hücumlar qadağan edilən <1907-ci il IV Haaqa Konvensiyasının> 25-ci maddəsi; habelə ailə nüfuzu və hüquqları, şəxslərin həyatı və şəxsi əmlakına hörmət etmək öhdəliyi təsbit edilən <1907-ci il IV Haaqa Konvensiyasının> 46-cı maddəsinin birinci hissəsi.
– döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin həyata və sağlamlığa qəsd, xüsusən adamöldürmənin bütün növləri, bədən xəsarəti yetirmə, qəddar rəftar və ya işgəncəyə məruz qalması qadağan edilən Müharibə zamani mülki şəxslərin müdafiəsinə dair 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını 3-cü maddəsinin 1-ci hissəsinin «a» bəndi; müvafiq qaydada təsis edilmiş, sivil xalqların zəruri saydıqları prosessual təminatların tətbiq olunduğu məhkəmə tərəfindən çıxarılan hökm olmadan şəxsin cəzaya məhkum edilməsi və cəzanın icra olunmasının qadağan edilməsi nəzərdə tutulan <həmin hissənin> «d» bəndi; himayə altında olan şəxslərin öldürülməsi, işgəncəyə məruz qalması və digər formada qəddarlıq qadağan edilən 32-ci maddə; həmçinin himayə altında olan heç bir şəxsin şəxsən törətmədiyi cinayətə görə cəzaya məruz qala bilməməsi nəzərdə tutulan və himayə altında olan şəxslərə və onların əmlakına münasibətdə kollektiv cəzalar, hər hansı hədələmə, soyğunçuluq və qisas alma qadağan edilən 33-cü maddə.
– mülki əhalinin, habelə ayrı-ayrı mülki şəxslərin hücum obyekti olmaması nəzərdə tutulan və mülki əhali arasında terror yaymaq məqsədini daşıyan əməllər və ya hədələr qadağan edilən 1977-ci il iyunun 8-də qəbul edilmiş, <yuxarıda göstərilən> Konvensiyaya əlavə olunan, beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair protokolun 51-ci maddəsinin 2-ci hissəsi; müəyyən hərbi obyektə qarşı yönəlməyən qarışıq hücumlar qadağan edilən <həmin maddənin> 4-cü hissəsinin «a» bəndi; qisas alma yolu ilə mülki əhaliyə və ya mülki şəxslərə qarşı hücumlar qadağan edilən <həmin maddənin> 6-cı hissəsi; şəxslərin həyatına, sağlamlığına və ya fiziki və ya psixi vəziyyətinə qarşı zorakılıq, xüsusən adamöldürmə, fiziki və ya psixi işgəncənin bütün növləri və bədən xəsarəti yetirmə qadağan edilən 75-ci maddənin 2-ci hissəsinin «a» bəndi; və kollektiv cəzalar qadağan edilən <həmin hissənin> «d» bəndi.
Xüsusi amansızlıq və qəddarlıqla davranaraq və hamilə kəndlini yandırmaqla <…> V. Kononov və onun dəstəsi hamilə qadınların xüsusi mühafizə və hörmət obyekti olması nəzərdə tutulan Cenevrə Konvensiyasının 16-cı maddəsində təsbit edilmiş müharibə qanun və adətlərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişlər.
Eyni surətdə, kənd sakinləri … Meykuls Krupniks və Bernards Şkirmantsa məxsus <yaşayış> evlərini və digər tikililəri yandırmaqla V. Kononov və onun dəstəsi hərbi əməliyyatlar üçün tam zəruri olmadıqda daşınmaz əmlakı dağıtma qadağan edilən həmin Konvensiyanın 53-cü maddəsinə, habelə mülki əmlakın hücum və ya qisas obyekti olmaması nəzərdə tutulan … birinci Əlavə Protokolunun 52-ci maddəsinə zidd əməllər törətmişlər. …
Yuxarıdakılar nəzərə alınaraq V. Kononov və onun adamları tərəfindən törədilmiş əməllər Nürnberq Beynəlxalq Hərbi Tribunalı Nizamnaməsinin 6-cı maddəsinin «b» bəndinin ikinci abzası mənasında müharibə cinayəti kimi tövsif edilməlidir ki, işğal altındakı ərazidə mülki şəxsləri öldürmə və ya onlara işgəncə vermə, şəxsi əmlakı talan etmə, kəndləri əsassız olaraq dağıtma, yaxud hərbi zərurət olmadan viran etmə müharibə qanun və adətlərinin pozuntusunu, yəni müharibə cinayətlərini təşkil edir.
V. Kononov və onun partizan dəstəsi tərəfindən törədilmiş əməllər həmçinin <…> Cenevrə Konvensiyasının <…> 147-ci maddəsi mənasında «ciddi pozuntu» kimi tövsif edilməlidir <…>
Nəticə etibarilə, V. Kononov Cinayət Məcəlləsinin 68-3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlidir <…>
İşin materiallarından görünür ki, öldürülmüş şəxslərin sağ qalmış ailə üzvləri müharibədən sonrakı dövrdə amansızcasına təqib edilmiş və repressiyalara məruz qalmışlar. Latviya müstəqilliyinin bərpa edilməsindən sonra öldürülmüş bütün şəxslər bəraət qazanmışlar. Onların reabilitasiya haqqında şəhadətnamələrində bildirilmişdir ki, onlar «sülh və ya insanlığa qarşı cinayətlər, cinayət qaydasında cəza təyin edilən əməlləri» törətməmiş «<…> və ya Nasist rejiminin həyata keçirdiyi <…> siyasi repressiyalarda <…> iştirak etməmişlər» <…>
Hesab edilməlidir ki, V. Kononova münasibətdə döyüşçülərin, yəni döyüş əməliyyatlarında bilavasitə iştirak etmək hüququ olan şəxslərin münaqişə tərəfinin silahlı qüvvələrinin üzvləri olması nəzərdə tutulan <…> Cenevrə Konvensiyasına əlavə olunan Birinci Protokolun 43-cü maddəsinin qüvvəsi şamil edilməlidir.
İkinci Dünya Müharibəsi zamanı V. Kononov müharibə edən tərəfin, <yəni> SSRİ-nin silahlı qüvvələrinin üzvü olmuş və onun təşkil etdiyi döyüş əməliyyatlarında fəal iştirak etmişdir.
V. Kononov cəbhə arxasında döyüşmək və orada partlayışlar təşkil etmək əmrinə əsasən xüsusi tapşırıqla Latviyaya göndərilmişdir.
V. Kononovun başçılıq etdiyi tağım könüllülər qrupu sayıla bilməz, çünki müharibə edən tərəflərin birinin (SSRİ) silahlı qüvvələri onu təşkil edilmiş və ona rəhbərlik etmişdir; bu, işin materiallarında sübut edilir. Eyni qaydada, V. Kononovun ittiham edildiyi cinayət törədildiyi zaman o, həmçinin döyüşçü kimi fəaliyyət göstərmiş, müharibə edən tərəfin silahlı qüvvələrinin tərkib hissəsi kimi döyüş əməliyyatlarında iştirak etmək hüququ olan silahlı qrupa başçılıq etmişdir. <…>
V. Kononov SSRİ tərəfindən işğal edilmiş Latviya ərazisində döyüşmüş, həmin dövrdə isə ikiqat işğalın (digər işğalçı dövlət Almaniya olmuşdur) olması faktı, yaxud SSRİ-nin antihitler koalisiyasına daxil olması faktı onun müharibə cinayətkarı statusuna təsir göstərmir <…>
Cinayət İşləri üzrə Kollegiya hesab edir ki, Mazie Bati kəndində öldürülmüş bütün kəndlilər Cinayət Məcəlləsinin 68-3-cü maddəsinin <…> və beynəlxalq hüquq müddəalarının mənasında mülki şəxslər sayılmalıdır.
Cenevrə Konvensiyasına əlavə olunan Birinci Protokolun 50-ci maddəsinə müvafiq olaraq, <…> mülki şəxs həmin Protokolun 43-cü maddəsində və ya Konvensiyanın 4-cü maddəsinin «A» hissəsində müəyyən edilmiş şəxslər kateqoriyasına aid edilməyən şəxsdir.
<Müəyyən> şəxslər kateqoriyalarını səciyyələndirən və onları mülki şəxslər anlayışından istisna edən, yuxarıda göstərilən maddələrdə qeyd edilən əlamətlər öldürülmüş kəndlilərə şamil edilmir.
Silah və döyüş sursatı əldə etmə nə onları döyüşçü edir, nə də onların döyüş əməliyyatlarını həyata keçirmək niyyətində olmasına dəlalət edir. <…>
Müəyyən edilmişdir ki, <…> Çuqunovun partizanlar qrupu Alman hərbi dəstə tərəfindən ifşa edilmişdir; bu, həmçinin qərargah sənədlərlə təsdiq edilir <…>
İşin materiallarında kəndlilərin bu əməliyyatda iştirak etməsinə dəlalət edən heç bir sübut yoxdur.
Meykuls Krupniksin onun anbarında partizanların gizlənməsi barədə almanlara xəbər verməsi onu «mülki şəxslər» kateqoriyasından istisna etmir.
Cənab Krupniks Almaniya tərəfindən işğal edilmiş ərazidə yaşamış və, şübhə yoxdur ki, müharibə zamanı onun həyətində partizanların gizlənməsi həm onun, həm də ailəsi üçün təhlükə törədirdi. <…>
Kənd sakinlərinin öz evlərində silah saxlanması və gecələr <müntəzəm surətdə> keşik çəkməsi onların döyüş əməliyyatlarında iştirak etməsinə işarə etmir, əksinə, hücumdan əsl qorxunun olmasına dəlalət edir.
Müharibə və ya sülh zamanı bütün vətəndaşların həyat üçün təhlükə olduqda özlərini və ailələrini müdafiə etmək hüququ vardır.
İşin materiallarından görünür ki, Qırmızı Partizanlar, o cümlədən Çuqunovun qrupu mülki şəxslərə qarşı zorakılıq tətbiq etmişlər; bununla da, mülki əhali arasında təhlükəsizliyə görə qorxu yaymışlar.
Zərərçəkmiş öz ifadəsində bildirmişdir ki, Qırmızı Partizanlar evlərə basqın edərək adətən ərzaq ehtiyatlarını talan etmişlər.
Komandirlər və <Ç.>-nin məruzələrində Qırmızı Partizanların cinayət fəaliyyəti qeyd edilərək göstərilmişdir ki, Qırmız Partizanlar yerli sakinləri qarət etmiş və öldürmüş, onlara qarşı digər cinayətləri törətmişlər. Bir çox insanlarda belə təsəvvür yaranmışdır ki, onlar əslində döyüşməklə deyil, basqınçılıqla məşğul olmuşlar. <…>
İşin materiallarından görünür ki, 1943 və 1944-cü illərdə Mazie Bati kəndində öldürülmüş kəndlilərdən <yalnız> Bernards Şkirmants və Latviya Milli Qvardiyanın (aizsargi) üzvləri olmuşlar. Hər hansı başqa zərərçəkmiş şəxsin bu və ya digər təşkilatın fəaliyyətində iştirak etməsinə dəlalət edən hər hansı məlumat arxivlərdə yoxdur <…>
Cinayət İşləri üzrə Kollegiya hesab edir ki, yuxarıda göstərilən şəxslərin Latviya Milli Qvardiyasının fəaliyyətində iştirak etməsi onların döyüşçü sayılması üçün əsas deyil, çünki onların <…> müharibə edən tərəfin təşkil etdiyi döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilməmişdir.
Müəyyən edilmişdir ki, <…> Mazie Bati kəndində heç bir Alman hərbi birləşməsi olmamış, kəndlilər heç bir hərbi vəzifə yerinə yetirməmiş, <əksinə> fermer idilər.
<Həmin> hadisələr zamanı onlar evlərində olmuş və Troitsa bayramını qeyd etməyə hazırlaşmışlar. Ölən şəxslər arasında (silahlı) kişilərdən başqa qadınlar, o cümlədən hamiləliyin son mərhələsində olan və <…> Cenevrə Konvensiyasına əsasən xüsusi mühafizə olunan bir qadın olmuşdur.
Öldürülən şəxslərin mülki şəxslər kimi müəyyən edilməsində Cinayət İşlər üzrə Kollegiyanın heç bir şübhəsi yoxdur; eyni zamanda, hətta şübhə olduğu təqdirdə, Cenevrə konvensiyasına əlavə olunan Birinci Protokolda deyilir ki, şübhə olduqda hər kəs mülki şəxs sayılmalıdır. <…>
Latviyanın 1907-ci il Haaqa Konvensiyasına qoşulmadığına görə həmin sənədin müddəaları pozuntunun <müəyyən edilməsinin> əsasını təşkil edə bilməz.
Müharibə cinayətləri qadağan edilir və bunların törədilməsində təqsirli olan hər kəsin məhkum edilməsi bütün ölkələrdən tələb edilir, çünki münaqişə tərəflərinin beynəlxalq müqavilələrə tərəfdar çıxmasından asılı olmayaraq bu cinayətlər beynəlxalq hüququn tərkib hissəsini təşkil edir. <…>»
39. Cinayət İşləri üzrə Kollegiya kifayət qədər sübut edilməmiş iki ittiham, yəni ərizəçi tərəfindən qəsdən adam öldürmə və işgəncə vermə üzrə cinayət təqibinə xitam vermişdir. Ərizəçinin ağır cinayət törətməkdə təqsirli bilinməsini və o zaman ahıl, zəif olması və cəmiyyət təhlükəli olmamasını nəzərə alaraq Cinayət İşləri üzrə Kollegiya ərizəçini bir il səkkiz ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, həmin ibtidai həbs müddəti ilə əhatə edilmişdir.
40. Ali Məhkəmə Senatının 2004-cü il 28 sentyabr tarixli qərarı ilə ərizəçinin şikayəti təmin edilməmişdir:
«<…> V. Kononovun SSRİ tərəfindən işğal edilmiş ərazidə döyüşçü olması və müvafiq cinayətlər törətməsini müəyyən edərkən Cinayət İşləri üzrə Kollegiya öz qərarını Latviya Respublikasının ali nümayəndəlik orqanlarının qərarları, müvafiq beynəlxalq konvensiyalar və bütövlükdə götürüldükdə cinayət-prosessual normalara uyğun qaydada yoxlanılmış və qiymətləndirilmiş digər sübutlar ilə əsaslandırmışdır.
Ali Şuranın <…> 1990-cı il 4 may tarixli «Latviya Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyanatında» etiraf edilmişdir ki, 1940-cı il iyunun 16-da keçmiş Stalinist SSRİ tərəfindən Latviya Respublikasına verilmiş ultimatum beynəlxalq cinayət sayılmalıdır – Latviya işğal edilmiş və nəticədə onun suveren hakimiyyəti ləğv edilmişdir. Latviya Respublikası dünya miqyasında əllidən artıq dövlət tərəfindən tanındığından o, beynəlxalq hüququn subyekti kimi mövcud olmaqda davam etmişdir <…>
Qərara mahiyyəti üzrə baxaraq Senat <…> hesab edir ki, Cinayət İşləri üzrə Kollegiya tərəfindən Cinayət Məcəlləsinin 68-3-cü maddəsinin V. Kononova şamil olunmasının müəyyən edilməsi ilə əlaqədar olaraq <…> SSRİ tərəfindən işğal edilmiş Latviya ərazisində döyüşçü və döyüşçü olmaqla onun tərəfindən mülki şəxslərdən, xüsusilə Mazie Bati kəndinin dinc sakinlərindən (o cümlədən doqquz nəfərin öldürülməsi <… və> onların əmlakının talan edilməsi <və ya> yandırılması) qisas almaq məqsədilə döyüş əməliyyatlarının hazırlanması və aparılması, bununla da müharibə qanun və adətlərinin pozulması nəzərə alınaraq onun əməlləri düzgün tövsif edilmişdir.
Apelyasiya instansiyası məhkəməsinin <düzgün> qeyd etdiyi kimi, nə İkinci Dünya Müharibəsi zamanı Latviya ərazisinin iki dövlət (onlardan biri Almaniya olmaqla; apelyasiya instansiyası məhkəməsinin sözləri ilə «ikiqat işğal») tərəfindən ardıcıl surətdə işğal edilməsi, nə də SSRİ-nin antihitler koalisiyasına daxil olması faktı V. Kononovun müharibə cinayətini törətməkdə təqsirli olmasına təsir göstərməmişdir.
V. Kononovun müvafiq müharibə cinayətini törətməkdə təqsirli bilinməkdə məhkəməsi tərəfindən <…> cinayət qanununun zamana görə qüvvəsinə dair Cinayət Məcəlləsinin 6-cı maddəsinin pozulması barədə şikayət ilə əlaqədar olaraq <… Senat> hesab edir ki, bu şikayət aşağıdakı əsaslarla rədd edilməlidir.
Məhkəmə qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsi V. Kononovun törətməkdə ittiham edildiyi müharibə cinayətlərinə münasibətdə konvensiyaların, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının <…>, və ona əlavə olunan 1977-ci il 8 iyun tarixli Protokolun <…> müddəalarını, onların qüvvəyə minməsi tarixindən asılı olmayaraq tətbiq etmişdir. <Bu,> Birləşmiş Millətlər Təşkilatının «Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında» 1968-ci il 26 noyabr tarixli Konvensiyasına uyğundur. SSRİ tərəfindən işğal edilmiş Latviya Respublikası bundan qabaq <müvafiq> qərar qəbul etmək imkanında olmamışdır. Apelyasiya instansiyası məhkəməsi cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi prinsipinə müraciət edərək beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun qərar qəbul etmiş və müvafiq cinayətləri törətməkdə təqsirli olan şəxsləri cinayətin törətməsi tarixindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb etmişdir.
Məhkəmə qərarında V. Kononovun törətməkdə ittiham edildiyi müharibə qanun və adətlərinin pozulması Nürnberq Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 6-cı maddəsinin «b» bəndinin ikinci abzasının mənasında müharibə cinayəti kimi tövsif edilməsini <…>, habelə <…> BMT-nin yuxarıda qeyd edilən 1968-cı il 26 noyabr tarixli Konvensiyasına müvafiq olaraq <…> müharibə cinayətlərinə <…> cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilməməsini <…> nəzərə alaraq Senat nəticəyə gəlir ki, həmin əməllərin Cinayət Məcəlləsinin 68-3-cü maddəsinin əhatə dairəsinə daxil olması düzgün müəyyən edilmişdir <…>
Ali Şuranın «Latviya Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında» 1990-cı il 4 may tarixli Bəyannaməsinin və Parlamentin «Latviyanın işğalı haqqında» 1996-cı il 22 avqust tarixli Bəyannaməsinin sırf siyasi bəyannamə olduğuna görə məhkəmə tərəfindən öz qərarını əsaslandırmaq üçün istifadə edə bilməməsi və onların geriyə qüvvəyə malik olmamasına <…> dair <…> dəlilin heç bir əsası yoxdur.
hesab edir ki, hər iki bəyannamə tam qanuni qüvvəyə malik Dövlətin konstitusiya aktını təşkil edir.
Məhkəmə iclasında təqdim edilmiş sübutları qiymətləndirərək öz qərarını çıxarmış müəyyən etmişdir ki, V. Kononov döyüşçü qismində çıxış edərək Mazie Bati kəndinin mülki şəxslərini kütləvi şəkildə məhv etmə və kəndlilərin həyətlərini talan etmə və dağıtma yolu ilə qisas almaq məqsədilə partizanların döyüş əməliyyatlarını hazırlamış, onlara rəhbərlik etmişdir. Belə olduğu halda, apelyasiya instansiyası məhkəməsi düzgün müəyyən etmişdir ki, onun qrupunun ayrı-ayrı üzvlərinin törətdiyi əməllər <…> <sırf> icraçıların eksesi kimi qəbul edilə bilməz.
Mütəşəkkil qrupların məsuliyyətinə dair cinayət-prosessual hüququn prinsiplərinə müvafiq olaraq üzvləri cinayətin törədilməsində rolundan asılı olmayaraq cinayətin iştirakçısı hesab edilir.
Mütəşəkkil qrup üzvlərinin məsuliyyətinə dair bu prinsip Nürnberq Beynəlxalq Hərbi Tribunalı Nizamnaməsinin 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulur: ümumi planın yerinə yetirilməsində iştirak edən rəhbərlər, təşkilatçılar, təhrikçilər və köməkçilər həmin planın yerinə yetirilməsi məqsədilə hər hansı şəxs tərəfindən törədilmiş bütün əməllərə görə məsuliyyət daşıyırlar.
Nəticə etibarilə, hər hansı sübutlar olmadığı halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən V. Kononovun başçılıq etdiyi partizanlar qrupunun üzvlərinin törətdiyi əməllərə görə onun təqsirini, V. Kononovun bu əməllərin nəticələrinə dair subyektiv yanaşmasını nəzərə almadan müəyyən etmək üçün «obyektiv məsuliyyət» meyarının tətbiq edilməsinə dair dəlil əsassızdır <…>»
II. MÜVAFİQ MİLLİ HÜQUQ VƏ TƏCRÜBƏ
A. 1926-cı il Cinayət Məcəlləsi
41. Latviya SSR Ali Sovetinin 1940-cı il 6 noyabr tarixli qərarına müvafiq olaraq Latviya Cinayət Məcəlləsi Sovet Rusiyanın 1926-cı il Cinayət Məcəlləsi ilə əvəz edilmişdir ki, bu Məcəllə Latviyada tətbiq edilməyə başlanmışdır («1926-cı il Cinayət Məcəlləsi»). İkinci Dünya Müharibəsi zamanı qüvvədə olmuş həmin Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
«Maddə 2
Bu Məcəllə ictimai təhlükəli əməlləri RSFSR ərazisində törətmiş, yaxud SSRİ ərazisindən kənarda törətmiş və RSFSR ərazisində tutulmuş bütün RSFSR vətəndaşlarına münasibətdə tətbiq edilir.
Maddə 3
RSFSR ərazisində tutulmuş və məhkəməyə və ya istintaq orqanına təhvil verilmiş digər Sovet İttifaqı respublikalar vətəndaşlarının RSFSR ərazisində, yaxud SSRİ ərazisindən kənarda törədilmiş cinayətlərə görə məsuliyyəti RSFSR qanunlarına əsasən müəyyən edilir.
Sovet İttifaqının ərazisində törədilmiş cinayətlərə görə digər Sovet İttifaqı respublikalar vətəndaşlarının məsuliyyəti cinayətin törədildiyi yerin qanunlarına əsasən müəyyən edilir.
Maddə 4
SSRİ ərazisində törədilmiş cinayətlərə görə xaricilərin məsuliyyəti cinayətin törədildiyi yerin qanunlarına əsasən müəyyən edilir.»
42. 1926-cı il Cinayət Məcəlləsinin IX fəsli «hərbi cinayətlər» adlandırılmış və aşağıdakı müddəaları ehtiva etmişdir:
«Maddə 193-1
Fəhlə-Kəndli Qəzəl Orduda və Fəhlə-Kəndli Qızıl Donanmada xidmət çəkən hərbi qulluqçular, yaxud xidməti heyətə təhkim edilmiş və ya hərbi təlim toplaşma zamanı ərazi formalaşmaya çağırılmış şəxslər tərəfindən hərbi xidmətin müəyyən edilmiş qaydasının əleyhinə törədilmiş, habelə öz xarakterinə və əhəmiyyətinə görə orduda və ya donanmada hərbi xidmət keçməyən vətəndaşlar tərəfindən törədilə bilməyən cinayətlər hərbi cinayət sayılır. <…>»
«Maddə 193-3
Döyüş şəraitində rəisin qanuni əmrini yerinə yetirməkdən imtina etmə üç ildən az olmayaraq azadlıqdan məhrum etmə yolu ilə ictimai müdafiə tədbirinin tətbiqinə səbəb olur.
Bu əməllər döyüş əməliyyatlar üçün zərərli nəticələrə səbəb olduqda ictimai müdafiənin müstəsna tədbiri <yəni ölüm cəzası> təyin edilir. <…>»
«Maddə 193-17
Hərbi soyğunçuluq, yəni döyüş şəraitində mülki əhalidən ona məxsus olan əmlakı silahla hədələməklə və ya hərbi zərurət bəhanəsi ilə alma, habelə öldürülmüş və ya yaralanmış olanların şeylərini tamah niyyəti ilə oğurlama bütün əmlak müsadirə edilməklə ictimai müdafiənin müstəsna tədbirinin, məsuliyyəti yüngülləşdirən hallarda isə birnəfərlik kamerada saxlanılmaqla üç ildən az olmayaraq azadlıqdan məhrum etmə yolu ilə ictimai müdafiə tədbirinin tətbiqinə səbəb olur.»
«Maddə 193-18
Müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçu tərəfindən mülki əhaliyə qarşı zorakılıq göstərmə isə birnəfərlik kamerada saxlanılmaqla üç ildən az olmayaraq azadlıqdan məhrum etmə yolu ilə ictimai müdafiə tədbirinin, məsuliyyəti ağırlaşdıran hallarda isə ictimai müdafiənin müstəsna tədbirinin tətbiqinə səbəb olur.»
43. 1926-cı il Cinayət Məcəlləsinin 14-cü maddəsində (və onun qeydində) aşağıdakılar nəzərdə tutulur:
«Şəxsin cinayət törətdiyi gündən aşağıda göstərilən müddətlər keçmiş olarsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz:
(a) qanuna görə beş ildən az olmayaraq azadlıqdan məhrumetmə təyin edilə bilən cinayət törədildiyi gündən on il keçdikdə;
(b) qanuna görə beş ildən çox olmayaraq azadlıqdan məhrumetmə təyin edilə bilən cinayət törədildiyi gündən beş il keçdikdə;
(c) qanuna görə bir ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya daha yüngül ictimai müdafiə tədbiri təyin edilə bilən cinayət törədildiyi gündən üç il keçdikdə.
Qanunda göstərilən müddətlər iş üzrə heç bir icraat həyata keçirilmədiyi halda tətbiq edilir. Qanunda göstərilən müddətlər keçənədək şəxs eyni xarakterli və ya daha az ağır yeni cinayət törədərsə, cəlb edilmə müddəti kəsilir. Bu halda müddətin hesablanması yeni cinayət törədilən vaxtdan və ya dayandırılmış icraatın yenilənməsi vaxtından başlanır.
Qeyd 1. Əksinqilabi cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Eyni zamanda, əgər məhkəmə müddəti tətbiq etməyi lazım bilməzsə, həmin cinayətə görə güllələnmə cəzası təyin edilərkən bu, SSRİ vətəndaşlığından məhrum etməklə və SSRİ hüdudlarından ömürlük çıxarılmaqla zəhmətkeşlərin düşməni elan etmə və ya iki ildən az olmayaraq azadlıqdan məhrum etmə ilə əvəz edilir.
Qeyd 2. Çar rejimi dövründə yüksək və ya məxfi vəzifələrdə, yaxud Vətəndaş Müharibəsi zamanı əksinqilabçı hökumətə xidmətdə göstərilmiş fəhlə sinfinə və inqilabi hərəkata qarşı fəal hərəkətlərə və fəal mübarizəyə görə məsuliyyətə cəlb etmə hallarında cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi və ya güllələnmə cəzasının əvəz edilməsi məsələsini məhkəmə həll edir.
Qeyd 3. Bu maddədə göstərilən müddətlər bu Məcəlləyə əsasən inzibati qaydada təqib edilən əməllərə şamil edilmir, bu əməllərə görə cəza yalnız onların törədildiyi gündən bir ay müddətində təyin edilə bilər.»
B. 1961-ci il Cinayət Məcəlləsi
44. 1961-ci il yanvarın 6-da Latviya SSR Ali Soveti 1926-cı il Məcəlləsini 1961-ci il Cinayət Məcəlləsi ilə əvəz etmişdir ki, sonuncu 1961-ci il aprelin 1-dən qüvvəyə minmişdir. Onun müvafiq müddəalarında aşağıdakılar deyilir:
«Maddə 72 (1998-ci il 15 yanvar tarixli qanunun redaksiyasında)
Dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə –
<…> üç ildən on beş ilədək müddətdə azadlıqdan məhrumetmə və ya <…> ölüm cəzası ilə cəzalandırılır.»
«Maddə 226
«Hərbi qulluqçular <…> tərəfindən hərbi qulluq çəkməyin müəyyən edilmiş qaydası əleyhinə edilən, bu Məcəllədə nəzərdə tutulan cinayətlər hərbi cinayətlər hesab olunur <…>»
«Maddə 256 (1991-ci il 10 sentyabr tarixli qanunla ləğv edilmişdir)
«Hərbi əməliyyat rayonunda əhaliyə qarşı quldurluq etmə, onun əmlakını qanunsuz olaraq məhv etmə, zorakılıq göstərmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma –
üç ildən on ilədək müddətə azadlıqdan məhrumetmə və ya ölüm cəzası ilə cəzalandırılır.»
45. 1961-ci il Cinayət Məcəlləsinin 45-ci maddəsinə müvafiq olaraq qanuna görə ölüm cəzası təyin edilə bilən cinayət törətmiş şəxs barəsində müddətin tətbiq edilməsi məsələsini məhkəmə həll edir.
46. 1961-ci il Cinayət Məcəlləsi Latviya öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qüvvədə qalmışdır (bəzi düzəlişlər ilə).
47. 1993-cü il aprelin 6-da Ali Şura tərəfindən qəbul edilmiş Qanunla 1961-ci il Cinayət Məcəlləsinə soyqırım, insanlıq və sülh əleyhinə cinayətlər, müharibə cinayətləri və irqi ayrı-seçkilik kimi cinayətlər müəyyən edilən yeni 1-a fəsli əlavə edilmişdir.
48. Müharibə cinayətləri haqqında yeni 68-3-cü maddədə aşağıdakılar nəzərdə tutulur:
«Müvafiq konvensiyalarda müəyyən edilmiş müharibə cinayətini, yəni işğal edilmiş ərazidə mülki əhalini, yaxud girov saxlanılan şəxsləri və ya hərbi əsirləri öldürmə, onlara işgəncə vermə və ya əmlakı qarət etmə, bu şəxsləri deportasiyası və ya məcburi əməyə cəlb etmə, yaxud şəhər və yaşayış məntəqələrini zərurət olmadan dağıtma yolu ilə müharibə qanunlarını və adətlərini pozmanı törətməkdə təqsirli bilinmiş şəxs ömürlük azadlıqdan məhrum etmə və ya üç ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.»
49. Eyni qanunla 1961-ci il Cinayət Məcəlləsinə insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə əlaqədar cinayət qanununun geriyə şamil edilməsi yol verilən 6-1-ci maddə əlavə edilmişdir:
«İnsanlıq əleyhinə, soyqırım, sülh əleyhinə və ya müharibə cinayətləri törətmiş şəxslərə cinayətlərin törədilməsi vaxtından asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.»
50. Eyni qanunla 1961-ci il Cinayət Məcəlləsinə əlavə edilmiş 45-1-ci maddəsində bu cinayətlərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin şamil edilməməsi bildirilir.
«İnsanlıq əleyhinə, soyqırım, sülh əleyhinə və ya müharibə cinayətləri törətmiş şəxslərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə tətbiq olunmur.»
C. 1998-ci il Cinayət Məcəlləsi
51. 1961-ci il Cinayət Məcəlləsini əvəz etmiş 1998-ci il Cinayət Məcəlləsi 1991-ci il aprelin 1-də qüvvəyə minmişdir. 1961-ci il Cinayət Məcəlləsinin 6-1, 45-1 və 68-3-cü maddələrinin müddəaları 1998-ci il Cinayət Məcəlləsində öz əksini tapmışdır.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
52. Müharibə qanunları yalnız müqavilələrdə deyil, «həmçinin tədricən universal qaydada tanınmış dövlətlərin adətləri və təcrübələrində, habelə hüquqşünaslar tərəfindən tətbiq edilən və hərbi məhkəmələrin praktikasında olan ədalət mühakiməsinin ümumi prinsiplərində» təsbit edilmişdir.
A. Düşmənin nəzarəti altında olan şəxslər və əmlak ilə rəftara dair «Cenevrə hüququ» (1864-1949-cu illər)
1. Quruda döyüşən silahlı qüvvələrdə yaralıların vəziyyətinin yaxşılaşdırılması haqqında Konvensiya («1864-cü il Cenevrə Konvensiyası»
53. Birinci Cenevrə Konvensiyasında (sonradan yenisi əvəz edilmişdir) «yaralanmış və ya xəstə döyüşçülər» üçün minimal standartlar nəzərdə tutulmuşdur: «hansı dövlətə mənsubiyyətindən asılı olmayaraq» «toplanılmalı və onlara qayğı göstəlməlidir».
2. Quruda döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında Konvensiya («1906-cı il Cenevrə Konvensiyası»)
54. Bu Konvensiyada düşmənin hakimiyyəti altında olan yaralılara və xəstələrə müdafiə və hərbi əsir statusu verilmişdir.
«Maddə 1. Yaralı və ya xəstə zabitlərə, əsgərlərə və ordulara rəsmi surətdə təhkim edilmiş digər şəxslərə milli mənsubiyyətindən asılı olmayaraq hakimiyyəti altında olan müharibə edən tərəfindən hörmət edilməli və qayğı göstərilməlidir.
Maddə 2. Yuxarıdakı maddəyə müvafiq olaraq zəruri qayğı göstərilən, digər müharibə edənin hakimiyyəti altına düşən ordunun yaralıları və xəstələri hərbi əsir sayılır.»
3. Quruda döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında Konvensiya («1929-cu il Cenevrə Konvensiyası»)
55. Konvensiya (1949-cu il I Cenevrə Konvensiyası ilə əvəz edilmişdir) Birinci Dünya Müharibəsinin təcrübəsinə əsaslanmışdır. Burada, ona tərəfdar çıxmayan dövlətlərə münasibətdə onun şamil edilməsi barədə qeyd-şərt nəzərdə tutulmamışdır:
«Maddə 1. Yaralı və ya xəstə zabitlər və əsgərlər, habelə silahlı qüvvələrə rəsmi surətdə təhkim edilmiş digər şəxslər bütün hallarda hörmətlə rəftar olunmalı və müdafiə edilməlidir; onlar hakimiyyəti altında ola biləcək müharibə edən tərəfindən milli mənsubiyyətindən asılı olmayaraq insanlıqla rəftar edilməli və tibbi yardım almalıdır. <…>
Maddə 2. Yuxarıdakı maddəyə müvafiq olaraq edilən rəftar istisna edilməklə, düşmənin hakimiyyəti altına düşən ordunun yaralıları və xəstələri hərbi əsir sayılır, <…>»
4. Hərbi əsirlərlə rəftara dair Konvensiya («Hərbi əsirlərə dair 1929-cu il Konvensiyası»)
56. Bu Konvensiya hərbi əsirlərlə rəftarın təfərrüatlı qaydalar məcmusunu təşkil etmişdir. Birinci Dünya Müharibəsində 1907-ci il Haaqa Konvensiyasının və ona əlavə olunan Nizamnamənin müddəalarının (aşağıda 85-91-ci bəndlərə bax) çatışmazlıqları özünü büruzə vermiş və onlar həmin Konvensiya ilə tamamlanmışdır. Konvensiyada göstərilmişdir ki, hərbi əsir statusunu əldə etməyə 1907-ci il Haaqa Konvensiyasına əlavə olunan Nizamnaməyə müvafiq olaraq qanuni döyüşçü statusu yol vermişdir. Konvensiyada hərbi əsirlərin müdafiəsi və onlarla insanlıqla rəftar edilməsi tələbi nəzərdə tutulmuşdur. Qadınlara xüsusi müdafiə tədbirləri şamil edilmişdir.
«Maddə 1. Bu Konvensiya VII Hissənin müddəalarına xələl gətirmədən aşağıdakılara münasibətdə tətbiq edilir:
1) «Quruda müharibənin qanunları və adətləri haqqında» 1907-ci il 18 oktyabr tarixli IV Haaqa Konvensiyasına əlavə olunan Nizamnamənin 1, 2 və 3-cü maddələrində göstərilən, düşmən tərəfindən əsir götürülmüş şəxslərə.
2) Müharibə edən tərəflərin silahlı qüvvələrinə məxsus olan, dənizdə və havada hərbi əməliyyatlar zamanı əsir götürmə ilə bağlı qaçılmaz olan müstəsna şərait (kənara çıxma) istisna edilməklə, belə halda əsir götürülmüş şəxslərə. Eyni zamanda, belə müstəsna şəraitdə bu Konvensiyanın əsas prinsipləri pozula bilməz; əsir götürülmüş şəxslər hərbi əsirlər düşərgəsinə çatdığı təqdirdə bu cür şərait dayandırılır.
Maddə 2. Hərbi əsirlər onları əsir götürmüş şəxslərin və ya hərbi hissənin deyil, düşmən Hökumətin hakimiyyəti altındadır. Onlar hər zaman insanlıqla rəftar olunur və, xüsusilə zorakılıq aktlarından, təhqirdən və kütlənin marağından müdafiə edilir. Onlara qarşı repressiya tədbirləri qadağan edilir.
Maddə 3. Hərbi əsirlərin öz şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşma hüququ vardır. Qadınlarla onların cinsinə uyğun rəftar edilir. Əsirlər öz mülki-hüquq qabiliyyətini saxlayırlar.»
«Maddə 46. Saxlayan dövlətin hərbi orqanları və ya məhkəmələri tərəfindən hərbi əsirlərə eyni əməllərə görə milli ordunun hərbi qulluqçuları üçün nəzərdə tutulmuş cəzadan başqa cəza təyin edilə bilməz. <…>»
«Maddə 51. Hərbi əsir qaçmağa cəhd zamanı şəxslərə və ya əmlaka qarşı törədilmiş cinayət və ya hüquqpozma ilə əlaqədar olaraq məhkəməyə verildiyi halda, qaçmağa cəhd etmə cəzanı ağırlaşdıran hal hesab edilmir.
Qaçmağa cəhddən və ya qaçmaqdan sonra, qaçmağa yardım göstərmiş qaçmış şəxsin yoldaşları barədə yalnız intizam tənbeh tədbirləri tətbiq edilə bilər.»
5. Müharibə edən tərəfə məxsus və ya onun işğal etdiyi ərazidə olan düşmən dövlətin vətəndaşlarının vəziyyəti və müdafiəsi haqqında Beynəlxalq Konvensiya layihəsi («1934-cü il Tokio Konvensiyası layihəsi»)
57. Bu Konvensiya layihəsi işğal edilmiş ərazidə və ya müharibə edən tərəflərdən birinin ərazisində yaşayan düşmə dövlətin vətəndaşlarının müdafiəsi standartlarının təkmilləşdirilməsinə yönəlmişdir. Onun müzakirəsi 1940-cı ildə konfrans zamanı nəzərdə tutulmuş, lakin İkinci Dünya Müharibəsinə görə mümkün olmamışdır. Sonradan layihə 1949-cu il IV Cenevrə Konvensiyasının müzakirəsi üçün əsas kimi xidmət etmişdir. O, mülki şəxslərin mənfi anlayışının (1880-ci il Oksford Nizamnaməsinə uyğun) və döyüşçülərlə mülki şəxslər arasında fərqin müəyyən edilməsinə görə qeyd edilməlidir:
«Maddə 1. Bu Konvensiyanın mənasında düşmənin mülki şəxsləri aşağıdakı şərtlərə cavab verən şəxslərdir:
a) beynəlxalq hüquqda, xüsusilə «Quruda müharibə qanunları və adətləri haqqında» 1907-ci il 18 oktyabr tarixli Dördüncü Haaqa Konvensiyasına əlavə olunan Nizamnamənin 1,2 və 3-cü maddələrində müəyyən edildiyi ki, müharibə edənlərin quru, dəniz və ya hava hərbi qüvvələrinə məxsus olmayan;
(b) müharibə edən dövlətin ərazisində və ya onun tərəfindən işğal edilmiş ərazidə düşmən ölkənin vətəndaşı olan.»
58. 9 və 10-cu maddələrdə «düşmənin mülki şəxslərinin» zorakılıqdan müdafiə edilməsi tələb edilmiş, onlara qarşı repressiya tədbirlərinin tətbiqi qadağan edilmişdir.
6. Hərbi əsirlərlə rəftara dair Konvensiya («1949-cu il III Cenevrə Konvensiyası»).
59. Bu Konvensiyanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
«Maddə 5. Bu Konvensiya 4-cü maddədə göstərilmiş şəxslərə, düşmənin hakimiyyəti altına düşdüyü vaxtdan onların tam azad edilməsi və repatriasiyasına qədər şamil olunur.
Hərbi əməliyyatlarda iştirak etmiş və düşmənin əlinə düşmüş şəxslərin 4-cü maddədə sadalanmış kateqoriyaya aid olması ilə əlaqədar hər hansı şübhə yarandıqda, belə şəxslər onların statusu səlahiyyətli tribunal tərəfindən müəyyən edilənə qədər bu Konvensiyanın himayəsi altında olur.»
7. Müharibə zamani mülki şəxslərin müdafiəsinə dair Konvensiya («1949-cu il IV Cenevrə Konvensiyası»)
60. 16-cı maddədə hamilə qadınların xüsusi qaydada müdafiəsi nəzərdə tutulmuşdur:
«Yaralılar və xəstələr, habelə əlillər və hamilə qadınlar xüsusi müdafiənin və hörmətin obyektidir. Münaqişənin hər bir Tərəfi ölənlərin və yaralıların axtarılması, gəmi qəzasına uğramışlara və ciddi təhlükədə olan digər şəxslərə kömək edilməsi, habelə onların soyğunçuluqdan və işgəncədən qorunması üçün, hərbi vəzifələrin mümkün etdiyi dərəcədə tədbirlər həyata keçirir.»
61. 32-ci maddədə düşmənin hakimiyyəti altında olan şəxslərin işgəncəyə qarşı xüsusi müdafiəsi, 33-cü maddədə isə himayədə olan şəxslərin kollektiv cəza, soyğunçuluq və repressiya tədbirlərindən mühafizəsi nəzərdə tutulur.
62. 53-cü maddədə tam zərurət olmadan daşınmaz və ya şəxsi əmlakın dağıdılması qadağan edilir.
B. İkinci Dünya Müharibəsindən qabaqkı müharibə qanunları və adətləri
1. Birləşmiş Ştatlarının («ABŞ») quruda qoşunları üçün təlimat («1863-cü il Liber Məcəlləsi»)
63. Liber Məcəlləsi müharibə qanunlarının və adətlərinin ilki kodifikasiya cəhdi sayılır. Bu Məcəllə yalnız Amerika silahlı qüvvələrində tətbiq edilsə də, o zaman mövcud olmuş müharibə qanunları və adətlərinin məcmusunu təşkil edərək sonrakı məcəllələrə təsir göstərmişdir.
64. 15 və 38-ci maddələrdə hərbi zərurət tələb etdikdə həyatdan məhrum etməyə, əmlakın götürülməsi və ya dağıdılmasına yol verilir (həmçinin, aşağıda bu Məcəllənin 16-cı maddəsinə bax):
«Maddə 15. Hərbi zərurətlə «silahlı» düşməni, habelə müharibə zamanı döyüşlərdə məhv edilməsi hər halda «qaçılmaz» olan şəxsləri həyatdan məhrum etməyə və ya ona xəsarət yetirməyə icazə verilir; hər bir silahlı düşməni, habelə düşmən hökumət üçün əhəmiyyət kəsb edən, yaxud əsir götürən üçün xüsusi təhlükə yaradan düşməni əsir götürməyə icazə verilir; əmlakı məhv etməyə, yolları və nəqliyyat, səyahət və ya kommunikasiya kanallarını korlamaya, həmçinin düşməndən ərzaq ehtiyatlarını və həyat üçün vacib vasitələri götürməyə; düşmən ölkənin ordunun saxlanması və təhlükəsizliyi üçün zəruri hesab etdiyi əşyaları mənimsəməyə, habelə müharibə zamanı əldə edilmiş razılaşmaya əsasən könüllü surətdə götürülmüş və ya müasir müharibə qanunlarına əsasən mövcud olan düzlüyün pozulmasına gətirib çıxarmayan hiyləgərlikdən istifadə etməyə icazə verilir. Müharibə zamanı bir-birinə qarşı silah qaldırmış insanlar buna görə bir-biri və Allah qarşısında məsuliyyət daşıyan mənəvi vücud olmağa dayanmır.»
«Maddə 38. Şəxsi əmlak, mülkiyyətçinin törətdiyi cinayətlərə və ya hüquqpozmalara görə müsadirə etmə halları istisna edilməklə, yalnız hərbi zərurət olduqda, ordunun və ya ABŞ-ın dəstəyi və ya xeyrinə götürülə bilər.»
65. 16-cı maddədə silahlı münaqişə zamanı ümumi davranış standartları və xainliyin qadağan edilməsi nəzərdə tutulmuşdur:
«Hərbi zərurətlə qəddarlığa, yəni əzab vermək və ya qisas almaq naminə əzab verməyə, yaxud döyüşdən kənarda şikəst etməyə və xəsarət yetirməyə, yaxud ifadə almaq üçün işgəncə verməyə icazə verilmir. Həmçinin hər hansı yolla zəhərdən istifadə etməyə, yaxud yaşayış yerini səbəbsiz dağıtmaya icazə verilmir. Hiyləgərliyə icazə verilsə də, xainlik aktları qadağan edilir; ümumiyyətlə isə, hərbi zərurət sülhün bərqərar olmasını lüzumsuz olaraq çətinləşdirən hər hansı düşmənçilik aktını ehtiva etmir.»
66. 19 və 37-ci maddələrdə silahlı münaqişə şəraitində qadınlar üçün xüsusi mühafizə tədbirləri əks etdirilmişdir:
«Maddə 19. Mümkün olan hallarda, komandirlər düşməni hər hansı yeri bombardman etmək niyyəti barədə xəbərdar etməlidir ki, döyüşçü olmayanlar, xüsusilə qadınlar və uşaqlar oradan çıxsın.»
«Maddə 37. Birləşmiş Ştatlar onların işğal etdiyi düşmən ölkələrində dini və mənəviyyatı, olduqca şəxsi əmlakı, sakinlərin, xüsusilə qadınların şəxsiyyətini və ailə münasibətlərinin müqəddəsliyini tanıyır və müdafiə edir. Bunların pozulması ciddi surətdə cəzalandırılır.»
67. 22-ci maddədə döyüşçülərlə mülki şəxsləri fərqləndirən prinsip nəzərdə tutulmuşdur:
«Eyni zamanda, son əsrlər sivilizasiyanın irəlilədiyi kimi, düşmən ölkəyə məxsus və ölkənin özünə məxsus mülki şəxslərlə silahlı şəxslər arasında da fərq, xüsusilə də qurudakı müharibədə artmışdır. Müharibənin kəskin zərurəti yol verdiyi dərəcədə silahsız şəxsin şəxsiyyətinə, əmlakına və ləyaqətinə rəhm etmə prinsipi gündən günə daha geniş qəbul edilir.»
68. 44-cü maddədə hüquqpozmaların və təqsirli əsgərlər üçün cəzalar siyahısı əks etdirilmişdir:
«Zəbt edilmiş ölkədə şəxslərə qarşı törədilmiş hər hansı səbəbsiz zorakılıq, səlahiyyətli zabit tərəfindən əmr edilməmiş əmlakı hər hansı şəkildə məhv etmə, hər hansı quldurluq, hər hansı soyğunçuluq və ya talan etmə, hətta müvafiq yerin əsas qüvvələr tərəfindən götürülməsindən sonra, hər hansı şəkildə zorlama, xəsarət yetirmə, şikəst etmə, yaxud belə sakinləri öldürmə ölüm cəzası, yaxud cinayətin ağırlığına uyğun başqa ciddi cəza qorxusu altında qadağan edilir. Bu cür zorakılıq aktını törədən və rəisin özünü saxlamaq barədə əmrinə tabe olmayan əsgər, zabit və ya fərdi şəxs bu rəis tərəfindən yerindəcə qanuni olaraq öldürülə bilər.»
69. 47-ci maddədə milli cinayət məcəllələrinə əsasən cəzalara istinad edilir:
«Amerika əsgəri tərəfindən düşmən ölkədə onun sakinlərinə qarşı törədilmiş, bütün cinayət məcəllələri ilə cəza təyin edilən cinayətlər, yəni qəsdən yandırma, adam öldürmə, şikəst etmə, hücum etmə, soyğunçuluq, oğurluq, ev yarmaqla oğurluq, dələduzluq, saxtakarlıq və zorlama yalnız Vətəndə olduğu qaydada cəzalandırılmır, əksinə, ölüm cəzası nəzərdə tutulmayan hallarda daha ciddi cəzaya üstünlük verilir.»
70. Məcəllədə «döyüşçünün» iki əsas hüququ göstərilmişdir: hərbi əsir statusu (49-cu maddə) və mülki şəxs üçün cinayət sayılan müəyyən əməllərə görə məsuliyyətdən azad etmə (57-ci maddə):
«Maddə 49. Hərbi əsir silahlı və ya düşmən orduya fəal kömək etmək üçün təhkim edilmiş, döyüş zamanı və ya yaralı vəziyyətdə döyüş meydanında və ya hospitalda şəxsən təslim etmə və ya kapitulyasiya yolu ilə əsir götürənin əlinə düşmüş publik düşməndir.
Silah növündən asılı olmadan bütün əsgərlər; düşmən ölkənin kütləvi üsyanda iştirak edən bütün şəxslər; ordunun səmərəliliyi üçün orduya təhkim edilmiş və müharibənin məqsədinə nail olmasına töhfə verənlər, aşağıdakılar istisna edilməklə; əsir götürülmüş bütün əlil şəxslər və ya zabitlər; təslim olmuş və sağ buraxılmaq üçün müraciət edən bütün düşmənlər hərbi əsir olmaqla hərbi əsir statusuna aid sıxıntılara məruz qalır və imtiyazlardan istifadə edir.»
«Maddə 57. Suveren hökumət tərəfindən silahlanmış və hərbi and içmiş şəxs müharibə edən sayılır; onun tərəfindən öldürmə, xəsarət yetirmə və digər hərbi əməlləri törətmə ayrı-ayrı cinayət və ya hüquqpozma sayılmır. Heç bir müharibə edən müəyyən sinfə məxsus, dərinin rəngində və ya vəziyyətdə olan, hərbi baxımdan düzgün təşkil edilmiş düşmənin onun tərəfindən publik düşmən kimi rəftar edilməyəcəyini bəyan edə bilməz.»
71. 51-ci maddədə levée en masse <kütləvi üsyan> anlayışı əks etdirilmişdir:
«Zəbt edilmiş ölkənin düşmən tərəfindən hələ işğal edilməmiş hissəsinin, yaxud bütövlükdə ölkənin əhalisi düşmən yaxınlaşdıqca işğalçıya müqavimət göstərmək üçün səlahiyyətli başçılıq altında kütləvi üsyana qalxdıqda onlar publik düşmən sayılır və əsir götürüldükdə hərbi əsir sayılır.»
72. 59-cu maddədə müharibə qanunlarının və adətlərinin pozulmasına görə şəxslərin cinayət məsuliyyəti müəyyən edilmişdir:
«Hərbi əsir, əsir götürüldükdən qabaq törədilmiş və buna görə öz hakimiyyəti tərəfindən cəzalandırılmamış, əsir götürən tərəfin ordusuna və ya əhalisinə qarşı törədilmiş cinayətlərə görə cavabdehdir. Bütün hərbi əsirlər repressiya tədbirlərinə məruz qala bilərlər.»
73. 63-65-ci maddələrdə təsbit edilmişdir ki, düşmən formasından istifadə etmə xainlik əməli kimi qadağan edilmiş, bu cür davranan şəxslərə müharibə qanunları və adətləri şamil edilməmişdir:
«Maddə 63. Düşmən formasında, heç bir aydın, gözə çarpan və vahid fərqlənmə işarəsi olmadan döyüşən qoşunlar rəhm gözləyə bilməz.
Maddə 64. Amerika qoşunları düşmənin formasını daşıyan qatarı ələ keçirdikdə, rəis isə onun istifadə üçün öz adamları arasında paylanmasını məqsədəuyğun hesab etdikdə Amerika əsgərini düşməndən fərqləndirmək məqsədilə gözə çarpan nişan və ya işarə müəyyən edilməlidir.
Maddə 65. Döyüşdə düşməni aldatmaq üçün düşmən bayrağını və ya digər milli emblemi istifadə xainlik əməli olaraq müharibə qanunları ilə verilən təminatları almaq hüququn itirilməsinə səbəb olur.»
74. 49 və 71-ci maddələrdə sonradan beynəlxalq hüquqda «hors de combat» (sıradan çıxmış şəxs) kimi müəyyən edilmiş xüsusi status əks etdirilmişdir:
«Maddə 71. Artıq tam sıradan çıxarılmış düşmənə əlavə xəsarət yetirən və ya bu düşməni öldürən və ya əsgərlərə bu barədə əmr verən və ya onları təhrik edən hər bir şəxs, Birləşmiş Ştatların Ordusuna məxsus olduğundan və ya bu cinayəti törətdikdən sonra əsir götürülmüş düşmən olduğundan asılı olmayaraq, müvafiq qaydada məhkum edildikdən sonra ödürülməlidir.»
75. 76 və 77-ci maddələrdə qaçmağa cəhd zamanı hərbi əsirlərlə insanlıqla və münasib qaydada rəftar etmək öhdəliyi müəyyən edilmişdir.
«Maddə 76. Hərbi əsirlər mümkün qədər sadə və sağlam yeməklə qidalanır və insanlıqla rəftar olunur.
Maddə 77. Qaçmağa cəhd edən hərbi əsir qaçış zamanı güllə ilə və ya başqa cür öldürülə bilər; lakin müharibə qanunlarına əsasən cinayət sayılmayan qaçmağa cəhdə görə ölüm cəzası və ya hər hansı başqa cəza təyin edilə bilməz. Uğursuz qaçmağa cəhddən sonra daha ciddi təhlükəsizlik tədbirləri tətbiq edilir.»
76. 101-ci maddədə xaincəsinə xəsarət yetirmə qadağan edilmişdir:
«Hiyləgərliyin hərbi əməliyyatların ədalətli və zəruri vasitəsi kimi mümkün olması və onun şərəfli müharibə aparmaqla uyğun olması ilə yanaşı müharibənin ümumi qanunları ilə düşmənə gizli və xaincəsinə xəsarət yetirməyə görə hətta ölüm cəzasına yol verilir, çünki bu, çox təhlükəlidir və onlardan qorunmaq çox çətindir.»
77. 88 və 104-cü maddələrdə casusların cəzalandırılmasına dair müddəalar əks etdirilir:
«Maddə 88. Casus – düşmənə ötürmək üçün gizli surətdə, cildini dəyişməklə və hiyləgərliyə yol verməklə məlumatı toplayan şəxsdir. Casusun məlumatı toplaya və düşmənə ötürə bilib-bilmədiyindən asılı olmayaraq onun barəsində asma yolu ölüm cəzası təyin edilir.»
«Maddə 104. Vəzifəsini uğurla yerinə yetirmiş casus və ya hərbi satqın öz ordusuna sağlam vəziyyətdə qayıtdıqdan sonra düşmən kimi əsir götürüldükdə öz əməllərinə görə casus və ya hərbi satqın kimi cəzalandırıla bilməz; lakin xüsusilə təhlükəli şəxs kimi daha ciddi şəraitdə saxlanıla bilər.»
2. Müharibə zamanı çəkisi 400 qramdan aşağı olan partlayan güllələrin istifadəsini qadağan edən Bəyannamə («1868-ci il Sankt-Peterburq Bəyannaməsi»)
78. Bu Bəyannamə, müharibə zamanı müəyyən növ silahların istifadəsini qadağan edən ilk rəsmi saziş olmuşdur. Onun preambulasında müharibə qanunları və adətlərinin üç prinsipi təsdiq edilmişdir: müharibə zamanı yeganə qanuni məqsədi düşmənin silahlı qüvvələrini zəiflətməkdir; düşmən silahlı qüvvələrinə qarşı istifadə edilə bilən vasitələrin hədləri vardır; müharibənin qanunları və adətləri sıradan çıxmış şəxslərə qarşı zorakılıqla barışmazdır.
3. Müharibənin qanunları və adətlərinə dair Beynəlxalq Bəyannamənin layihəsi («1874-cü il Brüssel Bəyannaməsinin layihəsi»)
79. Bu Bəyannamənin 1874-cü il Brüssel Diplomatik Konfransda qəbul edilmədiyinə baxmayaraq, o, daha bir kodifikasiya cəhdi olmuşdur. Bəyannamənin müvafiq maddələrində aşağıdakılar deyilir:
«Müharibə edən tərəfin döyüşən və döyüşməyən şəxsləri kim sayılmalıdır
Maddə 9. Müharibə qanunları, hüquqları və vəzifələri yalnız ordulara deyil, həmçinin aşağıdakı şərtlərə cavab verən qeyri-nizami qoşunlara və könüllülər qruplarına şamil olunur:
1. Onlara tabelikdə olanlara görə məsuliyyət daşıyan şəxsin başçılıq etməsi;
2. Onlarda məsafədən tanınan fərqlənmə işarəsinin olması;
3. Onların silahları açıq-aydın daşıması;
4. Onların öz döyüş əməliyyatlarının müharibə qanunları və adətlərinə uyğun surətdə həyata keçirməsi. Qeyri-nizami qoşunların ordunu və ya onun bir hissəsini təşkil etdiyi ölkələrdə onlar «ordu» ilə bərabər tutulur. <…>
Maddə 10. İşğal edilməmiş ərazidə düşmən yaxınlaşdıqca işğalçı qoşunlara müqavimət göstərmək üçün, 9-cu maddəyə müvafiq qaydada təşkil olunmaq üçün vaxtı olmadan öz-özünə silahı ələ almış əhali müharibə qanunlarına və adətlərinə əməl etdikdə müharibə edən tərəf sayılır.
Maddə 12. Müharibə qanunları müharibə edən tərəflərin düşmənə xəsarət yetirmək üçün vasitələri seçməkdə hədsiz səlahiyyətini tanımır.
Maddə 13. Bu prinsipə müvafiq olaraq aşağıdakılar xüsusilə «qadağan edilir»: <…>
b) Düşmən dövlətə və ya orduya məxsus şəxsləri xaincəsinə öldürmə;
c) Silahı təhvil verərək və ya müdafiə olunmaq imkanında olmayan təslim olmuş düşməni öldürmə; <…>
e) Lüzumsuz əzab verən silahları, güllələri və ya materialları istifadə etmə, habelə 1868-ci il Sankt-Peterburq Bəyannaməsi ilə qadağan olunan partlayıcı qüllələri istifadə etmə;
f) Elçi bayrağından, düşmənin dövlət bayrağından və ya hərbi fərqləndirmə işarələrindən və hərbi formasından, habelə Cenevrə Konvensiyası ilə müəyyən edilmiş fərqləndirmə nişanlarından yanlış istifadə;
g) Hərbi zərurətlə mütləq tələb edilmədikdə düşmənin əmlakını məhv etmə. <…>»
«Maddə 20. Cinayət başında tutulmuş casus onu əsir götürən orduda qüvvədə olan qanunlara müvafiq qaydada məhkəməyə verilməli və cəzalandırılmalıdır.»
«Maddə 23. Hərbi əsir – qanuni silahsız düşməndir. Hərbi əsirlər onları əsir götürmüş şəxslərin və ya qoşunların deyil, düşmən Hökumətin hakimiyyəti altındadır. Onlarla insanlıqla rəftar edilməlidir. Hər hansı tabe olmama əməli nəticəsində zəruri ciddilik tədbiri tətbiq edilə bilər. Silah istisna edilməklə onların bütün şəxsi əşyaları onların ixtiyarında saxlanılır.»
«Maddə 28. Hərbi əsirlərə onların hakimiyyəti altında olduğu orduda qüvvədə olan qanunlar və nizamnamələr şamil olunur. Qaçmağa cəhd edən hərbi əsirə qarşı xəbərdarlıqdan sonra silah tətbiq edilə bilər. O, tutulduqda barəsində intizam tənbeh tədbiri və ya daha ciddi nəzarət tətbiq edilə bilər.
O, qaçandan sonra yenidən əsir götürüldükdə əvvəlki əməllərə cəzalandırıla bilməz.»
4. Quruda müharibənin qanunları «1880-ci il Oksford Nizamnaməsi»)
80. 1874-cü il Brüssel Bəyannaməsinin layihəsi əsasında Beynəlxalq Hüquq İnstitutu tərəfindən hazırlanmış 1880-ci il Oksford Nizamnaməsi hökumətlərə müharibənin qanunları və adətləri ilə bağlı milli qanunvericiliyin hazırlanmasında kömək etməyə yönəlmişdir. Müvafiq maddələrində aşağıdakılar deyilir:
«Maddə 1. Müharibə vəziyyətində, müharibə edən dövlətlərin silahlı qüvvələri arasındakı istisna edilməklə, zorakılıq aktlarına yol verilmir. Müharibə edən silahlı qüvvələrində iştirak etməyə şəxslər belə aktlardan çəkinməlidir. Bu qayda ilə dövlətin «silahlı qüvvələrinə» daxil olan şəxslərlə onun digər «təbəələri» (ressortissants) arasında fərq nəzərdə tutulur. Bununla da, «silahlı qüvvələr» anlayışının müəyyən edilməsi zəruridir.
Maddə 2. Dövlətin silahlı qüvvələrinə aşağıdakılar daxildir:
1. Sözün əsl mənasında ordu, o cümlədən qeyri-nizami qoşunlar;
2. Milli qvardiya, landşturm, aşağıdakı şərtlərə cavab verən qeyri-müntəzəm qoşunlar və digər qurumlar:
a) Məsuliyyətli rəisin tabeliyində olma;
b) Belə qoşunların tərkibinə daxil olan şəxslər tərəfindən geyinməli hərbi forma və ya aydın fərqlənmə emblemin olması;
c) Açıq qaydada silahı daşıma;
3. Hərbi gəmilərin heyəti;
4. İşğal edilməmiş ərazidə düşmən yaxınlaşdıqca işğalçı qoşunlara müqavimət göstərmək üçün, hətta təşkil olunmaq üçün vaxtı olmadan öz-özünə və açıq surətdə silahı ələ almış əhali.
Maddə 3. Müharibə edən tərəfin silahlı qüvvələri müharibə qanunlarına əməl etməlidir.
Maddə 4. Müharibə qanunları müharibə edən tərəflərin düşmənə xəsarət yetirmək üçün vasitələri seçməkdə hədsiz azadlığını tanımır. Onlar xüsusilə hər hansı lüzumsuz qəddarlıqdan, habelə hər hansı xain, ədalətsiz və ya zalımlıq aktlardan çəkinməlidir.»
«Maddə 8. Aşağıdakılar qadağan edilir: <…>
b) Düşmən həyatına xaincəsinə qəsd etmə; misal üçün, muzdlulardan istifadə etməklə və ya təslim etməyə yalandan vadar etməklə;
c) Silahlı qüvvələrin fərqlənmə işarələrini gizlətməklə düşmənə hücum etmə;
d) Düşmənin dövlət bayrağından, hərbi fərqləndirmə işarələrindən, habelə elçi bayrağından və Cenevrə Konvensiyası ilə müəyyən edilmiş mühafizə nişanlarından yanlış istifadə etmə.
«Maddə 9. Aşağıdakılar qadağan edilir: <…>
b) Təslim olmuş və ya sıradan çıxarılmış düşmənə xəsarət yetirmə və ya onu öldürmə, habelə, hətta bu barədə xahiş etməyənlərə heç kəsin sağ buraxılmayacağını qabaqcadan bəyan etmə. <…>
Maddə 20. <…>
e) Hərbi əsir kim ola bilər.
Maddə 21. Müharibə edə tərəfin silahlı qüvvələrinə daxil olan şəxslər düşmənin əlinə keçdikdə onlarla 61-ci və sonrakı maddələrə uyğun olaraq hərbi əsir kimi rəftar edilməlidir. <…>»
81. «Casuslar» fəslinə daxil olmuş 23-26-cı maddələrdə belə şəxslərlə rəftara dair müddəalar əks etdirilmişdir:
«Maddə 23. Casus kimi əsir götürülmüş şəxslər özləri ilə hərbi əsir kimi rəftar edilməsini tələb edə bilməz. Lakin:
Maddə 24. Hər hansı müharibə edən tərəfin silahlı qüvvələrinə daxil olan, hiyləgərliyə yol vermədən düşmənin hərbi əməliyyatlar zonasına keçən şəxslər, yaxud öz vəzifəsini açıq surətdə yerinə yetirən rəsmi məlumatların daşıyıcıları, yaxud aeronavtlar casus sayıla bilməz (maddə 21).
Müharibə zamanı həddindən artıq tez-tez meydana çıxan casusluqda ittihamların qarşısını almaq üçün aşağıdakılar xüsusilə vurğulanmalıdır:
Maddə 25. Casusluqda ittiham edilən heç bir şəxs məhkəmə tərəfindən hökm çıxarılanadək cəzalandırıla bilməz.
Bundan əlavə, aşağıdakılara yol verilir:
Maddə 26. Düşmən tərəfindən işğal edilmiş ərazini tərk etmiş casus sonradan həmin düşmənin əlinə keçdikdə əvvəlki əməllərinə görə məsuliyyət daşımır.»
82. 32-ci maddənin «b» bəndində, digər məsələlər sırasında, «tam müharibə zərurəti ilə tələb edilmədikdə» ümumi və ya şəxsi əmlakı məhv etmə qadağan edilmişdir.
83. III Fəsildə hərbi əsirləri əsir götürmə qaydaları müəyyən edilmişdir. Burada onları saxlamanın hüquqi əsasları göstərilmiş (bu, cəza və ya qisas alma deyil), onlarla insanlıqla rəftar etmə zəruriliyi (63-cü maddə) və silahın yalnız əsir qaçmağa cəhd etdikdə tətbiq edə bilməsi nəzərdə tutulmuşdur (68-ci maddə).
84. Nizamnamənin III hissəsində Bələdçi kitabdakı qaydaların pozulmasına görə cəzalar nəzərdə tutulmuş, həmçinin ehtimal edilən cinayətkarın tutula bilmədiyi halları üçün müharibə edən tərəfin qanuni repressiya tədbirləri tətbiq edə bilməsinin məhdudiyyətləri əks etdirilmişdir:
«Hər hansı yuxarıdakı qayda pozulduğu təqdirdə, təqsirkar, hakimiyyəti altında olduğu müharibə edən tərəfin məhkəməsi tərəfindən işə baxıldıqdan sonra cəzalandırılır. Buna görə:
Maddə 84. Müharibənin qanunlarını pozmuş şəxslər barəsində cinayət qanununda müəyyən edilmiş cəza tədbiri tətbiq edilir.
Eyni zamanda, bu cür repressiya növü yalnız cinayətkar tutula bildiyi halda tətbiq edilir. Əks halda, cinayət hüququnun qüvvəsi yoxdur və, əgər zərərçəkmiş tərəf pozuntunu o qədər ciddi sayır ki, düşməni qanuna hörmət etməyə çağırılması zəruri olsun, repressiya tədbirlərini tətbiq etməkdən başqa yol qalmır. Repressiya tədbirləri günahsız şəxsin təqsirkarın əvəzinə əzab çəkməməsinə dair ümumi ədalət prinsipindən istisnanı təşkil edir. Onlar həmçinin, hətta düşmən buna əməl etmədikdə, müharibə edən tərəfin müharibənin qaydalarına əməl etməsinə dair qaydaya ziddir. Eyni zamanda, bu ciddi zərurət aşağıdakı məhdudiyyətlər ilə müəyyən dərəcədə yumşalır:
Maddə 85. Şikayət edilən ziyan bərpa edildikdə repressiya tədbirləri rəsmən qadağan edilir.
Maddə 86. Repressiya tədbirlərinin tam zəruri olduğu ciddi hallarda onların xarakteri və həddi düşmənin törətdiyi müharibə qanunlarını pozma dərəcəsini aşa bilməz. Onlar yalnız baş komandanın icazəsi ilə tətbiq edilə bilər. Hər halda onlar insanlıq və mənəviyyat normalarına uyğun olmalıdır.
Hər hansı yuxarıdakı qayda pozulduqda təqsirkar hakimiyyəti altında olduğu müharibə edən tərəfin məhkəməsi tərəfindən işə baxıldıqdan sonra cəzalandırılmalıdır.»
5. Quruda müharibənin qanunları və adətlərinə dair 1907-ci il IV Haaqa Konvensiyası və ona əlavə olunan nizamnamələr
85. 1899-cu ildə Haaqada keçirilmiş beynəlxalq sülh konfransı dörd konvensiyanın, o cümlədən «Quruda müharibənin qanunları və adətlərinə dair» II Haaqa Konvensiyasının və ona əlavə olunan Nizamnamənin qəbul edilməsi ilə nəticələnmişdir. 1907-ci il İkinci Haaqa Beynəlxalq Sülh Konfransında bu sənədlər «Quruda müharibənin qanunları və adətlərinə dair» 1907-ci il IV Haaqa Konvensiyası və ona əlavə olunan Nizamnamə ilə əvəz edilmişdir («1907-ci il Haaqa Konvensiyası və Nizamnamə»). Onlar 1874-cü il Brüssel Bəyannaməsinin layihəsinə və 1880-ci il Oksford Nizamnaməsinə əsaslanmışdır.
86. 1907-ci il Haaqa Konvensiyasının preambulasında aşağıdakılar deyilir:
«Sülhü qorumaq və dövlətlər arasında silahlı münaqişələrin qarşısını almaq yollarını axtarmaqla bərabər qarşısı alına bilinməyən hadisələrin silaha əl atması ilə nəticələnməsi hallarını nəzərə almaq zəruri olduğunu etiraf edərək;
Hətta belə müstəsna hallarda insanlıq maraqlarına və sivilizasiyanın hər an inkişaf edən ehtiyaclarına xidmət etmək arzusu ilə ruhlanaraq;
Bu məqsədlə müharibənin ümumi qanunlarını və adətlərini, onları daha dəqiq müəyyən etmək üçün və ya onların sərtliyini mümkün qədər çox yumşaldacaq hüdudlarda müəyyən etmək üçün yenidən nəzərdən keçirməsini zəruri hesab edərək;
1874-cü il Brüssel Konfransından sonra keçirilmiş Birinci Sülh Konfransının işini tamamlamağı və müəyyən xüsusiyyətlərini izah etməsini zəruri hesab edərək və müdrik və mərdlik niyyətləri ilə tələb edilən fikirlərlə ruhlanaraq quruda müharibənin aparılması qaydalarını müəyyən etmişlər.
Razılığa gələn Yüksək Tərəflərin ifadə etdiyi mövqelərinə müvafiq olaraq, müharibənin zərərliyini hərbi tələbat imkan verdiyi dərəcədə azaltmaq arzusu ilə ruhlanmış bu müddəaların müharibə edən tərəflərin öz aralarında qarşılıqlı münasibətlərdə və əhali ilə münasibətlərdə ümumi davranış qaydaları kimi xidmət etməsi nəzərdə tutulur.
Eyni zamanda, təcrübədə ortaya çıxan bütün halları əhatə edən qaydaların müəyyən edilməsi hal-hazırda mümkün olmamışdır;
Digər tərəfdən, Razılığa gələn Yüksək Tərəflərin yazılı öhdəliklərin olmadığı təqdirdə qabaqcadan nəzərdə tutulmamış halları hərbi komandanlığın mülahizəsinə buraxmaq niyyətində olmaması tam aydındır.
Müharibənin qanunlarına dair daha tam məcəllə qəbul edilənədək Razılığa gələn Yüksək Tərəflər bəyan etməsini zəruri hesab edirlər ki, onların qəbul etdiyi Nizamnamədə nəzərdə tutulmamış hallarda əhali və müharibə edənlər beynəlxalq hüquq prinsiplərinin mühafizəsi altında qalır, çünki bu prinsiplər sivil insanlar arasında müəyyən edilmiş adətlərdən, insanlıq qanunlarından və ictimai şüur tələblərindən irəli gəlir.
Onlar bəyan edirlər ki, Nizamnamənin xüsusilə 1 və 2-ci maddələri məhz bu mənada başa düşülməlidir.»
87. Yuxarıda göstərilən Preambulanın səkkizinci abzası «Martens müddəası» kimi qəbul edilir. Demək olar ki, eyni müddəa artıq 1899-cu il II Haaqa Konvensiyasının preambulasına daxil edilmiş və 1949-cu il I-IV Cenevrə Konvensiyalarının hər birində və 1977-ci il Əlavə Protokolda (aşağıda 134-142-ci bəndlərə bax) mahiyyətcə eyni mətndə təkrar edilmişdir.
88. 1907-ci il Haaqa Konvensiyasının 2-ci maddəsində «si omnes» həmrəyliyinə dair müddəa əks etdirilmişdir: 1907-ci il Haaqa Konvensiyası və Nizamnamə yalnız ona tərəfdar çıxmış dövlətlər arasında və yalnız bütün müharibə edən tərəflərin ona tərəfdar çıxdığı halda tətbiq edilirdi. Eyni zamanda, Nürnberq BHT-nin hökmündə təsdiq edilmişdir ki, 1939-cu ilə qədər 1907-ci il Haaqa Konvensiyası və Nizamnamə müharibə qanunlarının və adətlərinin bəyannaməsi kimi qəbul edilmişdir (aşağıda 118 və 207-ci bəndlərə bax).
89. 1907-ci il Haaqa Konvensiyasının digər müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
«Maddə 1. Razılığa gələn Hökumətlər öz quru silahlı qüvvələri üçün bu Konvensiyaya əlavə olunan Müharibənin qanunlarına və adətlərinə dair Nizamnaməyə uyğun təlimat qəbul edirlər. <…>
Maddə 3. Qeyd edilən Nizamnamənin müddəalarını pozan müharibə edən tərəf, buna əsas olduqda kompensasiya ödəyir. O, onun silahlı qüvvələrinə daxil olan şəxslərin törətdiyi bütün əməllərə görə məsuliyyət daşıyır.»
90. 1907-ci il Haaqa Nizamnaməsinin 1 və 2-ci maddələrində aşağıdakılar deyilir:
«Maddə 1. Müharibə qanunları, hüquqları və vəzifələri yalnız ordulara deyil, həmçinin aşağıdakı şərtlərə cavab verən qeyri-nizami qoşunlara və könüllülər qruplarına şamil olunur:
1. Onlara tabelikdə olanlara görə məsuliyyət daşıyan şəxsin başçılıq etməsi;
2. Onlarda məsafədən tanınan fərqlənmə işarəsinin olması;
3. Onların silahları açıq-aydın daşıması;
4. Onların öz döyüş əməliyyatlarının müharibə qanunları və adətlərinə uyğun surətdə həyata keçirməsi. Qeyri-nizami qoşunların ordunu və ya onun bir hissəsini təşkil etdiyi ölkələrdə onlar «ordu» ilə bərabər tutulur.
Maddə 2. İşğal edilməmiş ərazidə düşmən yaxınlaşdıqca işğalçı qoşunlara müqavimət göstərmək üçün, 1-ci maddəyə müvafiq qaydada təşkil olunmaq üçün vaxtı olmadan öz-özünə silahı ələ almış əhali müharibə qanunlarına və adətlərinə əməl etdikdə müharibə edən tərəf sayılır.»
91. 1907-ci il Haaqa Nizamnaməsinin II Fəslində (4-20-ci maddələr) hərbi əsir anlayışına dair qaydalar, o cümlədən hərbi əsirlərlə insanlıqla rəftar etmək tələbi (4-cü maddə) və tabe olmamağa görə tətbiq olunan tədbirlərin hüdudları (8-ci maddə) əks etdirilmişdir. Nizamnamədə həmçinin aşağıdakılar bildirilmişdir:
«Maddə 22. Müharibə edən tərəfin düşmənə xəsarət yetirmək vasitələrini seçmək hüququ məhdudiyyətsiz deyil.
Maddə 23. Xüsusi konvensiyalarda nəzərdə tutulmuş qadağalara əlavə olaraq aşağıdakılar xüsusilə qadağan edilir.
a) <…>
b) Düşmən dövlətə və ya orduya məxsus olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;
c) Silahı təhvil verərək və ya müdafiə olunmağa imkanlarını tükəndirərək təslim olmuş düşməni öldürmək və ya yaralamaq;
d) <…>
e) Lüzumsuz əzab yetirən silahları, partlayıcı vasitələri və ya materialları istifadə etmək;
f) Düşmənin dövlət bayrağını, hərbi fərqləndirmə işarələrini, habelə elçi bayrağını və Cenevrə Konvensiyası ilə müəyyən edilmiş fərqləndirmə sənədlərini yanlış istifadə etmək;
g) Hərbi zərurətlə mütləq tələb edilmədikdə düşmənin əmlakını məhv etmək və ya götürmək;
h) Düşmən tərəfin vətəndaşlarının hüquqlarını və vəsatətlərini məhkəmədə ləğv etmək, dayandırmaq və ya qəbul etməmək.
i) <…>»
«Maddə 29. Şəxs müharibə edən tərəfin döyüş əməliyyatlar zonasında düşmənə ötürmək üçün gizli surətdə və ya cildini dəyişməklə məlumat topladıqda və ya toplamağa cəhd etdikdə casus sayılır. <…>
Maddə 30. Cinayət başında tutulmuş casus məhkəmə tərəfindən hökm çıxarılmadan cəzalandırıla bilməz.
Maddə 31. Öz ordusuna qayıtmış casus sonradan düşmən tərəfindən əsir götürüldükdə hərbi əsir sayılır və öz casusluq əməllərinə görə məsuliyyət daşımır.»
6. Müharibəni başlayanların məsuliyyəti və cəzaların tətbiqi üzrə komissiyanın məruzəsi («1919-cu il Beynəlxalq Komissiyanın Məruzəsi»)
92. Paris Sülh Konfransı həmin Komissiyaya, inter alia, Alman İmperiyası və müttəfiqlərinin (o cümlədən Türkiyənin vəzifəli şəxsləri) qoşunları tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktları, düşmən qoşunlarının bu cinayətlərə görə məsuliyyət dərəcəsi, habelə bu cinayətləri törətməyə görə təqibi həyata keçirmək məqsədilə tribunal yaradılması və prosedurun müəyyən edilməsi barədə məruzənin hazırlanması tapşırmışdır. 1919-cu ildə hazırlanmış məruzədə təqribən 900 müharibə cinayətkarından ibarət siyahı verilmiş və 1907-ci il Haaqa Konvensiyasındakı «Martens müddəasına» əsasən «insanlıq qanunlarına qarşı cinayətlər» ilə əlaqədar Türkiyənin vəzifəli şəxsləri və başqalarına qarşı ittihamlar təklif edilmişdir. Hesabatda həmçinin müharibə zamanı törədilmiş və mövcud konvensiyalara və adətlərə zidd olması sayılmış 32 cinayətdən ibarət siyahı verilmişdir: adam öldürmə və kütləvi qırğın, mülki şəxslərə qarşı işgəncə, kollektiv qaydada cəzalandırma, səbəbsiz olaraq əmlakı dağıtma və məhv etmə, habelə yaralılara və hərbi əsirlərə qarşı pis rəftar.
93. Fiziki şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar olaraq Komissiya aşağıdakıları bildirmişdir:
«Müharibənin qanunları və adətləri və ya insanlıq qanunları əleyhinə cinayət törətməkdə təqsirli olan, düşmən ölkələrinə məxsus bütün şəxslər, onların vəzifəsindən və rütbəsindən asılı olmayaraq, o cümlədən dövlət başçıları barəsində cinayət təqibi həyata keçirilir.»
7. 1919-cu il Versal Müqaviləsi
94. 1919-cu il Versal Müqaviləsində müharibə cinayətkarlar, o cümlədən Alman imperatoru üçün beynəlxalq məhkəmə və cəzalara dair bir sıra müddəalar əks etdirilmişdir. Cinayət təqibinə dair müddəalar heç vaxt tətbiq edilmədi: imperatorun ekstradisiyasından imtina edilmiş, digər ehtimal edilən müharibə cinayətkarları üçün isə beynəlxalq tribunal əvəzinə Almaniyanın özündə məhkəmə keçirilmişdir. Həmçinin 229-cu maddədə müttəfiq və ya birləşmiş dövlətlərin birinin vətəndaşlarına qarşı cinayət törətməkdə təqsirli şəxslərin həmin dövlətin məhkəməsinə verilməsi mümkünlüyü qeyd edilmişdir.
8. 1920-ci il Sevr Müqaviləsi
95. Sevr Müqaviləsində (Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər ilə Türkiyə arasında bağlanmış sülh müqaviləsi) Versal Müqaviləsindəki müharibə qanunlarının və adətlərinin pozulmasında ittiham edilən Türkiyə vəzifəli şəxslərinin Müttəfiq Dövlətlər tərəfindən hərbi tribunallarda təqib edilməsinə dair müddəalar təkrar edilmişdir (226-230-cı maddələr). Bu müqavilə heç vaxt ratifikasiya edilməmiş, əvəzinə Fransa, Böyük Britaniya («Birləşmiş Krallıq»), Yunanıstan, İtaliya, Yaponiya, Rumıniya və Türkiyə tərəfindən Amnistiya Bəyannaməsi qəbul edilmişdir (1923-cü il Lozanna Müqaviləsi imzalandığı eyni tarixdə). Bəyanatda nəzərdə tutulmuşdur ki, Yunanıstan və Türkiyə «həmin dövrdə törədilmiş, həmin dövrdə baş vermiş siyasi hadisələrlə bilavasitə bağlı olmuş bütün cinayətlərə və ya hüquqpozmalara … görə tam və yekun amnistiya» vermişlər (həmin müddət – 1914-cü il avqustun 1-dən 1922-ci il noyabrın 20-dək).
9. Mülki əhalinin yeni müharibə alətlərindən müdafiəsinə dair Konvensiya layihəsi («1938-ci il Amsterdam Konvensiyası layihəsi»)
96. Bu Konvensiya Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən hazırlanmış, lakin dövlətlər tərəfindən qəbul edilməmişdir. Buradakı mülki əhalinin mənfi anlayışı 1880-ci il Oksford Nizamnaməsində verilmiş anlayışa uyğun olmuşdur:
«Maddə 1. Dövlətin mülki əhalisi müharibə aktının məqsədini təşkil etmir. Bu Konvensiya mənasında «mülki əhali» ifadəsi döyüş hissələrin hər hansı növündə hərbi xidmətə cəlb edilməmiş və ya 2-ci maddədə müəyyən edilmiş qaydada hər hansı hərbi qurumda bilavasitə və ya dolayısı ilə məşğul olmayan şəxsləri əhatə edir.»
C. İkinci Dünya Müharibəsindən qabaqkı təcrübə
1. 1899-1902-ci illərdə Filippindəki münaqişə ilə bağlı yaradılmış ABŞ hərbi məhkəmələri
97. Filippində qiyam qarşı hərbi kampaniya zamanı müharibə qanunlarını pozmaqda, o cümlədən məhkəmədən kənar edamlar törətməkdə ittiham edilmiş bir sıra ABŞ hərbi qulluqçularının işlərinə 1901 və 1902-ci illərdə ABŞ hərbi məhkəmələrində baxılmışdır. Baş hakim-vəkilin (hərbi ədliyyə idarəsinin rəisi, hərbi prokuror – tərcüməçinin qeydi) və nəzarət instansiyalarının bəzi izahatlarında rəislərin məsuliyyəti və hərbi əsirlərlə rəftar məsələləri daxil olmaqla müharibənin qanunları və adətləri ilə bağlı şərh verilmişdir. Bu şərhlər sonrakı sənədlərdə nəzərə alınmışdır. Həmin məhkəmə prosesləri müharibənin qanunlarına zidd olaraq düşmənə qarşı cinayət törətməkdə ittiham olunan hərbi qulluqçular barəsində işlərə dövlət daxilində məhkəmədə baxılmasının ilk nümunələrindəndir.
98. Mayor Uoller işində nəzarət instansiyası aşağıdakıları qeyd etmişdir:
«müharibənin qanunları və dövrün ruhu icazə vermir ki, hər hansı zabit onun qayğısında olan aciz əsirləri öz iradəsi ilə öldürsün. Hər hansı başqa nöqteyi-nəzər vəhşiliyə dəlalət edərək sivil millətlərin müharibəni mümkün qədər az qəddarlıq və ədalətsizlik yolları ilə aparmaq tələbindən uzaqdır.»
99. Mayor Qlenn işində hakim-vəkil qeyd etmişdir ki, hətta ABŞ əsgərləri sivil müharibə qaydalarına açıq-aşkar məhəl qoymadan partizanların ayrı-ayrı bandalarına qarşı çətin vəziyyətdə döyüşsə də, onlar «qiyamı yatırtmaq və ictimai qaydanı bərqərar etmək … üçün səy göstərməkdə müharibənin qanunlarına əməl etmək öhdəliyindən» azad olmamışlar.
100. Hərbi əsiri öldürmə ilə bağlı leytenant Braun barəsində məhkəmə işində hakim-vəkil qeyd etmişdir ki, Filippində «publik müharibə vəziyyəti» olmuş və buna görə təqsirləndirilən şəxsin günahı lex loci ilə deyil, beynəlxalq hüquq, yəni bu işdə müharibənin qanunları və adətləri baxımından müəyyən edilməlidir.
2. «Leypsiq məhkəmə prosesləri»
101. Versal Müqaviləsindən sonra Almaniya Leypsiq şəhərində Ali Məhkəmədə fiziki şəxslərə qarşı cinayət təqibini başlamışdır. Müttəfiq dövlətlər hərbi əsirlər və yaralılar ilə rəftarla, habelə Böyük Britaniyanın hospital gəmisinə torpeda hücumu ilə bağlı 45 iş (1919-cu il Beynəlxalq Komissiyanın Məruzəsindəki təqribən 900 işdən) təqdim etmişlər. Məhkəmə prosesləri 1921-ci ildə baş tutmuşdur. 1921-ci ildə keçirilmiş 12 məhkəmə prosesi nəticəsində, 6 nəfər bəraət qazanmış, 6 nəfər isə məhkum edilmişdir (təyin edilmiş cəza simvolik olmuşdur). Müttəfiq dövlətlər Almaniya məhkəmələrinə daha iş göndərməməyi qərara almışlar.
102. İttiham hökmləri əsasən Almaniyanın hərbi qanunvericiliyə əsaslanmış, lakin bəzi işlərdə, xüsusilə «Llandovery Castle» işi üzrə hökmdə beynəlxalq hüquqa dəqiq istinad edilmişdir:
«Gəmilər istiqamətində atəş açma beynəlxalq hüquqa qarşı pozuntu olmuşdur. Quruda müharibə zamanı silahsız düşməni öldürməyə icazə verilmir (1907-ci il Haaqa Nizamnaməsinin 23-cü hissəsinin «c» bəndi); eyni qaydada, gəmi qəzasına uğramış, xilas qayığında olan şəxsləri öldürmək qadağandır. <…> Senat artıq qeyd etdiyi kimi, müharibə zamanı beynəlxalq hüququ pozma cəza təyin edilən cinayətdir, çünki ümumiyyətlə hər bir cinayət üçün cəza nəzərdə tutulur. Müharibədə düşməni öldürmə yalnız belə öldürmə beynəlxalq hüquqda nəzərdə tutulmuş şərtlər və məhdudiyyətlərə uyğun olduqda müharibə aparan dövlətin iradəsinə uyğundur (onun qanunları öldürmənin qanuni və ya qanunsuz olmasının müəyyən edilməsində həlledici rol oynayır). <…> Burada söz gedən beynəlxalq hüquq norması sadə olaraq universal qaydada tanınmışdır. Onun tətbiqi ilə əlaqədar hər hansı şübhə üçün yer yoxdur. Bu işdə məhkəmə Patsiqin beynəlxalq hüquqa zidd olaraq öldürməkdə təqsirini təsdiq etməlidir.»
3. Türkiyə nümayəndələri barəsində cinayət təqibi.
103. Böyük Britaniya Birinci Dünya Müharibəsi zamanı hərbi əsirlərlə pis rəftar və digər müharibə cinayətləri ilə əlaqədar Türkiyə zabitlərinə qarşı cinayət təqibini həyata keçirmək üçün ciddi səylər göstərmişdir. Cinayətlərin «bələdiyyə hüququ sahəsinə aid olmaması», lakin «müharibə adətləri və beynəlxalq hüquq normaları ilə əhatə olması» nəzərə alınaraq Böyük Britaniya cinayətlərə görə təqibin işğal edilmiş ərazilərdə Böyük Britaniyanın hərbi məhkəmələri tərəfindən həyata keçirilməsinin lehinə çıxış etmişdir . Hərbi məhkəmələrdə bir neçə proseslər 1919-cu ildə başlamış, lakin Türkiyənin daxilində baş vermiş hadisələrə görə axıra kimi aparılmamışdır. Türkiyənin hərbi məhkəmələrində də proseslər keçirilmiş və Türkiyənin Cinayət Məcəlləsinə əsasən ittihamlar irəli sürülsə də, bir neçə hökm «insanlıq və sivilizasiya» meyarlarına əsaslanmışdır. Yuxarıda göstərildiyi kimi, 1923-cü il Lozanna Müqaviləsi bu proseslərə son qoymuşdur.
D. İkinci Dünya Müharibəsi zamanı müharibə cinayətləri ilə əlaqədar cinayət təqibi
1. Doqquz işğal edilmiş ölkənin nümayəndələrinin imzaladığı Almaniyanın müharibə cinayətləri haqqında Bəyannamə («1942-ci il Sent Ceyms Bəyannaməsi»)
104. 1940-cı ilin noyabr ayında Polşanın və Çexoslovakiyanın sürgündə hökumətləri Almaniya qoşunların tərəfindən müharibə cinayətləri törətməsini iddia etmişlər. Böyük Britaniyanın Baş naziri üçün müharibə cinayətləri ilə əlaqədar cinayət təqibi müharibənin bir hissəsini təşkil etmişdir: əslində bu, Almaniya tərəfindən işğal edilmiş bütün dövlətlər üçün, habelə Yaponiyanın işğalçı qoşunlarla əlaqədar Çin üçün belə olmuşdur . Ox ölkələrinin qüvvələri tərəfindən işğal edilmiş ərazilərin nümayəndələri 1942-ci ildə Londonda müharibə cinayətləri və cəzalar haqqında Sent Ceyms Bəyannaməsini qəbul etmişlər. Onun preambulasında qeyd edilmişdir ki, beynəlxalq hüquqda və xüsusilə 1907-ci il Haaqa Konvensiyasında işğal edilmiş ölkələrdə müharibə edən tərəfindən mülki əhaliyə qarşı zorakılıq aktlarını törətməsi, qüvvədə olan qanunvericiliyi saymama və ya dövlət orqanlarını devirməsinə yol verilməmişdir. Bəyanatda həmçinin aşağıdakılar deyilmişdir:
«1. Mülki əhaliyə qarşı törədilmiş zorakılıq aktlarının sivil millətlərin anladığı kimi, müharibə aktları və siyasi cinayətlər ilə bağlı qəbul edilmiş fikirlərə zidd olduğunu təsdiq edirlər; <…>
3. Həmin cinayətləri törətməkdə təqsirli olan və ya onlara məsuliyyət daşıyan, o cümlədən onları əmr etmiş, törətmiş və ya hər hansı başqa yolla iştirak etmiş şəxslərin təşkil edilmiş ədalət mühakiməsi vasitəsilə cəzalandırılmasını müharibənin əsas məqsədlərindən biri hesab edirlər;
4. A) milliyyətindən asılı olmayaraq təqsirli və məsuliyyət daşıyan şəxslərin axtarılması, təslim verilməsi və məhkəməyə verilməsinə; B) təyin edilmiş cəzaların tətbiq edilməsinə nəzarət etməkdə beynəlxalq həmrəylik ruhunda qətidirlər.»
105. Bu Bəyanatdan sonra Birləşmiş Millətlər Təşkilatının («BMT») Müharibə Cinayətləri Komissiyası (BMT MCK) təsis edilmişdir (1943-cü il). Onun vəzifələrinə ittiham olunan şəxslər barəsində cinayət təqibinin həyata keçirilməsini təmin etmək üçün müharibə cinayətləri barədə sübutları toplamaq daxil olmuşdur . Öz səlahiyyət müddətində Komissiya müharibə cinayətləri törətməkdə şübhəli olan şəxslər ilə əlaqədar 8178 iş toplamışdır. Komissiya 1919-cu il Beynəlxalq Komissiyanın Məruzəsindəki cinayətlər siyahısını (yuxarıda 92-ci bəndə bax) tam şəkildə qəbul edərək onları müvafiq hallarda İkinci Dünya Müharibəsinin şəraitinə tətbiq etməyi qərara almışdır.
2. Müharibə cinayətləri ilə əlaqədar SSRİ-də cinayət təqibi
106. 1941-ci il noyabrın əvvəllərində SSRİ diplomatik münasibətləri olan bütün ölkələrə işğal edilmiş ərazilərdə xüsusilə nasist Almaniya tərəfindən törədilmiş müharibə cinayətləri barədə məlumat vermişdir . Alman qüvvələri tərəfindən törədilən cinayətləri qeyd etmək və ədalət mühakiməsinə vermək üçün təqsirli şəxsləri müəyyən etmək məqsədilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 2 noyabr tarixli Fərmanı ilə Alman Faşist İşğalçıları və Onlarla Əlbir Olanlar Tərəfindən Törədilmiş Cinayətlərin, Habelə Onlar Tərəfindən SSRİ Vətəndaşlarına, Kolxozlara, İctimai Təşkilatlara, Dövlət Müəssisələrinə və Idarələrinə Vurulmuş Ziyanın Müəyyən Edilməsi və Araşdırılması üzrə Fövqəladə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın işinin nəticələri sonradan Krasnodar və Xarkov məhkəmə proseslərində istifadə edilmişdir (aşağıda bax).
107. 1943-cü ilin iyul ayında Krasnodar şəhərində SSRİ vətəndaşları (Alman qoşunlarının törətdiyi cinayətlərdə iştirakçılar və köməkçilər). Bu şəxslər Sovet Cinayət Məcəlləsinə əsasən adam öldürmə və Vətənə xəyanət cinayətlərinə görə təqsirlənmiş və hərbi məhkəmələr tərəfindən məhkum edilmişdir.
108. Böyük Britaniya, ABŞ və SSRİ-nin 1943-cü il Moskva Bəyannaməsi müharibə cinayətkarların təqibi ilə əlaqədar İkinci Dünya Müharibəsinin ən əhəmiyyətli bəyanatlarından idi. Müharibə cinayətkarları barəsində cəza təyin etməkdə milli məhkəmələrin qanuni rolu və müharibədə sonra onları təqib etmək niyyəti Bəyanatda təsdiq edilmişdir. Onun müvafiq hissələrində aşağıdakılar deyilmişdir:
«<…> yuxarıda qeyd edilən üç Müttəfiq dövlət otuz iki birləşmiş millət adından çıxış edərək aşağıdakı bəyannaməni təntənəli surətdə bəyan edir və öz mövqeyini açıqlayır:
Almaniyada yaradıla bilən hər hansı hökumətə hər hansı barışıq təklif edildiyi halda, yuxarıdakı vəhşilik aktları, kütləvi qırğın və edamlara məsuliyyət daşıyan və bunlarda könüllü olaraq iştirak edən Alman zabitləri və əsgərləri və nasist partiyasının üzvləri öz iyrənc əməllərini törətdiyi ölkələrə, həmin azad edilmiş ölkələrin və orada yaradılacaq azad hökumətlərin qanunlarına əsasən məhkum etmək və barələrində cəza təyin etmək üçün göndəriləcəkdir. <…>
Belə ki, italyan zabitlərinin kütləvi güllələnməsində, yaxud fransız, holland, belçikalı və norveçli girovların və ya Krit kəndlilərin edamlarında, yaxud Polşa xalqının məruz qaldığı qırğında və ya hal-hazırda düşməndən tam təmizlənən SSRİ ərazilərində əhalinin qırğınında iştirak etmiş almanlar bilməlidir ki, onlar öz cinayətlərini törətdiyi yerlərə qayıdacaq və zorakılığa məruz qoyduqları xalqlar tərəfindən məhkum ediləcəklər.
Öz əllərini hələ ki günahsız qana batırmamış şəxslər bunu bilsinlər ki, hər necə olsa da təqsirkarlar sırasında olmasınlar, çünki üç Müttəfiq dövlət hətta dünyanın o başında tam əminliklə onları taparaq ədalət mühakiməsi naminə onları ittihamçılara təhvil verəcəkdir.
Yuxarıdakı bəyannamə müəyyən coğrafi yerə aid olmayan cinayətləri törədən və Müttəfiq hökumətlərinin birgə qərarı ilə cəzalandırılacaq alman cinayətkarları barədə məsələyə toxunmur.»
109. Bu axırıncı müddəada Alman müharibə cinayətkarları barəsində cinayət təqibin həyata keçirilməsi nəzərdə tutulmuş və ilk belə məhkəmə prosesi 1943-cü ilin dekabr ayında Xarkov şəhərində keçirilmişdir . 1943-cü ildə SSRİ Ali Sovetin Rəyasət Heyətinin Fərmanı ilə tətbiq edilən cəzalar müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Xarkov şəhəri və vilayətinin minlərlə sakinini qazla zəhərləməkdə, mülki əhaliyə qarşı vəhşilik aktları törətməkdə, kəndləri yandırmaqda və qadınları, qocaları və uşaqları məhv etməkdə, habelə yaralıları və hərbi əsirləri edam etməkdə, diri-diri yandırmaqda və onlara işgəncə verməkdə ittiham edilmişlər. İttiham beynəlxalq konvensiyalarda (1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsi və 19290cu il Cenevrə Konvensiyası, hər ikisi Almaniya tərəfindən ratifikasiya edilməklə) və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanmışdır. İttiham aktında yalnız Alman Hökumətin və Komandanlığın deyil, hətta ayrı-ayrı şəxslərin (Leypsiq məhkəmə proseslərinə istinadən) cinayət məsuliyyətindən söhbət gedirdi. Öz təqsirini və bilavasitə rəislərinin təqsirini etiraf etmiş üç təqsirləndirilən şəxs asma yolu ilə ölüm cəzasına məhkum edilmişdir. Sonradan, bu məhkəmə proseslərinin ədalətli olması məsələsi şübhə altına qoyulmuş, lakin onlar mətbuatda geniş işıqlandırılmışdır. SSRİ bu cür məhkəmə proseslərini davam etdirmək üçün müharibənin sonunu gözləmişdir: məhkəmə prosesləri həmçinin Kiyev, Minsk, Riqa, Leninqrad, Smolensk, Bryansk, Velikiye Luki və Nikolayev şəhərlərində keçirilmişdir .
110. Bolqarıstan ərazisi Alman qoşunlarından azad edildikdən sonra, 1944-cü ildə 11 Bolqarıstan vətəndaşı 1943-cü il Moskva Bəyannaməsinə əsasən müharibə cinayətləri ilə əlaqədar Bolqarıstan Xalq Məhkəməsi tərəfindən məhkum edilmişdir .
3. Müharibə cinayətləri ilə əlaqədar ABŞ tərəfindən həyata keçirilmiş cinayət təqibi
a) ABŞ Döyüş Nizamnaməsi: Quruda Müharibənin Aparılması qaydaları, 1 oktyabr 1940-cı il (US Field Manual: Rules of Land Warfare)
111. Bu ətraflı bələdçi kitabsa 1940-cı ildə ABŞ Hərbi Departamenti tərəfindən hazırlanaraq döyüş hissələrinə göndərilmişdir. Burada həm müharibənin adət qaydaları, həm də ABŞ-ın tərəfdar çıxdığı müqavilələrin normaları əks etdirilmiş və o zaman ABŞ silahlı qüvvələrində tətbiq ediləm silahlı münaqişə qaydaları şərh edilmişdir. «Əsas prinsiplər» aşağıdakı qaydada göstərilmişdir:
«Müharibənin yazılmamış qaydaları və ya qanunları sırasında müharibənin sivil qaydada aparılmasının bütün digər yazılmış və yazılmamış qayda və ya qanunlarının əsasında olan və, müəyyən qaydalar artıq tətbiq edilmədikdə, ümumi davranış qaydasını təşkil edən, qarşılıqlı əlaqədə olan üç əsas prinsip vardır:
a) Hərbi zərurət prinsipi – müharibə edən insanlıq və alicənablıq prinsipləri nəzərə alınmaqla mümkün qədər az vaxt, insan həyatı və maliyyə xərcləri ilə düşməni tam təslim etməyə məcbur etmək üçün hər hansı həcmdə və hər hansı növ güc tətbiq etməkdə haqlıdır;
b) İnsanlıq prinsipi – müharibənin məqsədi üçün əslində zəruri olmayan şəkildə və dərəcədə zorakılıq qadağan edilir;
c) Alicənablıq prinsipi – şərəfsiz vasitələr, üsullar və ya əməllər pislənir və onların tətbiqi qadağan edilir.
112. Bələdçi kitabçanın 8-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur:
«Düşmən əhalinin ümumi təsnifatı – Düşmən əhalisi müharibə zamanı iki əsas təsnifə bölünür: silahlı qüvvələr və dinc əhali. Hər iki təsnifin müəyyən hüquqları, vəzifələri və məhdudiyyətləri vardır; eyni şəxs isə eyni vaxtda hər iki təsnifə daxil ola bilməz.»
113. Bələdçi kitabçada həmçinin aşağıdakılar deyilmişdir:
«Əsir götürülmüş qoşunların statusunu müəyyən etmə – Əsir götürülmüş qoşunların statusu yuxarı hərbi orqan və ya hərbi məhkəmələr tərəfindən müəyyən edilir. Müharibə qanunları ilə artıq özbaşına adam öldürməyə yol verilmir. Zabitlərin vəzifəsi – əsir götürülmüş şəxsləri saxlamaq və onların əsgər, qeyri-nizami qoşunların üzvü və ya fərari olub-olmamasını səlahiyyətli orqan tərəfindən müəyyən etməsinə buraxmaqdır. <…>
Silahlı qüvvələr tərkibinə daxil olmayan şəxslərin döyüş əməliyyatlarında iştirak etməsi – Silah götürən və müharibənin qanunları ilə müharibə edən kimi tanınmaq üçün nəzərdə tutulmuş şərtlərə cavab verməyərək döyüş əməliyyatlarında iştirak edən şəxslər zərərçəkmiş tərəfindən əsir götürüldükdə, müharibə cinayətkarları kimi cəzalandırılır. <…>
Məhkəmə araşdırması hüququ – Heç kəs müharibə qanunları əleyhinə cinayətə görə, hərbi məhkəmə və ya komissiya və ya müharibə edənin müəyyən etdiyi hər hansı digər səlahiyyətli orqan tərəfindən keçirilmiş məhkəmə baxışı nəticəsində təyin edilmiş cəzanın icrası qaydasında istisna edilməklə, cəzalandırıla bilməz.»
b) ABŞ Ali Məhkəməsinin Kvirin işi üzrə qərarı
114. 1942-ci ildə ABŞ göndərilmiş səkkiz nasist təxribatçısı tutulmuş və məxfi hərbi komissiya tərəfindən digər cinayətlər sırasında müharibənin qanunları əleyhinə cinayətləri ilə əlaqədar (o cümlədən təxribat, casusluq «və digər düşmən əməlləri» törətmək məqsədilə düşmən arxasında gizli olaraq mülki geyimdə hərəkət etmək üçün mülki paltarı geyinməyə görə) məhkum edilmişdir. Onların vəkilləri Ali Məhkəməyə müraciət etmiş və sonuncu aşağıdakıları bildirmişdir:
«Hamılıqla qəbul edilmiş razılaşmaya və təcrübəyə müvafiq olaraq, müharibə qanunları ilə müharibə edən dövlətlərin silahlı qüvvələri və dinc əhalisi, habelə qanuni və qanunsuz döyüşçüləri fərqlənir. Qanuni döyüşçülər qarşı silahlı qüvvələr tərəfindən hərbi əsir kimi əsir götürülə və saxlanıla bilərlər. Qanunsuz döyüşçülər də əsir götürülə və saxlanıla bilər, lakin əlavə olaraq onların müharibə edən vəziyyətini qanunsuz edən əməllərə görə hərbi məhkəmələr tərəfindən məhkum edilə bilərlər. Müharibə zamanı, müharibə edən tərəfin cəbhə arxasına hərbi formada olmadan keçən, hərbi məlumatları toplamağa və düşmənə ötürməyə çalışan casus, yaxud insanı və ya əmlakı məhv etmək yolu ilə müharibə aparmaq üçün hərbi formada olmadan gizli olaraq cəbhə arxasına keçən düşmən döyüşçüsü – ümumiyyətlə hərbi əsir statusuna malik olmayan və müharibənin qanunları əleyhinə cinayətlər ilə əlaqədar hərbi məhkəmələr tərəfindən məhkum edilməli və cəza təyin edilməli cinayətkar sayılan müharibə edənin nümunəsidir.»
E. İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlər ilə əlaqədar bu müharibədən sonra BHT-lərdəki məhkəmə prosesləri.
1. 1945-ci il Potsdam Sazişi
115. Potsdam Sazişi 1945-ci ilin may ayında Almaniyanın kapitulyasiyasından sonra Almaniyanın və digər ölkələrin işğal edilməsi və bərpa edilməsi ilə əlaqədar olmuşdur. Saziş 1945-ci il iyulun 17-dən avqustun 2-dək keçirilmiş Potsdam Konfransında SSRİ, ABŞ və Böyük Britaniya tərəfindən hazırlanaraq qəbul edilmişdir. Sazişdə müharibə cinayətkarların təqibi ilə bağlı aşağıdakılar nəzərdə tutulmuşdur:
«Üç Hökumət 1943-cü il oktyabr Moskva Bəyannaməsinə əsasən müəyyən coğrafi yerə aid olmayan cinayətləri törətmiş əsas müharibə cinayətkarlarının işlərinə məhkəmələrdə baxılması üsulları barədə razılığa gəlmək üçün Böyük Britaniya, ABŞ, Sovet və Fransız nümayəndələri arasında əvvəlki həftələr ərzində Londonda aparılmış müzakirələri nəzərə aldı. Üç Hökumət bu cinayətkarlar barəsində tez və düzgün ədalət mühakiməsini keçirmək niyyətini bir daha təsdiq edir. Onlar London danışıqlarının bu məqsədlə tez anlaşmaya gətirib çıxaracağına ümid edərək həmin əsas cinayətkarlar işi ilə əlaqədar məhkəmə prosesinin mümkün qədər tez müddətdə başlamasını mühüm məsələ kimi qəbul edirlər. Təqsirləndirilən şəxslərin ilk siyahısı sentyabrın 1-dək dərc ediləcəkdir.»
2. Avropa Ox ölkələrinin əsas müharibə cinayətkarlarının təqib edilməsi və cəzalandırılmasına dair Saziş («1945-ci il London Sazişi»)
116. Almaniyanın şərtsiz təslimindən sonra Müttəfiq Dövlətlər 1945-ci il London Sazişini imzalamışlar:
«Birləşmiş Millətlərin müharibə cinayətkarlını ədalət mühakiməsinə vermək niyyətində olduğunu dəfələrlə bəyan etməsini nəzərə alaraq;
Həmçinin İşğal edilmiş Avropada Alman vəhşilikləri haqqında 1943-cü il 30 oktyabr tarixli Moskva Bəyanatında vəhşilik aktları, kütləvi qırğın və edamlara məsuliyyət daşıyan və bunlarda könüllü olaraq iştirak edən Alman zabitləri və əsgərlərinin və nasist partiyasının üzvlərinin öz iyrənc əməllərini törətdiyi ölkələrə, həmin azad edilmiş ölkələrin və orada yaradılacaq azad hökumətlərin qanunlarına əsasən məhkum etmək və barələrində cəza təyin etmək üçün göndəriləcəyinin qeyd edilməsini nəzərə alaraq;
Həmçinin bu bəyannamənin müəyyən coğrafi yerə aid olmayan cinayətləri törədən və Müttəfiq hökumətlərinin birgə qərarı ilə cəzalandırılacaq əsas cinayətkarlar barədə məsələyə toxunmamasının qeyd edilməsini nəzərə alaraq; <…>
Maddə 1: Almaniya üzrə Nəzarət Şurası ilə məsləhətləşmədən sonra, müəyyən coğrafi yerə aid olmayan cinayətləri törətmiş, fərdi qaydada, yaxud təşkilatların və ya qrupların üzvləri qismində, yaxud hər iki qaydada ittiham edilən müharibə cinayətkarları mühakimə etmək üçün Beynəlxalq Hərbi Tribunal təsis edilir.
Maddə 2: Beynəlxalq Hərbi Tribunalın təşkili, səlahiyyətləri və funksiyaları bu Sazişə əlavə olunan və bu Sazişin tərkib hissəsini təşkil edən Nizamnamədə müəyyən edilir. <…>
Maddə 4: Bu Sazişin heç bir müddəası Moskva Bəyannaməsinin müharibə cinayətkarlarının cinayət törətdiyi ölkələrə qayıtmasına dair müddəalarına zidd şərh edilə bilməz. <…>
Maddə 6: Bu Sazişin heç bir müddəası müharibə cinayətkarlarını mühakimə etmək üçün hər hansı Müttəfiq ərazisində və ya Almaniyada təsis edilmiş və ya təsis ediləcək milli və ya işğal məhkəmələrinin səlahiyyətlərinə zidd şərh edilə bilməz.»
3. Nürnberq BHT-nin Nizamnaməsi
117. Nizamnamə 1945-ci il London Sazişinə əlavə edilmişdir. Nizamnamədə digər məsələlər sırasında «cinayət rəhbərləri, təşkilatçıları, təhrikçiləri və iştirakçıları» məsuliyyət daşıdığı müharibə qanunlarının və adətlərinin pozuntuların açıq siyahısı və müvafiq cəzalar nəzərdə tutulmuşdur:
«Maddə 1: 1945-ci il avqust ayının 8-ci günündə Amerika Birləşmiş Ştatlarının Hökuməti, Fransanın Müvəqqəti Hökuməti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Sovet Sosialist Respublikaları İttifaqının Hökuməti tərəfindən imzalanmış Sazişə uyğun olaraq, Avropa Ox ölkələrinin əsas müharibə cinayətkarların işlərinə ədalətli surətdə və təxirə salınmadan məhkəmədə baxılması və cəzalandırılması məqsədilə Beynəlxalq Hərbi Tribunal (bundan sonra – «Tribunal») təsis edilir. <…>»
«Maddə 6: Avropa Ox ölkələrinin əsas müharibə cinayətkarların işlərinə ədalətli surətdə və təxirə salınmadan məhkəmədə baxılması və cəza təyin edilməsi məqsədilə yaradılan, bu maddənin 1-ci maddəsində göstərilən Tribunal fərdi qaydada və ya təşkilat üzvü kimi Avropa Ox ölkələrinin maraqları üçün hərəkət edərək hər hansı aşağıdakı cinayət törətmiş şəxslərin işlərinə baxmaq və barələrində cəza təyin etmək səlahiyyətinə malikdir.
Aşağıdakı əməllər və ya onların hər birisi Tribunalın səlahiyyətinə aid və fərdi məsuliyyətə səbəb olan cinayətlərdir: <…>
b) Müharibə cinayətləri: yəni müharibə qanunlarını və adətlərini pozma. Belə pozuntulara işğal edilmiş ərazinin və ərazidə mülki əhaliyə qarşı törədilmiş adam öldürmə, işgəncə vermə və ya köləlik və y hər hansı başqa məqsədlə deportasiya, hərbi əsirlərə və ya dənizdə olan şəxslərə qarşı törədilmiş adam öldürmə və ya işgəncə vermə, girov saxlanılan şəxsləri öldürmə, ictimai və ya şəxsi əmlakı talan etmə, şəhərləri və ya kəndləri səbəbsiz olaraq məhv etmə, yaxud hərbi zərurət olmadan məhv etmə və digər cinayətlər aiddir; <…>
Yuxarıda göstərilən hər hansı cinayəti törətməyə yönəlmiş ümumi planın və ya sui-qəsdin hazırlanmasında və ya yerinə yetirilməsində iştirak etmiş cinayətin rəhbərləri, təşkilatçıları, təhrikçiləri və iştirakçıları belə planın icrası üçün hər hansı şəxs tərəfindən törədilmiş bütün əməllərə görə məsuliyyət daşıyırlar. <…>»
«Maddə 8: Təqsirləndirilən şəxsin onun Hökumətinin və ya rəisinin verdiyi əmrə əsasən hərəkət etməsi onu məsuliyyətdən azad etmir, lakin Tribunal tərəfindən ədalət mühakiməsi məqsədləri ilə bunu tələb olunması müəyyən edildikdə cəzanı yüngülləşdirən hal sayıla bilər. <…>»
«Maddə 27: Tribunal təqsirləndirilən şəxsi ölüm cəzasına və ya ədalətli hesab etdiyi digər cəzaya məhkum etmək hüququna malikdir.
Maddə 28: Tribunal, təyin olunan hər hansı cəzaya əlavə olaraq, hər hansı oğurlanmış əmlakı məhkum edilmiş şəxsdən müsadirə etmək və Almaniya üzrə Nəzarət Şurasına göndərmək hüququna malikdir.»
4. Nürnberq BHT-nin hökmü
118. Hökmdə 1907-ci il Haaqa Konvensiyasının və Nizamnaməsinin bir çox müddəalarında beynəlxalq adətlərinə həsr edilməsi əks etdirilir:
«Tribunal <…> Nizamnamədəki müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin anlayışları ilə bağlıdır. Müharibə cinayətləri ilə əlaqədar olaraq, Nizamnamənin 6-cı maddəsinin «b» bəndində müəyyən edilmiş cinayətlər müharibə cinayətləri kimi beynəlxalq hüquqda artıq qəbul edilmişdir. Onlar 1907-ci il Haaqa Konvensiyasının 46, 50, 52 və 56-cı maddələrində, habelə 19290cu il Cenevrə Konvensiyasının 2, 3, 4, 46 və 51-ci maddələrində əks etdirilmişdir. Bu müddəaların pozulmasının təqsirli şəxslər barəsində cəza təyin edilən cinayətlər təşkil etməsi də şübhə altına alınmayacaq dərəcədə məlumdur.
Lakin iddia edilir ki, bu işdə Haaqa Konvensiyası, onun 2-ci maddəsindəki onun qüvvəsi dairəsinə dair müddəasına görə tətbiq edilmir. <…>
Müharibədə iştirak etmiş bir neçə dövlət bu Konvensiyaya tərəfdar çıxmamışdır.
Tribunalın fikrincə, bu məsələni həll etmək zəruri deyil. Konvensiyada ifadə edilmiş quruda müharibə qaydaları, şübhəsiz ki, qəbul edildiyi zaman mövcud beynəlxalq hüquq normalarına müqayisədə irəliləyişi təşkil etmişdir. Lakin Konvensiyada açıq bildirilmişdir ki, o, bununla mövcud olmasını təsdiq etmiş «müharibənin ümumi qanunlarını və adətlərini yenidən nəzərdən keçirmək» cəhdi olmuşdur; eyni zamanda, 1939-cu ilə qədər Konvensiyada təsbit edilmiş normalar bütün sivil dövlətlər tərəfindən qəbul edilmiş və Nizamnamənin 6-cı maddəsinin «b» bəndində göstərilən müharibənin qanunları və adətlərinin bəyannaməsi sayılmışdır.»
119. Hökmün «Nizamnamə müddəaları» bölməsində və sülh əleyhinə cinayətlərə dair hissəsində aşağıdakılar qeyd edilmişdir:
«1907-ci il Haaqa Konvensiyasında müharibə aparılmasının müəyyən üsulları qadağan edilmişdir. Bunlara əsirlərlə qeyri-insani rəftar etmə, zəhərlənmiş silahı tətbiq etmə, elçilik bayrağından sui-istifadə və oxşar əməllər daxildir. Bu qadağaların bir çoxu Konvensiyadan qabaq qüvvədə olmuşdur; lakin 1907-ci ildən başlayaraq müharibə qanunları əleyhinə pozuntular kimi cəza təyin edilən cinayət sayılmışdır; buna baxmayaraq, Haaqa Konvensiyasında bu əməllər cinayət adlandırılmır, cəzalar nəzərdə tutulmur, cinayətkarları mühakimə etmək və barələrində cəza təyin etmək üçün məhkəmə müəyyən edilmir. Eyni zamanda, bir çox illər ərzində hərbi məhkəmələrdə bu Konvensiyada müəyyən edilmiş quruda müharibə qanunlarının pozulmasında təqsirli şəxslərin işlərinə baxılaraq onlar cəzalanmışdır. <…> sözləri şərh edilərkən xatırlamalıdır ki, beynəlxalq hüquq beynəlxalq qanunvericilik orqanın məhsulu deyil, kimi beynəlxalq müqavilələrdə isə formal prosedura məsələləri deyil, ümumi hüquq prinsipləri nəzərdə tutulur. Müharibə hüququ yalnız müqavilələrdə deyil, həmçinin tədricən hamılıqla qəbul edilən dövlətlərin adət və təcrübələrində əsaslanır, habelə hüquqşünasların tətbiq etdiyi və hərbi məhkəmələrin praktikasında olan ümumi ədalət prinsiplərindən irəli gəlir. Bu hüquq statik deyil, davamlı uyğunlaşma yolu ilə dəyişən dünyanın tələblərinin ardınca gedir. Həqiqətən, bir çox hallarda müqavilələrdə yalnız artıq mövcud olan hüquq prinsipləri ifadə olunur və müəyyən edilir.»
5. Tokio BHT-nin 1946-cı il Nizamnaməsi
120. Bu Nizamnamə 1946-cı il yanvarın 19-da Müttəfiq dövlətlərin Ali komandanı tərəfindən birtərəfli bəyanatla təsdiq edilmişdir. Nizamnamənin 5-cü maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulur:
«Tribunalın Uzaq Şərqdə Sülh əleyhinə cinayətlər daxil olmaqla cinayətlər törətməkdə ittiham edilən fiziki şəxslər və ya təşkilatlar üzvləri olan müharibə cinayətkarlının işlərinə baxmaq və cəza təyin etmək səlahiyyəti vardır.
Aşağıdakı əməllər və ya onların hər birisi Tribunalın səlahiyyətinə aid və fərdi məsuliyyətə səbəb olan cinayətlərdir:
<…>
b) Konvensiyalarda nəzərdə tutulan müharibə cinayətləri: yəni, müharibənin qanunlarını və adətlərini pozma;
c) <…> Yuxarıda göstərilən hər hansı cinayəti törətməyə yönəlmiş ümumi planın və ya sui-qəsdin hazırlanmasında və ya yerinə yetirilməsində iştirak etmiş cinayətin rəhbərləri, təşkilatçıları, təhrikçiləri və iştirakçıları belə planın icrası üçün hər hansı şəxs tərəfindən törədilmiş bütün əməllərə görə məsuliyyət daşıyırlar.»
6. Tokio BHT-nin 1948-ci il hökmü
121. Müharibə Cinayətləri üzrə Tokio Tribunalının 1948-ci il 12 noyabr tarixli hökmündə 1907-ci il Haaqa Konvensiyası ilə əlaqədar olaraq aşağıdakılar bildirilmişdir:
«<…> Konvensiyanın yalnız bütün müharibə edən dövlətlərin ona tərəfdar çıxdığı halda qüvvədə olmasına dair «ümumi tərəfdar çıxma müddəası» deyilən müddəanın daxil olması 1907-ci il oktyabrın 18-də Haaqada imzalanmış bəzi konvensiyaların birbaşa müqavilə öhdəlikləri kimi səmərəliliyinə ciddi ziyan vurmuşdur. Qanunun sözü nöqteyi-nəzərdən, bu müddəaya görə bəzi konvensiyalar müharibənin əvvəlindən və ya ona tərəfdar çıxmamış, ciddi olmasa da belə dövlət müharibə edən tərəflər sırasına daxil olduğu təqdirdə müharibə zamanı birbaşa müqavilə öhdəlikləri kimi qüvvəsindən məhrum edilir. Konvensiya müddəalarına əməl etmək öhdəliyi «ümumi tərəfdar çıxma müddəası» ilə və ya hər hansı başqa yolla heçə endirilə bilsə də, Konvensiya Tribunal tərəfindən müəyyən halda tətbiq ediləcək adət hüququnu müəyyən etmək üçün bütün digər sübutlarla birgə nəzərdən keçirilməli millətlərin adət hüququnun müsbət təcrübəsi kimi qalır. <…>»
7. Nürnberq Prinsipləri
122. 1950-ci illərin ortalarında Beynəlxalq Hüquq Komissiyası Nürnberq BHT-nin Nizamnaməsində və hökmündə «tanınmış beynəlxalq hüquq prinsipləri» ümumiləşdirilən yeddi «Nürnberq Prinsipini» təsdiq etmişdir:
«I Prinsip: Beynəlxalq hüquqa əsasən cinayət sayılan əməli törədən hər kəs bu əmələ görə məsuliyyət daşıyır və cəzalandırılır.
II Prinsip: Beynəlxalq hüquqa əsasən cinayət sayılan əmələ görə daxili qanunvericilikdə cəzanın nəzərdə tutulmaması əməli törətmiş şəxsi beynəlxalq hüquqa əsasən məsuliyyətdən azad etmir. <…>
IV Prinsip: Şəxs tərəfindən onun Hökumətinin və ya rəisinin əmrinə əsasən əməl törətməsi, onun üçün mənəvi seçim faktiki olaraq mümkün olduqda, onu beynəlxalq hüquqa əsasən məsuliyyətdən azad etmir.
V Prinsip: Beynəlxalq hüquqa əsasən cinayət törətməkdə ittiham edilən hər kəsin onun işinə faktlar və hüquq əsasında ədalətli qaydada baxılması hüququ vardır.
VI Prinsip: Aşağıda müəyyən edilmiş cinayətlər beynəlxalq hüquqa əsasən cəzalandırılan cinayətlər sayılır: <…>
b) Müharibə cinayətləri: Müharibə qanunlarını və adətlərini pozma işğal edilmiş ərazinin və ərazidə mülki əhaliyə qarşı törədilmiş adam öldürmə, işgəncə vermə və ya köləlik və y hər hansı başqa məqsədlə deportasiya, hərbi əsirlərə və ya dənizdə olan şəxslərə qarşı törədilmiş adam öldürmə və ya işgəncə vermə, girov saxlanılan şəxsləri öldürmə, ictimai və ya şəxsi əmlakı talan etmə, şəhərləri və ya kəndləri səbəbsiz olaraq məhv etmə, yaxud hərbi zərurət olmadan məhv etmə və digər cinayətləri əhatə edir. <…>
VII Prinsip: VI Prinsipdə müəyyən edilmiş sülh əleyhinə cinayəti, müharibə cinayəti, yaxud insanlıq əleyhinə cinayəti törətməkdə iştirakçılıq beynəlxalq hüquqa əsasən cinayət sayılır.»
F. İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlər ilə əlaqədar bu müharibədən sonra dövlətlərdə keçirilmiş məhkəmə prosesləri
1. Müharibə cinayətləri, sülh əleyhinə cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə cəzalandırma haqqında Müttəfiqlərin Nəzarət Şurasının 10 nömrəli Qanunu («Nəzarət Şurasının 10 nömrəli Qanunu») və «Girovların işi»
123. Nəzarət Şurasının 10 nömrəli Qanunu Almaniyada müharibə cinayətkarları (Nürnberq BHT-ya verilməmiş şəxslər) barəsində cinayət təqibinin həyata keçirilməsinin vahid hüquqi əsaslarını müəyyən etmək məqsədilə 1945-ci ilin dekabr ayında Almaniyaya nəzarət edən Müttəfiqlər Şurası tərəfindən qəbul edilmişdir. 1-ci maddəyə müvafiq olaraq, 1943-cü il Moskva Bəyannaməsi və 1945-ci il London Sazişi qanunun tərkib hissəsini təşkil etmişdir. II maddənin 5-ci hissəsində aşağıdakılar nəzərdə tutulmuşdur:
«Burada göstərilən cinayət ilə əlaqədar işə məhkəmədə baxılması və ya cinayət təqibi zamanı təqsirləndirilən şəxs 1933-cü il yanvarın 3-dan 1945-ci il iyulun 1-dək müddətə münasibətdə müddətlərin keçməsinə görə qanunun zamana görə qüvvəsindən faydalana bilməz <…>»
124. Həmçinin bu qanunda Nürnberq BHT Nizamnaməsinin 6-cı maddəsinin «b» bəndində göstərilən cinayətlər ilə demək olar ki, eyni qaydada müharibə cinayətləri müəyyən edilərək nəzərdə tutulmuşdur ki, əsas və ya köməkçi iştirakçı olmasından asılı olmayaraq, şəxs cinayəti əmr etdikdə və ya ona təhrik etdikdə və ya onun törədilməsində qəsdən iştirak etdikdə və ya cinayətin törədilməsi ilə bağlı planları, yaxud tədbirləri işlənib hazırlanmasında iştirak etdikdə və ya onun törədilməsi ilə əlaqədar hər hansı təşkilatın, yaxud qrupun üzvü olduqda müharibə cinayəti törətmiş sayılır. Müvafiq cəzalar da müəyyən edilmişdir.
125. «Girovlar» (Hostages (Wilhelm List)) işində təqsirləndirilən şəxslər İkinci Dünya Müharibəsi zamanı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər, xüsusilə işğal edilmiş ərazidə qisas zəminində öldürmə mexanizmini yaratma və təslim edilmiş italyan qoşunlarına qarşı kütləvi edam törətməkdə ittiham edilmişlər. Hökmdə qeyd edilmişdir ki, Nürnberq BHT Nizamnaməsində və Nəzarət Şurasının 10 nömrəli Qanununda müəyyən edilmiş cinayətlər müharibənin mövcud qanunlarının və adətlərinin ifadəsidir.
126. Hökmdə qeyd edilmişdir ki, V. List:
«ölkəni hərbi qüvvə vasitəsilə sakitləşdirmək tapşırığı almışdır; o, partizan qismində (francs tireurs) onun qoşunlarına hücum etmiş və ya onun nəqliyyat vasitələrinə və rabitə xətlərinə qarşı təxribat törətmiş şəxsləri cəzalandırmaq səlahiyyətinə malik olmuşdur; <…> Əlbəttə bu, deməkdir ki, həmin qanunsuz qrupların üzvləri əsir götürüldükdə hərbi əsir sayılmamışdır. Təqsirləndirilən şəxslər partizan (francs tireurs) olmuş həmin müqavimət hərəkatının əsir götürülmüş üzvlərini öldürməkdə ittiham edilə bilməzlər.»
127. Hərbi zərurət ilə əlaqədar olaraq hökmdə aşağıdakılar bildirilir:
«Hərbi zərurət prinsipinə əsasən, müharibə edən tərəfindən müharibənin qanunlarına müvafiq qaydada mümkün qədər az vaxt, insan həyatı və maliyyə xərcləri ilə düşməni tam təslim etməyə məcbur etmək üçün hər hansı həcmdə və hər hansı növ güc tətbiq etməsinə yol verilir. Ümumiyyətlə, bu prinsiplə işğal edən tərəfə öz qoşunlarının təhlükəsizliyini qorumaq və öz döyüş əməliyyatlarını uğurla həyata keçirmək üçün zəruri tədbirlərə icazə verilir. Bu prinsiplə silahlı düşmənləri və hərbi münaqişə şəraitində öldürülməsi təsadüfi olaraq qaçılmaz olmuş digər şəxsləri həyatdan məhrum etməyə yol verilir; silahlı düşmənləri və xüsusi təhlükəli olan başqa şəxsləri əsir götürməyə yol verilməsi ilə yanaşı, qisas almaq məqsədilə və ya öldürmək istəyi naminə günahsız sakinlərin öldürülməsinə yol verilmir. Əmlakı qanuni surətdə məhv etmə hərbi zərurətlə mütləq tələb edilməlidir. Məqsəd kimi məhv etmə özü-özünə beynəlxalq hüququnu pozuntusunu təşkil edir. Əmlakın məhv edilməsi ilə düşmən qüvvələrinin dəf edilməsi arasında müəyyən ağlabatan əlaqə olmalıdır.»
128. Almaniya ilə İtaliya arasında rəsmi müharibə elanının olmamasına görə edam edilmiş italyan zabitlərin hərbi əsir statusuna malik olub-olmaması ilə əlaqədar ciddi şübhələrin olması tribunal tərəfindən etiraf edilsə də, tribunal bu faktdan kənara çıxaraq onların kütləvi qaydada öldürülməsini «qanunsuz və tamamilə əsassız» hesab etmişdir.
2. Digər dövlətlərin məhkəmələrində işlərə baxılması
129. İkinci Dünya Müharibəsindən sonra müxtəlif dövlətlərin tribunallarında İkinci Dünya Müharibəsi zamanı törədilmiş müharibə cinayətləri ilə əlaqədar işlərə baxılmışdır. Avstraliya, Böyük Britaniya, Kanada, Çin, Fransa və Norveç hərbi və ümumi məhkəmələrində bu cür işlərə baxılmışdır . Bütün bu işlər müharibə qanunlarının və adətlərinin pozulması ilə, bəziləri isə müharibə cinayəti törətməkdə şübhəli olan şəxsləri cəzalandırmaqdan qabaq işlərinə məhkəmədə baxılması zəruriliyi ilə əlaqədar olmuşdur. Müəyyən hökmlərdə yerli məhkəmənin beynəlxalq müharibə qanunları və adətlərinə qanuni surətdə müraciət etməsi qeyd edilmiş, mülki əhalinin əmlakını lüzumsuz məhv etmə, düşmən formasını qanunsuz geyinmə və rəislərin fərdi məsuliyyətinə dair qaydalar əks etdirilmişdir.
G. Sonrakı konvensiyalar
1. Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında Konvensiya («1968-ci il Konvensiyası»)
130. 1968-ci ildə BMT Baş Məclisi bu Konvensiyanı hələ tutulmamış müharibə cinayətkarlarının (İkinci Dünya Müharibəsinin) vaxt ötməklə cinayət məsuliyyətindən qaça bilməsi təhlükəsi ilə əlaqədar olaraq qəbul etmişdir.
131. 1968-ci il Konvensiyası 1970-ci il noyabrın 11-də qüvvəyə minmişdir. 1969-cu ildə Sovet İttifaqı tərəfindən, 1992-ci il aprelin 14-də isə Latviya tərəfindən təsdiq edilmişdir. Onun müvafiq müddəalarında aşağıdakılar deyilir:
«Preambula
Müharibə cinayətlər və insanlıq əleyhinə cinayətlər ilə əlaqədar cinayət təqibinə və ya cəzanı təyin etməyə dair heç bir təntənəli bəyanatda, sənəddə və ya konvensiyada cinayət məsuliyyətinə cəlb etmə müddəti haqqında müddəanın olmadığını qeyd edərək,
Müharibə cinayətlərin və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquqa müvafiq olaraq ən ağır cinayətlərdən sayıldığını nəzərə alaraq,
Müharibə cinayətlər və insanlıq əleyhinə cinayətlər ilə əlaqədar təsirli cəzanı təyin etmənin belə cinayətlərin qarşısının alınmasında, insan hüquqlarının və əsas azadlıqların qorunmasında, xalqlar arasında etimadın möhkəmlənməsində, əməkdaşlığın təmin edilməsində və beynəlxalq sülh və təhlükəsizliyin təşviq olunmasında mühüm amilin olmasına inanaraq,
Adi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinə dair daxili hüquq normalarının müharibə cinayətlərə və insanlıq əleyhinə cinayətlərə münasibətdə tətbiq edilməsin bu cinayətlərə məsuliyyət daşıyan şəxslər barəsində cinayət təqibinin və cəza təyin etmənin qarşısını aldıqdan, bu məsələnin dünya ictimai fikrinin ciddi narahatlığına səbəb olduğunu qeyd edərək,
Bu Konvensiya vasitəsilə beynəlxalq hüquqda müharibə cinayətlər və insanlıq əleyhinə cinayətlər ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin olmaması prinsipinin təsdiq olunmasının, habelə bu prinsipin ümumdünya miqyasında tətbiqinin təmin edilməsinin zəruri və vaxtında olduğunu etiraf edərək»
132. 1968-ci il Konvensiyasının 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
«Aşağıdakı cinayətlərə, törədildiyi vaxtdan asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb etmə müddəti tətbiq edilmir:
a) Nürnberq Beynəlxalq Hərbi Tribunalının 1945-ci il 8 avqust tarixli Nizamnaməsində müəyyən edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1946-cı il 13 fevral tarixli 3 (I) nömrəli və 1946-cı il 11 dekabr tarixli 95 (I) nömrəli qətnamələrində təsdiq edilmiş müharibə cinayətləri, xüsusilə Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasında sadalanan «ciddi pozuntular»; <…>»
2. İnsanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında Avropa Konvensiyası («1974-cü il Konvensiyası»)
133. Bu Konvensiya onun qəbul edilməsi tarixindən əvvəl törədilmiş cinayətlərə, yalnız müvafiq cinayətlər ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədikdə tətbiq edilir. 1974-cü il Konvensiyası onun depozitariyə verilməsi zamanı yalnız iki dövlət (Fransa və Niderland) tərəfindən imzalamış və üçüncü dövlət tərəfindən (Belçika) təsdiq edildikdən sonra 2003-cü ildə qüvvəyə minmişdir. SSRİ və Latviya Konvensiyanı təsdiq etməmişdir.
3. 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarına Əlavə Protokol («1977-ci il Əlavə Protokolu»)
134. Cenevrə konvensiyalarının bu Protokolu müharibə qanunlarının və adətlərinin əsaslandığı (xüsusən, 1907-ci il Haaqa Konvensiyası) bir çox qanunların tarixini nəzərə alaraq onların inkişaf etdirilməsinə və bir daha təsdiq edilməsinə yönəlmişdir. Onun bir çox müddəalarında müharibənin mövcud qanunları və adətləri əks etdirilməklə yanaşı digər müddəalarında yeni normalar nəzərdə tutulur.
135. 35-ci maddədə müharibənin iki «Əsas qaydası» göstərilir:
«1. Hər hansı silahlı münaqişə zamanı münaqişə tərəflərinin müharibənin üsullarını və vasitələrini seçmək hüququ məhdudiyyətsiz deyil.
2. Lüzumsuz xəsarət yetirən və ya lüzumsuz əzab verən silahın, döyüş sursatının və materiallarının, habelə müharibə üsullarının tətbiq edilməsi qadağandır. <…>»
136. 39-cu maddədə aşağıdakılar nəzərdə tutulur:
«Maddə 39. Milli rəmzlər
1. Müharibə zamanı neytral və ya münaqişə tərəfi olmayan digər dövlətlərin bayraqları və ya milli rəmzləri, hərbi fərqləndirmə işarələri və ya formasından istifadə qadağandır.
2. Hücum zamanı və ya döyüş əməliyyatlarını pərdələmək, irəliləmək, qorumaq və ya onlara maneə törətmək üçün qarşı tərəfin bayraqları və ya milli rəmzləri, hərbi fərqləndirmə işarələri və ya formasından istifadə qadağandır.»
137. 41-ci maddədə sıradan çıxmış döyüşçülərin müdafiəsi təsdiq edilir:
«1. Sıradan çıxmış şəxs kimi tanınmış və ya müvafiq hallarda sıradan çıxmış şəxs kimi tanımalı olan şəxs hücum obyekti ola bilməz.
2. Şəxs aşağıdakı hallarda, hər hansı bu halda onun tərəfindən düşmən hərəkətlərindən çəkinməsi və qaçmağa cəhd göstərməməsi şərti ilə, sıradan çıxmış şəxs sayılır:
a) qarşı tərəfin hakimiyyəti altında olduqda;
b) təslim olmaq niyyətini açıq-aşkar ifadə etdikdə;
c) yaralar və ya xəstəlik üzündən huşunu itirdikdə və ya başqa cür sıradan çıxarıldıqda və buna görə özünü müdafiə etmək qabiliyyəti olmadıqda.»
138. 48-ci maddədə fərqləndirmə prinsipi təsdiq edilir:
«Mülki əhaliyə və mülki obyektlərə hörmətlə yanaşmanı və onların qorunmasını təmin etmək üçün münaqişə tərəfləri hər zaman mülki əhalini döyüşçülərdən, habelə mülki obyektləri hərbi obyektlərdən ayırmalı və, nəticə etibarilə, öz döyüş əməliyyatlarını yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.»
139. 50-ci maddədə silahlı qüvvələrin tərkibinə daxil olmayan şəxslər mülki əhali kimi qəbul edilir.
«1. Mülki şəxs – Üçüncü konvensiyanın 4A maddəsinin 1, 2, 3 və 6-cı bəndlərində və bu Protokolun 43-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmayan şəxsdir. Şəxsin mülki şəxs olub-olmaması ilə əlaqədar şübhə yarandıqda, şəxs mülki şəxs kimi tanınır.
2. Mülki şəxslər mülki əhali təşkil edirlər.
3. Mülki şəxs anlayışı şamil edilməyən şəxslərin mülki əhali arasında olması əhalini onun mülki xarakterindən məhrum etmir.»
140. 51-ci maddə mülki şəxslərin mühafizəsi ilə əlaqədardır:
«1. Mülki əhali və ayrı-ayrı mülki şəxslər hərbi əməliyyatlardan irəli gələn təhlükələrdən ümumi müdafiəyə malikdir. Bu müdafiəni təmin etmək məqsədilə, digər münasib beynəlxalq hüquq normalarına əlavə olan aşağıdakı qaydalara bütün hallarda əməl edilir.
2. Mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Başlıca məqsədi mülki əhali arasında qorxu yaymaq olan zorakılıq aktları və ya zorakılıq aktları hədəsi ilə hədələmə qadağandır.
3. Mülki şəxslər, döyüş əməliyyatlarında iştirak etmə halları və müddəti istisna edilməklə, bu maddə ilə təmin olunan müdafiəyə malikdir.»
141. 52-ci maddədə mülki obyektin (hərbi olmayan obyektin) hücum obyekti ola bilməməsinə dair adət hüququ norması bir daha təsdiq edilir. 52-cü maddənin 3-cü hissəsində aşağıdakılar qeyd edilir:
«Adətən mülki məqsədlər üçün istifadə edilən obyektin, o cümlədən ibadət yeri, yaşayış evi və ya başqa binanın, yaxud məktəbin hərbi əməliyyatlara səmərəli surətdə dəstək vermək üçün istifadə olub-olmaması ilə əlaqədar şübhə yarandıqda, onun mülki məqsədlər üçün istifadə olunması ehtimal edilir.»
142. 75-ci maddədə müharibə edən tərəfin hakimiyyəti altında olan və müharibənin qanunları və adətlərinə əsasən üstün mühafizə tədbirlərinə (misal üçün, hərbi əsir statusuna) malik olmayan şəxslərin müdafiəsi nəzərdə tutulur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
143. Ərizəçi cinayət hüquq müddəalarının ona münasibətdə geriyə tətbiq edilməsi ilə əlaqədar Konvensiyanın 7-ci maddəsinə əsasən şikayət etmişdir. O, iddia etmişdir ki, törədilməsinə görə məhkum edildiyi əməllər, 1944-cü ildə törədildiyi zaman cinayət sayılmamış, iddia edilən cinayətlərin isə 7-ci maddəsinin 2-ci hissəsinin əhatə dairəsinə daxil olmadığından bu müddəa tətbiq edilə bilməzdi. 7-ci maddədə aşağıdakılar nəzərdə tutulur:
«1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizlik ilə əlaqədar cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməli törədildiyi zaman təyin edilən cəzadan daha ağır cəza təyin edilə bilməz.
2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq törədildiyi zaman cinayət sayılan hər hansı hərəkət və ya hərəkətsizlik ilə əlaqədar hər hansı şəxsin işinə məhkəmədə baxılması və barəsində cəza təyin edilməsinə mane olmur.»
A. Palatanın qərarı
144. Palata Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən ərizəçinin şikayətlərini nəzərdən keçirmişdir. Palata hesab etmişdir ki, 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsi milli qanunvericiliyin deyil, beynəlxalq hüquq normalarına, xüsusilə 1907-ci il Haaqa Konvensiyasına və Nizamnaməsinə əsaslanmışdır. 1949-cu il IV Cenevrə Konvensiyası və 1977-ci il Əlavə Protokolu mübahisələndirilən əməllərin 1944-cü ilin may ayında törədilməsindən sonra qəbul edilmiş və onların geriyə qüvvəsi ola bilməz. 1907-ci il Haaqa Konvensiyasındakı prinsiplər geniş surətdə qəbul edilmiş, universal xarakter daşımış, 1944-cu ilə qədər jus in bello <müharibə aparılması hüququ> əsas adət normalarını təşkil etmiş və ərizəçinin törətdiyi əməllərə münasibətdə tətbiq edilmişdir.
145. Ərizəçinin müharibə cinayətləri ilə əlaqədar məhkum edilməsi üçün həqiqətən hüquqi əsasların olub-olmamasını, habelə 1944-cü il mayın 27-də ərizəçinin başçılıq etdiyi dəstənin törətdiyi əməllər ilə əlaqədar ərizəçiyə belə cinayətlər törətməkdə təqsirli bilinəcəyi əsaslı olaraq qabaqcadan məlum olub-olmamasını müəyyən edərkən Palata qeyd etmişdir ki, Mazie Bati kəndinin ərazisi o cümlədən Latviyanın köməkçi polisi ilə Alman administrasiyanın iştirak etdiyi hərbi əməliyyatlar zonasına daxil olmuşdur.
146. Palata kənd sakinlərinin hüquq statusu məsələsini nəzərdən keçirərək öldürülmüş kişilərlə qadınların statusunu ayırmışdır. Palata nəticəyə gəlmişdir ki, ərizəçinin kəndin kişilərini Alman qoşunları ilə əməkdaşlıq edənlər saymaq üçün qanuni əsasları olmuş, onlar isə döyüşçü anlayışının bütün elementlərinə cavab verməsə də belə, jus in bello onları a contrario avtomatik surətdə «mülki şəxs» tanımamışdır. Kəndlilərin həmin hüquqi statusunu və ərizəçinin «döyüşçü» statusunu nəzərə alaraq Palata nəticəyə gəlmişdir ki, 1944-cü il mayın 27-də baş tutmuş hücumun per se <özü-özündə> 1907-ci il Haaqa Nizamnaməsində əks etdirilmiş müharibənin qanunlarına və adətlərinə zidd olması və, nəticə etibarilə, ərizəçinin dəstənin komandiri kimi məhkum edilməsi üçün əsas olması nümayiş etdirilməmişdir.
147. Öldürülmüş qadınlar ilə əlaqədar olaraq, onlar Alman administrasiyasına kömək etdiyi təqdirdə yuxarıda nəticə tətbiq edilməli idi. Əks təqdirdə, onlar səlahiyyətdən sui-istifadə etmə nəticəsində öldürüldüyü halda, bu, jus in bello normalarının pozulması sayıla bilməz və onlara qarşı hər hansı əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 1954-cü ildə keçmişdir. Bu müddət keçdikdə təxminən 50 il sonra ərizəçi barəsində cəza təyin etmə qabaqcadan bilmə prinsipinə zidd olardı.
148. Nəhayət, Palata hesab etmişdir ki, işə 7-ci maddənin 2-ci hissəsi nöqteyi-nəzərindən baxmağa ehtiyac yox idi. 7-ci maddənin 2-ci hissəsi tətbiq oluna bilsə də, 1944-cü il 27 may əməliyyatı «sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq cinayət» sayıla bilməz.
B. Tərəflərin və üçüncü tərəflərin Böyük Palata qarşısında izahatları
1. Cavabdeh Hökumət
149. Cavabdeh Hökumət palatanın dəlilləri və nəticələri ilə razı deyildi.
150. Cavabdeh hesab etmişdir ki, ərizəçinin törətdiyi əməllərin törədildiyi zaman beynəlxalq hüquq və milli qanunvericilik normalarına əsasən cinayət sayılmasına görə bu işə Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsi nöqteyi-nəzərindən baxılmalıdır. Həmin müddəaya əsasən Məhkəmə konkret əməlləri cinayət kimi müəyyən edən kifayət qədər aydın və sadə hüquqi normanın olub-olmadığını və, xüsusilə, Latviya məhkəmələrinin 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsini tətbiq etmək və beynəlxalq hüququn müvafiq elementlərinə əsaslanmaq hüququnun olub-olmadığını müəyyən etməli idi. Bununla əlaqədar olaraq, yazılı və yazılmamış, daxili və ya beynəlxalq hüquq normalarında cinayət müəyyən edilə bilərdi, 7-ci maddədə isə cinayət məsuliyyətinə cəlb etməyə dair normaların məhkəmə tərəfindən şərh vermə yolu ilə tədricən dəqiqləşməsi, bunun nəticəsi cinayətin xarakterinə uyğun olduqda, qadağan edilmir. Qanunun Aliliyi prinsipinə sadiq olan dövlət totalitar rejimdən çıxdıqda və keçmiş rejimin üzvləri barəsində cinayət təqibini həyata keçirmək öhdəlikləri yerinə yetirdikdə cinayət hüququn bu cür inkişafı xüsusi əhəmiyyət kəsb edir.
151. Eyni zamanda, cavabdeh Hökumət hesab etmişdir ki, Palata 6-cı maddəyə uyğun işə baxmış milli məhkəmələrinin müəyyən etdiyi işin faktiki halları barədə nəticələri dəyişməklə öz subsidiar rolundan kənara çıxmışdır. Əslində, işin faktiki hallarını yenidən nəzərdə keçirərək Palata Cinayət İşləri üzrə Kollegiya tərəfindən müəyyən edilmiş, Ali Məhkəmənin Senatı tərəfindən təsdiq edilmiş, 1944-cü il 27 may hadisələri ilə bağlı həlledici faktları, xüsusilə Mazie Bati kəndinin sakinləri ilə əlaqədar hər hansı Partizan tribunalının hökmünün mövcud olması ilə əlaqədar faktları nəzərə almamışdır. Hər halda, hər hansı belə Partizan tribunalının hökmü ədalətli məhkəmə baxışının əsas prinsiplərinə zidd olaraq qiyabi çıxarıldıqdan qanunsuz olmalı idi. Cavabdeh Hökumət Baş Prokurorluğun 2008-ci il fevral məktublarını (Partizan tribunalının mövcud olması, Mazie Bati kəndinin və onun sakinlərinin Alman müdafiəsində rolu və kəndlilərə silahların verilməsi səbəbləri barədə) Palataya və Böyük Palataya təqdim etmişdir.
152. Bundan əlavə, öz təfərrüatlı izahatlara əsaslanaraq cavabdeh Hökumət iddia etmişdir ki, Məhkəmə İkinci Dünya Müharibəsindən qabaq və sonra baş vermiş hadisələri daha geniş tarixi və siyasi kontekstdə, xüsusilə 1940-cı ildə Latviyanın Sovet İttifaqı tərəfindən işğalının qanunsuz olduğunu, habelə 1941-1944-cü illərdə eynilə qanunsuz Alman işğalı ilə kəsilməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində müstəqilliyin bərqərar edilməsinə qədər davam etdiyini nəzərdən keçirməlidir. Həmin Sovet işğalı zamanı Latviya tərəfindən öz suveren səlahiyyətlərinin, o cümlədən beynəlxalq öhdəliklərinin həyata keçirilməsinin qarşısı alınmışdır. Yerli əhalinin Qırmızı Partizanlardan qorxusundan savayı, ərizəçi Mazie Bati kəndində 1944-cü il mayın 27-də baş vermiş hadisələri təhrif edərək bildirmişdir ki, bu hadisələr Ox ölkələrinin digər ölkələr, o cümlədən SSRİ ilə beynəlxalq silahlı münaqişədən fərqli olaraq vətəndaş müharibəsinin bir hissəsi olmuşdur.
153. Məhkəmə beynəlxalq hüququn müvafiq prinsiplərini tətbiq etmək səlahiyyətinə malik olsa da, cavabdeh Hökumət Palata tərəfindən beynəlxalq hüququn tətbiqi qaydası ilə razı deyildi. Palata beynəlxalq hüququn bir sıra vacib mənbələrini və bunlardan irəli gələn müəyyən prinsipləri, o cümlədən mülki şəxslərin müəyyən edilməsi meyarını və onlarla insanlıqla rəftar etmək standartlarını, mülki şəxs statusunun itirilməsinin beynəlxalq humanitar müdafiənin itirilməsinə gətirib çıxarmaması prinsipini, hərbi zərurət hədlərini və xain əməllərinin qadağan olunması prinsipini diqqətdən kənarda saxlamış və ya düzgün tətbiq etməmişdir. Əksinə, cavabdeh Hökumət müasir konvensiyalara və bəyanatlara, habelə Nürnberq BHT Nizamnaməsinə və hökmünə istinad edərək iddia etmişdir ki, ərizəçi 1944-cü ildə qəbul edilən qaydada müharibə cinayətləri törətməkdə açıq-aşkar təqsirli olmuşdur.
154. Şəxsləri fərqləndirmə prinsipinin 1944-cü ildə tamamilə formalaşmadığını etiraf edərək Hökumət iddia etmişdir ki, Mazie Bati kənd sakinlərinin «mülki şəxs» olmaları aydın olmuşdur: əslində, bu şəxslər silahlı olsa da, nasistlərin işğalını müsbət qarşılasalar da, hüquq mühafizə orqanlarının tərkibinə daxil olsa da belə, onlar mülki şəxs statusunu itirməmişlər. Hər halda, bu statusu itirsələr və «döyüşçü» sayılsalar da, sıradan çıxmış şəxslərə qarşı, onların həqiqətən cinayətdə iştirakı təsdiq ediləcək ədalətli məhkəmə prosesi olmadan (və bunun sübutu olmamışdır) kütləvi edam və ya öldürmə üçün heç bir əsas olmamışdır. Bundan əlavə, bunlar «müharibə edən tərəfin qanuni repressiya tədbirlərini» təşkil etməmişdir, çünki 1929-cu il Cenevrə Konvensiyası ilə hərbi əsirlərə qarşı belə əməllər qadağan edilmişdir; mülki şəxslərə gəldikdə isə, kəndlilər tərəfindən müharibə cinayətlərini törətməsi heç zaman ehtimal edilməmişdir.
155. Bundan əlavə, ərizəçinin törətdiyi əməllərində 1944-cü ildə (və sonra) milli qanunvericiliyə əsasən cinayət tərkibi olmuşdur. 1926-cı il Cinayət Məcəlləsinin (1940-cı ildə Latviya SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1991-ci ilədək qüvvədə olmuş, 1993-cü ildə isə yenidən qüvvəyə minmiş) kifayət qədər aydın və sadə müddəalarında müharibənin qanunlarını və adətlərini pozma cinayəti müəyyən edilmiş və mübafiq cəzalar nəzərdə tutulmuşdur. 1991-ci ilin sentyabr ayından 1993-cü il aprel ayınadək olmuş qeyri-müəyyənlik müddəti heç bir praktiki əhəmiyyət kəsb etmir, çünki Latviyanın fiziki şəxsləri mövcud beynəlxalq hüquq normalarına əsasən təqib etməsinə dair əsas beynəlxalq öhdəliyi olmuşdur.
156. Ərizəçi dəstə komandiri kimi məsuliyyət daşıdıqdan, onun həqiqətən əməl törətməsi məsələsi əhəmiyyətsizdir.
157. Digər mənbələr sırasında 1926-cı il Cinayət Məcəlləsinin 14-cü maddəsi (və müvafiq qeydlər), 1961-ci il Cinayət Məcəlləsinin 45-ci maddəsi və Məhkəmə tərəfindən geriyə qüvvəsi təsdiq olunan 1968-ci il Konvensiyasının 1-ci maddəsi nəzərə alınaraq, cinayət məsuliyyətinə cəlb etmə müddəti ərizəçi barəsində hökmə şamil edilməmişdir.
158. Yuxarıdakıları nəzərə alaraq ərizəçinin törətdiyi əməllərin cinayət tərkibi təşkil etməsi 1944-cü ildə qabaqcadan məlum olmuş və onun əməllərinin dəqiq tövsifinin hər bir elementi barədə xəbərdar olduğunu göstərmək zəruri olmamışdır. Əslində, hadisələr barədə onun fərziyyəsi (onun Partizan tribunalının hökmünü icra edərək kəndliləri həbs etməyə çalışması) göstərmişdir ki, o, əməllərində (həbs etmə əvəzinə öldürmə) cinayət tərkibinin olmasından xəbərdar olmuşdur. Digər mənbələr sırasında İkinci Dünya Müharibəsi zamanı müəyyən dövlətlərin bəyanatları, habelə həmin müharibə zamanı və bundan sonra beynəlxalq və milli məhkəmələrdə cinayət işlərinə baxılması və bu proseslərdə Sovet hökumətinin yaxından iştirak etməsi nəzərə alınaraq onun məhkum edilməsi həmçinin obyektiv olaraq qabaqcadan məlum olmuşdur. Onun bundan sonra bir çox illər ərazində SSRİ-də müharibə qəhrəmanı olması faktı əhəmiyyət kəsb etmir: əsas məsələ – ərizəçi üçün sonradan yaranmış müsbət siyasi mühit nəticəsində onun barəsində cinayət təqibini istisna edilməsi deyil, əməllərin 1944-cü ildə müharibə cinayəti tərkibi təşkil etməsinin əsaslı olaraq qabaqcadan məlum ola bilməsidir. Digər dövlətlərin bu prinsipdən uzaqlaşması beynəlxalq praktikada və adətlərdə dəyişikliyin sübutunu təşkil etmirsə, ərizəçi başqaları tərəfindən cinayət məsuliyyətindən qaçmaq üçün müharibə cinayətlərini törətməsi dəlilini də öz müdafiəsinə irəli sürə bilməz.
159. Alternativ dəlil kimi Hökumət bildirmişdir ki, ərizəçinin törətdiyi cinayətlər Konvensiyanın 7-ci maddəsinin 2-ci hissəsi mənasında «sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə» müvafiq olaraq cinayət sayılmışdır. Bu müddəa da İkinci Dünya Müharibəsindən sonra BHT-lərdə cinayət işlərinə baxılmanın qanuniliyi ilə bağlı hər hansı şübhəni aradan qaldırmaq məqsədilə işlənib-hazırlanmış, sonrakı beynəlxalq və dövlət daxili praktikada BHT-lərin və onların prinsiplərinin universal qanuniliyi təsdiq edildikdən sonra isə 7-ci maddənin 2-ci hissəsinin bu rolu heçə endirilmişdir. Həmin «ümumi prinsiplərin» beynəlxalq hüququn birinci və ya ikinci dərəcəli mənbə olmasından asılı olmayaraq, onlar müqavilə və adət beynəlxalq hüququnda boşluqları doldurmaq üçün milli hüquq sistemlərindən götürülmüşdür. Bu prinsipləri müəyyən etmək üçün milli hüquq sistemlərinin tam təhlil edilməsi zəruriliyi ilə bağlı konsensus olmadığı halda, cavabdeh Hökumət 1944-cü ilədək müharibə cinayətləri ilə bağlı artıq mövqeyini açıqlamış ölkələrin hüquq sistemlərini, habelə Latviya və SSRİ-nin cinayət məcəllələrini təhlil etmişdir. Milli məhkəmələrin və tribunalların müharibənin qanunlarını və adətlərini pozma ilə əlaqədar ittiham sürərkən beynəlxalq hüququn formalaşmış prinsiplərinə əsaslandığını qeyd edərək cavabdeh Hökumət iddia etmişdir ki, ümumi hüquq prinsiplərinə əsasən ərizəçinin törətdiyi əməllərində cinayət tərkibi olmuş və mövcud milli məhkəmələr bu prinsiplərə müraciət edə bilmişlər.
2. Ərizəçi
160. Ərizəçi Palatanın dəlillərini və nəticələrini müdafiə edərək bildirmişdir ki, o, daxili qanunvericiliyə, beynəlxalq hüquqa və ya sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq cinayət törətməkdə təqsirli olmamışdır.
161. O, Palata tərəfindən səlahiyyətlərin aşması və müəyyən faktları düzgün qiymətləndirməməsi barədə dəlili mübahisə etmişdir. Əksinə, cavabdeh Hökumət Palatanın müəyyən etdiyi işin faktiki halları təhrif etmiş və Böyük palataya düzgün təqdim etməmişdir.
162. Böyük Palata qarşısında o, 1944-cü ilin fevral ayında mayor Çuqunovun partizanlar qrupunun öldürülməsinin halları ilə bağlı öz fərziyyəsini irəli sürmüşdür. Həmin qrup Meykuls Krupniksin anbarında gizlənmiş, kəndlilər isə bu partizan qrupunun vermaxt qoşunlarına hiyləgərliklə təslim etməsində iştirak etmişlər: onlar partizanları mühafizə etməyi iddia etmiş, lakin yaxınlıqda olmuş vermaxt qoşunlarına məlumat göndərmişlər. Sabahı gün alman əsgərləri kəndə gələrək kənddəki üç qadından daha dəqiq məlumat almış və Çuqunovun dəstəsinin üzvlərini öldürmüşlər. Müəyyən qadınlar, o cümlədən Meykuls Krupnuksin anası cəsədlərdən paltarları çıxarmışdır. Alman hərbi komandanlığı kənd sakinlərini mükafatlandıraraq onlara odun, qənd, spirt və pul vermişdir. Başqa partizanlar tərəfindən əsir götürülmüş bir kəndli mayor Çuqunovun dəstəsini ifşa etmiş kəndlilərin adlarını açıqlamışdır.
Ərizəçi bir daha bildirmişdir ki, o, mövcudluğu sübutlarla təsdiq edilən müvəqqəti Partizan Tribunalının qərarına əsasən hərəkət etmişdir. Bu tribunal istintaq apararaq, mayor Çuqunovun dəstəsini təslim etmiş Mazie Bati kənd sakinlərini müəyyən etmiş və onları ölüm cəzasına məhkum etmişdir. Onun dəstəsinə məhkum edilmiş şəxslərin həmin tribunala gətirilməsi tapşırılmışdır. Eyni zamanda, o, həmçinin Böyük palataya izah etmişdir ki, o zaman mövcud olmuş döyüş şəraiti nəzərə alınaraq, onun dəstəsinin kəndliləri əsir götürmək və saxlamaq imkanı olmamış (onlar döyüş zamanı maneə törədərdi və partizanlar üçün ölüm təhlükəsi yaradardı), habelə kəndlilərin Partizan tribunalına gətirilməsi mümkün olmamışdır.
163. Ərizəçi hesab etmişdir ki, onun 7-ci maddənin 1-ci hissəsinə əsasən hüquqları pozulmuşdur. Bu müddəanın təminatları xüsusi əhəmiyyət kəsb edərək özbaşına cinayət təqibi və məhkəmə proseslərinə qarşı səmərəli müdafiəni təmin edəcək qaydada şərh və tətbiq edilməlidir. 7-ci maddənin 2-ci hissəsi iddia edilən cinayətlərə şamil olunmadıqdan, tətbiq edilə bilməz.
164. Müharibə cinayətini müəyyən etməsi ilə əlaqədar olaraq ərizəçi əsasən 1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsinə və Nürnberq BHT hökmünə müraciət etmiş, 1949-cu il Cenevrə Konvensiyası və 1977-ci il Əlavə protokolun hadisələrdən sonra qəbul edildiyinə görə onlara istinad etməsini mümkün saymamışdır. Müharibə cinayəti mülki əhaliyə qarşı işğalçı tərəfindən işğal altındakı ərazidə törədilmiş cinayət kimi müəyyən edildiyindən, aşağıdakı səbəblərə görə ərizəçinin törətdiyi əməllər beynəlxalq hüquqa və ya sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə əsasən müharibə cinayəti sayıla bilməz.
165. İlk növbədə, kəndlilər mülki şəxs olmamışlar. Baş Prokurorluğun 2008-ci il fevral məktubları qeyri-dəqiq, qeyri-münasib və yanlış olmuşdur: onlarda iddia edilmişdir ki, ittiham tərəfindən təqsirləndirilən şəxsin təqsirini sübut etməsi əvəzinə o, təqsirləndirilən şəxs özünün müdafiəsi üçün sübutlar təqdim etməlidir. Buna baxmayaraq, o, Böyük Palataya, onun fikrincə, bir neçə məqamı dəqiqləşdirən yeni sənədlər (1940-cı illərin sənədləri və Latviyanın Dövlət arxivindən sənədlər) təqdim etmişdir: Mazie Bati kəndini əhatə edən Alman müdafiə postlarının planı; nasist administrasiyasının «mülki şəxslər» tərəfindən silah daşımasının qadağan etməsi və, Mazie Bati kənd sakinlərinə silah verildikdən, bu kənd döyüş əməliyyatlarında açıq-aşkar iştirak etmiş və Alman müdafiəsinin mərkəzində yerləşmişdir; öldürülmüş kəndlilərin (yəni Bernards Şkirmants, Amroza Buls və Meykuls Krupniksin ailə üzvləri) aizsargi sıralarına daxil olmuş, aizsargi isə Latviyada yəhudilərin və partizanların öldürülməsində fəal iştirak etmişlər. O, həmçinin iddia etmişdir ki, Bernards Şkirmants və Meykuls Krupniks şutsman idilər.
Sözün qısası, kəndlilər ya aizsargi, ya şutsman idilər. Buna görə onlar Alman administrasiyası tərəfindən silahlanmış və ona xidmət etmişlər: onlar tərəfindən mayor Çuqunovun dəstəsinin təslim etməsi özünümüdafiə deyil, kollaborasionist aktını təşkil etmişdir. Onlar mülki əhalinin tərkib hissəsi sayıla bilməzdi və qanuni hərbi hədəfə çevirmişlər. Döyüşçülərdən ibarət ərizəçinin dəstəsinin onları cəzalandırmaq hüququ var idi.
166. İkincisi, 1940-cı ildən Latviya SSRİ respublikalarından biri olmuş, bunun əksinə iddialar tarixi faktları və sağlam düşüncəyə qarşı çıxmağı təşkil etmişdir. 1990-cı il 4 may tarixli Bəyannamə və onun məhkum edilməsi müharibə cinayətkarları barəsində cinayət təqibi həyata keçirməklə əlaqədar beynəlxalq öhdəliyi yerinə yetirmək arzusuna çatmağa deyil, 1940-cı ildə Latviyanın qanunsuz zəbt edilməsini pisləməsinə nail olmağa yönəlmişdir. 1944-cü il mayın 27-də o, öz dövlətini Almaniyadan və onunla fəal əməkdaşlıq edən SSRİ vətəndaşlarından qoruyan döyüşçü idi (Latqale Dairə Məhkəməsinin hökmünə əsasən). SSRİ işğalçı dövlət olmadıqdan, ərizəçi müharibə cinayətini törədə bilmirdi. O, 1940-cı ildə Latviyanın qanuni qaydada SSRİ-yə birləşməsini 1941-ci ildə Alman işğalı ilə bərabər tutan cavabdeh və Litva hökumətlərinin mövqeyini yanlış hesab etmişdir. 1944-cü ildə Latviya sakinləri üçün Almaniyaya qarşı və ya SSRİ-yə qarşı olmaqdan ibarət iki çıxış yolu var idi: o, SSRİ ilə birgə nasistlərə qarşı döyüşmüş, kəndlilər isə nasistlər ilə birgə onlara qarşı çıxış etmişlər.
167. Üçüncüsü, 1926-cı il Cinayət Məcəlləsində müharibə cinayətləri ilə bağlı fəsil olmamış, cavabdeh Hökumətin həmin məcəllənin IX fəslindəki hərbi cinayətlərə müraciət etməsi yanlışdır, çünki «hərbi cinayətlər» hərbi qulluğun qaydalarına qarşı törədilmiş əməlləri təşkil edərək «müharibə cinayətlərindən» ayrılmalıdır. Əslində, ərizəçi qeyd etdiyi kimi, 1926-cı il Cinayət Məcəlləsində əmrə tabe olmama ilə əlaqədar cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (193-3-cü maddə).
168. Bundan başqa, onun müharibə cinayətləri ilə əlaqədar cinayət təqibinə məruz qalacağı qabaqcadan məlum ola bilməzdi. Onun barəsində məhkəmə prosesi misilsiz idi: tarixdə ilk dəfə idi ki, Ox ölkələrinə qarşı döyüşmüş əsgər təxminən 50 il sonra ittiham edilmişdir. Ərizəçinin məsuliyyət daşımadığı müxtəlif beynəlxalq müqavilələr və silahlı münaqişələr kontekstində antihitler koalisiyasının üzvü kimi döyüşəndə onun 19 yaşı olmuşdur. 1944-cü il mayın 27-də o, (Latqale Dairə Məhkəməsinin hökmünə istinad edərək) SSRİ-nin tərkib hissəsi olan Latviyanı müdafiə etdiyini anlamış və heç vaxt təsəvvür edə bilməzdi ki, bir neçə il sonra Latviya SSRİ tərəfindən qanunsuz işğal olunduğu barədə qərar qəbul edəcək və onun əməlləri cinayət sayılacaqdır. O, milli qanunvericiliyə əsasən onun məhkum ediləcəyinin qabaqcadan məlum olmaması barədə Palatanın gəldiyi nəticəni müdafiə etmişdir.
169. Nəhayət, o, bildirmişdir ki, Palatanın 2007-ci il 20 sentyabr tarixli qərardadı ilə qəbuledilməz elan edilmiş onun 3, 5, 6, 13, 15 və 18-ci maddələrə əsasən şikayətlərinə Böyük Palata tərəfindən yenidən baxılmalıdır.
3. Üçüncü tərəf hökumətləri
a) Rusiya Federasiyası Hökuməti
170. Bu Hökumət Palatanın dəlillərini və nəticələrini müdafiə etmişdir.
171. O, iddia etmişdir ki, bu işə Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsi nöqteyi-nəzərindən baxılmalı, 7-ci maddənin 2-ci hissəsinə əsasən baxılması isə zəruri deyildir. Hər hansı şəxs 7-ci maddəsinin 2-ci hissəsində göstərilən «ümumi prinsiplərə» əsasən yalnız ikinci Dünya Müharibəsi ilə bağlı müstəsna hallarda cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə prinsiplər beynəlxalq cinayət hüququ prinsiplərinin mənbəyi kimi aid ola bilsə də, müqavilə hüququnun artması nəticəsində onların əhəmiyyəti azalmışdır. Fiziki şəxslərin cinayət məsuliyyətinə dair beynəlxalq hüquq normaları nisbətən yaxın keçmişdə yaranmış və yalnız 1990-cı illərdə beynəlxalq cinayət tribunallarının təsis edilməsi ilə beynəlxalq cinayət hüququnun inkişaf etməsindən söhbət gedə bilər.
172. Ərizəçinin törətdiyi əməllərdə 1944-cü ildə daxili qanunvericiliyə və ya beynəlxalq hüquqa əsasən cinayət tərkibi olmadığından ərizəçi 7-ci maddənin 1-ci hissəsinin pozulması ilə məhkum edilmişdir. Faktiki olaraq, milli məhkəmələr bir sıra səhvlərə yol vermişdir.
173. Birincisi, onlar işdə hüquq normalarını düzgün tətbiq etməmişlər. 1961-ci il Cinayət Məcəlləsi və ya 1993-cü ildə əlavə edilmiş yeni maddələr 1944-cü ildə, yaxud 1998-ci ildə qəbul edilmiş yeni cinayət məcəlləsi ilə əlaqədar 200 və 2004-cü ildə qüvvədə olmamışdır. Latviya SSRİ-yə daxil olduqdan sonra onun tərəfindən qəbul edilmiş 1926-cı il Cinayət Məcəlləsinin 14-cü maddəsində cinayətin törədildiyi gündən on il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə istisna edilmiş, müharibə cinayətlər ilə bağlı isə müddəalar nəzərdə tutulmamışdır.
174. İkincisi, 1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsi 1944-cü ildə beynəlxalq adət hüququnu təşkil etsə də, onlarda ərizəçi barəsində cinayət təqibi üçün əsaslar olmamışdır. Yalnız Nürnberq BHT-nin Nizamnaməsi fiziki şəxslərin məsuliyyətini müəyyən etmiş, lakin yalnız Ox ölkələrinin müharibə cinayətkarlarına münasibətdə tətbiq edilmişdir.
BHT-nin Nizamnamələri adət hüququnun normalarının kodifikasiyası kimi qəbul edilsə də, ərizəçi müharibə cinayətlərini törətməkdə təqsirli olmamışdır. Ona görə ki, bu sənədlər ona münasibətdə eyni dövlətin vətəndaşları arasında münaqişə ilə əlaqədar deyil, yalnız Almaniya ilə SSRİ arasında beynəlxalq silahlı münaqişə ilə əlaqədar məcbur olmuşdur: 1944-cü ildə Latviya de jure SSRİ-nin tərkibində olmuş, kəndlilər isə (de facto Almanlara xidmət etsələr də) de jure Sovet vətəndaşları olmuşlar ki, ərizəçi və kənd sakinləri SSRİ vətəndaşlığına malik olmuşlar. Cavabdeh və Litva hökumətlərinin izahatlarında fərqli olaraq, bu Hökumət bildirmişdir ki, Məhkəmə tarixə və xüsusilə 1940-cı ildə Latviyanın SSRİ-yə daxil olması prosesinə yenidən baxmaq səlahiyyətinə malik deyildi. O, «beynəlxalq hüququn müvafiq məcburi sənədlərinə» (SSRİ-nin bütün ərazisində onun suverenliyi tanınmasına dair) və İkinci Dünya Müharibəsindən sonra keçirilmiş görüşlərə (ABŞ və Böyük Britaniya ilə razılaşma nəticəsində İkinci Dünya Müharibəsindən sonrakı dünya quruluşu müəyyən edilməsinə dair) əsaslanmışdır. Beynəlxalq hüquqda «işğal» anlayışı nəzərə alınaraq SSRİ 1944-cü ildə Latviyada işğalçı dövlət olmamışdır.
Rusiya Federasiya Hökuməti cavabdeh Hökumətin və Litva Hökumətinin kəndlilərin hüquqi statusuna dair izahatlarını mübahisələndirərək bildirmişdir ki, ərizəçinin və öldürülmüş kəndlilərin döyüşçü statusuna görə Nürnberq BHT-nin Nizamnaməsinə müvafiq olaraq ərizəçinin törətdiyi əməllərdə müharibə cinayəti tərkibi olmamışdır. Fərqləndirmə prinsipi və döyüşçünün müəyyən edilməsi meyarı (inter alia, 1907-ci il Haaqa Nizamnaməsinin 1-ci maddəsi) nəzərə alınaraq ərizəçi təlim keçmiş, silahlanmış və Sovet hərbi administrasiyası adından müvəqqəti partizan Tribunalı tərəfindən çıxarılmış qərarı icra etmiş döyüşçü olmuşdur. Kəndlilər isə Almaniya hərbi administrasiyası ilə əməkdaşlıq etmiş yığma qoşun döyüşçüləri olmuşlar. Kəndlilər könüllü kollaborasionist olaraq döyüş əməliyyatlarında fəal iştirak etmiş və buna görə döyüşçü (və ya, ən azı, düşmən tərəfində qanunsuz döyüşə şəxs) sayılmaq üçün bütün meyarlara cavab verərək qanuni hərbi hədəf olmuşlar. Nəhayət, sonradan qəbul edilmiş beynəlxalq sənədlərin (1949-cu il Cenevrə konvensiyaları və 1977-ci il Əlavə Protokolu) geriyə qüvvəsi olmadığından onlar tətbiq edilə bilməz.
175. Üçüncüsü, 1944-cü ildə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müharibə cinayətlərinə tətbiq edilməməsinə dair ümumi prinsip ərizəçinin əməllərinə tətbiq edilməmişdir: yalnız İkinci Dünya Müharibəsindən sonra BHT-lərin təsis edilməsi ilə müharibə cinayətləri «beynəlxalq cinayət» sayılmağa başlamış və buna görə bu prinsip yalnız BHT-lərdən sonra tətbiq edilirdi (Ox ölkələrinin müharibə cinayətkarları münasibətdə tətbiqi istisna edilməklə). Yuxarıda izah edildiyi kimi, ərizəçi digər SSRİ vətəndaşlarına qarşı əməl törətdikdən və buna görə bu əməllərdə müharibə cinayəti tərkibi olmadığından 1968-ci il Konvensiyası tətbiq edilə bilməzdi.
176. Bütün yuxarıdakı səbəblərdən, ərizəçi üçün 1944-cü il mayın 27-də törədilmiş əməllər ilə əlaqədar müharibə cinayətlərinə görə cinayət təqibinə məruz qalacağı qabaqcadan məlum ola bilməzdi. Bundan başqa, Sovet İttifaqı vətəndaşı kimi ona qabaqcadan məlum ola bilməzdi ki, 40 ildən sonra həmin ərazidə yaşayaraq digər dövlətdə (Latviyada) yaşayacaq və bu dövlətdə onun 1944-cü ildə cinayət məsuliyyəti daşımadığı əmmələrin cinayət sayılması barədə qanun qəbul ediləcəkdir.
177. Nəhayət, Rusiya Federasiyası Hökuməti digər məsələlər sırasında Latviya Hökumətinin Böyük Palata qarşısında qaldırdığı faktiki halları mübahisələndirmişdir. Palata tərəfindən öz səlahiyyətlərinin aşması (işin halları və hüququn şərhi ilə əlaqədar) qəbul edilsə də belə, bu, heç nəyi dəyişməmişdir. Əgər Böyük Palata milli məhkəmələrin müəyyən etdiyi işin hallarına əsaslanmış və daxili qanunvericiliyin, şərhindən fərqli olan müvafiq normalarını oxumuş olsa, o, Palatanın gəldiyi nəticəyə gələcəkdir. Siyasi qərarlar və maraqlar ərizəçinin əməllərinin hüquqi tövsifini dəyişdirə bilməz.
b) Litva Hökuməti
178. Litva Hökuməti iki məsələyə toxunmuşdur.
179. Birinci məsələ Baltik dövlətlərinin İkinci Dünya Müharibəsi zamanı hüquqi statusu və beynəlxalq hüququn digər aidiyyəti məsələlər ilə əlaqədar olmuşdur. Palata qərarının 118-ci bəndinin əksinə olaraq Litva Hökuməti hesab etmişdir ki, bu məsələ o zaman Baltik dövlətlərdə müharibə edən tərəflərin hüquqi statusu öyrənilərkən nəzərə alınmalıdır. Əslində, bu Məhkəmə artıq təsdiq etmişdir ki, hər üç Baltik dövlət Molotov-Ribbentrop Paktı (Hücum etməmək haqqında 1939-cu il Müqaviləsi və onun məxfi Protokolu, Sərhədlər və dostluq münasibətləri haqqında 1939-cu il Müqaviləsi və onun məxfi Protokolu, habelə 1941-ci il 10 yanvar tarixli üçüncü Nasist-Sovet Müqaviləsi) nəticəsində öz müstəqilliyini itirmişdir: şübhəyə alınmayan tarixi fakt olan bu Pakt bir neçə dövlətə, o cümlədən Baltik dövlətlərə qarşı hücum etmək haqqında qanunsuz saziş olaraq bu dövlətlərin Sovet qoşunları tərəfindən işğalına gətirib çıxarmışdır. 1940-cı ilin iyun ayında Sovet qoşunlarının Baltik dövlətlərə müdaxiləsi «Təcavüzün anlayışı haqqında» 1933-cü il London Konvensiyası və Litva ilə SSRİ arasında «Təcavüzün anlayışı haqqında» 1933-cü il Konvensiyası mənasında təcavüz olmuşdur. Sovet təcavüzü ilə üzləşmiş Baltik dövlətlərin qeyri-iradi razılığı bu təcavüz aktının qanuni olmasına gətirib çıxarmamışdır.
SSRİ-nin özü də əvvəllər bəyan etmişdir ki, anşlüs beynəlxalq cinayətdir. Bundan başqa, 1989-cu ildə SSRİ Baltik dövlətlərə qarşı qanunsuz təcavüzü tanımışdır (SSRİ Xalq Deputatları Qurultayının «Hücum etməmək haqqında 1939-cu il Sovet-Alman müqaviləsinə siyasi və hüquqi qiymət verilməsi barədə» Qətnaməsi). Buradan iki nəticə irəli gəlmişdir: SSRİ-nin Baltik dövlətlər üzərində hər hansı suverenlik hüquqlarının olmadığına görə beynəlxalq hüquqa əsasən Baltik dövlətlər heç vaxt SSRİ-nin qanuni tərkib hissəsi olmamışdır; 1940-cı ildə SSRİ-nin təcavüzü nəticəsində Baltik dövlətlərin qanunsuz işğalından sonra Baltik dövlətlər beynəlxalq hüquq subyekti kimi mövcud olmuşlar.
Yuxarıdakıları hazırkı işə tətbiq edərək Litva Hökuməti iddia etmişdir ki, Baltik dövlətlər SSRİ və Nasist Almaniya tərəfindən təcavüzə məruz qalmışdır: Nürnberq BHT hökmündə əks etdirilmiş təcavüzün anlayışı icazə verir ki, hər iki təcavüzkar eyni qaydada rəftar edilsin. Baltik xalqların təcavüzkarlardan heç birinə müsbət münasibət bəsləmək üçün heç bir əsası olmamış və onlara qarşı eyni dərəcədə qorxu hissləri olmuşdur ki (və bununla əlaqədar olaraq Litva Hökuməti Palata qərarının 130-cu bəndi razılaşmayaraq SSRİ tərəfindən Baltik dövlətlərdə cinayətlər törətməsinin müəyyən edilmiş tarixi fakt olduğunu bildirmişdir), özünümüdafiə üçün təcavüzkarlardan biri ilə əməkdaşlığa fərqli münasibət göstərilməməlidir. Baltik dövlətlər xalqları beynəlxalq hüquqa əsasən Baltik dövlətlərin vətəndaşlığında qaldıqdan onların Sovet vətəndaşları olması deyilə bilməz, əksinə, onlar hər iki müharibə edən işğalçı tərəfdən qorunmağa çalışmış, işğal altında olmuş dövlətlərin sakinləri idilər.
180. İkinci məsələ Sovet qoşunlarının Baltik dövlətlərin yerli əhalisinə qarşı tətbiq etdiyi cəza tədbirlərinin, beynəlxalq humanitar və cinayət hüququna əsasən tövsifi, xüsusi bu əhalinin «döyüşçü» sayıla bilib-bilməməsi ilə əlaqədar olmuşdur.
Bu məsələyə, 1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsindən əlavə bir sıra sənədlərin, xüsusilə 1949-cu il IV Cenevrə Konvensiyası və 1977-ci il Əlavə Protokolunun aidiyyəti vardır. Silahlı qüvvələr (müharibə edənlər) ilə dinc əhali (mülki şəxslər) arasında əsas fərqin olması və dinc əhalinin hərbi hücumlara məruz qala bilməməsi («Martens müddəasına» istinadən, yuxarıda 86-87-ci bəndlərə bax) 1944-cü ildə beynəlxalq humanitar hüququn mərkəzi prinsipini təşkil etmişdir. Kəndlilər döyüşçü meyarına cavab verməmiş və buna görə qanuni hərbi hədəf ola bilməmişlər. Kəndlilər Alman qoşunları ilə müəyyən dərəcədə əməkdaşlıq etmişsə də, döyüşü meyarına cavab vermədikdə mülki şəxslərə verilən müdafiəyə malikdirlər: əks halda, əhali, onların döyüşçü və bununla qanuni hərbi hədəf olduğunu özbaşına həll edə bilən müharibə edən tərəflərin komandirlərin ixtiyarında qalardı. Hərbi əməliyyatlarında döyüşçü qismində iştirak etməyən qadınları öldürməyə heç bir halda bəraət qazandırmaq olmaz, çünki bu həmişə insanlığın ən elementar fikirlərinə və qanunlarına və ictimai düşüncənin tələblərinə zidd olardı; bununla əlaqədar olaraq Hökumət Palata qərarının 141 və 142-ci bəndləri ilə razı olmadığını bildirmişdir.
181. Bununla əlaqədar olaraq bu Hökumət iddia etmişdir ki, Sovet qoşunlarının işğal edilmiş baltik dövlətlərin yerli əhalisinə qarşı cəza tədbirləri beynəlxalq müqavilə və adət hüququna və sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq müharibə cinayətlərini təşkil etmişdir. Bu cinayətlər ilə əlaqədar cinayət təqibi Konvensiyanın 7-ci maddəsinin 2-ci hissəsinə zidd olmamışdır.
C. Böyük Palatanın qiymətləndirməsi
1. Palata tərəfindən qəbuledilməz elan edilmiş məsələlərə yenidən baxılması barədə ərizəçinin vəsatəti
182. Palatanın 2007-ci il 20 sentyabr tarixli qərardadında Konvensiyanın 7-ci maddəsinə əsasən şikayət qəbuledilən, Konvensiyanın 3, 5-ci (18-ci maddə ilə birlikdə baxıldıqda) maddələri, 6-cı maddəsinin 1-ci hissəsi, 13 və 15-ci maddələrinə əsasən şikayətlər isə qəbuledilməz elan edilmişdir. Ərizəçi iddia etmişdir ki, Böyük Palata həmin qəbuledilməz şikayətlərə yenidən baxaraq onlara qiymət verməlidir.
183. Böyük Palata qeyd edir ki, yuxarıda göstərilən şikayətlərin qəbuledilməz elan edilməsi barədə Palatanın qərardadı yekun qüvvəyə minmişdir: buna görə, ərizənin bu hissəsi Böyük Palata qarşısında deyil (bax: «K. və T. Finlandiyaya qarşı» (K. and T. v. Finland, no. 25702/94, § 141, ECHR 2001-VII) və «Şilih Sloveniyaya qarşı» (Šilih v. Slovenia, no. 71463/01, §§ 119-121, 9 April 2009)).
184. Nəticə etibarilə, Böyük Palata ərizənin Palata tərəfindən qəbuledilən elan edilmiş hissəsinə, yəni Konvensiyanın 7-ci maddəsinə əsasən şikayətə baxacaqdır.
2. Konvensiyanın ümumi prinsipləri
185. Qanun Aliliyinin ayrılmaz prinsipi olan, 7-ci maddədə təsbit edilmiş təminat, 15-ci maddədə müharibə və ya başqa fövqəladə vəziyyət zamanı onun məhdudlaşdırılmasına yol verilmədiyi üçün Konvensiyanın müdafiə sistemində mühüm yerə malikdir. Bu maddənin obyekti və məqsədindən irəli gəldiyi kimi, o, belə qaydada şərh və tətbiq edilməlidir ki, özbaşına cinayət təqibinə, məhkum etməyə və cəza təyin etməyə qarşı səmərəli təminat versin. Buna görə də, 7-ci maddədə yalnız cinayət qanununun təqsirləndirilən şəxsin ziyanına geriyə tətbiq edilməsi qadağan edilmir: bu maddədə həmçinin daha ümumi surətdə yalnız qanunla cinayətin müəyyən edilə və cəzanın nəzərdə tutula bilməsi prinsipi (nullum crimen, nulla poena sine lege) və cinayət qanunun təqsirləndirilən şəxsin ziyanına genişləndirici, məsələn analogiya üzrə, şərhinə yol verilməməsi prinsipi əks etdirilir. Nəticə etibarilə, cinayət qanunla dəqiq müəyyən edilməlidir. Hansı əməllərin və ya hərəkətsizliyin cinayət məsuliyyətinə səbəb olması müvafiq müddəanın mətnindən, zəruri hallarda isə məhkəmə şərhi vasitəsilə və bilikli vəkilin köməyi ilə şəxsə məlum ola bildikdə bu tələb yerinə yetirilir.
7-ci maddədə istifadə edilən «qanun» anlayışı Konvensiyanın digər maddələrində bu anlayışa verilən məna daşıyır: bu anlayış yazılı hüququ və presedent hüququnu əhatə edərək keyfiyyət tələblərinə, yəni asanlıq və qabaqcadan məlum olma meyarlarına əməl edilməsini tələb edir. Qabaqcadan məlum olma tələbi ilə əlaqədar olaraq Məhkəmə xatırladır ki, cinayət hüququnu daxil olmaqla hər hansı hüquq sistemində hüquqi normanın nə qədər dəqiq müəyyən edilməsindən asılı olmayaraq məhkəmə şərhi elementi mütləq mövcuddur. Şübhə yaradan məsələləri aradan qaldırmaq və dəyişən şəraitə uyğunlaşmaq zərurəti hər zaman mövcud olacaqdır. Həqiqətən, məhkəmələrin presedent hüququ vasitəsilə cinayət hüququnun proqressiv surətdə inkişaf etdirilməsi Konvensiyaya tərəfdar çıxmış müəyyən dövlətlərin hüquq ənənəsinin sabit və zəruri hissəsini təşkil edir. Konvensiyanın 7-ci maddəsi cinayət məsuliyyətinə dair normaların məhkəmə şərhi yolu ilə, nəticənin cinayətin mahiyyətinə uyğun olması və əsaslı olaraq qabaqcadan məlum ola bilməsi şərti ilə, işdən-işə tədricən dəqiqləşdirilməsini qadağan edən kimi oxunula bilməz («Ştrelets, Kessler və Krents Almaniyaya qarşı» (Streletz, Kessler and Krenz v. Germany [GC], nos. 34044/96, 35532/97 and 44801/98, § 50, ECHR 2001 II); «K.-H.V. Almaniyaya qarşı» (K.-H.W. v. Germany [GC], no. 37201/97, § 85, ECHR 2001 II (extracts)); «Yorqiç Almaniyaya qarşı» (Jorgic v. Germany, no. 74613/01, §§ 101-109, 12 July 2007); və «Korbeli Macarıstana qarşı» (Korbely v. Hungary [GC], no. 9174/02, §§ 69-71, 19 September 2008)).
186. Nəhayət, 7-ci maddənin iki hissəsi qarşılıqlı əlaqədə olaraq uzlaşan qaydada şərh edilməlidir («Tess Latviyaya qarşı» (Tess v. Latvia (dec.), no. 34854/02, 12 December 2002)). İşin mahiyyətini, habelə onun müharibə qanunlarının və adətlərinin İkinci Dünya Müharibəsindən qabaq və bu müharibə zamanı tətbiq edilməsi ilə əlaqədar olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, Konvensiyanın hazırlanması üzrə işin sənədlərində 7-ci maddənin ikinci hissəsinin məqsədinin 7-ci maddənin İkinci Dünya Müharibəsindən sonrakı tamamilə müstəsna şəraitdə, inter alia, müharibə cinayətlərə görə cəza təyin etmək üçün qəbul edilmiş qanunlara təsir etmədiyini və 7-ci maddənin heç cür həmin qanunlara hüquqi və ya mənəvi qiymət vermədiyini dəqiqləşdirməkdən ibarət olduğunun göstərilməsini xatırlamaq lazımdır («X. Belçikaya qarşı» (X. v. Belgium, no 268/57, Commission decision of 20 July 1957, Yearbook 1, p. 241)). Hər halda Məhkəmə həmçinin qeyd edir ki, Nürnberq BHT Nizamnaməsinin 6-cı maddənin «b» bəndində müəyyən edilmiş müharibə cinayətləri anlayışı 1939-cu ildə başa düşüldüyü kimi müharibənin beynəlxalq qanunlarının və adətlərinin ifadəsini təşkil etmişdir (yuxarıda 118-ci bənd, aşağıda 207-ci bənd).
187. Məhkəmə əvvəlcədən işə Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsi nöqteyi-nəzərindən baxacaqdır. Bununla belə, ərizəçinin fərdi cinayət məsuliyyəti məsələsinə qiymət vermək başlıca olaraq milli məhkəmələrin vəzifəsi olaraq Məhkəmədən bu, tələb edilmir. 7-ci maddənin 1-ci hissəsinə əsasən onun funksiyası isə ikitərəflidir: ilk növbədə, 1944-cü il mayın 27-nə vəziyyətdə ərizəçinin müharibə cinayətləri ilə əlaqədar məhkum edilməsi üçün kifayət qədər dəqiq hüquqi əsasların olub-olmamasının müəyyən edilməsi; ikincisi, 1944-cü il mayın 27-də ərizəçinin hansı əməllərin və hərəkətsizliyin bu cür cinayətlər ilə əlaqədar cinayət məsuliyyətinə gətirib çıxaracağından xəbərdar olması və öz davranışını nizamlaması üçün həmin cinayətlərin qanunda kifayət qədər sadə və qabaqcadan məlum ola biləcək qaydada müəyyən edilib-edilməməsi məsələsinin nəzərdən keçirilməsi (yuxarıda qeyd edilən «Ştrelets, Kessler və Krents Almaniyaya qarşı», § 51; «K.-H.V. Almaniyaya qarşı», § 46; və «Korbeli Macarıstana qarşı», § 73).
3. Aidiyyəti olan faktlar
188. Həmin iki məsələyə baxdıqdan qabaq Məhkəmə işin faktiki halları ilə bağlı tərəflər və üçüncü tərəflər arasında mübahisələri həll edəcəkdir.
189. Məhkəmə xatırladır ki, prinsip etibarilə, o, milli məhkəmələri əvəz etməməlidir. Konvensiyanın 19-cu maddəsinə müvafiq olaraq, onun vəzifəsi – Konvensiyaya tərəfdar çıxmış dövlətlər tərəfindən öz üzərinə götürülmüş öhdəliklərə əməl olunmasını təmin etməkdir. Konvensiyanın subsidiar rolu nəzərə alınaraq, milli məhkəmələrin işin faktiki halları ilə əlaqədar yol verdiyi səhvləri düzəltmək, onlar nəticəsində Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmaması və milli məhkəmələrin həmin qiymətləndirməsinin açıq-aşkar özbaşına olmaması şərti ilə, məhkəmənin funksiyasına aid deyil (bax: mutatis mutandis, «Şenk İsveçrəyə qarşı» (Schenk v. Switzerland, judgment of 12 July 1988, Series A no. 140, p. 29, § 45); yuxarıda qeyd edilən «Ştrelets, Kessler və Krents Almaniyaya qarşı», § 49; və yuxarıda qeyd edilən «Yorqiç Almaniyaya qarşı», § 102).
190. Palatanın yekun qərarında ərizəçinin işinə baxılmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olması müəyyən edilmişdir (yuxarıda 182-184-cü bəndlərə bax). 7-ci maddəyə əsasən şikayətin kontekstində, habelə Palatanın qeyd etdiyi kimi, müvafiq milli məhkəmələrin qərarlarında, xüsusilə Ali Məhkəmənin Senatı tərəfindən qüvvədə saxlanılmış Cinayət İşləri üzrə Kollegiyanın 2004-cü il 20 aprel tarixli qərarında 1944-cü il 27 may tarixli hadisələrinin təsvirini Böyük Palata tərəfindən mübahisələndirməsi üçün heç bir əsas yoxdur.
191. Milli məhkəmələrinin müəyyən etdiyi şəkildə 1944-cü il 27 may tarixli hadisələrin xülasəsi yuxarıda (15-20-ci bəndlərdə) göstərilir, Məhkəmə isə aşağıdakı əsas məqamları qeyd edir. Ərizəçinin dəstəsi Mazie Bati kəndinə daxil olduqda, kəndlilər döyüş əməliyyatlarında iştirak etməmişlər: onlar Troitsa bayramını qeyd etməyə hazırlaşmış və sonradan öldürülmüş bütün kəndlilər partizanlar tərəfindən öz evlərində aşkar edilmişdir (biri vanna otağında, digəri isə yataqda). Alman hərbi administrasiyasının verdiyi silahlar və döyüş sursatı öldürülmüş kəndlilərin evlərində aşkar edilsə də, bu kəndlilər həmin silahları gəzdirməmişlər. Palata bu faktın əhəmiyyətsiz olduğunu müəyyən etmiş (qərarın 127-ci bəndində), lakin aşağıdakı səbəblərə görə, Böyük Palata onun əhəmiyyətli olduğunu hesab edir. Ərizəçi heç kimin diri-diri yandırılmadığını Böyük Palata qarşısında bildirsə də, milli məhkəmələr müəyyən etmişdir ki, üç qadın daxil olmaqla dörd nəfər yanan anbarda ölmüşdür. Nəhayət, öldürülmüş kəndlilərdən heç biri qaçmağa cəhd göstərməmiş və partizanlara müqavimət göstərməmiş, bununla da öldürüləndən qabaq onlar silahsız olmuş, müqavimət göstərməmiş və ərizəçinin dəstəsinin nəzarəti altında olmuşlar.
192. Mili məhkəmələrə ərizəçinin işin faktiki halları ilə bağlı müəyyən ifadələrini rədd etmişdir. Müəyyən edilmişdir ki, öldürülmüş kəndlilər mayor Çuqunovun dəstəsini təslim etməmiş, əksinə Meykuls Krupniks dəstənin onun anbarında olması onun ailəsi üçün təhlükə yaratdığını qeyd edərək həmin dəstə barədə məlumatı Alman qoşunlarına vermişdir. Arxivlərdə öldürülmüş kəndlilərin şutsman (Alman Köməkçi Polisi) olması barədə məlumat olmamış, yalnız Bernards Şkirmantsın və onun arvadının aizsargi (Latviya Milli Qvardiyası) olması barədə məlumat olmuşdur. Həmçinin kəndlilərin hansı səbəbdən Alman hərbi administrasiyası tərəfindən silahla təchiz edilməsi (mayor Çuqunovun dəstəsi barədə məlumatı verməyə görə mükafat qismində və ya onların şutsman, aizsagi və ya başqa rəsmi köməkçi olmasına görə) dəqiq müəyyən edilməmişdir.
193. Tərəflər və Rusiya Federasiyası Hökuməti bu məsələləri Məhkəmə qarşısında mübahisələndirməyə davam etmiş ərizəçi isə Böyük Palataya Latviya Dövlət Arxivindən yeni materialları təqdim etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən faktlar öldürülmüş kəndlilərin döyüş əməliyyatlarında iştirakının dərəcəsi (yalnız mayor Çuqunovun dəstəsi barədə məlumat vermə və ya onların şutsman, aizsagi və ya başqa rəsmi köməkçi olması) və, nəticə etibarilə, onların hüquqi statusu və müvafiq olaraq qanuni müdafiə olunmaq hüquqları ilə bağlıdır. Milli məhkəmələrin təhlilinə əsasən kəndlilər «mülki şəxslər» kimi müəyyən edilmiş və Latviya Hökuməti bunu müdafiə etmişdir. İşin faktiki halları ilə bağlı milli məhkəmələrin gəldiyi nəticələri nəzərdən keçirərkən Palata kişilərin «kollaborasionist» olmasını hesab etmiş, qadınlar ilə əlaqədar isə başqa nəticəyə gəlmişdir. Ərizəçi və Rusiya Federasiyası Hökuməti hesab etmişlər ki, kəndlilər «döyüşçü» olmuşlar.
194. Yuxarıda göstərilən mübahisəni nəzərə alaraq Böyük Palata, öz növbəsində öz təhlilini ərizəçi üçün ən xeyirli olan ehtimaldan başlayacaqdır: öldürülmüş kəndlilər «döyüş əməliyyatlarında iştirak etmiş mülki şəxslər» kateqoriyasına daxil olmuş (iddia edildiyi kimi, Alman administrasiyasına məlumat ötürməklə, yəni «hərbi xəyanət» kimi müəyyən edilə bilən əməli törətməklə ) və ya onlar «döyüşçü» hüquqi statusuna malik olmuşlar (Almanlara xidmət etməklə).
195. Məhkəmə dəqiqləşdirir ki, kəndlilərin hücuma səbəb olmuş əməllərin xarakterini, habelə onların həmin vaxt döyüş əməliyyatlarında iştirak etmədiyini nəzərə alaraq, kəndlilər partizan olmamışlar . Mazie Bati kəndinin artıq Alman işğalı altında olmasına görə, kütləvi üsyan <levée en masse> anlayışı tətbiq edilə bilməz .
4. Ərizəçinin törətdiyinə görə məhkum edildiyi cinayətlərin kifayət qədər dəqiq hüquqi əsaslarının 1944-cü ildə mövcud olması məsələsi
196. Ərizəçi 1993-cü il aprelin 6-da Ali Şuranın daxil etdiyi 1961-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsinə əsasən məhkum edilmişdir. Bu maddədə müəyyən əməllər müharibə qanunlarının və adətlərinin pozulmasının nümunəsi kimi qeyd edilsə də, müharibə cinayətlərinin dəqiq anlayışı «müvafiq hüquq konvensiyalarına» əsaslanmışdır (yuxarıda 48-ci bəndə bax). Buna görə, onun müharibə cinayətlərinə görə məhkum edilməsi daxili qanunvericiliyə deyil, beynəlxalq hüquqa əsaslanmış və, Məhkəmənin fikrincə, əsas etibarilə bu nöqteyi-nəzərdən öyrənilməlidir.
197. Məhkəmə bir daha təsdiq edir ki, daxili qanunvericiliyin şərhinin problemlərini həll etmək başlıca olaraq milli məhkəmələrin vəzifəsidir, onun rolu isə bu şərhin təsirinin Konvensiyaya uyğun olmasını müəyyən etməklə məhdudlaşır (bax: «Vayte və Kennedi Almaniyaya qarşı» (Waite and Kennedy v. Germany [GC], no. 26083/94, § 54, ECHR 1999 I), və yuxarıda qeyd edilən «Korbeli Macarıstana qarşı», § 72).
198. Eyni zamanda, Böyük Palata Palata ilə razılaşır ki, Konvensiyada təsbit edilmiş hüquq, bu işdə isə 7-ci maddə ilə məhkum etmə və cəza təyin etmə üçün hüquqi əsasların olmasını tələb edildikdə, Məhkəmənin nəzarət səlahiyyətləri daha geniş olmalıdır. 7-ci maddənin 1-c hissəsi Məhkəmədən tələb edir ki, ərizəçinin məhkum edilməsi üçün o zaman hüquqi əsasların olub-olmaması məsələsi həll edilsin və, xüsusilə, müvafiq milli məhkəmələrin gəldiyi nəticənin (keçmiş Cinayət Məcəlləsinin 68-3-cü maddəsinə əsasən müharibə cinayətlərinə görə məhkum etmə) Konvensiyanın 7-ci maddəsinə uyğun olması, hətta bu Məhkəmənin hüquqi yanaşması və dəlilləri ilə müvafiq milli məhkəmələrinin qərarları arasında fərq olduqda müəyyən edilsin. Məhkəmənin nəzarət funksiyasının azaldılması 7-ci maddəsini öz məqsədindən məhrum edəcəkdir. Buna görə də, Məhkəmə aşağı instansiya milli məhkəmələrinin müxtəlif yanaşmalarına, o cümlədən ərizəçinin əsasən istinad etdiyi, lakin Cinayət İşlər üzrə Kollegiyanın qərarı ilə ləğv edilmiş Latqale Dairə məhkəməsinin 2003-cü il oktyabr hökmündəki yanaşmaya münasibət bildirməyəcəkdir. Bunun əvəzinə, Məhkəmə Ali Məhkəmə Senatının təsdiq etdiyi Cinayət İşləri üzrə Kollegiyanın qərarındakı nəticənin 7-ci maddəyə uyğun olub-olmamasını müəyyən etməlidir (yuxarıda qeyd edilən «Ştrelets, Kessler və Krents Almaniyaya qarşı», §§ 65-76).
199. Ümumiyyətlə, Məhkəmə, 1944-cü ildə beynəlxalq hüququn vəziyyəti nəzərə alınmaqla, ərizəçinin məhkum edilməsi üçün kifayət qədər dəqiq hüquqi əsasların olub-olmamasını müəyyən etməlidir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən «Korbeli Macarıstana qarşı», § 78).
a) Ərizəçinin və kəndlilərin hüquqi statusunun əhəmiyyəti
200. Tərəflər, üçüncü tərəflər və Palata razılaşmışdır ki, ərizəçiyə «döyüşçü» hüquqi statusu verilə bilər. Ərizəçinin SSRİ hərbi qüvvələrində qulluğu və Mazie Bati kəndinə daxil olmuş Qırmızı Partizanlar dəstəsinin komandiri olduğu (yuxarıda 14-cü bənd), habelə 1907-ci il Haaqa Konvensiyasında qabaq yetişmiş , həmin Nizamnamədə təsbit edilmiş və 1939-cu ilə kimi beynəlxalq hüququn hissəsini möhkəm təşkil etmiş beynəlxalq hüquqa əsasən döyüşçü statusu meyarı nəzərə alınaraq, o, prinsip etibarilə, döyüşçü olmuşdur
201. Böyük palata qeyd edir ki, kəndlilərə qarşı hücum zamanı ərizəçinin və onun dəstəsi üzvlərinin Alman vermaxtı qoşunlarının hərbi formasında olması və bununla yuxarıda göstərilən meyarlardan birinə cavab verməməsi milli məhkəmələrdə və ya bu Məhkəmə qarşısında mübahisə edilməmişdir. Bu, belə məna daşıya bilərdi ki, ərizəçi döyüşçü statusunu itirmiş (bununla da hücum etmək hüququnu itirmiş ), döyüş əməliyyatı zamanı düşmənin hərbi formasının geyinməsi isə cinayət təşkil edə bilərdi . Eyni zamanda, milli məhkəmələrdə ərizəçiyə qarşı bu əsasla ayrıca müharibə cinayəti törətməkdə ittiham irəli sürülməmişdir. Buna baxmayaraq, bu əmil ərizəçinin törətməkdə ittiham edildiyi digər cinayətlər üçün müəyyən dərəcədə əhəmiyyət kəsb edir (xüsusilə xaincəsinə adam öldürmə və xəsarət yetirmə, aşağıda 217-ci bəndə bax). Buna görə, Məhkəmə ərizəçinin və onun dəstəsinin «döyüşçü» olmasını rəhbər tutacaqdır. Öldürülmüş kəndlilər ilə bağlı fərziyyələrdən biri – onların da «döyüşçü» sayıla bilməsidir (yuxarıda 194-cü bənd).
202. Döyüşçü statusuna aid hüquqlara gəldikdə, 1944-cü ildə jus in bello döyüşçülərin əsir götürüldüyü, təslim etdiyi və sıradan çıxdığı (hors de combat) hallarda hərbi əsir sayılmaq hüququnu tanımış, hərbi əsirlər isə insanlıqla rəftar olunmaq hüququna malik olmuşlar . Buna görə, 1944-cü ildə jus in bello nəzərə alınaraq hərbi əsirə işgəncə vermə və ya onu özbaşına öldürmə qadağan edilmiş , silahın tətbiqinə yalnız, misal üçün, hərbi əsirlər qaçmağa və ya əsir götürənə hücum etməyə cəhd etdikdə yol verilmişdir .
203. Öldürülmüş kəndlilər ilə əlaqədar irəli sürülmüş digər fərziyyəyə – «döyüş əməliyyatlarında iştirak edən mülki şəxslərə» verilən müdafiəyə gəldikdə isə, Məhkəmə qeyd edir ki, 1944-cü ildə döyüşçülərin mülki şəxslərdən (və bunlara verilən müdafiənin) ayrılması müharibə qanunlarının və adətlərinin başlıca prinsipini təşkil etmiş və Beynəlxalq Ədalət Məhkəməsi («BƏM») bunu «humanitar hüququn strukturuna daxil olan mətnlərdə nəzərdə tutulmuş iki başlıca prinsipdən» biri kimi təsvir etmişdir . Erkən müqavilə müddəaları və bəyanatlardan görünür ki, 1944-cü ilə kimi «mülki şəxslər» döyüşçü anlayışı şamil edilməyən şəxslər sayılmışdır . Həmçinin mülki şəxslərin yalnız döyüş əməliyyatlarında bilavasitə iştirak etdikdə hücuma məruz qala bilməsi 1944-cü ildə beynəlxalq adət hüququnun normasını təşkil etmişdir .
204. Nəhayət, döyüş əməliyyatlarında iştirak etmiş mülki şəxslərin bununla jus in bello cinayətlərini törətməkdə şübhə yarandıqda (misal üçün, Alman hərbi administrasiyasına məlumat ötürməklə hərbi xəyanət, yuxarıda 194-cü bənd), onlar bu cür əməllər ilə əlaqədar hərbi və ya mülki məhkəmələr həbs edilə, məhkum edilə və barələrində cəza təyin edilməli idi, bu cür mühakimə olmadan özbaşına cəzalandırma isə müharibənin qanunlarına və adətlərinə zidd olardı .
b) 1944-cü ildə fiziki şəxslərin müharibə cinayətlərinə görə cinayət məsuliyyəti mövcud olması məsələsi
205. 1944-cü ildə yayılmış anlayışa müvafiq olaraq müharibənin qanunlarına və adətlərinə qarşı cinayət müharibə cinayəti sayılmışdır («müharibə cinayətləri») .
206. Məhkəmə İkinci Dünya Müharibəsindən qabaq və bu müharibə zamanı müharibə qanunlarının və adətlərinin kodifikasiyası prosesindəki və fiziki şəxslərin cinayət məsuliyyəti məsələsinin inkişafındakı əsas addımları aşağıda nəzərə alır.
207. Müharibə cinayətləri anlayışının tarixi bir çox əsr əvvəl yaransa da, yalnız on doqquzuncu əsrin ortalarında müharibə cinayətlərini təşkil edən və fiziki şəxsin cinayət məsuliyyətinə səbəb olan əməllərin kodifikasiyası başlamışdır. 1863-cü il Liber Məcəlləsində (yuxarıda 63-77-ci bəndlər) müharibənin qanunlarına və adətlərinə qarşı bir çox cinayətlər və müvafiq cəzalar nəzərdə tutulmuş, bir sıra maddələrində isə fiziki şəxslərin cinayət məsuliyyəti müəyyən edilmişdir . Liber Məcəlləsinin Amerika hüquqi akt olmasına baxmayaraq, o, müharibənin qanunlarına və adətlərinə dair ilk müasir məcəlləni təşkil etmiş və sonrakı konfranslara, xüsusilə 1874-cü il Brüssel konfransına təsir göstərmişdir (yuxarıda 79-cu bənd). 1880-ci il Oksford Nizamnaməsində müharibənin qanunlarına və adətlərinə zidd olan bir çox əməllər qadağan edilmiş və «cinayət törədənlər barəsində cinayət qanununda nəzərdə tutulmuş cəzaların təyin edilməsi» xüsusən nəzərdə tutulmuşdur. Həmin erkən kodifikasiya sənədləri və xüsusilə 1874-cü il Brüssel Bəyannaməsinin layihəsi, öz növbəsində 1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsinin əsasını təşkil etmişdir. Bu, sonuncu müqavilələr bütün erkən kodifikasiya aktları sırasında ən əhəmiyyətlisi olmuş və 1907-ci ilə vəziyyətə müharibənin qanunlarını və adətlərini ifadə etmişlər: bunlarda, inter alia, müvafiq əsas anlayışlar müəyyən edilmiş (döyüşçülər, levée en masse, hors de combat), müharibənin qanunlarına və adətlərinə qarşı cinayətlər sadalanmış və «Martens müddəası» vasitəsilə 1907-ci il Haaqa Konvensiyası və Nizamnaməsinin müəyyən müddəaları ilə əhatə olunmayan hallarda mülki şəxslər və müharibə edənlər üçün qalıq müdafiə təmin edilmişdir. Məsuliyyət dövlətlər üzərində müəyyən edilmişdir: onlar öz silahlı qüvvələri üçün dəqiq təlimatlar qəbul etməli və silahlı qüvvələri tərəfindən həmin təlimatlar pozulduğu halda kompensasiya ödəməlidir.
Birinci Dünya Müharibəsinin mülki əhaliyə təsiri nəticəsində, ehtimal edilən müharibə cinayətkarlarının məsuliyyəti, barələrində işlərə məhkəmələrdə baxılması və cəza təyin edilməsi ilə əlaqədar müddəalar Versal və Sevr müqavilələrinə daxil edilmişdir. 1919-cu il Beynəlxalq Komissiyasının (Birinci Dünya Müharibəsindən sonra) və BMTMCK-nın (ikinci Dünya Müharibəsi zamanı) işi beynəlxalq hüquqda fiziki şəxslərin cinayət məsuliyyəti prinsipinə mühüm töhfə vermişdir. «Cenevrə hüququnda» (xüsusilə 1864, 1906 və 1929-cu il Konvensiyaları, yuxarıda 53-62-ci bəndlərə bax) müharibə qurbanları müdafiə edilmiş, silahlı qüvvələrin əlil olan üzvləri və döyüş əməliyyatlarında iştirak etməyən şəxslər üçün təminatlar nəzərdə tutulmuşdur. Hüququn «Haaqa» və «Cenevrə» qolları bir-biri ilə sıx bağlı olmuşdur: birincisi ikincisi ilə tamamlanır.
Nürnberq BHT Nizamnaməsində fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olan müharibə cinayətlərinin natamam siyahısı əks etdirilmiş, Nürnberq BHT hökmündə isə müəyyən edilmişdir ki, 1907-ci il Haaqa Konvensiyasında və Nizamnaməsindəki humanitar hüquq normaları 1939-cu ilə qədər «bütün sivil millətlər tərəfindən tanınmış və müharibənin qanunlarını və adətlərini ifadə etmiş», həmin müddəaların pozulması isə fiziki şəxslər barəsində cəza təyin edilə bilən cinayətləri təşkil etmişdir. Müasir doktrinada belə razılıq mövcud olmuşdur ki, beynəlxalq hüquqda müharibə cinayətləri artıq müəyyən edilmiş və fiziki şəxslərin cinayət təqibi tələb edilmişdir . Bununla əlaqədar olaraq, Nürnberq BHT Nizamnaməsi ex post facto (geriyə qüvvəsi olan) cinayət qanununu təşkil etməmişdir. Sonradan, Nürnberq BHT Nizamnaməsi və hökmündən formalaşmış Nürnberq prinsiplərində Nizamnamədə müəyyən edilmiş müharibə cinayətləri anlayışı və beynəlxalq hüquqa əsasən cinayət törətmiş hər kəsin məsuliyyət daşıması və cəzalandırılması prinsipi təsdiq edilmişdir .
208. Həmin kodifikasiya dövründə dövlətlərin cinayət işləri və hərbi işlər üzrə məhkəmələri müharibə qanunlarının və adətlərinin tətbiqinin başlıca mexanizmini təşkil etmişlər. BHT vasitəsilə beynəlxalq cinayət təqibi müstəsna hal olmuşdur: milli məhkəmələrin davamlı rolu Nürnberq BHT hökmündə dəqiq göstərilmişdir. Buna görə də, müqavilələrə və konvensiyalara əsasən dövlətlərin beynəlxalq məsuliyyəti dövlətlərin müharibə cinayətlərinin və adətlərinin pozulmasına görə, öz cinayət işləri və hərbi işlər üzrə məhkəmələri vasitəsilə fiziki şəxslər barəsində cinayət təqibi həyata keçirmək və cəza təyin etmək öhdəliyini aradan qaldırmamışdır. Beynəlxalq və milli hüquq (sonuncuya həmçinin inkorporasiya edilmiş beynəlxalq normalar daxil olmuşdur) dövlətlər daxilində cinayət təqibin cinayət məsuliyyətinin əsasını təşkil etmişdir. Xüsusilə, milli qanunvericilikdə müharibə cinayətinin tərkibi dəqiq müəyyən edilmədikdə, milli məhkəmələr, nullum crimen və nulla poena sine lege prinsiplərini pozmayaraq öz qərarlarını əsaslandırmaq üçün beynəlxalq hüquq normalarına müraciət edə bilmişlər .
209. Belə milli məhkəmələrin praktikasına dönərək Məhkəmə qeyd edir ki, Birinci Dünya Müharibəsindən qabaq bir çox dövlətlərin qanunvericiliyində və hərbi nizamnamələrində müharibə cinayətləri qadağan edilsə də, bir neçəsində bu dövlətlərin müharibə cinayətkarları təqibə məruz qalmış , Filippində ABŞ hərbi məhkəmələri və Birinci Dünya Müharibəsindən sonrakı Leypsiq və Türkiyə məhkəmə prosesləri isə əhəmiyyətli və faydalı istisnanı təşkil etmişlər. Nəhayət, İkinci Dünya Müharibəsinin əvvəlindən müharibə cinayətkarları barəsində cinayət təqibi həyata keçirmək niyyəti aydın ifadə edilmiş , beynəlxalq təqiblə bərabər dövlətlər daxilində müharibə cinayətkarları barəsində cinayət təqibinin həyata keçirilməsi prinsipi qorunub saxlanılmışdır . Buna görə, böyük əhəmiyyət kəsb edən BHT prosesləri ilə bərabər İkinci Dünya Müharibəsi zamanı (xüsusən SSRİ-də) və İkinci Dünya Müharibəsindən dərhal sonra milli məhkəmələrdə həmin müharibədə törədilmiş müharibə cinayətləri ilə əlaqədar işlərə baxılmışdır; müəyyən məhkəmələrin çıxardığı hökmlərdə müharibə qanunlarının və adətlərinin müvafiq prinsipləri, o cümlədən müharibə cinayəti törətməkdə şübhəli olan döyüşçülər və mülki şəxslər barəsində işlərə ədalətli məhkəmədə baxılması prinsipi ətraflı surətdə əks etdirilmişdir.
210. Məhkəmə 1940-cı ildə Latviyanın SSRİ-yə daxil olmasının qanuniliyi və, nəticə etibarilə, 1944-cü il mayın 27-də törədilmiş əməllərin beynəlxalq silahlı münaqişə ilə bağlı olması və buna görə müharibə cinayəti sayıla bilməsi məsələsi ilə bağlı tərəflərin və üçüncü tərəflərin ətraflı və bir-birinə zidd izahatları artıq qeyd etmişdir. Böyük Palata (Palata öz qərarının 112-ci bəndində etdiyi kimi) hesab edir ki, Latviyanın SSRİ-yə daxil olmasının qanuniliyi məsələsini həll etmək onun vəzifəsi deyil və, hər halda, hazırkı işdə bunu etmək üçün zərurət yoxdur. 1944-cü ildə əməllərə görə müharibə cinayəti kimi təqibə etmək üçün beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb edilsə də, bu, demək deyil ki, yalnız müharibə edən tərəfin hərbi qulluqçuları və ya vətəndaşları bu cinayətləri törətməkdə ittiham edilə bilərdi. Ehtimal edilən cinayətlə beynəlxalq silahlı münaqişə arasında bilavasitə əlaqə tələb edilmiş, yəni ehtimal edilən cinayətin tərkibində müharibənin məqsədlərinə xidmət edən əməl olmalı idi . Milli məhkəmələr müəyyən etmişlər ki, 1944-cü il 27 may tarixli əməliyyat müəyyən kəndlilərin Alman administrasiyası ilə əməkdaşlıq etməkdə şübhə yarandığı üçün təşkil edilmişdir; bununla da, aydındır ki, mübahisələndirilən hadisələr SSRİ-Almaniya beynəlxalq silahlı münaqişə ilə bilavasitə əlaqədə olaraq zahirən Sovet qoşunlarının hərbi məqsədlərinə xidmət etmişdir.
211. Məhkəmə rəisin fərdi məsuliyyətini başqaların əməllərinə görə məsuliyyət kimi deyil, rəisin nəzarət etmək vəzifəsinə etinasız yanaşmaya görə cinayət məsuliyyəti kimi qəbul edir. Tabelikdə olanların əməllərinə görə cinayət məsuliyyəti anlayışı iki formalaşmış adət normasından irəli gəlir: birincisi, döyüşçü kiminsə tabeliyində olmalı, ikincisi isə, müharibənin qanunlarına və adətlərinə əməl etməlidir (yuxarıda 200-cü bənd) . Tabelikdə olanların əməllərinə görə fiziki şəxslərin cinayət məsuliyyəti prinsipi İkinci Dünya Müharibəsindən qabaq keçirilmiş bir neçə məhkəmə proseslərində , bu müharibə zamanı və ondan dərhal sonra kodifikasiya sənədlərinə və dövlətlərin bəyanatlarında nəzərə alınmış, habelə İkinci Dünya müharibəsi zamanı törədilmiş cinayətlər ilə əlaqədar məhkəmə proseslərində (milli və beynəlxalq) əks etdirilmişdir . O vaxtdan bu, beynəlxalq adət hüququnun prinsipinə çevrilərək beynəlxalq tribunalların təsis sənədlərinin Standard müddəasını təşkil edir .
212. Nəhayət, müharibə cinayətlərinə görə cəza beynəlxalq hüquqda kifayət qədər dəqiq nəzərdə tutulmadıqda, milli məhkəmə təqsirləndirilən şəxsi təqsirli bilərək milli cinayət qanununa əsasən cəza təyin edə bilərdi .
213. Nəticədə, Məhkəmə hesab edir ki, 1944-cü ilə vəziyyətdə müharibə cinayətləri müharibənin qanunlarına və adətlərinə qarşı əməllər kimi müəyyən edilmiş, beynəlxalq hüquqda isə həmin cinayətlərə görə cinayət məsuliyyətinin əsas prinsipləri, habelə onları təşkil edən əməllərin geniş siyahısı əks etdirilmişdir. Dövlətlərin belə cinayətlərə görə fiziki şəxsləri, o cümlədən rəislərin məsuliyyətini rəhbər tutaraq, ən azı, cəzalandırmaq hüququ (hətta öhdəliyi) olmuşdur. Buna görə, İkinci Dünya Müharibəsi zamanı və ondan sonra beynəlxalq və milli tribunallarda Ikinci Dünya Müharibəsi zamanı törədilmiş müharibə cinayətləri ilə əlaqədar əsgərlər barəsində cinayət təqibi həyata keçirilmişdir.
c) Törətdiyinə görə ərizəçinin məhkum edildiyi müəyyən müharibə cinayətləri
214. Bununla əlaqədar olaraq, Məhkəmə aşağıdakı ümumi prinsipləri rəhbər tutaraq, ərizəçinin törətdiyi müharibə cinayətləri ilə əlaqədar məhkum edilməsi üçün 1944-cü ildə kifayət qədər aydın hüquqi əsasların olub-olmaması məsələsini həll edəcəkdir.
215. Məhkəmə BƏM-in «Korfu boğazı» işi (Corfu Channel) üzrə qərarında əks etdirilmiş bəyanatı xatırladır: ərazi sularında minalanmış sahələrin olması barədə məlumat vermək və yaxınlaşan hərbi gəmiləri bu barədə xəbərdarlıq etmək öhdəliyi müharibə zamanı tətbiq olunan 1907-ci il Haaqa Konvensiyasının (VIII nömrəli) müddəalarına deyil, «ümumi və hamılıqla tanınmış prinsiplərə», o cümlədən müharibə dövrünə nisbətən sülh dövründə daha əhəmiyyətli olan «elementar insanlıq mülahizələri» kimi təsvir edilən prinsipə əsaslanır. Nüvə silahları məsələsi ilə bağlı sonrakı rəydə BƏM «humanitar hüququn strukturunu təşkil edən mətnlərdəki iki başlıca prinsipə» müraciət etmişdir. Yuxarıda qeyd edilən prinsiplərdən birincisi «mülki əhalinin və obyektlərin müdafiəsinə» yönəlmiş fərqlənmə prinsipi, ikincisi isə «döyüşçülərin lüzumsuz əzablarının qarşısını almaq öhdəliyi» olmuşdur. BƏM aydın surətdə «Martens müddəasına» müraciət edərək qeyd etmişdir ki, Haaqa və Cenevrə konvensiyaları Nürnberq BHT hökmü ilə eyni zamanda «beynəlxalq adət hüququnun sarsılmaz prinsiplərinə» çevrilmişdir. BƏM-in sözlərinə görə, bu, silahlı münaqişə zamanı tətbiq edilən bir çox humanitar hüquq normalarının «insan şəxsiyyətinə hörmət» və «elementar insanlıq mülahizələri» üçün xüsusi əhəmiyyət etməsinə görə baş vermişdir. Həmin prinsiplər, o cümlədən «Martens müddəası» belə hüquq normalarını təşkil etmişdir ki, müharibə kontekstində onların pozulmasına yönəlmiş davranış barəsində məhkəmələr tərəfindən ölçü götürülməlidir .
216. Məhkəmə ilk növbədə qeyd edir ki, kəndlilərə işgəncə vermə, xəsarət yetirmə və onları öldürmə ilə əlaqədar ərizəçinin məhkum edilməsi üçün milli məhkəmələr əsasən IV Cenevrə Konvensiyasının müddəalarına istinad etmişlər (yuxarıda 6062-ci bəndlər). Məhkəmə hesab edir ki, 1907-ci il Haaqa Nizamnaməsi 23-cü maddəsinin «b» bəndini nəzərə alaraq, hətta öldürülmüş kəndlilər döyüşçü və ya döyüş əməliyyatlarında iştirak edən mülki şəxslər sayılmış olsa da, 1944-cü ildə jus in bello onları öldürmə və onlara işgəncə verməni müharibə cinayəti kimi qəbul etmişdir, çünki həmin əməllər nəticəsində müharibənin qanunlarının və adətlərinin sıradan çıxarılmış düşmənin müdafiəsinə yönəlmiş fundamental norması pozulmuşdur. Belə müdafiə şəxs yaralandıqda, sıradan çıxdıqda və ya başqa səbəblərdən özünü müdafiə edə bilmədikdə (o cümlədən silah gəzdirmədikdə) təmin edilmiş, şəxsin xüsusi hüquqi statusa malik olması və ya rəsmi qaydada təslim etməsi isə tələb edilməmişdir . Döyüşçü qismində də kəndlilər ərizəçinin və onun dəstəsinin nəzarəti altında olan hərbi əsirlərə verilən müdafiəyə malik olmalı idi, onlara işgəncə verilmə və onların öldürülməsi isə hərbi əsirlərin müdafiəsinə yönəlmiş bir sıra müharibə qanunlarına və adətlərinə (yuxarıda 202-ci bənddə qeyd edilmiş) zidd olardı. Nəticə etibarilə, kəndlilərə işgəncə vermə, xəsarət yetirmə və onları öldürmə müharibə cinayətini təşkil etmişdir.
217. İkincisi, Məhkəmə hesab edir ki, milli məhkəmələr ərizəçinin xaincəsinə xəsarət yetirməkdə və öldürməkdə təqsirli bilinməsində 1907-ci il Haaqa Nizamnaməsinin 23-cü maddəsinin «b» bəndini əsaslı olaraq rəhbər tutmuşlar. O zaman xainlik və satqınlıq anlayışları bir-biri ilə sıx bağlı olmuşdur ki, xəsarət yetirmə və ya öldürmə düşməni hücuma məruz qalmaq təhlükəsinin olmamasında qanunsuz inandırmaqla, misal üçün düşmənin hərbi forması geyinməklə törədildikdə, xaincəsinə törədilmiş hesab olunmuşdur. Yuxarıda 16 və 201-ci bəndlərdə qeyd edildiyi kimi, Mazie Bati əməliyyatı zamanı ərizəçi və onun dəstəsinin əsgərləri həqiqətən Alman hərbi formasında idilər. 23-cü maddənin «b» bəndi kəndlilər «döyüşçü» hesab edildiyi təqdirdə dəqiq tətbiq edilir, kəndlilər döyüş əməliyyatlarında iştirak edən mülki şəxslər sayılsa da tətbiq edilə bilərdi. Bununla əlaqədar olaraq, 23-cü maddənin «b» bəndində düşmən dövlətinə və ya ordusuna məxsus şəxslərin xaincəsinə öldürülməsi və ya yaralanması göstərilir ki, bu da, düşmən ordusunun hər hansı formada nəzarəti altında olan şəxsləri, o cümlədən işğal altındakı ərazidə mülki əhalini əhatə edən kimi şərh oluna bilər.
218. Üçüncüsü, Latviya məhkəmələri hamilə qadını yandırmaqla öldürmənin qadınlara verilən xüsusi müdafiəyə zidd olaraq müharibə cinayətini təşkil etməsini müəyyən etməkdə 1949-cu il IV Cenevrə Konvensiyasının 16-cı maddəsinə müraciət etmişlər. Qadınların, xüsusilə hamilə qadınların müharibə zamanı xüsusi müdafiəyə malik olması hələ 1863-cü il Liber Məcəlləsində müharibənin qanunlarına və adətlərinə aid edilmişdir (19 və 37-ci maddələr). Daha sonra bu müddəa hərbi əsirlərə dair «Cenevrə hüququnda» inkişaf etdirilmişdir (qadınların bu vəziyyətdə xüsusilə zəif olması hesab edilmişdir) . Məhkəmə hesab edir ki, «Martens müddəası» (yuxarıda 86-87 və 215-ci bəndlər) ilə birlikdə götürüldükdə bu «xüsusi müdafiə» ifadələri ərizəçinin Krupniksin arvadını yandırmaqla öldürmə ilə əlaqədar müharibə cinayəti törətməsinə görə məhkum edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmək üçün kifayətdir. Məhkəmə nəticəyə gəlir ki, İkinci Dünya Müharibəsindən dərhal sonra 1949-cu il I, II və IV Cenevrə konvensiyalarına, xüsusilə sonuncu konvensiyanın 16-cı maddəsinə daxil edilmiş qadınların müəyyən və xüsusi müdafiəsinə dair çoxsaylı normalar bu mövqeyi təsdiq edir.
219. Dördüncüsü, milli məhkəmələr mühafizə olunmayan yaşayış yerlərinə hücumları qadağan edən 1907-ci il Haaqa Nizamnaməsinin 25-ci maddəsinə əsaslanmışlar. Bu norma «hərbi zərurətlə mütləq tələb olunmadıqda» şəxsi əmlakı məhv etməni qadağan edən oxşar beynəlxalq hüquq normaları qrupuna (o cümlədən 1907-ci il Haaqa Nizamnaməsinin 23-cü maddəsinin «g» bəndi) daxil idi . Mazie Bati kəndində həyətləri yandırmanın tələb edildiyi barədə sübutlar milli məhkəmələrə təqdim edilməmiş və bu barədə dəlil Məhkəmədə irəli sürülməmişdir.
220. Beşincisi, hərbi soyğunçuluq (paltarları və ərzaq məhsullarını oğurlama) ilə əlaqədar milli məhkəmələrdə 1907-ci il Haaqa Konvensiyasına, 1949-cu il IV Cenevrə Konvensiyasına və 1977-ci il Əlavə Protokoluna istinad edilsə də, belə soyğunçuluğun baş verməsi müəyyən edilməmişdir.
221. Nəhayət, Məhkəmə əlavə edir ki, hətta kəndlilər (onların hüquqi statusundan asılı olmayaraq) tərəfindən müharibə cinayətlərini törətməsi hesab edilsə də, 1944-cü ildə mövcud olmuş beynəlxalq adət hüququna əsasən ərizəçi və onun dəstəsi kəndliləri həbs etmək, onların işinə ədalətli məhkəmədə baxılmasını təmin etmək və yalnız sonradan hər hansı cəzanı tətbiq etmək səlahiyyətinə malik olmuşlar (yuxarıda 204-cü bənd). Cavabdeh Hökumət qeyd etdiyi kimi, hadisələr ilə əlaqədar ərizəçinin Palataya (yuxarıda 21-24-cü bəndlər) və Böyük Palataya (yuxarıda 162-ci bənd) təqdim etdiyi fərziyyədə ərizəçi ondan tələb olunmuş hərəkətləri (kəndliləri məhkəməyə vermək üçün həbs etmək) izah etmişdir. Hər halda, hər hansı partizan məhkəməsinin baş verməsindən asılı olmayaraq (Palata qərarının 132-ci bəndi) ittiham kəndlilər barəsində, onların xəbəri və ya iştirakı olmadan, qiyabi məhkəmə prosesi və sonrakı edam ədalətli sayıla bilməz.
222. Ərizəçinin yuxarıda göstərilən əməllərində 1944-cü ildə müharibə cinayəti tərkibi olması (yuxarıda qeyd edilən «Ştrelets, Kessler və Krents Almaniyaya qarşı», § 76) qənaətinə gəldiyi üçün Məhkəmə hesab edir ki, ərizəyə qarşı irəli sürülmüş qalan ittihamları şərh etmək zəruri deyil.
223. bundan əlavə, Ali Məhkəmənin Senatı qeyd etmişdir ki, ərizəçinin kəndliləri öldürmək və həyətləri məhv etmək niyyətində olmuş partizan dəstəsinin təşkil etməsi və ona başçılıq etməsi Cinayət İşləri üzrə Kollegiyada işə baxılması zamanı sübutlarla təsdiq edilmişdir. Kollegiya qeyd etmişdir ki, Nürnberq BHT Nizamnaməsinin 6-cı maddəsinə müvafiq olaraq, dəstənin törətdiyi əməllərinə görə ərizəçinin dəstə komandiri kimi məsuliyyətini müəyyən etmək üçün kifayət idi. Xüsusilə, müəyyən edilmiş faktlarla göstərilmişdir ki, ərizəçi de jure və de facto dəstəyə nəzarət edirdi. Milli məhkəmələrdə müəyyən edildiyi əməliyyatın məqsədi nəzərə alınaraq ərizəçinin mens rea (cinayətkar niyyət) mövcud idi. Əslində, ərizəçinin Böyük Palataya verdiyi izahatları (inter alia, dəstənin döyüş vəzifələrini və şəraiti nəzərə alaraq kəndlilərin dəstə tərəfindən həbs edilə bilməməsi barədə, yuxarıda 162-ci bənd) Cinayət İşləri üzrə Kollegiyanın müəyyən etdiyi işin yuxarıdakı hallarına uyğundur. Ərizəçinin dəstənin komandiri kimi məsuliyyəti nəzərə alınaraq, 1944-cü il mayın 27-də Mazie Bati kəndində törədilmiş əməllərdən hər hansının ərizəçinin şəxsən törətməsinin milli məhkəmələrdə lazımi qaydada müəyyən edilə bilməsi məsələsinin həll edilməsi zəruri deyil (Palata qərarının 141-ci bəndi).
224. Nəhayət, Məhkəmə iki yekun məsələni dəqiqləşdirəcəkdir.
225. Cavabdeh Hökumət iddia etmişdir ki, ərizəçinin törətdiyi əməllər müharibə edən tərəfin qanuni repressiya tədbirləri sayıla bilməz; ərizəçi və Rusiya Federasiya Hökuməti bu dəlilə dair hər hansı əhəmiyyətli cavab təqdim etməmişdir. Milli məhkəmələrdə müəyyən edilmişdir ki, ərizəçinin başçılıq etdiyi Mazie Bati əməliyyatı «qisas» xarakteri daşımış, lakin bu barədə müdafiə tərəfinin dəlili rədd edilmişdir. Məhkəmə milli məhkəmələrin bu dəlilin (kəndlilərin döyüşçü və yaxud döyüş əməliyyatlarında iştirak etmiş mülki şəxslər sayılmasına dair) rədd edilməsinə dair nəticələrini sual altına qoymağa əsas görmür .
226. Palata qərarının 134-cü bəndi ilə əlaqədar olaraq Böyük Palata cavabdeh Hökumət ilə razılaşır ki, digərləri tərəfindən müharibə cinayəti törədilməsi barədə dəlil, digərlərinin əməlləri öz xarakteri, əhatə dairəsi və sistemliyinə görə beynəlxalq adətin dəyişməsinin sübutunu təşkil etmədikdə, müharibə cinayətlərində ittihama qarşı müdafiə dəlili kimi irəli sürülə bilməz.
227. Nəticədə, öldürülmüş kəndlilərin «döyüş əməliyyatlarında iştirak edən mülki şəxslər» və ya «döyüşçülər» hesab edilə bilməsi hətta ehtimal edildikdə (yuxarıda 194-cü bənd), 1944-cü ildə beynəlxalq hüququn vəziyyəti nəzərə alınaraq, 1944-cü il mayın 27-də Mazie Bati kəndinə basqına məsuliyyət daşıyan dəstənin komandiri kimi ərizəçinin müharibə cinayətləri ilə əlaqədar məhkum edilməsi və cəzalandırılması üçün kifayət qədər dəqiq hüquqi əsasları olmuşdur. Məhkəmə əlavə edərdi ki, kəndlilər «mülki şəxslər» hesab edilsə idi, a fortiori onlar daha geniş müdafiəyə malik olardılar.
5. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin müharibə cinayətlərinə şamil edilməsi məsələsi
228. Rusiya Federasiyası Hökuməti bildirmişdir ki, 1926-cı il Cinayət Məcəlləsinin 14-cü maddəsində göstərilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərə alınaraq, ərizəçi barəsində hər hansı cinayət məsuliyyətinə cəlb etmə müddəti 1954-cü ildə keçmişdir. Latviya Hökuməti cinayət məsuliyyətinə cəlb etmə müddətinin ərizəçiyə şamil edilmədiyini hesab etmiş, ərizəçi isə Palatanın qərarını müdafiə etmişdir.
229. Ərizəçi 191-ci il Cinayət Məcəlləsinin 68-3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə məhkum edilmiş, həmin məcəllənin 6-1-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin, inter alia, müharibə cinayətlərinə münasibətdə tətbiq edilməməsi göstərilmiş, hər iki maddə isə 1993-cü ildə məcəlləyə əlavə edilmişdir. Həmçinin, Ali Məhkəmənin Senatı öz dəlillərini əsaslandırmaq üçün 1968-ci il Konvensiyasına müraciət etmişdir (yuxarıda 130-132-ci bəndlər). Bununla belə, tərəflər mahiyyətcə iki məsələ ilə əlaqədar mübahisə etmişlər: ərizəçinin məhkum edilməsi nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş və 1944-cü ildə tətbiq edilməli olmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin ex post facto uzadılması, həmçinin cinayət məsuliyyətinə cəlb etmə nəticəsində cinayət qanununun geriyə şamil edilməsi (bax: «Koeme və digərləri Belçikaya qarşı» (Coëme and Others v. Belgium, nos. 32492/96, 32547/96, 32548/96, 33209/96 and 33210/96, ECHR 2000 VII)).
230. Məhkəmə qeyd edir ki, ərizəçi barəsində 1944-cü ildə Latviyada müharibə cinayətləri ilə əlaqədar cinayət təqibi həyata keçirildiyi təqdirdə, 1926-cı il Cinayət Məcəlləsinin hərbi cinayətlərə dair IX fəsli qeyd olunan müvafiq cinayətlərə şamil olmazdı (ərizəçi və Rusiya Federasiyası Hökuməti bununla razılaşmışlar): buna görə, milli məhkəmə müharibə cinayətləri ilə bağlı ittihamları əsaslandırmaq üçün beynəlxalq hüquq normalarına müraciət etməli idi (yuxarıda 196 və 208-ci bəndlərə bax). Eyni qaydada, yalnız 1926-cı il Cinayət Məcəlləsində göstərilmiş cinayətlərə tətbiq olunan cinayət məsuliyyətinə cəlb etmə müddətləri nəzərdə tutulmuş 1926-cı il Cinayət Məcəlləsinin 14-cü maddəsi beynəlxalq hüquqdan irəli gələn müharibə cinayətlərinə münasibətdə tətbiq edilə bilməzdi, Cinayət Məcəlləsində isə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin bu cür cinayətlərə tətbiq olunması mümkünlüyü əks etdirilməmişdir. Əksinə, Məhkəmə qeyd edir ki, 1926-cı il Cinayət Məcəlləsi müəyyən edilmiş ictimai qaydaya zərər vura bilən «ictimai təhlükəli əməllərə» görə cinayət təqibi üçün sistemi təşkil etmiş və 14-cü maddənin qeydlərindəki anlayışlar bunu təsdiq edir. Belə halda, 1944-cü ildə müharibə cinayətləri ilə əlaqədar dövlət daxilində cinayət təqibi üçün, təkcə bu cür cinayətlərin anlayışı ilə bağlı deyil, həmçinin hər hansı cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı beynəlxalq hüquqdakı əsaslar tələb edilmişdir.
231. Eyni zamanda, 1944-cü ildə beynəlxalq hüquqda bu barədə heç nə nəzərdə tutulmamışdır. Müharibə cinayətləri ilə əlaqədar cinayət məsuliyyəti, habelə cinayət təqibi və cəza təyin etmə öhdəliyi ilə əlaqədar əvvəlki beynəlxalq bəyanatlarda hər hansı cinayət məsuliyyətinə cəlb etmə müddəti göstərilməmişdir . Müttəfiq Nəzarət Şurasının 10 nömrəli Qanununun II maddəsinin 5-cü bəndində İkinci Dünya Müharibəsindən qabaq və müharibə zamanı Almaniya ərazisində törədilmiş müharibə cinayətləri ilə əlaqədar məsələyə toxunulsa da, Nürnberq və Tokio BHT nizamnamələrində, Soyqırım haqqında 1948-ci il Konvensiyasında, 1949-cu il Cenevrə konvensiyalarında və ya Nürnberq Prinsiplərində müharibə cinayətləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddətinə dair heç bir müddəa nəzərdə tutulmamışdır (1968-ci il Konvensiyasının preambulasında təsdiq edildiyi kimi).
232. Bu Məhkəmə tərəfindən həll edilməli əsas məsələ – ərizəçi barəsində cinayət təqibindən əvvəl hər hansı vaxtda beynəlxalq hüquqla cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulmuşdurmu. Yuxarıdakı bəndlərdən göründüyü kimi, 1944-cü ildə müharibə cinayətlərinə görə cinayət təqibi ilə əlaqədar beynəlxalq hüquqda cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən edilməmişdir. 1944-cü ildən sonra da beynəlxalq hüquqda ərizəçinin törətməkdə ittiham edildiyi müharibə cinayətləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddəti əmələ gəlməmişdir .
233. Nəticədə Məhkəmə müəyyən edir ki, birincisi, daxili qanunvericilikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı hər hansı normalar tətbiq edilmir (yuxarıda 230-cu bənd) və, ikincisi, ərizəçinin törətməkdə ittiham edildiyi cinayətlər ilə əlaqədar cinayət məsuliyyətinə cəlb etmə müddəti beynəlxalq hüquqda heç vaxt nəzərdə tutulmamışdır (yuxarıda 232-ci bənd). Məhkəmə nəticəyə gəlir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti ərizəçinin törətməkdə ittiham edildiyi cinayətlərə şamil edilməmişdir.
6. Ərizəçiyə müvafiq əməllərdə müharibə cinayətləri tərkibinin olması və barəsində cinayət təqibi keçiriləcəyi barədə qabaqcadan məlum olması məsələsi
234. Ərizəçi həmçinin bildirmişdir ki, o, törətməkdə ittiham edildiyi əməllərdə müharibə cinayətləri tərkibi olmasından və barəsində sonradan cinayət təqibi keçiriləcəyindən qabaqcadan xəbərdar ola bilməzdi.
İlk növbədə o, qeyd etmişdir ki, 1944-cü ildə o, düşmən arxasında döyüşən gənc əsgər olmuş və beynəlxalq hüquqda baş verən yuxarıda göstərilən dəyişikliklərdən xəbərsiz olmuş və buna görə törətməkdə ittiham edildiyi əməllərdə müharibə cinayətləri tərkibi olmasından qabaqcadan xəbərdar ola bilməzdi. İkincisi, onun barəsində cinayət təqibinin həyata keçiriləcəyi siyasi cəhətdən qabaqcadan məlum ola bilməzdi: 1991-ci ildə Latviyanın müstəqilliyinin bərpa edilməsində sonra onun məhkum edilməsi müharibə cinayətkarları barəsində cinayət təqibi həyata keçirməklə əlaqədar beynəlxalq öhdəliyi yerinə yetirmək arzusu deyil, Latviya dövlətinin siyasi oyunları idi.
235. Birinci məsələ ilə əlaqədar olaraq Məhkəmə hesab edir ki, komandirlərin məsuliyyəti və müharibənin qanunları və adətləri kontekstində, sadəlik və qabaqcadan məlum olma anlayışları birlikdə baxılmalıdır.
Məhkəmə xatırladır ki, qabaqcadan məlum olma anlayışının əhatə dairəsi baxılan sənədin məzmunundan, onun şamil olunduğu sahədən, habelə onun ünvanlandığı şəxslərin sayı və statusundan əhəmiyyətli dərəcədə asılıdır. Peşəkar fəaliyyətlə məşğul olan şəxslər öz vəzifələrini yerinə yetirərkən yüksək dərəcədə ehtiyatlı olmalı və onlardan belə fəaliyyətin ehtiva etdiyi təhdidlərə qiymət verərkən xüsusi diqqətlə davranması gözlənilə bilər («Pessino Fransaya qarşı» işi üzrə qərar (Pessino v. France, no. 40403/02, § 33, 10 October 2006)).
236. Mübahisələndirilən əməllərin müstəsna olaraq beynəlxalq hüquqa əsasən müharibə cinayətləri kimi tövsif edilməsinin 1944-cü ildə ərizəçi üçün kifayət qədər sadə və qabaqcadan məlum olan kimi sayıla bilməsi məsələsinə gəldikdə, Məhkəmə xatırladır ki, əvvəlki qərarlarına müvafiq olaraq, insan hüquqlarına dair əsas beynəlxalq sənədlərə əməl olunması sənədlərin özündə fiziki şəxslərin cinayət məsuliyyəti nəzərdə tutulmasa və onlardan biri həmin müddətdə müvafiq dövlət tərəfindən təsdiq edilməsə də tələb edilməklə əsgərin (sərhədçinin) fərdi cinayət məsuliyyəti kifayət qədər sadə və qabaqcadan məlum olan qaydada müəyyən edilmişdir (yuxarıda qeyd edilən «K.-H.V. Almaniyaya qarşı», §§ 92-105). Məhkəmə hesab etmişdir ki, hətta sıravi əsgər sırf daxili qanunvericiliyi deyil, həmçinin beynəlxalq qaydada tanınmış insan hüquqlarını, xüsusilə insan hüquqlarının beynəlxalq iyerarxiyasında ali dəyər olan yaşamaq hüququnu açıq-aşkar pozan əmrlərə tam və kor-koranə əməl etməməlidir («K.-H.V. Almaniyaya qarşı», § 75).
237. Həqiqətən, 1926-cı il Cinayət Məcəlləsində müharibənin beynəlxalq hüquqlarına və adətlərinə istinad edilməmiş («K.-H. V Almaniyaya qarşı» işində olduğu kimi), həmin beynəlxalq qanunlar və adətlər SSRİ-də və Latviya SSR-də dərc edilməmişdir (yuxarıda qeyd edilən «Korbeli Macarıstana qarşı» işində olduğu kimi (Korbely v. Hungary [GC], §§ 74-75). Lakin, bu, həlledici rol oynamır. Yuxarıdakı 213 və 227-ci bəndlərdəki nəticələrdən göründüyü kimi, 1944-cü ildə beynəlxalq qanunlar və adətlər fiziki şəxslərin cinayət məsuliyyətini müəyyən etmək üçün kifayət qədər əsaslar təşkil etmişdir.
238. Bundan əlavə Məhkəmə qeyd edir ki, 1944-cü ildə həmin qanunlar müharibə zamanı cinayət qaydasında cəzalandırılan əməllərin parametrlərini müəyyən edən, silahlı qüvvələrinə və xüsusilə komandirlərə ünvanlanan ətraflı lex specialis normalarını təşkil etmişdir. Bu işdəki ərizəçi Latviya diviziyasının ehtiyat batalyonunda xidmət etmiş Sovet Ordusunun serjantı olmuşdur: o zaman ərizəçi diversiya dəstəsinin üzvü olaraq hərbi təxribatla və təbliğatla məşğul olmuş tağımın rəisi idi. Onun rəis vəzifəsini nəzərə alaraq Məhkəmə belə mövqedədir ki, ərizəçidən Mazie Bati əməliyyatının təhdidlərinə qiymət verərkən onun xüsusi diqqətlə davranması əsaslı olaraq gözlənilə bilərdi. Məhkəmə hesab edir ki, 1944-cü il 27 may tarixli əməliyyatın müəyyən edilmiş hallarında doqquz kəndliyə işgəncə vermənin və onları öldürmənin açıq-aşkar qanunsuz xarakteri (yuxarıda 15-20-ci bəndlər) nəzərə alınaraq, ərizəçi hətta ən səthi surətdə mülahizə etdikdə, mübahisələndirilən əməllərin müharibənin o zaman başa düşüldüyü kimi qanunlarına və adətlərinə ən azı zidd olması təhlükəsi və, xüsusilə, rəis kimi fərdi qaydada cinayət məsuliyyətinə cəlb edilə biləcək müharibə cinayətləri təşkil etməsi təhlükəsi gözə çarpa bilərdi.
239. Bu səbəblərdən Məhkəmə hesab edir ki, mübahisələndirilən əməllərin müharibə cinayətləri kimi tövsif ediləcəyi ərizəçiyə qabaqcadan məlum ola bilməsini müəyyən etmək üçün əsaslar vardır.
240. Ərizəçinin ikinci dəlilinə gəldikdə, Məhkəmə 1990 və1991-ci il müstəqillik haqqında bəyannamələri, yeni Latviya Respublikasının müxtəlif insan hüquqları sənədlərinə (o cümlədən 1922-ci ildə 1968-ci il Konvensiyasına) dərhal qoşulmasını və 1933-cü ildə 1961-ci il Cinayət Məcəlləsinə 68-3-cü maddənin əlavə edilməsini qeyd edir.
241. Məhkəmə xatırladır ki, keçmiş rejim zamanı cinayət törətmiş şəxslər barəsində hüquqi varis olan dövlət tərəfindən cinayət təqibinin həyata keçirilməsi qanunidir və qabaqcadan məlum olandır, hüquqi varis olan dövlətin məhkəmələri isə keçmiş rejim zamanı qüvvədə olmuş, lakin Qanunun Aliliyi prinsipləri nöqteyi-nəzərindən və Konvensiya sisteminin qurulduğu əsas prinsipləri nəzərə alınmaqla qanun müddəalarının şərh və tətbiq edilməsinə görə tənqidə məruz qala bilməz. Bu, məsələ Konvensiyada və insan hüquqlarının beynəlxalq iyerarxiyasında ali dəyər olan, həmçinin Konvensiyaya tərəfdar çıxmış dövlətlərin ilk növbədə müdafiə etmək öhdəliyini təşkil edən yaşamaq hüququ ilə əlaqədar olduqda xüsusilə düzdür. Dövlətin cinayət təqibini həyata keçirmək öhdəliyi müharibənin qanunlarından və adətlərindən irəli gəldiyi kimi, Konvensiyanın 2-ci maddəsi ilə də dövlətlər tərəfindən öz yurisdiksiyası altında olanların yaşamaq hüququnu qorumaq üçün zəruri tədbirlərin görülməsi tələb edilir və insan həyatı üçün təhlükə yaradan əməllər törətmənin qarşısını almaq məqsədilə səmərəli cinayət hüquq normaları müəyyən edilməklə yaşamaq hüququnun təmin edilməsinə dair başlıca vəzifə müəyyən edilir (bax: yuxarıda qeyd edilən «Ştrelets, Kessler və Krents Almaniyaya qarşı», §§ 72 və 79-86, və «K.-H.V. Almaniyaya qarşı», §§ 66 və 82-89). Hazırkı işin hallarında qeyd etmək kifayətdir ki, yuxarıda göstərilən prinsiplər Latviyada 1990 və 1991-ci müstəqillik haqqında bəyannamələrdən sonra baş vermiş rejim dəyişməsinə tətbiq edilə bilər (yuxarıda 27-29 və 210-cu bəndlərə bax).
242. 1944-cü ildə sonra Sovet hökumətinin dəstəyi barədə ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə hesab edir ki, bu dəlilin mübahisələndirilən əməllərdə 1944-cü ildə müharibə cinayətləri tərkibinin olmasına dair hüquqi məsələyə aidiyyəti yoxdur.
243. Nəticə etibarilə, mübahisələndirilən əməllər törədildiyi zaman qüvvədə olmuş və məhkəmələr tərəfindən tətbiq edilmiş beynəlxalq hüquq normalarına əsasən ərizəçi barəsində Latviya Respublikası tərəfindən həyata keçirilmiş cinayət təqibi (və sonradan məhkum etmə) qabaqcadan məlum olmayan sayıla bilməz.
244. Yuxarıdakı bütün mülahizələri nəzərə alaraq Məhkəmə nəticəyə gəlir ki, ərizəçinin törətdiyi əməllərdə törədildiyi zaman müharibənin qanunları və adətləri ilə kifayət qədər sadə və qabaqcadan məlum olan qaydada müəyyən edilmiş cinayət tərkibi olmuşdur.
D. Məhkəmənin gəldiyi nəticə
245. Yuxarıdakı bütün səbəblərdən Məhkəmə hesab edir ki, müharibə cinayətləri ilə əlaqədar ərizəçinin məhkum edilməsi nəticəsində Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsi pozulmamışdır.
246. Bununla əlaqədar olaraq, ərizəçinin məhkum edilməsi məsələsinə Konvensiyanın 7-ci maddəsinin 2-ci hissəsinə əsasən baxılması zəruri deyil.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. Palata tərəfindən qəbuledilməz elan edilmiş şikayətlərə baxılması barədə ərizəçinin vəsatətini yekdilliklə rədd edir;
2. On dörd səs lehinə və üç səs əleyhinə olmaqla Konvensiyanın 7-ci maddəsinin pozulmadığını qət edir;
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2010-cu il mayın 17-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Maykl Oboyl Jan-Pol Kosta
Məhkəmə katibinin müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir:
(a) hakimlər Rozakis, Tulkens, Şpilman və Yebensin birgə xüsusi rəyi;
(b) hakimlər Kalayciyeva və Poalelunginin qoşulduğu hakim Kostanın xüsusi rəyi.
J.-P.C.
M.O’B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (www.coe.int/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@echr.coe.int.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@echr.coe.int