BİRİNCİ BÖLMƏ
Natiq Mirzəyev Azərbaycana qarşı
(Ərizə 36122/06)
Strasburq
26 noyabr 2009-cu il
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
18 avqust 2006-cı ildə verilmiş yuxarıdakı şikayəti nəzərə alıb, müzakirə edərək, bu qərarı qəbul edir:
FAKTLAR
Ərizəçi cənab Natiq Mirzəyev 1971-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və hazırda Qobustan Həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir. Onu Məhkəmə qarşısında cənab E. Zeynalov təmsil etmişdir.
Ərizəçinin təqdim etdiyinə görə, işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
A. Ərizəçinin məhkum olunması və məhkumluğuna yenidən baxılması cəhdləri
Ərizəçi 1994-cü ildə törədilmiş iki adam öldürmə əməli daxil olmaqla, bir neçə cinayətlərdə iştirak etdiyinə görə hüquq mühafizə orqanları tərəfindən təqibə məruz qalmışdır.
10 fevral 1998-ci ildə Parlament “Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun qəbul etdi (bundan sonra — “10 fevral 1998-ci il tarixli Qanun”). 10 fevral 1998-ci il tarixli Qanun ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə ilə əvəz etməklə, bütün müvafiq daxili müddəaları dəyişib.
1998-ci ilin oktyabrında ərizəçi Rusiyada tutulmuş və 1999-cu ilin martında Azərbaycana ekstradisiya olunmuşdur.
24 yanvar 2000-ci ildə birinci instansiya məhkəməsi qismində Azərbaycanın Ali Məhkəməsi ərizəçini iki adam öldürmə, bir neçə oğurluq, odlu silahlara qanunsuz sahiblik və onların satışı və xuliqanlıqda iştiraka görə məhkum etmişdir. Cəzaların əhatə olunması yolu ilə ərizəçi ömürlük azadlıqdan məhrum etməyə və əmlakın müsadirəsinə məhkum olunmuşdur. Ən yuxarı məhkəmənin qərarı olmaqla, bu hökm yekun idi və həmin vaxtda ondan şikayət verilməsi mümkün deyildi.
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi (bundan sonra — “CPM”) və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci ildə yeni CPMqüvvəyə minənədək 14 iyul 2000-ci ildə Parlament köhnə cinayət-prosessual qaydalara əsasən çıxarılmış yekun hökmlərdən yeni CPM-ə müvafiq olaraq şikayət etməyə icazə verən keçid qanunu qəbul edib (bundan sonra — “Keçid Qanunu”).
2004-cü ildə ərizəçi Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə bir neçə şikayətlər etməklə, məhkum olunmasını mübahisələndirməyə cəhd etmişdir.
Cavab olaraq, ona məlumat verilib ki, şikayətləri apellyasiya üçün formal tələblərə cavab vermir.
18 oktyabr 2004-cü ildə ərizəçi Keçid Qanununa əsasən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatəti Apellyasiya Məhkəməsinə vermişdir. 14 yanvar 2005-ci ildə Apellyasiya Məhkəməsi vəsatəti təmin etməməklə hesab edib ki, ərizəçi Keçid Qanunun qüvvəyə minməsindən dörd ildən artıq müddət sonra apellyasiya şikayətinin verilməsi üçün əsaslara malik deyil. 28 aprel 2005-ci ildə Ali Məhkəmə bu qərarı ləğv edərək qeyd edib ki, ərizəçi Apellyasiya Məhkəməsinə deyil, birbaşa Ali Məhkəməyə şikayət verməlidir.
18 oktyabr 2005-ci ildə ərizəçi Keçid Qanununa əsasən kassasiya şikayəti ilə birgə müddətin bərpasına dair vəsatət vermişdir. 08 iyun 2006-cı ildə Ali Məhkəmə müddəti bərpa etməkdən imtina etmişdir. Məhkəmə hesab edib ki, kassasiya şikayətinin verilməsi üçün on səkkiz aylıq müddət Keçid Qanununun qüvvəyə minməsindən sonra baxmağa başlamış və ərizəçi göstərə bilməmişdir ki, o, gecikdirilmiş şikayət vermək üçün üzürlü səbəblərə malikdir.
B. Cəzanın iddia olunan qanunsuzluğuna aid icraat
17 fevral 2004-cü ildə ərizəçi Konstitusiya Məhkəməsinə şikayət edərək iddia etmişdir ki, onun işi üzrə ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi Konstitusiyaya ziddir və o, on beş il azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. 05 avqust 2005-ci il tarixli məktubla Konstitusiya Məhkəməsi ərizəçinin şikayətlərini qəbul etməkdən imtina edərək qeyd etmişdir ki, 28 iyul 2005-ci il tarixli əvvəlki qərardadına müvafiq olaraq fərdi işlərdə ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsi ilə bağlı məsələlər hər bir iş üzrə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən araşdırmanın predmeti olmalıdır.
19 avqust 2005-ci ildə ərizəçi Qaradağ rayon məhkəməsinə müraciət edərək şikayət etmişdir ki, yeni ömürlük azadlıqdan məhrum etmə cəzası onun zərərinə olaraq geriyə şamil olunmuşdur. O iddia edib ki, onun cəzası cinayətləri törətdiyi vaxt ləğv olunmuş ölüm cəzasına yeganə alternativ olan on beş il azadlıqdan məhrum etmə ilə əvəzlənməlidir.
03 aprel 2006-cı ildə Qaradağ rayon məhkəməsi 10 fevral 1998-ci il tarixli Qanuna əsasən ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsini təsdiq etmişdir. Ərizəçi iclasda şəxsən iştirak etməmiş və təmsil olunmamış, lakin dövlət ittihamçısı iştirak etmişdir.
Apellyasiya şikayəti üçün 20 günlük müddəti buraxaraq, 08 may 2006-cı ildə ərizəçi Qaradağ rayon məhkəməsi vasitəsilə apellyasiya şikayəti ilə birgə müddətin bərpasına dair vəsatət vermişdir. Bu vəsatət rədd olunmuş və şikayəti qəbul etməkdən imtina edilmişdir. Ərizəçi bu qərarı mübahisələndirmiş və 06 iyul 2006-cı ildə Apellyasiya Məhkəməsi şikayəti qəbul etməyi qərara almışdır. İşin materialları bu icraata aid hər hansı əlavə məlumatı əks etdirmir.
C. Həbsin şəraiti və həbs dövründə tibbi rəftar
1. Həbsin şəraiti
Məhkum olunduqdan sonra, 2000-ci ilin yanvarında ərizəçi ölüm cəzasını çəkən məhbuslar üçün müəyyən olunmuş Bayıl Həbsxanasının 5-ci bölməsinə köçürülmüşdür. 05 yanvar 2001-ci ildə o, Bakıdan kənarda yerləşən, hazırda saxlanıldığı Qobustan Həbsxanasına köçürülmüşdür.
Bayıl və Qobustan həbsxanalarında həbsin şəraitinə dair ərizəçinin dəlilləri Paşayev Azərbaycana qarşı ((qərardad), № 36084/06, 24 sentyabr 2009-cu il) işdə ümumiləşdirilmiş qənaətə oxşardır.
2. Ərizəçinin sağlamlıq vəziyyəti və tibbi rəftar
Bayıl Həbsxanasında ərizəçi əvvəlcə yoluxucu xəstə məhbusların saxlanıldığı dezinfeksiya olunmamış kameraya yerləşdirilmişdir.
2000-ci ilin fevralında o, vərəmdən əziyyət çəkən Ə. Hümbətovun olduğu başqa kameraya yerləşdirilmişdir. Bu kameraya keçirilməzdən bir müddət sonra o, xəstəliyin ilk simptomlarını hiss etməyə başlamışdır.
Bu dövrdə Bayıl Həbsxanasının 5-ci bölməsinin vərəmdən əziyyət çəkən məhbusları, bir qayda olaraq, hər hansı ixtisaslaşmış tibbi qurumlardan keçirilmədən öz kameralarında müalicə olunmuşlar. Vərəmdən əziyyət çəkmiş məhbuslar arasında ölüm səviyyəsi yüksək dərəcədə olmuşdur.
2001-ci ilin iyununda ərizəçi Qobustan Həbsxanasına keçirilməsindən sonra ağ ciyər vərəmi ilə diaqnoz edilmişdir. Bu vaxtadək o, artıq əhəmiyyətli dərəcədə çəkisini itirmiş və qanla öskürmüşdür. 09 iyun 2001-ci ildə vərəmdən əziyyət çəkən məhbuslar üçün 3 saylı ixtisaslaşmış tibbi müəssisəyə stasionar müalicə üçün keçirilmişdir. Görünür ki, müalicə Dünya Səhiyyə Təşkilatının DOTS (Birbaşa Müşahidə Olunan Müalicə, Qısa-kurs) proqramına əsaslanıb.
16 fevral 2002-ci ildə ərizəçi naməlum ambulator müalicəni qəbul etməyə davam etdiyi Qobustan Həbsxanasına qaytarılmışdır. 02-09 oktyabr 2004-cü il, 01-08 oktyabr 2005-ci il, 26 noyabr-03 dekabr 2005-ci il və 24 dekabr 2005-ci il-10 fevral 2006-cı il tarixlərində ərizəçi yoxlanılma və stasionar müalicə üçün müxtəlif tibbi qurumlara göndərilmişdir.
Ərizəçinin son yoxlanılması və stasionar müalicəsindən sonra Ədliyyə Nazirliyinin Tibbi Müəssisəsi tərəfindən 16 fevral 2006-cı ildə verilmiş hesabata əsasən, ərizəçidə, inter alia,möhkəmlənmə mərhələsində hər iki ağ ciyərin yuxarı hissəsinin fokal vərəmi və vərəmin qalıqları simptomları müəyyən olunmuşdur.
2006-cı ilin mart və avqust aylarında ərizəçi adekvat tibbi müalicə tələb edərək, aclıq aksiyasını elan etmişdir.
D. Adekvat tibbi müalicənin iddia olunan çatışmazlığına aid mülki iddia
10 oktyabr 2005-ci ildə Mülki Məcəllənin 1096 (mülki hüquq pozuntularının (delikt) anlayışı) və 1097-ci (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) maddələrinə istinadən, ərizəçi Bayıl Həbsxanasının müdiriyyətinə qarşı iddia qaldıraraq, sağlamlığına vurulmuş zərərə görə kompensasiya qismində 20.000 Yeni Azərbaycan manatı (AZN) tələb etmişdir. O iddia edib ki, həbsin pis şəraitini və vərəmdən əziyyət çəkən məhbuslarla bir kamerada saxlandığını nəzərə alaraq, həbsxana müdiriyyəti onun vərəmlə xəstələnməsinə birbaşa məsuliyyət daşıyır.
Tələbinin təsdiqi üçün o, Bayıl Həbsxanasında əvvəl saxlanılmış məhbusların yazılı izahatlarını təqdim etmişdir. O, həmçinin Bayıl Həbsxanasında həbsin şəraitinə dair müxtəlif beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının hesabatlarını təqdim etmişdir. O, geniş şəkildə Məhkəmənin presedent-hüququna əsaslanmışdır.
Ərizəçi birinci instansiya məhkəməsinin iclaslarında şəxsən iştirak etməmiş, lakin onun vəkili iclaslara qatılmışdır. Ərizəçiyə görə, onun iclasda iştirak etmək müraciəti məhkəmə tərəfindən rədd olunmuşdur.
24 yanvar 2006-cı ildə Səbail rayon məhkəməsi ərizəçinin tələbini rədd edərək müəyyən edib ki, ərizəçi başqa xəstə məhbuslarla qəsdən yerləşdirildiyini və bunun nəticəsində vərəmə yoluxulduğunu sübut edə bilməmişdir. Daha sonra məhkəmə hesab edib ki, belə olan halda Bayıl Həbsxanasının müdiriyyəti ərizəçiyə qarşı pis rəftarın hər hansı növü üçün məsuliyyətə cəlb edilə bilməz.
Ərizəçi apellyasiya şikayəti verərək, tələblərini təkrar etmişdir. O, həmçinin Qobustan Həbsxanasının işə cavabdeh kimi cəlb olunmasını tələb edib, lakin bu tələb rədd olunmuşdur. 14 iyul 2006-cı ildə ərizəçinin və vəkilinin iştirakı olmadan şikayətinin mahiyyətini araşdıraraq, Apellyasiya Məhkəməsi şikayəti rədd etməklə, ərizəçinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə qətnaməsinin surəti ərizəçiyə 22 yanvar 2007-ci ildə göndərilmiş, o, 07 fevral 2007-ci ildə bu surəti almışdır.
Eyni zamanda, ərizəçiyə görə, 2006-cı ilin oktyabrında o, soyundurularaq axtarışa məruz qalmış və müəyyən əmlakları həbsxana orqanları tərəfindən müsadirə edilmişdir. Ərizəçiyə görə, bu, Bayıl Həbsxanasının müdiriyyətinə qarşı şikayətlər etdiyi üçün qisas kimi tətbiq olunmuşdur. O, bu hərəkətdən Ədliyyə Nazirliyinin Cəzalara nəzarət müfəttişliyinə şikayət etmiş, lakin pis rəftarın hər hansı sübutu təqdim edilmədiyi üçün şikayəti əsassız kimi rədd olunmuşdur.
2007-ci ilin martında ərizəçi Apellyasiya Məhkəməsinin 14 iyul 2006-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, bir neçə prosessual pozuntulardan şikayət etmişdir.
08 may 2007-ci ildə ərizəçinin və vəkilinin iştirakı olmadan kassasiya şikayətinə baxaraq, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və işi yeni baxışa göndərmişdir. Ali Məhkəmə müəyyən edib ki, Apellyasiya Məhkəməsi nə ərizəçinin şikayətinə baxılmasında iştirakı məsələsini araşdırmış, nə də vəkilini şikayətə baxılmasının vaxtı və yeri barədə məlumatlandırmışdır.
11 iyun 2007-ci ildə ərizəçi Bakı Apellyasiya Məhkəməsindən iclasda şəxsən iştirakını təmin etməyi xahiş etmişdir. Görünür ki, onun tələbi rədd olunmuşdur.
26 sentyabr 2007-ci ildə ərizəçinin iştirakı olmadan, lakin vəkilinin iştirakı ilə şikayətinə baxaraq, Bakı Apellyasiya Məhkəməsi onun şikayətini rədd etmiş və Səbail rayon məhkəməsinin 24 yanvar 2006-cı il tarixli qətnaməsini qüvvədə saxlamışdır.
26 fevral 2008-ci ildə Ali Məhkəmə ərizəçinin verdiyi kassasiya şikayətini rədd etmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Kassasiya şikayətinə baxılarkən, ərizəçinin vəkili məhkəmə iclasında iştirak etmişdir.
ŞİKAYƏTLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi Bayıl və Qobustan həbsxanalarında həbsin şəraitindən və adekvat tibbi müalicənin çatışmazlığından şikayət edib. O, həmçinin 2006-cı ilin oktyabrında həbsxananın müdiriyyəti tərəfindən soyundurularaq axtarışa məruz qalmasından və əmlaklarının müsadirəsindən şikayət edib.
2. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, Bayıl Həbsxanasında həbsin şəraitinə aid mülki araşdırmalarda məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və məhkəmələr onun xeyrinə izahat verməyə hazır olan şahidləri dinləməmişlər.
3. Konvensiyanın 6-cı maddəsinə və 7 saylı Protokolun 2-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, məhkum olunmasına qarşı Keçid Qanununa əsasən verdiyi şikayətə aid prosesdə ona ədalətli məhkəmə araşdırılması təqdim edilməmiş və məhkəmə cinayət işlərində şikayət vermək hüququnu pozmuşdur.
4. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinin qanuniliyi barədə şikayətinə dair məhkəmə araşdırmalarında məhkəmə iclasları onun və vəkilinin iştirakı olmadan keçirilmişdir.
5. Bir daha Konvensiyanın 6-cı maddəsinə istinadən ərizəçi şikayət edib ki, yuxarıda göstərilən bütün araşdırmalarda daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış, araşdırmalar “ağlabatan müddət” tələbinə uyğun aparılmamış və bir qayda olaraq, ədalətsiz olmuşdur. O, həmçinin şikayət edib ki, Konstitusiya Məhkəməsi ona öz cavabını gecikdirmiş və fərdi konstitusiya şikayətinin mahiyyətini araşdırmamışdır.
6. Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun ziyanına olaraq geriyə tətbiq olunmuşdur, ona görə ki, o, ölüm cəzasını əvəzləyən yeni cəzanın qanunvericiliyə daxil edilməsindən əvvəl cinayətlər törətmişdir. Həmin vaxtda ölüm cəzasına yeganə alternativ olan cəza on beş il azadlıqdan məhrum etmə olduğu üçün, o, müəyyən müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
HÜQUQİ MƏSƏLƏLƏR
1. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi əvvəl saxlandığı Bayıl Həbsxanasında və hazırda olduğu Qobustan Həbsxanasında həbsin şəraitindən və adekvat tibbi müalicənin çatışmazlığından şikayət edib. 0, həmçinin şikayət edib ki, 2006-cı ilin oktyabrında həbsxananın müdiriyyəti tərəfindən soyundurularaq axtarışa məruz qalması və əmlaklarının müsadirəsi qeyri-insani və alçaldıcı rəftarı təşkil etmişdir.
2006-cı ilin oktyabrında soyundurularaq axtarışa məruz qalması və müəyyən əmlaklarından məhrum edilməsi ilə bağlı ərizəçinin iddialarına gəldikdə, Məhkəmə hesab edir ki, malik olduğu bütün materiallar baxımından və şikayət olunan məsələlərin onun yurisdiksiyası altına düşdüyü qədər, onlar Konvensiya və onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
Şikayətin qalan hissəsinə gəldikdə isə, Məhkəmə qeyd edir ki, bu şikayət qismən Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixədək, yəni 15 aprel 2002-ci ilədək baş vermiş hadisələrə aiddir. Müvafiq olaraq, ərizəçinin Bayıl Həbsxanasında saxlandığı bütün müddətdə, eləcə də Qobustan Həbsxanasında 15 aprel 2002-ci ilədək saxlandığı müddətdə həbsin şəraitinə aid şikayətin hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiyanın müddəaları ilə ratione temporis uyğun deyil və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd olunmalıdır.
15 aprel 2002-ci ildən sonra baş vermiş hadisələrə gəldikdə, Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 “b” bəndinə əsasən, şikayətin həmin hissəsi barədə cavabdeh Hökumətə məlumat verilməlidir.
2. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, Bayıl Həbsxanasında həbsin şəraitinə aid mülki araşdırmalarda məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və məhkəmələr şahidlərin izahatlarını araşdırmamışlar.
Məhkəmə hesab edir ki, o, işin materialları əsasında bu şikayətin məqbuliyyətini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 “b” bəndinə əsasən, şikayətin həmin hissəsi barədə cavabdeh Hökumətə məlumat verilməlidir.
3. Konvensiyanın 6-cı maddəsinə və 7 saylı Protokolun 2-ci maddəsinə əsasən ərizəçi məhkum olunmasına qarşı Keçid Qanununa əsasən verdiyi şikayətə aid prosesdə ona ədalətli məhkəmə araşdırılmasının təqdim edilməməsindən və cinayət işlərində şikayət vermək hüququnun pozulmasından şikayət edib (baxın, yuxarıda 3 saylı şikayət). Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinin qanuniliyi barədə şikayətinə dair məhkəmə araşdırmalarında məhkəmə iclasları onun və vəkilinin iştirakı olmadan keçirilmişdir (baxın, yuxarıda 4 saylı şikayət). Daha sonra, Konvensiyanın 6-cı maddəsinə istinadən ərizəçi şikayət edib ki, Konstitusiya şikayəti verməklə başlamaq istədiyi araşdırmalar daxil olmaqla, bütün məhkəmə araşdırmalarında ədalətli məhkəmə araşdırılmasının bir neçə təminatları pozulmuşdur (baxın, yuxarıda 5 saylı şikayət). Nəhayət, Konvensiyanın 7-ci maddəsinə əsasən ərizəçi şikayət edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası onun ziyanına olaraq geriyə tətbiq olunmuşdur (baxın, yuxarıda 6 saylı şikayət).
Malik olduğu bütün materiallar baxımından və şikayət olunan məsələlərin onun yurisdiksiyası altına düşdüyü qədər, Məhkəmə hesab edir ki, onlar Konvensiya və onun Protokolları ilə təsbit olunmuş hüquq və azadlıqların pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Qərara alır ki, Konvensiyanın 3-cü maddəsinə (həbsin şəraiti və 15 aprel 2002-ci ildən sonrakı müddətdə adekvat tibbi müalicənin iddia olunan çatışmazlığı) və Konvensiyanın 6-cı maddəsinə (həbsin şəraitinə aid mülki prosesdə ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququ) aid ərizəçinin şikayətlərinin araşdırılmasını təxirə salsın;
Şikayətin qalan hissəsini qeyri-məqbul elan edir.
Soren Nilsen Xristos Rozakis
Katib Sədr