1507-ci toplantı, 17-19 sentyabr 2024 (DH)
H46-3 Mahmudov və Ağazadə qrupu Azərbaycana qarşı (Ərizə №35877/04)
Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət
Qətnamə
Təmsilçilər,
1. Bu qrupa daxil olan məhkəmə qərarlarının əsasən, ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozuntuları, böhtana görə jurnalistlərə qarşı qeyri-mütənasib cinayət sanksiyalarının tətbiqi və ifadə azadlığının məhdudlaşdırılması üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiq edilməsi ilə ifadə azadlığı hüququnun pozulması, habelə, təqsirsizlik prezumpsiyası hüququnun dövlət qurumları, prokurorluq tərəfindən pozulması ilə əlaqədər olduğunu xatırladır;
Fərdi tədbirlərlə bağlı
2. Səlahiyyətliləri “Azadlıq” qəzeti və Zayidov (ərizə №20755/08), S.Əliyev (ərizə №34717/10) və “Xural” qəzeti və Zeynalov (№2) (№383/12) işləri üzrə görülmüş fərdi tədbirlər haqqında məlumat verməyə dəvət edir;
Ümumi tədbirlərlə bağlı
3. Cinayət mühakimə icraatları zamanı yerli məhkəmələrin təcrübədə böhtana görə sanksiya kimi həbs cəzalarından istifadə etməkdən böyük ölçüdə çəkinmələri barədə səlahiyyətlilərin təqdim etdikləri məlumatları maraqla qeyd edir və bununla belə, Ali Məhkəmənin qərarlarında ifadə edilmiş göstərişlərə və izahatlara rəğmən, bəzi hallarda hələ də cinayət cəzası kimi həbsə əl atılmasından narahatlıq duyduğunu ifadə edir;
4. Ali Məhkəmənin 2014-cü ildəki qanunvericilik təklifinə və Komitənin bu kontekstdə çoxsaylı çağırışlarına baxmayaraq, səlahiyyətlilərin xüsusilə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş uzunmüddətli həbs cəzaları ehtimalını aradan qaldıraraq, daxili qanunvericiliyin Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğunlaşdırmaqda davam edən uğursuzluğunu təəssüflə vurğulayır;
5. Səlahiyyətliləri cinayət cəzalarının özbaşına tətbiq edilməməsi, mətbuatın ictimai nəzarətçi kimi həyati rolunu sərbəstcə yerinə yetirə bilməsini təmin etmək və beləliklə, ifadə azadlığından istifadə üzərində çəkindirici effektin yaradılmasının önlənməsi üçün məhkəmə təcrübəsinin yaxşılaşdırlması səylərini ikiqat artırmağa çağırır və müvafiq qurumları Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqi ilə bağlı statistik məlumatlarla birlikdə müvafiq son daxili məhkəmə qərarları barədə Komitəni məlumatlandırmağa təşviq edir;
6. Səlahiyyətliləri bu məsələlərlə bağlı Avropa Şurasının mövcud texniki dəstək və təcrübəsindən istifadə etməyə təşviq edir;
7. Mülki defamasiya işləri ilə bağlı, bu qrup üzrə Məhkəmənin son qərarlarını nəzərə alaraq, səlahiyyətliləri, daxili məhkəmələrin öz qərarlarını Konvensiyanın 10-cu maddəsi ilə bağlı Avropa Məhkəməsi tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq müvafiq və yetərli qədər əsaslandırmalarını təmin etmək üçün tədbirlər görmək barədə düşünməyə, bu məhkəmə təcrübəsinin geniş yayılıb-yayılmadığını qiymətləndirmək üçün qərarlardan örnəkləri təqdim etməyə dəvət edir;
8. Bu qrup işinin araşdırılmasını ən geci 2025-ci ilin sentyabrında keçiriləcək toplantısında davam etdirməyə qərar verir, səlahiyyətliləri, həmin iclasa qədər həll edilməmiş bütün məsələlər barədə vaxtında məlumat təqdim etməyə çağırır və Katibliyə həmin vaxta qədər ümumi tədbirlərin həyata keçirilməsində, xüsusilə də defamasiyaya görə cəza təyin edilməsi ilə bağlı qanunvericilik dəyişiklikləri ilə bağlı nəzərəçarpacaq irəliləyiş qeydə alınmazsa, aralıq qətnamə layihəsi hazırlamağı tapşırır.