№35079/16 T.BAĞIROV AZƏRBAYCANA QARŞI – 7 noyabr 2022-ci il

 

7 noyabr 2022-ci il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizə nömrəsi 35079/16
Taleh Kamil oğlu BAĞIROV Azərbaycana qarşı

10 iyun 2016-cı il tarixdə daxil olub

21 oktyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı iş dini lider olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Bundan başqa ərizə, din azadlığı, ifadə azadlığı hüququnun pozuntusu və ərizəçinin hüquqlarının Konvensiyada nəzərdə tutulanlar məqsədlərdən kənar məhdudlaşdırılması iddiaları ilə bağlıdır.

Ərizəçi 2013-cü ildə qanunsuz olaraq narkotik vasitələri əldə etmək və saxlamaqda təqsirli bilinib və iki il müddətinə azadlıqdan məhrum edilib. 10 dekabr 2015-ci ildə Ali Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb.

Ərizəçi xüsusilə, Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndinin (b) və (d) bəndlərinə, Konvensiyanın 9, 10 və 18-ci maddələrinə əsaslanaraq, onun məhkumluğunun uydurma və başqa qanunsuz sübutlara əsaslanmasından, cinayət prosesi zamanı ona qarşı müxtəlif ədalətli məhkəmə təminatlarının pozulmasından və bu proseslərin onu məktəblərdə hicabın qadağan edilməsi də daxil olmaqla hökumətin müxtəlif siyasətləri haqda tənqidi fikirlərinə və dini lider kimi çıxışlarına görə cəzalandırmaq üçün açılmasından şikayət edib.

Ərizəçi həmçinin, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, məhkum edilməsindən əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən KİV-ə verdiyi bəyanatda cinayətkar kimi təsvir edilməsi ilə onun təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamının müəyyən edilməsi zamanı ədalətli məhkəmə dinləmələri imkanına sahib olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu? Ərizəçi ona qarşı sübutları mübahisələndirmək, müdafiəsini dəstəkləyən sübutları təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlara sahib olubmu?

2. Hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi açıq məhkəmə dinləmələri keçirilibmi?

3. Ərizəçinin prosesin məhkəməyəqədər mərhələsində hüquqi yardım almaq hüququna riayət olunubmu?

4. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) bəndinin tələb etdiyi kimi, öz seçdiyi hüquqi yardım vasitəsilə özünü müdafiə edə bildimi?

5. Məhkəmə araşdırması zamanı ərizəçiyə vəkili ilə konfidensial əlaqə saxlaması üçün adekvat imkanlar yaradılıbmı?

6. Ərizəçiyə Ali Məhkəmənin iclasının tarixi və vaxtı barədə lazımi qaydada məlumat verilibmi?

7. Hazırkı işdə ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusən də Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat üçün açıqlamasında hörmət göstərilibmi? Ərizəçi bu şikayətlə bağlı daxili müdafiə vasitələrinin tükəndirilməsi tələbinə və altı aylıq qaydaya əməl edibmi?

8. Konvensiyanın 9-cu maddəsi və 10-cu maddəsinin 1-ci bəndinin işığında ərizəçinin din və ifadə azadlığı hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 9-cu və 10-cu maddələrin 2-ci bəndləri baxımından zəruri idimi?

9. Dövlətin Konvensiyanın 9 və 10-cu maddələrinə uyğun olaraq ərizəçiyə qarşı tətbiq etdiyi məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün tətbiq edilmişdimi?

Tərəflərdən öz cavab və təqdimatlarını təsdiq edən sənədli sübutları, o cümlədən, daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını, ərizəçinin şikayətlərini və vəsadətlərini təqdim etmələri xahiş olunur.