© tərcümə – aihmaz.org
BİRİNCİ BÖLMƏ
SƏRDAR ƏLİYEV AZƏRBAYCANA QARŞI
(Ərizə no. 34717/10 və 8791/11)
QƏRAR
STRASBURQ
2 Fevral 2023
Bu qərar qətidir, ona redaktə xarakterli dəyişikliklər edilə bilər
Əliyev Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Krzysztof Wojtyczek, Sədr,
Lətif Hüseynov,
Ivana Jelić, hakimlər,
və Liv Tigerstedt, İclas katibi,
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Bakı və Strasburq şəhərlərində yaşayan vəkillər cənab R.Hacılı və E.Sadıqov tərəfindən təmsil olunan 1967-ci ildə doğulmuş, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşı cənab Sərdar Məhəmmədəli oğlu Əliyev tərəfindən (“ərizəçi”) 9 iyun və 2 avqust 2010-cu il tarixlərdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizələri (№34717/10 və 8791/11);
Ərizəçinin şikayətləri haqda Azərbaycan Hökumətinin (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərova məlumatın göndərilməsi haqqında qərarı;
Tərəflərin təqdimatlarını;
nəzərə alaraq,
10 yanvar 2023-cü il tarixdə qapalı müzakirə aparıb,
həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
İŞİN HALLARI
1. Ərizələr eyni ərizəçinin – “Sərdar Əlibəyli” təxəllüsü ilə yazan jurnalistin böhtan xarakterli yazılarına görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnən iki fərqli məhkəmə prosesi ilə bağlıdır. Hadisələrin baş verdiyi vaxt ərizəçi Azərbaycanda nəşr olunan “Nota” qəzetinin baş redaktoru idi.
I. ƏRİZƏ №34717/10
2. Ərizəçi 26 aprel 2009-cu il tarixdə “Nota” qəzetində QHT sədri olan T.N. ilə bağlı məqalə dərc etmişdi, buna qədər həmin qəzetdə qeyd edilən şəxs haqqında bir neçə başqa məqalə də yayılmışdı. Məqalə “Şərəfi tapdalanan, ləyaqəti alçaldılan T.N. haqqında üzrxahlıq yazısı” sərlövhəsi ilə dərc edilmişdi. Sözügedən məqalə ərizəçinin üzərində T.N.-ni əvvəlki məqalələrində təhqir etməsinə görə üzrxahlıq dərc etmək öhdəliyi qoyan məhkəmə qərarının elan edilməsindən sonra dərc edilmişdi. Sözügedən məqalənin mətnində faktiki üzrxahlıq etdiyi görünmürdü, əksinə, üzrxahlığın dərc edilməsinə dair məhkəmə qərarı tənqid edilir, T.N.-nin alçaldıldığı, şərəf və ləyaqətinin olmadığını dəfələrlə vurğulanır və üzr istəməklə bunun düzəldilə bilən olmadığı ifadə edilirdi.
3. Məqalənin yayılmasından sonra T.N., ərizəçiyə qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib. Nizami Rayon Məhkəməsi 22 iyul 2009-cu il tarixli hökmü ilə ərizəçini Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilib və onun üç ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib. Ərizəçi ifadə azadlığına əsassız və qeyri-mütənasib müdaxilə edildiyini iddia edərək apelyasiya və kassasiya şikayətləri verib, yekunda ərizəçi barəsində hökm Ali Məhkəmənin 9 dekabr 2009-cu il tarixli yekun qərarı ilə qüvvədə saxlanılıb.
II. ƏRİZƏ №8791/11
4. Ərizəçi 2009-cu ilin aprelində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabitlərinin guya korrupsiyaya qurşanması ilə bağlı üç hissədən ibarət silsilə məqalələr dərc edib. Birinci məqalədə digərləri ilə yanaşı Daxili Qoşunların adının açıqlanmasını istəməyən zabitinin qəzetə verdiyi məlumata görə, Daxili Qoşunların adları açıqlanan bir neçə yüksək rütbəli zabitinin dələduzluq etməsindən və korrupsiya əməlləri ilə məşğul olmasından bəhs edilir, qoşunlarda xidmət edənlərə alınmalı olan mallar üçün tenderlərin elan edilməsi, tenderin onların özlərinə bağlı şirkətlərə verilməsi, ardınca süni olaraq yüksək qiymətlərə ikincilərdən malların satin alınması və aradakı pul fərqinin mənimsənilməsi ifadə edilirdi. İkinci məqalədə digərləri ilə yanaşı adı açıqlanan yüksək rütbəli zabitin adı açıqlanmayan hərbi hissənin komandirindən rüşvət tələb etdiyi bildirilirdi. Üçüncü məqalədə isə adları bəlli olan bir neçə yüksək rütbəli zabitin əsgərləriə daha az miqdarda və keyfiyyətsiz ərzaqla təmin etməklə yerdə qalan vəsaitləri mənimsəməsindən bəhs edilirdi.
5. Məqalələrdə adları çəkilən bir qrup zabit məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, ərizəçinin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. Məhkəmə baxışı zamanı ərizəçi iddia edib ki, o, məqalələrdə dərc olunmuş Daxili Qoşunlarla bağlı məlumatların mənbəyi olan və kimliyini açıqlaya bilmədiyi bir mənbəyindən imzasız məktub alıb; o, həmin məktubun surətini məhkəməyə də təqdim edib (məhkəmənin işində məktubun surəti olmayıb).
6. Nizami Rayon Məhkəməsi 20 iyul 2009-cu il tarixli hökmü ilə ərizəçini Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilib, onun yeddi aylıq müddətə islah işlərinə cəlb olunmasına və aylıq gəlirinin 10 faizinin dövlətin xeyrinə tutulmasına hökm verib. Məhkəmə müəyyən edib ki, ərizəçi irəli sürdüyü ittihamlarla bağlı heç bir faktiki əsas təqdim etmədən xüsusi ittihamçıları dövlət vəsaitinin mənimsənilməsi kimi ağır cinayətlər törətməkdə ittiham edərək onlara böhtan atıb. Ərizəçinin adı açıqlanmayan mənbə ilə bağlı arqumentinə gəlincə, məhkəmə qeyd edib ki, ərizəçinin təqdim etdiyi məktubun imzası olmayan surətidir və bunu məlumatın mənbəyinin mövcudluğunu təsdiq edən sübut kimi qəbul edə bilməz.
7. Ərizəçi apelyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsionun şikayətinə baxaraq, aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Ancaq məhkəmə ərizəçinin əməlini Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə tövsif edərək, cəzasını barəsindəki əvvəlki 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə (yuxarıda 34717/10 saylı ərizəyə baxın) birləşdirib, beləliklə, ərizəçinin cəzası 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib. Ali Məhkəmə 3 fevral 2010-cu il tarixdə ərizəçiyə qarşı ittihamı və hökmü qüvvədə saxlayıb.
III. ŞİKAYƏTLƏR
8. Konvensiyanın 10-cu maddəsinə əsaslanan Ərizəçi hər iki məhkəmə işinə münasibətdə onun ifadə azadlığı hüququna əsassız və qeyri-mütənasib müdaxilənin baş verdiyini iddia edib.
MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ
I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ
9. Ərizələrin oxşar predmetini nəzərə alan Məhkəmə, onları vahid qərar çərçivəsində incələməyi məqsədəuyğun hesab edir.
II. KONVENSİYANIN 10-CU MADDƏSİNİN POZUNTUSU İDDİASI
10. Məhkəmə, bu şikayətin açıq-aşkar əsassız və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz olmadığını qeyd edir. Buna görə də ərizə, qəbuledilən elan edilməlidir.
11. Məhkəmə hesab edir ki, ərizəçinin müəllifi olduğu məqalələrin dərc edilməsinə ilə bağlı milli məhkəmələr tərəfindən məhkum edilməsi onun ifadə azadlığı hüququna “müdaxilələr” təşkil edib.
12. Belə müdaxilələr 10-cu maddənin 2-ci bəndinin tələblərinə cavab verməzsə, Konvensiya pozulmuş olar. Buna görə də müdaxilələrin “qanunda nəzərdə tutulmuş” olub-olmaması, həmin bənddə qeyd olunan qanuni məqsədlərdən birini və ya bir neçəsini güdüb-güdmədiyi, habelə, bu məqsədlərə nail olmaq üçün müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması müəyyən edilməlidir.
13. Məhkəmə, ərizəçinin məhkumluğunun mübahisəsiz olaraq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsaslandığını və bunların hər iki işdə “başqalarının, yəni, xüsusi ittihamçıların nüfuzlarını və ya hüquqlarının” müdafiəsi üçün tətbiq edildiyini vurğulayır. Beləliklə, müdaxilələr müvafiq olaraq “qanunda nəzərdə tutulmuşdu” və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən qanuni məqsəd güdürdü. Nəticə etibarilə, Məhkəmənin yerdə qalan vəzifəsi müdaxilələrin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etməkdir.
14. Müdaxilənin qarşıya qoyulan qanuni məqsədlə mütənasibliyi də daxil olmaqla, onun “zəruriliyi” ilə bağlı ümumi prinsiplər, Mahmudov və Ağazadə Azərbaycana qarşı (№ 35877/04, §§ 33 35 və 48-49, 18 dekabr 2008-ci il) və Balaskas Yunanıstana qarşı (№ 73087/17, §§ 36-39 və 61, 5 noyabr 2020-ci il) və işində ümumiləşdirilib.
15. Hazırkı ərizələrin konkret hallarını göz önünə alan Məhkəmə, daxili məhkəmələrin müdaxilələr üçün “təxirəsalınmaz sosial ehtiyac”ın mövcudluğunu göstərən uyğun və yetərli əsasları göstərib-göstərmədiyini, xüsusilə, qiymətləndirici mülahizələrlə faktiki ifadələr arasında fərq qoyub-qoymadıqlarını və məqalələrin maraqlarla bağlılığını qiymətləndirib- qiymətləndirmədiyini, ikinci prosesdə məhkəmələrin xüsusi ittihamçıların ictimai xadim olmasını lazımi qaydada nəzərə alıb-almamasını və məqalələrdəki ifadələrin adı açıqlanmayan mənbənin verdiyi məlumatlara əsaslanması barədə ərizəçinin arqumentinin rədd edilməsinə müvafiq əsaslar təqdim edib-etməməsini ətraflı araşdırmağın gərəkli olmadığı qənaətindədir. Yuxarıda göstərilənlərin hamısının edildiyini fərz etsək belə, hazırkı işlərdə ərizəçinin ifadə azadlığı hüququna tətbiq edilmiş müdaxilələr, aşağıdakı səbəblərə görə heç bir halda haqlı sayıla bilməz.
16. Məhkəmə, daxili qanunvericiliyə əsasən cərimə, ictimai işlər və ya islah işləri kimi daha yüngül cəzaların mövcudluğuna rəğmən, hər iki cinayət işi üzrə məhkum edilən ərizəçiyə qarşı tətbiq edilmiş cəzaların ağırlığını – birinci prosesdə üç aylıq həbs cəzasının verilməsini, sonradan ikinci prosesdə cəzaların birləşdirilməsi haqqında qərarla ərizəçiyə dörd aya qədər həbs cəzası verildiyini qeyd edir. Bu baxımdan Məhkəmə digər müdaxilə və təkzib vasitələrinin mövcud olmasını da göz önünə alaraq, ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsinin çox ciddi sanksiya olmasını bir daha vurğulayır (bax, Perincək İsveçrəyə qarşı işi, çıxarışlar). Bundan əlavə, qərarın verilməsi prinsipcə milli məhkəmələrin işi olsa da Məhkəmə, hazırkı işlərin hallarının ərizəçiyə bu cür ağır sanksiyaların tətbiq edilməsini haqlı çıxara bilmədiyi qənaətindədir (Mahmudov və Ağazadə Azərbaycana qarşı işi, §§ 50-51).
17. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, ərizəçiyə qarşı tətbiq edilmiş cinayət sanksiyalarının qarşıya qoyulan qanuni məqsədə qeyri-mütənasib olması qənaətindədir. Bu səbəbdən, hazırkı işlərdə yerli məhkəmələr, ərizəçinin ifadə azadlığına “zəruri” sayıla biləcək məhdudiyyətlərdən kənara çıxıblar (Mahmudov və Ağazadə Azərbaycana qarşı işi §§ 52-54).
18. Beləliklə, müvafiq olaraq, hər iki ölkədaxili məhkəmə icraatına münasibətdə Konvensiyanın 10-cu maddəsi pozuntusu baş verib.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏBİQİ
19. Ərizəçi ona qarşı aşılmış iki cinayət işinin hər biri nəticəsində dəymiş mənəvi ziyana görə müvafiq olaraq 27.000 avro (EUR) və 29.000 avro məbləğində ədalətli əvəz tələb edib. O, həmçinin hər bir ərizə ilə bağlı daxili məhkəmələr və Məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün 11 min avro tələb edib.
20. Hökumət pozuntuların tanınmasının dəyən hər hansı mənəvi zərər üçün kifayət qədər ədalətli kompensasiya təşkil edəcəyini bildirərək, xərc və məsrəflərlə bağlı iddiaların həddindən artıq olduğunu, etibarlı sənədlərlə təsdiqlənmədiyini ifadə edib.
21. Məhkəmə hər iki ərizəyə münasibətdə və həm də işin hallarını nəzərə alaraq, hər hansı vergi məbləği də üstünə gəlməklə mənəvi ziyana görə ərizəçiyə 2500 avro məbləğində ədalətli əvəzin təyin edilməsini ağlabatan hesab edir.
22. Əlində olan sənədləri nəzərə alan Məhkəmə bütün xərc və məsrəflərə görə, ərizəçidən tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə 1500 avro dəyərində məbləğin təyin olunmasını məqsədəuyğun hesab edir, qalan iddiaları rədd edir.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, ərizələr birləşdirilir;
2. Bəyan edir ki, ərizələr qəbulediləndir;
3. Qərar verir ki, ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnən hər iki işdə Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib;
4. Qərar verir ki
(a) cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıda göstərilən məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə müştərək qaydada ödəməlidir:
(i) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə, mənəvi ziyana görə 2,500 avro (iki min beş yüz avro);
(ii) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə hüquqi xərc və məsrəflərə görə 1500 (min beş yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçilərin ədalətli əvəz tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 2 fevral 2023-cü il tarixdə yazılı olaraq açıqlanıb.
Liv Tigerstedt Krzysztof Wojtyczek
Katib Sədr