№34640/02 LEYLİ RƏHMANOVA AZƏRBAYCANA QARŞI – 10 İYUL 2008-Cİ İL

 

BİRİNCİ BÖLMƏ

Rəhmanova Azərbaycana qarşı
(Ərizə №34640/02)

Qərar

 

Strasburq
10 iyul 2008-ci il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Rəhmanova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
19 iyun 2008-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Leyli Paşa qızı Rəhmanovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 34640/02) iş 05 sentyabr 2002-ci ildə başlanılmışdır.

2. Ərizəçi Bakıda işləyən vəkil cənab N. Abdullayev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökuməti («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

3. Ərizəçi iddia etdi ki, əlavə kassasiya qaydasında onun xeyrinə qəti məhkəmə qərarının ləğvi onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təmin olunmuş hüquqlarını pozub.

4. Məhkəmə 01 sentyabr 2005-ci il tarixli qərardadı ilə şikayəti məqbul elan edib.

5. Ərizəçi və Hökumət mahiyyəti üzrə qeydlərini təqdim etmişlər (59-cu qaydanın 1-ci bəndi).

Faktlar

I. İşin halları

A. Mübahisə doğuran faktlar

6. Ərizəçi 1938-ci ildə anadan olub və Bakıda yaşayır.

7. Bakıda üç otaqlı mənzil ona məxsus olub. 1991-ci ildə ailə həyatı qurduqdan sonra ərizəçinin oğlu və onun arvadı (bundan sonra — «G.R.») birgə yaşamaq üçün onun mənzilinə köçürlər. Müəyyən vaxtdan sonra ərizəçinin G.R. ilə münasibətləri pozulmağa başlayır. Bu səbəbdən də ailə mənzili bölmək qərarına gəlir, iki otağı ərizəçi, qalan bir otağı isə onun oğlu və G.R. götürür.

8. 1995-ci ildə onlar evi satmaq, pulu bölüb ayrı-ayrı yaşamaq qərarına gəlirlər. Evi satdıqdan sonra ərizəçi özünə düşən pulu yeni, əvvəlkinə nisbətən daha kiçik bir mənzil almaq üçün sərf edir və orada tək yaşamağa başlayır. Onun oğlu və G.R. isə öz paylarına düşən pulu borclarına xərcləyir və müvəqqəti olaraq müxtəlif yerlərdə yaşayırlar.

9. Ərizəçiyə görə, 1996-cı ildə ərizəçinin oğlu müvəqqəti olaraq onu və ailəsini öz yeni mənzilinə birgə yaşamaq üçün qeydiyyata almasını xahiş edir. Özünün izah etdiyinə görə, heç bir yerdə qeydiyyatda olmadığı üçün o, iş tapa bilmirdi. Ərizəçi oğlunun və G.R.-in öz evində müvəqqəti olaraq, yəni bir il müddətinə birgə yaşamaq üçün qeydiyyata düşmələrinə icazə verir. Lakin ərizəçiyə görə qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq ərizəçinin oğlu və G.R. bu evə köçməmiş və orada yaşamamışlar. Sonralar ərizəçi onların müvafiq qeydiyyat sənədlərindən çıxarılması üçün uğurlu müraciət etdi.

10. 2001-ci ildə ərizəçinin oğlu və G.R. boşanırlar. Onların iki övladı isə G.R.-in himayəsi altında qalıb.

B. İlkin araşdırmalar

11. 2000-ci ildə G.R. öz uşaqları ilə birlikdə ərizəçinin evində yaşamaq hüququnu tələb edərək, onların ərizəçinin evində yenidən qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etməklə, məhkəmədə iddia qaldırır. 2000-ci il iyul ayının 24-də Nərimanov rayon məhkəməsi G.R.-in iddiasını təmin edir, onun və uşaqlarının mənzildə yaşayış hüququnu tanıyır.

12. Ərizəçinin şikayətinə əsasən, 29 avqust 2000-ci ildə Bakı şəhər Məhkəməsi (həmin dövrdə köhnə mülki-prosessual qanunvericiliyə müvafiq olaraq kassasiya məhkəməsi) rayon məhkəməsinin qətnaməsini ləğv edərək, belə nəticəyə gəlir ki, rayon məhkəməsi işin bütün müvafiq faktiki hallarını nəzərə almamışdır. İş birinci instansiyaya yenidən baxılması üçün geri qaytarılır.

13. Yeni məhkəmə prosesi keçirildikdən sonra 8 dekabr 2000-ci ildə Nərimanov rayon məhkəməsi ərizəçinin xeyrinə qətnamə qəbul edir və G.R.-in tələblərini rədd edir. Məhkəmə hesab edir ki, G.R. sözügedən ev üzrə öz tələblərini müdafiə etmək üçün kifayət qədər sübutlar irəli sürə bilməmişdir.

14. 27 mart 2001-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin iştirakı olmadan, rayon məhkəməsinin ikinci qətnaməsinin icrasını təxirə salaraq, G.R.-in xeyrinə qərar verir. Ərizəçinın dəlillərinə zidd olaraq müəyyən edilir ki, G.R. mübahisəli mənzildə daimi qeydiyyatda olmuşdur və bununla əlaqədar onun yaşayış hüququ vardır.

15. Ərizəçinin kassasiya şikayətinə əsasən, 4 iyul 2001-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edir. Qərara alınır ki, Apellyasiya Məhkəməsi ərizəçinin iştirakı olmadan məhkəmə prosesini həyata keçirməklə prosessual qaydaları pozmuşdur. Məhkəmə, həmçinin qərara alır ki, Apellyasiya Məhkəməsi müəyyən həlledici faktları, eyni zamanda G.R.-in heç vaxt mübahisəli mənzildə yaşamaması faktını nəzərə almamışdır. İş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılır.

16. 11 oktyabr 2001-ci ildə Apellyasiya Məhkəməsi qərara alır ki, G.R.-in mübahisəli mənzildə qeydiyyatı müvəqqəti olmuş, o heç vaxt orada yaşamamış və ərizəçi ilə heç vaxt birgə təsərrüfat aparmamışdır. Beləliklə, Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq, məhkəmə qərara alır ki, G.R. heç vaxt mənzildə yaşamaq hüququna malik olmamışdır. Müvafiq olaraq, G.R.-in şikayəti əsassız sayılır və rayon məhkəməsinin 8 dekabr 2000-ci il tarixli qətnaməsi ərizəçinin xeyrinə ləğv edilir.

17. 11 yanvar 2002-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayır. Ali Məhkəmənin qərarı yekun xarakterlidir və yerinə yetirilməsi məcburidir.

C. Araşdırmaların yenidən açılması

18. G.R. yerli məhkəmələrin qəbul etdiyi qərarlarla razılaşmayaraq, Ali Məhkəmənin Plenumu (bundan sonra — «Plenum») tərəfindən Ali Məhkəmənin yekun qərarına yenidən baxılması barədə əlavə kassasiya şikayəti verir. 14 may 2002-ci il tarixli məktuba əsasən, Ali Məhkəmənin Sədri Plenumda işə yenidən baxılması üçün heç bir əsasın olmadığını və Ali Məhkəmənin qərarının düzgünlüyünü təsdiq edərək, G.R.-in müraciətinə baxılmasından imtina edir.

19. Buna baxmayaraq, 14 may 2002-ci il tarixli məktuba zidd olaraq və ərizəçiyə məlum olmayan hallar əsasında 19 iyul 2002-ci il tarixdə iş Plenuma göndərilir və işə yenidən baxılır. Həmin vaxt Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarının qəbul edilməsindən artıq altı aydan artıq müddət keçmişdi.

20. Plenum qərara alır ki, ərizəçinin xeyrinə olan məhkəmə qərarları üzrə əsas dəlil ondan ibarətdir ki, G.R. və onun uşaqları heç vaxt bu mənzildə yaşamamışlar. Bu mənada, milli qanunlara görə, işin ərizəçinin xeyrinə həll edilməsi üçün bu fakt kifayət deyil. Plenum, həmçinin qərara alır ki, əvvəlki məhkəmələr milli qanunvericiliyi düzgün tətbiq etməmiş və müvafiq qanun müddəalarının tətbiqi üçün zəruri olan faktiki halları düzgün müəyyən etməmişdir. Bu da onu göstərir ki, Mənzil Məcəlləsinin 60, 87-ci maddələri ilə yanaşı, Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərhinə dair Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı tətbiq edilməli idi. Bu müddəalara müvafiq olaraq, Plenum qərara alır ki, işin faktiki halları G.R.-in mənzildə yaşamaq hüququnu itirməsinə əsas vermir.

21. Nəticə etibarilə, Plenum Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarına dəyişiklik edir və qərara alır ki, G.R.-in və onun uşaqlarının ərizəçinin mənzilinə köçməsinə icazə verilməlidir.
D. İşdə son hadisələr

22. 08 yanvar 2005-ci ildə ərizəçi öz mənzilini G.R.-ə satdı. Alqı-satqı müqaviləsi dövlət notariusu tərəfindən təsdiq edilib. Müqaviləyə görə, mənzilin qiyməti 140.000.000 Azərbaycan manatıdır. 24 fevral 2005-ci ildə G.R. yeganə mülkiyyətçi kimi mənzil üzrə mülkiyyət hüququ haqqında şəhadətnamə alıb.

23. Görünür ki, alqı-satqıdan sonra ərizəçi mənzildən köçüb və başqa yerdə yaşamağa başlayıb.

24. 2006-cı ilin oktyabrında ərizəçi 08 yanvar 2005-ci il tarixli alqı-satqı müqaviləsinin qanuniliyini daxili məhkəmələrdə mübahisələndirib. Birincisi, o iddia edib ki, mənzilin satılması barədə müqavilənin imzalanmasından xəbərsiz olub, ona görə ki, G.R. müqavilənin mahiyyəti haqqında ona yalan danışıb. İkincisi, ərizəçi iddia edib ki, müqavilə yeni Latın əlifbası ilə tərtib olunub, o isə onu oxuya bilmir.

25. Bir neçə şikayətlərdən sonra, 20 noyabr 2007-ci ildə Ali Məhkəmə ərizəçinin iddiasını rədd edən aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı. Bu məhkəmə hesab etdi ki, müqavilənin qanuni olduğunu və onun həmin mənzildən könüllü köçməsini təsdiq edən kifayət qədər sübutlar mövcud olduğuna görə iddia əsassızdır. O müəyyən edib ki, müqavilə dövlət notariusunun iştirakı ilə düzgün bağlanılıb. Məhkəmə daha sonra qeyd edib ki, mənzilin satılmasından bir az keçdikdə, ərizəçi öz adının qeydiyyat sənədlərindən çıxarılması üçün müraciət etdi və 04 aprel 2005-ci ildə o öz müraciətinə əsasən başqa mənzildə qeydiyyata düşüb. Bundan başqa, həmin məhkəmə alqı-satqıdan sonra G.R. və onun uşaqlarının mübahisəli mənzilə qeydiyyata düşməsini və mənzilə görə bütün kommunal xərclərin G.R. tərəfindən ödənildiyini göstərən sənədli sübutların mövcudluğunu qeyd edib.

II. Müvafiq daxili qanunvericilik

A. Qanunlar

26. «Məhkəmələr və hakimlər haqqında» 1997-ci il tarixli Qanun aşağıdakıları nəzərdə tutur:
Maddə 77. Ali Məhkəmə
«Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki… cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi …»

Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri

«Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin sədrindən, onun müavinlərindən, hakimlərindən, İqtisad Məhkəməsinin sədrindən, Apellyasiya Məhkəməsinin sədrindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrindən ibarət tərkibdə …
Ali Məhkəmənin Plenumu qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə… baxır…»

Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri
«Ali Məhkəmənin sədri… qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir…»

27. Azərbaycan Respublikasının 2000-ci il tarixli Mülki-Prosessual Məcəlləsi aşağıdakıları nəzərdə tutur:
Maddə 419. Kassasiya instansiyası məhkəməsinin qərarı
«419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir».
Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması
«Azərbaycan Respublikası Ali Məhkəməsinin… qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər».
Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ
«Azərbaycan Respublikası Ali Məhkəməsinin… qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. …Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.» [Bəzi xüsusi hallarda təqdimat Baş prokuror tərəfindən verilə bilər].
Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları
«424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.»
424.2-ci maddədə Ali Məhkəmənin Plenumu tərəfindən Ali Məhkəmənin kassasiya qərarlarına yenidən baxılması üçün əsaslar sadalanır. Bu əsaslara aşağıdakılar daxildir: Ali Məhkəmənin qərarı məhkəmə aktlarının məzmununa dair formal tələblərin pozulması ilə qəbul edilib, yaxud Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilmiş hüquq normasına əsaslanıb, yaxud Ali Məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələri pozulub.»
Maddə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
«426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər…»
Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri
«429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüququ vardır: …
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;…»

B. Konstitusiya Məhkəməsinin mövqeyi

28. «A.H. Zalovun şikayəti üzrə Ali Məhkəmə Plenumunun 1 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikası qanunlarına və Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair» 21 may 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi əlavə kassasiya qaydasında Ali Məhkəmənin yekun qərarlarına dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun səlahiyyətlərinə dair öz mövqeyini bildirmişdir.

29. Konstitusiya Məhkəməsi təsdiq etdi ki, Mülki-Prosessual Məcəllənin 429.0.2-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarında dəyişikliklər etmək hüququna malikdir. Belə ki, bu səpkidə olan dəyişikliklər yalnız işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarında yalnız o zaman dəyişiklik edə bilər ki, işin halları aşağı məhkəmə instansiyaları tərəfindən hərtərəfli müəyyən edilsin və onların yenidən araşdırılmasına, iş üzrə əlavə sübutların toplanılmasına və ya təkrarən yoxlanılmasına lüzum qalmasın. Kassasiya instansiyası məhkəməsi işə faktlar üzrə baxmadığı üçün Ali Məhkəmənin Plenumu da faktlara əsasən kassasiya məhkəməsinin qərarına dəyişikliklər edə bilməz.

30. Konstitusiya Məhkəməsi, həmçinin qeyd etdi ki, birinci instansiya və apellyasiya məhkəmələrindən fərqli olaraq, kassasiya və əlavə kassasiya məhkəmələri işə mahiyyəti üzrə baxmaq səlahiyyətində deyil. Əlavə kassasiya icraatı zamanı Ali Məhkəmənin Plenumu əvvəlki icraat zamanı işin hallarının hərtərəfli araşdırılmadığını, əlavə sübutların toplanması və qiymətləndirilməsi zərurətinin olduğunu müəyyən etdikdə, həm Ali Məhkəmənin qərarını, həm də onunla bağlı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etməli və işi yenidən baxmaq üçün Apellasiya Məhkəməsinə göndərməlidir. Başqa sözlə, Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin qərarında hüquqi səhvlər müəyyən etdikdə, işin mahiyyəti ilə bağlı hallara baxmaq, bununla da, aşağı instansiya məhkəməsinin qərarını öz qərarı ilə əvəz etmək səlahiyyətində deyil, lakin işi müvafiq məhkəmə instansiyasına göndərmək Plenumun üzərinə düşən öhdəlikdir.

C. Daxili təcrübə

31. Ali Məhkəmənin Plenumunda əlavə kassasiya araşdırmaları Ali Məhkəmə sədrinin mülahizəsi ilə başlanıla bilər və bu araşdırmalar da tərəfin vəsatətindən (əlavə kassasiya şikayəti) sonra baş verir. Plenum özü araşdırmaların yenidən açılmasına və əlavə kassasiya şikayətlərinin məqbuliyyətinə dair qərar qəbul etmir.

32. Əlavə kassasiya şikayəti ilk əvvəl Ali Məhkəmə sədrinə təqdim olunur. Sədr öz mülahizəsi ilə və hər hansı formal məhkəmə iclası keçirmədən işin yenidən açılmasına və şikayətin Plenuma göndərilməsinə formal əsasların olub-olmamasını həll edir. Əgər sədr qərara gəlirsə ki, araşdırmalar yenidən açılmalıdır, o, işlə birgə əlavə kassasiya şikayətini mahiyyəti üzrə baxılması üçün Plenumun növbəti iclasına çıxarır. Eyni zamanda, zərurət olduqda, sədr Plenum işə baxana kimi yekun qərarın icrasını dayandıran qərar qəbul edə bilər.

33. Əgər sədr hesab edirsə ki, əlavə kassasiya baxışı üçün əsaslar yoxdur, o, araşdırmaların yenidən açılmasından və şikayətin Plenuma göndərilməsindən imtinanın səbəblərini qısa izah edərək ərizəçiyə imtina məktubu göndərir.

Hüquqi məsələlər

I. Hökumətin ilkin etirazları

A. Tərəflərin dəlilləri

34. 31 may 2006-cı ildə Hökumət ilk dəfə olaraq ərizəçi tərəfindən 08 yanvar 2005-ci ildə mənzilin satılması və artıq onun mülkiyyətçisi olmaması barədə Məhkəməyə məlumat verdi (bax, yuxarıda 22-23-cü bəndlər). Alqı-satqının Məhkəmənin hazırkı iş üzrə məqbuliyyətə dair qərardadının qəbul olunmasından əvvəl baş verməsinə baxmayaraq, ərizəçi bu barədə Məhkəməyə məlumat verməyib və Məhkəmə bu faktı bilmədən ərizəçinin şikayətinin məqbuliyyətini araşdırıb. Hökumət də Məhkəmənin məqbuliyyətə dair qərardadından əvvəl bu faktdan xəbərsiz olduğunu iddia etdi.

35. Məhkəmə Reqlamentinin 47-ci qaydasına istinadən, Hökumət iddia edib ki, ərizəçi tərəfindən işin bütün hallarının bildirilməməsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən şikayət vermək hüququndan sui-istifadəni təşkil edib. Alternativ olaraq, Hökumət iddia edib ki, Konvensiyanın 34-cü maddəsinin mənasına görə ərizəçi artıq iddia olunan pozuntuların (o cümlədən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin) qurbanı deyildir, ona görə ki, mənzilin fərdi qaydada satılması Dövlət tərəfindən həmin mənzilə ərizəçinin mülkiyyət hüququnun «bərpasının» artıq mümkün olmadığı vəziyyətə gətirib çıxarıb.

36. Məhkəmə tərəfindən Hökumətin etirazlarına izahat verilməsinə çağırılan ərizəçi cavab verib ki, o, 08 yanvar 2005-ci ildə G.R. ilə faktiki olaraq alqı-satqı müqaviləsini bağlamasından xəbərsiz olub. Buna görə, o, bu fakt barədə Məhkəməyə məlumat verə bilməzdi, ona görə ki, o özü bundan xəbərsiz olub. O bildirib ki, G.R. onu aldadıb və o, mahiyyətindən xəbərsiz olaraq müqaviləni imzalamağa məcbur olub. İddia olunana görə, o inandırılıb ki, başqa məsələyə aid müqavilə imzalayır. O, həmçinin iddia edib ki, imzaladığı müqavilənin mətnini başa düşməyib, ona görə ki, yeni Latın əlifbasında oxuya bilməyib.

B. Məhkəmənin qiymətləndirməsi

37. Məhkəmə xatırladır ki, Məhkəmə Reqlamentinin 55-ci qaydasına əsasən qeyri-məqbuliyyət barədə hər hansı müraciət xarakteri və hallar yol verdiyi qədər cavabdeh Dövlət tərəfindən şikayətin məqbuliyyətinə dair izahatlarında edilməlidir. Məqbuliyyət araşdırmalarında öz etirazını qaldırmağa Hökumətə mane olan xüsusi səbəblər olmadıqda, onlar sonrakı mərhələdə bunu edə bilməzlər (bax, Akimova Azərbaycana qarşı, № 19853/03, § 32, 27 sentyabr 2007-ci il). Lakin hazırkı işdə Məhkəmə məqbuliyyətə dair Məhkəmənin qərardadından əvvəl mənzilin satılmasından xəbərsiz olduğu barədə Hökumətin dəlilini qəbul edir. Bunun fərdi şəxslər arasında əməliyyatın olduğunu və onun qanuniliyinin mübahisələndirilməsinə dair ərizəçinin məhkəmə iddiasının Məhkəmənin məqbuliyyətə dair qərardadından sonra baş verdiyini nəzərə alaraq, Hökumətin bu barədə xəbərdar olmamasına dair nəticəyə gəlmək əsaslı olar. Müvafiq olaraq, belə qənaətə gəlinə bilməz ki, Hökumət araşdırmaların bu mərhələsində öz etirazlarını qaldıra bilməz. Buna görə, Məhkəmə onları araşdıracaq.

38. Şikayət vermək hüququndan sui-istifadəyə dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə xatırladır ki, Məhkəmə Reqlamentinin 47-ci qaydasının 6-cı bəndinə əsasən ərizəçilər şikayətin aid olduğu bütün hallar barədə Məhkəməni məlumatlı saxlamalıdırlar. Şikayət bilə-bilə qeyri-düzgün faktlara əsaslandıqda, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən yanlışlığa sürükləyən kimi rədd oluna bilər (bax, Varbnov Bolqarıstana qarşı, № 31365/96, § 36, İHAM 2000-X; Rehak Çexiya Respublikasına qarşı (qərardad), № 67208/01, 18 may 2004-cü il və Kereçaşvili Gürcüstana qarşı (qərardad), № 5667/02, 02 may 2006-cı il). Natamam və buna görə yanlışlığa sürükləyən məlumat da şikayət vermək hüququndan sui-istifadəni təşkil edə bilər, xüsusilə əgər məlumat işin əsasına aiddirsə və bu məlumatın aşkarlanmamasına görə hər hansı kifayətedici izahat verilməyibsə (bax, Huttner Almaniyaya qarşı (qərardad), № 23130/04, 19 iyun 2006-cı il).

39. Hazırkı işdə həqiqətən görünür ki, ərizəçi mənzilin satılmasına dair məlumatı aşkarlamayıb və sonradan onu təqdim etməyib. Məhkəmə qeyd edir ki, bu məlumatın aşkarlanmamasına dair Hökumətin etirazına izahat verməsini ərizəçidən xahiş etdikdən sonra o, müqavilənin qanuniliyini daxili məhkəmələrdə mübahisələndirməyə çalışıb. Bu araşdırmaların nəticəsinə gəldikdə isə, müəyyən olunub ki, müqavilə qanuni olub və müvafiq olaraq, ərizəçi müqavilənin bağlanması zamanı onun mahiyyəti barədə tam xəbərdar olub (bax, yuxarıda 24-25-ci bəndlər). Bu araşdırmaların hər hansı yolla ədalətsiz və ya qanunsuz olmasına dair heç bir dəlil olmadığına görə, Məhkəmə həmin araşdırmalarda daxili məhkəmələrin faktiki qənaətlərini qəbul edir.

40. Bundan başqa, Məhkəməyə əlçatan olan materiallardan göründüyü kimi, mənzilə hüququnun satılmasından bir müddət keçdikdə, ərizəçi müvafiq orqanlara zəruri müraciətlər etməklə mübahisəli mənzildən qeydiyyatını başqa yerə dəyişib. Buna görə, işin halları ərizəçi tərəfindən öz qeydiyyat sənədlərinin dəyişdirilməsi üçün könüllü olaraq müraciət etdiyini və satılmış mənzildən köçdüyünü göstərdiyinə görə, Məhkəmə hesab edir ki, mənzili satmaq niyyətinin olmadığına və faktiki olaraq alqı-satqı müqaviləsinin olduğunu bilmədən müqaviləni bağladığına dair ərizəçinin dəlilinə inanmaq çətindir. Həmçinin, Azərbaycan dilini Latın əlifbasında oxumaq və ya yazmaq məharətinə malik olmamasına dair ərizəçinin dəlilini də qəbul etmək çətindir, nəzərə alaraq ki, onun Məhkəməyə ilkin şikayəti hələ vəkillə təmsil olunmadığı mərhələdə özü tərəfindən Latın əlifbasından istifadə edilməklə tərtib olunub.

41. Buna baxmayaraq, Məhkəmənin qənaətinə görə, mənzilə hüququnun sonradan satılmasına aid məlumatın ərizəçi tərəfindən təqdim olunmaması şikayət etmək hüququndan sui-istifadəni təşkil edə bilməz. Təqdim olunmamış məlumat «işin əsasını» təşkil etməyib və ərizəçinin şikayətlərinin heç birinə birbaşa aid deyildir. Yalnız ərizəçinin sonradan fərdi müqaviləyə əsasən öz mənzilini satması faktı, Məhkəmənin həm məqbuliyyətə dair qərardadında, həm də hazırkı qərarında Plenumun 19 iyul 2002-ci il tarixli qərarına aid ərizəçinin hüquqlarının iddia olunan pozuntusu haqqında qənaətini dəyişdirə bilməz.

42. Eyni ilə, Məhkəmə ərizəçinin artıq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin iddia olunan pozuntusunun qurbanı kimi qiymətləndirilməli olmadığına dair etirazla razılaşa bilməz. Ərizəçinin şikayəti Plenumun 19 iyul 2002-ci il tarixli qərarı ilə mülkiyyət hüquqlarını məhdudlaşdırmaya aiddir. İddia olunan müdaxilədən sonra ərizəçinin hələ də mənzilin mülkiyyətçisi olmasının mübahisəsiz olduğuna baxmayaraq, Plenumun qərarından sonra onun bu mənzilə hüquqları iddia olunana görə məhdudlaşdırılıb. Onun tərəfindən sonradan mənzilə hüququnun satılması faktı alqı-satqıdan əvvəlki müddət ərzində onu qurban statusundan məhrum etmir.

43. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə Hökumətin ilkin etirazlarını rədd edir.

II. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 13-cü maddəsinin iddia olunan pozuntusu

44. Ərizəçi şikayət edib ki, araşdırmaların yenidən açılması və Ali Məhkəmənin Plenumunun 19 iyul 2002-ci il tarixli qərarı onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə əsasən hüquqlarını pozub. Xüsusən, o iddia edib ki, araşdırmaların yenidən açılması və 11 yanvar 2002-ci il tarixli yekun qərarın ləğvi onun xeyrinə bitmiş bütün məhkəmə araşdırılmasını heçə endirib. O, həmçinin şikayət edib ki, işin Plenuma çıxarılması barədə məlumatsız olub və iclasa dəvət edilməyib. Nəhayət, o şikayət edib ki, Plenum faktlar üzrə işə baxmaqla və mahiyyəti üzrə yeni qərar çıxarmaqla səlahiyyətini aşıb.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs, … onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin … araşdırılması hüququna malikdir.»
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.»

A. Tərəflərin dəlilləri

45. Hökumət iddia edib ki, araşdırmaların yenidən açılması qanuni şəkildə aparılıb. Ali Məhkəmənin sədri araşdırmaların yenidən açılmasına dair G.R.-in müraciətini ilkin olaraq rədd etsə belə, buna baxmayaraq, Plenum özü araşdırmaların yenidən açılmasına və işə baxılmasına dair qərar qəbul edə bilər. Daxili qanunvericilikdə araşdırmaların yenidən açılmasından Ali Məhkəmə sədrinin əvvəlki imtinasına baxmayaraq, əlavə kassasiya şikayətinin Plenuma göndərilməsini qadağan edən müddəa yoxdur.

46. Hökumət daha sonra bildirib ki, Mülki-Prosessual Məcəllənin («MPM») 426.2-ci maddəsi əlavə kassasiya şikayətinin verilməsi üçün iki aylıq müddəti nəzərdə tutub. Lakin daxili qanunvericilik belə şikayətin Plenum tərəfindən araşdırılmasına hər hansı müddət məhdudiyyətlərini müəyyən etməyib.

47. Ali Məhkəmənin yekun qərarını dəyişdirməyə dair Plenumun səlahiyyətinə gəldikdə, Hökumət bildirib ki, Plenum öz səlahiyyətini aşmayıb, ona görə ki, MPM-in 429.0.2-ci maddəsinə əsasən o, xüsusi olaraq buna səlahiyyətli olub. Hökumətə görə, Plenum işə yalnız hüquqi məsələlər üzrə baxıb. O, hər hansı yeni faktları müəyyən etməyib, sadəcə olaraq daxili məhkəmələrin müəyyən etdiyi faktları qiymətləndirib və bu faktlara başqa daxili hüquq müddəalarını tətbiq edib.

48. Ərizəçi bildirib ki, daxili qanunvericiliyə əsasən araşdırmaların yenidən açılması və işin Plenuma verilməsi Ali Məhkəmə sədrinin müstəsna səlahiyyəti daxilində olub. Hər bir əlavə kassasiya şikayəti birbaşa Plenuma deyil, məhz Ali Məhkəmənin sədrinə verilməlidir. Plenum Ali Məhkəmə sədrinin təqdimatı olmadan işə özü baxa bilməz. Müvafiq olaraq, araşdırmaların yenidən açılmasından Ali Məhkəmə sədrinin imtinasından sonra Plenum tərəfindən işə baxılması daxili qanunvericiliyə əsasən qanunsuz, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ədalətli məhkəmə araşdırılması hüququna və Konvensiyanın 13-cü maddəsinə əsasən səmərəli vasitə hüququna zidd olub.

49. Ərizəçi təsdiq edib ki, MPM-in 429.0.2-ci maddəsinə əsasən, Plenum kassasiya instansiyası məhkəməsinin yekun qərarını dəyişdirməyə səlahiyyətli olub. Lakin o, bu müddəa ilə göstərilmiş tərzdə kassasiya qərarının dəyişdirilməsinə dair Plenumun səlahiyyətinin əhatəsi və genişliyi barədə Hökumətlə razılaşmayıb. Xüsusən, Konstitusiya Məhkəməsinin presedent hüququna istinadən o bildirib ki, Plenum Ali Məhkəmənin yekun qərarını yalnız o halda dəyişdirə bilər ki, onun etdiyi dəyişikliklər işin mahiyyətinə müdaxilə etməsin və gəlinən nəticələri dəyişdirməsin. Digər tərəfdən, Plenum Ali Məhkəmənin qərarının mahiyyəti üzrə düzgün olmayan və qanunsuz olduğunu müəyyən etdikdə, o, bu qərarı ləğv etməli və işi mahiyyəti üzrə yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərməlidir.

50. Ərizəçi daha sonra bildirib ki, Plenum mahiyyət etibarilə işi faktlar üzrə araşdırıb ki, bu da onun səlahiyyətlərindən kənardır. Öz qərarında Plenum işin hallarına öz qiymətləndirməsini verdi və fərqli daxili hüquqi müddəalara istinad edib ki, bu, çəkişməli məhkəmə prosesində yeni fakt araşdırması icraatının keçirilməsini tələb edir. Lakin Plenum müvafiq faktiki halların araşdırılması üçün işi Apellyasiya Məhkəməsinə göndərmədən öz qərarını çıxartdı. Mahiyyət etibarilə, Ali Məhkəmənin qərarının «dəyişməsi» adı ilə Plenum G.R-in iddiasını tam təmin edən mahiyyəti üzrə yeni qərar çıxarıb və beləliklə, ərizəçinin xeyrinə bitmiş bütün məhkəmə araşdırılmasını heçə endirib.

B. Məhkəmənin qiymətləndirməsi

51. Məhkəmə hesab edir ki, hazırkı şikayətlər əlaqəli olsa belə, iki fərqli məsələyə aiddir. Birincisi, maddi hüquq məsələsi hazırkı işdə əlavə kassasiya qaydasında yekun qərarın ləğv olunmasının özlüyündə Konvensiyaya əsasən ərizəçinin «məhkəmə hüququna» uyğun olub-olmaması məsələsidir. İkincisi, prosessual hüquq məsələsi Plenum tərəfindən ərizəçinin işinə yenidən baxılarkən iddia olunan prosessual səhvlərin onun ədalətli məhkəmə araşdırılması və səmərəli vasitə hüquqlarını pozub-pozmamasıdır.

7. Maddi hüquq məsələsi

52. İlk əvvəl, bu məsələyə aid tərəflərin fikirlərində müxtəlifliyi nəzərə alaraq, Məhkəmə Plenumun qərarının əhatəsi və nəticələrini qiymətləndirməyi zəruri hesab edir. Bunu etməklə, Məhkəmə işin zahirən görünməyən tərəflərinə baxacaq və şikayət olunan vəziyyətin reallığını araşdıracaq.

53. Məhkəmə qeyd edir ki, formal olaraq Plenum Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarını MPM-in 429.0.2-ci maddəsinə əsasən «dəyişib». Bu, belə «dəyişmənin» özünün hüquqi nəticələrinə görə yekun qərarın adi ləğvindən nə dərəcədə fərqləndiyi məsələsini qaldırır. Məhkəmə Azərbaycan Konstitusiya Məhkəməsinin qərarını nəzərə alır, belə ki, bu qərara görə MPM-in 429.0.2-ci maddəsi fakt və ya hüquq səhvləri üzrə Ali Məhkəmənin qərarını «dəyişməyə» Plenuma səlahiyyət vermir, ona görə ki, bu, mahiyyət etibarilə işin mahiyyəti üzrə yeni qərarı təşkil edəcək. Əslində, belə olan halda Plenum işi yenidən baxılması üçün qaytarmalıdır. Buna görə, belə nəticə çıxır ki, MPM-in 429.0.2-ci maddəsinə əsasən Plenum Ali Məhkəmənin qərarında yalnız işin mahiyyəti üzrə nəticəyə müdaxilə etməyən texniki dəyişikliklər edə bilər.

54. Lakin Məhkəmə qeyd edir ki, Plenumun qərarının mahiyyəti işin hallarının birbaşa araşdırılmasına toxunub və həm işin faktiki hallarının qiymətləndirilməsini, həm də bu faktlara müvafiq daxili qanunvericiliyin tətbiqini ehtiva edib. Bundan başqa, belə araşdırmadan sonra Plenum ilkin qərarın G.R.-in iddiasını rədd edən, ərizəçinin xeyrinə olan nəticə hissəsini «dəyişib». Plenum G.R.-in iddiasını tam təmin edib və beləliklə, qərarı G.R.-in xeyrinə dəyişdirib. Belə olan halda, Məhkəmə hesab edir ki, Plenumun qərarı mövcud məhkəmə qərarını sadəcə olaraq «dəyişən» kimi xarakterizə edilsə belə, mahiyyət etibarı ilə 11 yanvar 2002-ci il tarixli yekun qərarı ləğv edib və işin halları üzrə yeni qərarı təşkil edib.

55. Müvafiq olaraq, Məhkəmə Konvensiyanın 6-cı maddəsinə əsasən öz aşağıdakı təhlilini ilkin olaraq Plenum tərəfindən yekun daxili qərarın ləğv edilməsi və ərizəçiyə qarşı mahiyyəti üzrə yeni qərar çıxarması əsasında edəcək.

56. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təmin etdiyi kimi məhkəmə qarşısında ədalətli araşdırma hüququ müvafiq hissəsində qanunun aliliyinin Razılığa gələn Yüksək Tərəflərin ümumi mirasının tərkib hissəsi olduğunu bəyan edən Konvensiyanın Preambulası baxımından təfsir edilməlidir. Qanunun aliliyinin fundamental aspektlərindən biri digəri ilə yanaşı məhkəmələrin məsələni yekun olaraq həll etdikdə, onların qərarının şübhəyə alınmalı olmadığını tələb edən hüquqi müəyyənlik prinsipidir (bax, Brumaresku Rumıniyaya qarşı (Böyük Palata), № 28342/95, § 61, İHAM 1999- VII).

57. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasını məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin bu, əgər Razılı gələn Yüksək Tərəfin daxili hüquqi sistemi yekun və məcburi məhkəmə qərarını Dövlət rəsmisinin hər hansı müddət məhdudiyyətinə məruz qalmayan təqdimatı üzrə qərarların məhdudiyyətsiz mübahisələndirilməsi nəticəsi ilə yuxarı məhkəmə tərəfindən ləğv olunmasına icazə verərsə, ağlasığmaz olar (bax, Ryabıx Rusiyaya qarşı, № 52854/99, §§51-56, İHAM 2003-X).

58. Məhkəmə yekun və məcburi olan məhkəmə qərarının sonradan müdaxilə etmək səlahiyyətinin hər hansı müddət məhdudiyyətinə məruz qalmayan Dövlət rəsmisinin təqdimatı üzrə yuxarı məhkəmə tərəfindən ləğv olunmuş bir neçə işlər üzrə əvvəllər hüquqi müəyyənlik prinsipinin və ərizəçinin «məhkəmə hüququ»nun pozulmasını müəyyən etmişdir (bax, başqa mənbələrlə yanaşı, yuxarıda qeyd olunan Brumaresku, §§ 61-65; yuxarıda qeyd olunan Ryabıx, §§ 51-56; Volkova Rusiyaya qarşı, № 48758/99, §§ 34-36, 05 aprel 2005-ci il və Kutepov və Anikeyenko Rusiyaya qarşı, № 68029/01, §§ 48-52, 25 oktyabr 2005-ci il).

59. Qeyd olunmalıdır ki, Azərbaycan qanunvericiliyinə əsasən əlavə kassasiya icraatı yuxarıdakı bəndlərdə göstərilən işlərdə Məhkəmənin araşdırdığından müəyyən fərqli xarakteristik xüsusiyyətlərə malikdir. Birincisi, əlavə kassasiya qaydasında araşdırmaların yenidən açılması üçün ilkin müraciət iş üzrə tərəflərdən birinin əlavə kassasiya şikayəti formasında edilə bilər, baxmayaraq ki, işin Plenumun baxışına çıxarılması barədə qərarın qəbul edilməsi nəticə etibarilə Ali Məhkəmə sədrinin müstəsna səlahiyyətindədir (bax, MPM-in 423 və 426-cı maddələri və «Məhkəmələr və hakimlər haqqında» Qanunun 83-cü maddəsi). İkincisi, əlavə kassasiya şikayətinin verilməsi və araşdırmaların yenidən açılması üçün iki aylıq müddət məhdudiyyəti vardır (MPM-in 426.2-ci maddəsi). Lakin belə şikayətdən sonra görünür ki, işin Plenum tərəfindən faktiki baxılması üçün spesifik müddət məhdudiyyəti yoxdur. Üçüncüsü, əlavə kassasiya icraatı yalnız adi şikayətlər tükəndikdə, yəni kassasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edildikdən sonra verilir və birinci və ya apellyasiya instansiyası məhkəmələrinin qəti olan qərarlarına yenidən baxılması üçün istifadə oluna bilməz (MPM-in 422-ci maddəsi).

60. Lakin bu fərqlər həlledici əhəmiyyət daşımır. Hazırkı işdə mühüm olan odur ki, əlavə kassasiya icraatı yekun və məcburi məhkəmə qərarının adi mülki məhkəmələr tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv olunmasına icazə verir.

61. Bununla bağlı, Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyə əsasən mülki icraatda adi şikayətlər üçün ən yuxarı məhkəmə orqanı kassasiya instansiyası məhkəməsi kimi Ali Məhkəmədir («Məhkəmələr və hakimlər haqqında» Qanunun 77-ci maddəsi və MPM-in 419-cu maddəsi). Ərizəçinin işinə aid qərar qəti olub və Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarının qəbul edilməsi ilə mülki araşdırmalar bitib. Bundan sonra, tərəflər üçün birbaşa əlçatan olan hər hansı yuxarı məhkəmə instansiyası olmayıb. Bununla bağlı, Məhkəmə, Ali Məhkəmənin yekun qərarından sonra mövcud olan əlavə kassasiya icraatının özünün mahiyyəti etibarilə dolayı və qeyri-adi şikayəti təşkil etməsi barədə əvvəlki mövqeyini təsdiq edir (bax, Babayev Azərbaycana qarşı (qərardad), № 36454/03, 27 may 2004-cü il).

62. Məhkəmə xatırladır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər (bax, yuxarıda qeyd olunan Ryabıx, § 52 və Kot Rusiyaya qarşı, № 20887/03, § 24, 18 yanvar 2007-ci il).

63. Məhkəmə xatırladır ki, əlavə kassasiya icraatının başlanılmasından əvvəl ərizəçinin işinin mahiyyəti birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən adi mülki proses üzrə araşdırılıb və belə araşdırma ərizəçinin xeyrinə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayan Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarı ilə yekunlaşıb. Lakin yekun qərar ləğv olunub və bu qərar sadəcə olaraq maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasında Plenum tərəfindən tam dəyişdirilib. Əlavə kassasiya icraatında üç yurisdiksiyalı daxili məhkəmələrin öz səlahiyyətlərindən kənara çıxması və ya onlar qarşısında araşdırmalarda fundamental səhvin olması iddia olunmayıb və ya müəyyən olunmayıb.

64. Mülki mübahisədə tərəflərin maddi hüquq normalarının tətbiqində toqquşan baxışlara malik olmaları qaçılmazdır. Daxili məhkəmələr onların dəlillərini ədalətli və çəkişməli tərzdə araşdırmalı və iddiaya dair öz qiymətləndirmələrini etməlidirlər. Ali Məhkəmə sədrinin və Plenumun daxili məhkəmələr tərəfindən edilmiş qiymətləndirmə ilə razı olmaması faktı, özlüyündə, ərizəçinin işinə aid araşdırmaların yenidən açılmasına və qeyri-adi vasitədən istifadə etməklə qəti və məcburi qərarın ləğv olunmasına səbəb olan müstəsna hal deyildir (yuxarıda qeyd olunan Kotla müqayisə et, § 29).

65. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli yekun qərarını ləğv etməklə, Ali Məhkəmənin Plenumu hüquqi müəyyənlik prinsipini və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunmuş ərizəçinin «məhkəmə hüququnu» pozub. Müvafiq olaraq, Konvensiyanın bu maddəsi pozulub.

2. Prosessual hüquq məsələsi

66. Ali Məhkəmənin Plenumu qarşısında araşdırmaların prosessual səhvləri barədə ərizəçinin sonrakı şikayətlərinə aid Məhkəmə hesab edir ki, əlavə kassasiya qaydasından istifadə etməyə görə ərizəçinin «məhkəmə hüququ»nun pozulmasına dair nəticəyə gələrək, bu araşdırmalarda Konvensiyanın 6-cı maddəsinin prosessual təminatlarına riayət olunub-olunmamasının əlavə olaraq araşdırılması zəruri deyildir (yuxarıda qeyd olunan Ryabıx ilə müqayisə et, § 59).

67. Məhkəmə hesab edir ki, eyni ilə hazırkı şikayəti ayrıca olaraq Konvensiyanın 13-cü maddəsi baxımından araşdırmaq zəruri deyildir.

III. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin iddia olunan pozuntusu

68. Ərizəçi şikayət edib ki, Ali Məhkəmə Plenumunun 19 iyul 2002-ci il tarixli qərarı Konvensiyanın 1 saylı Protokolunun aşağıdakıları nəzərdə tutan 1-ci maddəsinə zidd olaraq onun öz mənzilinə mülkiyyət hüquqlarının həyata keçirilməsini pozub:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»

69. Hökumət etiraz etdi ki, burada ərizəçinin mülkiyyət hüququna hər hansı müdaxilə olub, ona görə ki, Plenum onu mənzildə yaşamaq hüququndan məhrum etməyib. Hökumət bildirib ki, G.R.-ə istifadə hüququnun verilməsinə dair Plenumun qərarı qanuni olub, ona görə ki, o, «ailə münasibətlərinə xitam verilməsindən sonra mülkiyyətçinin evində ailə üzvünün yaşamaq hüququnu təmin edib».

70. Ərizəçi öz şikayətini təkrar etdi.

71. Ərizəçinin 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədinə görə «mülkiyyətə» malik olması mübahisəsizdir. Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli qərarı ilə yekunlaşan ilkin mülki araşdırmaların nəticəsində ərizəçi mənzilin yeganə mülkiyyətçisi və sakini kimi müəyyən olunub və mənzilə dair G.R.-in bütün tələbləri rədd edilib. Bu araşdırmaların yekun nəticəsinə istinadən, ərizəçi qanuni olaraq öz mülkiyyətindən maneəsiz istifadə etməyini gözləyə bilərdi.

72. Məhkəmə xatırladır ki, ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyan yekun qərarın ləğvi bu hüquqa müdaxiləni ifadə edir (bax, yuxarıda qeyd olunan Brumaresku, § 74). Hazırkı işdə Ali Məhkəmənin Plenumu Ali Məhkəmənin 11 yanvar 2002-ci il tarixli yekun qərarını ləğv edib və G.R-in tələblərini tam təmin edib. Plenumun qərarından sonra ərizəçinin mənzilə dair hüququnu texniki olaraq saxlamasına baxmayaraq, ondan tələb olunub, inter alia (digərləri ilə yanaşı), G.R.-in yaşaması üçün mənzildə yer versin, eləcə də mənzillə bağlı gələcək əməliyyatlar üçün qeydiyyatda olan sakin kimi sonuncunun razılığını alsın. Ərizəçi artıq 11 yanvar 2002-ci il tarixli yekun qərarla təsdiq edilmiş mülkiyyətçinin məhdudiyyətsiz hüquqlarından istifadə edə, bütün maneələrdən azad olaraq öz mülkiyyətindən istifadə və sərəncam verə bilməzdi. Müvafiq olaraq, qəti və məcburi məhkəmə qərarının ləğvi ərizəçinin ona əsaslanmasını aradan qaldırıb və onu öz mülkiyyətindən maneəsiz istifadə imkanından məhrum edib.

73. 1 saylı Protokolun 1-ci maddəsi nəzərdə tutur ki, mülkiyyətdən maneəsiz istifadəyə belə müdaxilə yalnız inter alia «ictimai maraq naminə» və «qanunla nəzərdə tutulmuş şərtlərdən asılı olaraq» olduqda əsaslıdır. Məhkəmə qeyd edir ki, nə Ali Məhkəmənin Plenumu özü, nə də Hökumət hazırkı işdə baş vermiş müdaxiləyə dair hər hansı əsaslandırmanı təklif etməyiblər. Belə olan halda, Məhkəmə hesab edir ki, əlavə kassasiya icraatı qaydasında qəti daxili qərarın ləğvi ərizəçinin üzərinə həddən artıq yük qoyub və buna görə, 1 saylı Protokolun 1-ci maddəsinə zidd olub (yuxarıda qeyd olunan Brumaresku ilə müqayisə et, §§ 77-79 və yuxarıda qeyd olunan Kot, § 33). Buna görə, Konvensiyanın bu maddəsi pozulub.

IV. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

74. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və onun Protokollarının müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun bu pozuntunun nəticələrinin yalnız qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»

75. Məhkəmə Reqlamentinin 60-cı qaydasına müvafiq olaraq ədalətli kompensasiya tələbinin təqdim edilməsi xahiş olunan ərizəçi cavab verib ki, o, ədalətli kompensasiyanı tələb edib və 05 sentyabr 2002-ci ildə Məhkəməyə verdiyi şikayət formasında müəyyən etdiyi ilk tələblərə istinad edib. Buna görə, Məhkəmə şikayət formasında tələb etdiyi məbləğləri nəzərə alacaq.

A. Zərər

1. Maddi zərər

76. Ərizəçi maddi zərərə görə 20.000 Amerika Birləşmiş Ştatları dolları (USD) tələb edib. Ərizəçiyə görə, bu məbləğ onun mənzilinin dəyərini (2002-ci ildə olduğu kimi), eləcə də daxili məhkəmələrdə araşdırmalarda istifadə etdiyi xərcləri daxil edir (bax, aşağıda).

77. Hökumət bildirib ki, ərizəçiyə hər hansı maddi zərər ödənilməməlidir, ona görə ki, o, 2005-ci ilin yanvarında öz mənzilini satıb və satış dəyərini əldə edib.

78. Əvvəla, Məhkəmə qəbul edir ki, mənzilə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına görə ərizəçi müəyyən maddi zərər çəkib. Lakin ərizəçinin tələb etdiyi kimi mənzilin tam bazar dəyərinin ərizəçiyə ödənilməsi düzgün olmaz, ona görə ki, Plenumun 19 iyul 2002-ci il tarixli qərarının onun mülkiyyət, mülkiyyətdən istifadə və onun barəsində sərəncam hüquqlarının məhdudlaşması (və dəyərin azalması ilə) ilə nəticələnməsinə baxmayaraq, o, yenə də mənzilə mülkiyyət hüququnu saxlayıb. Hazırkı işin hallarında daha düzgün olar ki, ərizəçiyə, inter alia, 2005-ci ildə satılması zamanı mənzilin tam bazar dəyəri ilə onun mənzilə hüququnu satdığı dəyər arasında fərq ödənilsin (ehtimal edərək ki, bu məbləğ ərizəçinin mülkiyyət hüququnun məhdudlaşdırılmasına görə faktiki bazar dəyərindən azdır).

79. Lakin Məhkəmə vurğulayır ki, Məhkəmə Reqlamentinin 60-cı qaydasına əsasən ədalətli kompensasiyaya dair hər hansı tələb təfsilatlı göstərilməli və müvafiq təsdiqləyici sənədlərlə birgə yazılı şəkildə təqdim olunmalıdır, əks halda isə, Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi mənzilin dəyərinə və daxili məhkəmələrdə xərclərə görə 20.000 USD tələb edərkən, o bu tələbi təfsilatlı göstərməyib və tələbin məhz hansı hissəsinin mənzilin dəqiq bazar dəyərinə müvafiq olmasını bildirməyib.
O, həmçinin maddi zərərə görə tələblərini təsdiq edə bilən hər hansı sənəd və ya sübutu təqdim etmədi.

80. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi Məhkəmə Reqlamentinin 60-cı qaydasına riayət etməyib və onun tərəfindən çəkilmiş maddi zərərin qiymətləndirilməsini Məhkəməyə imkan verən müvafiq məlumatı verməyib. Buna görə, Məhkəmə maddi zərərə görə ərizəçinin tələbini rədd edir.

2. Mənəvi zərər

81. Ərizəçi mənəvi zərərə görə 80.000 USD tələb edib. Hökumət bununla bağlı hər hansı xüsusi qeydlər təqdim etməyib.

82. Məhkəmə hesab edir ki, əlavə kassasiya icraatı qaydasında onun xeyrinə olan məhkəmə qərarının ləğv olunması ərizəçini məyus etmişdir. Lakin tələb olunan məbləğ həddən artıqdır. Bərabər əsasla qiymətləndirməni edərək, Məhkəmə bu məbləğə hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə, mənəvi zərərə görə ərizəçiyə 2.000 avronun ödənilməsini qərara alır.

B. Xərc və məsrəflər

83. Yuxarıda qeyd olunduğu kimi, ərizəçi həm maddi zərər, həm də daxili məhkəmələrdə xərc və məsrəflərə görə ümumilikdə 20.000 USD tələb edib.

84. Hökumət bununla bağlı qeydlər təqdim etməyib.

85. Məhkəmə yenə də qeyd edir ki, ərizəçi öz tələblərini təfsilatlı göstərməyib və tələbin məhz hansı hissəsinin iddia olunan xərc və məsrəflərə müvafiq olmasını bildirməyib. O, həmçinin tələblərini təsdiq edə bilən hər hansı sənəd və ya sübutu təqdim etmədi. Buna görə, bununla bağlı hər hansı kompensasiya ödənilə bilməz.

C. Faiz dərəcəsi

86. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

 

Bu səbəblərə görə, məhkəmə yekdilliklə

1. Qərara alır ki, əlavə kassasiya qaydasında qəti məhkəmə qərarının ləğvinə aid ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təmin olunmuş məhkəmə hüququ pozulub;

2. Qərara alır ki, əlavə kassasiya icraatının prosessual ədalətsizliyinə dair iddiaların araşdırılması zəruri deyildir;

3. Qərara alır ki, şikayəti ayrıca olaraq Konvensiyanın 13-cü maddəsinə əsasən araşdırmaq zəruri deyildir;

4. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

5. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq yeni Azərbaycan manatı ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla 2.000 EUR (iki min avro) ödənilsin;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
6. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 10 iyul 2008-ci ildə göndərilib.

                Andre Uampaş                                           Xristos Rozakis

Katibin müavini                                               Sədr