№34582/16 TALEH BAĞIROV AZƏRBAYCANA QARŞI – 02 yanvar 2023-cü il

 

2 yanvar 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizə nömrəsi 34582/16

Taleh Kamil oğlu BAĞIROV Azərbaycana qarşı

1 iyun 2016-cı il tarixdə daxil olub

 

8 dekabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlayıb

 

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı məhkəmə işi dini lider olan ərizəçinin saxlanılması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır.

Ərizəçi 2015-ci ilin noyabr ayında müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ərizəçi barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib, daha sonra həmin həbsin müddəti daha 4 aylığına uzadılıb. Birinci instansiya məhkəməsinin həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərarını Bakı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Ərizəçi həm birinci instansiya, həm də apellyasiya məhkəmələrindəki iclaslar zamanı zaldakı metal qəfəsdə saxlanılıb.

Ərizəçi daha sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun zaminə buraxılması və ya alternativ olaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb, ancaq həmin vəsatətləri rədd olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.

Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq şikayət edən ərizəçi iddia edir ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı birinci və apellyasiya məhkəmələrinin iclasları zamanı metal qəfəsdə saxlanılması ilə ləyaqəti alçaldan rəftara məruz qalıb.

Bundan başqa ərizəçi digər məsələlərlə yanaşı, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq, onun məhkəməyə qədər həbsdə saxlanması üçün yetərli və müvafiq səbəblərin olmamasından şikayət edib.

Ərizəçi həmçinin, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsaslanaraq, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məhkum olunmasından əvvəl KİV-ə verdiyi bəyanatında onu cinayətkar kimi təsvir etməsinin təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi məhkəmə zalında metal qəfəsdə saxlandığına görə Konvensiyanın 3-cü maddəsinə zidd olaraq pis rəftara məruz qalıbmı (bax, digər presedentlərlə yanaşı, Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], № 32541/08 və 43441/08, §§ 113-39, AİHM 2014 və Natiq Cəfərov Azərbaycana qarşı, № 64581/16, §§ 37-40, 7 noyabr 2019-cu il)?

2. Yerli məhkəmələr Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri baxımından ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verərkən yetərli və uyğun səbəblər göstəriblərmi (bax, bir çox digər presedentlərlə yanaşı, Allahverdiyev Azərbaycana qarşı, № 49192/08, §§ 51- 63, 6 mart 2014-cü il, və Məmmədov və başqaları Azərbaycana qarşı, № 35432/07, §§ 95-100, 21 fevral 2019-cu il)?

3. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna hazırkı işdə, xüsusilə də Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuata verdiyi bəyanat diqqətə alındığında hörmət göstərilibmi? Ərizəçi bu şikayətlə bağlı daxili müdafiə vasitələrinin tükənməsi tələbinə və altı aylıq müddət qaydasına əməl edibmi?

Tərəflərdən ərizəçinin saxlanılması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı icraata dair bütün sənədlərin surətlərini təqdim etmələri xahiş olunur.