YENİ © tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
FƏTULLAYEV AZƏRBAYCANA QARŞI (№ 2)
(Ərizə nömrəsi 32734/11)
QƏRAR
STRASBURQ
7 aprel 2022-ci il
YEKUN
07/07/2022
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Fətullayev Azərbaycana qarşı (№ 2) işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakılardan ibarət tərkibdə toplaşaraq,
Síofra O’Leary, sədr,
Mārtiņš Mits,
Ganna Yudkivska,
Stéphanie Mourou-Vikström,
Lətif Hüseynov,
Lado Chanturia,
Mattias Guyomar, hakimlər
və Bölmə Katibinin Müavini,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı cənab Eynulla Emin oğlu Fətullayevin (“Ərizəçi”) 07 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdiyi ərizəni (№ 32734/11);
Azərbaycan Hökümətinin (Hökümət) 6, 10, 18 və 34-cü maddələrlə bağlı şikayətlər haqda məlumatlandırılması və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi ilə bağlı qəbul edilmiş qərarı;
tərəflərin izahatlarını;
nəzərə alaraq,
15 mart 2022-ci il tarixdə işi qapalı iclasda araşdırıb,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
GİRİŞ
1. Ərizəçi xüsusilə iddia edirdi ki, ona qarşı aparılan cinayət təqibi Konvensiyanın 6-cı maddəsini pozub, çünki o, süni və uydurma sübutlar əsasında məhkum edilib; ona bu sübutları effektiv şəkildə mübahisələndirmək və öz xeyrinə sübutlar təqdim etmək imkanı verilməyib. Ərizəçi həmçinin, iddia edirdi ki, iş materiallarının hüquqi nümayəndəsinin ofisindən götürülməsi, onun Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş maneəsiz fərdi şikayət vermək hüququnu pozub.
FAKTLAR
2. Ərizəçi 1976-cı ildə anadan olub və Bakı şəhərində yaşayır. Onu əvvəlcə Bakı şəhərində fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, 7 yanvar 2019-cu il tarixdən etibarən isə Bakıda fəaliyyət göstərən vəkil cənab E.Sadıqov təmsil edib.
3. Hökumət öz nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.
4. Tərəflərin təqdim etdiyi işin hallarını aşağıdakı kimi ümumiləşdirmək olar.
A. Arxa plan məlumatı
1. Ərizəçinin Məhkəmə qarşısında əvvəlki işi
5. Haqqında şikayət edilən hadisələr baş verən zaman ərizəçi jurnalist, Azərbaycan hökumətini və müxtəlif dövlət məmurlarını tənqid edən məqalələr dərc etməklə məşhur olan Gündəlik Azərbaycan və Realnıy Azərbaycan qəzetlərinin təsisçisi və baş redaktoru olub. Ərizəçi müxtəlif yüksək vəzifəli dövlət məmurlarının şikayətləri ilə böhtana görə bir sıra mülki və cinayət proseslərinə cəlb olunub.
6. 2007-ci ildə ərizəçi, xüsusən, dərc etdiyi iki məqaləyə görə böhtan, terrorla hədələmə, etnik düşmənçiliyin salınması və vergidən yayınma əsasları ilə iki cinayət işi üzrə mühakimə olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hadisələr Məhkəmənin Fətullayev Azərbaycana qarşı (№ 40984/07, 22 aprel 2010-cu il) qərarının predmeti olub, həmin işdə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin, eləcə də 10-cu maddəsinin pozulduğunu müəyyən edib.
7. Ərizəçiyə qarşı böhtan, terrorla hədələmə və etnik düşmənçiliyin salınması cinayətləri üzrə ittiham hökmləri, Məhkəmənin yuxarıda adıçəkilən Fətullayev işi üzrə çıxardığı qərar əsasında 2010-cu ilin noyabrında ləğv edilib.
8. Hazırkı işdə şikayət edilən hadisələr ərizəçinin 12 saylı Cəzaçəkmə Müəssisəsində (“cəzaçəkmə müəssisəsi”) yuxarıda qeyd olunan cəzasını çəkdiyi vaxt baş verib.
2. Ərizəçinin cəzaçəkmə müəssisəsində olduğu müddətdə dərc etdiyi məqalələr və ona qarşı olduğu iddia edilən hücumlar və təxribatlar
9. Cəzaçəkmə müəssisəsində olarkən ərizəçi, bir neçə məqalə yazıb və onları (üçüncü şəxslərin köməyi ilə) “Mediaforum” adlı internet mediasında dərc etdirib. Məqalələrin birində ərizəçi iddia edib ki, 2009-cu ilin iyun ayında məhbuslar cəzaçəkmə müəssisəsinin rəhbərliyinə qarşı qiyam qaldırıblar və hakimiyyət orqanları həmin qiyamı “susdurmağa” çalışıb. 21 dekabr 2009-cu il tarixdə dərc olunmuş “Mənim yeni həbsim” adlı məqalədə ərizəçi, inter alia, Məhkəmədə baxılan işi haqqında məlumat verib (yuxarıda 6-cı bəndə bax) və onun yenidən bəzi yeni, uydurma ittihamlar əsasında cəzalandırıla biləcəyini bəyan edib (ərizəçi məqalələrinin surətlərini təqdim etməyib).
10. Ərizəçinin bildirdiyinə görə, o, sonuncu məqaləni ona görə yazıb ki, əvvəllər baş vermiş bəzi hadisələrdən törətmədiyi cinayətə görə “şərlənəcəyi” nəticəsinə gəlib. Xüsusilə, o, sonradan məsuliyyətə cəlb oluna biləcəyi cinayət əməllərinə çəkmək məqsədi daşıyan bir neçə hücuma və “təxribat”a məruz qalıb: 2008-ci ildə bəzi məhbuslar tərəfindən fiziki hücumla üzləşib; 2009-cu ilin iyununda bəzi məhbuslar onu yuxarıda qeyd olunan qiyama qatmağa çalışıblar; və 2009-cu ilin sentyabrında cəzaçəkmə müəssisəsinin rəhbəri onu kabinetinə çağırıb, sorğu-sual edib və deyib ki, yüksək rütbəli məmur ondan ərizəçinin narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşub. Bundan başqa, ərizəçi bir dövlət məmurundan tanışı vasitəsilə jurnalist araşdırmalarını davam etdirəcəyi, xüsusilə də dostu, jurnalist Elmar Hüseynovun ölümü haqqında aşkar etdiyi məlumatları dərc edəcəyi və Məhkəməyə göndərəcəyi təqdirdə həmişəlik həbsxanada qalacağı ilə bağlı hədələr alıb (bax: Hüseynova Azərbaycana qarşı, № 10653/10, 13 aprel 2017-ci il).
B. Ərizəçiyə qarşı cinayət təqibi
1. Ərizə üzərində şəxsi axtarış və məhbusların yataqxanalarında axtarış
11. 28 dekabr 2009-cu il tarixdə cəzaçəkmə müəssisəsinin əməkdaşı K.S. müəssisənin müdirinə yazılı ərizə təqdim edərək ərizəçi və digər dörd məhbusun (İ.Z., G.A., F.G. və S.S. ) bu yaxınlarda “narkotik vasitələrdən istifadə əlamətləri nümayiş etdirməsi” ilə bağlı “əməliyyat məlumatı” aldığını bildirib. Həmin tarixdə K.S.-nin ərizəsinə cavab olaraq cəzaçəkmə müəssisəsinin rəhbəri (A.Ag.) ərizəçi və göstərilən digər məhbuslar üzərində şəxsi axtarışa və onların kameralarıda axtarış aparılmasına icazə verib.
12. 29 dekabr 2009-cu il tarixdə səhər saat 09:30 radələrində ərizəçi və yuxarıda adı çəkilən digər məhbuslar K.S.-nin kabinetinə aparılıb və onlar üzərində hal şahidlərinin (iki məhkum – A.B və T.D. və cəzaçəkmə müəssisəsinin iki əməkdaşı – İ.İ. və Ş.S.) iştirakı ilə cəzaçəkmə müəssisəsinin əməkdaşları (Fa.S., B.G., E.I., A.Ah. and Fe.S.) tərəfindən axtarış aparılıb.
13. Axtarış nəticəsində ərizəçinin üzərindən, biri pencəyinin qolunda, digəri isə ayaqqabısının içərisində gizlədilmiş şəkildə olmaqla iki bükülü plastik bağlama aşkar edilib. Daha bir oxşar bağlama digər məhbuslardan birinin üzərində də tapılıb (S.S.).
14. Axtarışdan əvvəl ərizəçi ailəsinə zəng etməyə və vəkili ilə əlaqə yaradaraq axtarış prosesində iştiraka dəvət etməyə icazə verilməsi barədə vəsatət qaldırıb. Həmin vəsatət rədd edilib.
15. Axtarış protokollarına əsasən, ərizəçinin üzərindən aşkar edilmiş bağlamaların içərisində narkotik maddəyə bənzəyən və spesifik iyə malik sarımtıl rəngli toz olub.
16. Üzərində şəxsi axtarış aparıldıqdan sonra Ərizəçi, cəza kamerasına salınıb və həmin tarixdə eyni hal şahidlərin iştirakı ilə məhbusların yataqxanalarında da axtarış aparılıb. Axtarış nəticəsində qadağan olunmuş əşya tapılmayıb.
2. Ərizəçinin üzərində aşkar edilən bağlamaların ilkin ekspertizası
17. Həmin tarixdə, 29 dekabr 2009-cu ildə ərizəçinin üzərində aşkar edilmiş bağlamalar cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən ilkin ekspertiza üçün göndərilib. Həmin gün verilən ekspertiza rəyində bağlamaların içərisində olan sarımtıl rəngli qumabənzər tozun 0,223 qram ümumi çəkiyə malik kustar üsullarla hazırlanmış heroin olduğu qənaətinə gəlinib.
3. Sonrakı istintaq tədbirləri
18. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi toplanmış sənədləri və maddi sübutları Qaradağ RPİ-nin istintaq bölməsinə göndərib.
19. 30 dekabr 2009-cu ildə işi aparan müstəntiq narkotik vasitələrin izlərinin araşdırılması üçün ərizəçinin qanı və sidiyi, eləcə də gödəkçəsi və ayaqqabısı üzərində ekspertiza təyin edib; müstəntiq həmçinin, narkoloji müayinə daxil olmaqla ərizəçinin ümumi sağlamlığının ekspertizasını təyin edib (aşağıda 20-27-ci bəndlərə bax). O, həmçinin ərizəçini və bir sıra şahidləri dindirib və ərizəçi ilə bəzi şahidlər arasında üzləşdirmə aparıb.
(a) Ərizəçinin qan və sidik nümunələrinin, pencəyinin və ayaqqabısının narkotik vasitələrin izlərinin araşdırılması üçün ekspertizası
20. 30 dekabr 2009-cu ildə müstəntiqin təyin etdiyi ekspertiza üçün ərizəçidən 10 millilitr qan və 20 millilitr sidik nümunəsi götürülüb. Qan nümunəsini qorumaq üçün ona xüsusi qoruyucu maddə əlavə edilib.
21. Həmin gün daha sonra ərizəçidən 5 millilitr qan nümunəsi götürülərək hüquqi nümayəndəsi İ.Ə-yə təhvil verilib. Ərizəçinin sözlərinə görə, onun hüquqi nümayəndəsi qeyri-müəyyən tarixlərdə bir neçə tibbi laboratoriyadan həmin nümunədə narkotik vasitələrin izlərinin araşdırılmasını xahiş edib, lakin onların heç biri testlərin aparılmasına razılıq verməyib.
22. Müstəntiq məsul ekspertlər qarşısında ərizəçinin qanında və sidiyində narkotik vasitələrin izlərinin olub-olmadığı və varsa, hansıların olduğu suallarını qoyub.
23. İki ekspert – G.H. və M. A. tərəfindən hazırlanmış 18 yanvar 2010-cu il tarixli ekspert rəyi ərizəçinin qanında və sidiyində morfinan (heroinin metabolitlərindən biri), amfetaminil (fenilalkilaminlər qrupundan biri) və flunitrazepam-M (Nor) HY (1,4 benzodiazepin) kimi narkotik maddələrin izlərinin olduğu qənaətinə gəlib. Analiz nazik təbəqəli xromatoqrafiya texnikası, rəng testləri, mikrokristal testləri, hidroliz və digər elmi metodlardan istifadə etməklə aparılıb.
24. 22 yanvar 2010-cu il tarixli ayrıca ekspert rəyi müəyyən edib ki, ərizəçinin ayaqqabısı və gödəkçəsində heroin izləri var.
(b) Ərizəçinin ümumi sağlamlıq və narkoloji ekspertizası
25. 30 dekabr 2009-cu ildə həkim-narkoloq ərizəçini şəxsən müayinə edib. Ümumi sağlamlıq müayinəsi məqsədilə ondan yenidən qan və sidik nümunələri götürülüb. Ərizəçi nevropatoloq tərəfindən də müayinə olunub.
26. Narkoloji ekspertlərdən ibarət komissiya tərəfindən hazırlanmış 19 yanvar 2010-cu il tarixli rəydə belə nəticəyə gəlinib ki, (i) ərizəçinin psixoloji vəziyyəti sabitdir, (ii) onun səhhətində problem yoxdur və narkotik istifadəçisi deyil, (iii) onun məcburi müalicəyə ehtiyac yoxdur və (iv) onun bədənində narkotik vasitə qəbulunun görünən izləri yoxdur.
27. Bununla belə, yuxarıda qeyd olunan 18 yanvar 2010-cu il tarixli rəydə (yuxarıda 23-cü bəndə bax) göstərilən nəticələrə əsasən, komissiya həmçinin belə qənaətə gəlib ki, ərizəçinin heroin, amfetamin və benzodiazepindən istifadə etdiyi hallar olub; müvafiq olaraq, onun “profilaktik” məqsədlə narkotik istifadəçisi kimi qeydiyyata alınması tövsiyə olunub.
4. Ərizəçiyə qarşı ittihamlar
28. 31 dekabr 2009-cu ildə müstəntiq ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz saxlama və daşıma (satış məqsədi olmadan) ittihamı irəli sürüb.
C. Ərizəçinin məhkəməsi
29. 29 mart 2010-cu il tarixdə müstəntiq ərizəçiyə qarşı ittiham aktı tərtib edərək Qaradağ Rayon Məhkəməsinə göndərib və daha sonra ərizəçinin məhkəməsi başlayıb.
30. İttiham aktında inter alia göstərilib ki, 26 fevral 2010-cu il tarixdə ərizəçinin üzərindən aşkar edilmiş narkotik vasitələrin hansı mənbədən əldə edildiyini müəyyən etmək üçün Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni cinayət işinin başlanması və həmin icraatın ərizəçiyə qarşı cinayət təqibi üzrə icraatdan ayrılması barədə qərar qəbul edilib.
1. Müdafiə tərəfinin birinci instansiya məhkəməsinə təqdim etdiyi arqumentlər və tələblər
31. Birinci instansiya məhkəməsi olan Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclasında və işə mahiyyəti üzrə baxılarkən ərizəçi narkotik vasitələrin onun üzərinə hakimiyyət orqanları tərəfindən yerləşdirildiyini və ona qarşı cinayət işinin jurnalist fəaliyyətinə və Avropa Məhkəməsində baxılan işinə görə (yəni yuxarıda adı çəkilən Fətullayev işi), eləcə də onu hökumətlə əməkdaşlığa məcbur etmək üçün uydurulduğunu bildirib. Ərizəçi, birinci instansiya məhkəməsinə yazdığı və “Mediaforum”da dərc etdiyi məqalələri təqdim edib (yuxarıda 9-cu bəndə bax). Həmçinin iddia edib ki, üzərinə narkotik maddələr yerləşdirilməzdən əvvəl o, hədələnib və sonradan məsuliyyətə cəlb oluna biləcəyi cinayət əməllərinə çəkilməsi məqsədi daşıyan bir neçə hücuma və təxribata məruz qalıb (bax: yuxarıda 10-cu bənd).
32. Ərizəçi, xüsusilə iddia edib ki, (i) onun bu yaxınlarda “narkotik vasitə istifadəsi əlamətləri nümayiş etdirməsi” haqqında iddia edilən “əməliyyat məlumatı” saxtadır, eləcə də ya bu cür məlumatları təqdim edən şəxslər xəyalidir, ya da, həqiqətən də, bu cür məlumat verənlərdən hər hansı biri olubsa, onlar ərizəçini “şərləməyə” yönəlmiş sxemin iştirakçıları olublar; (ii) cəzaçəkmə müəssisəsinin yüksək səviyyədə mühafizə olunan və hazır şəkildə narkotik vasitələrin mövcud olmadığı müəssisə olmasına baxmayaraq, işə aparan müstəntiq onu narkotik vasitələrin mənbəyi ilə bağlı dindirməyə belə cəhd etməyib ki, bu da cinayət işinin saxta xarakterini nümayiş etdirir; (iii) barmaq izlərinin ekspertizası göstərə bilər ki, o, narkotik maddələr olan bağlamalara heç vaxt toxunmayıb; və (iv) cəzaçəkmə müəssisəsində onun şəxsi əşyalarına narkotik vasitələrin yerləşdirilməsi üçün bir çox imkanlar ola bilərdi (məsələn, o, duş qəbul edərkən və ya yeməkxanada yemək yeyərkən).
33. Ərizəçi həmin arqumentlərə əsaslanaraq məhkəmədən bu məsələni ayrıca icraatın predmetinə çevirmək əvəzinə, narkotik vasitələrin əldə edildiyi iddia edilən mənbənin həmin prosesdə araşdırılmasını (yuxarıda 30-cu bəndə bax); əməliyyat məlumatı verən şəxslərin (əgər bunlar həqiqətən olubsa) müəyyən edilməsini, çağrılmasını və dindirilməsini; və narkotik vasitələrin büküldüyü qablaşdırma üzərində barmaq izi ekspertizasının təyin edilməsini xahiş edib.
34. Bundan başqa, ərizəçi bildirib ki, onun üzərində aparılan şəxsi axtarış məhkəmə qərarı olmadan həyata keçirilib və onun ailəsinə zəng etmək və vəkilini axtarışda iştirak etmək üçün dəvət etmək barədə vəsatəti rədd edilib.
35. Ərizəçi həmçinin, 18 yanvar 2010-cu il tarixli ekspert rəyinin etibarsız olduğunu iddia edib. O, xüsusilə bildirib ki, rəy, yuxarıda qeyd olunan ümumi sağlamlıq və narkoloji ekspertiza rəyi ilə (yuxarıda 26-cı bəndə bax) ziddiyyət təşkil edir, çünki qan və sidik nümunələrində tapıldığı iddia edilən narkotik maddələrin (yuxarıda 23-cü bəndə bax) onun psixoloji və fiziki vəziyyəti üzərində ciddi təsiri olardı, halbuki, ümumi sağlamlıq və narkoloji ekspertiza rəyinə əsasən, psixoloji vəziyyəti stabil olub, səhhətində heç bir problem olmayıb və narkotik istifadəçisi olmayıb (yuxarıda 26-cı bəndə bax); müvafiq olaraq o, qan və sidik nümunələrinin təkrar araşdırılmasının və onların tərkibində olan narkotik vasitələrin səviyyəsinin müəyyən edilməsinin vacib olduğunu iddia edib. Ərizəçi bildirib ki, qan və sidik nümunələrinin bu cür təkrar araşdırılması, rəydə onların saxtalaşdırıldığını aşkara çıxaracaq.
36. O, həmçinin iddia edib ki, 18 yanvar 2010-cu il tarixli ekspertiza rəyinə əlavə edilmiş qrafiklərə əsasən, aşkar edilmiş narkotik maddələrin səviyyəsi, əgər, həqiqətən də, ərizəçinin bədənində olsaydı, öldürücü olardı.
37. Bundan əlavə, ərizəçi, daxili qanunvericiliyə əsasən, onun qanında narkotik maddələrin izlərinin araşdırılması üçün müstəqil ekspertizadan keçmək haqqının olmadığını, müraciət edilən tibbi laboratoriyaların heç birinin onun hüquqi nümayəndəsi İ.Ə.-yə verilmiş qan nümunəsinin ekspertiza edilməsinə razılıq vermədiyini bildirib. Ərizəçi məhkəmə qarşısında həmin nümunə üzrə ekspertizanın təyin edilməsi barədə vəsatət qaldırıb. O, həmçinin, məhkəmə qarşısında saçında (o cümlədən bədən tüklərində) və dırnaqlarında narkotik izlərinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət qaldırıb. Ərizəçi narkotik maddələrin izlərinin insanın saçında və dırnaqlarında iki ilə qədər qaldığını və belə bir alternativ ekspertizanın onun narkotikdən istifadə etmədiyini sübut edəcəyini iddia edib.
38. Yuxarıda göstərilən bütün vəsatətlər Qaradağ Rayon Məhkəməsi tərəfindən rədd edilib.
39. Məhkəmə qərara alıb ki, ərizəçinin narkotik vasitələri əldə etdiyi iddia edilən mənbə ilə bağlı məsələnin eyni icraatda araşdırılmasına ehtiyac yoxdur, çünki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən başlanan cinayət təqibi üzrə icraatın ayrılması (bax: yuxarıda 30-cu bənd) “ərizəçiyə qarşı aparılan cinayət təqibi üzrə icraatın araşdırılması ilə bağlı heç bir çətinlik yaratmayıb”.
40. Məhkəmə həmçinin bildirib ki, əməliyyat məlumatı verən şəxslərin dindirilməsinin də heç bir faydası yoxdur, çünki, həmin şəxslərin verdiyi məlumatlar “ərizəçiyə qarşı cinayət təqibi üçün əsas olmayıb”.
41. Məhkəmənin hansı əsaslarla ərizəçinin barmaq izlərinin ekspertizasının təyin edilməsi barədə vəsatətini rədd etdiyi iş materiallarından aydın olmur.
42. Bundan əlavə, məhkəmə müəyyən edib ki, 18 yanvar 2010-cu il tarixli ekspert rəyinin etibarlılığına şübhə etmək üçün heç bir əsas yoxdur. Məhkəmə həmçinin bildirib ki, narkotik vasitələrin izlərinin insanın saçında yalnız bir neçə həftə və ya ay ərzində, dırnaqlarında isə 136 günə qədər qalması “elmi əsaslarla” təsdiqlənib. Buna görə də məhkəmə belə qərara gəlib ki, ərizəçinin saç və dırnaqlarının ekspertizasının heç bir faydası yoxdur, çünki, onun qan və sidik nümunələrində narkotik vasitələrin izlərinin aşkar edilməsindən beş aydan çox vaxt keçib; üstəlik, Azərbaycanda tələb olunan saç və dırnaq ekspertizasının aparılması üçün texniki imkanlar yoxdur. Məhkəmə bu qənaətə yuxarıda adı çəkilən ekspert G.H.-ni dindirdikdən sonra gəlib (aşağıda 50-52-ci paraqraflara bax).
43. Ərizəçinin onun üzərində şəxsi axtarışın məhkəmə qərarı olmadan aparılması ilə bağlı arqumentinə gəldikdə, məhkəmə bildirib ki, daxili qanunvericiliyə əsasən, cəzaçəkmə müəssisəsi orqanları tərəfindən məhkumlar üzərində şəxsi axtarışın aparılmasına belə bir qərar tələb edilmir.
2. Məhkəmə tərəfindən dindirilən şahidlər
44. İşə baxılarkən Qaradağ Rayon Məhkəməsi tərəfindən bir sıra şahidlər dindirilib.
45. Cəzaçəkmə müəssisəsinin əməkdaşı K.S. və cəzaçəkmə müəssisəsinin rəhbəri A.Ag. ərizəçinin şəxsi və kamerasındakı axtarışın, onun narkotik vasitələrdən istifadə əlamətlərini nümayiş etdirməsi ilə bağlı aldıqları “əməliyyat məlumatı”na əsasən aparıldığı haqqında ifadə veriblər.
46. A.Ag. həmçinin ərizəçinin iddialarının yalan olduğunu bildirib. Xüsusilə, qeyd edib ki, 2009-cu ilin iyun ayında cəzaçəkmə müəssisəsində heç bir qiyam baş verməyib və ərizəçi heç bir hücuma və ya təxribata məruz qalmayıb və onun narkotik vasitələrdən istifadə edib-etmədiyinə dair aralarında sorğu-sual olmayıb.
47. K.S. və cəzaçəkmə müəssisəsinin bir neçə başqa əməkdaşı (A.Ab., B.G., A.Ah., Fa.S., Fe.S. və E.İ.), hal şahidləri İ.İ., Ş.S., A.B. və T.D., məhbuslar İ.Z., G.A., F.G. və S.S. (yuxarıda 11-12-ci bəndlərə bax) öz ifadələrində ərizəçinin üzərində aparılan şəxsi axtarışı və onun yatdığı kamerada aparılan axtarışı təsvir ediblər.
48. Bundan əlavə, K.S. və A.Ag. bildirib ki, cəzaçəkmə müəssisəsinin binasında hər hansı üçüncü şəxsin ərizəçinin üzərinə narkotik vasitə yerləşdirməsi mümkün deyildi. Məhkum A.N. cəzaçəkmə müəssisəsindəki yataqxanalara mühafizəçilərin nəzarət etdiyini və üçüncü şəxslərin məhbusların paltarlarına müdaxilə etməsi barədə eşitmədiyini deyib. O, həmçinin bildirib ki, ərizəçinin hamama girməzdən əvvəl paltarlarını yuyunma yerindən kənarda qoyub getdiyi hallar olub. Lakin digər məhkumlar O.B., R.M. və Az.Ah. ifadə veriblər ki, ərizəçinin hamama girməzdən əvvəl paltarlarını yuyunma yerindən kənarda qoymaq kimi bir vərdişi olmayıb və onları duş qəbul etdiyi otaqda saxlayıb.
49. O.B. həmçinin, ifadə verib ki, ərizəçi bir dəfə onunla təkbətək söhbətində Fətullayev işi üzrə Məhkəmənin hökm çıxarmasını gözləyərkən (yuxarıda qeyd olunub) özünü yorğun və psixoloji təzyiq altında hiss etdiyini və mümkün olarsa, məmnuniyyətlə, narkotikdən istifadə edəcəyini, eləcə də əvvəllər, hərbi xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyini deyib. O.B. həmçinin bildirib ki, ərizəçini 2009-cu ilin iyun və ya iyul aylarında narkotik vasitələrin təsiri altında görüb. O.B. özü narkotik istifadəçisi olduğu üçün narkotik maddə təsirinin əlamətlərini bildiyini deyib.
50. Ekspertlər öz rəylərinin nəticəsini təsdiq ediblər (yuxarıda 17, 23-24 və 26-27-ci paraqraflara bax).
51. Əlavə olaraq, ekspert G.H. nümunələrdə aşkar edilmiş narkotik maddələrin səviyyəsinin həqiqətən də, onun orqanizmində olsaydı, öldürücü olacağına dair ərizəçinin arqumentinə toxunaraq müdafiə tərəfinin 18 yanvar 2010-cu il tarixli ekspert rəyinin mənasını səhv başa düşdüyünü bildirib – belə ki, rəyə əlavə edilmiş qrafiklər ərizəçinin qan və sidik nümunələrində aşkar edilmiş narkotik maddələrin səviyyəsini nümayiş etdirməyib. Sözügedən qrafiklər, yalnız hansı narkotik maddələrin aşkar edildiyini göstərib. Ekspertlərdən heç vaxt həmin maddələrin səviyyəsini müəyyən etmək tələb olunmayıb.
52. Müdafiə tərəfinin müvafiq suallarına cavab olaraq G.H. həmçinin, ərizəçidən götürülmüş nümunələrin bəzi hissələrinin ekspert qurumunun sərəncamında qaldığını və hələ də sınaqdan keçirilə biləcəyini; və narkotik vasitələrin insanın saçında iki ilə qədər aşkar edilə biləcəyini bildirib.
3. Ərizəçinin məhkum edilməsi və apellyasiya şikayətləri
53. 6 iyul 2010-cu il tarixdə Qaradağ Rayon Məhkəməsi, ittiham aktına uyğun olaraq, ərizəçinin narkotik vasitələri qanunsuz saxlamasına dair hökm çıxardıb. Ərizəçini təqsirli hesab edən məhkəmə, yuxarıda qeyd olunan ekspert rəylərinə (yuxarıda 17, 23-24 və 26-27-ci bəndlərə bax) və şahid ifadələrinin əksəriyyətinə əsaslanıb (məhkəmə A.N.-nin ərizəçinin hamama girməzdən əvvəl paltarlarını yuyunma yerindən kənarda qoyması hallarının olması barədə verdiyi ifadəni və yuxarıda 52-ci bənddə qeyd olunan G.H. tərəfindən verilmiş ekspert ifadəsini nəzərə almayıb).
54. Məhkəmə ərizəçinin “Mediaforum”da dərc olunmuş məqalələrini də araşdırıb (9-cu bəndə bax) və müəyyən edib ki, 21 dekabr 2009-cu ildə dərc olunmuş məqalədə “təqsirləndirilən şəxsin dediyi kimi onun yenidən həbs olunması təhlükəsinə işarə olunan konkret məqamlar yoxdur”. Cəzaçəkmə müəssisəsinin rəhbərinin ifadəsi əsasında (yuxarıda 46-cı bəndə bax) məhkəmə həmçinin müəyyən edib ki, ərizəçinin 2009-cu ilin iyununda qiyam baş verməsi və onun hücumlara və təxribatlara məruz qalması ilə bağlı iddiaları (10-cu bəndə bax) yanlışdır. Bundan başqa, məhkəmə bildirib ki, jurnalist Elmar Hüseynovun ölümü ilə bağlı ərizəçinin iddialarını araşdırmağa ehtiyac yoxdur (yenə orada), çünki bu iddialarla ərizəçiyə qarşı açılmış cinayət işi arasında səbəb-nəticə əlaqəsi yoxdur. Nəticə etibarilə, məhkəmə ərizəçinin üzərinə narkotik vasitələrin hakimiyyət orqanları tərəfindən yerləşdirilməsi və ona qarşı cinayət işinin uydurma olması ilə bağlı arqumentlərini rədd edib.
55. Məhkəmə ərizəçini iki il altı ay müddətinə azadlıqdan məhrum edib.
56. Ərizəçi hökmdən apellyasiya şikayəti verib. O, əvvəlki arqumentlərini təkrarlamaqla, Qaradağ Rayon Məhkəməsinin onun vəsatətlərini rədd etməsindən şikayət edib. İş materiallarından görünür ki, ərizəçi yeni vəsatətlər qaldırıb (xüsusən də, barmaq izlərinin ekspertizası, saç və dırnaqlarında narkotik maddələrin izlərinin araşdırılması ilə bağlı vəsatətlər).
57. Ərizəçinin şikayəti Apellyasiya Məhkəməsi tərəfindən “məhkəmə istintaqı aparılmadan” araşdırılıb. 25 yanvar 2011-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməyib və Qaradağ Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi ilə eyni əsaslarla ərizəçinin vəsatətlərini rədd edib.
58. Ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq kassasiya şikayəti verib.
59. 3 noyabr 2011-ci il tarixdə Ali Məhkəmə şikayəti əsassız sayaraq rədd edib və aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.
D. Ərizəçinin nümayəndəsinin ofisində axtarış və götürmə
60. 8 avqust 2014-cü il tarixdə ərizəçini Məhkəmədə təmsil edən cənab Əliyevə qarşı cinayət təqibi başlanıb. Həmin cinayət təqibi nümayəndənin Məhkəməyə verdiyi ayrıca şikayətin predmeti olub (bax: Əliyev Azərbaycana qarşı, № 68762/14 və 71200/14, 20 sentyabr 2018-ci il). 8 və 9 avqust 2014-cü il tarixlərdə istintaq orqanları cənab Əliyevin ofisindən çoxlu sayda sənədləri, o cümlədən, Məhkəmədə baxılan ərizələrlə bağlı cənab Əliyevin nümayəndə kimi ixtiyarında olan bütün iş materiallarını da götürüb. Hazırkı işə aid material da bütövlükdə götürülüb. Götürmə və müvafiq icraatla bağlı faktlar Ənnağı Hacıbəyli Azərbaycana qarşı (№ 2204/11, §§ 21-28, 22 oktyabr 2015-ci il) işdə daha ətraflı təsvir edilib.
61. 25 oktyabr 2014-cü ildə götürülmüş sənədlərin bir qismi cənab Əliyevin vəkilinə qaytarılıb.
E. Sonrakı hadisələr
62. Ərizəçi 2011-ci ilin mayında onun narkotik vasitələrin qanunsuz saxlanmasına görə aldığı iki il yarımlıq azadlıqdan məhrumetmə cəzasını ləğv edən prezidentin əfv fərmanından sonra azadlığa buraxılıb.
63. Məhkəməyə təqdim edilmiş materiallardan belə görünür ki, 2011-ci ilin noyabr ayı üçün ərizəçinin üzərində aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək məqsədilə başlanmış yuxarıda qeyd olunan ayrıca cinayət təqibi üzrə icraat (yuxarıda 30-cu bəndə bax) hər hansı sonrakı inkişaf olmadan gözləməkdədir.
MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ SƏNƏDLƏR
64. 2000-ci il Cinayət-Prosessual Məcəlləsinin (“CPM-in”) 37-ci maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulub:
Maddə 37. Cinayət təqibinin növləri
“37.1. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.
37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 132-134, 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.
…
37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.”
65. CPM-in 92-ci maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulub:
Maddə 92. Müdafiəçi
“92.9. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçi aşağıdakı hüquqları həyata keçirir:
…
92.9.9. … cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək;
92.9.10. cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə tanış olmaq …”
66. CPM-in 264-cü maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulub:
Maddə 264. Ekspertizanın aparılması əsasları
“264.3. Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir.”
67. CPM-in 323-cü maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulub:
Maddə 323. Məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli
“323.1. Məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin aşağıdakı məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırır:
…
323.1.2. əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında;
323.1.3. ekspertizanın təyin edilməsi haqqında;
…
323.7. Məhkəmə öz təşəbbüsü ilə … ekspertizanın təyin edilməsi, … habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir.”
68. CPM-in 331-ci maddəsinin müvafiq hissələrində aşağıdakılar nəzərdə tutulub:
Maddə 331. Məhkəmə baxışında ekspertiza
“331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir.
…
331.3. Ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir.
331.4. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza təyin edilmədikdə cinayət prosesinin tərəfləri məhkəmə baxışında ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldıra bilərlər.”
69. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər üzrə İdarəsi tərəfindən buraxılmış “Saç, Tər və Ağız Mayelərində Beynəlxalq Nəzarət altında Narkotik Vasitələrin Sınaqdan Keçirilməsi üçün Təlimatlar”dan çıxarış, 2014:
“Saç analizi indi narkotik vasitələrlə əlaqəli tarixçəni araşdırmaq üçün ən səmərəli vasitə hesab olunur, xüsusən, istifadə müddəti nümunə götürülməmişdən bir neçə gün və ya hətta aylar əvvəlinə qədər sınaqdan keçirilməlidirsə. Bu səbəbdən, “Society of Hair Testing” kimi beynəlxalq assosiasiyaların son təkliflərindən sonra saç analizi təkcə məhkəmə toksikologiyası və təbabətində əsas vasitə kimi deyil, həm də nümunə götürməzdən əvvəlki aylar ərzində imtina etdiyini iddia edən subyektlərdə qeyri-qanuni narkotik vasitələrin izlərini tapmaq üçün bir üsul kimi də çıxış edə bilər. Saç analizindəki irəliləyişlərdən sonra tər və ağız mayesi kimi digər “alternativ bioloji nümunələr” spesifik hallarda lazımi məlumatı verə bildikləri üçün məhkəmə ekspertizası nümunələri kimi populyarlıq qazanıb. Cədvəl 1-də göstərildiyi kimi, bu alternativ matrislər müxtəlif aşkarlama perspektivləri təklif edir. Onlar əksər hallarda ənənəvi qan və sidik testləri ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqli metabolik profillər göstərir.
Cədvəl 1. Müxtəlif bioloji matrislərdə narkotik vasitələrin aşkarlanması perspektivləri
Nümunə Aşkarlama perspektivi
Qan (serum) – Bir neçə saatdan 1-2 günə qədər
Sidik – Bir neçə saatdan 3 günə qədər
Ağız mayesi – Bir neçə saatdan 1-2 günə qədər (və ya əsas narkotik vasitələr üçün daha çox)
Tər (yamaq) – həftələr
Saç – Aylar/illər…”
HÜQUQ
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN PİOZUNTUSU İDDİASI
70. Ərizəçi, ona qarşı aparılan cinayət təqibinin Konvensiyanın 6-cı maddəsini pozmasından, süni və uydurma sübutlar əsasında məhkum edilməsində və onun əleyhinə olan sübutlara effektiv şəkildə etiraz etmək və ya öz xeyrinə sübutlar təqdim etmək imkanının verilməməsindən şikayət edib. Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsində deyilir:
“1. Hər kəs … ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən … işinin ədalətli … araşdırılması hüququna malikdir.”
A. Qəbuledilənlik
71. Məhkəmə qeyd edir ki, bu şikayət açıq-aşkar əsassız və ya Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
72. Ərizəçi bildirib ki, ona qarşı əsas sübut – narkotik vasitələr onun üzərinə yerləşdirilib. O, xüsusilə qeyd edib ki, cəzaçəkmə müəssisəsində onun şəxsi əşyalarına narkotik vasitələrin yerləşdirilməsi üçün bir sıra imkanlar mövcud olub. Nə işi aparan müstəntiq, nə də yerli məhkəmələr onun cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə narkotik vasitələri necə əldə etməsini araşdırmayıb. Bundan əlavə, ona bu sübutlara effektiv şəkildə etiraz etmək və ya öz xeyrinə sübutlar təqdim etmək imkanı verilməyib, çünki onun qaldırdığı müvafiq vəsatətlər (yuxarıda 32-33-cü bəndlərə bax) daxili məhkəmələr tərəfindən təmin edilməyib.
73. Ərizəçi həmçinin bildirib ki, ona qarşı digər mühüm sübut olan 18 yanvar 2010-cu il tarixli ekspertiza rəyi (yuxarıda 23-cü bəndə bax) etibarsızdır. O, xüsusilə iddia edib ki, həmin rəy sağlamlıq və narkoloji ekspertiza rəyi ilə (yuxarıda 26-cı bəndə bax) ziddiyyət təşkil edir, çünki qan və sidik nümunələrində tapıldığı iddia edilən narkotik maddələrin, onun psixoloji və fiziki vəziyyəti üzərində ciddi təsiri olardı, halbuki, ümumi sağlamlıq və narkoloji ekspertiza rəyinə əsasən, psixoloji vəziyyəti stabil idi, səhhətində heç bir problem yox idi və narkotik istifadəçisi olmayıb; o, bundan əlavə, iddia edib ki, əgər yerli məhkəmələr onun nümunələrin tərkibindəki narkotik vasitələrin səviyyəsini müəyyən etmək üçün təkrar ekspertizanın keçirilməsinə dair vəsatətini təmin etsəydi, nəticələr, həmin nümunələrin saxtalaşdırıldığını aşkar edərdi. Əlavə olaraq, ona 18 yanvar 2010-cu il tarixli ekspert rəyinə effektiv şəkildə etiraz etmək və ya öz arqumentlərini təsdiq edən ekspert sübutlarını təqdim etmək imkanı verilməyib, çünki, birincisi, daxili qanunvericiliyə əsasən, onun ittiham tərəfindən fərqli olaraq, müstəqil şəkildə ekspertizadan keçmək hüququ yox idi və ikincisi, onun qaldırdığı müvafiq vəsatətlər (yuxarıda 35 və 37-ci bəndlərə bax) daxili məhkəmələr tərəfindən təmin edilməyib.
74. Bundan başqa, ərizəçi bildirib ki, onun üzərində aparılan şəxsi axtarış məhkəmə qərarı olmadan həyata keçirilib və onun ailəsinə zəng etmək və vəkilini axtarışda iştirak etmək üçün dəvət etmək barədə vəsatəti rədd edilib.
75. Hökumət bildirib ki, ərizəçiyə qarşı cinayət təqibi ədalətli aparılıb. Onlar xüsusilə iddia edib ki, yerli məhkəmələrin hökm və qərarları əsaslandırılıb, eləcə də qanuni, qərəzsiz və hərtərəfli qiymətləndirilmiş sübutlara əsaslanıb. Ərizəçi ittiham tərəfindən bütün şahidləri, o cümlədən, bütün ekspertləri çarpaz dindirmək və öz şahidlərini çağırmaq imkanına malik olub. Ərizəçi, 30 dekabr 2009-cu ildə ondan götürülmüş qan və sidik nümunələrinin müstəqil ekspertizasını təyin edə bilməsə də, onun hüquqi nümayəndəsi özü, yeni nümunələr toplayıb, ölkədə mövcud olan çoxsaylı tibb müəssisələrindən və ya laboratoriyalardan birində ekspertiza aparılması üçün təqdim edə bilərdi.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Müvafiq prinsiplər
76. 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, ilk növbədə milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan, sübutların qəbuledilənliyinə dair heç bir qayda müəyyən etmir (bax, bir çox başqaları arasında, Moreira Ferreira Portuqaliyaya qarşı (№ 2) [BP], № 19867/12, § 83, 11 iyul 2017-ci il).
77. Buna görə də, prinsip olaraq, sübutların xüsusi növlərinin – məsələn, daxili qanunvericilik baxımından qanunsuz əldə edilmiş sübutların – qəbuledilən olub-olmadığını müəyyən etmək Məhkəmənin rolu deyil. Cavab verilməli olan sual sübutların əldə edilmə üsulu daxil olmaqla, bütövlükdə, məhkəmə prosesinin ədalətli olub-olmamasıdır. Bu, sözügedən qanunsuzluğun araşdırılmasını və başqa Konvensiya hüququnun pozulmasından söhbət gedirsə, aşkar edilmiş pozuntunun xarakterini əhatə edir (bax, bir çox başqaları arasında, Lisica Xorvatiyaya qarşı, № 20100/06, § 48, 25 fevral 2010-cu il).
78. Prosesin bütövlükdə ədalətli olub-olmadığını müəyyən edərkən müdafiə tərəfinin hüquqlarına hörmət edilib-edilməməsi də nəzərə alınmalıdır. Xüsusilə, ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onların istifadəsinə qarşı çıxmaq imkanı verilib-verilmədiyi araşdırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, onların əldə edildiyi hallar və bu halların onların etibarlılığı və ya dəqiqliyi üzərinə şübhə salıb-salmaması da nəzərə alınmalıdır. Əldə edilmiş sübutların başqa materiallar tərəfindən dəstəklənmədiyi hallarda ədalətliliklə bağlı hər hansı bir problem mütləq olaraq meydana çıxmasa da, qeyd etmək olar ki, sübut çox güclüdürsə və onun etibarsız olması riski yoxdursa, əlavə sübuta ehtiyac da müvafiq olaraq daha zəifdir (bax: bir çox başqaları arasında, Bykov Rusiyaya qarşı [GC], № 4378/02, § 90, 10 mart 2009-cu il). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutların cinayət prosesinin nəticəsi üçün həlledici olub-olmamasına da əhəmiyyət verir (bax, bir çox başqaları arasında, Vukota-Bojić İsveçrəyə qarşı, № 61838/10, § 95, 18 oktyabr 2016-cı il).
79. Məhkəmə həmçinin xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında ədalətli məhkəmə araşdırması konsepsiyasına tərəflər arasında “ədalətli balans” tələb edən tərəflərin bərabərliyi prinsipi daxildir: hər bir tərəfə öz iddiasını rəqibi qarşısında əlverişsiz vəziyyətə düşməyəcək şəraitdə təqdim etmək üçün ağlabatan imkan yaradılmalıdır (bax, bir çox başqaları arasında, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 19, 26 yanvar 2017-ci il).
80. 6-cı maddə müdafiə tərəfinə sübut toplamaqda ittiham tərəfi ilə eyni hüquqların verilməsini tələb edəcək qədər irəli getməsə də, təqsirləndirilən şəxs ittiham tərəfi ilə “eyni şərtlər altında” sübutları axtarmaq və təqdim etmək hüququna malik olmalıdır. Aydındır ki, bu “şərtlər” hər cəhətdən eyni ola bilməz; məsələn, müdafiə tərəfi ittiham tərəfi ilə eyni axtarış və götürmə səlahiyyətlərinə malik ola bilməz. Bununla belə, 6-cı maddənin 3 (d) bəndinin mətnindən göründüyü kimi, müdafiə tərəfinin öz adından şahidlər çağırmaq və ya başqa sübutlar təqdim etmək kimi fəal şəkildə müdafiəni həyata keçirmək imkanı olmalıdır (bax: Xodorkovski və Lebedev Rusiyaya qarşı , № 11082/06 və 13772/05, § 728, 25 iyul 2013-cü il).
81. Tərəflərin bərabərliyi prinsipi məhkəmə icraatında ekspertizaların təyin edilməsi ilə bağlı məsələlərə də aiddir (bax: Xodorkovski və Lebedev Rusiyaya qarşı (№ 2), № 42757/07 və 51111/07, § 499, 14 yanvar 2020-ci il). Sözügedən ekspertizaların tərəflərdən birinin istəyi ilə təyin edilməsi, prosesi ədalətsiz hesab etmək üçün kifayət etmir. Baxmayaraq ki, bu fakt həmin ekspertizaların neytrallığı ilə bağlı suallar doğurur, bu cür suallar müəyyən əhəmiyyət kəsb etsə də, həlledici deyil. Həlledici olan ekspertlərin məhkəmə prosesi boyu tutduqları mövqe, onların öz funksiyalarını necə yerinə yetirməsi və hakimlərin həmin ekspertlərin təqdim etdiyi ekspert rəyini necə qiymətləndirməsidir. Ekspertlərin prosessual mövqeyini və onların icraatdakı rolunu müəyyən edərkən Məhkəmə onu nəzərə alır ki, məhkəmə tərəfindən təyin edilmiş hər hansı ekspert rəyi həmin ekspertin səlahiyyətinə aid olan məsələlərin məhkəmə tərəfindən qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edə bilər (bax Şulepova Rusiyaya qarşı, № 34449/03, § 62, 11 dekabr 2008-ci il və Poletan və Azirovik keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, № 26711/07 və digər 2 iş, § 94, 12 may 2016-cı il).
82. Ekspert sübutları kontekstində onun qəbuledilənliyinə dair qaydalar müdafiə tərəfini ona effektiv şəkildə etiraz etmək imkanından – xüsusən də, alternativ rəylər və məlumatlar təqdim etmək və ya əldə etmək imkanından məhrum etməməlidir. Müəyyən hallarda maddi sübutların alternativ ekspertizasına icazə verməkdən imtina 6-cı maddənin 1-ci bəndinin pozulması kimi qiymətləndirilə bilər (bax: Stoimenov keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, № 17995/02, § 38, 5 aprel 2007-ci il və Matytsina Rusiyaya qarşı, № 58428/10, § 169, 27 mart 2014-cü il).
83. Məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları, onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavablar verilib (bax, başqaları ilə yanaşı, Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16 və digər 2 iş, § 29, 22 iyul 2021-ci il). Bundan əlavə, Konvensiya ilə təmin edilmiş hüquqlara müdaxilə ilə bağlı işlərdə Məhkəmə, daxili məhkəmələr tərəfindən verilən qərarlar üçün nəzərdə tutulan səbəblərin avtomatik və ya stereotip şəkildə olub-olmadığını da müəyyən etməyə çalışır (bax: yuxarıda qeyd olunan Moreira Ferreira işi, § 84). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ, adətən, yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (bax: Neçiporuk və Yonkalo Ukraynaya qarşı, № 42310/04, § 280, 21 aprel 2011-ci il; Rostomaşvili Gürcüstana qarşı, № 13185/07, § 59, 8 noyabr 2018-ci il; və Zhang Ukraynaya qarşı, № 6970/15, § 73, 13 noyabr 2018-ci il).
(b) Yuxarıda qeyd olunan prinsiplərin hazırkı işə tətbiqi
(i) Araşdırılacaq əsas məsələlər
84. Məhkəmə əvvəlcə qeyd edir ki, ərizəçi, istər ölkədaxili məhkəmə prosesində, istərsə də Məhkəmə qarşısında onun pencəyində və ayaqqabısında narkotik maddələrin tapılması faktını mübahisələndirməyib. Ərizəçinin əsas müdafiə xətti, ona qarşı cinayət işinin uydurma olması və sözügedən narkotik vasitələrin hakimiyyət orqanları tərəfindən onun üzərinə yerləşdirilməsi ilə bağlı arqument üzərində qurulmuşdu (yuxarıda 31-37 və 72-73-cü bəndlərə bax).
85. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin məhkumluğu həlledici dərəcədə iki sübuta – ərizəçinin şəxsi axtarışı zamanı onun üzərində narkotik maddələr olan bağlamaların aşkar edilməsinə və ərizəçidən götürülmüş qan və sidik nümunələrində narkotik maddələrin izləri olduğunu bildirən 18 yanvar 2010-cu il tarixli ekspertiza rəyinə əsaslanıb.
86. Ərizəçiyə qarşı bütün digər dəstəkləyici sübutlar ya müdafiə tərəfinin mübahisələndirmədiyi hallara – ərizəçinin pencəyində və ayaqqabısında narkotik maddələrin tapılması faktına – aid olduğuna görə, ya da şahidlərin şəxsi fikirlərindən ibarət olduğuna görə ikinci dərəcəli əhəmiyyət kəsb edib. 29 dekabr 2009-cu il və 22 yanvar 2010-cu il tarixli ekspert rəylərində sözügedən narkotik vasitələr və/və ya onların ərizəçinin gödəkçəsi və ayaqqabısındakı izləri təsvir edilib (yuxarıda 17 və 24-cü bəndlərə bax). 18 yanvar 2010-cu il tarixli rəyə əsaslanaraq, 19 yanvar 2010-cu il tarixli ekspert rəyi ərizəçinin narkotik istifadəçisi kimi qeydiyyata alınmasını tövsiyə edib (yuxarıda 26-27-ci bəndlərə bax). Yuxarıda adı çəkilən cəzaçəkmə müəssisəsinin əməkdaşlarının, hal şahidlərinin və məhbusların verdiyi şahid ifadələri ya sadəcə olaraq narkotik maddələrin aşkar edildiyi və götürüldüyü anı təsvir edib (yuxarıda 47-ci bəndə bax), ya da onların cəzaçəkmə müəssisəsinin binasında narkotik vasitələrin hər hansı üçüncü şəxs tərəfindən ərizəçinin üzərinə yerləşdirilməsinin qeyri-mümkün olması (yuxarıda 48-ci bəndə bax) və ərizəçinin keçmişdə narkotik vasitələrin təsiri altında göründüyü barədə şəxsi fikirləri təşkil edib (yuxarıda 49-cu bəndə bax).
87. Nəticə etibarilə, Məhkəmə, narkotik vasitələrin ərizəçinin üzərində tapılması və 18 yanvar 2010-cu il tarixli ekspertiza rəyinin verildiyi halların həmin sübutların etibarlılığı üzərinə şübhə salıb-salmadığını, ərizəçiyə sübutların etibarlılığına effektiv şəkildə etiraz etmək və onların daxili məhkəmə proseslərində istifadəsinə qarşı çıxmaq, öz arqumentlərini dəstəkləmək üçün effektiv şəkildə sübutlar təqdim etmək imkanının verilib-verilmədiyini və yerli məhkəmələrin ərizəçinin həlledici ittiham sübutlarına etirazları və digər sübutların toplanması ilə bağlı vəsatətləri ilə bağlı öz qərarlarını kifayət qədər əsaslandırıb-əsaslandırmadığını araşdıracaq.
(ii) Yerli hakimiyyət orqanlarının narkotik vasitələrin tapılması ilə bağlı sübutların etibarlılığına yanaşma tərzi
88. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, ərizəçinin narkotik vasitələrlə bağlı cinayətlərdə iştirak tarixçəsi olmayıb (müqayisə et: İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və digər 5 iş, § 119, 13 fevral 2020-ci il). Onun azadlıqdan məhrumetmə cəzası jurnalist fəaliyyəti ilə bağlı idi (yuxarıda 6-7-ci bəndlərə bax).
89. Məhkəmə həmçinin qeyd edir ki, içərisində narkotik vasitə olan iki bağlama, ərizəçinin narkotik maddələrdən istifadə etməsi ilə bağlı iddia edilən “əməliyyat məlumatı” əsasında onun üzərində aparılmış şəxsi axtarış zamanı aşkar edilib. Bununla belə, nə müvafiq ərizədə, nə sonradan qəbul edilmiş qərarlarda, nə də cəzaçəkmə müəssisəsinin əməkdaşı K.S.-nin və cəzaçəkmə müəssisəsinin rəhbərinin ifadələrində sözügedən əməliyyat məlumatlarının toplanması və alınması ilə bağlı heç bir konkretlik yoxdur (yuxarıda 11 və 45-ci paraqraflara bax). Xüsusən, ərizəçinin iddia edilən əməliyyat məlumatını verən şəxsləri sorğu-sual etməyə icazə verilməsi barədə israrına baxmayaraq (yuxarıda 33-cü bəndə bax), əməliyyat məlumatının cəzaçəkmə müəssisəsi orqanları tərəfindən necə əldə edildiyi naməlum qalıb; həm də məlumatın mənbəyi (məlumat verdiyi iddia edilən şəxslər) və ya həmin mənbənin məlumatı necə əldə etdiyi müəyyən edilməyib (müqayisə et, mutatis mutandis, yuxarıda qeyd olunan İbrahimov və Məmmədov işi, § 120).
90. Bundan əlavə, ərizəçi narkotik vasitə saxlamaqda ittiham olunduğu halda, nə işi aparan müstəntiq, nə də daxili məhkəmələr ərizəçinin sözügedən narkotik vasitələri necə əldə etdiyini müəyyən etməyə çalışmayıb (yuxarıda adı çəkilən İbrahimov və Məmmədov işi ilə müqayisə et, § 130). Ərizəçiyə qarşı cinayət təqibi 2011-ci ilin noyabrında başa çatan zaman, onun üzərində aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün başlanmış cinayət təqibi üzrə icraat da hər hansı inkişaf olmadan gözləməkdə idi (yuxarıda 30 və 43-cü bəndlərə bax).
91. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin üzərində aparılan şəxsi axtarış cəzaçəkmə müəssisəsinin ərazisində aparılıb – bu, o deməkdir ki, ərizəçi rəsmilərin tam nəzarəti altında idi. Belə olan halda, Məhkəmə ərizəçinin şəxsi əşyalarına, o cümlədən, ayaqqabısına və gödəkçəsinə narkotik vasitələrin yerləşdirilməsi üçün çoxlu imkanların olması barədə arqumentini ağlabatan hesab edir. Ərizəçi azadlıqdan məhrumetmə cəzasını çəkdiyi üçün cəzaçəkmə müəssisəsinin ərazisində axtarışa məruz qalıb. Deməli, axtarışın cəzaçəkmə müəssisəsində aparılması faktı, dəyişdirilə bilməyən obyektiv şəraitdə baş verib. Buna baxmayaraq, bu fakt hazırkı işdə həlledici sübutların etibarlılığını qiymətləndirərkən Məhkəmə tərəfindən nəzərə alınmalı elementdir (müqayisə et, mutatis mutandis, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 53, 12 noyabr 2015-ci il, və Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il, bu işlərdə ərizəçilər yalnız polis tərəfindən saxlanıldıqdan və polisin tam nəzarəti altında olduqdan sonra axtarışa məruz qalıb və Məhkəmə müəyyən edib ki, polisin saxlamadan dərhal sonra ağlabatan səbəb olmadan axtarış aparmaması sübutların “yerləşdirilməsi” ilə bağlı legitim suallar doğurur və Konvensiyanın 6-cı maddəsini pozur).
92. Ərizəçinin şəxsi axtarışı zamanı hal şahidlərinin iştirakı ilə bağlı məsələyə gəldikdə, bu, onun şəxsi əşyalarına narkotik vasitələrin və ya digər ittihamedici sübutların əvvəlcədən yerləşdirilməsinə qarşı təminat kimi çıxış edə bilməz (bax: yuxarıda adı çəkilən İbrahimov və Məmmədov işi, § 127). İbrahimov və Məmmədov işində (yuxarıda adı çəkilən). Məhkəmə İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftarın və ya Cəzanın Qarşısının alınması üzrə Avropa Komitəsinin Azərbaycana səfər edən nümayəndə heyətinin rəsmi axtarış və götürmələrə hal şahidləri gəlməzdən əvvəl saxlanılan şəxslərin əşyalarına narkotik vasitələrin və ya digər ittihamedici sübutların yerləşdirilməsi ilə bağlı bir sıra ardıcıl müşahidələrini nəzərə alır (yenə orada, §§ 83 və 127). Qeyd olunan müşahidələr, 2016-cı ildə, hazırkı işin hallarından bir neçə il sonra aparılsa da, Məhkəmə, həmin müşahidələrin ümumi mahiyyətini nəzərə alaraq, onları hazırkı işin araşdırılması üçün vacib hesab edir.
93. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi, inter alia, məhkəmələrdən onun narkotik vasitələrdən istifadə etdiyini bildirən “əməliyyat məlumatlarını” təqdim etdiyi iddia edilən şəxslərin müəyyən edilməsi, çağırılması və dindirilməsi, narkotik vasitələrin əldə edildiyi iddia edilən mənbənin araşdırılması və narkotiklərin büküldüyü qablaşdırma üzərində barmaq izi ekspertizasının təyin edilməsi barədə vəsatətlər qaldıraraq, ona qarşı həlledici sübutların etibarlılığını mübahisələndirməyə çalışıb. Ərizəçinin vəsatətləri onun müdafiə xəttinə aid olan mühüm arqumentlərlə əsaslandırılıb (yuxarıda 31-33 və 84-cü bəndlərə bax).
94. Buna baxmayaraq, yerli məhkəmələr heç bir adekvat və aydın səbəb olmadan həmin vəsatətləri təmin etməkdən imtina edib. Əksinə, bəzi hallarda məhkəmələr ümumi şəkildə qərara gəlib ki, ərizəçinin vəsatətlərinin təmin edilməsinin işin araşdırılması üçün faydası olmayacaq (yuxarıda 39-40-cı bəndlərə bax), digərlərində isə sadəcə olaraq, həmin vəsatətlərin təmin edilməməsi üçün heç bir səbəb göstərməyib (ərizəçinin barmaq izi ekspertizasının təyin edilməsi barədə vəsatəti ilə bağlı yuxarıdakı 43-cü bəndə bax). Məhkəmənin fikrincə, ərizəçinin yuxarıda qeyd olunan vəsatətlərində qaldırdığı məsələlərin, xüsusən də, barmaq izi ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətinin araşdırılması, narkotik vasitələrin onun üzərinə yerləşdirilib-yerləşdirilməməsi məsələsinə aydınlıq gətirə bilərdi.
95. Yuxarıdakıları nəzərə alan Məhkəmə hesab edir ki, narkotik vasitələrin ərizəçinin üzərində tapıldığı hallar ona qarşı bu həlledici sübutların etibarlılığı üzərinə şübhə salıb. Bundan əlavə, ərizəçi sözügedən sübutların etibarlılığına effektiv şəkildə etiraz etmək və onun daxili məhkəmə proseslərində istifadəsinə qarşı çıxmaq, eləcə də öz xeyrinə sübutlar təqdim etmək imkanından məhrum edilib. Əlavə olaraq, ərizəçinin vəsatətlərini təmin etməkdən imtina edərkən daxili məhkəmələr onun əsaslandırılmış qərara olan hüququnu pozub.
(iii) Ərizəçinin qan və sidik nümunələrində narkotik vasitələrin iddia edilən izləri ilə bağlı ekspert sübutlarına rəsmi qurumların yanaşma tərzi
96. Ərizəçidən 18 yanvar 2010-cu il tarixdə götürülmüş qan və sidik nümunələrində narkotik vasitələrin izlərinin olduğunu bildirən ekspert rəyi, ittihamedici sübuta yaxın olub. Həmin rəy işi aparan müstəntiq tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilib (yuxarıda 19-cu bəndə bax; həmçinin yuxarıda adı çəkilən Stoimenov işi ilə müqayisə et, §§ 38-42). Buna görə də tərəflərin bərabərliyi prinsipi tələb edirdi ki, ərizəçiyə həmin sübutlara effektiv şəkildə etiraz etmək və öz xeyrinə əks sübutlar təqdim etmək imkanı verilsin.
97. Məhkəmə bununla bağlı qeyd edir ki, müstəntiqin göstərişi ilə ərizəçidən qan və sidik nümunələri götürülərkən, ərizəçinin hüquqi nümayəndəsinə 5 millilitrlik qan nümunəsi verilib (yuxarıda 21-ci bəndə bax). Lakin müdafiə tərəfi həmin nümunədən istifadə edə bilməyib. Belə ki, CPM-ə əsasən, ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi zamanı müdafiə tərəfinin müstəqil ekspertiza təyin etmək hüququ yox idi (yuxarıda 64-66-cı bəndlərə bax; həmçinin, yuxarıda adı çəkilən Xodorkovski və Lebedev işi ilə müqayisə et, §§ 729-30). Bundan əlavə, qan nümunəsinin narkotik vasitələrin izlərinə dair ekspertizası xüsusi mürəkkəb metodologiya və mexanizm tələb edirdi (yuxarıda 23-cü bəndə bax) və ərizəçinin fikrincə, müdafiə tərəfinin müraciət etdiyi tibbi laboratoriyalar sözügedən qan nümunəsinin ekspertizadan imtina edib (yuxarıda 21 və 37-ci bəndə bax). Hətta müdafiə tərəfinin tələb olunan ekspertizanı həyata keçirməyə səriştəli və istəkli bioloji, kimyəvi və ya digər laboratoriya tapa biləcəyini fərz etsək belə, müdafiə tərəfinin sifarişi ilə xüsusi ekspert tərəfindən nəzarətsiz şəraitdə aparılan bu cür ekspertizanın məhkəmənin özü və ya ittiham tərəfindən təyin edilmiş ekspertizanın dəyəri ilə müqayisəyə gələ bilən sübut dəyərinə malik olacağı şübhə doğurur. Eyni şeyi ərizəçinin həyata keçirilməsini istədiyi hər hansı digər ekspertiza – müstəntiqin göstərişi ilə ondan götürülmüş qan və sidik nümunələrinin təkrar ekspertizası, eləcə də saç və dırnaqların narkotik vasitələrin izlərinin araşdırılması barədə də demək olar.
98. CPM-ə əsasən (yuxarıda 67-68-ci bəndlərə bax), müdafiə tərəfi daxili məhkəmələrdə yuxarıda qeyd olunan ekspertizaların təyin edilməsi barədə vəsatət qaldırmaqla 18 yanvar 2010-cu il tarixli ekspert rəyini mübahisələndirə bilərdi. Bununla belə, bu cür yeni ekspertizaya nail olmaq üçün müdafiə tərəfi yerli məhkəmələri ittiham tərəfinin təqdim etdiyi ekspert rəyinin natamam və ya qüsurlu olduğuna inandırmalı idi (müqayisə et, mutatis mutandis, yuxarıda adı çəkilən Xodorkovski və Lebedev işi, § 730). Ərizəçi buna cəhd edib (yuxarıda 35 və 37-ci bəndə bax) və alternativ ekspertizaların keçirilməsinin zəruriliyini sübut etmək üçün müvafiq mühüm arqumentlər irəli sürüb. O, xüsusilə, qan və sidik nümunələrində narkotik vasitələrin izləri ilə bağlı 18 yanvar 2010-cu il tarixli eskpert rəyinin ümumi sağlamlıq və narkoloji ekspertiza ilə ziddiyyət təşkil etdiyini bildirib, çünki, qan və sidik nümunələrində tapıldığı iddia edilən narkotik maddələrin onun psixoloji və fiziki vəziyyəti üzərində ciddi təsiri olardı, halbuki, ümumi sağlamlıq və narkoloji ekspertiza rəyinə əsasən, psixoloji vəziyyəti stabil idi, səhhətində heç bir problem yox idi və narkotik istifadəçisi olmayıb; müvafiq olaraq, ərizəçi qan və sidik nümunələrinin təkrar ekspertizasının və onların tərkibindəki narkotik vasitələrin səviyyəsinin müəyyən edilməsinin vacib olduğunu iddia edib. Ərizəçi bildirib ki, qan və sidik nümunələrinin bu cür təkrar ekspertizası onların saxtalaşdırıldığını aşkar edəcək (yuxarıda 35-ci bəndə bax).
99. Buna baxmayaraq, yerli məhkəmələr heç bir adekvat və aydın səbəb göstərmədən ərizəçinin vəsatətlərini təmin etməkdən imtina ediblər. Məhkəmə bununla bağlı qeyd edir ki, birincisi, daxili məhkəmələr ittiham tərəfinin təqdim etdiyi ekspert rəyinin etibarlılığına şübhə etmək üçün əsas olmaması ilə bağlı ümumi stereotipik yanaşmanı çıxsaq, ərizəçinin hüquqi nümayəndəsinə verilmiş qan nümunəsinin ekspertizasını təyin etməkdən nə üçün imtina etdiklərinə dair heç bir əsaslandırma verməyib (yuxarıda 42-ci bəndə bax). İkincisi, yuxarıda adı çəkilən ekspert G.H.-nin birinci instansiya məhkəməsində verdiyi ifadədə göstərildiyi kimi, müstəntiqin göstərişi ilə ərizəçidən götürülmüş nümunələrin bəzi hissələri ekspertiza qurumunda qalıb və sınaq üçün yararlı olub (bax: yuxarıda 52-ci bənd). Odur ki, yerli məhkəmələrin nə üçün həmin nümunələr üzərində ekspertiza təyin etmədiyi və onların tərkibində narkotik vasitələrin səviyyəsinin müəyyən edilməsini ekspertlər qarşısında sual kimi qoymadığı aydın deyil. Üçüncüsü, yerli məhkəmələr heç bir əsaslandırma vermədən ərizəçinin qeyd etdiyi iki ekspert rəyi arasındakı ziddiyyətlə bağlı əlavə ekspert rəyi almaqdan imtina edib və yuxarıda qeyd olunduğu kimi, ərizəçinin narkotik istifadəçisi olmadığı ilə bağlı açıq-aydın müvafiq faktı nəzərə almayıb. Dördüncüsü, birinci instansiya məhkəməsi ərizəçinin saç və dırnaqları üzərində narkotik vasitələrin izlərinin aşkar edilməsi üçün ekspertiza təyin etməkdən imtina etdikdə alternativ ekspertizanın heç bir faydası olmayacağını, çünki, ərizəçinin qan və sidik nümunələrində narkotik vasitələrin izlərinin aşkarlanmasından beş aydan çox vaxt keçdiyini bildirib. Bununla belə, yerli məhkəmələr ekspert G.H.-nin saçda narkotik maddələrin aşkarlanması üçün “çərçivəni” “beş aya qədər” müddətlə məhdudlaşdırmamasını və onun fikrincə, narkotik maddələrin saçda iki ilədək müddətə aşkar edilə bilməsi ilə bağlı mövqeyini nəzərə almayıb (yuxarıda 52-ci bəndə bax). Məhkəmə həmçinin qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Təlimatlarına əsasən, narkotik maddələr qəbul edilikdən aylar və ya illər sonra saçda aşkar edilə bilir (yuxarıda 69-cu bəndə bax). Nəhayət, birinci instansiya məhkəməsi ərizəçinin saç və dırnaqlarının ekspertizasını təyin etməkdən imtina etdikdə və ölkədə tələb olunan testləri aparmaq üçün texniki vasitələrin olmadığını bildirdikdə nə üçün həmin vəziyyətin mövcud sübutların etibarlılığına dair hər hansı şübhənin ittiham edilən şəxsin xeyrinə şərh edilməsini tələb edən in dubio pro reo prinsipinin tətbiqinə gətirib çıxarmamasının səbəblərini izah etməyib (bax: mutatis mutandis, İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 232, 16 noyabr 2017-ci il). Nəticə etibarilə, yerli məhkəmələr ərizəçinin sübutun etibarlılığı üzərinə şübhə salan müvafiq arqumentlərini nəzərə almayaraq, 18 yanvar 2010-cu il tarixli ekspert rəyini rədd etməyib.
100. Buna görə də, daxili məhkəmələrin 18 yanvar 2010-cu il tarixli ekspert rəyinin etibarlılığına və bununla bağlı ərizəçinin vəsatətlərinə yanaşma tərzini nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçi əsassız qərarlar nəticəsində əsas sübuta münasibətdə ittiham tərəfi ilə eyni şərtlər altında öz müdafiəsini qurmaq üçün arqumentlər irəli sürmək imkanından məhrum edilib.
(c) Nəticə
101. Nəticədə, ərizəçiyə özünün əsas müdafiə xəttini – yəni sözügedən narkotik vasitələrin hakimiyyət orqanları tərəfindən onun üzərinə yerləşdirildiyi və ona qarşı cinayət işinin uydurma olması ilə bağlı arqumentini effektiv şəkildə təqdim etmək imkanı verilməyib. Ərizəçi tərəfindən irəli sürülən bu iddiaların ardıcıllığına və ciddiliyinə baxmayaraq, yerli məhkəmələr onların həqiqiliyini yoxlamayıb və araşdırmayıb, ərizəçiyə ona qarşı həlledici sübutlara effektiv şəkildə etiraz etmək və öz xeyrinə sübutlar təqdim etmək imkanı verməyib. Daxili məhkəmələr ərizəçinin prosessual tələblərini əsassız qərarlarla rədd edib.
102. Məhkəmə həmçinin qeyd edir ki, daxili məhkəmələr sadəcə olaraq, cəzaçəkmə müəssisəsi orqanlarının ifadələrinə əsaslanaraq ,ərizəçinin yuxarıda qeyd olunan iddialarını rədd edib və ərizəçinin təqdim etdiyi hər hansı kontekstual sübutları (xüsusilə: hökuməti tənqid edən məqalələrinə görə ərizəçinin davamlı təqibə məruz qalmasının tarixçəsi; ərizəçinin azadlıqdan məhrumetmə cəzasını çəkdiyi müddətdə jurnalist fəaliyyətini davam etdirməsi və bəzi dövlət məmurları tərəfindən bunun üçün potensial olaraq hədəfə alına bilməsi faktı; və ərizəçiyə qarşı cinayət təqibinin yuxarıda göstərilən Fətullayev işinə Məhkəmə tərəfindən baxılması ilə üst-üstə düşməsi faktı) nəzərə almayıb.
103. Qeyd edilənlərə müvafiq olaraq, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququ pozulub.
104. Yuxarıdakı nəticələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun onun üzərində şəxsi axtarışın məhkəmə qərarı olmadan aparılması faktı, eləcə də ailəsinə zəng etməyə və vəkili ilə əlaqə yaradaraq axtarış prosesində iştiraka dəvət etməyə icazə verilməsi barədə vəsatətinin rədd edilməsi ilə də pozulub-pozulmadığını araşdırmağa ehtiyac yoxdur. Həmçinin, daxili qanunvericiliyə əsasən, ittiham tərəfindən fərqli olaraq, ərizəçinin müstəqil ekspertiza keçirtmək hüququnun olmamasının tərəflərin bərabərliyi prinsipini pozub-pozmamasını da araşdırmağa ehtiyac yoxdur.
II. KONVENSİYANIN 34-CÜ MADDƏSİNİN POZUNTUSU İDDİASI
105. 9 sentyabr 2014-cü ildə ərizəçinin hüquqi nümayəndəsi cənab İ.Əliyev ərizəçinin adından yeni şikayət verib və iddia edib ki, ərizəçinin Məhkəmə qarşısında gözləyən ərizəsi ilə bağlı bütün iş materiallarının cənab Əliyevin nümayəndə qismində çıxış etdiyi işlərə aid bütün digər materiallarla birlikdə onun ofisindən götürülməsi, ərizəçinin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi şikayət hüququnun həyata keçirilməsinə mane olub. Maddənin müvafiq hissələri aşağıdakı kimidir:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.”
106. Ərizəçi və Hökumətin bu şikayətlə bağlı arqumentləri Ənnağı Hacıbəyli Azərbaycana qarşı (№ 2204/11, §§ 57-60, 22 oktyabr 2015-ci il) işdə verilən eyni şikayətlə bağlı tərəflərin arqumentlərinə oxşar idi.
107. Ənnağı Hacıbəyli işində (yuxarıda adı çəkilən, §§ 64-79) Məhkəmə oxşar faktlar əsasında oxşar şikayəti araşdıraraq müəyyən edib ki, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməyib. Məhkəmə hesab edir ki, Ənnağı Hacıbəyli qərarında etdiyi təhlil və gəldiyi nəticələr hazırkı işə də aiddir və bu qənaətdən kənara çıxmaq üçün heç bir əsas görmür.
108. Buna görə də Məhkəmə hesab edir ki, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyib.
III. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI
109. Nəhayət, Konvensiyanın 10-cu maddəsinə və 6 və 10-cu maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsinə istinad edərək ərizəçi şikayət edib ki, ona qarşı cinayət işi jurnalist fəaliyyətinə və Məhkəmədə baxılan işinə (yəni yuxarıda göstərilən Fətullayev işi) görə, eləcə də onu hökumətlə əməkdaşlığa məcbur etmək üçün uydurulub. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən şikayətlər yalnız Konvensiyanın 6 və 10-cu maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsinin əhatə dairəsinə düşür. Konvensiyanın 18-ci maddəsində deyilir:
“Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”
110. Hökumət iddia edib ki, ərizəçi bu şikayəti daxili məhkəmələr qarşısında təqdim etməyib və buna görə də, şikayət mövcud daxili müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən qəbuledilməzdir. Şikayətin mahiyyətinə gəldikdə, Hökumət heç bir arqument irəli sürməyib.
111. Ərizəçi iddia edib ki, narkotik maddələr üzərinə yerləşdirilməzdən əvvəl o, hədələnib və sonradan məsuliyyətə cəlb oluna biləcəyi cinayət əməllərinə çəkmək məqsədi daşıyan bir neçə hücuma və təxribata məruz qalıb (bax: yuxarıda 10-cu bənd). O, həmçinin iddia edib ki, onun işinə hadisələrdən təcrid olunmuş şəkildə baxmaq olmaz, çünki hakimiyyət tez-tez öz opponentlərinə, tənqidçilərinə, “ictimai gözətçilərə” (“whistle-blowers”) və ümumilikdə, müxaliflərə qarşı uydurma ittihamlardan istifadə edirdi. Bir neçə digər jurnalist və fəal da eyni şəkildə həbs edilib və cinayət əməllərində ittiham olunub. Ərizəçi o cümlədən, Məhkəmənin qərar verdiyi işləri sadalayıb – məsələn, Sakit Zahidov (yuxarıda qeyd olunub); Əzizov və Novruzlu Azərbaycana qarşı, (№ 65583/13 və 70106/13, 18 fevral 2021-ci il); İbrahimov və Məmmədov (yuxarıda göstərilən); və Hökumətin birtərəfli bəyanatı əsasında baxılan işlərin siyahısından çıxarılma ilə bağlı qərardadın qəbul edildiyi iş – Rəşad Ramazanov Azərbaycana qarşı (qər.) ([Komitə], № 53596/15, 16 yanvar 2020-ci il).
112. Tərəflərin təqdimatlarını və Konvensiyanın 6-cı maddəsi üzrə Məhkəmənin gəldiyi nəticələri nəzərə alan (bax, xüsusən, yuxarıda 101-103-cü bəndlər), Məhkəmə hesab edir ki, Konvensiyanın 6 və 10-cu maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsi üzrə şikayətin qəbuledilənliyi və mahiyyəti üzrə ayrıca qərar verməyə ehtiyac yoxdur (müqayisə et: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 262, 16 noyabr 2017-ci il).
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
113. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
114. Ərizəçi mənəvi zərərə görə 110,000 avro (EUR) ödənilməsini tələb edib.
115. Hökumət bildirib ki, ərizəçi ədalətli kompensasiya tələbini əsaslandırmayıb və ya hər hansı sübut materialı ilə dəstəkləməyib. Onlar Məhkəmədən ciddi yanaşma tətbiq etməyi və ərizəçinin iddiasını rədd etməyi xahiş edib.
116. Məhkəmə mənəvi ziyana görə ərizəçiyə 4.000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
117. Ərizəçi həmçinin daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərclər və məsrəflər üçün 12,000 avro tələb edib.
118. Hökumət bildirib ki, ərizəçi ədalətli kompensasiya tələbini əsaslandırmayıb və ya hər hansı sübut materialı ilə dəstəkləməyib. Onlar Məhkəmədən ciddi yanaşma tətbiq etməyi və ərizəçinin iddiasını rədd etməyi xahiş edib.
119. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi xərclərin və məsrəflərin əvəzini yalnız o halda almaq hüququna malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənmiş olduğu və işin həcminə görə ağlabatan olduğu göstərilsin. Bundan əlavə, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, ədalətli kompensasiya üçün hər hansı iddia sübutlarla təsdiq edilməli və müvafiq təsdiqedici sənədlər və ya çeklərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, əks halda Palata iddianı tam və ya qismən rədd edə bilər (bax: Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 97, 1 iyun 2017-ci il). Hazırkı işdə yuxarıda göstərilən meyarları və ərizəçinin xərc və məsrəflərə dair iddiasını əsaslandırmaq üçün heç bir sənəd təqdim etmədiyini nəzərə alaraq, Məhkəmə iddianı rədd edir.
C. Gecikmələrə görə faizlər
120. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, Konvensiyanın 6 və 34-cü maddələri ilə bağlı şikayətləri qəbuledilən elan edir;
2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib;
3. Qərara alır ki, cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməyib;
4. Qərara alır ki, Konvensiyanın 6 və 10-cu maddələri ilə birlikdə götürülməklə 18-ci maddəsi üzrə şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı araşdırmaya ehtiyac yoxdur;
5. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə mənəvi zərərə görə cavabdeh dövlətin ödəniş tarixində tətbiq edilən məzənnə üzrə valyutasına çevrilməklə 4,000 (dörd min) avro (EUR) ödəməlidir və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
6. Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 7 aprel 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Victor Soloveytchik Síofra O’Leary
Katib Müavini Sədr